Əyyub

Fəsillər

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 2122232425262728293031 32 33343536373839404142

 

{attachments}

Əyyub 1

Əyyubun şəxsiyyəti və dövləti

1Uz ölkəsində Əyyub adlı bir şəxs var idi. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adam idi.  2Onun yeddi oğlu, üç qızı var idi.  3O, yeddi min baş qoyuna, üç min baş dəvəyə, beş yüz cüt öküzə, beş yüz baş eşşəyə və çoxlu nökərlərə sahib olub şərqdə yaşayanlar arasında ən varlı adam sayılırdı.  4Oğlanları növbə ilə evlərində ziyafət qurar və üç bacılarını da çağırardılar ki, birgə yeyib-içsinlər.  5Ziyafət müddəti bitəndən sonra Əyyub övladlarını çağırtdırıb təqdis edər və erkən qalxıb bütün övladlarının sayına görə yandırma qurbanı təqdim edərdi. Əyyub «bəlkə övladlarım günaha bataraq ürəklərində Allaha lənət ediblər» deyə düşündüyündən həmişə belə edərdi.

Əyyubun ilk sınağı

6Bir gün ilahi varlıqlar Rəbbin hüzuruna qalxmaq üçün gələndə Şeytan da onlara qoşulub gəldi.  7Rəbb Şeytana dedi: «Haradan gəlirsən?» Şeytan cavabında «dünyanı gəzib-dolaşmaqdan» dedi.  8Rəbb ona dedi: «Qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır».  9 Şeytan Rəbbə belə cavab verdi: «Əyyub Allahdan boş yerəmi qorxur?  10Canına, evinə, var-dövlətinə sipər olub onu qoruyan Sən deyilsənmi? Əlinin bütün əməyinə bərəkət vermisən, sürüləri bütün ölkəni bürüyüb.  11İndi bir əl uzadıb onun var-yoxunu əlindən al, o, gözünün qabağında mütləq Sənə lənət edəcək».  12Rəbb Şeytana dedi: «Yaxşı, sahib olduğu hər şeyi sənə təslim edirəm, amma canına toxunma». Beləliklə, Şeytan Rəbbin hüzurundan getdi.  13Bir gün Əyyubun oğulları ilə qızları böyük qardaşlarının evində yemək yeyib şərab içərkən  14bir nökər gəlib Əyyuba belə dedi: «Öküzlər cüt sürür, eşşəklər də onların yanında otlayırdı.  15Bu zaman Səbalılar hücum edib onları apardılar və nökərləri qılıncdan keçirtdilər. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim».  16O hələ sözünü qurtarmamış başqa nökər gəlib dedi: «Göydən Allahın odu töküldü. Həm qoyunları, həm də nökərləri yandırıb külə çevirdi. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim».  17O, sözünü qurtarmamış başqa nökər gəlib dedi: «Xaldeylilərdən üç qoşun hücum edərək dəvələrini apardı və nökərləri qılıncdan keçirtdi. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim».  18O hələ sözünü qurtarmamış başqa bir nökər gəlib belə dedi: «Oğullarınla qızların böyük qardaşlarının evində yemək yeyib şərab içərkən  19qəflətən çöldə güclü tufan qopdu və evin dörd tərəfini bürüdü. Ev uçub bu cavanların üstünə töküldü, hamısı öldü. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim».  20Buna görə Əyyub durub cübbəsini yırtdı, saç-saqqalını kəsdi, yerə sərilib səcdə etdi.  21O belə dedi: «Bu dünyaya çılpaq gəlmişəm,

Çılpaq da gedəcəyəm.

Verən də Rəbdir, alan da Rəbdir.

Rəbbin isminə alqış olsun!»

22Bütün bu hadisələr baş verərkən Əyyub özünə günah qazanmadı və Allahı təqsirləndirmədi.

YUXARI

Əyyub 2

Əyyubun ikinci sınağı

1Başqa bir gün ilahi varlıqlar Rəbbin hüzuruna qalxmaq üçün gələndə Şeytan da onlara qoşulub Rəbbin hüzuruna qalxmaq üçün gəldi.  2Rəbb Şeytana dedi: «Haradan gəlirsən?» Şeytan «dünyanı gəzib-dolaşmaqdan» deyə cavab verdi.  3Rəbb dedi: «Qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır. Məni vadar etdin ki, boş yerə onu məhv edim, amma o hələ kamil olaraq qalıb».  4Şeytan Rəbbə belə cavab verdi: «Dəri əvəzinə dəri! İnsan canına görə hər şeyini verər.  5Əlini uzadıb onun ətinə və sümüyünə toxun, o, gözünün qabağında mütləq Sənə lənət edəcək».  6Rəbb Şeytana dedi: «Yaxşı, onu sənə təslim edirəm. Yalnız canını alma».  7Beləliklə, Şeytan Rəbbin hüzurundan getdi və sonra Əyyubun bədəninə başdan ayağadək ağrılı çibanlar çıxartdı.  8Əyyub çibanlarını qaşımaq üçün bir saxsı parçası götürdü və kül içində oturdu.  9Arvadı ona dedi: «Yenə də kamil olaraq qalacaqsan? Lənət et Allaha, öl qurtar!»  10Əyyub cavab verdi: «Lap nadan arvadlar kimi danışırsan. Nə oldu, Allahdan yaxşılığı qəbul edək, pisliyi qəbul etməyək?» Bütün bu hadisələr baş verərkən Əyyub özünə günah qazandıran bir kəlmə də demədi.

Əyyubun üç dostu

11Əyyubun üç dostu – Temanlı Elifaz, Şuahlı Bildad və Naamatlı Sofar onun başına gələn bütün bəlaları eşidərkən üçü də yaşadıqları yerdən çıxıb bir yerdə görüşdü. Onun dərdinə şərik olmaq və onu ovutmaq üçün yanına gəldilər.  12Əyyubu uzaqdan görərkən tanıya bilmədilər, hönkürüb ağlayaraq öz cübbələrini cırıb-dağıtdılar və yerdəki torpağı götürüb başlarına tökdülər.  13Yeddi gün-yeddi gecə onunla birlikdə quru yerdə oturdular. Kimsə ağzını açmadı, çünki Əyyubun dərdinin nə qədər böyük olduğunu gördülər.

YUXARI

Əyyub 3

Əyyubun gileyi

1Bundan sonra Əyyub ağzını açıb öz doğulduğu günə lənət etdi.  2Dilə gəlib belə dedi:  3«Kaş ki mən doğulan gün yox olaydı,

“Oğlun oldu!” deyilən gecə yox olaydı.

4O gün qara gələydi,

Allah göydən o günün qayğısına qalmayaydı,

O gün üçün sabah açılmayaydı.

5O günü zülmət, qatı qaranlıq bürüyəydi,

Üzünü bulud tutaydı,

Nurunu qaranlıq batıraydı.

6O gecəni zil qaranlıq udub yeyəydi,

İlin günləri arasında fərəh tapmayaydı,

Ayın günləri sırasına girməyəydi.

7Kaş o gecə qısır olaydı,

Sevincsiz, səssiz qalaydı!

8Günlərə lənət oxuyanlar,

Livyatanı

oyatmağa mahir olanlar Qoy o günə lənət yağdırsın.

9Dan ulduzları sönəydi,

İşığa olan ümidləri boşa çıxaydı,

Sübhün nuru görünməyəydi.

10Əfsus ki O, anamın bətninin qapılarını bağlamadı,

Gözlərimi əzabsız saxlamadı.

11Niyə doğulanda mən ölmədim,

Bətndən çıxarkən nəfəsim kəsilmədi?

12Niyə məni dizlərin arasından aldılar,

Əmizdirmək üçün ağzıma döş saldılar?

13Belə olmasaydı, indi rahat uzanardım,

Yatıb dincələrdim

14Özləri üçün viranə şəhərləri tikən

Dünya padşahları və müşavirlərlə,

15Evlərini gümüşə qərq edən

Qızıl xəzinəsi olan rəhbərlərlə.

16Niyə bətndən yarımçıq uşaq tək düşmədim?

Niyə işıq üzü görməyən körpə kimi basdırılmadım?

17Orada pis adamlar belə, kini atır,

Yorğunlar rahatlıq tapır,

18Məhbuslar dinc yaşayır,

Nəzarətçinin səsi çıxmır.

19Orada kiçik də, böyük də vardır,

Qul ağasından da azaddır.

20Niyə əzab çəkənlər işıq üzü görür,

Əziyyət içində olanlar həyata gəlir?

21Ölüm arzulayırlar amma tapmırlar, Dəfinə axtarmaqdan da çox onu axtarırlar,

22Onlar məzar tapanda fərəhlənər,

Şadlanaraq sevinər.

23Hara getdiyi bilinməyən insana,

Ətrafına Allah sədd çəkdiyi adama niyə ömür verilir?

24Çörəkdən əvvəl ah-zar gəlir,

Nalələrim sular kimi tökülür.

25Çəkindiyim şeylər üzərimə tökülür,

Qorxduğum şeylər başıma gəlir.

26Rahatlığım, sakitliyim, dincliyim yoxdur,

Ancaq sıxıntım vardır».

YUXARI

Əyyub 4

Elifaz

1Temanlı Elifaz belə cavab verdi:  2«Kimsə sənə bir söz desə, inciyərsənmi?

Danışmasın deyə kim özünü saxlaya bilər?

3Bəli, çoxlarına dərs verdin,

Onları əlləri taqətdən düşərkən gücləndirdin.

4Yıxılanları sözlərinlə qaldırdın,

Dizləri əsənlərə güc verdin.

5İndi bu iş başına gələrkən

Özün taqətdən düşdün,

Bəla sənə dəyəndə özünü itirdin.

6Sən Allah xofuna etibar etmirdinmi?

Kamil həyatına ümid edən sən deyildinmi?

7Kimdir günahsız məhv olan? İndi yada sal.

Əməlisalehlərin həlak olduğunu harada görmüsən?

8Mənim gördüyümə görə şər sahəsini belləyən,

Əzab toxumu səpən insanlar əkdiyini biçər.

9Onlar Allahın nəfəsi ilə yox olar,

Qəzəbinin küləyi onları udar.

10Aslanların nəfəsi, qızmış şirlərin səsi kəsildi,

Gənc aslanların dişləri qırıldı.

11Şikarı olmadığı üçün güclü aslan həlak olar,

Dişi aslanların balaları pərən-pərən qalar.

12Mənə gizli bir söz çatdı,

Qulağım bir pıçıltı eşitdi,

13Gecə röyalardan doğan düşüncələr içində olanda,

İnsanların dərin yuxuya getdiyi zamanda

14Üstümə bir qorxu, bir titrətmə gəldi,

Bütün sümüklərimi lərzəyə saldı.

15Qarşımdan bir ruh keçdi,

Bütün tüklərimi ürpətdi.

16Ruh dayandı, bunun nə olduğunu bilmədim.

Gözlərimin önündə bir surət dururdu,

Sükunətin içindən bir səs eşitdim:

17“İnsan Allah qarşısında saleh olarmı?

Yaradanın qarşısında təmiz adam varmı?

18Allah bəndələrinə güvənmir,

Mələklərində belə, səhv görür.

19Palçıq evlərdə yaşayanlara,

Mayası torpaqdan olanlara,

Güvədən də tez əzilənlərə O güvənərmi?

20Ömürləri səhərdən axşama çatmır,

Fərqi yoxdur, hamı əbədi yox olur.

21Yaşadıqları çadırın ipləri çəkiləndə

Heç nə anlamazlar, ölüb gedərlər”.

YUXARI

Əyyub 5

1Çağır görək sənə cavab verən varmı?

Müqəddəslərin hansı birinə üz tutacaqsan?

2Səfehi qəzəb öldürər,

Nadanı həsəd məhv edər.

3Səfehin kök saldığını görərkən

Dərhal yurduna lənət etmişəm.

4Övladları əmin-amanlıqdan uzaqdır,

Məhkəmə qapılarında tapdalanır,

Onlara havadar yoxdur.

5Məhsullarını aclar yeyir,

Tikanlar arasında olanlarını belə, yığırlar,

Susayanlar sərvətini udmaq istəyir.

6Axı torpaqdan bəla gəlməz,

Əzab yerdən bitməz.

7Sanki havaya atılan qığılcımdır,

İnsan əzab çəkmək üçün doğulur.

8Mən olsaydım, Allaha üz tutardım,

Müşkül işlərimi Ona tapşırardım.

9Çünki O, dərk etmədiyimiz böyük işləri görür,

Saysız xariqələr göstərir.

10Yer üzərinə yağış yağdırır,

Çöllərə sular axıdır.

11Alçaldılanları ucaldır,

Yaslıları əmin-amanlığa çıxarır.

12Əlləri qurğu qurmağı öyrənməsin deyə

Hiyləgərlərin fəndini pozur.

13Müdrikləri hiylə qurarkən yaxalayır, Fəndgirlərin oyununa son qoyur.

14Gündüzləri qaranlığa dönür,

Günorta onlara gecə kimi görünür,

Onlar kor kimi əl sürtə-sürtə gəzir.

15Yoxsulları isə onların ağızlarındakı qılıncdan qurtarır,

Zorakının əlindən alır.

16Kasıblar ümid tapır,

Haqsızlıq ağzını yumur.

17Allahın tərbiyə etdiyi insan nə bəxtiyardır! Sən Külli-İxtiyarın tərbiyəsinə xor baxma.

18Çünki O yaralayar, sonra isə sarıyar,

Ağrı verər, əlləri ilə sağaldar.

19O, altı dəfə dara düşsən belə, qurtarar,

Yeddinci dəfə sənə ziyan dəyməz.

20O səni aclıqda məhv olmaqdan,

Döyüşdəki qılıncdan qurtarar.

21Kəskin dillərdən uzaq olarsan,

Qırğın gələrkən qorxmazsan.

22Qırğına, aclığa gülərsən,

Vəhşi heyvanlardan qorxmazsan.

23Çünki çöldəki daşlarla belə, əhd kəsərsən,

Vəhşi heyvanlarla belə, barışarsan.

24Çadırının salamat qalacağını bilərsən,

Mülkünə baxanda heç bir əskiklik tapmazsan.

25Övladlarının necə artdığını görərsən,

Nəslin ot kimi bitib qalxar.

26Vaxtında yığılan taxıl dərzləri kimi

Kama çatıb məzarına gedərsən.

27Bax bunu araşdırmışıq, bu həqiqətdir,

Onun üçün bunu dinlə və anla».

YUXARI

Əyyub 6

Əyyub

1Əyyub belə cavab verdi:  2«Kaş bu dərdim çəkiləydi,

Bütün ağrılarım tərəziyə qoyulaydı.

3Onda dənizlərin qumundan ağır gələrdi,

Ona görə tez bu sözləri dedim.

4Həqiqətən, Külli-İxtiyarın oxları köksümdədir,

Ruhum onların zəhərlərini içir.

Allahın dəhşətləri mənə hücum çəkir.

5Ot olanda vəhşi eşşək anqırarmı?

Yem tapanda öküz heç böyürərmi?

6Duzsuz, şit yeməyi yemək olarmı?

Yumurta ağının dadı varmı?

7Belə yeməklərə əl vurmaq istəmirəm,

Onlardan iyrənirəm.

8Kaş arzuma çataydım,

Allah mənə həsrətində olduğumu verəydi,

9Lütf edib məni əzsə belə,

Əldən cəld olub həyatımın bağını kəssə belə,

10Mən yenə ovunardım,

Bu amansız dərdimə baxmayaraq

Müqəddəs Olanın sözlərini inkar etmədiyimə görə sevinərdim.

11Nə gücüm var ki, gözləyim?

Sonum nə qədərdir ki, səbir edim?

12Daş qədər güclüyəmmi?

Ətim tuncdandırmı?

13Əlacsız qalanda

Özümə kömək etməyə gücüm çatarmı?

14İnsan Külli-İxtiyarın qorxusundan vaz keçsə belə,

Çarəsiz qalanda ona dostun sədaqəti gərəkdir.

15Qardaşlarım mənə bir vadi kimi xəyanət etdi,

Çaylar kimi axıb getdi.

