2 Peter

Fəsillər

1 2 3

 

2 Peter 1

1İsa Məsihin qulu və həvarisi mən Şimon Peterdən Allahımız və Xilaskarımız İsa Məsihin salehliyi sayəsində bizimlə bərabər qiymətli iman əldə etmiş olanlara salam!  2Allahı və Rəbbimiz İsanı tanıdıqca lütf və sülh sizə bol-bol verilsin!

İlahi çağırış

3Bizi Öz izzəti və alicənablığına Çağıranın ilahi gücü Onu tanımağımız vasitəsilə yaşamağımız və mömin olmağımız üçün lazım gələn hər şeyi bizə bəxş etdi.  4Beləliklə, O bizə çox böyük və dəyərli vədlər verdi ki, bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi təbiətə şərik olasınız.  5Elə buna görə də siz bütün səylə imanınıza alicənablıq, alicənablığınıza bilik,  6biliyinizə nəfsə hakim olmaq, nəfsə hakim olmağınıza dözüm, dözümünüzə möminlik,  7möminliyinizə qardaşlıq sevgisi və qardaşlıq sevgisinə məhəbbət əlavə edin.  8Çünki əgər bunlar sizdə varsa və artırsa, sizi Rəbbimiz İsa Məsihi tanımaqda fəaliyyətsiz və səmərəsiz olmaqdan qoruyacaq.  9Bunlar kimdə yoxdursa, o kordur, uzağı görə bilməz və əvvəlki günahlarından təmizləndiyini unutmuşdur.  10Beləliklə, ey qardaşlar, çağırıldığınızı və seçildiyinizi təsdiq etmək üçün daha da səy göstərin. Çünki əgər bunu etsəniz, heç vaxt büdrəməzsiniz.  11Beləcə Rəbbimiz və Xilaskarımız İsa Məsihin əbədi Padşahlığına girmək səlahiyyəti sizə bol-bol ehsan ediləcək.  12Ona görə də bunları bilsəniz və sahib olduğunuz həqiqətlə möhkəm dursanız da, daima bunları sizə xatırladıram.  13Bu bədəndə yaşadığım müddətdə xatırlatmaqla sizi oyandırmağı doğru hesab edirəm.  14Çünki Rəbbimiz İsa Məsihin mənə bildirdiyi kimi, bu bədəndən ayrılmağımın yaxın olduğunu bilirəm.  15Buna görə də çalışıram ki, mən bu dünyadan köçdükdən sonra da siz bunları həmişə yada salasınız.

Məsihin izzəti və peyğəmbərlik sözü

16Rəbbimiz İsa Məsihin qüdrətini və zühurunu sizə bildirərkən uydurma əfsanələrə əsaslanmadıq. Amma öz gözümüzlə Onun ululuğunun şahidləri olduq.  17Çünki Böyük Ehtişamı Olandan Ona belə bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam». O vaxt Ata Allahdan izzət və şərəf qəbul etdi.  18Müqəddəs dağda Onunla birgə olduğumuz üçün göydən gələn bu səsi biz də eşitdik.  19Həmçinin bizdə daha əmin olan peyğəmbərlik sözləri var. Onlar qaranlıq yerdə işıq saçan bir çırağa bənzəyir. Səhər açılıb dan ulduzu ürəklərinizdə doğana qədər bu sözlərə diqqət verirsinizsə, yaxşı edirsiniz.  20Hər şeydən əvvəl bunu bilməlisiniz ki, Müqəddəs Yazılardakı peyğəmbərlik sözlərinin heç birini şəxsən şərh etmək olmaz.  21Çünki heç vaxt peyğəmbərlik insan iradəsi ilə qaynaqlanmamışdır, lakin Müqəddəs Ruh tərəfindən yönəldilən insanlar Allahdan gələn sözləri söylədi.

YUXARI

2 Peter 2

Yanlış təlim yayanların aqibəti

(Yəhd. 3-16)

1Amma Allahın xalqı arasında yalançı peyğəmbərlər də ortaya çıxdı. Eləcə də sizin aranızda yanlış təlim yayanlar ortaya çıxacaq. Bunlar hətta özlərini satın alan Sahibini inkar edib gizlicə aranıza dağıdıcı və təfriqəçi təlim gətirəcəklər. Belələri öz başlarına tezliklə həlak gətirəcək.  2Hətta çoxları onların pozğunluğuna qoşulacaq və onların üzündən həqiqət yoluna küfr ediləcək.  3Tamahkarlıqlarından uydurma sözlərlə sizi istismar edəcəklər. Onların mühakiməsi çoxdan davam edir və həlakı hazırdır.  4Çünki Allah günahkar mələkləri cəzasız qoymadı, onları qiyamət gününə qədər saxlanmaq üçün cəhənnəmə ataraq zülmətdə buxovladı.  5O, allahsız adamların yaşadığı qədim dünyaya daşqın göndərərək o dünyanı cəzasız qoymadı, amma səkkiz nəfəri, o cümlədən, salehliyi bəyan edən Nuhu qoruyub saxladı.  6O, Sodom və Homorra şəhərlərini yandırıb-yaxaraq viran olmağa məhkum etdi və beləliklə, gələcəkdə olan allahsız adamlara nümunə göstərdi.  7Pozğun insanların əxlaqsız həyat tərzindən əziyyət çəkən saleh Lutu isə qurtardı.  8Çünki onların arasında yaşayan bu saleh insan günbəgün onların qanunsuz əməllərini görüb-eşidib öz saleh ruhunda iztirab çəkirdi.  9Əlbəttə ki, Rəbb möminləri sınaqdan necə qurtarmağı, haqsızları isə qiyamət gününə kimi cəza altında necə saxlamağı bilir.  10O, xüsusilə, cismani murdar ehtirasına uyaraq ağalığa xor baxanları belə saxlayır. Belə adamlar həyasız və dikbaşdırlar, ehtişamlı varlıqlara şər atmaqdan qorxmurlar.  11Halbuki onlardan qüvvət və qüdrətdə üstün olan mələklər Rəbbin önündə ehtişamlı varlıqlara şər ataraq ittiham etməz.  12Bu adamlarsa sanki dərrakəsiz, qeyri-iradi surətdə aparılan heyvanlardır ki, tutulub kəsilmək üçün doğulublar. Onlar başa düşmədiyi şeylərə şər atırlar. Heyvanlar necə kəsilirsə, onlar da elə kəsiləcəklər.  13Etdikləri zərərin əvəzini alacaqlar. Gündüz kef çəkməyi əyləncə sayırlar. Sizinlə yeyib-içərkən sanki aranızda ləkələr və nöqsanlar olaraq öz hiylələrindən zövq alırlar.  14Onların gözləri zina ilə doludur, günahdan doymurlar. Qərarsız insanları yoldan çıxarırlar. Ürəkləri tamahkarlığa alışdırılmış lənətli insanlardır.  15Haqsızlıqla əldə etdiyi qazancı sevən Beor oğlu Bilamın yolunu tutaraq düz yolu qoyub azdılar.  16Bilam işlədiyi günaha görə ifşa olundu: dilsiz-ağızsız eşşək insan səsi ilə danışıb bu peyğəmbəri dəlilik etməkdən çəkindirdi.  17Bu insanlar susuz bulaqlar, qasırğanın dağıtdığı buludlar kimidir. Allah qatı qaranlığı onlar üçün saxlayır.  18Çünki boş və lovğa sözlər söyləyərək səhv yolla gedənlərin arasından çətinliklə qaçanları cismani ehtiraslarla və əxlaqsızlıqla yoldan azdırırlar.  19Onlara azadlıq vəd edirlər, halbuki özləri pozğunluğun köləsidirlər. Çünki insan nəyə məğlub olarsa, onun köləsi olar.  20Rəbbimiz və Xilaskarımız İsa Məsihi tanımaqla dünyanın çirkabından qaçdıqdan sonra yenə həmin işlərlə məşğul olub məğlub olarlarsa, son vəziyyətləri əvvəlkindən betər olar.  21Çünki salehlik yolunu tanıyıb özlərinə əmanət edilən müqəddəs əmrdən geri dönməkdənsə bu yolu tanımamaq onlar üçün daha yaxşı olardı.  22Bu doğru məsəllərdə deyilənlər onların öz başına gəldi: «İt öz qusuntusuna qayıdar» və «çimdirilmiş donuz palçıqda ağnamağa qayıdar».

YUXARI

2 Peter 3

Rəbbin günü

1Sevimlilər, indi bu mənim sizə yazdığım ikinci məktubdur. Hər iki məktubumda təmiz düşüncəli olmağınızı xatırladaraq sizi oyaq edirəm.  2Müqəddəs peyğəmbərlərin qabaqcadan söylədiyi sözləri və Xilaskarımız Rəbbin həvariləriniz vasitəsilə verdiyi əmri yada salmalısınız.  3Hər şeydən əvvəl bunu bilməlisiniz ki, axır zamanda öz ehtiraslarına görə hərəkət edən rişxəndçilər gələcək və rişxəndlə  4deyəcəklər: «Rəbbin vəd etdiyi zühuru haradadır? Axı ata-babalarımız vəfat edəndən bəri, yaradılışın başlanğıcından hər şey eyni cür olaraq qalır».  5Onlar qəsdən unutmuşlar ki, Allahın kəlamı ilə göylər qədimdən bəri mövcuddur, quru da sudan ayrılaraq su vasitəsilə yarandı.  6Yenə də su ilə, yəni daşqınla o dövrkü dünya məhv oldu.  7İndiki yer və göylər isə həmin kəlamla oda təslim olmaq üçün təyin olunub, allahsızların mühakimə və həlak olacağı günədək saxlanılır.  8Sevimlilər, bu bir şeyi yadınızdan çıxarmayın ki, Rəbb üçün bir gün min il kimidir, min ilsə bir gün kimidir.  9Bəziləri bunu gecikmə sayar, amma Rəbb vədini yerinə yetirməkdə gecikməz, lakin sizə görə səbir edir. Çünki O heç kəsin həlak olmasını istəmir, amma hər kəsin tövbə etməsini istəyir.  10Rəbbin günü isə oğru kimi gələcək. O gün göylər böyük gurultu ilə aradan qalxacaq. Ünsürlər yanaraq məhv olacaq. Yer üzü və onun üstündə hər şey ifşa olunacaq.  11Hər şey belə məhv olacaqsa, siz nə cür insanlar olmalısınız? Müqəddəs həyat sürməli, mömin olmalısınız.  12Allahın zühur gününü gözləyərək tezləşdirməlisiniz. O gün göylər od tutub məhv olacaq və ünsürlər yanıb əriyəcək.  13Amma biz Allahın vədinə əsasən salehliyin sakin olacağı yeni göyləri və yeni yeri gözləyirik.

Öyüd-nəsihətlər

14Buna görə, sevimlilər, madam ki bunları gözləyirsiniz, Allahın önündə ləkəsiz və nöqsansız olaraq sülh içində yaşamağa səy göstərin.  15Sevimli qardaşımız Paulun da ona bəxş edilmiş müdrikliklə sizə yazdığı kimi, Rəbbimizin səbrini də xilas fürsəti kimi sayın.  16Paul bütün məktublarında bu mövzulara eyni cür toxunur. Məktublarında çətin başa düşülən bəzi işlər var; cahillər və qərarsızlar digər Müqəddəs Yazılar kimi bunların da mənasını təhrif edərək öz həlaklarına səbəb olurlar.  17Beləliklə, siz, ey sevimlilər, bunu əvvəlcədən bilib pozğun adamlar sizi aldadaraq yoldan azdırmasın və sabit vəziyyətinizdən ayrılmayasınız deyə özünüzü qoruyun.  18Lakin Rəbbimiz və Xilaskarımız İsa Məsihin lütfündə və Onu tanımaqda böyüyün. Ona indi və əbədi olaraq izzət olsun! Amin.

YUXARI

1 Peter

Fəsillər

1 2 3 4 5

 

1 Peter 1

1İsa Məsihin həvarisi mən Peterdən seçilmiş, Pont, Qalatiya, Kappadokiya, Asiya vilayəti və Bitinyaya yayılmış qəriblərə salam!  2Ata Allahın qabaqcadan bilməsinə görə siz Ruh tərəfindən təqdis olunaraq İsa Məsihə itaət etməniz və Onun qanının üzərinizə səpilməsi üçün seçilmisiniz. Qoy lütf və sülh sizə bol-bol verilsin!

