Titə

Fəsillər

1 2 3

 

Titə 1

1Allahın qulu və İsa Məsihin həvarisi, mən Pauldan salam! Allahın seçdiyi insanların iman edib möminliyə uyğun olan həqiqəti dərk etmələri üçün təyin olundum.  2Allah yolu əbədi həyat ümidinə əsaslanır. Bu ümidi yalan danışmayan Allah zaman başlamazdan əvvəl vəd etmişdi.  3Xilaskarımız Allah Öz əmrinə görə mənə əmanət edilmiş vəzlə kəlamını vaxtında aşkar etdi.  4Ümumi imana görə mənə əsl oğul olan Titusa Ata Allahdan və Xilaskarımız Məsih İsadan lütf və sülh olsun!

Titin Kritdəki vəzifəsi

5Tamamlanmamış işləri sahmana salasan və sənə tapşırdığım kimi hər şəhərdə cəmiyyət ağsaqqalları təyin edəsən deyə səni Kritdə saxladım.  6Ağsaqqal seçilən şəxs nöqsansız və tək arvadlı olaraq ona sadiq olsun. Övladları imanlı olmalı, mənəviyyatsızlıqda ittiham olunan yaxud itaətsiz olmamalıdır.  7Çünki cəmiyyət nəzarətçisi Allahın iş idarəçisi olduğuna görə nöqsansız olmalıdır. Dikbaş, hirsli, şərab düşkünü, zorakı, haqsız qazanca həris olmamalı,  8əksinə qonaqpərvər, yaxşılığı sevən, ağıllı-kamallı, saleh, müqəddəs, nəfsinə hakim olmalıdır.  9Həm başqalarına sağlam təlimlə nəsihət verməyə, həm də ona qarşı çıxanları təkzib etməyə qadir olsun deyə aldığı təlimə uyğun olan etibarlı kəlamı bərk tutmalıdır.  10Çünki, xüsusilə, sünnət tərəfdarları arasında bir çox itaətsiz, boşboğaz və saxtakar insanlar var.  11Onları sakitləşdirmək lazımdır. Çünki onlar haqsız qazanc əldə etmək üçün lazımsız şeyləri öyrədərək bəzi ailələri tamamilə alt-üst edirlər.  12Onlardan biri – öz peyğəmbərlərindən biri belə demişdir: «Kritlilər daima yalançı, azğın heyvan, tənbəl qarınquludur».  13Bu şəhadət etibarlıdır. Ona görə də onları sərt bir şəkildə məzəmmət et ki, imanları sağlam olsun,  14Yəhudi əfsanələrinə və həqiqətdən dönən insanların əmrlərinə qulaq asmasınlar.  15Paklar üçün hər şey pakdır, ləkəli imansızlar üçünsə pak heç bir şey yoxdur. Amma onların həm düşüncəsi, həm də vicdanı ləkələnmişdir.  16Onlar Allahı tanıdıqlarını iqrar edirlər, amma əməlləri ilə bunu inkar edirlər. İyrənc və itaətsizdirlər, heç bir yaxşı iş görməyə yaramazlar.

YUXARI

Titə 2

Sağlam təlimin əhəmiyyəti

1Sənsə sağlam təlimə uyğun olanı öyrət.  2Yaşlı kişilər ayıq, ləyaqətli, ağıllı-kamallı, imanda, məhəbbətdə və dözümdə sağlam olsunlar.  3Yaşlı qadınlar da eyni şəkildə müqəddəslərə yaraşan tərzdə davransınlar. Böhtançı, şərab düşkünü olmasınlar və xeyirli şeyləri öyrədərək  4tərbiyə etsinlər ki, gənc qadınlar ərlərini və uşaqlarını sevsinlər,  5ağıllı-kamallı, ismətli, evdar, xeyirxah, öz ərlərinə tabe olsunlar. O zaman Allahın kəlamına küfr olunmaz.  6Gənc oğlanlara da ağıllı-kamallı olmaq üçün nəsihət ver.  7Yaxşı işlər görərək hər şeydə özünü nümunə göstər. Təlimdə dürüst və ləyaqətli olaraq  8tənqid olunmaz sağlam sözlər danış ki, sənə qarşı çıxanlar bizim haqqımızda pis bir söz deyə bilməyib utansın.  9Qulları başa sal ki, hər şeydə öz ağalarına tabe olsunlar, onları razı salsınlar. Qoy cavab qaytarmasınlar,  10oğurluq etməsinlər, amma hər baxımdan etibarlı olduqlarını göstərsinlər. Beləliklə, Xilaskarımız Allahın təlimini hər cəhətdən cazibəli etsinlər.  11Çünki Allahın bütün insanlara xilas gətirən lütfü zühur etdi.  12Bu lütf bizə allahsızlığı və dünyəvi ehtirasları rədd edib, bu dövrdə ağıllı-kamallı, saleh və möminliyə uyğun bir ömür sürməyi öyrədir.  13Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək.  14O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın.  15Bunları tam bir səlahiyyətlə bildir, nəsihət ver və məzəmmət et. Qoy heç kim sənə hörmətsizlik etməsin.

YUXARI

Titə 3

İmanlılara yaraşan rəftar

1İmanlılara xatırlat ki, başçılar və hakimlərə tabe olub itaət etsinlər. Hər cür xeyirli iş görməyə hazır olsunlar.  2Heç kimə şər atmasınlar, davakar deyil, mülayim olsunlar və bütün insanlarla həlim davransınlar.  3Çünki bir zamanlar biz də ağılsız, itaətsiz, yolunu azmış, müxtəlif ehtiraslar və zövqlərə qul olan, kin, paxıllıq içində yaşayan mənfur və bir-birimizə nifrət edən adamlar idik.  4Amma Xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman  5bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi.  6Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki,  7Onun lütfü ilə saleh sayılıb ümidimiz olan əbədi həyatın varisi olaq.  8Bu söz etibarlıdır. Mən bunların üzərində dayanmağını istəyirəm ki, Allaha iman etmişlər xeyirxah işlərlə məşğul olmağa diqqət yetirsinlər. Bu, insanlar üçün xeyirli və faydalıdır.  9Lakin axmaq mübahisələrdən, nəsil şəcərələrindən, münaqişələrdən, Qanunla bağlı dava-dalaşlardan uzaq dur. Çünki bunlar faydasız və boş şeylərdir.  10Təfriqəçi adamdan birinci və ikinci xəbərdarlıqdan sonra əlaqəni kəs.  11Belə adamın yolunu azmış və günahkar olduğuna əmin ola bilərsən. O öz-özünü məhkum etmişdir.

Xahişlər və xudahafizləşmə

12Mən Artema və ya Tixiki yanına göndərən kimi çalış ki, yanıma, Nikopolisə gələsən. Çünki qışı orada keçirməyi qərara almışam.  13Qanunşünas Zena ilə Apollonu səylə yola sal, qoy onların heç bir şeyə ehtiyacı olmasın.  14Qoy bizimkilər də təcili ehtiyacları ödəmək üçün xeyirli işlərlə məşğul olmağı öyrənsinlər ki, bəhrəsiz qalmasınlar.  15Yanımdakıların hamısı səni salamlayır. Bizi sevən imanlılara salam söylə. Hamınıza lütf olsun!

YUXARI

2 Timoteyə

Fəsillər

1 2 3 4

 

2 Timoteyə 1

1Məsih İsada olan həyat vədinə görə Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Pauldan  2mənə sevimli oğul olan Timoteyə salam! Ata Allahdan və Rəbbimiz Məsih İsadan sənə lütf, mərhəmət və sülh olsun!