16Bu vadilər buzlar əriyəndə daşar,

Qar suları ilə dolar.

17Bu vadilər quraq vaxtı quruyar,

İstidə yataqlarından yox olar.

18Bu vadilərə görə karvanlar yolunu azar,

Səhraya çıxanda həlak olar.

19Temanın karvanları su axtarar,

Səbadan gələn səyyahlar ora ümid bağlar.

20Amma ora çatanda ümid bağladıqlarına peşman olar,

Mat-məəttəl qalar.

21İndi siz də mənim üçün bir heç olmusunuz,

Bu dəhşətə baxıb qorxursunuz.

22Mən demişəmmi “Mənə nəyisə verin,

Var-dövlətinizdən mənə rüşvət göndərin?

23Yaxud da məni düşmən əlindən qurtarın,

Zalımların əlindən azad edin?”

24Mən susum, siz mənə öyrədin,

Nə səhv etmişəmsə, mənə göstərin.

25Doğru söz kəsərli olar,

Sizin bu iradınız bəs nəyi sübut edir?

26Niyə sözlərimi qınamaq istəyirsiniz?

Niyə mən biçarənin dediyini boşboğazlıq sanırsınız?

27Yetim üçün belə, püşk atırsınız,

Dostunuzu satırsınız.

28İndi lütf edib mənə baxın,

Bax mən üzünüzə ağ yalan demərəm.

29Atın haqsızlığı, haqsızlıq etməyin,

Düşünün ki, bu davada mən haqlıyam.

30Dilimdən haqsız söz çıxırmı?

Pis şeyləri ağzıma alırammı?

YUXARI

Əyyub 7

1İnsanın yer üzündəki həyatı ağır xidmət deyilmi?

Keçirdiyi günlərin muzdur ömründən fərqi nədir?

2Kölgəyə həsrət qalan kölə kimidir,

Muzdunu gözləyən fəhlə kimidir,

3Bəli, irs olaraq mənə boş aylar verildi,

Qismətimə sıxıntılı gecələr düşdü.

4Yatanda düşünürəm: “Görəsən nə vaxt qalxacağam?”

Gecə isə hey uzanır,

Mən gün doğana qədər yerimdə qurcalanıram.

5Bədənimə qurd düşüb, qabıqlanır,

Çatlayan dərimdən irin axır.

6Günlərim toxucunun məkikindən də sürətli gedir,

Ümidsiz sona çatır.

7Ey Allah, yada sal, həyatım bir nəfəsdir,

Gözüm yenidən yaxşılıq görməyəcək.

8Bu anda mənə baxan gözlər məni təzədən görməyəcək,

Sənin gözlərin üzərimdə olacaq, amma mən olmayacağam.

9Bulud dağılıb getdiyi kimi

Ölülər diyarına enən bir daha çıxmaz.

10Bir daha evinə qayıtmaz,

Olduğu yer artıq onu tanımaz.

11Ona görə sakitləşməyəcəyəm,

Ruhumun sıxıntısını dilə gətirəcəyəm,

Canımın ağrısından şikayət edəcəyəm.

12Dənizəmmi, dəniz əjdahasıyammı?

Niyə üzərimdə nəzarətçi qoyursan?

13Düşündüm ki, bəlkə yatağım məni rahatlar,

Döşəyim şikayətimi azaldar.

14Məni yuxularla qorxudursan,

Röyalarla canıma vəlvələ salırsan.

15Canım boğulub-ölməyi yaşamaqdan üstün tutur,

Quru cəsəddə qalmaqdansa ölüm mənə xoşdur.

16Həyatımdan bezmişəm,

Uzun ömür istəmirəm.

Məndən əlini çək,

Ömrümün mənası getdi.

17İnsan nədir ki, onu bu qədər böyüdürsən, Qayğısını çəkirsən.

18Ona hər səhər baş çəkirsən,

Hər an onu sınayırsan.

19Nə vaxtadək nəzərini üzərimdən çəkməyəcəksən?

Mənə udqunmağa imkan verməyəcəksən?

20Ey insan nəzarətçisi, nədir günahım?

Mən Sənə nə etmişəm?

Məni niyə Özünə hədəf etdin?

İndi öz yükümü çəkə bilmirəm.

21Niyə üsyankarlığımı əfv etmirsən,

Təqsirimi bağışlamırsan?

Bir azdan torpaq altda yatacağam,

Axtarsan da, məni tapmayacaqsan».

YUXARI

Əyyub 8

Bildad

1Şuahlı Bildad belə cavab verdi:  2«Bunları nə vaxta qədər deyəcəksən?

Sözlərin sərt küləyə bənzər.

3Allah ədaləti azdırarmı?

Külli-İxtiyar salehi əyri edərmi?

4Bəlkə oğulların Ona qarşı günah edib,

O da üsyankarlıqlarının cəzasını verib.

5Əgər cəhd göstərib Allahı axtarsaydın,

Külli-İxtiyara yalvarsaydın,

6Əgər təmiz, doğru olsaydın,

O sənin üçün, həqiqətən, qalxardı,

Sənə layiqincə bir məskən verərdi.

7Başlanğıcın kiçik olsa da,

Sonun böyük olacaq.

8Gəl indi əvvəlki nəsillərdən soruş,

Ata-babaların sınağından keçənlərə yaxşı nəzər sal.

9Dünənki övladlarıq, heç nə bilmirik.

Bu dünyada ömrümüz sadəcə bir kölgədir.

10Onlar izah edib sənə öyrətməzlərmi?

Köksündəki sözləri dilə gətirməzlərmi?

11Bataqlıq olmayan yerdə qarğı bitərmi?

Su olmayan yerdə qamış çıxarmı?

12Hələ yaşıl ikən qırılmadan,

Hər otdan əvvəl onlar quruyar.

13Allahı unudan hər kəs axırda belə qalar,

Allahsız insanın ümidi beləcə yox olar.

14Onun etibar etdiyi şeylər qırılar,

Bel bağladığı sanki hörümçək toru olar.

15Evinə söykənərkən evi uçar,

Evindən tutarkən dağılar.

16Sanki bu allahsızlar günəşə baxar, yaşıllaşar,

Pöhrələri bağçanın hər tərəfinə yayılar.

17Rişələri daş qalağına dolaşar,

Çınqılların arasında yer axtarar.

18Amma yerindən qoparılarkən

Yer inkar edərək deyər: “Səni görməmişəm”.

19Bax belə sevincinə son qoyular,

Onun yerində başqa bitkilər bitər.

20Allah kamil insanı Özündən kənar etməz,

Pislik edənlərinsə əlindən tutmaz.

21O sənin ağzını yenə gülüşlə,

Dodaqlarını sevinc nidaları ilə doldurar.

22Düşmənlərini rüsvayçılıq bürüyəcək,

Pislərin çadırı məhv ediləcək».

YUXARI

Əyyub 9

Əyyub

1Əyyub belə cavab verdi:  2«Belə olduğunu, həqiqətən, bilirəm.

Amma Allah qarşısında insan necə haqlı çıxa bilər?

3Əgər Onunla kimsə mübahisə etmək istəsə,

Onun min sualına bir cavab tapa bilməz.

4Hikməti dərin, gücü tükənməyən Odur.

Ona qarşı duranlardan kim sağ qalıb?

5Allah dağları yerindən oynadar,

Dağlar heç bilməz.

Qəzəbi ilə onları alt-üst edər.

6Dünyanı yerindən oynadar,

Dirəklərini lərzəyə salar.

7Əmr etsə, günəş doğmaz,

Ulduzların işığını örtüb möhürlər.

8Odur təkbaşına göyləri sərən,

Dəniz dalğalarının üstündə gəzən.

9Odur Böyük Ayı, Orion, Ülkər bürclərini, Cənub bürclərini yaradan.

10Odur dərk etmədiyimizdən də böyük işlər görən,

Saysız xariqələr göstərən.

11Bax yanımdan elə keçər ki, Onu görə bilmərəm,

Elə keçib gedər ki, heç hiss etmərəm.

12Nə isə tutub apararsa, kim Ona mane ola bilər?

Kim Ona “Nə edirsən?” deyə bilər?

13Allah qəzəbini geri döndərməz,

Rahavın

köməkçiləri belə, ayağı altda qalar.  14Belə isə Ona necə cavab verə bilərəm?

Hüzurunda necə söz tapa bilərəm?

15Günahsız olsam belə, Ona cavab verə bilmərəm,

Rəhm etsin deyə Hökmdarıma yalvarmalıyam.

16Onu çağıranda O mənə cavab versə belə,

Yenə inanmıram ki, O, səsimi eşidir.

17Çünki tufanla məni əzir,

Nahaq yerə yaralarımı çoxaldır,

18Məni nəfəs almağa qoymur,

Məni acılarla cana doydurur,

19İş qüvvədədirsə, O qüvvəlidir,

İş ədalətdədirsə, kim Onu hakimin qarşısına apara bilər?

20Mən günahsız olsam belə, dilim məni ittiham edər,

Kamil olsam belə, məni təqsirkar çıxarar.

21Kamil olsam da, bir şey deyiləm,

Öz həyatıma xor baxıram.

22Hamısı birdir, ona görə deyirəm:

“O həm kamili, həm də günahkarı yox edir”.

23Əgər qəfil ölüm gəlsə,

Günahsızların əzabına gülür.

24Dünya pislərə təslim edilib,

Dünya hakimlərinin gözünü bağlayan Odur.

O deyilsə, bəs kimdir?

25Günlərim sürətlə qaçır, çapardan sürətlidir,

Bir xeyir tapmadan qaçırlar.

26Qamış qayıq kimi keçib gedirlər

Ovunun üstünə şığıyan qartal kimidirlər.

27Bu şikayətimi unutmaq istəsəm,

Sifətimin ifadəsini dəyişib ürəyimin açılmasını istəsəm,

28Bu əziyyətdən yenə vahimələnərəm,

Məni günahsız saymayacağını bilərəm.

29Madam ki yenə günahkar çıxacağam,

Boş yerə niyə belə zəhmət çəkim?

30Əgər qar suyu ilə yuyunsam,

Əllərimi gilabı ilə yusam,

31Yenə də məni çirkaba batırarsan,

Paltarlarım belə, məndən iyrənir.

32O mənim kimi insan olmadığına görə

Ona cavab verə bilmirəm, məhkəməyə birgə gedə bilmirəm.

33Kaş aramızda bir hakim olaydı,

Əlini ikimizin də üzərinə qoyaydı.

34Allah Öz dəyənəyini üstümdən götürəydi,

Dəhşəti ilə məni vahimələndirməyəydi.

35O zaman Ondan qorxmadan danışardım,

Amma bu vəziyyətdə heç nə edə bilmirəm.

YUXARI

Əyyub 10

1Canım həyatımdan bezib.

Şikayətimə məhdudiyyət qoymayacağam,

Acı həyatımdan danışacağam.

2Qoy Allaha deyim: “Məni günahlandırma,

Bir mənə söylə, niyə mənimlə çəkişirsən?

3Məni incitmək,

Əllərinin işini xor görmək,

Pislərin niyyətlərinə işıq vermək Sənə xoşdurmu?

4Səndə insan gözümü var?

İnsan necə görürsə, Sən də elə görürsənmi?

5Günlərin insan ömrü kimidirmi?

İllərin insanın yaşadığı illər kimidirmi?

6Çünki məndə təqsir axtarırsan,

Günahlarımı araşdırırsan.

7Özün də bilirsən mən şər adam deyiləm,

Məni Sənin əlindən qurtaran yoxdur.

8Əllərin mənə quruluş verdi, məni yaratdı.

İndi dönüb məni yox edəcəksənmi?

9Məni palçıqdan düzəltdin, bunu xatırla.

Yenidən məni torpağa çevirəcəksənmi?

10Məni süd kimi tökmədinmi,

Pendir kimi bərkitmədinmi?

11Ət və dərini əynimə geyindirdin,

Məni sümük və vətərlərlə hördün,

12Mənə həyat verdin, sevgi göstərdin,

Qayğıma qalmağınla ruhumu hifz etdin.

13Amma bunları qəlbində gizlətdin.

Mən isə bilirəm, fikrində bu şeylər var:

14Günah işlətsəydim, mənə nəzarət edərdin,

Təqsirlərimi cəzasız qoymazdın.

15Əgər günahkar olsaydım, vay halıma!

Günahsız olsam belə, yenə başımı qaldıra bilmərəm,

Çünki xəcalət içindəyəm, necə də biçarəyəm.

16Əgər başımı qaldırsam, məni aslan kimi ovlarsan,

Yenə heyrətamiz qüvvəni mənə göstərərsən.

17Əleyhimə yeni şahidlər çıxararsan,

Mənə qarşı qəzəbini artırarsan,

Orduların üstümə dayanmadan hücum çəkər.

18Niyə məni doğulmağa qoydun?

Kimsənin gözü məni görmədən kaş öləydim.

19Kaş ki heç yaranmayaydım,

Bətndən məzara düşəydim.

20Məgər ömrümə bir neçə gün qalmayıbmı?

Mənə bir qədər sərbəstlik ver ki, bir az ürəyim açılsın

21Gedər-gəlməz yerə,

Zülmət və ölüm kölgəsi diyarına,

22Qatı qaranlıq diyarına,

Ölüm kölgəsi, qarışıqlıq diyarına,

İşığı qaranlıq olan diyara getməzdən əvvəl”».

YUXARI

Əyyub 11

Sofar

1Naamatlı Sofar belə cavab verdi:  2«Bu qədər söz cavabsız qalsınmı?

Çox danışan haqlı sayılsınmı?

3İnsanlar boşboğazlıqlarının qarşısında sussunmu?

Sən rişxənd edəndə səni saxlamasınlar?

4Allaha deyirsən: “İmanda safam,

Gözün görür ki, pakam”.

5Kaş ki Allah danışaydı,

Sənə qarşı ağzını açaydı.

6Səni hikmətin sirlərindən agah etsəydi,

Hikmətin çox şaxələri üzə çıxardı.

Bil ki, Allah günahlarının neçəsindən keçib.

7Allahın dərin sirlərini dərk edə bilərsənmi?

Külli-İxtiyarın sərhədlərinə çata bilərsənmi?

8Onlar göylər qədər ucadır, axı nə edə bilərsən?

Ölülər diyarından dərindir, nəyi dərk edə bilərsən?

9Meyarı aləmdən uzundur,

Dənizlərdən genişdir.

10Əgər gəlib səni zindana salarsa, məhkum edərsə,

Kim Onun qarşısını ala bilər?

11O, yalançıları tanıyır,

Pisliyi görəndə onu dərk edir.

12Vəhşi eşşək insan olaraq doğulanda

Axmaq da ağla gələr.

13Əgər ürəyini təqdis etsən,

Əllərini Ona tərəf uzatsan,

14Günahın varsa, ondan əl çək,

Qoyma pislik çadırında sakin olsun.

15Onda başını utanmadan dik tutarsan,

Sağ-salamat, qorxusuz yaşayarsan.

16Sən dar gününü unudub

Onu axıb-qurtaran bir su kimi yad edərsən.

17Həyatın gündüzün günəşindən də parlaq olar,

Qaranlığın səhər kimi işıqlanar.

18Çünki ümidin var, sən arxayınsan,

Mühafizə olunaraq rahat yatarsan.

19Yatanda belə, səni qorxudan olmaz,

Sənin lütfünü çoxları arzular.

20Amma pis adamların gözlərinin nuru sönəcək,

Onların pənah yeri olmayacaq,

Yeganə ümidləri son nəfəslərini vermək olacaq».

YUXARI

Əyyub 12

Əyyub

1Əyyub belə cavab verdi:  2«Yəqin ki siz özünüzü xalq içində müdrik sanırsınız,

Siz öləndə hikmət də öləcək.

3Sizin qədər mənim də ağlım var,

Sizdən geri qalmıram.

Bu cür şeyləri kim bilmir?

4Mən dostlarımın gülüş hədəfi olmuşam,

Vaxtı ilə Allaha yalvaranda mən də cavab almışam,

Amma indi bir saleh, bir kamil insan gülünc olub.