Göylərdəki irs

3Rəbbimiz İsa Məsihin Allahına – Atasına alqış olsun! O Öz böyük mərhəmətinə görə yenidən doğulmamızı təmin etdi. İsa Məsihin ölülər arasından dirilməsi ilə bizi canlı ümidə,  4çürüməz, ləkəsiz, solmaz bir irsə qovuşdurdu. Bu irs sizin üçün göylərdə saxlanılır.  5Siz Allahın qüdrəti ilə axır zamanda aşkar olunmağa hazır olan xilas üçün iman vasitəsilə qorunursunuz.  6Buna görə hal-hazırda qısa bir müddət cürbəcür sınaqlarda kədərə düşməyə məcbur olsanız da, hədsiz sevinirsiniz;  7belə ki imanınızın sınaqdan keçməsi İsa Məsihin zühurunda sizə tərif, izzət və şərəf gətirsin. Bu imanınız odla təmizlənsə belə, fani qızıldan daha çox dəyərlidir.  8Siz İsa Məsihi görməmisiniz, amma Onu sevirsiniz. Hətta siz Onu indi də görmürsünüz, lakin Ona iman edib təsvirolunmaz və izzətli sevinclə hədsiz sevinirsiniz.  9Çünki imanınızın nəticəsində canınızın xilasına nail olursunuz.  10Sizə göstəriləcək lütf barəsində əvvəlcədən xəbər verən peyğəmbərlər bu xilasa dair araşdırma və tədqiqatlar aparardı.  11Onların daxilində olan Məsihin Ruhu Məsihin əzabları və onlardan sonrakı izzəti barədə əvvəlcədən şəhadət edirdi. Bunların necə və nə vaxt gələcəyi barədə Ruhun nə göstərdiyini araşdırdılar.  12Bu şeyləri elan edərək özlərinə deyil, sizə xidmət etdikləri onlara açıqca göstərildi. Müjdəni göydən göndərilmiş Müqəddəs Ruh vasitəsilə sizə yayanlar indi həmin xəbəri sizə bildirdilər. Mələklər də bu şeyləri yaxından tanımaq arzusundadırlar.

Müqəddəs həyata çağırış

13Buna görə ağlınızı toplayıb ayıq durun. Ümidinizi bütünlüklə İsa Məsihin zühurunda sizə veriləcək lütfə bağlayın.  14İtaətkar uşaqlar kimi cahil ikən qapıldığınız əvvəlki ehtiraslara uymayın.  15Amma sizi çağıran Allah müqəddəs olduğuna uyğun olaraq siz də bütün həyat tərzinizdə müqəddəs olun,  16necə ki yazılıb: «Müqəddəs olun, çünki Mən müqəddəsəm».  17Tərəfkeşlik etmədən öz əməlinə görə hər kəsi mühakimə edən Allahı «Ata» deyə çağırdığınız üçün bu qürbət dünyadakı vaxtınızı Allah qorxusunda keçirin.  18Bildiyiniz kimi, siz ata-babalarınızdan irs olaraq aldığınız puç həyat tərzindən qızıl ya gümüş kimi fani şeylərlə deyil,  19qüsursuz və ləkəsiz quzuya bənzəyən Məsihin qiymətli qanı bahasına satın alınmısınız.  20Dünya yaranmazdan əvvəl tanınmış Məsih bu axır zamanda sizə görə zühur etdi.  21Məsih vasitəsilə siz Onu ölülər arasından dirildib izzətləndirən Allaha iman edirsiniz. Beləliklə, imanınız və ümidiniz Allaha bağlıdır.  22Həqiqətə itaət edərək ürəklərinizi saflaşdırıb riyasız qardaşlıq məhəbbətinə sahib oldunuz. Buna görə bir-birinizi var gücünüzlə səmimi qəlbdən sevin.  23Çünki siz çürüyən toxumdan deyil, çürüməzdən, Allahın canlı, davamlı olan kəlamı vasitəsilə yenidən doğulmusunuz.  24Ona görə ki «Bütün bəşər ota bənzər,

Onun bütün gözəlliyi çöl çiçəyi kimidir.

Ot quruyar, çiçək tökülər,

25Amma Rəbbin sözü əbədi qalar».

Sizə vəz olunan Müjdə sözü budur.

YUXARI

1 Peter 2

1Beləliklə, hər cür pisliyi, hiyləni, ikiüzlülüyü, paxıllığı və hər cür böhtançılığı üzərinizdən atın.  2Anadan təzə olmuş çağalar kimi pak ruhani südə susayın ki, bununla bəslənib böyüyərək xilasa nail olasınız.  3Çünki siz daddınız ki, Rəbb nə qədər xeyirxahdır.

Diri daş və seçilmiş xalq

4İnsanların rədd etdiyi, amma Allahın qiymətli sayıb-seçdiyi diri Daşa, Rəbbə yaxınlaşaraq  5özünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz.  6Çünki Müqəddəs Yazıda yazılıb: «Budur, Sionda bir daş,

Seçilmiş, qiymətli bir guşədaşı qoyuram.

Ona iman edən kəs əsla utandırılmaz».

7Beləliklə, iman edən sizlər üçün bu daş qiymətlidir, amma iman etməyənlər üçün «bənnaların rədd etdiyi daş guşədaşı olub»,  8«büdrəmə daşı və yıxma qayası» da oldu. Onlar kəlama itaət etmədikləri üçün büdrəyir və onların təyinatı budur.  9Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz.  10Bir zamanlar xalq deyildiniz, amma indi Allahın xalqısınız. Bir zamanlar mərhəmət tapmamışdınız, indi isə mərhəmət almısınız.  11Sevimlilər, sizə yalvarıram, cana qarşı mübarizə aparan cismani ehtiraslardan uzaqlaşın. Çünki siz bu dünyada qərib və gəlməsiniz.  12İmanlı olmayanların arasında yaxşı həyat tərzi sürün ki, sizi pislik edən adamlar kimi təqsirləndirib böhtan atsalar da, yaxşı işlərinizi müşahidə edib Allahın onlara yaxınlaşdığı gündə Onu izzətləndirsinlər.

Rəhbərlərə tabe olun

13İnsanın yaratdığı hər quruma Rəbb naminə tabe olun; həm ali hakimiyyət olduğuna görə padşaha,  14həm də pislik edənləri cəzalandırmaq, yaxşılıq edənləri də tərifləmək üçün onun tərəfindən göndərilən valilərə tabe olun.  15Çünki Allahın iradəsi yaxşılıq edərək axmaqların cahilliyini susdurmanızdır.  16Azad insanlar kimi yaşayın. Amma azadlığınızı pislik etmək üçün bəhanə saymayıb Allahın qulları olaraq yaşayın.  17Hamıya hörmət edin. İmanlı bacı-qardaşları sevin, Allahdan qorxun, padşaha hörmət edin.  18Ey xidmətçilər! Yalnız xeyirxah və mülayimlərə deyil, zalım ağalarınıza da tam ehtiramla tabe olun.  19Əgər biri Allah qarşısındakı vicdan naminə, haqsız yerə əzab çəkib kədərə tab gətirirsə, bu, tərifə layiqdir.  20Axı etdiyiniz günahlara görə döyülsəniz və buna dözsəniz, bu sizə nə şərəf gətirər? Amma siz yaxşılıq etdiyiniz üçün əzab çəkib dözsəniz, bu Allah qarşısında tərifə layiqdir.  21Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz.  22O heç bir günah etmədi,

Ağzından hiylə sözü çıxmadı.

23Onu söydülər, O isə cavabında söymürdü,

Əzab çəkərək heç kimi hədələmirdi,

Əksinə, ədalətli Hakimə Özünü təslim etdi.

24O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız.  25Hamınız qoyun kimi yolunuzu azmışdınız, indi isə canınızın Çobanına və Nəzarətçisinə tərəf döndünüz.

YUXARI

1 Peter 3

Ər-arvad münasibətləri

1Ey arvadlar, siz də eyni tərzdə öz ərlərinizə tabe olun. Əgər onlardan bəzisi Allahın kəlamına itaət etməzsə, siz arvadların ismətli, ehtiramlı həyat tərzinizi müşahidə etsinlər; beləcə onları dinməz-söyləməz qazana bilərsiniz.  2

Ər-arvad münasibətləri

Ey arvadlar, siz də eyni tərzdə öz ərlərinizə tabe olun. Əgər onlardan bəzisi Allahın kəlamına itaət etməzsə, siz arvadların ismətli, ehtiramlı həyat tərzinizi müşahidə etsinlər; beləcə onları dinməz-söyləməz qazana bilərsiniz.  3Qoy sizin bəzəyiniz saçlarınızı hörüb qızıl bər-bəzək taxmaq və gözəl geyimlər geyməklə zahiri şeylər deyil,  4gizli olan daxili varlığınız, həlim və sakit ruhun solmayan gözəlliyindən ibarət olsun. Bu, Allahın qarşısında çox dəyərlidir.  5Çünki qədim zamanlarda Allaha ümid bağlayan müqəddəs qadınlar öz ərlərinə tabe olaraq belə bəzənərdilər.  6Məsələn, Sara İbrahimi «ağam» deyə çağıraraq ona itaət edirdi. Siz də yaxşılıq edib heç bir qorxuya qapılmasanız, Saranın övladları olursunuz.  7Ey ərlər, siz də bunun kimi arvadlarınızla ədəblə, onların daha zərif varlıqlar olduğuna uyğun davranın. Sizinlə birlikdə Allahın lütf etdiyi həyatı irs olaraq aldıqlarına görə onlara hörmət göstərin ki, dualarınıza maneçilik törədilməsin.

Salehlik uğrunda əziyyət çəkmək

8Nəhayət, hamınız həmfikir olun. Başqalarının hər bir hissinə şərik olun, bir-birinizi qardaşlıq məhəbbəti ilə sevin, rəhmli və itaətkar olun.  9Pisliyə pisliklə, söyüşə də söyüşlə cavab verməyin, əksinə xeyir-dua edin. Çünki bunun üçün çağırılmısınız ki, xeyir-duaları irs olaraq alasınız.  10Çünki: «Kim həyatdan kam almaq,

Xoş gün görmək istəyirsə,

Qoy dilini şərdən,

Ağzını hiylə danışmaqdan qorusun,

11Qoy şərdən çəkinib yaxşılıq etsin,

Qoy sülhü axtarıb ardınca getsin!

12Çünki Rəbbin gözü salehlərin üzərindədir,

Qulaqları onların fəryadlarına açıqdır.

Amma Rəbbin üzü şər işlər görənlərə qarşıdır».

13Əgər yaxşılıq etməyə səy göstərsəniz, sizə kim pislik edər?  14Amma salehlik uğrunda əzab çəksəniz belə, siz bəxtiyarsınız. İnsanların hədə-qorxu gəlməsindən qorxmayın və lərzəyə düşməyin.  15Lakin Məsihi Rəbb kimi ürəyinizdə müqəddəs tutun. Daxilinizdə olan ümid barəsində sizdən hesabat istəyən hər kəsə cavab vermək üçün hazır olun.  16Vicdanınızı təmiz tutaraq bunu həlimliklə və ehtiramla edin ki, Məsihdə olan yaxşı davranışınızı təhqir edənlər sizə atdıqları böhtandan utansınlar.  17Əgər Allahın iradəsi budursa, yaxşılıq etdiyi üçün əzab çəkmək pislik etdiyi üçün əzab çəkməkdən yaxşıdır.  18Çünki saleh olan Məsih də saleh olmayanlar uğrunda, onların günahları üçün bir dəfə əzab çəkdi ki, sizi Allahın hüzuruna gətirsin. O cismən edam edilmiş, amma ruhən həyata qovuşmuşdur.  19O ruhən gedib zindandakı ruhlara da vəz etdi.  20Bunlar bir vaxtlar, Allah Nuhun gəmi düzəltdiyi dövrdə səbirlə gözlədiyi vaxt itaətsiz idi. O gəmidə isə az adam, başqa sözlə, səkkiz nəfər sudan sağ-salamat çıxdı.  21Bu nümunəyə uyğun olaraq vəftiz indi sizə İsa Məsihin dirilməsi ilə xilas gətirir. Vəftiz cismani çirki yumaqdan ötrü deyil, təmiz vicdanla Allah qarşısında söz vermək üçündür.  22İsa Məsih göyə qalxıb və Allahın sağındadır. Mələklər, hakimlər və qüvvələr də Ona tabedir.

