Məsihə birləşmiş insan kimi yaşayaq

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Açılan hər sabahda Rəbb Allahın sözü haqqında düşünürük. Çünki hər açılan sabah bizim üçün yeni fürsət və imkan gətirir. Ona görə də hər vəziyyətdən istifadə edək,Rəbb Allahın bizə verdiyi hər günü sevinclə,alqışla başlayaq və gün boyu Onun sözünün güclü təsiri altında ömrümüzü yaşayaq. Rəbb Allahın sözü deyir ki,biz etdiyimiz günahlara görə ölü idik. Deməli insanın Rəbb Allahın sözündən çıxması, Onun sözünə uyğunlaşmaması həmin insanı ölü – cansız,faydasız,istifadəyə yaramayan hala gətirir. Bunun səbəbi insanların Rəbb Allahın sözünü daxilinə qəbul etməməsi,bu sözlə yaşamamağıdır. Günah insanı ruhən və mənəvi öldürəndir. Bu mövzunu davam etdirərək Efeslilərə məktubdan danışmaq istəyirəm.
Efeslilərə məktub 2:6:”Allah bizi Məsih İsada,Onunla birlikdə dirildib səmada oturtdu.” Öncəki ayələrdə deyilir ki,etdiyimiz qanunsuzluqlara və günahlara görə ölü, yararsız,faydasız idik. Bunun səbəbi bizim şəxsi həyat tərzimiz idi. Rəbb Allahın bizə göstərdiyi lütf və bəxşiş Məsih İsada, Onunla birgə dirildib səmada otuzdurmaq idi. Məhz Məsihdə birləşdiyimizə görə Rəbb Allah bizi səmada oturtdu. Məsihlə birlikdə – yəni Ona şərik edərək,əlbir edərək,birgə çalışmaq deməkdir. Rəbb bizi Məsihlə bağladı ki,gördüyümüz bütün məsələləri Onsuz etməyək,Ondan alınan tərbiyəyə uyğun edək və Məsihə tamamilə bürünək ki,Onunla bizim birliyimiz olsun. Məsih İsanın hər bir insanda başladığı işi davam edən insanlar,Onun ürəyinə və düşüncəsinə görə yaşayanlar olaq. Bizim dirilməyimiz Məsihə görə idi,bizim səmada oturmağımız Məsihə bağlı olmağımız,Onunla birgə çalışdığımız üçündür.
Efeslilərə məktub 2:7:”Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi.” Rəbb bunu sənin üçün etdi. O,Öz lütfünün hədsiz zənginliyini göstərdi. Rəbb Allah Məsih İsada xeyirxahlığını bununla aşkar etdi. Rəbbin həyatımızda göstərdiyi xeyirxahlıq Məsihlə birləşməsinə görə oldu. Rəbb Allah bizi Məsihlə bağladığı və şərik etdiyi üçün xeyirxahlıqla Öz lütfünün zənginliyini bizə verir. Ona görə də Məsihdən xaric iş görmə, Müqəddəs Kitabdan aldığın nəsihətə görə yaşayan insan ol. Rəbb Allahdan aldığınız tərbiyəyə görə hərəkət edən insanlar olaq. Çünki Onun istəyi və iradəsi sənin Onun kimi olmağındır. Necə idi Məsih? O,həlim və qəlbən itaətkar idi. Sən də beləsən? Üzləşdiyin məsələləri deyingənliklə, narazılıqla,şikayətlə həll edirsən və münaqişə yaradan tərəf olursan yoxsa Məsih kimi həlim və qəlbən itaətkarsan? Rəbb Allahın sənə verdiyi lütfün hədsiz zənginliyi Məsihə görədir,ona görə də yaşayan insanlar Onu təqlid edərək yaşasınlar. Bu,bizim Rəbb Allahın bizim üçün iradəsidir. Bu iradə bizim üçün verilib ki,həyata malik olaq və xoş günlər görək. Məsihdən aldığımız nümunə və tərbiyə bizi zəif,gücsüz deyil,bacarıqlı və qabiliyyətli insan edir. Beləliklə bizim içimizdə güc yaranır ki,başqalarını sevməyə, bağışlamağa istəyimiz olsun. Bu,Məsihin səndə fəaliyyətidir.
Efeslilərə məktub 2:8:”Çünki iman vasitəsilə,lütflə xilas oldunuz. Bu,sizin nailiyyətiniz deyil,Allahın hədiyyəsidir.” Müqəddəs Kitabda yazılıb ki,iman – etibardır,güvənməkdir. Rəbb Allaha inandığımıza və etibar etdiyimizə görə lütflə xilas olduq. Bu,birdəfəlik hadisə deyil, Rəbb Allah lütfünü bizə ondan ötrü verir ki, düşdüyümüz çətin vəziyyətlərdə bizi xilas etsin. Buna görə də hər bir çətinlikdə çıxış yolumuz Rəbbə arxalanmaqdır. Rəbb Allaha arxalanmaq,güvənmək ancaq sözlə deyil,düşdüyün vəziyyətdə düşüncələrin və hərəkətlərində özünü göstərir. Ona görə də Ona güvəndiyinə və Ondan lütfü aldığına görə Məsih kimi hərəkət et. Düşün ki,əgər Məsih sənin yerində olsa necə davranırdı? Eyni cür də sən ol. Məsih bağışlayardı,rəhm edərdi,sevərdi,başqalarına pislik etməzdi. Qoy bütün düşüncələrin,arzuların,istəklərin Rəbbin ürəyinə görə olsun. Rəbb Allahdan aldığın nümunə,ibrət sənin həyatını idarə edən olsun. Rəbb Allah Öz lütfü ilə səni xilas etdi ki,öyünən olmayasan. Öz gördüyü xidmət və işlər ilə bildirdi ki,heç kim özü ilə öyünməsin,Məsih İsanın həyatında fəal olduğu üçün öyünsün. Məsihdən aldığın tərbiyəni yerinə yetirəndə,Məsih kimi hərəkət edəndə,Onun kimi bağışlayanda, sevəndə,rəhm edəndə,başqa insanları hörmətli edəndə Məsih İsanın səndə fəal olduğunu görürsən. Bu,Məsihin həyat nümunəsidir. Sən də Məsihə birləşən insan kimi davran.
Efeslilərə məktub 2:10:”Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq.” Bundan aydın nə deyilsin? Biz Rəbb Allahın ərsəyə gətirdikləriyik. Rəbb bizi yönəldir ki, həyatdan kam alaraq həyat sürək. Məsihin işlərini davam edən insanlar olaq. İbrani dilində eyni ayə belə yazılıb:”Məsihdə birləşdirərək yaratdığı əsərlərik və bunun məqsədi yaxşı əməlləri ömür boyu etməkdir.” Rəbb Allah bizi Məsihdə birləşdirir ki,ömür sürərək yaxşı əməllər edən,Rəbb Allahın sevgisini, mərhəmətini, xeyir-duasını göstərən insanlar olaq. Öz həyat tərzimiz ilə Məsihi təqlid edən insanlar olaq,çünki Rəbb Allah bizi Məsihdə birləşdirdi. Bu birliyə görə Rəbb Allah bizi ölüm gətirən günahlardan azad edərək yeni həyat verdi. Bu həyatda O deyir:”Səni Məsihə birləşdirdim ki,sən də Məsihdən örnək götürəsən. Öz həyatını Məsihə uyğunlaşdırasan,həyat tərzin Məsihin verdiyi tərbiyəyə uyğun gəlsin.” Bu,Rəbb Allahın izzətidir.
Məsihi xoş günlərdə təqlid etmək asandır,çətinliklər qarşıdurmalarda, problemlərdə üzə çıxır. Ona görə üzləşdiyin çətinliklərə görə Rəbb Allaha minnətdar ol, çünki bu yolla sanki özün özünü sınayırsan. Ona görə də üzləşdiyin çətinliklərdə düşünmə ki,bu,səni məhv edəcək,əksinə sənə Məsihin nümunəsinə görə hərəkət etmək üçün yaxşı imkandır. Qoy bugünün bu sözlərlə,bu düşüncə ilə davam etsin. Məsihə birləşən insan kimi Məsihi təqlid edin. Çünki səmada sənin də yerin var, Onun nümunəsinə görə yaşa. Bunu edən insanlar Paulun dediyi kimi:”Artıq mən deyil,Məsih məndə yaşayır.” Bu sözü şərəflə yaşayaq. Rəbb hər birinizə xeyir-dua versin.