5Dərdsizlər bəlanı boş bir şey sanır,

Büdrəyənlər üçün bəla hazır dayanır.

6Soyğunçuların çadırlarında rahatlıq var,

Allahı qəzəbləndirənlər əmin-amanlıqdadır,

Axı onlar Allaha yox, öz qollarına arxalanır.

7Gəl heyvanlardan soruş, qoy sənə bildirsin,

Qoy göydəki quşlar sənə desin,

8Torpağa de, qoy o sənə bildirsin,

Dənizdəki balıqlardan soruş, sənə məlumat versin.

9Bunlardan hansı biri bilmir ki,

Bunu Rəbbin əli edib?

10Hər yaratdığının canı Onun əlindədir,

Bütün insanların nəfəsi Onun əlindədir.

11Yeməyin dadını damaq hiss etdiyi kimi

Qulaq da sözləri sınaqdan keçirməzmi?

12Ağsaqqalların hikməti var,

Uzunömürlülər dünyagörmüş olar.

13Hikmət və qüdrət Allahdandır,

O, nəsihət və dərrakə verir.

14Onun yıxdığı bərpa olunmaz,

Onun həbs etdiyi insan azad olmaz.

15Suları kəsərsə, quraqlıq olar,

Suları buraxsa, dünyanı sel aparar.

16Qüdrət və hikmət Onundur,

Aldadan da, aldanan da Onundur

17Məsləhətçiləri talana məruz qoyar,

Hakimləri axmaqlaşdırar.

18Padşahların bağladığı bağı açar,

Bellərinə qurşaq salar.

19Kahinləri talana məruz qoyar,

Mətinləri də devirər.

20Etibarlı məsləhətçiləri susdurar,

Ağsaqqalların ağlını alar.

21Əsilzadələrin üstünə rüsvayçılıq yağdırar, Güclülərin qurşaqlarını çıxarar.

22Qaranlığın dərin sirlərini açar,

Ölüm kölgəsini aydınlığa çıxarar.

23Millətləri çoxaldar, millətləri yox edər,

Millətləri artırar, millətləri sürgün edər.

24Dünyanın başçılarının ağlını başından alar,

Yolu-izi məlum olmayan çöllərdə dolandırar.

25Qaranlıqda əl sürtə-sürtə yeriyərlər,

Onları sərxoş kimi aşa-aşa gəzdirər.

YUXARI

Əyyub 13

1Bax gözlərim hər şeyi gördü,

Qulaqlarım bunu eşidib dərk etdi.

2Sizin bildiyinizi mən də anlayıram,

Sizdən geri qalmıram.

3Amma istəyirəm Külli-İxtiyarla danışım,

Allahla mübarizə aparım.

4Sizlərsə yalandan mala çəkirsiniz,

Hamınız dəyərsiz həkimlərsiniz.

5Kaş hamınız səsinizi kəsəydiniz,

Onda hikmətli görünərdiniz.

6İndi necə bəhsə girdiyimi eşidin,

Dilimin iddiasını yaxşı dinləyin.

7Məgər Allah üçün haqsız sözlər söyləyəcəksiniz?

Onun adına yalanmı söyləyəcəksiniz?

8Sizmi Onun tərəfini tutacaqsınız?

Sizmi Onun müdafiəsinə qalxacaqsınız?

9O sizi istintaq edərsə, yaxşı olarmı?

İnsanları aldatdığınız kimi Onu da aldadacaqsınızmı?

10Əgər Onun tərəfini gizli tutsanız,

Şübhəsiz ki, sizi də məzəmmət edər.

11Onun əzəməti sizi vahimələndirməzmi?

Xofu üstünüzə düşməzmi?

12Fikrinizdəki sözlər, məsəllər külə dəyməz,

Müdafiəniz lilə dəyməz.

13Susun, qoyun danışım,

Qoy başıma gələn gəlsin.

14Həyatım təhlükəyə düşürsə-düşsün.

Canım bəlaya düşürsə-düşsün.

15Məni öldürsə də, Ona etibar edəcəyəm,

Amma yolumun müdafiəsi üçün hüzuruna çıxacağam.

16Əslində bu məni qurtaracaq,

Çünki Allaha inanmayan Onun hüzuruna gələ bilməz.

17Diqqətlə sözlərimə qulaq asın,

Qoy elan etdiklərim qulaqlarınızda qalsın.

18Baxın mühakiməyə hazırlaşmışam,

Haqlı çıxacağımı bilirəm.

19Kim məni ittiham edəcək?

Eləsi varsa, son nəfəsimi verib susaram.

20Ey Allah, mənim üçün bu iki şeyi et ki,

Səndən gizlənməyim:

21Əlini üzərimdən götür,

Məni dəhşətinlə qorxutma.

22Sonra da məni səslə, qoy Sənə cavab verim,

Yaxud da qoy mən danışım, Sən cavab söylə.

23Təqsirlərim, günahlarım nə qədərdir?

Mənə üsyankarlığımı və günahlarımı bildir.

24Niyə üzünü gizlədirsən,

Məni düşmən hesab edirsən?

25Məgər yelin qopardığı yarpağı qorxudacaqsan?

Məgər quru saman çöpünü qovacaqsan?

26Çünki əleyhimə acı şeylər yazırsan,

Gənclikdə etdiyim günahları mənə irs olaraq verirsən.

27Ayaqlarımı buxovlayırsan,

Bütün yollarıma göz qoyursan,

Hər addımımı yoxlayırsan.

28Ona görə çürük şey tək məhv oluram.

Güvə yemiş paltar kimiyəm.

YUXARI

Əyyub 14

1Qadından doğulan insanın ömrü azdır,

Həyatı sıxıntı ilə doludur.

2Çiçək kimi açar, solar,

Kölgə kimi keçib-gedər.

3Gözlərini beləsinəmi dikirsən?

Mühakimə etmək üçünmü məni hüzuruna gətirirsən?

4Kim çirkab içindən təmiz bir şey tapar?

Heç kim!

5İnsana ömür günləri müəyyən edilib,

Aylarının sayını Sən bilirsən,

Ömrü üçün müəyyən hədd qoymusan,

Bu həddi keçən yoxdur.

6Sən ondan gücünü çək,

İş gününü bitirən zəhmətkeş kimi

Bir az dincəlsin.

7Bir ağac üçün ümid var,

Kəsilsə belə, yenə pöhrəsini verər,

Şaxələri əskilməz.

8Kökü yerdə qocalsa da,

Kötüyü torpaqda məhv olsa da,

9Suyun iyini duyanda çiçəklənər,

Cavan ağac kimi şaxələnər.

10Amma insan ölər, dəfn olunar,

Son nəfəsini verər, yox olar.

11Dəniz suları çəkilib getdiyi kimi,

Çaylar azalıb quruduğu kimi

12İnsan da yatar, bir daha qalxmaz,

Göylər yox olanadək oyadılmaz,

Yuxularından ayılmaz.

13Kaş ki məni ölülər diyarında gizlədəydin,

Qəzəbin keçənədək saxlayaydın,

Mənə möhlət verəydin,

Sonra məni yada salaydın.

14İnsan ölsə, dirilərmi?

Növbəm çatanacan

Bu əzabdan qurtulmaq üçün hər gün gözləyəcəyəm.

15Sən çağıranda cavab verəcəyəm,

Əllərinin bu işinin həsrətini çəkəcəksən.

16O zaman addımlarımı sayacaqsan,

Günahımı nəzərə almayacaqsan.

17Üsyankarlığım torbada möhürlənəcək,

Günahımın üstünü örtəcəksən.

18Amma dağın uçub dağılması kimi,

Qayanın yerindən qopması kimi,

19Su daşları yuvarladığı kimi,

Sellər torpağı yuyub apardığı kimi

Sən də insanın ümidini yox edirsən.

20Onu əbədi məğlub edirsən, o köçüb gedir.

Görkəmini dəyişdirib yola salırsan.

21Övladları şərəflənəndə də onun xəbəri olmaz,

Düşkün hala düşəndə də heç nəyi başa düşməz.

22Hamı öz canının ağrısını duyur,

Yalnız özü üçün yas tutur».

YUXARI

Əyyub 15

Elifaz

1Temanlı Elifaz belə cavab verdi:  2«Müdrik insan boş sözlərlə cavab verərmi?

Köksünü şərq küləyi ilə doldurarmı?

3Faydasız sözlərlə, dəyərsiz nitqlərlə

Mübahisə etmək olarmı?

4Amma sən Allah qorxusunu bir kənara qoyursan,

Allah hüzurunda düşünməyə mane olursan.

5Çünki sənin ağzın günahdan dərs alıb,

Hiyləgərlərin dili ilə danışırsan.

6Səni məhkum edən mən deyiləm, öz dilindir.

Dodaqların öz əleyhinə şəhadət edir.

7İlk doğulan insan sənsənmi?

Yoxsa dağlardan da əvvəl sən var olmusan?

8Allahın sirrinəmi qulaq asmısan?

Təkcə özünümü müdrik sayırsan?

9Sən nəyi bilirsən ki, biz onu bilmirik?

Sənin dərk etdiyin nədir ki, biz onu dərk etmirik?

10Bizdə ağsaçlı da, yaşlı da var,

Onlar atandan da yaşlı olar.

11Sənə Allahın təsəllisi,

Söylədiyi xoş sözlər kifayət deyilmi?

12Niyə qəlbin səni belə çaşdırır,

Gözlərindən od çıxır?

13Niyə Allaha qəzəbini göstərirsən,

Dilindən belə sözlər çıxır?

14İnsan, həqiqətən, təmiz ola bilərmi?

Qadından doğulan insan saleh ola bilərmi?

15Allah müqəddəslərinə belə, etibar etmirsə,

Göylər belə, Onun gözündə təmiz deyilsə,

16Haqsızlığı su kimi içən,

İyrənc, korlanmış insana

O etibar edərmi?

17Dinlə məni, sənə deyim,

Gördüyümü bəyan edim –

18Hikmətli adamların dediklərini,

Atalarından alıb gizlətmədiyi şeyləri.

19O atalar ki ölkə yalnız onlara verilmişdi,

Aralarına yadelli girməmişdi.

20Pis insan həyatı boyu əzab çəkir,

Zorakı adama ayrılan illərin sayı bilinir.

21Qulağından dəhşətli səslər əskilmir,

Dinc oturanda soyğunçular ona hücum edir.

22İnana bilməz ki, qaranlıqdan qurtara bilər,

Onu qılınc gözlər.

23“Haradadır?” deyib çörək üçün avara gəzər,

Qara günlərinin yanında olduğunu bilər.

24Ağrı və sıxıntı onu qorxudar,

Zəfər çalan padşah kimi onu məğlubiyyətə uğradar.

25Çünki Allaha belə, əl uzadıb,

Külli-İxtiyara meydan oxuyub.

26Dikbaşlıq edib, dəyirmi sipərini tutub,

Allahın üstünə hücum çəkir.

27Onun üzü tosqunluqdan şişər,

Qarnı nə qədər piyləşər,

28O, dağılmış şəhərlərdə,

Kimsəsiz, yerlə yeksan olan viranələrdə,

Aqibəti dağılmaq olan evlərdə yaşayacaq.

29Varlı olmayacaq, sərvətləri tükənəcək,

Malları ölkəni bürüməyəcək.

30Qaranlıqdan qurtulmayacaq,

Pöhrələrini alov tutacaq,

Allahın ağzının nəfəsi ilə yox olacaq.

31Qoy boş şeyə güvənərək özünü aldatmasın,

Çünki əvəzində nəsibi boşluq olacaq.

32İşi vaxtsız bitəcək,

Budağı göyərməyəcək.

33Qorası tökülən üzüm ağacı kimi,

Çiçəyi tökülən zeytun ağacı kimi olacaq.

34Çünki allahsız icma qısır olar,

Rüşvətxorların çadırı od tutub yanar.

35Onlar bəlaya hamilə olub şər doğar, Bətnləri hiylə ilə dolar».

YUXARI

Əyyub 16

Əyyub

1Əyyub belə cavab verdi:  2«Bu cür sözləri çox eşitmişəm,

Hamınız adamincidən təsəlliçilərsiniz.

3Bu boş söhbətləriniz qurtaracaqmı?

Sizi nə vadar edir, belə danışırsınız?

4Siz mənim yerimdə olsaydınız, mən də belə deyərdim.

Əleyhinizə yaxşı-yaxşı sözlər düzüb başımı yelləyərdim.

5Ağzım ürəkləndirici sözlər deyərdi,

Dilimdən təsəlliverici sözlər çıxarardım,

Mən sizi ovudardım.

6Danışmağımla dərdim azalmır,

Susuram, nə dəyişir?

7Ay Allah, məni taqətdən saldın,

Bütün külfətimi darmadağın etdin.

8Sıxılıb əzilməyim buna şahiddir,

Taqətsizliyim əleyhimə çıxıb şahidlik edir.

9Allah məni qəzəbi ilə parçalayır,

Mənə nifrət edir, dişlərini qıcıdır,

Düşmənim gözlərini mənə dikir.

10Mənə qarşı insanlar dodaq büzür,

Həqarətlə üzümə şillə vurur,

Mənə qarşı əlbir olur.

11Allah məni haqsızlara təslim etdi,

Pislərin əlinə verdi.

12Rahat yaşayırdım, Allah məni pərən-pərən saldı,

Boynumdan tutub yerə vurdu, məni Özünə hədəf etdi.

13Onun oxçuları ətrafımı aldı,

Aman vermədən böyrəklərimi deşdilər,

Ödümü yerə tökdülər.

14Bədənimə yara üstündən yara vurulur,

Cəngavər tək üzərimə yüyürürlər.

15Əynimə çul tikmişəm,

Qürurumu yerə atmışam.

16Ağlamaqdan üzüm qızardı,

Kirpiklərimin altı-üstü kölgə saldı.

17Yenə də zalımlıq əlimdən gəlmir,

Sənə səmimiyyətlə dua edirəm.

18Ey torpaq, qanımın üstünü örtmə,

Qoy heç nə mənim naləmi saxlamasın.

19Lap indidən şahidim göylərdədir,

Himayədarım yüksəklərdədir.

20Dostlarım məni ələ salır,

Gözlərim Allaha baxıb ağlayır.

21Bəşər oğlu qonşusu üçün yalvardığı kimi

Biri də mən insandan ötrü qoy Allaha yalvarsın.

22Çünki bir neçə il keçəndən sonra

Gedər-gəlməz yola gedəcəyəm.

YUXARI

Əyyub 17

1Taqətim kəsilir, günlərim batır,

Məni məzar gözləyir.

2Həqiqətən, ətrafıma rişxəndçilər yığılır,

Gözüm onların düşmənçiliyini görür.

3Ey Allah, Öz hüzurunda mənə zəmanət ver.

Başqa kim var ki, mənə zamin dursun?

4Çünki onların qəlbini anlayış üçün bağladın,

Ona görə onlara zəfər qazandırmayacaqsan.

5Pul üçün dostlarını satanın

Övladlarının işığı sönəcək.

6Allah məni insanların dilinə saldı,

Üzümə tüpürdülər.

7Gözümün nuru kədərdən qaraldı,

Bütün əzalarım kölgə kimi qaldı.

8Buna əməlisaleh insanlar mat qalıb,

Günahsızlar allahsızlara qarşı çıxır.

9Saleh insanlar öz yolunu tutur,

Əlitəmiz olanlar getdikcə güclənir.

10Amma hamınız qayıdıb gəlsəniz,

Aranızdan bir hikmətli insan tapmaram.

11Günlərim ötüşdü,

Fikirlərim, arzularım pərən-pərən düşdü.

12Onlar gecəni gündüzə çevirir,

“Zülmətə işıq yaxındır” deyir.

13Əgər ölülər diyarını evimdir deyə gözləsəm,

Yatağımı qaranlıqda sərsəm,

14Qəbirə “atam sənsən”,

Qurda “anam-bacım sənsən” desəm,

15Ümidim hara gedər?

Mənim ümidimi kim görər?

16Ümid mənimlə ölülər diyarınamı düşər?