Müjdəyə sadiq qalmaq

3Durmadan, gecə-gündüz dualarımda səni yada saldığım zaman ata-babalarım kimi təmiz vicdanla ibadət etdiyim Allaha şükür edirəm.  4Sənin göz yaşlarını xatırlayaraq səni görməyə həsrət çəkirəm ki, sevinclə dolum.  5Səndəki riyasız imanı yadıma salıram. Əvvəlcə nənən Lois və anan Evnikinin saxladığı bu imanı, əminəm ki, sən də saxlayırsan.  6Bu səbəbdən sənin üzərinə əl qoymağımla Allahın sənə verdiyi ənamı alovlandırmağını xatırladıram.  7Çünki Allah bizə qorxaqlıq ruhu deyil, güc, məhəbbət və ağıllı-kamallı olmaq ruhu vermişdir.  8Buna görə Rəbbimiz barədə şəhadət etməkdən və Onun uğrunda məhbus olan məndən utanma. Allahın gücü ilə Müjdə uğrunda mənimlə birlikdə əzaba qatlaş.  9Allah bizi əməllərimizə görə deyil, öz məqsədinə və lütfünə görə xilas edib müqəddəs olmağa çağırdı. Zaman başlamazdan əvvəl o lütf bizə Məsih İsada verilmişdi,  10indi isə Xilaskarımız Məsih İsanın zühuru ilə üzə çıxdı. O, ölümü yox etdi, Müjdə vasitəsilə həyatı və ölməzliyi aşkar etdi.  11Mən bu Müjdə üçün vaiz, həvari və müəllim təyin olundum.  12Bu əzabları çəkməyimin səbəbi də budur. Amma bundan utanmıram, çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə qədər saxlamağa qadirdir.  13Məsih İsada olan iman və məhəbbətlə məndən eşitdiyin sağlam sözlərdən nümunə götür.  14Sənə verilən yaxşı əmanəti bizdə yaşayan Müqəddəs Ruh vasitəsilə saxla.  15Bilirsən ki, Asiya vilayətində olanların hamısı məndən üz döndərdi. Həmçinin Figel və Hermogen də bunların sırasındadır.  16Rəbb Onisiforun ev əhlinə mərhəmət etsin. Çünki dəfələrlə məni ruhlandırdı, mənim zəncirlənməyimdən utanmadı.  17Əksinə, Romada olarkən məni səylə axtarıb tapdı.  18Qoy Rəbb qiyamət günü ona mərhəmət tapmağa imkan versin. Efesdə onun mənə nə qədər xidmət etdiyini sən çox yaxşı bilirsən.

YUXARI

2 Timoteyə 2

Məsih uğrunda əziyyətə dözmək

1Sənsə, ey oğlum, Məsih İsada olan lütflə güclən.  2Bir çox şahidlərin önündə məndən eşitdiyin sözləri başqalarına da öyrətməyə qadir olan sadiq adamlara həvalə et.  3Məsih İsanın yaxşı əsgəri kimi mənimlə birgə əzaba qatlaş.  4Əsgərlik edən insan gündəlik həyatla bağlı işlərə sürüklənməz, ona əmr edən zabiti razı salmağa çalışar.  5Həmçinin yarışlara qoşulan insan da qaydaya görə yarışmazsa, başına zəfər çələngi qoyulmaz.  6Zəhmətkeş əkinçinin payına məhsulunun ilk bəhrəsi düşməlidir.  7Dediklərimə fikir ver. Rəbb söylədiyim hər şeydə sənə anlayış verəcək.  8Yaydığım Müjdədə açıqlandığı kimi, Davudun nəslindən olub ölülər arasından dirilən İsa Məsihi yadında saxla.  9Bu Müjdə naminə zəncirə vurulmuş bir cinayətkar kimi əzaba qatlaşıram. Amma Allahın kəlamı zəncirlənməmişdir.  10Bu səbəbdən seçilmişlərə görə, onlar da Məsih İsada olan xilasa əbədi izzətlə bərabər nail olsunlar deyə hər şeyə dözürəm.  11Bu söz etibarlıdır ki, «Əgər Onunla öldüksə,

Onunla da yaşayacağıq;

12Əgər dözəriksə,

Onunla da birlikdə padşahlıq edəcəyik.

Əgər Onu inkar etsək,

O da bizi inkar edəcək.

13Biz sadiq qalmasaq da,

O sadiq qalacaq.

Çünki Öz təbiətinə zidd davrana bilməz».

Sınaqdan keçmiş işçi

14Bunları imanlıların yadına sal. Sözlərin mənası barədə dava etməməyi Allahın önündə onların öhdəsinə qoy; çünki bu fayda verməz, dinləyənlərə isə ziyan vurar.  15Özünü Allaha sınaqdan keçmiş, həqiqət kəlamını doğruluqla işlədən alnıaçıq bir işçi kimi təqdim etməyə çalış.  16Allahsız boşboğazlıqdan uzaq dur. Çünki belə boşboğazlıqlar insanı daha da allahsızlığa aparır.  17Onların sözü irinli yara kimi yayılacaq. Himeney və Filit onların sırasındadır.  18Onlar dirilmənin artıq baş verdiyini deyərək həqiqətdən azıb bəzilərinin imanını alt-üst edirlər.  19Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın».  20Böyük bir evdə yalnız qızıl və gümüş qablar deyil, həmçinin taxta və gil qablar da var. Onlardan bəzisi şərəfli, bəzisi də şərəfsiz iş üçün istifadə olunur.  21Beləliklə, kim özünü şərəfsiz işlərdən təmizləsə, şərəfli işlərə uyğun, təqdis olunmuş, Sahibinə faydalı, hər yaxşı iş üçün hazırlanmış qab olacaq.  22Gənclik ehtiraslarından qaç. Təmiz ürəklə Rəbbi çağıranlarla birlikdə salehliyin, imanın, məhəbbətin və sülhün ardınca get.  23Axmaq və cahil mübahisələrdən uzaq ol. Çünki bunların dava-dalaşa səbəb olmasını bilirsən.  24Rəbbin qulu davakar olmamalıdır. Əksinə, hamı ilə mülayim rəftar etməli, öyrətməyə qabil, səbirli olmalıdır.  25Ona qarşı olanları həlimliklə tərbiyə etməlidir. Bəlkə Allah onlara tövbəyə imkan verəcək. Beləliklə, onlar həqiqəti anlayar,  26ayıq ola bilərlər və istəyini yerinə yetirmək üçün onları əsir edən iblisin torundan çıxarlar.

YUXARI

2 Timoteyə 3

Axır zamanda

1Bunu bil ki, bu axır zamanda çətin dövrlər olacaq.  2Çünki insanlar xudbin, pulpərəst, təkəbbürlü, məğrur, təhqir edən, valideynlərinə itaət etməyən, nankor, müqəddəslikdən məhrum,  3şəfqətsiz, barışmaz, böhtançı, nəfsini saxlamayan, rəhmsiz, yaxşılığın düşməni,  4xain, ehtiyatsız, qürurlu olacaq, Allahdan çox kef çəkməyi sevəcəklər.  5Mömin kimi görünüb bu yolun gücünü inkar edəcəklər. Bu cür adamlardan uzaq dur.  6Bunların arasında evlərə soxulub zəif iradəli qadınları əsir edən adamlar var. Belə qadınlar günahla yüklənmiş müxtəlif ehtiraslarla sövq edilir,  7daima öyrənir, amma həqiqəti heç zaman anlaya bilmirlər.  8Yannis və Yambris Musaya necə zidd getdilərsə, bu adamlar da eləcə həqiqətə zidd gedirlər. Onlar düşüncələri pozğun, imanları sınaqdan keçməmiş insanlardır.  9Amma daha irəli gedə bilməyəcəklər. Çünki Yannislə Yambrisin axmaqlığı kimi bunların da axmaqlığını hamı açıqca görəcək.