YUXARI

1 Peter 4

Allahın iradəsinə görə yaşamaq

1Beləliklə, Məsih cismən əzab çəkdiyinə görə siz də eyni düşüncələrlə silahlanın. Çünki cismən əzab çəkən günahdan vaz keçmişdir.  2Nəticədə cisimdə qalan vaxtını isə artıq bəşəri ehtiraslara görə deyil, Allahın iradəsinə görə yaşayır.  3Siz keçmiş vaxtlarda imanlı olmayanların istəklərini yerinə yetirib həyatınızı əxlaqsızlıqla, ehtirasla, əyyaşlıqla, eyş-işrətlə, içib azğınlıq etməklə, iyrənc bütpərəstliklə keçirdiyiniz yetər!  4İmanlı olmayanlar onlarla birlikdə eyni cür pozğunluğa uymadığınıza görə təəccüb edir, sizə şər atırlar.  5Onlar diriləri və ölüləri mühakimə etməyə hazır olan Allaha cavab verəcəklər.  6Çünki bu səbəbə görə Müjdə ölülərə də yayıldı ki, cismən onlar bütün insanlar kimi mühakimə olunduğu halda, ruhən Allah kimi yaşasınlar.  7Hər şeyin sonu yaxındır. Beləliklə, ağıllı-kamallı olun və dua etmək üçün ayıq durun.  8Hər şeydən əvvəl, bir-birinizi can-dildən sevin, çünki «məhəbbət çox günahı örtər».  9Şikayət etmədən bir-birinizə qonaqpərvərlik göstərin.  10Hər kəs Allahın çoxcəhətli lütfünün yaxşı idarəçiləri kimi aldığı ənama görə bir-birinə xidmət etsin.  11Kim danışırsa, Allahın sözlərini danışan kimi danışsın. Kim xidmət edirsə, Allahın verdiyi qüvvətlə xidmət etsin. Beləcə Allah hər şeydə İsa Məsih vasitəsilə izzətlənəcək. İzzət və qüdrət əbədi olaraq İsa Məsihindir. Amin!

Məsih uğrunda əzab çəkmək

12Sevimlilər, sizi sınamaq üçün aranızda baş verən odlu imtahana sanki başınıza gələn qəribə bir iş kimi təəccüb etməyin.  13Əksinə, Məsihin əzablarına nə qədər şərik olursunuzsa, o qədər sevinin ki, Onun izzətli zühurunda hədsiz sevinəsiniz.  14Məsihin adına görə təhqir olunsanız, siz nə bəxtiyarsınız! Çünki Allahın izzətli Ruhu üzərinizdə qalır.  15Lakin heç biriniz qatil, oğru ya başqa cür cinayətkar kimi yaxud başqalarının işinə qarışan şəxs kimi əzab çəkməsin.  16Amma bir insan məsihçi kimi əzab çəkirsə, qoy bundan utanmasın, bu adı daşıyaraq Allahı izzətləndirsin.  17Çünki mühakimənin Allahın ev xalqından başlandığı vaxt gəlir. Əgər mühakimə əvvəl bizdən başlanarsa, Allahın Müjdəsinə itaət etməyənlərin sonu necə olacaq?  18Əgər saleh belə, çətinliklə xilas olursa, bəs allahsız və günahkar necə olacaq?  19Bunun üçün qoy Allahın iradəsinə görə əzab çəkənlər yaxşılıq edərək həyatlarını sadiq olan Yaradana həvalə etsinlər.

YUXARI

1 Peter 5

Allahın sürüsü

1Ey aranızda olan ağsaqqallar! Mən də sizin kimi ağsaqqal və Məsihin əzablarının şahidiyəm, zühur edəcək izzətə də şərikəm. Sizə yalvarıram,  2Allahın sizə həvalə etdiyi sürüsünü otarın. Ona zorla yox, könüllü və Allahı razı salan tərzdə, haqsız qazanca həris olmadan, həvəslə nəzarət edin.  3Sizə tapşırılanlar üzərində ağalıq etməyin, amma sürüyə nümunə olun.  4Baş Çoban zühur etdiyi zaman siz solmayan izzət tacı alacaqsınız.  5Eyni ilə, siz də, ey gənclər, ağsaqqallara tabe olun. Hamınız bir-birinizə itaətkarlıq göstərin. Çünki «Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər».  6Allahın qüdrətli əli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq.  7Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır.  8Ayıq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır.  9Möhkəm imanla ona qarşı durun. Bilin ki, bütün dünyada bacı-qardaşlarınız da eyni cür əzab çəkirlər.  10Siz qısa bir müddət əzab çəkdikdən sonra sizi İsa Məsihdə Özünün əbədi izzətinə çağırmış, hər cür lütf verən Allah Özü sizi bərpa edəcək, möhkəmlədəcək, qüvvətləndirəcək və sarsılmaz təmələ oturdacaq.  11Qüdrət əbədi olaraq Onun olsun! Amin.

Cəmiyyətə salamlar

12Bu qısa məktubu etibarlı saydığım qardaşımız Sila vasitəsilə sizə yazıram. Sizi həvəsləndirərək şəhadət etdim ki, Allahın həqiqi lütfü budur. Ona bağlı qalın.  13Sizin kimi seçilmiş Babildəki cəmiyyət və oğlum Mark da sizi salamlayır.  14Bir-birinizi məhəbbətlə öpərək salamlayın. Məsihdə olan hamınıza sülh olsun!

YUXARI

Yaqub

Fəsillər

1 2 3 4 5

 

Yaqub 1

1Allahın və Rəbb İsa Məsihin qulu mən Yaqubdan millətlər arasına səpələnmiş on iki qəbiləyə salam!

Sınaqlara dözmək

2Ey qardaşlarım, müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc hesab edin.  3Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi dözüm yaradır.  4Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın.  5Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək.  6Amma qoy heç şübhə etmədən, imanla diləsin. Çünki şübhə edən adam küləyin qaldırdığı və hərəkətə gətirdiyi dəniz dalğasına bənzəyir.  7Qoy belə adam düşünməsin ki, Rəbdən bir şey alacaq.  8O qərarsızdır, heç bir yolunda sabit deyil.  9Qoy həqir qardaş öz ucalığı ilə fəxr etsin,  10varlı qardaşsa öz həqirliyi ilə fəxr etsin, çünki varlı insan otun çiçəyi kimi solub gedəcək.  11Günəş çıxır, bərk isti olur və otu qurudur. Otun çiçəyi tökülür və onun zahiri gözəlliyi itir. Varlı adam da beləcə, işləyə-işləyə solacaq.  12Sınağa dözən adam nə bəxtiyardır! Çünki sınaqdan keçəndən sonra Rəbbin Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq.  13Sınağa düşəndə qoy heç kim «Allah məni sınağa çəkir» deməsin. Çünki Allah pisliklə sınağa çəkilmir və Özü də heç kimi sınağa çəkmir.  14Lakin hər kəs öz ehtirası ilə aparılıb yoldan çıxarılaraq sınağa çəkilir.  15Sonra ehtiras boylu qalıb günah doğurur. Günah da yetişəndə ölüm törədir.  16Ey sevimli qardaşlarım, aldanmayın:  17hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir.  18O Öz iradəsinə görə həqiqət kəlamı ilə doğulmağımıza səbəb oldu ki, biz Onun yaratdıqlarının bir növ nübarı olaq.

Eşitmək və icra etmək

19Beləliklə, ey sevimli qardaşlarım, qoy hər bir adam eşitməkdə cəld, söz söyləməkdə təmkinli və qəzəblənməkdə də təmkinli olsun.  20Çünki insanın qəzəbi Allahın salehliyini hasil etmir.  21Buna görə də hər cür murdarlığı və dolub-daşan pisliyi kənara ataraq ürəyinizə əkilən, canlarınızı xilas etməyə qadir olan kəlamı həlimliklə qəbul edin.  22Bu kəlamın icraçısı olun, yalnız eşidənlər olub özünüzü aldatmayın.  23Çünki kəlamı eşidən, amma icraçısı olmayan şəxs güzgüdə öz üzünün cizgilərinə baxan adama bənzəyir:  24O öz-özünə baxır, kənara çəkilir və dərhal necə olduğunu unudur.  25Lakin kamil qanuna, azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalan şəxs unutqan eşidən deyil, əməldə icraçıdır; belə adam öz işində nə bəxtiyardır!  26Əgər sizdən biri özünün mömin olduğunu düşünür, amma ürəyini aldadıb öz dilini yüyənləmirsə, onun möminliyi puçdur.  27Ata Allahın hüzurunda pak və nöqsansız möminlik budur: yetimlərə və dullara onların əziyyətlərində qayğı göstərmək və özünü dünyadan qoruyub ləkəsiz olmaq.

YUXARI

Yaqub 2

1Qardaşlarım, izzətli Rəbbimiz İsa Məsihə iman edənlər olaraq insanlar arasında tərəfkeşlik etməyin.  2Məsələn, toplandığınız yerə qızıl üzüklü, gözəl geyinmiş bir adamla eyni vaxtda kasıb, nimdaş paltarlı adam da gələrsə,  3gözəl geyinmiş adama diqqət yetirib «buyurun, burada əyləşin», kasıba da «sən orada dur» və yaxud «yerdə otur» deyərsinizsə,  4öz aranızda ayrı-seçkilik edib pis fikirli hakimlər kimi davranmırsınızmı?  5Ey sevimli qardaşlarım, dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi?  6Sizsə kasıbı hörmətdən saldınız. Məgər sizi sıxışdıran varlılar deyilmi? Sizi məhkəmələrə çəkən onlar deyilmi?  7Sizin məxsus olduğunuz Şəxsin şərəfli adına küfr edən onlar deyilmi?  8Əgər siz «qonşunu özün kimi sev» deyən Müqəddəs Yazıya görə Padşahınız Allahın qanununa həqiqətən əməl edirsinizsə, yaxşı edirsiniz.  9Amma əgər insanlar arasında tərəfkeşlik edirsinizsə, günah etmiş olursunuz və Qanuna əsasən onu pozanlar kimi məhkum olunursunuz.  10Çünki kim Qanunun hamısına riayət edərək birində büdrəyirsə, o bütün Qanuna qarşı təqsirkar olur.  11Çünki «zina etmə» deyən, «qətl etmə» də demişdir. Əgər zina etməyib qətl edirsənsə, sən Qanunu pozmuş olursan.  12Azadlıq qanunu ilə mühakimə olunacaq adamlar kimi danışın və bu cür davranın.  13Çünki mərhəmət göstərməyən mərhəmətsiz mühakimə olunur. Mərhəmət mühakiməyə qalib gəlir.

İman və əməllər

14Qardaşlarım, əgər bir kimsə yaxşı əməlləri olmadığı halda imanının olduğunu bildirirsə, bunun xeyri nədir? Belə iman onu xilas edə bilərmi?  15Əgər qardaş-bacılardan birinin paltarı və gündəlik yeməyi yoxdursa  16və sizdən biri ona «arxayın get, isin və qarnını doydur» deyib onların yaşayışı üçün lazım olanları vermirsə, nə faydası var?  17İman da elədir, əgər yaxşı əməlləri yoxdursa, özü-özlüyündə ölüdür.  18Lakin kimsə belə deyə bilər: «Sənin imanın var, mənim də əməllərim». Sən imanını mənə əməlsiz göstər, mən də sənə imanımı əməllərimlə göstərəcəyəm.  19Sən Allahın bir olduğuna inanırsansa, yaxşı edirsən. Cinlər də buna inanır və əsirlər!  20Ey ağılsız adam, əməlsiz imanın puç olduğuna sübut istəyirsənmi?  21Atamız İbrahim öz oğlu İshaqı qurbangahda Allaha təqdim edəndə əməllərlə saleh sayılmadımı?  22Görürsən, iman onun əməlləri ilə birgə fəaliyyətdə idi və iman əməllərlə tamamlanmışdır.  23Beləliklə, «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı» deyən Müqəddəs Yazı belə yerinə yetdi və İbrahim Allahın dostu adlandırıldı.  24Görürsünüz ki, insan yalnız imanla deyil, əməlləri ilə də saleh sayılır.  25Eyni tərzdə məgər fahişə Raxav belə, qasidləri qəbul edib başqa yolla geri göndərərək öz əməlləri ilə saleh sayılmadımı?  26Çünki ruhsuz bədən ölü olduğu kimi əməlsiz iman da ölüdür.