Müəllif: İdris Azəri

Məsihdə seçilməyimizin səbəbləri mövcuddur

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allahın sözü bizim üçün gündəlik verilən çörəkdir. Hər gün bir ruhumuzu Rəbdən gələn sözlə doldururuq ki,Onun haqqında olan düşüncə bizdə gün boyu olsun. Rəbbin sözü haqqında olan düşüncə Rəbb Allahın ürəyinə görə hərəkət etmək istəyən və yaşayan insana yaraşandır. Əgər sən ömrün boyu Rəbb Allaha xidmət etməyi hər şeydən üstün tutursansa və Onu izzətləndirməkdən zövq alırsansa,gündəlik Rəbbin sözü ilə ürəyini doldurmalısan ki,Onun sözündən gələn təminat da səni qüvvətli,qabiliyyətli və bacarıqlı etsin. Çünki Rəbb Allah Özü çağırdığı adamlara bacarıq və qabiliyyət verir ki,Onun işində xeyir gətirən olsunlar. Qarşımızda yeni mövsüm gəlir və istəyərdim ki,bu mövsümün başlanğıcında Rəbbin sözü bizə güc,qüvvət,təminat versin və biz kimə iman etdiyimizi,xidmət etdiyimizi bilək.
Efeslilərə məktub 1:2:”Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!” Amin,olsun. Müqəddəs Kitabda ayənin başlanğıcında məhz belə yazılıb: İsa Məsihə iman edən hər kəsə lütf və sülh olsun. Rəbb Allah istəyir ki,Ondan gələn lütf Məsihə iman edənlərin həyatında olsun. Rəbb Öz sülhü və lütfü ilə əhatə edəndir. Lütf – Rəbb Allah haqqında düşüncəyə malik olmağa kömək edəndir. Lütf hətta iman etməyən insanların həyatında fəaliyyət göstərir və iman etdikdən sonra olan düşüncələri insan beynində formalaşdırır ki,həmin insan da Rəbb haqqında düşüncəyə malik olsun. Lütf – Rəbb Allaha iman etmək və Onun iradəsini həyatında qəbul etmək üçün fəaliyyət göstərir. Lütf Müqəddəs Ruh vasitəsi ilə həyatımızda fəaliyyət göstərir. Lütf Rəbb Allaha iman edən hər bir kəsdə Ona güvənmək və salehlərin yolu ilə getmək üçün bizə kömək olur. Müqəddəs Kitabda deyir ki,qoy bu lütf səndə bol olsun. Rəbbə
Ona etibar etmək,güvənmək,günahdan xaric həyat yaşamaq üçün sənə Öz lütfünü verir. Səni təmin edir ki,bu yolda mətin, dönməz və sadiq olasan,bütün varlığınla Rəbbə etibar edib Ona arxalanasan. Lütf Rəbb Allahdan güc almaq üçün bizə təminat,qabiliyyət,bacarıq verir ki,Ona xidmət edəsən. Lütf ənamları xidmət etmək üçün verir ki,sən yararlı və bacarıqlı insan olasan. Məhz Rəbb Allahdan aldığımız lütfə görə Müqəddəs Ruh ənamları iman edənlərə paylayır. Lütf sənə güc verir ki,doğru və Rəbbin iradəsinə uyğun qərarlar verəsən. Bu qərarlar sənin həyatın üçün yaxşıdır,sənə adları Müqəddəs Kitaba düşmüş iman qəhrəmanlarının həyatına uyğun yaşamaq üçün faydalıdır. Məhz buna görə də Rəbb Ona iman edənlərə Öz lütfünü verir.
Müqəddəs Kitab deyir ki,O,sənə sülhünü verir. Sülh – Allahla bəndə arasında olan barışıqdır. Bu barışığı bəndə özü yarada bilmir. Bu barışıq sözünü Rəbb verdi, Yəhyanın Müjdəsi 3:16-da deyildiyi kimi, Allah dünyanı elə sevdi ki,vahid Oğlunu verdi. Bu barışıq Müjdəsinə görə Rəbb Allahla sülhümüz var,çünki Məsihə iman etmişik. Rəbb Allahla sənin aranda sülh var və bu sülh sazişini imzalayan Rəbb Allahdır və Onun iştirakçısı Məsih İsadır. Səni təqdis etdiyi,günahdan azad edib səni Onun balası etdiyi üçün dincliyin,sakitliyin var. Məhz Rəbb Allahın sülhü ilə iman edənlərin düşüncəsi və ürəyi Məsih İsada sabit saxlanılır. Rəbb Allahdan gələn sülh səni Məsih kimi,Onun düşüncə tərzində fikirləşməyə,Onun iradəsinə görə istəməyə səni yönəldir. Rəbb Allahın sülhü səndə fəal olduğuna görə doğru qərarlar verə bilirsən və doğru şeylər istəyirsən. Rəbdən hər birinizə lütf və sülh davamlı olsun. Bu davamlıdır,Rəbb bunu gündəlik olaraq bizə verir.
Efeslilərə məktub 1:3:”Bizə Məsihdə səmadakı hər cür ruhani nemətlə xeyir-dua verən Allaha – Rəbbimiz İsa Məsihin Atasına alqış olsun!” Rəbb Allah iman edənləri ömür yaşayıb xoş günlər görmək üçün hər şey ilə təmin edir. Rəbb təmin edəndir. Rəbb təmin edir ki,sən düşdüyün çətin vəziyyətdə aciz insan olmayasan. Rəbb səni nələr vasitəsi ilə təmin etdi?
1. Müqəddəs kəlamı və Öz sözünü verdi. Rəbb bu sözləri anlamaq üçün Müqəddəs Ruhu verdi. Sən Rəbb Allahın yaşayan sözünə – Müqəddəs Kitaba maliksən. Bu sözlər sadəcə sözlər və cümlələr toplusu deyil,insanın aqibətini dəyişdirməyə malikdir. Zülməti nura,yoxluğu varlığa çevirmək,insanlara xeyir-dua,sevinc və sülh gətirmək üçün təsirli olan sözlərdir. Rəbb Öz kəlamını sənə verdi,bu,Ondan sənə gələn ruhani nemətdir. Məhz o sözə görə mərhəmətə nail olmuşuq və mərhəmət edirik,şəfa alırıq,barışırıq,sülhə malik oluruq,sevirik və sevilirik. Ona görə də biz Rəbb Allahın sözünü vəz edirik,Onun sözünü bəyan edirik. Çünki Rəbbin Allahın sözü güclü və təsirlidir. Rəbb səni ruhani nemətlə təmin etdi,O,Öz sözü vasitəsi ilə kainatı yaratdı. Bu sözü sənə verdi ki, həyatını Rəbb Allahın sözü ilə qurasan. Qoy Onun sözü səndə fəal olsun,çünki O,sənə güclü təminat verəndir.
2. Rəbb Müqəddəs Ruh vasitəsi ilə ruhani həyat yaşamaq üçün ənamlar payladı və sənə qüvvət verdi. Bu,Rəbb Allahdan gələn təminatdır. Rəbb sənə Müqəddəs Ruhunu verdi və Onun vasitəsi ilə də səni zənginləşdirdi ki,Ona xidmət edəsən. Rəbb səni qüvvətləndirdi ki,əzilməyən, büdrəməyən insan olasan. Rəbbin qüdrətinə görə güclü və bacarıqlısan, qarşına qoyduğun məqsədə çatmaq üçün sənə təminat var. Rəbb Allaha xidmət etmək üçün,ailənə xidmət etmək üçün səndə qüvvət var. Rəbb sənin ürəyini həlim saxlayır ki,Rəbb Allahın lütfünə nail olasan.
3. Rəbbin sənə verdiyi ruhanı nemətlər dünyada qalıb məhv olmamaq üçün Məsih səni Öz cəmiyyətinə nail etdi. Cəmiyyətdə sənin qayğıya gələn insanlar var,imanında inkişaf etmək üçün Rəbb Allah sənə qardaşlar və bacılar var. Rəbb Allahın cəmiyyəti,Onun icması sənin üçün ruhani təminatdır. Rəbb səni Öz ailəsinə daxil etdi ki,bu dünyada tənha olmayasan,bacı-qardaşlarının əhatəsində olub qayğı görəsən və qayğı göstərəsən,məhəbbətlə qarşılaşasan və məhəbbət göstərəsən, Rəbbin sözünü öyrənib sən də başqalarına Onun sözünü çatdırmaqla xidmət edəsən. Rəbbin sənə verdiyi təminata xor baxma, Müqəddəs Ruhuna və Onun cəmiyyətinə xor baxma. Səndə olan hər bir fəaliyyəti, Müqəddəs Ruh vasitəsilə ilə olan bacarığı istifadə edərək Rəbbi yaşat,Onun sözü gerçək təminatdır. Ondan böyük və güclü heçnə yoxdur. Ona görə də gündəlik Müqəddəs Kitabı oxuyuruq,cəmiyyətin bütün üzvlərinin qayğısına qalırıq,heç bir pastora,bacı və qardaşlara zərər gətirmə, əksinə inkişaflarına kömək ol.
Efeslilərə məktub 1:4:” O, dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi ki,biz məhəbbətdə Onun qarşısında müqəddəs və nöqsansız olaq.” Rəbbin sözü sənə bunu deyir. Sən seçilmisən və seçilməyinin səbəbi var. 1-cisi Rəbb Allahın qarşısında hər gün ol. Onu gündəlik səsləyən,Onun kəlamını yaşayan və yaşadan insan ol. Rəbbin sözü deyir ki, Rəbb Allah hələ dünya yaranmadan səni seçdi ki,Onun qarşısında olasan və dinləyəsən. Hər zaman gözlərin Onu axtarsın,qulaqların Onun səsini duymağa həssas olsun,dilin danışaraq Onun məhəbbətini bəyan edən olsun. 2-cisi Müqəddəs həyat yaşa. Rəbb səni seçdi ki,ömrün boyu müqəddəs olasan. Günahları bağışlanmış,əfv edilmiş insan kimi ömrünü yaşa. Bəraət qazanmış insan başqasında irad,nöqsan,günah axtarmır,azad insan kimi azadlığının zövqünü al. Günahdan başqalarına zərər verməkdən uzaq olan bir həyat yaşa. Rəbb Allahdan ruhani nemətlər alaraq xidmət et,həlim ürəklə yaşa və həyatdan kam al. Allah haqqında düşüncəyə malik ol. 3-cüsü nöqsansız ol. Qoy sənin çatışmayan cəhətin,qüsurun olmasın,qəbahətli işdə adın hallanmasın ki, səndə irad tutan olmasın. Yəni başqalarına qarşı haqsız davranma,başqalarından sui-istifadə etmə,başqasının pisliyini gözləmə. Qeyri-kamil olma. Haqsızlıq – şəxsən sənin üçün narahatçılığa baxmayaraq,nəticəni və narahatçılığı bilərək hər hansı hərəkəti etmək üçün cəsarətdir. Bu,sənin üçün Allahdan verilən cəsarətdir. Bəlkə sənin hər hansı qərarın sənə ziyandır,məsələn,nə vaxt ki sən öz qürurunu sənə pislik edənə xeyir-dua verərək itirirsən. Bunun üçün cəsarətli ol. Sənin haqqında pis söz danışan insanlara qarşı pislik etmə,əksinə xeyir-dua verən ol,Rəbb istəyir ki,sənin bunun üçün cəsarətin olsun. Sevməyə davam etmək,xeyir-dua vermək üçün cəsarətli ol. Əgər yuxarıda yazılanlardan özündə nəsə əksik görürsənsə,dua et. Qoy Rəbb hər birinizə xeyir-dua versin.