Timoteyə son öyüdlər

10Sənsə mənim təlimimi, davranışımı, məqsədimi, imanımı, səbrimi, məhəbbətimi, dözümümü,  11Antakyada, Konyada, Listrada başıma gələn təqibləri, çəkdiyim əzabları diqqətlə izlədin. Nə cür təqiblərə qatlandım! Amma Rəbb məni bunların hamısından xilas etdi.  12Məsih İsada möminliyə yaraşan bir həyat sürmək istəyənlərin hamısı təqibə məruz qalacaq.  13Amma pis adamlar və saxtakarlar aldadıb-aldanaraq getdikcə daha betər olacaqlar.  14Sənsə öyrəndiyin və güvəndiyin şeylərə sadiq qal. Çünki bunları kimlərdən öyrəndiyini bilirsən,  15Müqəddəs Yazıları uşaqlıqdan bilirsən. Onlar Məsih İsaya olan iman vasitəsilə sənə xilas gətirən hikmət verməyə qadirdir.  16Bütün Müqəddəs Yazılar Allahdan ilham almış və təlim, məzəmmət, islah, salehlik tərbiyəsi üçün faydalıdır;  17beləcə Allah adamı bacarıqlı olub hər yaxşı iş üçün təchiz edilsin.

YUXARI

2 Timoteyə 4

1Allahın və dirilərlə ölüləri mühakimə edəcək Məsih İsanın önündə Onun zühuru və Padşahlığının haqqı üçün sənə buyururam ki,  2Allahın kəlamını vəz edəsən, hansı vaxt olursa-olsun hazır olasan, insanlara tam səbirlə təlim öyrədərək məzəmmət, xəbərdarlıq və nəsihət verəsən.  3Çünki elə bir zaman gələcək ki, sağlam təlimə dözməyəcəklər. Qulaq oxşayan sözlər eşitmək üçün ətraflarına öz ehtiraslarına uyğun müəllimlər toplayacaqlar.  4Qulaqlarını həqiqətdən döndərəcək, əfsanələrə meyl göstərəcəklər.  5Amma sən hər vəziyyətdə ayıq ol. Əzaba qatlaş, müjdəçilik işini yerinə yetir, öz xidmətinə tam əməl et.  6Çünki qanım artıq içmə təqdimi kimi tökülmək üzrədir. Artıq ayrılma zamanım gəldi.  7Mən yaxşı mübarizə aparmışam, yolumu sona çatdırdım, imanı saxladım.  8İndi salehlik tacı mənim üçün hazır durur. Ədalətli Hakim olan Rəbb qiyamət günü onu mənə – yalnız mənə deyil, Onun zühuruna can atanların hamısına verəcək.

Şəxsi ricalar və salamlar

9Yanıma tez gəlməyə çalış.  10Çünki Dima indiki dövrü sevdiyi üçün məni tərk edib Salonikə getdi. Kreskent Qalatiyaya, Tit isə Dalmatiyaya getdi.  11Yalnız Luka yanımdadır. Markı da götür özünlə gətir, çünki o etdiyim xidmətdə mənə yardım edir.  12Tixiki isə Efesə göndərdim.  13Troasda Karpın yanında qoyduğum yapıncını, kitabları, xüsusən, yazılı dəriləri də gələndə gətir.  14Misgər İsgəndər mənə çox pislik etdi. Rəbb ona əməllərinin əvəzini verəcək.  15Sən də ondan özünü gözlə. Çünki söylədiklərimizə ciddi-cəhdlə zidd getdi.  16Mən ilk dəfə müdafiə olunanda heç kim mənə tərəfdar çıxmadı, hamı məni tərk etdi. Qoy onlara günah sayılmasın.  17Lakin Rəbb köməyimə gəlib mənə güc verdi ki, vəz mənim vasitəmlə tam elan edilsin və onu bütün millətlər eşitsin. Mən aslanın ağzından xilas oldum.  18Rəbb məni hər cür pis əməldən qurtaracaq və Öz Səmavi Padşahlığı üçün xilas edəcək. Ona əbədi olaraq izzət olsun! Amin.  19Priskila ilə Akilaya və Onisiforun ev əhlinə salam söylə.  20Erast Korinfdə qaldı. Trofimi isə xəstə halda Miletdə qoydum.  21Çalış ki, qışdan əvvəl gələsən. Evvul, Pudent, Lin, Klavdiya və bütün bacı-qardaşlar sənə salam göndərir.  22Rəbb sənin ruhuna yar olsun! Sizə lütf olsun!

YUXARI

1 Timoteyə

Fəsillər

1 2 3 4 5 6

 

1 Timoteyə 1

1Xilaskarımız Allahın və ümidimiz olan Məsih İsanın əmrinə görə Məsih İsanın həvarisi mən Pauldan  2imanda mənə əsl oğul olan Timoteyə salam! Ata Allahdan və Rəbbimiz Məsih İsadan sənə lütf, mərhəmət və sülh olsun!

Yanlış təlimlərdən çəkinin

3Makedoniyaya gedərkən mən səndən xahiş etdiyim kimi Efesdə qal və bəzi insanlara əmr et ki, yad təlim yaymasınlar,  4əfsanə və bitməz-tükənməz nəsil şəcərələri ilə məşğul olmasınlar. Çünki bu şeylər Allahın niyyətinin imanla yerinə yetməsi üçün faydalı deyil, əksinə, boş mübahisələrə səbəb ola bilər.  5Bu əmrin məqsədi pak ürəkdən, təmiz vicdandan və riyasız imandan gələn məhəbbətdir.  6Bəzi adamlar isə bunlardan azaraq boşboğazlığa qapıldılar.  7Qanun müəllimi olmaq istəyirlər, amma nə söylədikləri sözləri, nə də üstündə durduqları mövzuları anlayırlar.  8Biz bilirik ki, kimsə Qanundan qanuni şəkildə istifadə edərsə, Qanun yaxşıdır.  9Bunu da bilirik ki, Qanun saleh üçün deyil, qanunsuzlar və itaətsizlər, allahsızlarla günahkarlar, müqəddəs olmayanlar və Allahla əlaqəsi olmayanlar, ata və analarını öldürənlər, qatillər,  10əxlaqsızlar, kişibazlar, adam oğruları, yalançılar, andı pozanlar və sağlam təlimə zidd olan bütün başqaları üçün qoyulmuşdur.  11Bəxtiyarlıq mənbəyi olan Allahın mənə əmanət etdiyi izzətli Müjdəyə görə bu belədir.

Allah mərhəmətlidir

12Mənə qüvvət verən Rəbbimiz Məsih İsaya şükür edirəm ki, məni sadiq sayıb Öz xidmətinə təyin etdi.  13Əvvəllər Ona küfr edən, təqibçi və söyüşkən olduğum halda mənə mərhəmət edildi. Çünki nə etdimsə, cahillik və imansızlıq üzündən etdim.  14Amma Rəbbimizin lütfü Məsih İsada olan iman və məhəbbətlə birlikdə mənə bol-bol ehsan edildi.  15Məsih İsa günahkarları xilas etmək üçün dünyaya gəldi, bu söz etibarlı və tamamilə qəbul olunmağa layiq sözdür. O günahkarlardan ən betəri mənəm.  16Lakin ən betəri olduğum halda mənə buna görə mərhəmət edildi ki, Məsih İsa mənim vasitəmlə hədsiz səbrini göstərsin. Ona görə ki gələcəkdə Ona iman edib əbədi həyata malik olanlara mən nümunə olum.  17Əsrlərin Padşahı, ölməz, görünməz və bir olan Allaha əbədi olaraq hörmət və izzət olsun! Amin.  18Oğlum Timotey, əvvəlcədən sənin haqqında söylənən peyğəmbərlik sözlərinə əsasən bu əmri sənə həvalə edirəm ki, bu sözlərə güvənərək yaxşı mübarizə aparasan,  19imana və təmiz vicdana sarılasan. Bəziləri təmiz vicdanı rədd edərək imanlarını qəzaya uğrayan gəmi kimi batırdılar.  20Himeney və İsgəndər də onlardandır. Küfr etməməyi öyrənsinlər deyə onları Şeytana təslim etdim.