Mənimlə birgə torpaq altınamı girər?»

YUXARI

Əyyub 18

 

Bildad

1Şuahlı Bildad belə cavab verdi:  2«Bu sözlər nə vaxt qurtaracaq?

Əgər dərrakəli olsanız, danışarıq.

3Niyə heyvana bənzəyək?

Gözlərinizə axmaq kimi görünək?

4Özünü hirsindən didib-dağıdırsan.

Sənə görə bu aləmdən vaz keçəkmi?

Yoxsa sal qayalar yerindən çıxsın?

5Bəli, şər insanın işığı sönəcək,

Odu-alovu parlamayacaq.

6Çadırında nur qaranlığa dönəcək,

Yanındakı çıraq sönəcək.

7Addımları gücdən düşəcək,

Öz işlətdiyi fənddən yıxılacaq.

8Ayaqları onu tələyə aparacaq,

Öz ayağı ilə tora düşəcək.

9Kəmənd topuğundan tutacaq,

Tələ açılıb onu qapacaq.

10Torpaq üstə onun üçün gizli kəmənd səriləcək,

Yolu üstə onu tələ gözləyəcək.

11Dəhşət onu hər tərəfdən bürüyəcək,

Hər addımda onu təqib edəcək.

12Aclıq taqətini yeyib-qurtaracaq,

Yanında fəlakət hazır dayanacaq.

13Dərisini azar yeyəcək,

Ölümün ilk övladı əzalarını yeyib işini bitirəcək.

14Əmin-amanlıq çadırından atılacaq,

Dəhşətlər padşahının yanına aparılacaq.

15Çadırında ona aid heç nə olmayacaq,

Yurduna kükürd yağacaq.

16Aşağıda rişələri quruyacaq,

Yuxarıda budaqları solacaq.

17Onun adı yer üzündə unudulacaq,

Məhəllə-küçələrdə adı yaddan çıxacaq.

18İşıqdan zülmətə aparılacaq,

Dünyadan qovulacaq.

19Nə övladı, nə nəvəsi xalqı arasında olmayacaq,

Məskənində bir kimsəsi qalmayacaq.

20Qərbdəkilər halına heyrətlənəcək,

Şərqdəkilər onu görüb dəhşətə gələcək.

21Bəli, pislərin həyatının aqibəti budur,

Allahı tanımayanların məskəni budur».

YUXARI

Əyyub 19

 

Əyyub

1Əyyub belə cavab verdi:  2«Nə vaxtadək məni üzəcəksiniz,

Məni sözlə əzəcəksiniz,

3On dəfədir ki, məni təhqir edirsiniz,

Utanmadan mənə kəskin sözlər söyləyirsiniz.

4Həqiqətən, azıb yanlış yola düşmüşəmsə,

Səhvim öz üstümdə qalır.

5Özünüzü, həqiqətən, məndən üstün tutursunuz,

Eybimi üzümə vurursunuz.

6Amma bilin ki, Allah mənə haqsızlıq etdi,

Hər tərəfdən məni toruna saldı.

7Budur, “Zorakılıqdır!” deyə bağırıram,

Bir cavab verən yoxdur,

Kömək üçün nalə çəkirəm, ədalət yoxdur.

8Keçə bilmirəm, yollarıma sədd çəkilib,

Yollarımı qaranlığa salıb.

9Şərəfimi əynimdən soyundurub,

Başımdan tacı götürüb.

10O məni hər tərəfdən yıxdı, əldən gedirəm,

Ümidimi ağac kimi kökündən qopartdı.

11Mənə qarşı qəzəbi od tutub yandı,

Məni Özünə düşmən saydı.

12Orduları üstümə gəlir,

Mənə qarşı torpaq qalağı düzəldir,

Çadırımın ətrafında ordugah qurur.

13Qardaşlarımı məndən uzaqlaşdırdı,

Tanışlarım mənə yad oldu.

14Qohumlarım məni tərk eləyib,

Yaxın dostlarım məni unudub.

15Evimin sakinləri və kənizlər

Məni özgə sayır,

Onların gözündə yad olmuşam.

16Qulumu çağırıram,

Ağız açıb yalvarsam belə, cavab almıram.

17Nəfəsimdən arvadımın da zəhləsi gedir,

Qardaşlarım məndən iyrənir.

18Mənə hətta kiçik uşaqlar xor baxır,

Ayağa duranda məni ələ salırlar.

19Bütün səmimi dostlarım belə, məndən ikrah edir,

Əzizlərim belə, əleyhimə çıxır.

20Bir dəri, bir sümük qalmışam,

Ölüm kandarına çatmışam.

21Aman, ey dostlarım, aman,

Allahın əli məni vurdu!

22Niyə məni Allah kimi qovursunuz?

Niyə mənim ətimdən doymursunuz?

23Kaş ki sözlərim yazılaydı,

Kitaba köçürüləydi,

24Dəmir qələmlə, qurğuşunla

Əbədi qalmaq üçün bir qayaya həkk olaydı.

25Amma mən bilirəm ki, Satınalanım yaşayır,

Axırda O, yer üzərində dayanacaq.

26Dərim yox olandan sonra

Bədən alıb Allahı görəcəyəm.

27Mən Ona baxacağam,

Başqası yox, mən öz gözlərimlə görəcəyəm.

Budur, ürəyim həsrətdən üzülür!

28Mənim üçün “Bəs onu necə qovaq?

Bədbəxtliyin kökü ondadır” desəniz,

29Qılıncdan qorxmalısınız,

Çünki qılınc cəzası qəzəblə gəlir.

Onda ədalətin var olduğunu görəcəksiniz».

YUXARI

Əyyub 20

 

Sofar

1Naamatlı Sofar belə cavab verdi:  2«Düşüncələrimə görə cavab verməyə məcburam,

Çünki daxilən narahatam.

3Məni utandıran bir giley eşidirəm,

Ruhum dərrakəsi ilə məni cavab verməyə sövq edir.

4Bilirsən ki, əzəldən bəri,

İnsanın dünyaya gəlişindən bəri

5Pislərin qələbə çalması qısa çəkər,

Allahsızın sevinci bir an sürər.

6Boyu göylərə çatsa da,

Başı buludlara dəysə də,

7Öz nəcisi kimi əbədilik yox ediləcək,

Onu görənlər “O haradadır?” deyəcək.

8Yuxu kimi uçacaq, bir daha tapılmayacaq,

Bəli, gecə röyası kimi yox olacaq.

9Onu görən gözlər bir daha görməyəcək,

Yaşadığı yerdə görünməyəcək.

10Övladları fəqirlərdən mərhəmət diləyəcək,

Sərvətləri əllərindən gedəcək.

11İnsanın sümükləri gənclik alovu ilə dolar,

Amma insanla birlikdə torpaq altında yatacaq.

12Pislik ağzına şirin gəlsə də,

Dilinin altında gizlənsə də,

13İnsan pisliyi tutub buraxmasa da,

Damağının altında saxlasa da,

14Yediyi yemək mədəsində qıcqıracaq,

Daxilində ilan zəhərinə dönəcək.

15Yediyi sərvətləri qusacaq,

Qarnındakıları Allah bayıra çıxaracaq.

16Başqa yerdə əfi ilan zəhərini əməcək,

Gürzənin dişindən öləcək.

17Axar suların, bal və qaymaq axan dərələrin

Səfasını görməyəcək.

18Zəhmətlə qazandığını yeməyib geri qaytaracaq,

Ticarətdən qazandığı sərvətdən ləzzət almayacaq.

19Çünki fəqirləri əzib üzüqoylu qoymuşdu,

Özü tikmədiyi evi zorla almışdı.

20Könlü rahatlıq nədir bilməz,

Zövq aldığı şeylər onu xilas etməz.

21Yeməyindən artıq qalmayacaq,

Ona görə firavanlığı uzun sürməyəcək.

22Bolluq içində əzaba düşəcək,

Fəlakət ona qarşı əl qaldıracaq.

23Qarnını dolduranda

Allah şiddətli qəzəbini onun üzərinə göndərəcək,

Onun üstünə tökəcək.

24Dəmir silahdan qaça bilsə də,

Tunc ox onu dəlib-deşəcək,

25Ox onu dəlib-keçəcək,

Onun kürəyindən çıxacaq,

Parlaq ucu ödünü dağıdıb tökəcək.

Üstünə dəhşət gələcək.

26Xəzinələrinin aqibəti qaranlıq olacaq,

Üfürülməmiş od onu yeyib-qurtaracaq,

Çadırında qalanları da yandırıb-yaxacaq.

27Göylər şər işlərinin üstünü açacaq,

Dünya onun əleyhinə qalxacaq.

28Allahın qəzəb günündə

Azğın sellər sərvətini aparacaq.

29Pis insan Allahdan belə pay alacaq,

Allahın ona verdiyi irs budur».

YUXARI

Əyyub 21

 

Əyyub

1Əyyub belə cavab verdi:  2«Sözlərimi diqqətlə dinləyin,

Siz bununla mənə təsəlli verin.

3Qoyun mən də bir şey deyim,

Mən danışandan sonra lağ edin.

4Şikayətim insana qarşıdırmı?

Mən necə səbir edim?

5Mənə baxıb mat qalın,

Əlinizi ağzınızın üstünə qoyun.

6Bunu düşünəndə köksümü dəhşət bürüyür,

Bədənimə titrətmə düşür.

7Pislər nə üçün yaşayır?

Yaşlandıqca niyə gücləri artır?

8Övladları ətrafında,

Nəsilləri gözlərinin qarşısında sapsağlamdır.

9Evlərində əmin-amanlıqdır, qorxudan uzaqdır,

Allahın dəyənəyi onlara dəymir.

10Öküzləri cütləşir, qarınları boş qalmır,

Doğar inəkləri var, bala salmaz.

11Övladlarını sürü tək yola salır,

Uşaqları oynaşır.

12Dəf və lira çalaraq nəğmə deyirlər,

Tütək səsi ilə şənlənirlər.

13Ömürlərini firavan keçirirlər,

Ölülər diyarına rahat gedirlər.

14Allaha belə deyirlər: “Bizdən uzaq ol,

Yolunu tanımaq istəmirik.

15Kimdir Külli-İxtiyar, biz Ona qulluq edək?

Əgər Ona dua etsək, bizə nə fayda verər?”

16Görürsən ki, xoşbəxtlikləri öz əllərində deyil,

Pislərin nəsihəti qoy məndən uzaq olsun!

17Neçə dəfə pislərin çırağı söndü,

Başlarına bəla gəldi.

Allah qəzəblənəndə onlara kədəri pay verdimi?

18Neçə dəfə yel sovuran saman kimi,

Tufanın uçurduğu saman çöpü kimi oldular?

19Deyirsiniz ki, Allah

Atanın cəzasını övladına çəkdirir.

Bunun nə olduğunu bilsin deyə özünə çəkdirsin.

20Qoy öz həlakını gözləri görsün,

Külli-İxtiyarın qəzəbini su kimi içsin.

21Çünki ili, ayı qurtaranda,

Arxada qalan külfətindən nə zövq ala bilər?

22Yüksək mənsəb sahiblərinə hökm edən Allaha

Kim bilik verə bilər?

23Biri tamam güclü,

Tamam rahat və qayğısız,

24Bədəni ətli-canlı,

Sümükləri ilikli ölür.

25O biri isə dərd içində,

Həyatdan kam almamış ölür.

26İkisi də torpaqda yatır,

İkisinin də bədənini qurd basır.

27Bilirəm nə fikirdəsiniz,

Qəsdiniz mənə qarşı olmaqdır.

28Deyirsiniz: “Əsilzadələrin evi haradadır?

Pislərin yaşadığı çadır haradadır?”

29Yoldan keçənlərdən soruşmadınızmı?

Söhbətlərinə qulaq asmadınızmı?

30Pis insan fəlakət günündə sağ qalır,

Qəzəb günü yol göstərilərək qurtulur.

31Kim davranışını onun üzünə vurur?

Kim etdiklərinə görə onu cəzalandırır?

32Qəbiristana aparılarkən

Məzarı üstə qarovul çəkilir.

33Vadinin torpağı ona şirin gəlir,

Hamı onun ardınca düşür.

Qarşısında gedənlərsə saysızdır.

34Məni necə boş sözlərlə ovuda bilərsiniz?

Cavablarınız axıradək yalandır».

YUXARI

Əyyub 22

 

Elifaz

1Temanlı Elifaz belə cavab verdi:  2

«İnsan Allaha fayda verə bilərmi? Müdrik adam Ona fayda verərmi?

3Sənin salehliyindən Külli-İxtiyar nə ləzzət alır?

Sənin düz həyat tərzinin Ona nə faydası var?

4Səni tənbeh etməsi, mübarizə aparması

Ondan qorxduğun üçündürmü?

5Pisliyin böyük deyilmi,

Təqsirin hədsiz deyilmi?

6Çünki qardaşlarından səbəbsiz girov aldın,

Onları lüt qoydun.

7Yorğuna bir içim su vermədin,

Ac olandan çörəyini əsirgədin.

8Qol gücünlə ölkəyə sahib oldun,

Hörmətli insan kimi orada yaşadın.

9Dul qadınları əliboş qaytardın,

Yetimlərin qol-qanadını qırdın.

10Ona görə hər yanını tələlər bürüyüb,

Qəfil qorxu səni dəhşətləndirib.

11Hər şeyə qara vurub görmürsən,

Sellərdə boğulursan.

12Allah göylərdə – ucalarda deyilmi?

Ən uzaq ulduzlara bir nəzər sal,

Gör nə qədər ucalarda yerləşib!

13Amma deyirsən “Allah nə bilir?

Qatı qaranlıq içindən hökm verə bilərmi?

14Görə bilmir, qara buludlar Ona mane olur,

Göy qübbəsinin üzərində dolaşır”.

15Pis adamların gəzdiyi

Köhnə yolumu tutacaqsan?

16Onlar vaxtı çatmamış çəkilib getdilər,

Təməllərini sellər basdı.

17Allaha dedilər: “Bizdən uzaq ol!

Bizə Külli-İxtiyar nə edə bilər?”

18Amma evlərini bərəkətlə dolduran Allah idi,

Ona görə pislərin nəsihəti qoy məndən uzaq olsun.

19Salehlər pislərin həlak olduğunu görüb sevinir,

Günahsızlar onlara belə istehza edir:

20“Düşmənlərimiz yox oldu,

Onlardan nə qaldısa, yanıb kül oldu”.

21Allahla barışıb dost olsan,

Xeyir taparsan.

22Onun ağzından çıxan təlimi qəbul et,

Onun sözlərini qəlbində saxla.

23Külli-İxtiyara tərəf dönsən,

Əvvəlki halına düşərsən.

Çadırın şərdən uzaq olsa,

24Qızılını torpağa,

Ofir qızılını dərədəki çınqıllığa atsan,

25Külli-İxtiyar sənin qızılın olar,

Qiymətli gümüşün olar.

26Onda Külli-İxtiyardan zövq alarsan,

Allaha üz tutarsan.

27Ona yalvarsan, səni eşidər,

Etdiyin nəzirləri yerinə yetirərsən.

28O da dediyin sözü yerinə yetirər,

Yollarına nur səpilər.

29İnsanlar səni alçaldanda

“Baş ucalığına görədir” deyərsən,

Çünki Allah itaətkarları xilas edər.

30O, günahsız olmayanı belə qurtarar,

Sənin əllərinin təmizliyinə görə günahkar xilas olar».

YUXARI

Əyyub 23

 

Əyyub

1Əyyub belə cavab verdi:  2«Bu gün də acı-acı şikayət edəcəyəm,

Naləmə baxmayaraq üstümdə Allahın əli ağırdır.

3Kaş biləydim Onu harada tapmaq olar,

Məskəninə çatmaq olar.

4O zaman davamı Onun hüzurunda dilə gətirərdim,

Dəlillərimi dalbadal düzərdim.

5Mənə verəcəyi cavabı öyrənərdim,

Dediyini dərk edərdim.

6Əzəməti, qüdrəti ilə əleyhimə çıxardımı?

Xeyr, yəqin sözümə qulaq asardı.