Müəllif: İdris Azəri

Ölü işçi kimi deyil, Məsihçi kimi yaşayaq

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allahın sözü bizim üçün verilən gündəlik çörəkdir. Məhz buna görə hər gün Onun sözünə diqqət yetiririk. Onun sözünü təkcə oxumuruq,Onun sözünü yaşayırıq və araşdırırıq ki,Rəbb Allahın sözü bizdə qaynaq olsun. Rəbb Allah istəyir ki,Onun təsiredici sözü sənin üçün həyat qaynağına çevrilsin və səni həyat mənbəyi etsin. Həyat mənbəyi – həyatdan alacağın güc, yaşamaq üçün ümid sənin daxilindədir,Rəbb Allahın sənə verdiyi sözdədir. Biz də həmin sözlə də yaşayırıq. Davud Peyğəmbər deyir ki,Rəbb bir şəhəri qorumursa,əbəs yerə gözətçilər həmin şəhəri qoruyur. Bu düşüncə hər bir Məsihə iman edib Ona güvənənlər üçün faydalıdır. Əgər sənin həyat quruculuğunda Rəbb Allah yoxdursa,bu,faydasızdır və mənasızdır. Əgər sən çətin vəziyyətdə Rıbbi çağırmırsansa,əbəs yerə sən öz təhlükəsizliyini qorumağı düşünürsən. Rəbb Allah səni qoruyursa,bağışlayırsa və xeyir-dua verirsə,sən xeyir-dua alırsan, bağışlanırsan və qorunursan. Rəbb Allahın sənin həyatında fəaliyyəti və sənə verəcəkləri çox güclü,təsirli və lazımlı olandır. Xor baxma,laqeyd olma. Düşünmə ki,”bigün dua etməsəm,Müqəddəs Kitab oxumasam da olar”. Hər gün Onun sözünə müraciət et,oxu və araşdır ki,Rəbb səndə fəal olsun. Müqəddəs Kitabı oxuyub əzbərləyən deyil,bu sözü yaşadan ol. İnsanlarla münasibətlərində Rəbbin sözünü yaşat ki,həyatdan kam alasan. Qoy sənin nitqin,baxışların,yalnız Rəbbin bildiyi niyyətin Rəbb Allahın sözü ilə dolsun və Onun iradəsinə uyğun olsun.
Efeslilərə məktub 2:1-2:”Siz bir zamanlar təqsirləriniz və günahlarınız üzündən ölü idiniz. Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin,yəni indi Allaha itaətsiz insanlarda fəaliyyət göstərən ruhun hökmdarına uyaraq bu günahların içində həyat sürürdünüz.”
Rəbbin sözü deyir ki,bir zamanlar biz ölü idik. Bir çox insanlar oxuyurlar,işləyirlər,ailə qururlar, dünyaya övlad gətirirlər,əmlaka malik olurlar və beləcə həyat sürürlər. Rəbb Allah isə deyir ki,sən günahlarına, təqsirlərinə görə ölü idin. Azəbaycan dilinin izahlı kürəyində “ölü” sözü cansız,adı olan özü isə olmayan,faydasız,istifadə üçün yararsız,ölü işçi deməkdir. Hər hansı bir vəzifəni tutan,amma vəzifəsinə görə hərəkət etməyən ölü işçidir. Bu insan ömür sürürdü,yaşayırdı. Lakin Rəbb deyirdi ki,onun itaətsizliyi,Rəbb Allahın sözünə uyğunlaşmamağı, öz düşüncəsinə görə yaşamağa onu yararsız,faydasız etdi. O insan özü özünü məhrum etdi.
Efeslilərə məktub 2:3:”Hamımız bir zamanlar həmin insanlar arasında cismin və əqlin istəklərini yerinə yetirərək cismani təbiətimizin ehtiraslarına görə həyat sürürdük. Beləliklə,təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar idik.”
Cismin və ağlın istəklərinə görə yaşamağımız buna səbəb idi. Ağlımıza gələni etmək,öz bildiyimizə görə yaşamaq Rəbb Allahın qəzəbinə düçar idik. Sülh, məhəbbət,əbədi həyata malik olmaq üçün Rəbbin sözünə qulaq as. Rəbb Allah deyir ki,mən insanı yaratdım ki,o, yaşayan can olsun, həyatdan kam alsın. Amma bəndə özünü Rəbbin sözünə uyğunlaşdırmadığına görə,Onun iradəsini izləmədiyinə görə özünü məhrum etdi. Öz ağlına görə yaşama, öz istəklərinə görə hərəkət etmə, özünü Rəbb Allaha tabe et,çünki Onun sözü həyat mənbəyidir,bizim üçün məlhəmdir. Rəbbin sözü bizi tamam başqa istiqamətə yönəldərək ondan zövq almağa,xoş günlər görmək üçün istiqamətləndirəndir. Bu səbəbə görə Rəbb Allahın qəzəbinə insanlar düçar oldular. Həyatın gedişatına görə,öz gözündə doğru olanları etdiyinə görə,içindəki istəkləri susdurmayıb ona uyğun yaşadıqlarına görə buna məruz qaldılar,düçar oldular. Bu,insanları Rəbb Allahdan alacağı sevinci,dincliyi məhrum olunmasına səbəbdir. Bu insanlar Rəbbin qəzəbinə məruz qaldılar. Bunu Rəbb Allah istəmədi,O istəmir ki,insanlar Onun qəzəbinə məruz qalsınlar,istəyir ki,yaratdığı bəndə həyatdan kam alsın,dinclik alsın,xoş günlər görsün və yaşasın. Bu səbəbdən Rəbb Allah bizə Öz Müqəddəs Kitabını verdi ki,Onun vasitəsi ilə biz öz gözümüzdə doğru olan işləri deyil,Rəbb Allahın iradəsinə uyğun işləri görək. Bir zamanlar ölü idin və Rəbb Allahın qəzəbinə məruz qalmışdın. Rəbb bizə Efeslilərə məktub 2:4-də deyir:”Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz.”
Rəbbin mərhəməti sənin üçün ölçüsüzdür. Rəbb Allahın mərhəməti hər gün davamlı olaraq bizə veriləndir. Bir zamanlar günahkar olsaq da,O bizi sevdiyinə görə xilas etdi. Rəbb məhəbbətini bizə Öz vahid Oğlunu günahlarımıza görə kəffarə qurbanı olaraq təqdim etməsi ilə sübut etdi. Rəbb Allah bizim günahdan azad olmağımızı istəyir,çünki Onun bizim üçün tükənməyən məhəbbəti var. Məhz buna görə də O bizə Məsihdə həyata maliksən. Məsihdə bol, ölçüsüz sevgi,mərhəmət,bilik var. Buna görə sevin və Rəbb Allahın sevgisini qəbul et. Rəbbin lütfü ilə xilas olduq,ona görə də Məsihə bənzəməyə can atırıq,səy göstəririk. Çünki biz Məsihdə həyata malik olduq,Ona görə günahlarımız bağışlandı və Məsihin sayəsində mərhəmətə nail olduq. İstəyirik ki,bu məhəbbət bizdə tükənməyən bulaq kimi olsun. Qoy bu bulaqdan dostlarımız, ailəmiz,qohumlarımız,bizimlə eyni icmada olan insanlar içsin. Məsihdə həyata malik olduğuna görə sən də Məsihçi ol. Onun təlimini qəbul et və bu cür yaşa. Əgər bugün özündə uyğunsuzluq hiss edirsənsə,Rəbbin hüzuruna gəl və bağışlanma istə. Mərhəməti və sevgisi bol olan Rəbb Allah səni bağışlayacaq. Bugündən daha çox Məsihə bağlan.