YUXARI

1 Timoteyə 2

Dua və ibadət

1Hər şeydən əvvəl xahiş edirəm: möminlik və ləyaqətlə sakit və rahat ömür sürməyimiz üçün, bütün insanlar, o cümlədən, padşahlar və hakimiyyət sahibi olanların hamısı üçün yalvarış, dua, vəsatət və şükürlər edilsin.  2

Dua və ibadət

Hər şeydən əvvəl xahiş edirəm: möminlik və ləyaqətlə sakit və rahat ömür sürməyimiz üçün, bütün insanlar, o cümlədən, padşahlar və hakimiyyət sahibi olanların hamısı üçün yalvarış, dua, vəsatət və şükürlər edilsin.  3Çünki bu yaxşıdır və Xilaskarımız Allahı razı salır.  4O bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir.  5Çünki bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır.  6O hamını satın almaq üçün Özünü fidyə verdi və bu da münasib vaxtda edilən şəhadətdir.  7Mən də həmin şəhadətin vaizi və həvarisi təyin edildim – yalanı deyil, həqiqəti söyləyirəm. Başqa millətlərə iman və həqiqət öyrədən müəllim oldum.  8Buna görə istəyirəm ki, kişilər qəzəblənmədən, mübahisə etmədən hər yerdə müqəddəs əllər qaldırıb dua etsinlər,  9qadınlar da ədəbli görkəmlə, abır-həya və ağıl-kamalla bəzənsinlər. Dəbdəbəli saç düzümü ilə, qızıllarla, mirvarilərlə və yaxud bahalı paltarlarla deyil,  10mömin olduqlarını bəyan edən qadınlara yaraşan tərzdə xeyirli işlərlə bəzənmələrini istəyirəm.  11Qadın sakitlik və tam bir tabelik içində öyrənsin;  12qadının öyrədib kişiyə ağalıq etməsinə izin vermirəm, qadın sakit olsun.  13Çünki ilk yaradılan Adəm oldu, sonra Həvva.  14Aldadılan da Adəm deyildi, qadın aldadılıb əmri pozdu;  15amma qadın doğuşla xilas olacaq, bir şərtlə ki ağıl-kamalla imanda, məhəbbətdə və müqəddəslikdə yaşamağa davam etsin.

YUXARI

1 Timoteyə 3

İmanlılar cəmiyyətinin başçıları

1Bu söz etibarlıdır: kim cəmiyyətdə nəzarətçi olmağa can atırsa, xeyirli iş arzu edir.  2Nəzarətçi nöqsansız, tək arvadlı olaraq ona sadiq, ayıq, ağıllı-kamallı, ədəbli, qonaqpərvər olmalı, öyrətməyi bacarmalıdır.  3Şərab düşkünü olmamalı; zorakı deyil, mülayim olmalı; davakar və pulpərəst olmamalıdır.  4Öz evini yaxşı idarə etməli, tam bir ləyaqətlə uşaqlarını öz tabeliyində saxlamalıdır.  5Öz şəxsi evini idarə edə bilməyən Allahın cəmiyyətinin qayğısına necə qala bilər?  6Nəzarətçi yeni iman etmiş adam olmamalıdır. Yoxsa qürurlanıb iblisin uğradığı eyni mühakiməyə uğraya bilər.  7Kənar insanlar tərəfindən də yaxşı bir insan kimi tanınmalıdır. Belə ki iblisin qurduğu tora düşüb utandırılmasın.  8Cəmiyyət xidmətçiləri də ləyaqətli olmalıdır. Riyakar, şərab düşkünü yaxud haqsız qazanca həris olmamalıdır.  9İman sirrini təmiz vicdanla saxlamalıdırlar.  10Onlar da əvvəlcədən sınaqdan keçsinlər, əgər nöqsanları olmazsa, o zaman xidmət etsinlər.  11Qadınlar da böhtançı deyil, ləyaqətli, ayıq və hər şeydə sadiq olmalıdırlar.  12Xidmətçilər tək arvadlı olaraq ona sadiq olsun, öz uşaqlarını və evlərini yaxşı idarə etsinlər.  13Çünki yaxşı xidmət edənlər özləri üçün yaxşı bir mövqe və Məsih İsaya olan imanlarında böyük cəsarət qazanırlar.

Böyük sirr

14Tezliklə yanına gəlmək ümidi ilə bu şeyləri sənə yazıram ki,  15əgər geciksəm belə, sən Allahın ev xalqı arasında necə həyat sürmək lazım olduğunu biləsən. Bu xalq var olan Allahın cəmiyyəti, həqiqətin dirəyi və bünövrəsidir.  16Şübhəsiz ki, möminliyin sirri böyükdür: O, cismən zühur etdi,

Ruh tərəfindən təsdiq olundu,

Mələklərə göründü,

Millətlərə vəz olundu,

Dünyada Ona iman edildi,

İzzətlə göyə çəkildi.

YUXARI

1 Timoteyə 4

İmandan dönüş

1Ruh aydın şəkildə deyir ki, gələcəkdə bəziləri imandan dönəcək, aldadıcı ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar.  2Bu təlimlər yalançıların ikiüzlülüyü ilə yayılır. Onların vicdanı sanki yanıq yarası kimi hissiyyatını itirmişdir.  3Bu yalançılar evlənməyi qadağan edir və bəzi yeməklərdən çəkindirirlər. Amma Allah bu yeməkləri iman edib həqiqəti dərk edənlərin şükürlə qəbul etməsi üçün yaradıb.  4Çünki Allahın yaratdığı hər şey yaxşıdır, şükürlə qəbul edilən heç bir şey rədd edilməməlidir.  5Çünki hər şey Allahın kəlamı və dua ilə təqdis olur.

Məsihin yaxşı xidmətçisi

6Bunları bacı-qardaşlara öyrətsən, imanın və əməl etdiyin yaxşı təlimatın sözləri ilə qidalanaraq Məsih İsanın yaxşı bir xidmətçisi olarsan.  7Allahsız, axmaq qoca qarı əfsanələrindən uzaq dur. Mömin olmaq üçün özünü yetişdir.  8Bədən məşqinin az faydası olur, möminlik isə hər şey üçün faydalıdır, çünki bunda indi və gələcək üçün həyat vədi var.  9Bu söz etibarlıdır və tamamilə qəbul olunmağa layiq sözdür.  10Ona görə də biz zəhmət çəkir və mübarizə aparırıq. Çünki ümidimizi bütün insanların, xüsusən iman edənlərin Xilaskarı, var olan Allaha bağlamışıq.  11Bunları buyur və öyrət.  12Gənc olduğun üçün qoy heç kim sənə xor baxmasın. Amma sözdə, həyat tərzində, məhəbbətdə, imanda, paklıqda imanlılara nümunə ol.  13Mən gəlincə Müqəddəs Yazıları hamıya oxumaqla, nəsihət verməklə, təlim verməklə məşğul ol.  14Ağsaqqallar əllərini sənin üzərinə qoyanda sənə peyğəmbərlik sözü ilə verilən səndə olan ruhani ənama etinasızlıq etmə.  15Bunların hamısına səy göstərərək özünü həsr et ki, sənin inkişafın hamıya aşkar olsun.  16Özünə və verdiyin təlimə diqqətli ol. Bu işlərlə məşğul olmağa davam et. Çünki bunu etməklə həm özünü, həm də səni dinləyənləri xilas edəcəksən.