7Hüzurunda bir haqlı insan mübahisə etsəydi,

Mən hakimimin yanında haqq qazanardım.

8Şərqə getsəm, Allah orada deyil,

Qərbə getsəm, Onu tapa bilmirəm.

9O, şimalda işləsə, gözüm seçməz,

Cənuba dönsə, Onu görə bilmərəm.

10Amma tutduğum yolu O tanıyır,

Məni sınayan zaman qızıl kimi çıxaram.

11Hər addımını yaxından izlədim,

Azmadan yoluna bağlı qaldım.

12Ağzından çıxan əmrlərdən ayrılmadım,

Gündəlik çörəkdən çox ağzından çıxan sözləri qiymətləndirdim.

13O təkbaşına dayanıb, kim Onu döndərə bilər?

Könlü nə istəsə, onu edər.

14Mənimlə bağlı qərarını yerinə yetirəcək,

Belə fikirləri çoxdur.

15Ona görə hüzurunda dəhşətə gəlirəm,

Bunları düşünəndə Ondan vahimələnirəm.

16Allah qəlbimin cəsarətini qırdı,

Külli-İxtiyar məni qorxuya saldı.

17Sifətimi qatı qaranlıq bürüsə belə,

Məni zülmət susdura bilməz.

YUXARI

Əyyub 24

1Niyə Külli-İxtiyar hökm üçün zaman təyin etmir?

Niyə Onu tanıyanlar hökm günlərini görmür?

2İnsanlar sərhəd daşlarını qaldırır,

Sürüləri oğurlayıb otarır.

3Yetimlərin eşşəyini əlindən alır,

Dul qadının öküzünü girov götürür.

4Yoxsulları yoldan çıxarır,

Ölkədəki fəqirlərin hamısı gizlənməyə məcbur olur.

5Baxın kasıblar vəhşi eşşəklər kimi

Yemək tapmaq üçün ertədən işə çıxır,

Övladları üçün çöldə çörək axtarır.

6Zəmilərdən yem yığırlar,

Pislərin üzüm bağından üzüm qalıqlarını toplayırlar.

7Gecə paltarsız, çılpaq qalırlar,

Soyuqda üstlərini örtməyə bir şey tapmırlar.

8Dağlara yağan yağışdan islanırlar,

Daldalanacaqları olmadığı üçün qayalara qısılırlar,

9Yetim uşağı döşdən ayırırlar,

Fəqirin körpəsini girov alırlar.

10Bu yazıqlar paltarsız, çılpaq dolanır,

Qarınları acdır, amma taxıl dərzləri daşıyır.

11Pislərin çəpərləri arasında yağ üçün zeytun sıxırlar,

Şərab üçün üzüm sıxırlar,

Amma özləri susuzluqdan yanırlar.

12Şəhərlərdən insan nalələri ucalır,

Canı yaralı olanlar fəryad qoparır,

Amma Allah dualarını nəzərə almır.

13Elə insanlar var ki, işığa üsyan edir,

Nurlu yolu tanımır,

Onun dalınca getmir.

14Qatil gün batanda qalxır,

Fəqiri, yoxsulu öldürür,

Gecə oğrusuna bənzəyir.

15Zinakarın gözü alaqaranlıqdadır,

“Kimsə məni görməz” deyə düşünür,

Üz-gözünü gizlədir.

16Oğrular evləri qaranlıqda yarır,

Gündüz gizlənir, işıq nədir, bilmir.

17Çünki onların sabahı qatı qaranlıqdır,

Zülmətin dəhşəti onların aşnasıdır.

18Amma onlar su üzərində köpüyə bənzər,

Torpaqdan lənət payı alar,

Üzüm bağlarına qayıtmazlar.

19Necə ki quraqlıq və istilik qarı əridib udar,

Ölülər diyarı da günahkarları elə götürüb aparar.

20Onları ana bətni unudar,

Qurdlar üçün ləziz yem olar,

Bir də onları heç kim yada salmaz,

Haqsızlıq bir ağac kimi sınar.

21Çünki sonsuz qadınlara yamanlıq edərlər,

Dul qadınlara yaxşılıq etməzlər.

22Allah isə qüdrəti ilə bu güclüləri dartıb yerə vurar,

Onlar qalxsa belə, həyatlarından əmin olmazlar.

23Allah onlara izin verir ki, əmin-amanlıqda yaşasınlar,

Amma onlar gedən yollara göz qoyur.

24Qısa müddətə ucalır, sonra da yox olurlar.

Yıxılırlar, lap əvvəlkilər kimi götürülüb aparılırlar,

Sünbül kimi dərilib yığılırlar.

25Əgər belə deyilsə,

Yalançı olduğumu kim sübut edə bilər?

Sözlərimin dəyərsiz olduğunu kim deyə bilər?»

YUXARI

Əyyub 25

 

Bildad

1Şuahlı Bildad belə cavab verdi:  2«Səltənət və zəhm Allaha məxsusdur,

Uca göylərdə nizam quran Odur.

3Orduları saya gələrmi?

İşığı kimin üzünə doğmaz?

4Fani insan Allah qarşısında necə saleh ola bilər?

Qadından doğulan necə təmiz ola bilər?

5Bax Onun gözündə ay belə, parlaq deyilsə,

Ulduzlar belə, pak deyilsə,

6Torpaq qurduna bənzər fani insan necə ola bilər?

Axı bəşər oğlu bir cücüyə bənzər».

YUXARI

Əyyub 26

 

Əyyub

1Əyyub belə cavab verdi:  2«Biçarəyə necə də kömək etdin!

Taqətdən düşən qolu necə xilas etdin!

3Hikmətsiz adama necə məsləhət verdin!

Ona bol-bol müdriklik öyrətdin!

4Axı bu sözləri kimə söyləyirsən?

Sənin ağzınla kimin ruhu danışır?

5Ölülər titrəyir,

Su altında məskən salanlar lərzəyə gəlir.

6Allahın hüzurunda ölülər diyarı çılpaqdır,

Həlak yerinin örtüyü yoxdur.

7Şimalı boş fəzanın üstünə yayır,

Dünyanı heçliyin üstündən asır.

8Buludların içinə sularını büküb yığır,

Onların ağırlığından buludlar yırtılmır.

9Bədirlənmiş ayın üzünü örtür,

Buludları üstünə çəkir.

10Suların üstünə bir sərhəd çəkir,

İşıqla qaranlığı bölür.

11O qəzəblənəndə göyün dirəkləri sarsılır,

Çaşıb qalır.

12Dənizi gücü ilə çalxalayır,

Müdrikliyi ilə Rahavı

vurur.  13Göyləri nəfəsi ilə açır,

Qaçan ilanı əli ilə parçalayır.

14Bunlar yalnız Onun etdiklərinin bir zərrəsidir,

Ondan eşitdiyimiz çox zəif bir pıçıltıdır.

Axı qüdrətli gurultusunu kim dərk edə bilər?»

YUXARI

Əyyub 27

1Əyyub misal çəkərək dedi:  2«Haqqımı əlimdən alan var olan Allaha and olsun,

Canımı dərdə salan Külli-İxtiyara and olsun,

3Nə qədər canımda can,

Burnumda Allahın nəfəsi varsa,

4Ağzımdan pis söz çıxmayacaq,

Dilim yalan danışmayacaq!

5Sizin sözlərinizi əsla təsdiq etməyəcəyəm,

Son nəfəsimə qədər kamilliyimdən əl çəkməyəcəyəm.

6Salehliyimdən bərk yapışmışam,

Onu buraxmaram,

Elə gün keçirməmişəm ki, ürəyim tərəfindən ittiham olunum.

7Qoy düşmən pis adamların gününə düşsün,

Haqsız adamlara nə edilirsə, əleyhdarlarıma da elə edilsin.

8Allahsız insanı Allah kəsib atanda,

Canını alanda ümidi olarmı?

9Dara düşəndə fəryadını

Allah eşidəcəkmi?

10O, Külli-İxtiyardan zövq alırmı?

O hər zaman Allaha yalvarırmı?

11Allahın qolu haqqında sizə bilik verəcəyəm,

Külli-İxtiyarın niyyətini sizdən gizlətməyəcəyəm.

12Əslində hamınız bunu görmüsünüz,

Bəs niyə boş sözlər söyləyirsiniz?

13Pis adam Allahdan belə pay alar,

Külli-İxtiyardan zorakı adamlara bu nəsib olar:

14Nə olsun, övladları çoxalır,

Hamısı qılıncdan keçiriləcək,

Nəslində doyunca çörək tapan olmayacaq.

15Nəslindən sağ qalanlar xəstəlikdən ölərək dəfn ediləcək,

Dul arvadları ağlaya bilməyəcək.

16Pis insan qum qədər gümüş yığsa da,

Torpaq zərrələri qədər paltar yığsa da,

17Onun yığdığını saleh geyəcək,

Gümüşünü günahsızlar böləcək.

18Güvə çanağı kimi,

Qarovulçu çardağı kimi ev tikir,

19Varlı olaraq yatır, amma sona qədər belə qalmaz,

Gözlərini açanda hamısı yox olub gedəcək.

20Dəhşət onu sel tək basacaq,

Tufan gecə onu qapıb aparacaq.

21Şərq küləyi onu qaldırıb sovuracaq,

Onu öz yerindən süpürüb aparacaq.

22Ona qarşı amansız küləklər əsəcək,

O isə yelin əlindən qaçmağa cəhd edəcək.

23Külək onu ələ salaraq əl çalacaq,

Öz yerindən onun üçün vıyıldayacaq.

YUXARI

Əyyub 28

 

Hikmətin mədhi

1Gümüşün mədəni,

Qızılın təmizlənmə yeri var.

2Dəmir torpaqdan çıxarılır,

Mis daşlardan əridilərək alınır.

3İnsan qaranlığa son qoyur,

Sonacan qatı qaranlıqda, zülmətdə filiz axtarır.

4İnsan məskənlərindən uzaq bir çuxur açır,

İnsan ayağı dəyməyən yerlərdə,

İnsanlardan uzaqlarda ilişib yellənə-yellənə qalır.

5Torpaqdan çörək çıxır,

Torpağın altı isə fırlanır, elə bil odlar yanır.

6Qayalarından göy yaqut çıxır,

Orada qızıl tozu da var.

7Oranın yolunu yırtıcı quşlar bilmir,

Şahinin gözü oranı görməyib.

8Ora məğrur heyvanların ayağı dəyməyib,

Yırtıcı aslanlar oradan keçməyib.

9Mədənçi əlini çaxmaq daşına uzadır,

Dağları dibindən oynadır.

10Qayalardan yeraltı keçidlər açır,

Gözləri müxtəlif qiymətli şeylərə baxır.

11Çayların mənbələrini bağlayır,

Gizlini aşkara çıxarır.

12Amma hikməti haradan tapmaq olar?

Müdrikliyin yeri hanı?

13İnsan onun qiymətini bilməz,

Dirilər arasında ona rast gəlməz.

14Dərinliklər deyər: “Məndə yoxdur”,

Dəniz deyər: “Yanımda yoxdur”.

15Saf qızıl onu əvəz edə bilməz,

Qiyməti gümüşlə ölçülməz.

16Onu Ofir qızılı ilə qiymətləndirmək olmaz,

Onu qiymətli damarlı əqiqlə, göy yaqutla dəyərləndirmək olmaz.

17Nə qızıl, nə də gözəl cam ona tay deyil,

Hikmət saf qızıl qablarla əvəz edilmir.

18Yanında mərcanın, büllurun adı çəkilməz,

Hikmətin qiyməti yaqutdan artıqdır.

19Kuş topazı onun tayı deyil,

Onun dəyəri saf qızılla ölçülməz.

20Bəs hikmət haradan gəlir?

Müdrikliyin yeri hanı?

21O bütün canlıların gözündən uzaqdır,

Göydə uçan quşlardan belə, gizli qalır.

22Həlak yeri ilə ölüm belə deyir:

“Qulaqlarımız yalnız sorağını eşidir”.

23Onun yolunu Allah dərk edir,

Yerini yalnız O bilir.

24Çünki yer üzünün ucqarlarına qədər baxır,

Göylərin altındakı hər şeyi görür.

25Küləyin gücünü təyin edəndə,

Suları ölçəndə,

26Yağışa qanun qoyanda,

Şimşəyə yol açanda

27Hikmətə baxıb qiymət qoydu,

Onu bərqərar edib araşdırdı.

28İnsana dedi: “Rəbb qorxusu hikmətdir, Pislikdən çəkinmək müdriklikdir”».

YUXARI

Əyyub 29

 

Əyyubun yekun sözü

1Əyyub yenə misal çəkərək dedi:  2«Kaş ki ötən aylar geri dönəydi –

Allahın məni qoruduğu,

3Çırağının başım üstə işıq saçdığı,

Nuru ilə qaranlıqda gəzdiyim günlər.

4Kaş ki həyatımın çiçəkli günləri geri dönəydi –

Mənə yar olan Allahın çadırımı qoruduğu,

5Külli-İxtiyarın hər vaxt mənimlə olduğu,

Övladlarımın ətrafımda dolandığı,

6Yollarımın südlə yuyulduğu,

Yanımdakı qayadan zeytun yağı axdığı günlər.

7Şəhər darvazasına gedərkən,

Kürsümü meydanın başına qoyarkən

8Gənclər məni görüb gizlənərdi,

Yaşlılar ayağa qalxıb hörmət göstərərdi.

9Başçılar söhbətini dayandırardı,

Əlləri ilə ağızlarını tutardı.

10Əsilzadələrin səsi çıxmazdı,

Dilləri damaqlarına yapışardı.

11Qulaq məni eşidəndə alqışlayardı,

Göz məni görəndə tərifləyərdi.

12Çünki imdad diləyən fəqiri,

Köməksiz yetimi qurtarardım.

13Son anlarını yaşayanlar mənə xeyir-dua verərdi,

Dul qadının qəlbinə şən nəğmələr verərdim.

14Libas kimi salehliyi geyinmişdim,

Sanki ədalətim mənə cübbə və tac idi.

15Korlara göz idim,

Topallara ayaq idim,

16Yoxsulların atası idim,

Qəriblərin müşküllərinin qayğısına qalırdım,

17Haqsızın çənəsini qırırdım,

Ovunu dişlərindən qoparırdım.

18Düşünürdüm: “Son nəfəsimi yuvamdaca verəcəyəm,

Ömrümün günlərini qum qədər çoxaldacağam.

19Köküm sulara tərəf rişələnəcək,

Budaqlarıma şeh düşəcək.

20Qazandığım şərəf təzələnəcək,

Əlimə yeni ox-kaman gələcək”.

21İnsanlar ehtiramla məni dinlərdi,

Səssizcə məsləhətimi gözlərdi.

22Heç kim sözümün üstündən söz deməzdi,

Sözlərim üzərlərinə tökülərdi.

23Məni yağış kimi gözləyirdilər,

Yaz yağışı tək sözlərimi içirdilər,

24Üzlərinə gülümsəyəndə gözlərinə inanmazdılar,

Gülər üzümdən ruhlanardılar.

25Onlara yol göstərərdim, başçı kimi əyləşərdim,

Əsgərlərin arasında padşah kimi ömür sürərdim,

Yaslılara təsəlli verənə bənzəyərdim.

YUXARI

Əyyub 30

1Amma indi yaşca məndən kiçiklər

Mənə lağ edirlər.

Vaxtı ilə atalarını heç bir işə layiq görməzdim,

Sürümün itlərinin yanına belə, qoymazdım.

2Çünki taqətdən düşmüşdülər,

Biləklərinin gücü getmişdi,

Heç biri işimə yaramırdı.

3Onlar yoxsulluqdan, aclıqdan zəifləmişdi,

Gecələr çöl-biyabanda bitki kökü gəmirirdi.

4Kollardan duzlu bitkilər toplayırdılar,

Süpürgə kollarının köklərini yeyirdilər.

5Xalq arasından qovulurdular,

Üstlərinə elə çığırırdılar ki,

Elə bil ki oğrudurlar.

6Vadi yataqlarında, yerin dəliklərində,

Qaya ovuqlarında yaşayırdılar.