YUXARI

Yaqub 3

Dil haqqında

1Qardaşlarım, bildiyiniz kimi biz müəllimlər daha ciddi bir mühakimədən keçəcəyik. Bu səbəbə görə də çoxunuz müəllim olmayın.  2Çünki hamımız çox büdrəyirik. Sözləri ilə büdrəməyən bir kimsə bütün bədəni də yüyənləyə bilən kamil bir insandır.  3Bizə itaət etsinlər deyə atların ağzına yüyən taxırıq, beləcə bütün bədənlərini döndəririk.  4Bax gəmilər də böyük olduqları və güclü küləklər tərəfindən aparıldıqları halda sükançının könlü haraya istəyirsə, kiçicik bir sükanla oraya dönür.  5Dil də elədir, bədənin kiçik üzvüdür, amma çox öyünür. Baxın, balaca bir qığılcım böyük bir meşəni yandırır!  6Dil də oddur. Dil bədən üzvlərimizin arasında haqsızlıq dünyasıdır. O bütün bədənimizi ləkələyir və özü cəhənnəmdən odlandırıldığı kimi həyatımızın gedişatını da odlandırır.  7Çünki istər heyvanların, istərsə də quşların, istər sürünənlərin, istərsə də dəniz məxluqlarının hər cinsi insan nəsli tərəfindən əhliləşdirilir və əhliləşdirilmişdir.  8Amma dili heç bir insan əhliləşdirə bilmir. Dil qarşısıalınmaz bəladır və öldürücü zəhərlə doludur.  9Dilimizlə Rəbb Ataya alqış edirik. Dilimizlə də Allahın surətində yaradılmış insanları lənətləyirik.  10Alqış və lənət eyni ağızdan çıxır. Qardaşlarım, bu belə olmamalıdır.  11Bir bulağın eyni gözündən şirin və acı su çıxarmı?  12Qardaşlarım, əncir ağacı zeytun və üzüm tənəyi də əncir yetişdirə bilərmi? Eləcə də şor bulaqdan şirin su gələ bilməz.

Həqiqi müdriklik

13Aranızda müdrik və dərrakəli olan varmı? Qoy o öz yaxşı həyat tərzi ilə, müdriklikdən yaranan həlimliklə yaxşı əməllərini göstərsin.  14Amma ürəyinizdə acı qısqanclıq, xudbin ehtiras varsa, öyünməyin və həqiqəti inkar etməyin.  15Belə müdriklik yuxarıdan nazil olan müdriklik deyil, ancaq dünyəvi, ruhani olmayan və şeytani müdriklikdir.  16Çünki harada qısqanclıq və xudbin ehtiras varsa, orada qarışıqlıq və hər cür pis əməl vardır.  17Amma yuxarıdan nazil olan müdriklik əvvəla safdır, sonra da sülhpərvərdir, mülayimdir, itaətlidir, mərhəmət və xeyirli bəhrələrlə doludur, qərəzsizdir, riyasızdır.  18Sülh yaradanların əkdiyi sülh toxumlarından salehlik bəhrəsi yetişir.

YUXARI

Yaqub 4

Allaha tabe olun

1Aranızda dava və çəkişmələrin kökü haradandır? Bədənlərinizin üzvlərində mübarizə edən ehtiraslarınızdan deyilmi?  2Nə isə arzu edib əldə etməyincə adam öldürürsünüz. Həsəd aparırsınız, amma istədiyinizə nail olmayınca çəkişib dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki diləmirsiniz.  3Diləyirsiniz, amma almırsınız, çünki öz kefinizə sərf etmək üçün pis niyyətlə diləyirsiniz.  4Ey vəfasızlar, dünya ilə dostluğun Allaha qarşı düşmənçilik olduğunu bilmirsinizmi? Buna görə də dünya ilə dost olmaq istəyən özünü Allaha düşmən edər.  5Bəlkə güman edirsiniz ki, Müqəddəs Yazı əbəs yerə «Allahın daxilimizə verdiyi ruh qısqanclıqla həsrət çəkər» deyir?  6Lakin Allah daha çox lütf verir. Bunun üçün belə deyilir: «Allah məğrurlara qarşıdır,

İtaətkarlara isə lütf göstərər».

7Buna görə də Allaha tabe olun. İblisə qarşı durun və o sizdən qaçacaq.  8Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq. Ey günahkarlar, əllərinizi paklayın! Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın!  9Kədərlənin, yas tutun, ağlayın! Qoy gülüşünüz yasa, sevinciniz də qəmə dönsün!  10Rəbbin önündə özünüzü aşağı tutun, O da sizi ucaldacaq.  11Qardaşlar, bir-birinizi pisləməyin. Qardaşını pisləyən yaxud qardaşını mühakimə edən kəs Qanunu pisləyir və Qanunu mühakimə edir. Amma sən Qanunu mühakimə edirsənsə, Qanunun icraçısı deyil, onun hakimisən.  12Qanunverən və Hakim birdir, xilas etməyə və həlak etməyə qadir olan Odur. Bəs sən kimsən ki, qonşunu mühakimə edirsən?  13İndi siz belə deyirsiniz: «Bu gün yaxud sabah biz filan şəhərə gedib orada bir il qalacağıq və ticarətlə məşğul olub pul qazanacağıq».  14Əslində isə sabah nə baş verəcəyini bilmirsiniz. Axı həyatınız nədir ki? Qısa bir müddətə görünüb sonra da yox olan buxardır.  15Bunun əvəzinə «əgər Rəbb istəyərsə, sağ qalarıq, bu və ya digər işi görərik» deməlisiniz.  16İndi isə siz öz təkəbbürlü olmağınızla öyünürsünüz. Bu cür öyünmələrin hamısı pisdir.  17Deməli, kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir.

YUXARI

Yaqub 5

Varlılara xəbərdarlıq

1İndi isə, ey varlılar, başınıza gələcək kədərli hadisələrə görə fəryad edib ağlayın!  2Var-dövlətiniz çürüyüb, paltarlarınızı da güvə yeyib.  3Qızıl-gümüşünüz paslanıb. Onların pası sizə qarşı şahidlik edəcək və ətinizi od kimi yandırıb-yaxacaq. Bu axır zamanda var-dövlət yığmısınız.  4Bax zəmilərinizi biçən işçilərdən hiyləgərcəsinə gizlətdiyiniz əmək haqqı sizə qarşı haray çəkir. Biçinçilərin fəryadı Ordular Rəbbinin qulaqlarına çatıb!  5Siz yer üzündə firavan yaşayıb kef çəkmisiniz. Boğazlanma günündə də özünüzü kökəldirsiniz!  6Sizə müqavimət göstərməyən salehi məhkum edib öldürdünüz.

Səbirli olun

7Beləliklə, ey qardaşlar, Rəbbin zühuruna qədər səbirli olun. Görün əkinçi birinci və axırıncı yağış yağanacan səbir edərək torpağın qiymətli məhsulunu gözləyir.  8Siz də səbirli və ürəkli olun, çünki Rəbbin zühuru yaxındır.  9Qardaşlar, mühakimə olunmamaq üçün bir-birinizdən gileylənməyin. Budur, Hakim qapı arxasında durur!  10Qardaşlar, Rəbbin adı ilə danışmış peyğəmbərləri əzablara tab gətirmək və səbir nümunəsi kimi götürün.  11Budur, biz dözümlü olanları bəxtiyar hesab edirik. Əyyubun dözümü barəsində eşitmisiniz və Rəbbin axırda nə etdiyini də gördünüz, çünki Rəbb çox rəhmli və mərhəmətlidir.  12Lakin hər şeydən əvvəl, qardaşlarım, nə göyə, nə yerə, nə də başqa bir şeyə and için. Qoy sizdə «bəli»niz bəli, «xeyr»iniz xeyr olsun ki, mühakiməyə düşməyəsiniz.  13Aranızda əzab çəkən varmı? Qoy dua etsin. Şadlanan varmı? Qoy ilahi oxusun.  14Aranızda xəstə olan varmı? Qoy imanlılar cəmiyyətinin ağsaqqallarını çağırtdırsın. Onlar da Rəbbin adına onu yağla məsh edərək dua etsinlər.  15İmanla edilən dua xəstəni sağaldacaq və Rəbb onu ayağa qaldıracaq. Əgər o adam günah edibsə, bağışlanacaq.  16Beləliklə, günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin ki, sağalasınız. Saleh adamın duası çox güclü və təsirlidir.  17İlyas təbiətcə bizim kimi bir adam idi və o səylə dua etdi ki, yağış olmasın. Üç il altı ay torpağa yağış yağmadı.  18O yenə də dua etdi və göy yağış yağdırdı, torpaq da barını verdi.  19Qardaşlarım, əgər aranızdan biri haqq yolundan azar və kimsə onu doğru yola qaytararsa,  20qoy bilsin ki, günahkarı azdığı yolundan qaytaran onun canını ölümdən xilas edər və bir çox günahın üstünü örtər.

YUXARI

Ibranilərə

Fəsillər

1 2 3 4 5 6 7 8 9 10 11 12 13

 

İbranilərə 1

Allahın Oğlu mələklərdən üstündür

1Allah qədim zamanlarda dəfələrlə və müxtəlif yollarla əcdadlarımıza peyğəmbərlər vasitəsilə müraciət etmişdi.  2Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi; Onu hər şeyin varisi təyin etmişdi və Onun vasitəsilə kainatı yaratmışdı.  3Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir. O hər şeyi qüdrətli kəlamı ilə saxlayır. O, günahlardan təmizlənməni təmin edəndən sonra ucalarda möhtəşəm Allahın sağında oturdu.  4Mələklərdən nə qədər üstün adı irs olaraq aldısa, o qədər onlardan üstün oldu.  5Axı Allah mələklərin hansına nə vaxtsa «Sən Mənim Oğlumsan,

Mən bu gün Sənə Ata oldum»

yaxud «Mən Ona Ata, O isə Mənə Oğul olacaq»

demişdir?  6Yenə də Allah İlk Doğulanı dünyaya gətirəndə deyir: «Allahın bütün mələkləri qoy Onun qarşısında səcdə etsin».

7Mələklər barəsində isə deyir: «Öz mələklərini küləklərə,

Öz xidmətçilərini yanar oda döndərir!»

8Amma Oğul haqqında bunu deyir: «Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır,

Sənin şahlıq əsan insaf əsasıdır.

9Salehliyi sevib qanunsuzluğa nifrət etmisən.

Ona görə Allah, Sənin Allahın

Sevinc yağı ilə

Yoldaşlarından çox Səni məsh edib».

10Yenə deyir: «Ya Rəbb, Sən yerin təməlini əzəldən qurmusan,

Göylər Sənin əllərinin işidir!

11Onlar yox olacaq, amma Sən qalacaqsan,

Hamısı paltar kimi köhnələcək,

12Onları geyim kimi bükəcəksən,

Onları paltar kimi dəyişdirəcəksən.

Amma Sən dəyişməzsən,

İllərin tükənməzdir».

13Lakin Allah mələklərin hansına nə vaxtsa «Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək

Sağımda otur»

demişdir?  14Bütün mələklər xilası irs olaraq alacaq şəxslərə xidmət etmək üçün göndərilən xidmətçi ruhlar deyilmi?

YUXARI

İbranilərə 2

Diqqətli olaq

1Buna görə də biz eşitdiklərimizə daha da diqqətli olmalıyıq ki, axın bizi aparmasın.  2Çünki mələklər vasitəsilə bəyan edilən söz qüvvəyə mindi, hər cür təqsir və itaətsizliyə haqlı cəza verildisə,  3bu cür böyük xilasa məhəl qoymasaq, biz necə qurtula bilərik? Bu xilas əvvəlcə Rəbb tərəfindən bildirildi və Onu eşidənlər tərəfindən bizə təsdiq olundu.  4Allah da əlamət, xariqələr, müxtəlif möcüzələr və Öz iradəsinə uyğun olaraq payladığı Müqəddəs Ruhun ənamları ilə şəhadət etdi.  5Barəsində danışdığımız gələcək dünyanı Allah mələklərə tabe etmədi.  6Lakin kimsə bir yerdə belə şəhadət etdi: «İnsan kimdir ki, onun haqqında düşünürsən?

Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?

7Onu mələklərdən az müddət ərzində aşağı tutdun,

İzzət və əzəmət tacını onun başına qoydun.

8Hər şeyi onun ayağının altına qoyub tabe etdin».

Allah hər şeyi insana tabe etdiyinə görə ona tabe olmamış heç nə qoymadı. Lakin indi biz hər şeyin ona tabe olduğunu hələ görmürük.  9Amma Allahın lütfü ilə hər kəsin uğrunda ölmək üçün mələklərdən az müddət ərzində aşağı tutulmuş Şəxsi, yəni İsanı görürük. Çəkdiyi ölüm əzabına görə Onun başına izzət və əzəmət tacı qoyuldu.  10Hər şey Allah üçün və Allah vasitəsilə mövcuddur. Bir çox övladı izzətə çatdırmaq üçün onların xilasının Banisini əzablar vasitəsilə kamil etməsi Allaha münasib idi.  11Çünki təqdis edən Şəxsin və təqdis olunanların hamısının Atası eynidir. Bu səbəbdən İsa onları qardaş çağırmaqdan utanmayıb deyir:  12«İsmini qardaşlarıma elan edəcəyəm,

Toplantı arasında Sənə həmd söyləyəcəyəm».

13Yenə də deyir: «Mən Ona güvənəcəyəm»

və yenə «Budur, Mən və Allahın Mənə verdiyi övladlar».

14Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin  15və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin.  16Şübhəsiz, O, mələklərə deyil, İbrahim nəslinə yardım edər.  17Buna görə də O hər cəhətdən qardaşlarına bənzər olmalı idi; belə ki Allaha xidmətində mərhəmətli və sadiq Baş Kahin olub xalqının günahları üçün kəffarə edə bilsin.  18Çünki Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər.

YUXARI

İbranilərə 3

İsa Musadan üstündür

1Bu səbəbə görə, ey səmavi çağırışa ortaq olan müqəddəs qardaşlar, əqidəmizin Elçisi və Baş Kahini İsa haqqında düşünün.  2İsa Onu təyin edən Kəsə sadiq qaldı; necə ki Musa da Allahın bütün evində Ona sadiq qaldı.  3Evin bənnası evdən daha çox hörmət qazandığı kimi İsa da Musadan daha böyük izzətə layiq görüldü.  4Çünki hər evin bir bənnası var, hər şeyin bənnası isə Allahdır.  5Musa gələcəkdə deyiləcək sözlərə şəhadət etmək üçün Allahın bütün evində bir xidmətçi kimi sadiq qaldı.  6Amma Məsih Onun evi üzərində Oğul olaraq sadiqdir. Əgər biz cəsarətimizi və fəxr etdiyimiz ümidi qoruyub saxlasaq, Onun evi bizik.

İmansızlığa qarşı xəbərdarlıq

7Buna görə Müqəddəs Ruhun dediyi kimi: «Bu gün əgər Onun səsini eşitsəniz,

8Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi,

Səhradakı sınaq günündə olduğu kimi inadkar olmasın.

9Orada atalarınız Məni sınadılar,

Qırx il əməllərimi görərək Məni yoxladılar.

10Buna görə o nəsildən zəhləm getdi.

Dedim: “Onlar həmişə ürəklərində azır,

Yollarımı tanımırlar”.

11Buna görə qəzəblənib and içmişəm:

“Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».

12Ey qardaşlar, diqqətli olun ki, sizlərdən heç birinizdə var olan Allahdan uzaqlaşan şər və imansız ürək olmasın.  13Amma «bu gün» adlanan hər gün bir-birinizi ürəkləndirin ki, heç biriniz günahın aldadıcılığı ilə inadkar olmasın.  14Çünki əvvəldən bizdə olan etimadı sonadək möhkəm saxlasaq, Məsihlə ortaq olarıq.  15Necə ki deyilmişdir: «Bu gün əgər Onun səsini eşitsəniz,

Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi inadkar olmasın».

16Bəs eşidib üsyan edənlər kimdir? Musanın başçılığı ilə Misirdən çıxanların hamısı deyilmi?  17Allah qırx il kimə qəzəblənirdi? Günaha batmış, meyitləri çöldə sərilənlərə deyilmi?  18Bəs O kimlərə and içdi ki, Onun rahatlıq diyarına girməyəcəklər? Məgər itaət etməyənlərə deyil?  19Beləliklə, görürük ki, onlar imansızlıqlarına görə oraya girə bilmədilər.

YUXARI

İbranilərə 4

Allahın rahatlıq diyarı

1Beləliklə, Allahın rahatlıq diyarına girmək vədi hələ də qüvvədə olarkən hər birinizin bundan məhrum olmasından qorxaq.  2Çünki Misirdən çıxanlar kimi biz də Müjdə aldıq. Amma onların eşitdiyi kəlam onlara xeyir gətirmədi, çünki bu kəlama qulaq asanların imanına şərik olmadılar.  3Biz iman etmişlərsə rahatlıq diyarına girməkdəyik, necə ki Allah demişdir: «Buna görə qəzəblənib and içmişəm:

“Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».

Halbuki Onun işləri dünya yaranandan bəri tamamlanmışdır.  4Çünki bir yerdə yeddinci gün barəsində belə deyib: «Allah bütün gördüyü işlərdən ayrılıb yeddinci gün istirahət etdi».  5Bu barədə yenə deyib: «Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər».  6Beləliklə, bəzilərinə o rahatlıq diyarına girmək üçün, şübhəsiz ki, imkan qalır. Lakin Müjdəni əvvəlcədən eşidənlər itaətsizliyə görə ora girə bilmədilər.  7Bu səbəbə görə Allah xeyli vaxt keçəndən sonra Davud vasitəsilə «bu gün» deyərək təkrar müəyyən bir gün təyin edir, necə ki əvvəlcə deyilmişdir: «Bu gün əgər Onun səsini eşitsəniz,

Qoy ürəkləriniz inadkar olmasın».

8Çünki Yeşua onlara rahatlıq diyarı versəydi, Allah bundan sonra başqa bir gün barəsində danışmazdı.  9Beləcə Allahın xalqı üçün hələ də bir istirahət qalır.  10Allah Öz işlərini qurtarıb Şənbə günü istirahət etdiyi kimi Onun rahatlıq diyarına girən də öz işlərini qurtarıb istirahət etdi.  11Buna görə də bu rahatlıq diyarına girməyə çalışaq ki, heç kəs eyni itaətsizlik nümunəsinə əməl edib yıxılmasın.  12Allahın kəlamı canlı və təsirlidir, hər ikiağızlı qılıncdan da itidir, canla ruhu, oynaqlarla iliyi bir-birindən ayıraraq keçir, ürəyin fikir və niyyətlərini ayırd edir.  13Allahdan gizli heç nə yoxdur. Lakin Onun gözləri qarşısında hər şey çılpaq və açıq-aşkardır. Biz Ona hesabat verəcəyik.

İsa Məsih bizim Baş Kahinimizdir

14Beləliklə, Allahın Oğlu İsa göylərdən keçən böyük Baş Kahinimiz olduğuna görə əqidəmizi möhkəm tutaq.  15Çünki bizim Baş Kahinimiz belə deyil ki, zəifliklərimizdə bizim halımıza acıya bilməsin. Əksinə, hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir.  16Buna görə də lütfkar Allahın taxtına cəsarətlə yaxınlaşaq ki, vaxtında köməyə nail olmaq üçün mərhəmət alıb lütf tapaq.

YUXARI

İbranilərə 5

1İnsanlar arasından seçilən hər baş kahin günahlardan ötrü təqdim və qurbanlar vermək, Allahla bağlı olan işlərdə insanları təmsil etmək üçün təyin edilir.  2Cahillərlə və yolunu azmışlarla həlim davrana bilir, çünki özü də zəifliyə məruzdur.  3Buna görə o, xalqın günahları üçün olduğu kimi öz günahları üçün də qurbanlar təqdim etməlidir.  4Heç kəs bu şərəfə öz-özünə nail olmur, ancaq Harun kimi Allah tərəfindən çağırılanda nail olur.  5Eləcə də Məsih də Baş Kahin olmaq üçün Öz-Özünü izzətləndirmədi, Ona «Sən Mənim Oğlumsan,

Mən bu gün Sənə Ata oldum»

deyən Allah Onu izzətləndirdi.  6Digər yerdə isə O belə deyir: «Sən Melkisedeq vəzifəli əbədi bir Kahinsən».

7Məsih yer üzündə cisimdə olduğu günlərdə Onu ölümdən qurtarmağa qadir olan Allaha böyük fəryad və göz yaşları ilə dua edib yalvardı və möminliyinə görə eşidildi.  8O, Oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi.  9Kamilliyə çatandan sonra Ona itaət edənlərin hamısı üçün əbədi xilas qaynağı oldu  10və Allah tərəfindən Melkisedeq vəzifəli Baş Kahin təyin edildi.

Kamilliyə doğru irəliləyək

11Bu mövzuda deyiləsi sözümüz çoxdur, amma bunları izah etmək çətindir. Çünki sizin qulağınız ağır eşidir.  12Siz artıq müəllim olmalı idiniz; amma kimsənin sizə təkrarən Allahın kəlamının ibtidai təlimlərini öyrətməsinə hələ də möhtacsınız. Siz bərk yeməyə yox, südə möhtac olmusunuz.  13Südlə bəslənən hər kəs körpə olduğu üçün salehlik barəsində olan kəlamda təcrübəsizdir.  14Bərk yemək isə yetkinlər, yəni duyğularını xeyirlə şəri ayırd etməkdən ötrü həssas edənlər üçündür.

YUXARI

İbranilərə 6

1Bunun üçün Məsih barəsindəki ibtidai təlimi geridə buraxıb kamilliyə doğru irəliləyək. Ölüm gətirən əməllərdən tövbə edib Allaha iman etmənin təməlini,  2vəftizlər, əl qoyub təqdis etmə, ölülərin dirilməsi və əbədi məhkəmə haqqındakı təlimin əsasını yenidən qurmayaq.  3Allah izin verərsə, bunlara da əməl edəcəyik.  4Bir dəfə nurlanmış, səmavi ənamdan dadmış və Müqəddəs Ruha şərik olmuş,  5Allahın xoş kəlamını və gələcək dövrün qüvvələrini dadmış olduqları halda  6imandan dönənləri yenidən tövbə edəcək vəziyyətinə gətirmək mümkün deyil. Çünki özləri Allahın Oğlunu yenidən çarmıxa çəkib rüsvay edirlər.  7Dəfələrlə üstünə yağan yağışı içən və kimlər üçün işlənirsə, onlara faydalı bitkilər yetişdirən torpaq Allahdan xeyir-bərəkət alır.  8Tikan və qanqal yetişdirən torpaq isə yararsız və lənətə yaxındır, onun sonu yanmaqdır.  9Lakin, ey sevimlilər, biz bu cür danışsaq belə, əminik ki, vəziyyətiniz daha yaxşıdır və xilasa malik olursunuz.  10Axı Allah ədalətsiz deyil ki, əməlinizi və Onun adı ilə müqəddəslərə əvvəldən və indi də xidmət etməklə göstərdiyiniz məhəbbəti unutsun.  11Ümidin verdiyi tam etimada nail olmaq üçün axıra qədər hər birinizin eyni səyi göstərməyinizi arzulayırıq ki,  12siz tənbəl olmayasınız, amma vəd olunan şeyləri iman və səbirlə irs alanlardan nümunə götürəsiniz.

Allahın vədi

13Allah İbrahimə vəd verdiyi vaxt adına and içmək üçün Özündən üstün birinin olmadığına görə Öz varlığına and içərək dedi:  14«Sənə mütləq xeyir-dua verəcəyəm və nəslini çoxaldacağam».  15Beləliklə, İbrahim səbirlə gözləyərək vədə nail oldu.  16İnsanlar özlərindən daha üstün olanın adına and içirlər və sözlərini təsdiq edən and hər iddiaya son qoyur.  17Eləcə də Allah vədin varislərinə iradəsinin dəyişməzliyini daha açıq-aşkar etmək istəyərək Öz vədini andla təsdiqlədi.  18Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə – Onun vəd və andında böyük təsəlliyə malik olaq.  19Can lövbərimiz kimi möhkəm və sarsılmaz olan bu ümid məbədin pərdəsinin arxasındakı iç otağa daxil olur.  20İsa ilk olaraq bizim uğrumuzda oraya daxil oldu; O, Melkisedeq vəzifəli əbədi Baş Kahin olmuşdu.