YUXARI

1 Timoteyə 5

İmanlılar cəmiyyətində məsuliyyətlər

1Ağsaqqalla sərt danışma, ona ata kimi, cavanlara isə qardaş kimi,  2ağbirçəklərə ana kimi, gənc qadınlara tamamilə saf ürəklə bir bacı kimi nəsihət ver.  3Həqiqi dul qadınlara hörmət et.  4Lakin əgər bir dul qadının uşaqları ya da nəvələri varsa, bunlar əvvəlcə öz ailələrinə yardım edərək möminliyi, yaşlı ailə üzvlərinə də haqqını verməyi öyrənsinlər. Çünki bu, Allahı razı salır.  5Həqiqətən, dul qalıb kimsəsiz olan qadın öz ümidini Allaha bağlamışdır, gecə-gündüz Ona yalvarmağa və dua etməyə davam edir.  6Keflə yaşayan dul qadınsa yaşadığı halda ölüdür.  7Nöqsansız olmaqları üçün bu əmrləri tapşır.  8Öz yaxınlarının, xüsusən, ailə üzvlərinin qayğısına qalmayan insan imanı inkar etmiş və imansızdan betərdir.  9Qoy bir dul qadının adı dullar siyahısına bu şərtlə yazılsın: ən azı altmış yaşına çatmış, ərinə sadiq olmuş,  10etdiyi yaxşı işlərlə tanınmış olsun, məsələn, uşaqlar böyütmüş, qonaqpərvərlik göstərmiş, müqəddəslərin ayaqlarını yumaqla xidmət etmiş, əziyyət çəkənlərə yardım etmiş, hər cür xeyirli işlə məşğul bir şəxs olmalıdır.  11Altmış yaşa çatmamış dul qadınları isə siyahıya yazma. Çünki cismani istəkləri Məsihə bağlılıqlarına qalib gələn kimi ərə getmək istəyərlər.  12Beləcə verdikləri ilk sözdən çıxdıqları üçün mühakiməyə məruz qalırlar.  13Eyni zamanda evdən evə gəzərək tənbəlliyə öyrənərlər. Yalnız tənbəllik deyil, lazım olmayan sözlər danışaraq qeybət edərlər, başqalarının işlərinə burunlarını soxarlar.  14Beləliklə, yaşa dolmamış dul qadınların ərə getməsini, uşaq doğmasını, evini idarə etməsini, düşmənə heç bir böhtan atmaq fürsətini verməməsini istəyirəm.  15Artıq bəziləri azıb Şeytanın ardınca getmişdir.  16İmanlı bir qadının dul qadın yaxınları varsa, qoy onlara yardım etsin. İmanlılar cəmiyyəti belə yükün altına girməsin ki, həqiqi dul qadınlara yardım edə bilsin.  17Cəmiyyəti yaxşı idarə edən ağsaqqallar, xüsusən, vəz və təlim işində zəhmət çəkənlər maddi və mənəvi cəhətdən təmin olunmağa layiq görülsün.  18Çünki Müqəddəs Yazıda belə deyilir: «Xırman çəkən öküzün ağzını bağlama» və «işçi öz haqqına layiqdir».  19İki yaxud üç şahid olmadıqda bir ağsaqqala qarşı olan ittihama əhəmiyyət vermə.  20Günah işlədən ağsaqqalları hamının qarşısında məzəmmət et ki, digərləri də günah işlətməkdən qorxsun.  21Allahın, Məsih İsanın və seçilmiş mələklərin önündə sənin öhdənə qoyuram ki, ayrı-seçkilik salmadan, tərəfkeşlik etmədən bu təlimatlara riayət edəsən.  22Heç kimin üzərinə tələsərək əl qoyma, başqalarının günahlarına şərik olma, özünü pak saxla.  23Yalnız su içməkdən vaz keç; mədənə və tez-tez baş verən xəstəliklərinə görə bir az şərab da iç.  24Bəzi insanların günahları mühakiməyə düşəndən əvvəl də bəllidir, digərlərininki isə sonradan ortaya çıxar.  25Beləcə yaxşı işlər də qabaqcadan bəllidir, bəlli olmayanlar da gizli qala bilməyəcək.

YUXARI

1 Timoteyə 6

1Qul boyunduruğu altında olanların hamısı öz ağalarını tam hörmətə layiq saysınlar ki, Allahın adına və təliminə küfr söylənməsin.  2Ağaları iman etmiş olanlarsa qardaş olduğu üçün ağalarına xor baxmasınlar. Əksinə, onlara daha yaxşı qulluq etsinlər. Çünki bu qulluqdan faydalananlar sevdikləri imanlılardır. Bu şeyləri öyrət və nəsihət ver.

Allah yoluna bağlılıq

3Kim yad təlimlər yayıb Rəbbimiz İsa Məsihin sağlam sözləri ilə və möminliyə uyğun təlimlə razı deyilsə,  4o adam qürurlanıb heç bir şey dərk etmir, lakin mübahisə və sözlərin mənası barədə dava yaratmaq xəstəliyinə tutulub. Bunların nəticəsi paxıllıq, münaqişə, böhtançılıq və bədgümanlıqdır;  5pozğun düşüncəli, həqiqətdən məhrum, möminliyi qazanc mənbəyi kimi zənn edən adamların fasiləsiz mübahisələridir.  6Əlindəki ilə kifayətlənərək mömin olmaqsa böyük qazanc mənbəyidir.  7Çünki dünyaya heç bir şey gətirməmişik və oradan heç bir şey də götürə bilmərik.  8Yeməyimiz və paltarımız varsa, bunlarla kifayətlənirik.  9Zəngin olmaq istəyənlərsə sınağa və tora düşərlər; insanı məhvə və həlaka aparan bir çox axmaq və ziyanverici ehtiraslara batırlar.  10Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Kimlərsə bu həvəslə imandan azıb öz-özlərinə sanki bıçaq soxmuş kimi çox əzab verdilər.  11Amma sən, ey Allah adamı, bu şeylərdən qaç. Salehliyin, möminliyin, imanın, məhəbbətin, dözümün, həlimliyin ardınca get.  12İman uğrunda yaxşı mübarizə apar. Əbədi həyatı bərk tut; bunun üçün çağırıldın və yaxşı əqidəni bir çox şahid qarşısında iqrar etdin.  13Hər şeyə həyat verən Allahın və Ponti Pilatın önündə öz yaxşı əqidəsinə şəhadət edən Məsih İsanın hüzurunda sənə tapşırıram ki,  14Rəbbimiz İsa Məsihin zühurunadək Allahın əmrinə ləkəsiz və nöqsansız riayət et.  15Allah Onu Öz vaxtında zahir edəcək. O, bəxtiyarlıq mənbəyi olan tək Hökmdar, şahların Şahı və ağaların Ağasıdır.  16Yeganə ölməzliyə malik olan, əlçatmaz nurda yaşayan Odur. Onu insanlardan heç kəs görməyib və görə də bilməz. Ona izzət və əbədi qüdrət olsun. Amin.  17Bu dövrdə varlı olanlara buyur ki, təkəbbürlü olmasınlar və gəldi-gedər var-dövlətə yox, zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər.  18Xeyirxahlıq göstərsinlər, yaxşı işlərlə zəngin, əliaçıq olub öz malını başqaları ilə bölüşsünlər.  19Beləliklə, gələcək üçün özlərinə sağlam təməl olacaq bir xəzinə toplasınlar. Yəni həqiqi həyatı bərk tutsunlar.  20Ey Timotey, sənə verilən əmanəti qoru! Allahsız boşboğazlıqdan və yalan yerə «bilik» adlanan şeyin zidd fikirlərindən uzaq dur.  21Bəziləri bu biliyə sahib olduqlarını iddia edərək imandan azdılar. Sizə lütf olsun!