Müəllif: İdris Azəri

Müqəddəs Ruhla yaşayanlar kimi rəftar edək

Yeni günümüzü Rəbb Allahın sözü ilə açırıq. Rəbb Allahın sözü bizə Onun düşüncəsinə malik olmağa yönəldir. Rəbb istəyir ki,Ona yaxınlaşan hər kəs Onda olan düşüncəyə malik olsun. Məhz buna görə də Rəbb Allah bizə Öz Müqəddəs Kitabını verib ki,oradakı sözlərdə deyildiyi kimi düşüncələrimizdə Rəbbə malik olaq. İlk olaraq Rəbbi özümüz kəşf edək,Onu tanıyaq,Ona arxayın olaq,həlim və itaətkar övladlar kimi Rəbb Allahdan nümunə götürək. Ona görə Rəbb bizə Müqəddəs Ruhu verib ki,Ona uyğun ömür yaşamağı bacaraq. Onun haqqında danışan bizlər öz yaşayış tərzimiz,münasibətimiz və davranışımız ilə Onun təmsilçiləri kimi Rəbbi tanıtdıran insanlar olaq. Onq görə də düşüncələrimiz,niyyətimiz,hərəkətlərimiz Rəbb Allahın ürəyinə uyğun olmalıdır. Müqəddəs Kitabın səhifələrində Rəbb Allahın bizə olan məhəbbəti haqqında sözlər saysız-hesabsızdır.
Müqəddəs Kitabda qorxmamaq,narahat olmamaq barədə 193 dəfə yazılıb, məhəbbət,sevmək,”səninləyəm” ifadəsi isə 1400 dəfə qeyd olunub. Rəbb bizə daha çox sevgi barədə danışıb və bu fikirlər də bizi əmin edir ki,Rəbb Allah bizə dəstək və kömək verəndir. Ona görə də Rəbdən bu qədər xeyir-dua alan insan Ondan alınan tərbiyəyə xor baxmamalı və laqeyd olmamalıdır. Rəbb Allahın Ruhu ilə yönləndirilən,Ona iman edən hər bir insan Rəbbin övladlarıdır. Öz arzularını,düşüncə tərzini Rəbb Allaha təslim edərək Onun iradəsini istəyən insanlar Rəbb Allahın övladlarıdır. Çünki onlar Rəbbin idarəçiliyini qəbul edirlər,sözünə tabe olurlar və həmin sözə uyğun həyat yaşayırlar. Rəbbin sözünə görə yaşa və başqalarına da yaşat ki,onlar da sənin vasitən ilə Məsihi dadsınlar. Öz ürəyini Rəbb Allahdan gələn sevgi, sevinc,cəsarət ilə doldur.
Qalatiyalılara məktub 5:25-26:”Madam ki, biz Ruha görə yaşayırıq, Ruha görə də rəftar edək.
Şöhrətpərəst olmayaq, bir-birimizi hirsləndirməyək, bir-birimizə paxıllıq etməyək.”
Rəbb Allahın Ruhu sayəsində sən həyata malik oldun və yaşayırsan. Onun Ruhu sənə həyat verdi,icazə ver ki, Rəbbin Ruhu səni istiqamətləndirən olsun. Rəbb Allahın kəlamını – İncili öz həyatında rəhbər tut. Davranışında,münasibətində, həyat tərzində Rəbbin xasiyyətini üstün tut və bu cür davran. Bizdə belə bir söz işlənir:
“Dil ürəyin dolğunluğundan danışar.” Bu sözlərin Müqəddəs Kitabın səhifələrində də görürük. Sənin ürəyin nə ilə doludursa,dilin də bunu söyləyir. Əgər sən Rəbdən gələn sevinc,əminlik və cəsarət ilə dolmusansa, sənin dilin məhz bundan danışacaq. Əgər sən ürəyini Ata Allahdan deyil,şər,inciklik, paxıllıq,küsülülük ilə doldurmusansa,dilin də bunu danışacaq. Ey Allahın balası,Ona tərəf dön və Ondan gələn tərbiyəni qəbul et. Çünki Ruha görə yaşayırsan,Onun sayəsində Rəbbin vədlərinə malik oldun. O, səni salehlərin yolu ilə aparmaq üçün yol göstərir. Hər cür haqsızlıqdan,günahdan uzaq olmaq üçün tərbiyə verir,elə də yaşayaq. Rəbb Allahın Ruhu səndə bu cür fəaliyyət göstərir,sən də bu cür rəftar et. Rəbb Allahdan aldığın nümunəyə bax,bunu sən Məsihin davranışında gördün və məhz Məsihin münasibətinə görə biz Ona iman etdik,həyatımız dəyişildi,bizə ümid,sevgi, sevinc gəldi. Ümidliyik,çünki Rəbb Allaha etibar edirik. Rəbb Allahın sözü deyir:”Bu nümunəyə görə də rəftar et.” Rəbdən nə almısansa,onu da tətbiq et. Rəbb Allahdan bu qədər nemətlər aldığın halda başqa həyat tərzində olmağın çox qəribə olardı. Rəbbin balası,ayıl. Əgər indi özündə bu səhvləri görürsənsə,tövbə et. Rəbbə de:” Sənin Ruhuna görə həyat sürmədim,məni bağışla və rəhm et. Sənin verdiyin xeyir-duanı,Müqəddəs Kitabda verdiyin nəsihətləri və tərbiyəni qəbul edirəm. Sənin qarşında bu cür yaşamaq üçün əlimdən gələni edəcəyəm,səy göstərəcəyəm ki, sənin ürəyinə görə insan olum.”
Rəbbin sözü deyir ki,şöhrətpərəst olmayaq, bir-birimizi hirsləndirməyək. Şöhrətpərəst olmaq – özünü başqasından üstün tutmaq, ad qazanmağı hamıdan artıq istəmək, gördüyün işləri bəlli etmək, vəzifə arzusunda olmaqdır. Bu sözün bu formada izahı dilimizin lüğətində verilib. Belə olmaq özünü başqasından yaxşı olduğuna zənn etmək və bunu başqalarına göstərmək üçün çalışmaqdır. Bu sözün antonimi –əksi həlim olmaqdır. Rəbb Allahın sözü deyir ki, şöhrətpərəst olmayaq,özümüzü başqalarından üstün tutmayaq. Bu,Rəbb Allahın balasına yaraşmır,çünki Rəbb itaətkarların,həlimlərin,saf düşüncə ilə yaşayanların Ata Allahıdır. Sənin şöhrətpərəstliyin,özünü başqalarına sübut etməyin səni Rəbb Allahdan uzaqlaşdırır. Rəbb Allah salehlərin yolu ilə gedənlərin, itaətkarların,həlimlərin,yaxşılıq edənlərin Atasıdır. Ona görə də Rəbb bizi zülmətdən nura,günahdan azad edib salehlərin yolu ilə getməyə çağırır. Rəbb bunu Öz qanı bahasına edir ki,bu sözdə yaşayasan,həlim olasan. Bir-birimizi hirsləndirməyək,çünki Rəbb Allah hər şeyi görən və biləndir. Onun sözü qarşısında yaşayan bizlər bu cür məsləhət alırıq. Qarşımızdakı insanın hövsələdən çıxmasına səbəb olmayaq, qardaşımızın ruhdan düşməsinə səbəbkar olmayaq. Sənin başqaları haqqında dediyin sözlər həmin insanı əsəbləşdirə,ruhdan sala bilər. Bunu etmə,çünki bu,Rəbb Allahın xasiyyəti deyil. Rəbbi “Ata” deyib çağırırsansa,iman edirsənsə,Onun kimi ol. O, bizi Öz qanı bahasına təqdis etdi ki,biz də qardaşlarımızı sevək,əsəbləşdirməyək, ruhdan salmayaq. Bir-birimizə paxıllıq etməyək,bizdə olan hər nemətə görə Rəbb Allaha şükür edək. “Niyə onda var,məndə yox?” formasında düşünmə. Bu düşüncə sənə yaraşmır,başqasında Rəbbin fəaliyyətinə və onda olanlara görə minnətdar ol. Öz otağına gir,minnətdar ol və dua et ki,ətrafında olan bacı-qardaşlarının adı yüksəlsin,xidmətləri böyüsün. Rəqabət edən olma,çünki biz bunun üçün çağırılmadıq. Buna görə də bu cür düşüncəyə malik olaq. Başqalarının xidmətinə görə minnətdar ol,onlar haqqında müsbət söhbətlərdə iştirak et. Bir-birinizi hirsləndirməmək üçün məhəbbət göstər,həlim ol. Əgər Rəbb Allahın həyat verici Ruhu səndə yaşayırsa,bu cür də rəftar et. Çünki Külli-İxtiyara “Ata” deyib,Ona sığınırsan,güvənirsən. Qoy bu düşüncə sənin nitqini,hisslərini tamamilə dəyişdirsin.

Müəllif: İdris Azəri

Rəbbin ilahi təbiətinə şərik olaq.

Yeni bir günü Rəbbin sözü ilə başlayırıq ki, gün boyu Onun sözündən gələn sevinc,sülh və əminlik həyatımızda olsun və münasibətlərimizdə,qərarlarımızda öz əksini tapsın. Rəbb Allahdan aldığınız sevinc,məhəbbət qoy sizin davranışlarınızda,insanlar haqqında olan düşüncələrinizdə aşkar olunsun. Rəbb Allah bizi İsa Məsihdə Özünə oğulluğa, övladlığa dəvət etdi və bizi Oğlu İsa Məsihin qanı bahasına satın aldı ki,İsaya bənzər ömür yaşayaq. Rəbb İsada başladığı işi bizdə davam etdirmək istəyir. Məhz buna görə Rəbb sənə Öz sözü ilə təminat verir ki,sən kimə iman etdiyini,iman vasitəsi ilə əldə etdiklərinin nə olduğunu biləsən. İman vasitəsi ilə sən əbədi həyata nail oldun. Məhz buna görə Rəbb Allahın sözü haqqında danışırıq. Çünki Müqəddəs Kitabda Rəbbin iradəsi,xoş niyyəti bizə bəlli edilir. Buna görə də hər səhəri Rəbb Allahın sözü ilə başlayırıq ki,bu sözlə qüvvətlənək, aydın və saf düşüncəyə malik olaq, niyyətimiz Rəbb Allah qarşısında pak olsun, arzu və istəklərimiz Rəbbin iradəsinə uyğun olsun,münasibətlərimiz İsa Məsihi təqlid etdiyimizə görə Onun münasibətlərinə bənzər olsun.
Zəbur 56:3-4:”3 Bu dəhşətli gündə
Mən yalnız Sənə güvənirəm.
Vədinə görə Allaha həmd edirəm,
Mən Allaha güvənirəm,qorxmuram;
Fani insan mənə nə edə bilər?” Davud deyir ki,dəhşətli – qorxunc,təhlükəli,xoşagəlməz gündürsə,həmin gündən qorxmur. Onun qorxmamağına səbəb Rəbb Allaha güvənim və etibarımdır. Çünki güvənmək – arxalanmaq,bel bağlamaq,etibar etmək,inanmaqdır. Davud deyir ki, insanların onun həyatına gətirdiyi təhlükədən qorxmur. Bunun səbəbi isə Rəbb Allahın ürəyinə görə yaşayıb hərəkət etməyidir,özünü Ona həsr etməyi və Ona arxalanmağıdır. Rəbb Allah haqqında düşüncəyə malik olmaqla Onun iradəsinə görə yaşamaq Davudu cəsarətli edir.
Vədinə görə Davud Rəbbə həm edir,şükür edir,alqışlayır. Külli-İxtiyar bizi tərk etməyəcək,üzləşdiyimiz problemlərlə bizi tək qoymayacaq. İman etdiyimiz Rəbb Allah bizi dəstəkləyəcək,bizə pislik edənlərin üzünə isə alnıaçıq,saf ürəklə baxacağıq,çünki qorxmuruq. Rəbb Allahın sözündə böyük güc və məna var. Əgər Rəbb bizimlədirsə,kim sənə qarşı dura bilər? Rəbb Allaha olan güvənin Onun iradəsini yaşatmağındır. Bu,sadəcə söz kimi qalmalı deyil,Rəbbin əmrlərini yaşatmaq lazımdır. Onun ürəyinə görə hərəkət etmək,Onun niyyətinə görə yaşamaq – Rəbb Allaha iman etməkdir və Ona güvənməkdir. Rəbb Allahı ürəyində, nitqində,davranışında,dualarında yaşat. Buna görə də Rəbb qorxmur,çünki Var Olan Rəbb Allahı yaşadır. Həyatımız təhlükədə olsa belə qorxmuruq,çünki Rəbb bizimlədir.
2 Peterə məktub 1:4:”Beləliklə,O bizə çox böyük və dəyərli vədlər verdi ki,bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi təbiətə şərik olasınız.” Davud deyir ki,vədinə görə Ona həmd və şükür olsun,çünki Rəbb bizə həyat verici vədini verdi. Onun verdiyi vədə görə cəsarətli və Rəbb Allahın ürəyinə görə insan oldu. Müqəddəs Kitabda deyildiyi kimi,O bizə çox dəyərli vədlər verdi. Həmin vədlərə görə İbrahim,Davud,Süleyman, Daniel kimi iman qəhrəmanları Rəbbə bel bağladılar,bütün ömürləri boyunca Rəbb Allahın önündə,Onun sözünə görə yaşadılar. Rəbb Allah da onlar haqqında müsbət şəhadət etdi.
Bu vədlər heçnə ilə müqayisə edilə bilmir, onlar çox böyük və dəyərlidirlər. Bu vədlərin dəyərini İsa Məsihin qanı müəyyən edir. İsa Məsihin sayəsində satın alınmağımız,Onun kəffarə qurbanı olaraq verilməsi ondan ötrü idi ki,biz əbədi həyata malik olaq. İsa Məsihə görə biz böyük və dəyərli vədlərə nail olduq. O,bizə vədləri ondan ötrü verdi ki, dünyamızda olan pozğunluqdan qaçaq. Bu dünyada olan mənfi düşüncə tərzini tərk edib Rəbb Allahın ilahi təbiətinə uyğun olaq. Rəbb istəyir ki,dünyada olan pozğunluqdan uzaq olaq. Dünyada olan pozğunluq düşüncəmizdən başlayır,orada yaranır. Davamlı davam edən pozğunluq isə həyat tərzinə çevrilir. Rəbb deyir ki, bunlardan qaç. Qoy İsa Məsihə iman edənlərdə bu cür mənəvi pozğunluq olmasın. İmandan irəli gələn davranış və hərəkətlərimizdə uyğunsuzluq olmasın.
Əxlaqi pozğunluq – ədəbsizlik,başqanının əxlaqına,kimliyinə,namusuna bir qrup insan qarşısında adına zərər gətirməkdir. Rəbb deyir ki,vahid və sevimli Oğlum İsa Məsihi kəffarə qurbanı olaraq təqdim etdi ki,Ona iman edənlər bu dünyada olan pozğun həyat tərzinə uyğun olmasın,Rəbbin ilahi təbiətinə uyğun olsun. İlahi təbiətə şərik olmaq – Rəbb Allaha aid olan keyfiyyətləri, dəyərləri öyrəndikcə öz həyatımızda yaşatmaq,Ona bənzəmək,eyni işlər görmək, eyni məqsədli və niyyətli olmaqdır. Biz İsa Məsihə iman edənlər Onun həyat tərzinə uyğunlaşaq və Onu əks etdirək. Rəbb istəyir ki,bizdə yaxşılıq,həlimlik,salehlik, mərhəmət,səbr,sevinc,sülh,iman, xeyirxahlıq,dürüstlük,nəfsə hakim olmaq və bunların tacı olan məhəbbət olsun. Məhz bu keyfiyyətlər bizdə yaşayırsa, hərəkətlərimizdə və davranışımızda əks olunursa, biz də Rəbb Allahın ilahi təbiətinə şərik insanlar oluruq. Rəbb bizə bu vədləri məhz Onun ürəyinə görə yaşamaq, münasibətlər qurmaq üçün verdi. O istəyir ki,Onun ardıcılları da eyni düşüncə və həyat tərzinə malik olsunlar. Qoy sizin vasitəsiniz ilə başqalarına həyat,sevinc,sülh,mərhəmət, yaxşılıq gəlsin. Rəbbin salehliyinə bürün və barışıq Müjdəsini elan et. Barışdır insanları. Nifaqda yox,barışıqda adın hallansın. Xoş niyyətli insanlar olaraq öz nəfsinə hakim olmağı bacarasan. Qoy sənin düzgünlüyün, xeyirxahlığın adınla bərabər hallansın. Allah məhəbbətdir. Rəbb Allah belə olduğu üçün Onun məhəbbətini öz həyatımızdakı insanlara yaşadaq. Qoy insanlar səndən pislik deyil,xoş niyyət görsünlər. Bu,Rəbbə bənzəməkdir,Onun ilahi təbiətinə şərik olmaqdır. Gəlin biz də dünyadakı pozğunluqdan qaçaraq Rəbbin ilahi təbiətinə şərik olaq. Rəbb hər birinizə xeyir-dua versin.