YUXARI

İbranilərə 7

Kahin Melkisedeq

1Bu Melkisedeq Salem padşahı və Allah-Taalanın kahini idi. Padşahları məğlub edib geri qayıdan İbrahimin pişvazına çıxdı və ona xeyir-dua verdi.  2İbrahim də ona hər şeyin onda bir hissəsini verdi. Melkisedeq ən əvvəl öz adının mənasına görə salehlik padşahıdır, sonra isə Salem padşahı, yəni sülh padşahıdır.  3O, atasız, anasız olub nəsil şəcərəsi yoxdur. Nə günlərinin başlanğıcı, nə də həyatının sonu var. Lakin Allahın Oğluna bənzədilmiş əbədi kahin olaraq qalır.  4Baxın bu adam necə böyükdür ki, ulu babamız İbrahim belə, qənimətlərinin onda bir hissəsini ona verdi.  5Levi oğullarından kahinlik vəzifəsini alanlar, Qanuna görə xalqdan, yəni İbrahim nəslindən olduqları halda, öz qardaşlarından onda bir hissəni almaq əmrinə malikdirlər.  6Amma onların nəslindən olmayan Melkisedeq İbrahimdən onda bir hissəni aldı və vədlərə malik olana xeyir-dua verdi.  7Şübhəsiz ki, böyük özündən kiçiyə xeyir-dua verər.  8Burada onda bir hissəni ölümlü insanlar alır, orada isə yaşadığına dair şəhadətə malik olan bir nəfər alır.  9Demək olar ki, onda bir hissəni alan Levi də İbrahim vasitəsilə onda bir hissəni vermişdi.  10Çünki Melkisedeq İbrahimin pişvazına çıxanda Levi hələ əcdadının belində idi.

Yeni kahinlik nizamı

11Beləliklə, əgər kamillik Levililərin kahinliyi vasitəsilə əldə edilsəydi – çünki xalq bu kahinliyə əsasən Qanunu alıb – Harun vəzifəli deyil, Melkisedeq vəzifəli başqa bir kahinin təyin edilməsi barədə danışmağa daha nə ehtiyac vardı?  12Çünki kahinlik dəyişiləndə Qanunun da dəyişilməsinə ehtiyac var.  13Haqqında bu sözlər deyilən Adam başqa bir qəbiləyə mənsubdur və bu qəbilədən heç kəs qurbangahda xidmət etməmişdir.  14Axı Rəbbimizin Yəhuda qəbiləsindən törəməsi məlumdur. Musa bu qəbilə barəsində kahinlərə aid bir söz deməmişdi.  15Melkisedeqə bənzər başqa bir Kahinin təyin edilməsi bunu daha da aydın göstərir.  16O, Qanunun cismani kahinlik əmrinə görə deyil, tükənməz həyat qüdrətinə görə Kahin oldu.  17Çünki «Sən Melkisedeq vəzifəli əbədi bir Kahinsən»

deyə şəhadət olunur.  18Bundan əvvəlki əmr zəif və yararsız olduğuna görə ləğv olunur.  19Çünki Qanun heç bir şeyi kamilləşdirməyib. Bunun yerinə bizi Allaha yaxınlaşdıran daha gözəl ümid verilir.  20Bu kahinlik isə andsız olmadı. O biri kahinlər andsız kahin oldu.  21Lakin İsa Ona «Rəbb and içdi, qərarını dəyişməz:

“Sən əbədi bir Kahinsən”»

deyən Allah vasitəsilə andla kahin oldu.  22Buna görə İsa daha yaxşı Əhdin zəmanətçisi oldu.  23Bununla belə, həmin kahinlərin sayı çox idi, çünki ölüm onların vəzifədə qalmasına mane olurdu.  24Lakin İsa əbədi yaşadığı üçün daimi kahinliyə malikdir.  25Buna görə O Özü vasitəsilə Allaha yaxınlaşanları tam xilas etməyə qadirdir. Çünki O onlar üçün vəsatətçilik etməkdən ötrü həmişə yaşayır.

Yeni Əhdin Baş Kahini

26Həqiqətən, bizə belə bir Baş Kahinin olması münasibdir ki, O, müqəddəs, günahsız, ləkəsiz, günahkarlardan ayrılmış, göylərdən daha ucalara qaldırılmış olsun.  27O başqa baş kahinlər kimi əvvəlcə öz günahları, sonra da xalqın günahları üçün hər gün qurban təqdim etmək məcburiyyətində deyil. Çünki Özünü qurban verməklə bunu birdəfəlik etdi.  28Qanun zəiflikləri olan insanları baş kahin təyin edir. Lakin Qanundan sonra verilmiş and sözü əbədi olaraq kamilləşdirilmiş Oğulu təyin etdi.

YUXARI

İbranilərə 8

1Deyilənlərin əsası isə budur: bizim elə bir Baş Kahinimiz var ki, göylərdəki möhtəşəm Allahın taxtının sağında oturub.  2O, Müqəddəs məkanda və insanın deyil, Rəbbin qurduğu həqiqi çadırda xidmət edir.  3Hər baş kahin təqdim və qurban gətirmək üçün təyin olunur. Buna görə bizim də Baş Kahinimizin təqdim etmək üçün nəyisə olmalıdır.  4Əgər Özü yer üzündə olsaydı, əsla Kahin olmazdı. Çünki Qanuna əsasən təqdim gətirənlər var.  5Onlar göylərdəkilərin təsviri və kölgəsi olan yerdə ibadət edir, necə ki Musa İbadət çadırını qurmaq üzrə olanda Allah onu xəbərdar etmişdi: «Dağda sənə göstərilən nümunəyə görə bunların hamısını ehtiyatla düzəlt».  6Amma indi İsa daha yaxşı vədlər üzərində qurulmuş daha yaxşı bir Əhdin Vasitəçisi olduğu qədər üstün bir xidmətə nail oldu.  7Əgər ilk Əhd qüsursuz olsaydı, ikinci Əhdə səbəb axtarılmazdı.  8Çünki Allah Öz xalqını təqsirkar çıxararaq deyir: «Rəbb bəyan edir:

“İsrail xalqı və Yəhuda xalqı ilə

Yeni bir Əhd bağlayacağım günlər yaxınlaşır.

9Bu Əhd

Atalarını Misir torpağından çıxartmaq üçün

Əllərindən tutduğum gün

Onlarla bağladığım əhdə bənzəməyəcək.

Çünki onlar əhdimə sadiq qalmadılar,

Mən də onlardan üz döndərdim”

Rəbb belə bəyan edir.

10“O günlərdən sonra

İsrail xalqı ilə

Bağlayacağım Əhd belədir”

Rəbb bəyan edir,

“Qanunlarımı onların zehinlərinə qoyub

Ürəklərinə yazacağam.

Mən onların Allahı,

Onlar da Mənim xalqım olacaq.

11Bir kəs öz həmvətənini yaxud qardaşını

‹Rəbbi tanı› deyib öyrətməyəcək.

Çünki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq.

12Çünki təqsirlərinə qarşı mərhəmətli olacağam,

Günahlarını daha yada salmayacağam”».

13Allah «Yeni Əhd» deməklə birincisinin köhnə olduğunu göstərir. Köhnələn və yaşa dolansa çox keçmədən yox olur.

YUXARI

İbranilərə 9

Yeni Əhdin qurbanı köhnəsindən üstündür

1Birinci Əhdin də ibadət barəsindəki qaydaları və dünyəvi Müqəddəs məkanı var idi.  2Bir çadır qurulmuşdu. Müqəddəs yer adlanan ilk bölmədə çıraqdan, masa və təqdis çörəkləri var idi.  3İkinci pərdə arxasında isə Ən Müqəddəs yer adlanan bir bölmə var idi.  4Burada qızıl buxur qurbangahı ilə hər tərəfdən qızılla örtülmüş Əhd sandığı var idi. Sandığın içində manna ilə dolu qızıl qab, Harunun tumurcuqlamış əsası və Əhd lövhələri var idi.  5Sandığın üzərində isə kəffarə qapağına kölgə salan izzətli keruvlar var idi. Lakin bunlar barəsində indi ətraflı danışa bilmirik.  6Bu şeylər belə qurulduqdan sonra kahinlər həmişə çadırın ilk bölməsinə daxil olub ibadət aparırlar.  7İkinci bölməsinə isə yalnız baş kahin daxil ola bilər. O da özü üçün və xalqın bilmədən işlətdiyi günahlar üçün orada təqdim etdiyi qurban qanı olmadan o yerə daxil ola bilməz.  8Müqəddəs Ruh bununla göstərir ki, çadırın ilk bölməsi durduqca Ən Müqəddəs yerə gedən yol hələ aşkar olmamışdır.  9Bu çadır indiki vaxt üçün bir misaldır. Bu səbəbdən ibadət edənin vicdanını kamilləşdirə bilməyən təqdimlər və qurbanlar verilir.  10Bunlar ancaq yemək, içmək və cürbəcür yuyunma tərzləri ilə, yəni hər şeyin nizama salınacağı vaxtadək qüvvədə olub cismani işlərə məxsus olan qaydalarla əlaqədardır.  11Lakin Məsih indi gələn nemətlərin Baş Kahini olaraq gəldi. İnsan əli ilə qurulmayan, yəni bu yaradılışdan olmayan daha böyük və daha mükəmməl çadırdan keçib  12təkələrlə danaların qanı ilə yox, Öz qanı ilə Ən Müqəddəs yerə birdəfəlik daxil oldu; əbədi satınalınmanı təmin etdi.  13Çünki əgər təkələrlə buğaların qanı və düyənin külünün murdar olanların üstünə səpilməsi onları təqdis edib cismən təmizləyirsə,  14deməli, əbədi Ruh vasitəsilə Özünü qüsursuz olaraq Allaha təqdim etmiş Məsihin qanı var olan Allaha ibadət edə bilməmiz üçün vicdanımızı ölüm gətirən əməllərdən nə qədər çox təmizləyəcək!  15Buna görə də çağırılmışların vəd edilən əbədi irsi alması üçün Məsih Yeni Əhdin Vasitəçisidir. Çünki O, Birinci Əhd zamanı etdikləri təqsirlərdən onları satın almaq üçün ölmüşdü.  16Bir vəsiyyətnamə varsa, vəsiyyət edənin ölümünü sübut etmək lazımdır.  17Çünki vəsiyyətnamə yalnız ölümdən sonra qüvvəyə minir. Vəsiyyət edən sağ olanda vəsiyyətnamənin heç bir qüvvəsi yoxdur.  18Bu səbəbə görə Birinci Əhd də qan axıdılmadan qüvvəyə minmədi.  19Musa Qanunun hər əmrini bütün xalqın önündə bəyan edəndən sonra su, al rəngli yun və züfa otu ilə dana və təkələrin qanını götürüb həm kitabın özünə, həm də bütün xalqın üzərinə səpərək dedi:  20«Budur Allahın sizə əmr etdiyi Əhdin qanı».  21Eyni tərzdə çadır və bütün xidmət əşyalarının üzərinə qan səpdi.  22Demək olar ki, Qanuna görə hər bir şey qanla təmizlənir və qan axıdılmadan bağışlanma olmur.

Son qurban

23Beləliklə, göylərdəkilərin təsvirlərini bu qurbanlarla, göylərdəkiləri isə bunlardan daha yaxşı qurbanlarla təmizləmək lazım idi.  24Məsih əsl Müqəddəs məkanın nümunəsi olub insan əli ilə qurulan Müqəddəs məkana deyil, göyün özünə daxil oldu ki, indi bizim üçün Allahın hüzurunda zahir olsun.  25Baş kahin hər il özünün olmayan qanla Ən Müqəddəs yerə girər. Amma Məsih Özünü dəfələrlə təqdim etmək üçün göyə girmədi.  26Elə olsaydı, O, dünya yaranandan bəri dəfələrlə əzab çəkməli olardı. İndi isə dövrlərin sonunda, O Özünü qurban verməklə günahı aradan qaldırmaq üçün bir dəfə zühur etdi.  27Necə müəyyən edilmişdir ki, insanlar bir dəfə ölüb ondan sonra mühakimə olunsunlar,  28eləcə də Məsih bir çoxlarının günahını Öz üzərinə götürmək üçün bir dəfə təqdim edilmişdir və ikinci dəfə günahın öhdəsindən gəlmək üçün deyil, xilas gətirmək üçün Onu gözləyənlərə zühur edəcək.