YUXARI

2 Salonikililərə

Fəsillər

1 2 3

 

2 Saloniklilərə 1

1Paul, Sila və Timoteydən Atamız Allah və Rəbb İsa Məsihdə olan Saloniklilər cəmiyyətinə salam!  2Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!

Hökm günü

3Qardaşlar, sizin üçün həmişə Allaha şükür etməliyik və belə etməyimiz yerinə düşər, çünki imanınız artdıqca artır və hamınızın bir-birinizə olan məhəbbəti çoxalır.  4Bunun üçün tab gətirdiyiniz bütün təqiblərə, əziyyətlər zamanı dözümünüzə və imanınıza görə Allahın cəmiyyətlərində sizinlə özümüz də fəxr edirik.  5Bu şeylər Allahın ədalətli hökmünün əlamətidir ki, nəticədə uğrunda indi əzab çəkdiyiniz Allahın Padşahlığına layiq sayılasınız.  6Çünki Allahın hüzurunda haqq olan işdir ki, sizə əziyyət verənlərə əziyyət,  7əziyyət çəkən sizlərə isə bunun əvəzində bizimlə birlikdə rahatlıq veriləcək. Bu, Rəbb İsanın qüdrətli mələkləri ilə od-alov içərisində göydən zühur etdiyi zaman olacaq.  8O zaman Rəbbimiz İsa Allahı tanımayanlardan və Özü barədə olan Müjdəyə itaət etməyənlərdən qisas alacaq.  9Onlara Rəbbin hüzurundan və qüdrətinin izzətindən məhrum qalıb əbədi olaraq məhv edilmə cəzası veriləcək.  10Bunlar Rəbbin Öz müqəddəsləri arasında izzət qazanmaq və bütün imanlıları heyrətə gətirmək üçün gəldiyi gün baş verəcək. Siz də belə imanlılardansınız, çünki etdiyimiz şəhadətə inandınız.  11Buna görə sizin üçün daim dua edirik ki, Allahımız sizi Öz çağırışına layiq görsün, hər yaxşı niyyətinizi və imandan asılı hər əməlinizi Öz qüdrəti ilə yerinə yetirsin.  12Belə ki Allahımızın və Rəbb İsa Məsihin lütfünə görə Rəbbimiz İsanın adı sizdə izzət qazansın və siz də Onda izzət qazanasınız.

YUXARI

2 Saloniklilərə 2

Qanunsuz adam

1Rəbbimiz İsa Məsihin zühuruna və bizim Onunla birlikdə olmaq üçün toplaşmağımıza gəlincə, qardaşlar, sizdən xahiş edirik:  2qoy «Rəbbin günü çatmışdır» deyə iddia edən hər hansı bir ruh, bir söz yaxud guya bizdən gələn bir məktub sizi tez ağıldan çıxarıb təlaşa salmasın.  3Heç kim sizi heç bir şəkildə aldatmasın. Çünki əvvəl üsyan qaldırılaraq həlak edilməli qanunsuz adam meydana çıxmayınca o gün gəlməyəcək.  4O adam, allah adlanan yaxud səcdə edilən hər şeyə qarşı çıxaraq özünü hamıdan üstün tutacaq. Belə ki Allahın məbədində əyləşib özünün Allah olduğunu elan edəcək.  5Hələ yanınızda olarkən bunları sizə söylədiyim yadınızda deyilmi?  6Bəli, vaxtı çatanda meydana çıxsın deyə indi o adama nəyin mane olduğunu bilirsiniz.  7Hələ indi də qanunsuzluğun sirli gücü fəaliyyətdədir. Ancaq hələlik həmin gücə mane olan şəxs aradan qalxanadək belə olacaq.  8Sonra həmin qanunsuz adam meydana çıxacaq və Rəbb İsa onu ağzından çıxan nəfəsi ilə öldürəcək, Öz zühurunun əzəməti ilə məhv edəcək.  9Bu qanunsuz adam Şeytanın fəaliyyətinə əsaslanaraq hər cür yalan möcüzə, əlamət və xariqələrlə  10və həmçinin hər cür haqsızlığın hiyləsi ilə gələcək ki, həqiqəti sevərək xilas olmaq əvəzinə, bunu rədd etdikləri üçün həlak olacaq insanları aldatsın.  11Buna görə Allah onların üzərinə aldadıcı bir qüvvə göndərir ki, yalana inansınlar.  12Belə ki həqiqətə inanmayıb haqsızlıq etməkdən zövq alanların hamısı mühakimə olunsun.

Möhkəm dayanın

13Bizsə, ey Rəbbin sevdiyi qardaşlar, sizin üçün həmişə Allaha şükür etməliyik. Çünki Allah başlanğıcdan sizi Ruhun təqdisi və həqiqətə iman vasitəsilə xilas üçün seçdi.  14Rəbbimiz İsa Məsihin izzətinə nail olmağınız üçün O bizim yaydığımız Müjdə ilə sizi bu xilasa çağırdı.  15Beləliklə, qardaşlar, möhkəm dayanın və sözümüz yaxud məktubumuz vasitəsilə öyrəndiyiniz təlimlərə bağlı qalın.  16Rəbbimiz İsa Məsihin Özü və bizi sevib lütfü ilə əbədi cəsarət və xeyirli ümid verən Atamız Allah  17sizi ürəkləndirsin, hər yaxşı söz və əməldə möhkəmləndirsin.

YUXARI

2 Saloniklilərə 3

Bizim üçün dua edin

1Nəhayət, qardaşlar, bizim üçün dua edin ki, Rəbbin kəlamı aranızda olduğu kimi sürətlə yayılıb izzət qazansın,  2pis və şər adamlardan xilas olaq. Çünki iman hamıya məxsus deyil.  3Amma Rəbb etibarlıdır. O sizi möhkəmləndirib şər olandan qoruyacaq.  4Biz də Rəbbə güvənərək sizdən arxayınıq ki, verdiyimiz əmrlərə əməl edirsiniz və edəcəksiniz.  5Qoy Rəbb ürəklərinizi Allahın məhəbbətinə və Məsihin dözümünə yönəltsin.

Dolanışığınızı zəhmətinizlə qurun

6Ey qardaşlar, Rəbbimiz İsa Məsihin adı ilə sizə əmr veririk ki, bizdən qəbul etdiyi təlimə görə yaşamayan, avara həyat sürən hər bir bacı-qardaşdan uzaqlaşın.  7Bizlərdən necə nümunə götürmək lazım olduğunu özünüz də bilirsiniz. Çünki yanınızda olarkən avara dolanmadıq,  8heç kimin çörəyini müftə yemədik. Əksinə, gecə-gündüz əmək və zəhmət çəkərək işlədik ki, heç birinizə yük olmayaq.  9Bunu ixtiyarımız çatmadığına görə deyil, sizə nümunəvi yol göstərərək bu yolla getməyiniz üçün etdik.  10Hətta biz sizinlə olarkən sizə bu əmri verdik: kim işləmək istəmirsə, yemək də yeməsin.  11Eşitmişik ki, sizlərdən bəzisi avara həyat sürür; heç bir iş görmədikləri halda hər şeyə qarışırlar.  12Belələrinə Rəbb İsa Məsih naminə əmr verib xəbərdarlıq edirik ki, sakitcə işləyib öz çörəklərini yesinlər.  13Sizsə, qardaşlar, yaxşılıq etməkdən yorulmayın.  14Əgər kimsə bu məktubdakı sözlərimizə qulaq asmaq istəməzsə, onu nəzərdə saxlayın və onunla əlaqəni kəsin ki, utansın.  15Yenə də onu düşmən sanmayın, bir qardaş kimi ona nəsihət verin.