7Kollar arasında bağırırdılar,

Qara tikan kolu altında daldalanırdılar.

8Axmaqların, adsız-sansız insanların övladlarıdır,

Ölkədən qovulmuşdular.

9İndisə dillərində dastan olmuşam,

Ağızlarında məsəl olmuşam.

10İkrah edərək məndən gen dayanırlar,

Hətta üzümə tüpürməkdən çəkinmirlər.

11Çünki Allah kamanımın ipini boşaltdı,

Məni zəlil elədi.

Ona görə onlar gözümün qabağındaca

Cilovlarını çıxarıb atdılar.

12Bu avara gənclər sağ tərəfimdən çıxır,

Ayaqlarımı büdrədir,

Mənə qarşı torpaq qalağı düzəldir.

13Yolumu bərbad etdilər,

Onlara dəstək verən olmasa da,

Məni yox etməyə çalışırlar.

14Sanki geniş dəliklərdən keçib

Viranəlikdən üstümə yuvarlanırlar.

15Dəhşətlər üstümə doldu,

Şərəfimi yel tək sovurdu,

Xoşbəxtliyim bulud kimi keçib getdi.

16İndi canım taqətdən düşdü,

Dar günlər məndən bərk yapışdı.

17Gecələr sümüklərim sızıldayır,

Canımı gəmirən ağrılar dayanmır.

18Allah paltarı zorla əynimdən çıxarır,

Məndən cübbəmin yaxası kimi yapışır.

19Məni lilə batırır,

Toza, külə dönmüşəm.

20Sənə yalvarıram, cavab vermirsən,

Ayağa qalxmağıma göz qoyursan.

21Mənə qarşı rəhmsizsən,

Güclü əllərinlə məni əzirsən.

22Məni qaldırıb yel üstünə mindirirsən,

Fırtına içinə salıb məni darmadağın edirsən.

23Bilirəm, məni ölümə,

Bütün ömür sürənlər üçün təyin olunan son mənzilə aparacaqsan.

24Yıxılana əl qaldırmaq olmaz,

Bəlaya düşənin harayına çatan yoxdur.

25Məgər dara düşənlər üçün ağlamırdımmı?

Yoxsulların halına yanmırdımmı?

26Mən yaxşılıq gözlədim, yamanlıq gəldi,

Mən işıq umarkən qaranlıq gəldi.

27Ürəyim çırpınır, rahatlığı yoxdur,

Ağır günlər qarşımı kəsdi.

28Yoxdur bir işıq ucu, qarala-qarala gəzirəm,

Camaat arasında durub fəryad edirəm.

29Çaqqallara qardaş oldum,

Bayquşlara yoldaş oldum.

30Qaralan dərim soyulur,

Qızdırmadan sümüklərim yanır.

31Liram yas tutub nalə çəkir,

Tütəyim zar-zar inləyir.

YUXARI

Əyyub 31

1Gözlərim üçün əhd etmişəm,

Gözüm bir qıza baxarmı?

2İnsan yuxarıdan – Allahdan nə pay alır?

İnsana ucalardan – Külli-İxtiyardan nə irs qalır?

3Məgər haqsızların başına fəlakət gəlmir?

Məgər fitnəkarların başına bəla gəlmir?

4Məgər O, yollarıma baxmır?

Məgər O hər addımımı saymır?

5Əgər yalançı olaraq gəzmişəmsə,

Ayağım fırıldaq üçün qaçıbsa,

6Qoy Allah məni haqq tərəzisində çəksin,

Kamil olduğumu görsün.

7Yolumda əyri addım atmışamsa,

Gözlərimin ardınca qəlbimi sürükləmişəmsə,

Əllərimi ləkələmişəmsə,

8Əkdiyimi yadlar yesin,

Qoy əkinim kökündən çıxarılsın.

9Əgər qəlbim başqa bir qadına meyl edibsə,

Qonşumun qapısını pusmuşamsa,

10Qoy arvadım başqasının taxılını üyütsün,

Qoy onunla başqa kişilər yatsın.

11Axı bu bir xəcalət olardı,

Məhkəməyə veriləsi bir günah sayılardı.

12Çünki bu Həlak yerinədək yandırıb-yaxan bir alovdur.

Bu bütün barımı kökündən çıxarardı.

13Əgər mənimlə çəkişəndə

Nökərlərimin və kənizlərimin

Haqqını yemişəmsə,

14Allah ayağa qalxanda

Mən nə edə bilərəm?

Məni yoxlayanda nə cavab verərəm?

15Anamın bətnində məni yaradan

Onu yaratmayıbmı?

Bətndən bizə quruluş verən O olmayıbmı?

16Əgər yoxsulların istədiklərini bir kənara qoymuşamsa,

Dul qadının ümidini qırmışamsa,

17Bir tikəmi özüm yeyib

Yetimə verməmişəmsə,

18Gəncliyimdən bəri yetimlərə atalıq etməmişəmsə,

Doğulandan bəri dul qadına yol göstərməmişəmsə,

19Paltarı olmadığı üçün canı ağrıyan,

Ya örtüyə möhtac qalan yoxsulları görəndə

20Qoyunlarımın yunu ilə onları isitməmişəmsə,

Onlar da mənə ürəkdən alqış etməyiblərsə,

21Məhkəmədə sözü keçən olduğum üçün

Yetimə əl qaldırmışamsa,

22Qollarım qırılıb çiyinlərimdən düşsün,

Qoy qolum lüləsindən sınsın.

23Çünki Allahın bəlasından qorxuram,

Əzəməti qarşısında dayana bilmərəm.

24Əgər qızıla ümid bağlamışamsa,

Saf qızıla “ümidim sənsən” demişəmsə,

25Əgər bol sərvətimə görə,

Əlimin gəlirinin çoxluğuna görə sevinmişəmsə,

26Əgər parlayan günəşə,

İşıq saçaraq dövran edən aya baxıb,

27Könlümün meylini gizlicə azdırıb,

Sitayiş etmək üçün əlimlə onlara

Öpüş yollamışamsa,

28Bu da məni ittiham edən günah sayılardı,

Çünki ucalarda olan Allahı danmış olardım.

29Əgər düşmənlərimin bədbəxtliyinə sevinmişəmsə,

Başına bəla gəldi deyə fərəhlənmişəmsə,

30Kiminsə canına qarğış yağdıraraq

Dilimə günah işlətməyə yol vermişəmsə,

31Evimdəki insanlar “Əyyubun verdiyi ətlə

Qarnını doyurmayan varmı?” deyə soruşmayıblarsa,

32– Heç bir yadelli gecəni küçədə keçirməzdi,

Qapım həmişə yoldan keçənlərin üzünə açıq idi –

33Əgər təqsirimi gizlətmişəmsə,

Adəm kimi üsyankarlığımı ört-basdır etmişəmsə,

34Camaatdan qorxduğum üçün,

El qınağından dəhşətə gəldiyim üçün

Dinməzcə bayıra çıxmamışamsa…

35Kaş məni bir eşidən olaydı!

Bu sözümü təsdiq edirəm,

Qoy Külli-İxtiyar mənə bir cavab versin!

Əleyhdarım bunu tumara yazıb əlimə versin.

36Şübhəsiz, bu tumarı çiynimdə gəzdirərdim,

Başıma tac edərdim.

37Onda atdığım hər addımı Allaha bildirərdim,

Mən bir şahzadə kimi Onun yanına gedərdim.

38Torpağım da məndən fəryad edirsə,

Kotanın açdığı yarıqlar əlimdən bir ağızdan ağlayırsa,

39Pulunu vermədən məhsulu yemişəmsə,

Buranın sakinlərinin ürəyini qırmışamsa,

40Qoy sahəmdə buğda yerinə tikan,

Arpa yerinə alaq bitsin».

Əyyubun söhbəti sona yetdi.

YUXARI

Əyyub 32

 

Elihu

1Beləliklə, bu üç kişi artıq Əyyuba cavab verməyi dayandırdı, çünki Əyyub öz gözündə saleh idi.  2Amma Əyyub özünü Allahdan da saleh saydığı üçün Ram nəslindən Buzlu Barakelin oğlu Elihu ona qarşı qəzəbdən alovlandı.  3Elihu Əyyubun üç dostuna görə də hirsindən alışıb-yandı, çünki düzgün cavab tapmayıb Əyyubu günahkar çıxartdılar.  4Elihu Əyyubla danışmaq üçün növbəsini gözləyirdi, çünki əvvəlkilər yaşca ondan böyük idi.  5Bu üç nəfərin daha sözü qalmadığını görəndə o, hirsindən alışıb-yandı.  6Buzlu Barakelin oğlu Elihu belə dedi: «Mən yaşca kiçiyəm, sizsə yaşlısınız.

Ona görə çəkindim,

Bildiyimi sizə söyləməyə qorxdum.

7Dedim “qoy danışsın çox uzun ömür sürənlər,

Qoy hikmət öyrətsin çox illərin şahidləri”.

8Həqiqətən, insanda olan ruh,

Külli-İxtiyarın nəfəsi insana ağıl verir.

9Hikmət yaşda olmaz,

Ədaləti dərk etmək yaşa baxmaz.

10Ona görə deyirəm ki, məni dinləyin,

Qoy mən də bildiyimi söyləyim.

11Siz danışarkən mən gözlədim,

Siz sözləri araşdırarkən fikirlərinizi dinlədim.

12Bütün diqqətimi sizə tərəf çevirdim,

Amma heç biriniz Əyyuba haqsızlığını sübut etmədiniz,

Onun dediklərinə cavab vermədiniz.

13Əsla deməyin ki, hikmət tapmışıq,

Haqsızlığını insan yox, Allah ona sübut etsin.

14Amma Əyyubun sözlərinin hədəfi mən deyiləm,

Sizin sözlərinizlə ona cavab verməyəcəyəm.

15Onlar məəttəl qaldılar.

Artıq cavab tapmadılar.

Deməyə sözləri qalmadı.

16Onlar danışmırlar, dayanıblar,

Cavab vermirlər deyə

Mən gözləməliyəmmi?

17Amma deməyə sözüm var,

Mən də bildiyimi söyləyim.

18Çünki sinəm sözlə doludur,

Köksümdəki ruh məni sıxır,

19Az qalır açılmamış şərab kimi,

Təzə tuluqlar kimi bağrım çatlasın.

20Qoy danışım, rahatca nəfəs alaram,

Dil açıb cavab verim.

21Heç kimin tərəfini saxlamayacağam,

Heç kimə yaltaqlıq etməyəcəyəm.

22Çünki yaltaqlıq nədir bilmərəm,

Yoxsa Yaradanım məni yox edər.

YUXARI

Əyyub 33

1Əyyub, indisə mənim sözümü dinlə,

Hər kəlməmə qulaq as.

2Bax ağzımı açıram,

Dilim bu sözləri deyir.

3Sözlərim səmimi ürəkdən gəlir,

Dodaqlarım biliyi doğru söyləyir.

4Məni Allahın Ruhu yaratdı,

Külli-İxtiyarın nəfəsi mənə həyat verdi.

5Əgər əlindən gəlirsə, mənə cavab ver,

Sıraya düz sözlərini, qarşımda dayan.

6Mən də Allahın nəzərində sənin kimiyəm,

Mən də palçıqdan düzəldilmişəm.

7Dəhşətimdən vahiməyə düşmə,

Bu hücumum sənə ağır gəlməsin.

8Həqiqətən, səsin hələ qulaqlarımdadır,

Belə demişdin:

9“Pakam, günahsızam,

Təmizəm, təqsirsizəm.

10Yenə də Allah mənə qarşı bəhanə axtarır,

Məni Özünə düşmən sayır.

11Ayaqlarımı buxovlayır,

Bütün yollarıma göz qoyur”.

12Amma qoy bunu sənə söyləyim ki,

Sən bu barədə haqsızsan,

Çünki Allah insandan böyükdür.

13İnsanın heç bir sözünə cavab vermir deyə

Niyə Onunla çəkişirsən?

14Çünki insan anlamasa da,

Allah bu və ya digər yolla danışır.

15Yuxuda, gecə röyalarında,

İnsanlar dərin yuxuya qərq olanda,

Yataqda yatanda

16İnsanın qulağını açır,

Xəbərdarlıq edərək onu qorxudur ki,

17İnsan şər iş görməkdən dönsün,

Təkəbbürdən uzaq olsun.

18İnsanın canını quyudan,

Həyatını qılıncla həlak olmaqdan qurtarır,

19İnsanı yatağında ağrılarla,

Sümüklərini kəsilməyən sızıltılarla yola gətirir.

20Belə ki könlündən yemək keçmir,

Ən ləziz yeməkdən iyrənir.

21Əti tökülür, görünməz hala düşür.

Görünməyən sümükləri üzə çıxır.

22Canı quyuya,

Həyatı ölüm mələklərinə yaxınlaşır.

23İnsana əməlisalehliyini bəyan etmək üçün

Min mələyin içindən bir mələk, bir vasitəçi olsa,

24O zaman Allah ona rəhm edib deyər:

“Onu quyuya düşməkdən qurtar,

Onun üçün kəffarə tapmışam”.

25Onda bədəni uşaq bədəni kimi təzə olar,

Yeniyetməlik dövrünə qayıdar.

26Dua edəndə Allah ondan razı qalar,

Sevinərək Allahın üzünü görər,

Allah onun vəziyyətini düzəldər.

27Sonra insanların önündə nəğmə söyləyər:

“Günah işlədib doğru yoldan azmışdım,

Allah mənə layiq olduğum cəzanı vermədi.

28Canımı quyuya düşməkdən qurtardı,

Həyatım nur görəcək”.

29Bax Allah bütün bunları insanlara

Ya iki dəfə ya da üç dəfə edər ki,

30Onların canını quyudan xilas etsin,

Onlar həyatın nurunu görsün.

31Yaxşı dinlə, Əyyub, bir qulaq as,

Sakit ol, qoy danışım.

32Əgər deməyə sözün varsa, mənə cavab ver,

Danış, çünki səni haqlı çıxarmaq istəyirəm.

33Sözün yoxsa, mənə qulaq as,

Sakit ol, qoy sənə hikmət öyrədim».

YUXARI

Əyyub 34

1Elihu söhbətini belə davam etdirdi:  2«Ey hikmətlilər, sözlərimi dinləyin,

Ey çoxbilənlər, məni eşidin.

3Çünki damaq yeməyin dadını bildiyi kimi

Qulaq da sözləri müəyyən edir.

4Gəlin doğrunu seçək,

Birlikdə yaxşını öyrənək.

5Çünki Əyyub deyir: “Mən günahsızam,

Allah isə əlimdən haqqımı aldı.

6Haqlı olduğum halda yalançı sayılıram,

Bir təqsirim yox ikən oxundan sağalmaz yara aldım”.

7Əyyub kimi şəxsiyyət varmı?

O, kinayəni su kimi içir.

8Pislik edənlərlə yoldaşlıq edib gəzir,

Pis adamlarla yol gedir.

9Çünki “çalışıb Allahı razı salmaq

İnsana xeyir gətirməz” deyir.

10Buna görə, ey dərrakəli insanlar, məni dinləyin!

Məgər Allah pislik edərmi?

Məgər Külli-İxtiyar haqsızlıq edərmi?

11Çünki O hər kəsə əməlinin əvəzini verir, Qazandığını başına gətirir.

12Məgər Allah pislik edir?

Məgər Külli-İxtiyar haqsızlıq edir?

13Ona bütün dünyanı kim təslim etdi?

Kim Onu yer üzərində təyin etdi?

14Əgər qəsdinə durub

Ruhunu, nəfəsini geri çəkərsə,

15Bir anda bütün bəşər yox olar,

İnsan torpağa qayıdar.

16Əgər düşüncən varsa, bunları dinlə,

Sözlərimi eşit.

17Ədalətə nifrət edən səltənət sürə bilərmi?

Adil və qüdrəti Olanımı məhkum edəcəksən?

18Padşahlara “yaramazsınız”,

Əsilzadələrə “şərsiniz” deyən,

19Başçılar arasında tərəfkeşlik etməyən,

Varlını yoxsuldan üstün saymayan

O deyilmi?