YUXARI

İbranilərə 10

1Qanunda gələcək nemətlərin əsli deyil, kölgəsi var. Buna görə də Qanun ildən-ilə daimi bir surətdə təqdim olunan eyni qurbanlar vasitəsilə Allaha yaxınlaşanları əsla kamil edə bilməz.  2Əks təqdirdə, bu qurbanların təqdim olunmasına son qoyulardı. Çünki ibadət edənlər birdəfəlik təmizlənəndən sonra artıq günahlarına görə vicdan əzabı çəkməzdilər.  3Amma bu qurbanlar vasitəsilə insanlar ildən-ilə günahlarını yadlarına salır.  4Çünki buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq qeyri-mümkündür.  5Buna görə Məsih dünyaya gələndə deyir: «Qurban və təqdim istəmədin,

Amma Mənə bir bədən hazırladın.

6Yandırma qurbanı, günah qurbanından xoşun gəlmədi.

7O zaman dedim: “Budur, gəlmişəm,

Kitab tumarında Mənim haqqımda yazılıb.

Ay Allah, Sənin iradəni yerinə yetirim”».

8Məsih əvvəl dedi: «Qurban, təqdim, yandırma qurbanı və günah qurbanı istəmədin,

Bunlardan xoşun gəlmədi».

Bunlar hamısı Qanuna görə təqdim olunur.  9Sonra dedi: «Budur, gəlmişəm, Sənin iradəni yerinə yetirim». Yəni, Məsih ikinci Əhdi qüvvəyə mindirmək üçün birincisini ləğv edir.  10Bu iradəyə əsasən biz İsa Məsihin bədəninin birdəfəlik təqdim olunmasına görə təqdis olunduq.  11Hər bir kahin hər gün xidmətini icra edərək əsla günahları aradan qaldıra bilməyən eyni qurbanları dəfələrlə təqdim edir.  12Amma Məsih günahlar üçün yalnız bir qurban təqdim edəndən sonra əbədi olaraq Allahın sağında oturdu.  13O vaxtdan bəri O, düşmənlərinin Onun ayaqları altına kətil kimi salınmasını gözləyir.  14Çünki O yalnız bir təqdim vasitəsilə təqdis olunmaqda olanları həmişəlik kamilləşdirdi.  15Müqəddəs Ruh da bu haqda bizə şəhadət edir. Çünki əvvəl deyir:  16«“O günlərdən sonra

Onlarla bağlayacağım Əhd belədir”

Rəbb bəyan edir,

“Qanunlarımı onların ürəyinə qoyub

Zehinlərinə yazacağam”».

17Sonra deyir: «Günahlarını və qanunsuzluqlarını yada salmayacağam».

18Günahların bağışlanması olanda isə artıq günah üçün təqdim etmə yoxdur.

Nəsihət və xəbərdarlıq

19Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır.  20O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır.  21Həm də O, Allahın evi üçün cavabdeh olan böyük bir Kahinimizdir.  22Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq.  23Ümid verən əqidədən möhkəm tutaq, çünki vəd verən Allah sadiqdir.  24Bir-birimizi məhəbbətə və xeyirxah əməllər etmək üçün necə həvəsləndirmək haqqında fikirləşək.  25Bəzi adamların vərdiş etdiyi kimi birgə yığışmağımızı tərk etməyək. Lakin qiyamət gününün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq.  26Həqiqəti dərk edib qəbul edəndən sonra qəsdən günah etməkdə davam etsək, artıq günah üçün qurban qalmır.  27Lakin mühakimənin və Allahın düşmənlərini yandırıb-yaxan şiddətli alovun dəhşətlə gözlənməsi qalır.  28Musanın Qanununu heç sayan adam iki yaxud üç şahidin sözü ilə rəhm edilmədən öldürülür.  29Əgər bir nəfər Allahın Oğlunu tapdalayaraq təqdis edildiyi Əhdin qanını adi bir şey sayıb Allahın lütfkar Ruhunu təhqir edərsə, sizcə bundan nə qədər ağır cəzaya layiq sayılacaq?  30Çünki «Qisas Mənimdir, əvəzini Mən verəcəyəm»

və yenə də «Rəbb Öz xalqını mühakimə edəcək»

deyəni tanıyırıq.  31Var olan Allahın əlinə düşmək dəhşətdir!  32Siz əvvəlki günləri xatırlayın. O vaxt Allahın nuru üzərinizə saçandan sonra əzablı, böyük mübarizəyə tab gətirdiniz.  33Bəzən təhqir və əziyyətlərə uğrayıb tamaşaya qoyuldunuz, bəzənsə eyni rəftara məruz qalanların dərdinə şərik oldunuz.  34Həm də siz məhbusların çəkdiyi əzablara şərik oldunuz, özünüzün daha yaxşı və daimi malınız olduğunu bilərək əmlakınızın talan edilməsini sevinclə qəbul etdiniz.  35Buna görə cəsarətinizi itirməyin, bu cəsarətə görə mükafatınız böyükdür.  36Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi almaq üçün sizin tab gətirməyə ehtiyacınız var.  37Çünki «Bir az müddətdən sonra

Gələn gələcək, gecikməyəcək.

38Amma saleh adamım imanla yaşayacaq.

Əgər geri çəkilsə, ondan razı qalmayacağam».

39Bizsə geri çəkilib həlak olanlardan deyilik; iman edib canlarının xilasına nail olanlardanıq.

YUXARI

İbranilərə 11

İman qəhrəmanları

1İman ümid edilənlərə etibar etmək, görünməyən şeylərə əmin olmaqdır.  2Əcdadlarımız imanları üçün müsbət şəhadət aldılar.  3İman vasitəsilə dərk edirik ki, kainat Allahın kəlamı ilə yarandı, beləcə də görünən şeylər görünməyənlərdən törədi.  4İman vasitəsilə Habil Allaha Qabildən daha yaxşı bir qurban təqdim etdi. Bunun vasitəsilə saleh olduğu təsdiq edildi, çünki Allah onun təqdimləri barədə şəhadət etdi. Habil ölmüş olduğu halda iman vasitəsilə hələ də danışır.  5Xanok ölümü görməsin deyə iman vasitəsilə dünyadan götürüldü. Onu tapa bilmədilər, çünki Allah onu dünyadan götürmüşdü. Götürülməzdən əvvəl o, şəhadət almışdı ki, Allahı razı salıb.  6İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir.  7Nuh hələ gözə görünməyən şeylər barəsində edilən xəbərdarlığa iman vasitəsilə ciddi yanaşaraq öz ev əhlinin xilası üçün gəmi düzəltdi. O, iman vasitəsilə dünyanı məhkum etdi və imana görə olan salehliyi irs olaraq aldı.  8İbrahim çağırılanda iman vasitəsilə itaətli olub irs alacağı torpağa getdi. O hara getdiyini bilməyərək yola çıxdı.  9İman vasitəsilə vəd edilmiş ölkədə bir qərib kimi məskunlaşdı. O eyni vədin həmvarisləri olan İshaq və Yaqubla birlikdə çadırlarda yaşadı.  10Çünki İbrahim memarı və banisi Allah olan bünövrəli şəhəri gözləyirdi.  11Sara özü sonsuz və yaşı ötmüş olduğu halda iman vasitəsilə nəsil yaratmaq üçün güc aldı, çünki vəd Edəni sadiq saydı.  12Buna görə də bir kişidən, artıq ölüdən fərqlənməyən birindən sayca göydəki ulduzlar qədər, dəniz kənarındakı qum kimi saysız-hesabsız nəsil törədi.  13Bunların hamısı imanlı olaraq öldü. Vəd edilən şeylərə nail olmadılar, amma bunları uzaqdan görüb salamladılar və özlərinin yer üzündə yad və qərib olduqlarını iqrar etdilər.  14Axı belə sözləri deyənlər bir vətən axtardıqlarını göstərirlər.  15Əgər onlar çıxdıqları ölkə barəsində düşünsəydilər, qayıtmağa imkanları olardı.  16Amma əslində onlar daha yaxşı bir ölkəni, yəni səmavi vətəni arzu edirdilər. Buna görə Allah Özünü onların Allahı adlandırmaqdan utanmır, çünki O onlar üçün şəhər hazırlamışdır.  17İbrahim sınağa çəkildiyi vaxt iman vasitəsilə İshaqı qurban olaraq təqdim etdi. Vədlərə nail olmuş İbrahim bircə oğlunu qurban vermək niyyətində idi.  18Halbuki ona «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilmişdi.  19O, Allahı onu ölülər arasından diriltməyə qadir saydı. Buna görə də məcazi mənada İshaqı ölümdən geri aldı.  20İman vasitəsilə İshaq gələcək hadisələrlə əlaqədar Yaquba və Esava xeyir-dua verdi.  21Yaqub ölərkən Yusifin hər iki oğluna iman vasitəsilə xeyir-dua verdi və öz dəyənəyinin başına söykənib Allaha səcdə etdi.  22Yusif də ölərkən İsrail övladlarının Misirdən çıxacaqları haqqında iman vasitəsilə söz söyləyərək öz sümükləri barəsində əmr verdi.  23Musa doğulanda anası və atası iman vasitəsilə onu üç ay gizlətdilər. Çünki onlar uşağın gözəl olduğunu görüb padşahın fərmanından qorxmadılar.  24Musa böyüyəndən sonra firon qızının oğlu adlanmaqdan iman vasitəsilə imtina etdi.  25Günahdan müvəqqəti zövq almaqdansa Allahın xalqı ilə birlikdə əzab çəkməyi üstün tutdu.  26Məsih naminə çəkdiyi təhqiri Misir xəzinələrindən daha böyük var-dövlət saydı, çünki gözünü alacağı mükafata dikmişdi.  27İman vasitəsilə padşahın qəzəbindən qorxmayıb Misirdən çıxdı, çünki o, gözə Görünməyəni sanki görmüş kimi möhkəm dayandı.  28İman vasitəsilə Musa Pasxa qurbanının kəsilməsini və onun qanının çilənməsini həyata keçirtdi ki, ilk doğulanları öldürən məhvedici mələk İsraillilərə toxunmasın.  29İman vasitəsilə İsraillilər Qırmızı dənizi qurudan keçən kimi keçdilər. Misirlilər də bunu etməyə cəhd etdilər, amma boğuldular.  30İman vasitəsilə İsraillilər yeddi gün Yerixonun ətrafında gəzdikdən sonra onun divarları yıxıldı.  31İman vasitəsilə fahişə Raxav casusları dostcasına qarşıladığı üçün itaətli olmayanlarla birgə həlak olmadı.  32Daha nə deyə bilərəm? Gideon, Baraq, Şimşon, İftah, Davud, Şamuel və başqa peyğəmbərlər barəsində danışsam, vaxtım çatmaz.  33İman vasitəsilə onlar padşahlıqları məğlub etdilər, ədaləti icra etdilər, vədlərə nail oldular, aslanların ağızlarını bağladılar,  34şiddətli alovu söndürdülər, qılıncın ağzından qaçdılar, zəiflikdən qüvvətləndilər, döyüşdə güclü oldular, yadellilərin ordularını qovdular.  35Qadınlar öz ölülərini dirilmiş geri aldılar. Bəziləri işgəncə çəkəndə qurtulmaqdan imtina etdilər ki, dirilib daha yaxşı həyata nail olsunlar;  36digərləri də təhqir olunub döyüldülər, habelə zəncirlərə və həbslərə məruz qaldılar;  37onlar daşqalaq edildilər, mişarlanıb bölündülər, qılıncdan keçirilib öldürüldülər. Bəziləri isə qoyun dərisinə və keçi gönünə bürünərək gəzib-dolaşdılar, yoxsulluğa, əzab-əziyyətə məruz qaldılar.  38Dünya onlara layiq deyildi. Onlar səhralarda, dağlarda, mağaralarda və yeraltı oyuqlarda dolaşıb gəzdilər.  39Onların hamısı iman vasitəsilə müsbət şəhadət aldı, amma vəd edilənə nail olmadı.  40Çünki Allah bizim üçün daha yaxşı şey hazırlamışdır ki, onlar bizsiz kamilliyə çatmasın.