Salam göndərmə

16Sülh qaynağı olan Rəbbin Özü isə sizə hər zaman və hər vəziyyətdə sülh versin! Rəbb hamınıza yar olsun!  17Mən Paul salamı sizə öz əlimlə yazıram. Bunu hər məktubumda xüsusi bir işarə kimi yazıram.  18Rəbbimiz İsa Məsihin lütfü hamınıza yar olsun!

YUXARI

1 Salonikililərə

Fəsillər

1 2 3 4 5

 

1 Saloniklilərə 1

1Paul, Sila və Timoteydən Ata Allah və Rəbb İsa Məsihdə olan Saloniklilər cəmiyyətinə salam! Sizə lütf və sülh olsun!

Nümunəvi iman

2Dualarımızda sizi yada salıb həmişə hər birinizə görə Allaha şükür edirik.  3Çünki imandan yaranan əməllərinizi, məhəbbətdən doğan zəhmətinizi və Rəbbimiz İsa Məsihə bağladığınız ümidin verdiyi dözümü Atamız Allah qarşısında daim yada salırıq.  4Ey Allahın sevimlisi olan qardaşlar, bilirik ki, O sizi seçib.  5Ona görə ki yaydığımız Müjdə yalnız sözlə deyil, qüvvə ilə, Müqəddəs Ruhla və çox inandırıcılıqla sizə çatıb. Aranızda ikən sizin üçün necə bir adam olduğumuzu bildiniz.  6Siz də böyük əziyyət içində Müqəddəs Ruhun verdiyi sevinclə kəlamı qəbul edib bizdən və Rəbdən nümunə götürdünüz.  7Beləliklə, siz Makedoniya və Axayyadakı bütün imanlılar üçün nümunə oldunuz.  8Çünki Rəbbin kəlamının sədası sizdən yayıldı. Allaha imanınızın sorağı yalnız Makedoniya və Axayyaya deyil, hər yerə çatıb. Daha bizə söz deməyə ehtiyac qalmadı.  9Çünki özləri xəbər yaydılar ki, bizi nə qədər yaxşı qarşıladınız və var olan həqiqi Allaha qulluq etmək üçün, həmçinin Onun ölülər arasından diriltdiyi Oğlunun, yəni bizi gələcək qəzəbdən qurtaran İsanın göylərdən zühurunu gözləmək üçün bütlərdən Allaha tərəf necə döndünüz.  10Çünki özləri xəbər yaydılar ki, bizi nə qədər yaxşı qarşıladınız və var olan həqiqi Allaha qulluq etmək üçün, həmçinin Onun ölülər arasından diriltdiyi Oğlunun, yəni bizi gələcək qəzəbdən qurtaran İsanın göylərdən zühurunu gözləmək üçün bütlərdən Allaha tərəf necə döndünüz.

YUXARI

1 Saloniklilərə 2

Paulun Salonikdəki xidməti

1Qardaşlar, özünüz də bilirsiniz ki, yanınıza gəlməyimiz əbəs olmadı.  2Bildiyiniz kimi, əvvəlcə Filipidə əziyyət çəkmiş, təhqir olunmuşduq. Amma böyük ziddiyyətlərə baxmayaraq, Allahın Müjdəsini sizə bəyan etmək üçün Allahımızdan cəsarət aldıq.  3Çünki bizim çağırışımız aldatmağa, murdarlığa əsaslanmır və bunun hiyləgərliyə də dəxli yoxdur.  4Əksinə, Allah tərəfindən Müjdəni yaymaq tapşırığını almağa layiq görüldüyümüzə görə insanları deyil, ürəklərimizi sınaqdan keçirən Allahı razı salmaqdan ötrü danışırıq.  5Siz bilirsiniz ki, heç vaxt yanınıza yaltaq sözlərlə yaxud tamahkarlığı gizlədən riyakarlıqla gəlmədik. Allah da buna şahiddir.  6İzzəti heç bir insanda – nə sizdə, nə də başqalarında axtardıq.  7Məsihin həvariləri kimi bunu sizdən tələb edə bilərdik, amma biz sizinlə övladlarını isti qucağına alıb yedirdən ana kimi mülayim rəftar etdik.  8Sizlərə elə könül bağlamışdıq ki, yalnız Allahın Müjdəsini deyil, öz canlarımızı belə, sizə verməyə razı idik. Çünki bizim sevimlilərimiz idiniz.  9Bəli, qardaşlar, bizim əmək və zəhmətimizi xatırlayırsınız: heç birinizə yük olmamaq üçün gecə-gündüz çalışaraq sizə Allahın Müjdəsini vəz etdik.  10Siz imanlılarla necə müqəddəs, saleh və nöqsansız davrandığımıza həm özünüz, həm də Allah şahiddir.  11Bildiyiniz kimi, ata övladları ilə necə rəftar edirsə, biz də hər birinizlə elə rəftar etdik.  12Sizə öyüd verdik, ruhlandırdıq və yalvardıq ki, Öz Padşahlığına və izzətinə çağıran Allaha layiq şəkildə həyat sürəsiniz.  13Biz də dayanmadan Allaha şükür edirik ki, siz bizdən eşitdiyiniz Allah kəlamını qəbul edəndə onu bəşəri söz kimi deyil, həqiqətən, Allahın kəlamı olaraq qəbul etdiniz. Siz imanlılarda fəaliyyət göstərən də bu kəlamdır.  14Çünki qardaşlar, siz Allahın Yəhudeyadakı Məsih İsada olan cəmiyyətlərindən nümunə götürdünüz. Onların Yəhudilərdən çəkdiyi əzabları eynilə siz də öz soydaşlarınızdan çəkdiniz.  15Yəhudilər Rəbb İsanı və peyğəmbərləri öldürdülər, bizi də təqib etdilər. Onlar Allahı narazı salır və bütün insanlara qarşı çıxırlar.  16Çünki başqa millətlər xilas olsunlar deyə biz onlarla danışanda bu Yəhudilər bizə mane olur. Beləcə hər zaman günahlarının üzərinə günah gətirirlər. Axırda Allahın qəzəbinə düçar oldular.

Gecikən səyahət

17Bizsə, qardaşlar, qısa bir müddət üçün qəlbən deyil, şəxsən sizdən məhrum olduq, ona görə böyük arzu ilə üzünüzü görməyə daha çox səy göstərdik.  18Biz yanınıza gəlməyi arzu etdik, dəfələrlə mən Paul bunu istədim, amma Şeytan bizə mane oldu.  19Rəbbimiz İsa zühur edəndə ümidimiz, sevincimiz yaxud Onun önündə fəxr tacımız nədir? Siz deyilsinizmi?  20Çünki siz bizim izzətimiz və sevincimizsiniz.

YUXARI

1 Saloniklilərə 3

1Buna görə də artıq dözməyib Afinada tək qalmağa razı olduq  2və qardaşımız, Məsihin Müjdəsini yaymaqda Allahın əməkdaşı olan Timoteyi sizi imanda möhkəmləndirmək və ruhlandırmaq üçün göndərdik.  3Belə ki qoy bu əziyyətlərdən heç kim sarsılmasın. Özünüz bilirsiniz ki, biz bunun üçün təyin olunmuşuq.  4Çünki yanınızda olarkən əziyyət çəkəcəyimizi sizə əvvəlcədən demişdik və bildiyiniz kimi, belə də oldu.  5Buna görə mən artıq dözməyib Timoteyi yanınıza göndərdim ki, imanınızdan xəbərdar olum. Qorxdum ki, sınağaçəkən bəlkə sınaqları ilə sizi yoldan çıxarmış olar və əməyimiz hədər gedər.