Çünki hamını Onun əlləri yaratdı,

20Hamı bir an içində, bir gecə yarısı ölüb gedir,

Xalq lərzəyə gəlib ölür.

Güclülər belə, əl dəyməmiş aradan götürülür.

21Allah gözlərini insanların yolundan çəkmir,

Atdıqları hər addımı görür.

22Şər iş görənlərin gizlənəcəyi

Nə qaranlıq, nə də zülmət yeri var.

23Hökm üçün hüzuruna gəlsinlər deyə

Allah insana nəzarət etmək üçün ehtiyac duymur.

24İstintaq etmədən güclü insanları qırır,

Onların yerinə başqalarını qoyur.

25Çünki onların işlərini bilir,

Bir gecə onları alt-üst edir, onlar əzilir.

26Hamının gözü önündə

Pislikləri üzündən onlara cəza verir.

27Çünki Onun ardınca getmədilər,

Yollarının heç birinə fikir vermədilər.

28Ona görə yoxsulların fəryadı Onun hüzuruna yetdi,

O, fəqirlərin fəryadını eşitdi.

29Amma Allah səssiz dursa, kim Onu ittiham edə bilər?

Üzünü gizlədərsə, kim Onu görə bilər?

Hər millət, hər insan üçün O eynidir ki,

30Allahsız insan hökmranlıq etməsin,

Xalqa tələ qurmasın.

31Allaha deyən olubmu:

“Günahkaram, bir də pis iş görməyəcəyəm?

32Görmədiyimi mənə göstər,

Haqsızlıq etmişəmsə, bir də etmərəm”.

33Onu atdığın halda sənə

Kefin istəyən əvəz verməlidirmi?

Qərar verən sənsən, mən deyiləm,

İndi bildiyini mənə söylə.

34Dərrakəli insanlar,

Məni dinləyən müdrik adamlar deyəcək:

35“Əyyub avam-avam danışır,

Sözlərinin mənası yoxdur”.

36Bir şər adam kimi cavab verdiyi üçün

Qoy Əyyub axıradək sınaqda olsun!

37Çünki günahına üsyankarlıq da artırır,

Qarşımızda elə bil rişxənd edərək əl çalır,

Allaha qarşı danışdıqca danışır».

YUXARI

Əyyub 35

1Elihu sözünü belə davam etdirdi:  2«Allah önündə haqlı olduğunu deyirsən.

Bunun doğru olduğunumu düşünürsən?

3Bəs niyə soruşursan ki, “əgər günah işlətməsəm,

Bundan xeyrim, qazancım nə ola bilər?”

4Həm sənə, həm də dostlarına

Belə cavab verəcəyəm.

5Bir bax səmaya,

Nəzər sal başının üstündəki buludlara.

6Günah işlətsən, bunun Allaha nə ziyanı dəyər? Nə qədər üsyankar olsan da, Ona bir şey olarmı?

7Sənin salehliyin Ona nə verir?

Yaxud da O, əlindən nəyi alıb götürür?

8Pisliyin özün kimisinə ziyan vurur,

Salehliyin isə bəşər oğlu üçündür.

9İnsanlar ağır təzyiq altında fəryad edir,

Güclülərə qarşı yardım istəyir.

10Amma deyən yoxdur: “Hanı məni yaradan Allah?

Hanı bizə gecələr ilahilər oxutduran Allah?

11O bizi yer üzünün heyvanlarından çox öyrədib,

Bizə göydəki quşlardan daha çox hikmət verib”.

12Orada pislərin qüruru üzündən

İnsanlar fəryad edir,

Amma Allah cavab vermir.

13Əslində Allah boş fəryadı dinləmir,

Külli-İxtiyar buna əhəmiyyət vermir.

14Sən onu görmədiyini söylədiyin anda belə,

Mübahisən önündədir, Onu gözlə.

15İndi qəzəblənib cəzalandırmırsa,

Təqsirin çoxluğuna baxmır.

16Ona görə Əyyub boş yerə ağzını yorur,

Avam-avam danışdıqca danışır».

YUXARI

Əyyub 36

1Elihu sözünü belə davam etdirdi:  2«Bir az səbir elə, sənə izah edəcəyəm,

Çünki Allah barədə deyiləcək çox sözüm var.

3Geniş məlumat toplayacağam,

Yaradanıma haqq verəcəyəm.

4Dediyimin heç biri, şübhəsiz, yalan deyil,

Qarşında dayanan kamil bilicidir.

5Allah güclüdür, kimsəyə xor baxmaz,

Güclüdür, dərin şüura malikdir.

6Pis adamları yaşatmaz,

Fəqirlərin haqqını verər.

7Salehdən gözünü çəkməz,

Onu padşahlarla birgə taxtda oturdar,

Əbədilik ucaldar.

8Amma əgər insanlar zəncirlənib

Təzyiq altında saxlanarsa,

9Onlara əməllərini, günahlarını göstərər,

Təkəbbürlü rəftar etdiklərini bildirər.

10Öyüdlərini eşitdirər,

Pislikdən dönmələrini əmr edər.

11Əgər Ona qulaq asıb qulluq edərlərsə,

Qalan günlərini bolluq içində yaşarlar,

Qalan illərini əmin-amanlıqda yaşarlar.

12Qulaq asmazlarsa, qılıncdan keçirilərlər,

Cəhalət içində canları çıxar.

13Allahsızlar ürəklərində kin saxlayırlar,

Allah onları qandallayanda belə, Onu çağırmırlar.

14Vaxtsız ölüb gedərlər,

Şərəfsiz ömür sürərlər.

15Amma Allah əzabkeşləri əzablarından xilas edər,

Dara düşəndə onlara səsini eşitdirər.

16Bəli, O səni çətinlikdən

Darısqal olmayan geniş yerə,

Yağlı yeməklərlə bəzənmiş süfrəyə çıxarar.

17Amma şərin hökmü vücuduna dolar,

Haqq-ədalət isə yaxandan tutar.

18Ehtiyatlı ol, qoy pul səni başdan çıxarmasın,

Rüşvətin böyüklüyünü görüb azmayasan.

19Səni dardan qurtarmağa,

Varının, yoxsa qüdrətinin gücü çatarmı?

20Xalqların öz yerlərindən

Yox edildiyi gecənin həsrətini çəkmə.

21Ehtiyatlı ol ki, şərə tərəf dönməyəsən,

Çünki zəlil olmaqdan çox bunu seçmisən.

22Budur, Allah əzəməti ilə ucalır,

Onun kimi müəllim haradadır?

23Kim Ona nə etməsinin lazım olduğunu söyləyə bilər?

Kim Ona “haqsızsan” deyə bilər?

24Onun işlərini yada sal,

İnsanların ilahilərlə tərənnüm etdiyi işləri mədh etməlisən.

25Bütün insanlar bunu görür,

Hamı bu işləri uzaqdan seyr edir.

26Bəli, Allah çox böyükdür, Onu tanıya bilmirik,

İllərinin sayını araşdıran yoxdur.

27Su damcılarını yuxarı qaldırır,

Buxarlandırır, yağış yağdırır.

28Bu yağışlar buludlardan tökülür,

İnsanların üstünə bol yağışlar səpilir.

29Buludların necə yayılmasını,

Göylərin çadırında guruldamasını

Kim dərk edə bilər?

30Baxın, ətrafında şimşəkləri çaxdırır,

Dənizin dərinliklərini doldurur.

31Allah xalqlara rəhbərlik edir,

Onları bol ərzaqla təmin edir.

32Şimşəyi əlləri ilə tutur,

Hədəfə vurmasını buyurur.

33Gurultusu qasırğadan xəbər verir,

Qasırğanın qopacağını öküzlərə belə, bildirir.

YUXARI

Əyyub 37

1Bundan qəlbim çırpınıb yerindən oynayır,

2Dinləyin! Gurlayan səsini dinləyin,

Ağzından çıxan harayını eşidin!

3Göy altında, hər yanda səs salır,

Yer üzünün dörd bucağında şimşəyini çaxdırır.

4Ardınca nərə vurur,

Əzəmətli səsi ilə gurlayır,

Həniri eşidilir, dayanmadan şimşək çaxır.

5Allahın səsi heyrətamiz şəkildə gurlayır,

O bizə məlum olmayan böyük işlər görür.

6Çünki “yerə yağ” deyə qara əmr edir,

Leysana “şiddətlə tökül” deyir.

7Yaratdığı bütün insanlar Onun işlərini bilsinlər deyə

Hər kəsin əlini işdən saxlayır.

8Heyvanlar yuvalarına çəkilir,

Öz yerlərində qalır.

9Tufan otağından çıxır,

Soyuq şimal yellərindən gəlir.

10Allahın nəfəsi suları dondurur,

Ümman sular buz bağlayır.

11Buludlara nəm çəkdirərək yükləyir,

Buludlar içindən şimşək səpələyir.

12Buludlar yer üzündə əmrini yerinə yetirmək üçün

Onun istəyi istiqamətində dönüb fırlanır.

13Bəzən insanları cəzalandırmaq üçün,

Bəzən torpağı suvarmaq üçün,

Bəzən də sevgisini göstərmək üçün yağış göndərir.

14Əyyub, bunu dinlə,

Bir dayan, Allahın heyrətamiz işlərindən düşün.

15Allahın buludlar üçün necə nizam qurduğunu bilirsənmi?

Buludlarındakı şimşəkdən necə od çıxır?

16Buludların tarazlığını,

Kamil biliyə malik olanın heyrətamiz işlərini bilirsənmi?

17Səmum küləyi dünyanın nəfəsini kəsərkən

Paltarın içərisində istidən huşunu itirirsən.

18Tökmə bürünc ayna kimi möhkəm olan göy qübbəsini

Allahla birlikdə sərə bilirsənmi?

19Ona nə deyəcəyimizi bizə öyrət,

Çünki cəhalətimiz üzündən sözlərimiz nizamsızdır.

20Onunla danışmaq istərəm, bu Ona xəbər verilərmi?

Kimsə udulmasını istərmi?

21Külək qurtaranda, göyü təmizləyəndə

Göydə parlayan işığa kimsə baxmaz.

22Şimaldan qızılı parıltı görünür,

Allah qüdrətli əzəmətində gəlir.

23Biz Külli-İxtiyarı tapa bilmərik,

Qüvvəti möhtəşəmdir.

Salehliyi misilsizdir, ədalətlidir,

Heç haqsızlıq etmir.

24Buna görə insanlar Ondan qorxar,

O özünü hikmətli sayanlara baxmaz».

YUXARI

Əyyub 38

 

Allah danışır

1O zaman Rəbb qasırğanın içindən Əyyuba belə cavab verdi:  2

«Məsləhəti savadsız sözlərlə qaranlığa salan bu kimdir?  3İndi kişi kimi belinə qurşaq bağla,

Sual verəcəyəm, Mənə cavab ver.

4Mən yerin təməlini qoyarkən haradaydın?

Anlayışın varsa, söylə.

5İndi ki bilirsən,

De görüm, yerin ölçüsünü kim qoydu,

Yaxud yer üstündə ölçü xəttini kim çəkdi?

6Nəyin üstündə onun təməlləri quruldu?

Kim onun guşədaşını qoydu?

7Onda dan ulduzları birgə nəğmə oxuyurdu,

Bütün ilahi varlıqlar sevincdən haray salırdı.

8Dəniz bətndən çıxıb fışqırarkən Onu qapılar arasında kim bağladı?

9Ona buludları libas,

Qatı qaranlıqları qundaq etdim.

10Onun sərhədini çəkdim,

Qapı və cəftələrini qoydum.

11O vaxt dedim: “Buraya qədər gəlib o tərəfə çıxmayacaqsan,

Qürurlu dalğaların burada dursun”.

12Sən ömründə səhərə buyruq verdinmi?

Şəfəqə yerini göstərdinmi?

13Belə ki yer üzünün ucqarlarını tutsun,

Üstündən pisləri çırpıb atsın.

14Torpağın quruluşu dəyişir,

Möhür vurulanda palçıqda əksi qalan kimi,

Libasdakı qırışlar kimi gözə görünür.

15Pislərin nuru batırılar,

Qaldırdıqları qolları qırılar.

16Dənizin mənbələrinə getmisənmi?

Dərinliyin dibində gəzmisənmi?

17Ölüm dərgahı sənə göstərilibmi?

Ölüm kölgəsinin qapılarını görmüsənmi?

18Dünyanın həcmini dərk edə bilirsənmi?

De görüm, bunların hamısını bilirsənmi?

19İşıq məskəninə gedən yol haradadır?

Qaranlığın yeri haradadır?

20Onları yerlərinə apara bilərsənmi?

Evlərinin yolunu bilirsənmi?

21Əlbəttə, heç nə anlamırsan,

Çünki onlarla eyni vaxtda doğulmusan!

Yaşın bu qədərdir.

22Qar anbarlarına girmisənmi?

Dolu anbarlarını görmüsənmi?

23Mən onları dar gün üçün,

Döyüş və müharibə günləri üçün saxlayıram.

24Hansı yolla işıq yayılar,

Yer üzündə şərq küləyi qopar?

25Kim sellər üçün arx,

İldırım üçün yol açdı ki,

26Kimsəsiz yerləri,

İnsan yaşamayan çölləri sulasın,

27Səhralar – biyabanlar doyunca su içsin,

Yaşıl ot bitsin?

28Yağışın atası varmı?

Şeh damlalarını kim yaratdı?

29Buz kimin bətnindən çıxdı?

Göylərdən düşən şaxtanı kim doğdu?

30Sular nə zaman daş kimi bərkiyir,

Dərinliklərin səthi donur?

31Ülkər ulduzlarını bağlaya bilərsənmi? Orionun bağlarını aça bilərsənmi?

32Hər bürcü öz vaxtında çıxara bilərsənmi?

Böyük, Kiçik Ayı bürcünə yol göstərə bilərsənmi?

33Göylərin qanunlarını bilirsənmi?

Allahın hakimiyyətini yer üzərində qura bilərsənmi?

34Başına bol yağış yağsın deyə

Buludları səsləyə bilərsənmi?

35Şimşəkləri göndərə bilərsənmi getsinlər,

Sənə də “bax buradayıq” desinlər?

36Kim ürəyə hikmət qoydu,

Dərk etmək üçün şüur verdi?

37Kim buludları ağılla saya bilər?

Göyün tuluqlarını kim boşalda bilər?

38Onda toz yatıb yer bərkiyər,

Kəsəklər bir-birinə yapışar.

39Dişi aslanlar üçün ov ovlaya bilərsənmi,

Gənc aslanların qarnını doyura bilərsənmi

40Yuvalarına girəndə,

Kolluqda pusqu quranda?

41Kim qarğaya yem verə bilər

Balaları Allaha fəryad edəndə,

Acından vurnuxanda?

YUXARI

Əyyub 39

1Dağ keçilərinin nə vaxt doğduğunu bilirsənmi?

Maralların balalamasının vaxtını sən gözləyirsənmi?

2Onlar boğaz olanda ayını-gününü sən sayırsanmı?

Nə vaxt doğacaqlarını bilirsənmi?

3Diz çöküb balalarını doğar,

Ağrılardan qurtarar.

4Balaları çöldə böyüyüb güc alar,

Gedər, geri qayıtmaz.

5Kim vəhşi eşşəyi azad buraxdı?

Kim onun iplərini açdı?

6Ona çölləri məskən verdim,

Şoran düzləri ona yurd etdim.

7O, şəhərdəki izdihama gülər,

Sahibinin hay-küyünü eşitməz.

8Təpələri dolaşıb otlar,

Yaşıllığı axtarar.

9Çöl öküzü sənə xidmət etmək istəyərmi?

Gecəni sənin axurunda keçirərmi?

10Kotan sürsün deyə onu boyunduruğa sala bilərsənmi?

Ardınca dərələrdə şırım aça bilərmi?

11Onun hədsiz gücünə bel bağlaya bilərsənmi?

Ona ağır iş gördürə bilərsənmi?