YUXARI

İbranilərə 12

Allah tərbiyə verən Atadır

1Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq.  2Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu.  3Günahkarlardan Ona qarşı olan bu qədər düşmənçiliyə dözən Şəxs barəsində düşünün ki, yorulub ruhdan düşməyəsiniz.  4Günaha qarşı etdiyiniz mübarizədə hələ qan töküləcək qədər möhkəm durmamısınız.  5Sizə oğul deyib verilən bu nəsihəti unutdunuz: «Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma,

Onun məzəmmətindən ruhdan düşmə.

6Çünki Rəbb sevdiyini tərbiyələndirər,

Qəbul etdiyi hər oğulu döyər».

7Tərbiyəyə tab gətirin. Allah sizinlə övladları kimi rəftar edir. Elə bir oğul varmı atası onu tərbiyələndirməsin?  8Hər kəs üçün ümumi olan tərbiyədən məhrum olsanız, deməli, siz oğul yox, qeyri-qanuni övladsınız.  9Həm də əgər bizi tərbiyələndirən cismani atalarımıza hörmət ediriksə, ruhani Ataya daha çox tabe olaraq yaşamalı deyilikmi?  10Atalarımız bizi qısa bir müddətə öz dərk etdikləri kimi tərbiyələndirdilər. Amma Allah Onun müqəddəsliyinə ortaq olaq deyə bizi xeyrimiz üçün tərbiyələndirir.  11Hər tərbiyə isə indiki vaxt sevinc deyil, kədər verən bir şey kimi görünür, amma sonradan bu yolda yetişdirilənlərə salehliyin dinclik səmərəsini hasil edir.  12Buna görə yorğun əllərinizi qaldırın və zəiflənmiş dizlərinizi gücləndirin.  13Ayaqlarınız üçün düz yollar seçin ki, axsaq bədən üzvləriniz yerindən çıxmasın, əksinə sağalsın.

Allahın lütfünü rədd etməyin

14Hamı ilə birlikdə sülh içində yaşamağa və müqəddəs olmağa can atın, çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək.  15Diqqət edin ki, heç kim Allahın lütfündən məhrum olmasın, aranızda bir acı kök böyüyüb əziyyət verməsin və bununla bir çoxlarını murdar etməsin.  16Qoy heç kim əxlaqsız və yaxud Esav kimi allahsız olmasın. O, bir qab xörəyə görə öz ilk oğulluq haqqını satdı.  17Bilirsiniz ki, bundan sonra da o, xeyir-duanı irs olaraq almaq istəyirdi, lakin rədd olundu. Xeyir-duanı göz yaşları ilə axtardısa da, atasının fikrini dəyişməyə qadir olmadı.  18Siz toxunula bilən, odla yanan bir şeyə, qaranlığa, zülmətə, qasırğaya,  19şeypur gurultusuna və kəlam söyləyən səsə yaxınlaşmadınız; o səsi eşidənlər onlara daha bir söz deyilməsin deyə yalvardılar.  20Çünki «əgər dağa bir heyvan belə, toxunsa, o, daşqalaq edilsin» əmrinə tab gətirə bilməzdilər.  21Bu mənzərə o qədər qorxunc idi ki, Musa «mən qorxu və lərzə içindəyəm» dedi.  22Lakin siz Sion dağına, var olan Allahın şəhərinə – səmavi Yerusəlimə, saysız-hesabsız mələklərə,  23göylərdə adları qeyd edilmiş ilk doğulanların ümumi məclisinə və cəmiyyətinə, hamının Hakimi olan Allaha, kamala çatmış salehlərin ruhlarına,  24Yeni Əhdin Vasitəçisi olan İsaya və Habilin qanından daha üstün söz deyən səpilmiş qana yaxınlaşdınız.  25Bunu Deyəni rədd etməyəsiniz deyə diqqətli olun. Çünki əgər yer üzündə xəbərdarlıq edəni rədd edənlər cəzadan qaça bilmədilərsə, biz göylərdən xəbərdarlıq Edəndən üz döndərsək, cəzadan qaça bilməyəcəyimiz daha çox yəqindir.  26O vaxt Onun səsi yeri sarsıtdı. Amma indi «Mən bir dəfə də yalnız yeri yox, göyü də lərzəyə gətirəcəyəm» deyə vəd etmişdir.  27«Bir dəfə də» sözü bunu göstərir: sarsıla bilən, yəni yaradılmış şeylər aradan qaldırılacaq ki, sarsıla bilməyənlər daim var olsunlar.  28Buna görə sarsılmaz Padşahlığa nail olduğumuz üçün minnətdar olaq; belə ki möminlik və ehtiramla Allaha məqbul tərzdə Ona ibadət edək.  29Çünki Allahımız yandırıb-yaxan alovdur.

YUXARI

İbranilərə 13

Öyüd-nəsihətlər

1Aranızda daimi qardaşlıq sevgisi olsun.  2Qonaqpərvər olmağı da unutmayın, çünki belə davranan bəziləri bilmədən mələklərə qonaqpərvərlik göstərmişlər.  3Özünüzü həbsdə olanların yerinə qoyaraq onları yada salın. Əzab-əziyyət içində olanları da elə xatırlayın ki, sanki özünüz onlarla birgə əzab-əziyyət çəkirsiniz.  4Qoy hər kəs nikaha hörmətlə yanaşsın. Qoy ər-arvad yatağı murdarlanmasın. Çünki Allah əxlaqsızları və zinakarları mühakimə edəcək.  5Həyatınız pulpərəstlikdən azad olsun, nəyiniz varsa, ona qane olun. Çünki Allah Özü demişdir: «Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm».  6Buna görə biz arxayınlıqla deyirik: «Rəbb mənə yardım edəndir, heç qorxmaram.

İnsan mənə nə edə bilər?»

7Allahın kəlamını sizə danışan rəhbərlərinizi yada salın. Onların həyat tərzinin nəticəsinə baxıb imanlarını nümunə olaraq götürün.  8İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.  9Müxtəlif və yad təlimlərlə yoldan azmayın, çünki ürək yeməklərlə deyil, Allahın lütfü ilə qüvvətlənsə, yaxşıdır. Bu cür yemək qaydalarına riayət edənlər bir xeyir görmədilər.  10Bizim bir qurbangahımız var ki, ibadət çadırında xidmət edənlərin ondan yeməyə icazəsi yoxdur.  11Çünki baş kahin günah qurbanı olan heyvanların qanını Müqəddəs yerə gətirir, cəsədləri isə düşərgənin kənarında yandırılır.  12Bunun kimi İsa da Öz qanı ilə xalqı təqdis etmək üçün şəhər darvazasının kənarında əzab çəkdi.  13Buna görə Onun gördüyü təhqiri daşıyaraq düşərgənin kənarına çıxıb Onun yanına gedək.  14Çünki burada daimi şəhərimiz yoxdur, amma biz gələcək şəhəri axtarırıq.  15Onda İsa vasitəsilə həmişə Allaha həmd qurbanını, yəni Onun adını iqrar edənlərin dilinin bəhrəsi olan sözləri təqdim edək.  16Xeyirxahlıq etməyi və varınızı başqaları ilə bölüşməyi unutmayın, çünki Allah bu cür qurbanlardan razı qalır.  17Öz rəhbərlərinizə itaətli olun və onlara tabe olun. Axı onlar hər vaxt həyatınız üçün qayğı çəkir, çünki hesabat verəcəklər. Qoy onlar bunu sevinclə etsinlər, ah-zarla etməsinlər, çünki bu sizə fayda verməz.  18Bizim üçün dua edin. Biz əminik ki, vicdanımız təmizdir və hər cəhətcə yaxşı həyat tərzi sürməyə can atırıq.  19Yanınıza tez qayıtmağım üçün dua etmənizi xüsusilə xahiş edirəm.  20Sülh qaynağı olan Allah – qoyunların böyük Çobanı olan Rəbbimiz İsanı əbədi Əhdin qanı ilə ölülər arasından dirildən Allah  21sizi hər cür yaxşı şeylə təmin etsin ki, İsa Məsih vasitəsilə Özünə xoş olanı bizdə icra etsin və siz Onun iradəsini həyata keçirəsiniz. İsa Məsihə əbədi izzət olsun! Amin.  22Qardaşlar, sizdən xahiş edirəm, bu öyüd-nəsihət sözünü dözümlə qəbul edin, çünki sizə qısaca yazdım.  23Xəbəriniz olsun ki, qardaşımız Timotey azadlığa buraxılmışdır. Əgər tezliklə yanıma gələrsə, onunla birlikdə sizi görəcəyəm.  24Bütün rəhbərlərinizi və müqəddəslərin hamısını salamlayın. İtaliyadan olanlar sizə salam göndərirlər.  25Hamınıza lütf olsun!

YUXARI

Filimona

Fəsillər

1

 

Filimona

1Məsih İsa uğrunda həbs olunan mən Pauldan və Timotey qardaşdan sevimli əməkdaşımız Filimona,  2bacımız Apfiyaya, birlikdə mübarizə apardığımız Arxipə və Filimonun evində toplaşan imanlılar cəmiyyətinə salam!  3Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!

Şükür və dua

4Dualarımda səni yada salıram və Allaha daima şükür edirəm.  5Çünki Rəbb İsaya olan imanını və bütün müqəddəslərə bəslədiyin məhəbbəti eşidirəm.  6Sən Məsihdə malik olduğumuz hər xeyirli şeyi dərk etdikcə imanını başqaları ilə paylaşmaqda fəal olmağın üçün dua edirəm.  7Qardaşım, sənin məhəbbətin mənim üçün böyük sevinc və təsəlli qaynağı oldu. Çünki müqəddəslərin ürəyi sənin sayəndə təravətləndi.

Paulun Onisim üçün xahişi

8Buna görə münasib olanı sənə buyurmağa Məsihdə böyük cəsarətim olsa da,  9indi Məsih İsa uğrunda həbsdə olan mən – yaşlı Paul sənə məhəbbətlə yalvarıram.  10Həbsdə ikən ruhani atası olduğum oğlum Onisimlə bağlı səndən bir xahişim var.  11O bir vaxtlar sənə yararsız idi, amma indi həm sənə, həm də mənə yararlıdır.  12Onun özünü, yəni can-ciyərimi sənin yanına göndərirəm.  13Müjdə uğrunda həbsdə olduğum müddətdə sənin əvəzinə mənə xidmət etməsi üçün onu yanımda saxlamaq istəyirdim.  14Amma sənin razılığın olmadan heç bir iş görmək istəmədim. İstədim ki, etdiyin yaxşılıq məcburi deyil, könüllü olsun.  15Onisimin bir müddət səndən ayrılması bəlkə də bundan ötrü oldu ki, sən onu həmişəlik,  16artıq qul kimi deyil, quldan üstün, sevimli bir qardaş kimi qəbul edəsən. O, xüsusilə, mənim üçün çox sevimlidir. Lakin həm cismən, həm də Rəbdə olaraq sənin üçün daha artıq sevimli qardaşdır.  17İndi məni özünə şərik sayırsansa, onu da məni qəbul edəcəyin kimi qəbul et.  18Əgər sənə hər hansı bir haqsızlıq etmişsə yaxud borcludursa, bunu mənim hesabıma yaz.  19Mən Paul bunu öz əlimlə yazıram ki, əvəzini mən ödəyəcəyəm. Sənin öz həyatın üçün mənə borclu olduğunu demək istəmirəm.  20Bəli, qardaş, Rəbdə mənə bir yardımın olsun. Ürəyimi Məsihdə təravətləndir.  21İtaətkar olduğuna əmin olaraq bunu sənə yazıram. Bilirəm ki, istədiklərimi artıqlaması ilə yerinə yetirəcəksən.  22Bununla yanaşı, mənə bir qonaq otağı hazırla. Ümidvaram ki, dualarınız vasitəsilə sizə bəxş olunacağam.

Xudahafizləşmə

23Məsih İsada olub mənimlə birgə həbs olunan Epafra,  24əməkdaşlarım Mark, Aristarx, Dima, Luka da sənə salam göndərir.  25Rəbb İsa Məsihin lütfü sizin ruhunuza yar olsun!

YUXARI