Müəllif: İdris Azəri

Rəbbin məzəmmətinə qulaq asan ol

Bu günü Rəbbin sözüilə başlayırıq. Çünki Rəbb Allahın sözü bizim üçün verilən təminatdır. Onun sözü çox güclü və təsirlidir. O,Öz sözü vasitəsi ilə bəşəriyyəti yaratdı. Rəbb Allah Öz sözü vasitəsi ilə heçnədən hər şey yaratdı. Rəbb sənə gündəlik Öz sözünü verdiyi halda,sənin həyatdan kam alıb xoş günlər görməyin üçün sənə təminat verir. Onun sözünü hər gün icra etməklə bizdə həyat qaynağı yaranır. Rəbb Allahın sözünü eşitdiyin halda bununla kifayətlənmə,bu sözü icra edən,yerinə yetirən ol. Rəbb Allahın sözünü gündəlikdə həyatında,hərəkətlərində, münasibətlərində yaşat. Bu,sənin üçün həyatdır. Onun sözü bizim yenilənməyimizə kömək edir,hər gün üçün bizə faydalıdır. Ona görə də hər gün Onun sözü üzərində düşünürük ki,onları icra edək. Onun sözlərini icra edən insan bəxtiyardır.
Süleymanın məsəlləri 15:24:”Ağıllı insan aşağıdan – ölülər diyarından ayrılmaq üçün
Həyat yolunu tutub yuxarı gedər.” Kimdir ağılı insan? Gündəlik Rəbbin sözü üzərində ayıq qalan insandır. Ayıq qalmaqla yanaşı, həmin sözə əməl edən insan ağıllı insandır. O,cahillikdən tamamilə uzaqlaşaraq Rəbb Allahın iradəsini yerinə yetirən,salehlərin yolu ilə gedən insandır.
Süleymanın məsəlləri 15:31:”Həyatverici məzəmmətə qulaq asan
Hikmətlilərin içərisində yaşar.” Rəbb Allahın sözü islah edir,tərbiyə verir. Onun məzəmməti utandırmaq və ya rüsvay etmək üçün deyil,səndə həyat qaynağı yaratmaq üçündür. Əgər sən Rəbb Allahın sözünü eşitdikdə səni dəyişiklik etməyə çağırırsa,Onun sözünə xor baxma. Çünki Rəbb Allah məzəmmət edir ki,səni hikmətlilərin arasına salsın. Sənin hikmətin Rəbbin sənə verdiyi tərbiyəni qəbul etməkdir. Xor baxma,tabe ol. Salehlərin yolunu tut,çünki onların yolu şərəflidir.
Süleymanın məsəlləri 15:32:”Tərbiyəni rədd edən öz canına xor baxar.” Əgər bir insan Rəbb Allahın sözünü qəbul etmirsə, razılaşmırsa,Rəbb deyir:”O,öz canına xor baxır.” Çünki əziyyəti çəkən nəticəsini yaşayacaqdır.
Süleymanın məsəlləri 15:32-33: “Məzəmmətə qulaq asan anlayış qazanar.
Rəbb qorxusu hikmət tərbiyəsi verər,
İtaətkarlıq şərəfdən əvvəl gələr.” Rəbb Allah istəyir ki,Oğlu İsa Məsihin kəffarə qurbanı olması ilə təqdis olunaraq Rəbbin balası olan hər bir kəs anlayış qazansın. Bizə anlayış verən Rəbb Allahın məzəmmətidir. Qulaq as ki,Onun həyat verici sözü bizdə həyat qaynağı yaratsın. Həyatda xoş günlər görməkdən ötrü Onun sözünə özünü təslim et. Heç vaxt “yox” demə,tabe ol. Bu münasibəti qur. Bu tərzin nümunəsini Məsih İsa bizə verdi. Biz – Onun adına iman edənlər İsaya uyğun yaşamağa can atırıq,səy görsədirik. Bir çox insan hörmət qazanmaq,tərif olunmaq istəyir. Şərəfdən və ucalmaqdan əvvəl itaətkarlıq gəlir. Sənin həyat yolunun ilk addımı budur. Rəbb Allahın sözünə itaət edərək sən Rəbbin Özünə də itaət etmiş olursan. Çünki oxuduğun Müqəddəs Kitab Var Olan Rəbb Allahın sözüdür. O,Öz sözünü sənə verərək itaət etməyi öyrədir. Rəbb Allahın sözünün icraçısı ol və aid olduğun imanlılar cəmiyyətə itaətkar ol. Sənin üçün xidmət və dua edən cəmiyyət üzvlərinə qarşı itaətkarlıq göstər. Rəbb Allahın məzəmmətini qəbul et ki,öz həyatına xor baxmayasan. Rəbbin verdiyi tərbiyəyə tamamilə təslim ol ki,səndə həyat qaynağı olsun.
Yaqub 1:22-24:” Bu kəlamın icraçısı olun, yalnız eşidənlər olub özünüzü aldatmayın. Çünki kəlamı eşidən,amma icraçısı olmayan şəxs güzgüdə öz üzünün cizgilərinə baxan adama bənzəyir: O öz-özünə baxır,kənara çəkilir və dərhal necə olduğunu unudur.” Bu sözlər çox sadə izah edilib. Rəbb deyir ki,Onun bizə verdiyi sözü təlim,islah və məzəmmət üçündür. O istəmir ki,biz ölək. Xoş günlər görməkdən ötrü sənin daxilin həyat qaynağına çevrilməlidir. Bu isə yalnız itaətkar olduğunda mümkündür. Yaqub deyir ki, kəlamı yalnız eşidən insan unutqandır. Həmin insan başqalarına məsləhət və təlim verə bilər,ancaq özünə faydası yoxdur. Rəbb Allahın sözünü bilib öz həyatında yaşatmayan insan üçün Rəbbin kəlamı faydasızdır. Rəbb Allahın sözü səndə öz güclü fəaliyyətini Rəbbin kamil qanununa diqqətlə baxıb bağlı olduğunda göstərəcək.
Yaqub 1:25:”Lakin kamil qanuna,azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalan şəxs unutqan eşidən deyil,əməldə icraçıdır;belə adam öz işində nə bəxtiyardır!” Bəxtiyarlıq sənin həyatında Rəbb Allahın sözünü eşidib icraçısı olduğunda başlayır. Ondan aldığın tərbiyəni,öyrəndiyin nümunəvi həyat tərzini ailən,dostların və qohumların arasında tətbiq edirsən. Rəbb Allahın ürəyinə görə hərəkət etdiyində bu sözün icraçısı olursan. Sən bu tərzi seçib salehlərin yolu ilə getdiyinə görə üzərinə bəxtiyarlıq yağır. Həyatında hər bir hərəkətin və sözün nəticəsi var. Bu nəticə qaçılmazdır.
Süleymanın məsəlləri 22:3:”Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar.” Gəlin uzaqgörən insanlar olaq. Qabaqcadan hər şeyi görək,bu gün yaşadıqlarının sabah nəticəsi olduğunu bilirsən,bu cür yaşa
Süleumanın məsəlləri 22:3-4:”Cahil isə irəli çıxar,ziyan tapar.
İtaətkarlığın və Rəbb qorxusunun nəticəsi
Sərvət,şərəf,həyatdır.” Rəbb sənin həyatına sərvət,şərəf və həyat gətirir. Sərvət,şərəf və həyata bürünməkdən ötrü sənə itaətkarlıq lazımdır. Ona görə də bu sabah bu mövzu haqqında düşün. Hər cür qanunsuzluq və pisliyi özündən ikrah et,Rəbb Allahın sevimli balası kimi müqəddəsliyi bürünərək salehlərin yolu ilə get. Tamamilə özünü Rəbbə təslim edərək itaətkar ol. Çünki Onun sözü sənə şərəf və həyat gətirir. Rəbb bunu etmək istəyir,bəs sən nə istəyirsən?!