Salonikdən şad xəbərlər gəlir

6Amma yanınızdan indicə qayıdan Timotey imanınız və məhəbbətiniz haqqında bizə şad xəbər gətirdi. O dedi ki, siz bizi daim xoş təəssüratla yada salırsınız və biz həsrətinizi çəkdiyimiz kimi siz də həsrətimizi çəkirsiniz.  7Ona görə də, qardaşlar, bütün sıxıntı və əziyyətimizə baxmayaraq, imanınıza görə sizdən təsəlli aldıq.  8Çünki sizin Rəbdə qalmağınız indi bizə həyat verir.  9Allahımız qarşısında sizə görə tam sevincimiz var. Belə olmasaydı, sizə görə Allaha necə şükür edə bilərdik?  10Sizin üzünüzü görmək və imanınızda çatışmayanları tamamlamaq üçün gecə-gündüz səylə dua edirik.  11Qoy Atamız Allah Özü və Rəbbimiz İsa bizim üçün sizin tərəflərə yol açsın.  12Rəbb bir-birinizə və bütün insanlara olan məhəbbətinizi sizə olan məhəbbətimiz tək artırıb-çoxaltsın.  13Belə ki Rəbbimiz İsa bütün müqəddəsləri ilə birgə zühur edəcəyi vaxt Atamız Allahın önündə müqəddəslikdə nöqsansız olmağınız üçün ürəklərinizə qüvvə versin. Amin.

YUXARI

1 Saloniklilərə 4

Allahı razı salmaq

1Qardaşlar, necə həyat sürmək və Allahı razı salmaq barədə bizdən təlimat aldınız. Nəhayət, Rəbb İsa naminə sizdən xahiş edir və yalvarırıq ki, belə həyat sürməkdə daha çox inkişaf edin.  2Rəbb İsanın səlahiyyəti ilə sizə hansı əmrləri verdiyimizi bilirsiniz.  3Çünki Allahın iradəsinə görə müqəddəslik yolunuz belədir: cinsi əxlaqsızlıqdan qaçın,  4hər biriniz Allahı tanımayan bütpərəstlər kimi şəhvət və ehtirasla deyil, müqəddəslik və hörmətlə arvad almağı öyrənin,  5hər biriniz Allahı tanımayan bütpərəstlər kimi şəhvət və ehtirasla deyil, müqəddəslik və hörmətlə arvad almağı öyrənin,  6heç kim haqsızlıq edib bacı-qardaşını istismar etməsin. Çünki əvvəlcə sizə dediyimiz və xəbərdarlıq etdiyimiz kimi, Rəbb bütün bunlara görə qisas alacaq.  7Çünki Allah bizi murdarlığa deyil, müqəddəsliyə çağırmışdır.  8Ona görə bu təlimatı rədd edən kəs insanı deyil, sizə Öz Müqəddəs Ruhunu bəxş edən Allahı rədd edir.  9Qardaşlıq sevgisinə gəlincə, sizə yazmağa ehtiyac yoxdur, çünki Allah bir-birinizi sevməyi öyrədib.  10Əslində, siz bütün Makedoniyadakı bacı-qardaşların hamısı ilə belə davranırsınız. Lakin ey qardaşlar, rica edirik ki, belə işlərin sayını artırın.  11Sizə əmr etdiyimiz kimi çalışın ki, dinc yaşayasınız, öz işinizlə məşğul olasınız və əliniz işdə-gücdə olsun;  12belə ki kənar şəxslərin qarşısında hörmətəlayiq şəkildə həyat sürəsiniz və heç kimdən təminat almağa ehtiyac duymayasınız.

Rəbbin zühuru

13Qardaşlar, vəfat edənlər haqqında bixəbər qalmağınızı istəmirik ki, ümidsiz olan digər adamlar kimi kədərlənməyəsiniz.  14Axı İsanın ölüb-dirilməsinə inanırıqsa, demək İsaya bağlanaraq vəfat edənləri də Allah Onunla birgə qaytaracaq.  15Çünki Rəbbin kəlamına əsaslanaraq sizə deyirik ki, Rəbbin zühurunadək sağ qalan bizlər vəfat edənlərdən əsla qabağa keçməyəcəyik.  16Rəbb Özü əmrini səsləndirməklə, baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək. Əvvəlcə Məsihdə olaraq ölənlər diriləcək.  17Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində götürülüb-aparılacaq və beləcə daim Rəblə olacağıq. 18Buna görə bir-birinizə bu sözlərlə təsəlli verin.

YUXARI

1 Saloniklilərə 5

1Qardaşlar, zaman və məqamlar barədə sizə yazmağa ehtiyac yoxdur.  2Çünki özünüz də çox yaxşı bilirsiniz ki, Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək.  3İnsanlar «sülh və təhlükəsizlik» deyəndə hamilə qadının ağrıları necə qəfildən tutursa, onlar da elə qəfil məhvə düçar olacaq və bundan əsla qaça bilməyəcəklər.  4Amma, qardaşlar, siz qaranlıqda deyilsiniz ki, o gün sizi oğru kimi yaxalasın.  5Axı hamınız nur və gündüz övladlarısınız. Biz nə gecənin, nə də qaranlığın övladlarıyıq.  6Ona görə gəlin başqaları kimi yatmayaq, əksinə, oyanıb ayıq-sayıq dayanaq.  7Çünki yatanlar gecə yatır, əyyaşlar da gecə vaxtı əyyaşlıq edir.  8Gündüzə aid olan bizlərsə iman və məhəbbətlə döşümüzə zireh taxaraq xilas ümidini dəbilqə kimi başımıza qoyub ayıq-sayıq olaq.  9Çünki Allah bizi qəzəbə düçar olmaq üçün deyil, Rəbbimiz İsa Məsih vasitəsilə xilasa nail olmaq üçün təyin edib.  10Məsih bizim uğrumuzda öldü ki, oyaq olsaq da, yatmış olsaq da, Onunla birlikdə yaşayaq.  11Buna görə indiki kimi bir-birinizi ürəkləndirin və ruhən inkişaf etdirin.

Son öyüdlər və salamlar

12Ey qardaşlar, xahiş edirik ki, aranızda zəhmət çəkənlərin, Rəbdə sizə başçılıq edib nəsihət verənlərin qədrini bilin.  13Etdikləri əmələ görə onlara hədsiz məhəbbətlə hörmət göstərin. Bir-birinizlə sülh içində yaşayın.  14Qardaşlar, sizə yalvarırıq, avaralara nəsihət verin, cəsarətsizləri ruhlandırın, zəiflərə yardım edin, hamıya qarşı səbirli olun.  15Diqqətli olun ki, heç kim pisliyə pisliklə cavab verməsin, əksinə, bir-birinizə və bütün insanlara həmişə yaxşılıq etməyə çalışın.  16Daima sevinin,  17durmadan dua edin,  18hər vəziyyətdə şükür edin. Çünki bunlar Məsih İsada olan sizlər üçün Allahın iradəsidir.  19Ruhu söndürməyin.  20Peyğəmbərlik sözlərinə xor baxmayın.  21Hər şeyi sınaqdan keçirin və yaxşı olandan möhkəm tutun.  22Hər cür şərdən uzaq durun.  23Qoy sülh qaynağı olan Allahın Özü sizi tamamilə təqdis etsin və Rəbbimiz İsa Məsihin zühurunda ruhunuz, canınız və bədəniniz nöqsansız olaraq qorunsun.  24Sizi çağıran Allah sadiqdir və bunu edəcək.  25Qardaşlar, bizim üçün dua edin.  26Bütün bacı-qardaşları müqəddəs öpüşlə salamlayın.  27Rəbb naminə sizə and verirəm ki, bu məktubu bütün bacı-qardaşlara oxuyun.  28Rəbbimiz İsa Məsihin lütfü sizə yar olsun!

YUXARI