Müəllif: İdris Azəri

Rəbbin balaları kimi ürəyinizdə Allah qorxusu olsun

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allahın sözü bizə gündəlik lazımdır. Hər gün Onun sözünü daxilimizi doldurmaq lazımdır ki,bu sözlə yaşayaq. Rəbb Allahın sözü həyat verəndir və lazımdır ki,tükənməsin. Hər gün Rəbb Allahın sözünə müraciət et və araşdır. Biz Müqəddəs Kitabda Rəbb Allahın iradəsini, bizə arzusunu görə bilirik. İncili yaxşı öyrən. Buna görə Rəbbin sözünə “gündəlik çörək” deyirlər. İnsanlara yaşamaq üçün gündəlik çörək necə vacibdirsə,Rəbbə yaxınlaşan hər birimizə də gündəlik çörək lazımdır. Onun sözü ilə özümüzü dolduraq ki, dözümlü və taqətli olaq.
Zəbur 34:9-10:”Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun,
Ondan qorxan heç nəyə möhtac qalmaz.
Gənc aslanlar ac-yalavac qaldılar,
Lakin Rəbbi axtaranlar
Heç bir yaxşı şeydən korluq çəkməzlər.”
Davud Peyğəmbər Müqəddəs Kitab vasitəsi ilə bizə müraciət edir. Kimdir Rəbb Allahın müqəddəsləri? Xilaskarımız olan İsa Məsihə iman edənlər,günahları bağışlanan insanlar Rəbbin müqəddəsləridir. İsa Məsih vasitəsi ilə təqdis olunub günahlardan azad olan Davud deyir ki,Rəbdən qorxun. Ondan qorxan heçnəyə möhtac qalmaz. Sən Rəbb Allaha yaxınlaşdığın zaman qoy daxilində olan hissin adı “Rəbb qorxusu” olsun. Əgər sənin daxilində bu varsa və bütün ürəyinlə Rəbb Allahı axtarırsansa,heçnəyə möhtac qalmayacaqsan. Çünki Rəbbin sözü gerçək təminatdır,hifz edəndir. Rəbb Allahın sözü səni yanlış hərəkət etməkdən qoruyur. Oxuduğun və öyrəndiyini sözləri icra et. Zəbur 34:11-12:”Gəlin,ey övladlar,məni dinləyin,
Rəbb qorxusunu sizə öyrədim:
Kim həyatdan kam almaq istəyirsə,
Uzun ömür sürüb xoş gün görmək istəyirsə”
Kim xoş günlər görüb həyatdan kam almaq istəyir? Davud onlara deyir:
Zəbur 34:13-15:”Qoy dilini şərdən,
Ağzını fırıldaq üçün işlətməkdən qorusun,
Qoy şərdən çəkinib yaxşılıq etsin,
Sülhü axtarıb ardınca getsin!
Rəbbin gözü salehlərin üzərindədir,
Qulaqları onların fəryadlarına açıqdır.”
İstəyirsən ki,Rəbb Allah sənə uzun ömür versin,xoş günlər görəsən? Dilini şərdən qoru,ağzından fırıldaq söz çıxmasın. Şərdən çəkin. Dilini şərdən qorumaq – yalandan qorumaq,böhtan atmamaq,pislik etməməkdir. Şər atmaq Rəbbin iradəsinə ziddir. Rəbb Allah təsəlli verir,şər məyus edir. Rəbb Allah birləşdirir və sülh yaradır, şər nifaq salır və inciklik yaradır. Şər bilir ki, Məsihçilərin gücü birliyimizdədir. Şər olmayan şeyləri olan kimi qələmə verir, şişirdir. Xoş günlər görmək üçün dilini şərdən qoru, qoy sənin dilin nifaqda istifadə edilən alətə çevrilməsin. Bunda iştirak etmə. Ey Rəbb Allahın balası,qoy sənin dilin Rəbbin işi üçün istifadə edilsin. Ağzını fırıldamaq işlətməkdən qoru,hiylə, kələk,öz gizli niyyətinə çatmaqdan ötrü ağzını işlətmə. Sən özünü belə işlərə təslim etmə. Ayıq ol,şərdən çəkin. Şər – Ata Allahın iradəsinə zidd olan hərəkətdir. Sən sülh axtar,sülhyaradanların sırasına daxil ol. Ey Allahın balası,Rəbb Allahın xeyir-bərəkətini,nemətini irs olaraq əldə etmək üçün çağırılan sülh axtaranların sırasına gir, onların ardınca get. Özün də sülhü axtaran və yaradan ol,çünki bu,Rəbb Allahın sənə olan iradəsidir. Bu,Rəbb Allahın müqəddəslərinə yaraşandır,sənə yaraşanı et.
Rəbb qorxusu nədir? Hikmətin başlanğıcıdır, ( Süleymanın məsəlləro 9:10),ömür uzadandır (Süleymanın məsəlləri 10:27),həyat qaynağıdır (Süleymanın məsəlləri 14:27),ölüm tələsinə düşməkdən qeri qaytarandır(Süleymanın məsəlləri 14:27). Rəbb Allahın qorxusu səni ölüm tələsindən çıxarmağa qadirdir,təsirlidir. Necə? Sülh yaradan ol,barışıq elan et,ürəyinə sevgi doldur.
Rəbb qorxusu nədir? Hikmət və tərbiyə verəndir(Süleymanın məsəlləri 15:33),həyat verər və şər Rəbb qorxusu olan adama yaxınlaşmaz,tox yatar (Süleymanın məsəlləri 19:23)
Rəbb qorxusunun nəticəsi nədir? Sərvət, şərəf, həyatdır (Süleymanın məsəlləri 22:4). Rəbb həmin insana bol həyat verir. Rəbb qorxusu – pisliyə nifrət etməkdir, lovğalığa, təkəbbürə, pis yola, hiyləli dilə nifrət etməkdor. Rəbb Allah qorxusu məhz budur. Kiməsə zərər vurmağa çalışma,özünü bundan qoru. Özündə bu cür xüsusiyyət aşkar edirsənsə,tövbə et və zərər vurduğun insandan üzr istə. Sənin niyyətin Rəbbin balalarının,müqəddəslərin niyyətinə uyğun olmalıdır. Bu seçim deyil,Rəbb Allahın balalarına xas olan keyfiyyətdir. Çünki Səmavi Atan deyir ki, pisliyi ikrah et, lovğalığı özündən at. Lovğalıq özünü tərifləmək,öz üstünlüyünü göstərmək üçün çalışmaq,təşəxxüslü olmaqdır. S.M.Qənizadə yazır ki,təşəxxüslü insan yaralının köhnə paltarını geyinəndir. Azad ol bunlardan. Rəbb səni azad edəndir. Özünü həyatdan kam almaqdan məhrum etmə,azad ol. Əgər bunu etsən,səndə Rəbb Allah qorxusu vardır. Təkəbbürlü insan özünü böyük tutan,iddialı,özündən razı olan,özü kimi yaxşı, işini bilən, peşəkar insanın olmamasını iddia edən,məğrur, dikbaş insandır. Rəbb Allahın sözü deyir: “Bunları özündən ikrah et.” Əgər səndə Rəbb qorxusu olmasını,həyatdan kam alıb xoş günlər görmək istəyirsənsə,pisliyə nifrət et,lovğalığı və təkəbbürü özündən ikrah et. Pis yoldan çəkin,sülh axtaranların yolu ilə get.
Allah qorxusu – Allahı hədsiz müqəddəs tutmaq, Onun sözündən çıxmamaq, Onun sözünə əməl etmək üçün ayıq olmaq, Allahın qəzəbinə səbəb olan qanunsuzluq etməmək,Allahı kədərləndirməməkdir. Bu cür həyat tərzi imanlıda hərəkətlərinə ciddi diqqət vermək,həlimliklə yaşamaq və daim dua etməyə sövq etdirir. Bu mövzu haqqında dərindən düşün və Rəbb Allahın müqəddəslərinə,balalarına yaraşanı et. Çünki sənin hərəkətlərin və danışığın ilə kim olduğun bəlli edilir. Qoy Rəbb hər birinizə xeyir-dua versin.

Müəllif: İdris Azəri

Rəbbin bizə olan məhəbbəti hədsizdir

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Azərbaycanda hava soyuyur,biz bundan asılı olmayaraq Rəbbin sözü ilə günümüzə başlayırıq. Bizi Rəbb Allah qarşısında xeyirxahlıqla və lütflə saxlayan Onun sözüdür. Rəbb Allahın sözü bizə tərbiyə verir,bizi islah edir,Rəbb haqqında düşüncəyə malik olmağa sövq etdirir. Rəbb Allahın sözü güclü və təsirlidir,bizi pak edən və təlim verəndir. Buna görə də günümüzə Rəbbin sözü ilə başlayırıq. Çünki Onun sözü ondan ötrü göndərildi ki,bizi təmin etsin,bizə olan niyyətini bəlli etsin. Bun görə Rəbb Allaha yaxınlaşan hər birimiz Müqəddəs Kitabı araşdırırıq. Məsih İsaya pənah gətirən hər birimiz hər gün İncili oxuyuruq,Onun sözü ilə qüvvətlənirik.
Zəbur 103:8-9:”Rəbb rəhmli və lütfkardır,
Hədsiz səbirli və bol məhəbbətlidir.
Həmişə töhmətləndirməz,
Qəzəbi sonsuza qədər sürməz.” Davud deyir ki,Rəbb rəhmlidir. Bu,Onun xasiyyətidir. Rəbb Allah rəhmlidir. Rəhmli insan başqasının halına acıyan, günahları bağışlayan mərhəmət edən deməkdir. O, insanın pis niyyətini görür,lakin yenə də Öz xasiyyətini dəyişmir. Rəbb Allahın ürəyi insana görə yanandır. Lütfkar insan qarşılığını gözləmədən yaxşılıq edən, qazanılmamış neməti verəndir. O,Özü lütfkar olduğuna görə əvəzsiz,qarşılığını almadan yaxşılıq etməyə davam edəndir. Rəbb Allah səbrlidir. Səbrli insan həlim, qisas almağa meyilli olmayandır,Onun bizə olan səbri tükənməzdir. Rəbb bizə dəstək verməyə,bizi möhkəmləndirməyə tələsir.
Zəbur 103:11:”Çünki göylər yerdən nə qədər ucadırsa,
Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür.” Rəbb Allah məhəbbətdir. Onun məhəbbəti hədsizdir. Davud deyir ki,göylər yerdən nə qədər uzaqdırsa,Rəbbin Ondan qorxanlara olan məhəbbəti bir o qədər də böyükdür. Rəbb Öz məhəbbətini bəşəriyyətə bəlli edir və Onun məhəbbətinin ölçüsü,meyarı yoxdur. Rəbb Allahın məhəbbəti xüsusilə Ondan qorxanlara hədsizdir. Rəbb qorxusu – Onun məhəbbətini müqəddəs tutmaq,Onun sözündən çıxmamaq,Onun sözünə əməl etmək üçün ayıq olmaq,Allahın qəzəbinə səbəb olan qanunsuzluq etməmək,Allahı kədərləndirməmək,həlimliklə yaşamaq və daim duada olmaqdır. Davud deyir ki,Rəbb Allahın məhəbbəti böyük hədsizdir. Rəbbin sözünü insanlar necə müqəddəs tuturlar? Onun sözündən çıxmırlar,Onun nəsihətinə xor baxmırlar,itaətkarlıqla əməl edirlər. Rəbbi kədərləndirməmək üçün həyatlarına diqqət edirlər. Bu insanlar Rəbb Allahın balalarıdırlar. Rəbbin məhəbbəti Ondan qorxanlar üçün hədsizdir. Ancaq dildə Rəbb Allahı yaşadan deyil,sözlərində və ürəyində yaşadanlara Onun sevgisi tükənməzdir, ölçüsüzdür. Bun görə Rəbbə yaxınlaşan hər birimiz Onu qəlbimizdə yaşadırıq,sözünü ciddi qəbul edirik. Onun sözü həyat sözüdür. Rəbb Allahın sözü bizim təminatçımızdır. Rəbb Allahın sözü Onun sözünü hər şeydən üstün tutaraq əməl etməyimizi istəyir.
Zəbur 103:11-12:”Çünki göylər yerdən nə qədər ucadırsa,
Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür
Nə qədər şərq qərbdən uzaqdırsa,
Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb.” Rəbb Allah səndən qanunzsuzluğu uzaqlaşdırdı. Müqəddəs Kitabda oxuduğun həyat verici sözləri qəbul edəndə,Ona ehtiram edəndə,Onun sözlərini ürəyində saxlayanda O,səndən qanunsuzluğun uzaqlaşdırdı.
Zəbur 103:13:”Ata övladlarına rəhm etdiyi kimi
Rəbb də Ondan qorxanlara elə rəhm edir.” Bəlkə də sənin həyatında Ata nümunəsi elə də yaxşı olmayıb və sən də Rəbb Allaha etibar etməkdə çətinlik çəkirsən. Yaxşı ata nümunəsini almaqdan ötrü bütün Müqəddəs Kitabı – Yaradılışdan Vəhyə qədər oxu. Hədsiz səbrli,rəhmli,heç vaxt tərk etməyən,sevən Atanı məhz Müqəddəs Kitabda görəcəksiniz. Onun bizə sevgisi onda göstərilir ki,bizim günahlarımızın bağışlanmasına görə Öz Oğlunu qurban verdi. Onun məhəbbəti hədsizdir. Bu cür məhəbbəti bol olan,xeyirxah,sədaqətli Rəbbə yaxınlaşaraq Onu müqəddəs tutaq.
Zəbur 103:17:”Rəbbin isə Ondan qorxanlara olan məhəbbəti,
Onların övladlarına olan salehliyi
Əzəldən var,bu əbədi qalacaq.” Bir çox tərcümələrdə yazılıb:”Rəbbin isə Ondan qorxanlara olan məhəbbəti,
Onların özlərinə,övladlarına və övladlarının övladlarına da yetərlidir.” Rəbbin sənə verdiyi xeyir-dua,məhəbbət yalnız sənin üçün deyil,övladların üçün də kifayətdir. Bu cür Rəbb sənə yaxınlaşır,münasibət bəsləyir və sevir. Bu məhəbbətin qarşısında susma,Rəbbə Allaha tərənnüm et,alqış et,şərəfləndir,izzətləndir. Qoy sənin alqışın və izzətin bütün həyat tərzinlə və Rəbb Allaha olan xoş niyyətli ifadələrinlə aşkar edilsin. Rəbbə olan sevgini minnətdarlıqla, həlim və itaətkar ürək ilə Ona bildir.
Kolosselilərə məktub 3:16-17:” Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin,məzmurlar,ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun. Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin,Onun vasitəsilə Ata Allaha şükür edin.” Rəbbə həmd olsun. Bu cür hədsiz məhəbbəti olan Rəbbi müqəddəs tutaq,Onun sözü ilə yaşayaq və ayıq olaq ki, Onun sözündən çıxmayaq. Rəbb Allahın sözü sənin üçün zəngindir,səni təmin edir. Buna görə tam müdrikliklə,idrakla Rəbb Allahı tanıtdırmaq və Onun iradəsini bəlli etmək üçün təlim və nəsihət verək. Rəbb Allahın xoş niyyətini aşkar etmək üçün təlim verək,Onun niyyətini aşkar edək. Özümüz də bu niyyəti bilən övladlar kimi Onun qarşısında olan ömrümüzü sevinc və ehtiram ilə yaşayaq. Rəbbin sözü deyir ki, məzmurlar və ilahilər oxuyun. Qoy sənin minnətdarlığın alqışlarla,ilahilərlə bəlli edilsin,daxilində olan minnətdarlığı Onu şərəfləndirməklə iqrar et. Ağzından hansı sözlər çıxırsa,Rəbb İsa Məsihin adı ilə et, Ona layiq olan tərzdə və böyük bir xeyir-dua almış insan kimi et. Ata Allaha verdiyi bütün nemətlərə görə şükür edən insan ol. Kilsələrin birlikdə toplaşdığı bugün məhz bu cür düşüncəyə malik olasan. Bugün ibadətdə olduğun yerdə ilahilər və məzmurlar oxu,Rəbbə minnətdarlığını bildir. Onun xalqı arasında sən də sənə Rəbbin verdiyi nemətlərə görə minnətdar ol. Gəlin bugünümüzü belə başlayaq. Qoy Rəbb hər birinizə xeyir-dua versin.

Müəllif: İdris Azəri

Rəbb bizim xoşbəxtliyimizdir

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. İstəyirəm ki,sübh erkəndən Rəbb Allahın sözü haqqında düşünək və gün boyu bizimlə olsun. Rəbb Öz sözünü Onun sözü bizi həyatımız boyu təmin etməsi üçün verdi ki,biz Rəbbin ürəyinə görə insan olaraq həyatdan kam alıb xoş günlər görək. Rəbb Allah istəyir ki,biz Onu yanımızda – Davud Peyğəmbərin dediyi kimi sağımızda görək. Rəbb bizə dəstəkdir. Rəbb Allah Öz yanına,cəmiyyətinə çağırdığı adamlara kömək edəndir,dəstək verəndir. Rəbbin arzu və istəyi ondadır ki,Ona yaxınlaşan və pənah gətirən hər bir kəs Ona inansın,etibar etsin və Rəbb Allahın sözünə görə yaşasın. Rəbb Allahın sözü bizə bunu öyrədir ki, Onun sözündə yaşayıb güclü və qüvvətli insanlar olaq.
Zəbur 16:1-2;5-6:”Ey Allah,məni hifz et,Sənə pənah gətirmişəm. Rəbbə dedim:«Mənim Xudavəndim Sənsən. Səndən başqa mənim xoşbəxtliyim yoxdur.
Ya Rəbb,mənim qismətimsən,kasama düşən paysan,
Püşkümə düşən Səndən asılıdır.
Qismətimə gözəl yerlər düşdü,
Bəli,mənə nemət nəsib oldu.»”
Rəbb Allahın qarşısına gəldikdə Davud Peyğəmbər Ona olan sevgisini Zəburlarda belə bildirir. O deyir:”Sənsən mənim Xudavəndim və xoşbəxtliyim. Səndən başqa xoşbəxtliyim yoxdur.” Rəbb Allahın sözü vasitəsi ilə aşkar edilir ki,bizdən öncə yaşayan Davudun dediyi kimi xoşbəxtliyimiz nemətlərlə bağlı deyildi, Rəbbə aid edilməsi idi. Bu xoşbəxtlik hər birimizə verilsə də,hər kəs bundan zövq ala bilmir. Çünki fikirlərimiz gündəlik həyata, tələbata yönəlmişdir. Hər gün ehtiyaclarımız bitmir,ona görə də bizdə istehlakçı təbiət,arzulamaq bitmir. Bu, bitməyəndir. Hər dəfə yenilik arzulayan insanda məmnunluq hissi yaranmır. Sənin xoşbəxtliyin Rəbb Allaha aid edilməyin, Rəbbin səni Öz ailəsinə daxil etməsi və səni “balam” deyib çağırmasıdır. Sənin xoşbəxtliyin ondadır ki,Yerin və Göyün sahibi olan Rəbb Allah sənə Öz vədlərini verərək səni hər vəziyyətdə hifz edib bərəkətləndirir. Bu,xoşbəxtlikdir. Buna görə sevin və bayram et. Sən Var Olan Rəbb Allaha “Ata” deyib çağırmağa ixtiyar qazandın. Bu,sənin həyatının sevincidir və Ondan alisi yoxdur.
Davud deyir ki,Rəbb bizim təminatçımızdır, bərəkət və nemət verəndir. Öz gücümüzə və biliyimizə deyil,Rəbbə arxalanaq və ümid bəsləyək. Bilirik ki,Rəbb bizim qismətimizə yalnız gözəlliklər,lazım olanı verəcək.
Zəbur 16:7-8:”Mənə nəsihət verən Rəbbə alqış edirəm,
Hətta gecələr də vicdanım mənə ağıl öyrədir.
Rəbbə əbədilik üz tutmuşam,
Sağımda olduğu üçün sarsılmaram.”
Buna görə səhər erkən Rəbb Allahın qarşısına gələrək Ona alqış etmək lazımdır. Rəbb bizim kasamıza düşəndir,həyat Verəndir. Ona güvənək. Buna görə minnətdar olaq,çünki Rəbb Allahın sözü bizə belə olmağı nəsihət edir. Davud deyir ki,gecə yatanda da vicdanı ona ağıl öyrədir,çünki əbədi olaraq Rəbbə üz tutub. Üzünü Rəbb Allaha çevir,nə olursa olsun Rəbdən əl çəkmə,uzaqlaşma. Bil ki,O,sənin sağındadır,sarsılmayacaqsan və yenilməyəcəksən.
Zəbur 16:9-11:”Elə bunun üçün qəlbim sevinir,ruhum şad olur,
Cismim əmin-amanlıqda yaşayır.
Çünki məni ölülər diyarına atmazsan,
Mömin insanını qəbirə salmazsan.
Mənə həyat yolunu öyrədirsən,
Doyunca sevinc Sənin hüzurundadır,
Sağ əlində hər zaman səadət var.”
Rəbbin sağ əlində həmişə sənin üçün səadət var. Rəbb Allahın əlləri sənin üçün hər zaman böyük bir xeyir-dua,nemətlə sənə uzadılır. Rəbbə tərəf dön. Davud dediyi kimi,Rəbb bizimlə olduğu üçün qəlbimiz sevinsin və ruhumuz şad olsun. Qoy bugünkü günü ruh yüksəkliyi və sevinclə başlayaq. Külli-İxtiyar yanımızdadır,bizə dəstək verəndir, öyrədəndir. Ona görə də gündəlik Müqəddəs Kitaba müraciət et,qərar verməzdən qabaq Rəbb Allahdan məsləhət al. İcazə ver ki,Rəbbin səndə yaşadığı Ruhu vicdanın vasitəsi ilə sənə danışsın və səni haqsızlıqdan qorusun. Bu,Rəbb Allaha yaxınlaşanların həyat tərzidir. Rəbbə “Ata” deyib,Oğlu İsa Məsihə iman edənlər bu cür yaşayırlar,biz də bu cür yaşayaq. Rəbbə tam güvənərək,arxalanaraq və Rəbb Allahın sözü ilə hərəkət edərək yaşayaq.
Qalatiyalılara məktub 6:7-10:”Aldanmayın: Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə,onu da biçəcək. Öz cismani təbiəti üçün əkən,bu təbiətdən məhv biçəcək. Ruh üçün əkənsə Ruhdan əbədi həyat biçəcək. Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək,vaxtında biçərik. Buna görə də nə qədər fürsətimiz varsa, hamı üçün,xüsusən imanlılar ailəsi üçün yaxşı işlər görək.” Bu,Rəbb Allahdan gələn nəsihətdir,sənə verdiyi tərbiyədir. Aldanmayın, heç bir düşüncə səni yanlış qərar verməyə qoymasın,ayıq insan olun. Rəbb Allahın sözü səni ayıq olmağı,müdrik olmağı,qərarlarının nəticəsini görməyi öyrədir. Rəbb günahlandırıla,ittiham edilə, rişxənd edilə bilməz. İnsan nəyi əkirsə,onu da biçəcək. O Öz sözünü bizə ona görə verdi ki,bu həyatda təmin edilmiş insanlar olaq. Əgər sülh əksən, sülh, nifaq əksən, nifaq əkəcəksən. Əgər sən başqaları arasında düşmənçilikdə iştirak edirsənsə, nəyi biçməyi gözləyirsən? Əgər mərhəmət, sevgi daxilindən çıxararaq insanlara yönəldirsənsə, onu da biçəcəksən, həyatını sevgi,sülh,mərhəmət əhatə edəcək. Başqalarının ehtiyaclarında iştirak edib dəstəkləyirsənsə,öz qazancından onlara kömək olursansa,onu da biçəcəksən. Çünki səxavətlə və comərdliklə verən, elə də alacaq. Bu,həyat qanunudur və səni qorumaq,bərəkətləndirmək,hifz etmək üçün verilib. Əbədi həyat üçün sevgi,sevinc, sülh,barışıq ək. Qoy sənin adın yalnız yaxşı şeylərdə hallansın. Hər fürsətdən istifadə edərək yaxşılıq et,xüsusilə də səninlə eyni əqidəni bölüşən imanlılar üçün yaxşılıq et. Pislik üçün deyil,yaxşılıq üçün fürsətdən istifadə et.
Bugünkü gündən yaxşılıq etmək üçün istifadə edək. Qoy Rəbb hər birinizə xeyir-dua versin.

Müəllif: İdris Azəri

Rəbb bizə kömək edəndir

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Qoy ilk düşüncəmiz və fikirlərimiz Rəbb Allahın sözü ilə tamamilə qarışsın. Çünki bizə həyat Verən Rəbb Allahımızdır. O, oğlu İsa Məsihi bizə görə yerə göndərdi. Ondan ötrü göndərdi ki,Ona iman edən bizlər Rəbbi tanıyaq,həyatı dərk edək, güvənək,həyatdan kam alaq,müdriklikdən məhrum olanlar kimi deyil,müdrik,Rəbbi dərk edən insanlar kimi olaq.
Zəbur 121:1-2:”Gözlərimi dağlara dikirəm,
Haradan mənə kömək gələcək?
Göyləri və yeri yaradan Rəbdən
Mənə kömək gələcək.” Davud deyir ki, ümidsiz halda gözlərini dağlara dikir. Kim canını bəladan qurtaracaq? Kim dəstək olacaq? Kim şəfa verib təmin edəcək? Hər zaman öz sözlərinə,duasına,narahatlığına Davud Peyğəmbər cavab verir: Yeri və göyü Yaradan Rəbdən bizə kömək gələcək.
Qoy bu ifadə sənin də ifadən olsun,çünki Davud Peyğəmbər bunu problemlərlə, çətinliklərlə üzləşəndə,təqiblərə və təhqirlərə məruz qalanda bu sözləri dedi. Bugün hər hansı vəziyyətlə üzləşmisənsə, Rəbb Allahın sözünə müraciət et. Rəbdən sənə kömək gələcək.
Zəbur 121:3-8:”O,ayaqlarını büdrəməyə qoymaz,
Səni qoruyan yatmaz.
Bax İsraili qoruyan yuxulamaz,
Yatıb qalmaz.
Səni qoruyan Rəbdir,
O,sağ tərəfindədir,sənə kölgədir.
Gündüz günəşin ziyanı sənə dəyməz,
Gecə ay da sənə zərər verməz.
Rəbb səni hər cür şərdən saxlayar,
Canını qoruyar.
Rəbb gediş-gəlişini hifz edər
İndidən sonsuza qədər.”
Rəbb Allahın sözü bizi bu cür cəsarətlə və əminliklə yaşamağa yönəldir. Rəbb gediş-gəlişi indidən sonsuza qədər səni hifz edər. Bu sözlər sadəcə gözəl sözlər kimi yazılmadı,ondan ötrü yazıldı ki,hər vəziyyətdə sən Rəbbə sığınasan. Əgər Rəbb Allaha sığınsan,səni təqib edənlər sevinməyəcək,xəstəlikdən azad olacaqsan, qarşında bağlanmış qapılar açılacaq. Səni qoruyan Rəbdir,O,sağ tərəfindədir və sənə Kölgədir. Bütün düşüncənlə,varlığınla, ürəyinlə Rəbb Allaha bağlan. O,səni hifz edəndir,təmin edəndir. Bu düşüncə ilə ömrümüzü yaşayaq. Rəbb Allahın sözü bizə ondan ötrü verilib ki,biz bu düşüncə ilə güc alaq. Alimlər deyirlər ki,insanın gün ərzində milyonlarla fikir ağlından keçir. Əgər bu fikir Rəbb Allahın sözü ilə qarışırsa, sənə fayda,əminlik verəcək. Rəbb Allahın sözü gerçək təminatdır.
Süleymanın Məsəlləri 4:1-2;4:”Ey oğullar, atanızın verdiyi tərbiyə qulağınızda qalsın,
İdrakı dərk etmək üçün diqqətli olun.
Çünki sizə yaxşı dərs verirəm,
Təlimimi atmayın.
Atam mənə təlim verərək dedi:
«Qoy qəlbin sözümə möhkəm bağlansın,
Əmrlərimə əməl et ki,ömrün uzun olsun.” Süleyman Peyğəmbər deyir ki,Atanın – Səmavi Atanın sənə verdiyi məsləhətə xor baxma. Rəbbin sənə verdiyi tərbiyə qulağında qalsın,biz azərbaycanlıların dediyi kimi “qulağında sırğa olsun”. Səmavi Atanın sənə verdiyi tərbiyəni unutma,çünki bu tərbiyə sənə idrak gətirir,səni müdrik və güclü şəxsə çevirir ki,həyatın çətinlikləri qarşısında aciz,zəif,gücsüz olmayasan. Rəbb deyir ki,təlimini – bizə verdiyi sözü atmayaq. Müqəddəs Kitabı oxuduqda burada nəsihət və nümunəvi həyat tərzi gördükdə buna xor baxma,öz həyatına tətbiq et. Süleyman bugün məhz sənə müraciət edərək deyir ki,Atanın təlimini atma. Müqəddəs Kitabı oxuduqda,gündəlik həyatına qəbul etdikdə 2 şey sənə lazımdır ki,sənin ömrünü uzatsın,Rəbb Allahdan böyük bir xeyir-dua alasan. Bu,sənə həyatda müvəffəqiyyət qazanmaq üçün əvəzolunmaz bir təminatdır. Bunlardan birincisi bütün qəlbinlə,möhkəm bağlarla Rəbb Allahın verdiyi təlimə bağlan,Rəbb Allahın sözünə özünü tamamilə təslim et. Onun qarşısında durduqda dualarında Rəbbin iradəsinə uyğun həyat yaşamağı istə. Rəbb sənə dediyini et. Bütün varlığınla Rəbb Allahın məsləhətinə bağlan və etibar et. Çünki sənə xitab edən,səni çağıran Var Olan Rəbb Allahdır. O, Müqəddəs Kitab vasitəsi ilə səninlə danışır ki,həyatına xeyir-dua gətirsin. Əgər Rəbb Allah sənə “qisas alma” deyirsə,sənə görə və səni azad etmək üçün deyir. Əgər O, “pislik etmə,sev” deyirsə,bu,sənin üçün faydalıdır. Onun sözünü qəbul et,tamamilə itaət et,bu, sənin üçün təminatdır. Hamı uzun ömür yaşamaq istəyir,sağlam və gümrah olmaq istəyir. Ömrünü uzadan Rəbb Allahın sözünə bağlanmaqdır. Bütün Müqəddəs Kitab sənə təlim kimi verilib. Onu mənimsə. Möhkəm bağlarla Rəbb Allahın sözünə bağlan və Onun əmrlərinə əməl et. Əgər bütün dünya Müqəddəs Kitaba əks tərzə yaşasa, təhqir, tənqid etsə belə, sən əməl edən ol. Bütün varlığınla,düçüncənlə Ona təslim ol,qoy Rəbb Allahın həyat verən sözü sənin həyatında hökmranlıq etsin.
Süleymanın Məsəlləri 4:5-6:” Hikmət qazan,idrak qazan,
Sözlərimi unutma,sözümdən çıxma.
Hikmətdən ayrılmasan,o səni qoruyar,
Əgər onu sevsən,səni saxlayar.” Bütün ürəyinlə Rəbb Allahın sözünə bağlan və Ondan çıxma. Çünki O səni qoruyur və saxlayır. Rəbb Allahın sözünü ürəyinə yaz. Bu yolla sən hikmət və idrak qazanarsan ki,həyatdan kam almağı bacarasan. Burada yaşayan Rəbb Allahın həyat sözü var. Əgər Rəbb Allahın sözünə baxıb əməl etsən,Onu sağında,sənə dayaq kimi görəcəksən. Rəbb bugününüzə xeyir-dua versin. Bugünü belə duaya başla:”Ya Rəbb,sənin qarşına gəlirəm. Bütün varlığımla,düşüncəmlə Sənin sözünə bağlanıram. Qoy mənim iradəm deyil,Sənin iradən olsun. Sənin tərbiyəni və nəsihəti qəbul edirəm. Sənin ürəyinə görə insan olmağa çalışıram, əlimdən gələni edəcəm ki,Sənin övladın kimi sözlərini yaşadan olum. Xeyir-dua ver.”

Müəllif: İdris Azəri