12Çöl öküzünə etibar edə bilərsən ki,

Əkininin məhsulunu daşısın,

Onu xırmanına yığsın?

13Dəvəquşu qanadını sevinclə çırpar,

Amma onun qanadı nə leyləyin qanadları ilə,

Nə də ki pərləri ilə müqayisə olunur.

14Yerdə yumurtalayır,

Onları toz-torpaq üstündə qızdırır.

15Yadından çıxarır ki, yumurtalar ayaq altında sınır,

Çöl heyvanlarının ayağı altında qalır.

16Balaları ilə elə sərt rəftar edir ki,

Elə bil özününkü deyil,

Çəkdiyi zəhmətin boşa getməsindən narahat olmaz.

17Çünki Allah ona müdriklik verməyib,

Ona dərrakə bəxş etməyib.

18Qaçmaq üçün yenə qanad açanda

Ata və atlıya gülər.

19Ata güc verən sənsənmi?

Boynuna yalı qoyan sənsənmi?

20Onu çəyirtkə kimi tullandıran sənsənmi?

Onun təmtəraqlı kişnəməsi xof salır.

21Dərələrə ayağını bərk vurur,

Öz qüvvəsi ilə sevinib-coşur,

Silahlıların qabağına çıxır.

22Qorxuya gülər, heç bir şeydən çəkinməz,

Qılınc qarşısında ayağını geri çəkməz.

23Onun üstündə oxdan cingildəyir,

Parlaq nizə və mizraq şimşək tək keçir.

24Coşanda qəzəblənib yeri-yurdu qapır,

Şeypur çalınan kimi yerindən dik atılır.

25Şeypur çalınanda “hiaaa!” deyib kişnəyir,

Döyüş qoxusunu, sərkərdələrin gurlayan səsini,

Döyüşün nərəsini uzaqdan hiss edir.

26Məgər qırğı sənin dərrakənləmi uçur,

Cənuba tərəf qanad açır?

27Məgər qartal sənin əmrinləmi göyə qalxır,

Uca yerlərdə özünə yuva qurur?

28Sıldırım qayalarda yaşayır,

Şiş uclu qayalarda məskən salır.

29Oradan şikarını axtarır,

Gözləri onları uzaqdan görür.

30Onun balaları qanla qidalanır, Harada leş olsa, o da oradadır».

YUXARI

Əyyub 40

1Rəbb Əyyuba belə dedi:  2«Kim ki tənbehə layiq görülür,

O, Külli-İxtiyarla mübahisə edə bilərmi?

Qoy buna Allahı ittiham edən cavab versin».

3Onda Əyyub Rəbbə belə cavab verdi:  4«Mənim gərəksizliyimə bax,

Sənə necə cavab verim,

Ağzımı əlimlə tutmuşam.

5Bir dəfə danışdım, daha cavabım yoxdur,

Artıq ikinci dəfə nə danışım».

6Rəbb qasırğanın içindən Əyyuba cavab verdi:  7«İndi kişi kimi belinə qurşaq bağla,

Sual verəcəyəm, Mənə cavab ver.

8Sənmi ədalətimi boşa çıxaracaqsan?

Özünə haqq qazandırmaq üçün sənmi Məni günahlandıracaqsan?

9Allahın qolu kimi qolun varmı?

Səsin Onunku kimi gurlayarmı?

10Əgər belədirsə, şərəfə, şana bürün,

Ehtişamı, əzəməti geyin.

11Qoy qəzəbinin alovu saçsın,

Hər qürurluya baxıb onları alçalt.

12Qürurluların hamısına baxıb aşağı endir,

Pisləri yerindəcə təpiyinin altına sal.

13Hamısını birlikdə torpaq altında basdır,

Məzarda üzləri kəfənə bürünsün.

14O zaman Mən də bunu qəbul edərəm,

Belə ki sağ qolun səni qurtarır.

15Behemota

bax, öküz kimi ot yeyir, Səni yaratdığım kimi onu da Mən yaratmışam,

16Gör belində nə qədər güc var,

Qarın əzələləri necə möhkəmdir.

17Sallanan quyruğu sidr ağacına bənzəyir,

Budlarındakı vətərlər bir-birinə hörülüb.

18Sümükləri sanki tunc borudur,

Qabırğaları elə bil dəmir çubuqdur.

19Allahın işləri arasında şah əsərdir,

Yalnız Yaradan ona qılıncla yaxınlaşa bilir.

20Təpələr məhsullarını ona verir,

Bütün çöl heyvanları yanında oynaşır.

21Nilufərlərin altında,

Qamışla örtülü bataqlıqlarda yatır.

22Nilufərlər üstünə kölgə salır,

Dərənin söyüdləri onu əhatəyə alır.

23Coşğun çaylardan qorxmur,

Sellər boğazına çatsa da, arxayındır.

24Gözləri açıq ikən kim onu tuta bilər?

Kim qıra ilə onun burnunu deşər?

YUXARI

Əyyub 41

1Məgər sən Livyatanı

qarmaqla çəkə bilərsənmi? Dilinə qaytan vura bilərsənmi?

2Burnuna ip taxa bilərsənmi?

Qıra ilə çənəsini deşə bilərsənmi?

3Sənə yalvarıb-yaxararmı,

Səninlə şirin-şirin danışarmı?

4Əbədi qulun olmaq üçün

Səninlə əhd kəsərmi?

5Quşla oynadığın kimi onunla oynaya bilərsənmi?

Boynuna ip bağlayıb onu qızların üçün apara bilərsənmi?

6Məgər tacirlər onu alıb-satarlarmı?

Aralarında bölə bilərlərmi?

7Yabalarla dərisini,

Balıqçı neştərləri ilə başını doldura bilərsənmi?

8Əlini onun üstünə qoy, nə cəncələ düşəcəyini təsəvvür et,

Onda bu işi bir daha görməzsən.

9Onu tutmaq ümidin boş istəkdir.

Onun görkəmi adamı yıxmırmı?

10Onu oyatmaq üçün heç kimdə cəsarət yoxdur.

Bəs Mənim qarşımda kim dayana bilər?

11Kim Mənə bir şey verib ki, ona geri qaytarım? Bax göylər altında hər şey Mənimdir.

12Sözümü kəsməyib onun əzalarından,

Möhkəm gücündən və gözəl görünüşündən deyəcəyəm.

13Üstündəki paltarı kim çıxara bilər?

Qoşa cilovla kim ona yaxınlaşa bilər?

14Ağzının qapılarını kim aça bilər?

Çünki damağındakı dişlər dəhşətlidir.

15Kürəyi nizamla düzülmüş qalxanlara oxşayır,

Onlar bir-birinə möhkəm bağlanıb,

16Bir-birlərinə elə bağlanıb ki,

Arasından hava keçməz.

17Bir-birlərinə elə yapışıb ki,

Birdir, ayrılmaz.

18Asqıranda od sıçrayır,

Gözləri səhər işığı tək par-par yanır.

19Ağzından alovlu məşəllər çıxır,

Qığılcımlar saçılır.

20Burnunun deşiklərindən tüstü çıxır,

Elə bil qazan qaynayır, qamış yanır.

21Nəfəsindən kömürlər közərir,

Ağzından alov çıxır.

22Boynunda qüvvət yaşayır,

Qabağında dəhşət oynayır.

23Ətinin qatları bir-birinə bitişib,

Oradan tərpənə bilməz, üstünə bərk yapışıb.

24Ürəyi daş kimi möhkəmdir,

Dəyirmanın alt daşı kimi bərkdir.

25Qalxanda güclülər lərzəyə gəlir,

Qorxub ürəkləri gedir.

26Üstünə qılınc çəkməyin faydasızdır,

Nizə, tir, mizraqdan kar aşmır.

27Dəmiri saman çöpü,

Tuncu çürük odun sayır.

28O, oxlardan qaçmır,

Sapanddan daş atsan, elə bilər ki, çöpdür.

29Dəyənəkləri küləş qırıntısı sanır,

Mizraqın vıyıltısına gülür.

30Qarnının altı sərt saxsıya oxşayır,

Palçıq üstə vəl kimi iz qoyur.

31Dərin suları bir qazan kimi qaynadır,

Dənizi ətir küpünə döndərir,

32Arxasınca parlaq bir iz buraxır,

İnsan bu dərinliyi ağaran saça oxşadır.

33Yer üzündə misli-bərabəri yoxdur,

Qorxu bilməyən məxluqdur.

34Hər lovğalanana xor baxır,

Bütün məğrur heyvanların hakimidir».

YUXARI

Əyyub 42

1O vaxt Əyyub Rəbbə belə cavab verdi:  2«Bilirəm, Sən hər şeyə qadirsən,

Sənin istəyinin qarşısı alınmaz.

3Soruşdun: “Məsləhəti savadsızcasına ört-basdır edən bu kimdir?” Doğrudan da, bilmədiyim şeylərdən,

Əlim çatmadığı heyrətamiz işlərdən danışdım.

4Dedin: “İndi qulaq as, Mən danışacağam, Sual verəcəyəm, Mənə cavab ver”.

5Qulaqlarıma sorağın çatmışdı,

İndisə Səni gözlərimlə görürəm.

6Ona görə özümdən zəhləm gedir,

Torpağın, külün içində tövbə edirəm».

Nəticə

7Rəbb Əyyuba bu sözləri deyəndən sonra Temanlı Elifaza dedi: «Sənə və iki dostuna qarşı qəzəbdən alışıb-yandım. Çünki siz qulum Əyyub kimi Mənim haqqımda doğru olanı demədiniz.  8İndi özünüz üçün yeddi buğa və yeddi qoç alıb qulum Əyyubun yanına gedin və özünüz üçün yandırma qurbanı təqdim edin. Qulum Əyyub sizin üçün dua etsin. Mən də onun duasını qəbul edib sizinlə axmaqlığınıza görə rəftar etməyəcəyəm, çünki siz qulum Əyyub kimi Mənim haqqımda doğru olanı demədiniz».  9Beləcə Temanlı Elifaz, Şuahlı Bildad və Naamatlı Sofar gedib Rəbbin onlara dediklərinə əməl etdi. Rəbb də Əyyubun duasını qəbul etdi.  10 Əyyub dostları üçün dua edəndən sonra Rəbb ondan alınanları geri qaytardı. O, Əyyuba bütün qabaqkı malından da ikiqat artıq var-dövlət verdi.  11Əyyubun bütün qardaşları, bacıları və bütün əvvəlki dost-tanışları yanına gəlib evində onunla çörək yedi və dərdinə şərik oldular. Rəbbin onun başına gətirdiyi bütün bəlalara görə ona təsəlli verdilər. Hər biri ona bir parça gümüş və bir qızıl halqa verdi.  12Rəbb Əyyubun axır günlərini əvvəlki günlərindən daha çox bərəkətli etdi. Onun on dörd min qoyunu, altı min dəvəsi, min cüt öküzü və min eşşəyi var idi.  13Əyyubun yeddi oğlu, üç qızı oldu.  14İlk qızının adını Yemima, ikincisinin adını Qesia, üçüncüsünün adını Qeren-Happuk qoydu.  15Ölkənin heç bir yerində Əyyubun qızları kimi gözəl qızlar yox idi. Əyyub onlara da qardaşları ilə yanaşı miras verdi.  16Bundan sonra Əyyub yüz qırx il yaşadı və dörd nəsil övladlarını gördü.  17O qocalıb yaşa dolaraq öldü.

YUXARI

Ester

Fəsillər

1 2 3 4 5 6 7 8 9 10

 

{attachments}

Ester 1

Fars padşahı Axaşveroşun ziyafəti

1Bu hadisələr Axaşveroşun dövründə baş vermişdi. Axaşveroş Hinddən Kuşa qədər yüz iyirmi yeddi vilayət üzərində padşahlıq edirdi.  2O dövrdə padşah Axaşveroş Şuşan qalasında taxtında oturmuşdu.  3Padşahlığının üçüncü ilində o bütün rəisləri və əyanları üçün bir ziyafət qurdu. Farsın və Midiyanın sərkərdələri, əsilzadələri və vilayət başçıları onun hüzuruna gəldi.  4O, uzun müddət ərzində, yəni yüz səksən gün öz padşahlığının cah-calalını, əzəmətini və parlaq şöhrətini nümayiş etdirdi.  5Bu ziyafət günləri qurtarandan sonra padşah Şuşan qalasında böyükdən kiçiyə qədər bütün xalqa sarayının həyət bağçasında yeddi gün ayrı bir ziyafət verdi.  6Bağçada tünd qırmızı zərif kətan qaytanlarla mərmər sütunlardakı gümüş halqalara keçirilmiş pambıq parçadan ağ və bənövşəyi pərdələr var idi. Sumaqdaşı, mərmər, sədəf və başqa qiymətli daşlardan düzəldilmiş döşəmə üzərində qızıl və gümüş kürsülər qoyulmuşdu.  7Oradakılara bir-birindən fərqli qızıl camlarda padşahın səxavətinə layiq bol-bol şahanə şərab təqdim edilirdi.  8Padşahın əmri ilə şərab içmək üçün hüdud qoyulmamışdı, çünki padşah şərab məmurlarına əmr etmişdi ki, hər kəsə istəyinə görə xidmət göstərilsin.  9Mələkə Vaşti də Axaşveroşun sarayında qadınlar üçün ziyafət qurdu.

Padşahın Vaştini mələkəlikdən çıxarması

10Yeddinci gün padşah Axaşveroşun ürəyi şərabdan nəşələnəndə hüzurunda xidmət edən Mehuman, Bizzeta, Xarvona, Biqta, Avaqta, Zetar və Karkas adlı yeddi hərəmağasına belə əmr etdi:  11«Mələkə Vaşti başında mələkəlik tacı ilə padşahın hüzuruna gətirilsin». O, mələkənin gözəlliyini xalqa və rəislərə nümayiş etdirmək istəyirdi, çünki mələkə cazibədar idi.  12Lakin mələkə Vaşti hərəmağaları vasitəsilə göndərilən padşah əmrindən çıxıb onun hüzuruna gəlmək istəmədi. Padşah buna çox qəzəbləndi və qəzəb ürəyini yandırıb-yaxdı.  13Padşah adəti üzrə qayda-qanun bilənlərə müraciət edərdi, ona görə də müdrik adamlarla məsləhətləşdi.  14Karşena, Şetar, Admata, Tarşiş, Meres, Marsena, Memukan padşahın yaxın adamları olub Fars-Midiya padşahlığının yeddi rəisi, padşahlıqda ən yüksək rütbə sahibi idi. Bu adamlar padşahla üz-üzə görüşə bilirdi.  15Padşah soruşdu: «Qanuna əsasən mələkə Vaştiyə nə edilməlidir? O, padşah Axaşveroşun hərəmağalar vasitəsilə göndərdiyi əmrə əməl etmədi».  16Memukan padşahın və rəislərin hüzurunda dedi: «Mələkə Vaşti yalnız padşaha deyil, bütün rəislərə qarşı, padşah Axaşveroşun bütün vilayətlərindəki xalqların hamısına qarşı günah işlətdi.  17Çünki mələkənin bu hərəkəti hansı qadının qulağına çatsa və onlara “padşah Axaşveroş mələkə Vaştini öz önünə gətirilməsini əmr etmişdi, o isə imtina etdi” deyilsə, bütün qadınlar öz ərlərinə xor baxacaq.  18Mələkənin bu gün gördüyü işi eşidən Fars və Midiya xanımları padşahın bütün rəisləri ilə belə rəftar edəcək. Bununla da çoxlu itaətsizlik və münaqişə olacaq.  19Əgər padşahın gözündə xoş görünərsə, qoy padşah tərəfindən belə bir əmr verilsin: “Vaşti bir daha padşah Axaşveroşun önünə çıxmasın”. Qoy bu əmr Farsların və Midiyalıların qanunları arasına yazılsın və dəyişdirilməsin. Padşah isə onun mələkəliyini daha yaxşısına versin.  20Padşahın verdiyi əmr öz böyük padşahlığının hər yerində elan ediləndə böyükdən kiçiyə qədər bütün qadınlar öz ərlərinə hörmətlə yanaşacaq».  21Bu söz padşahın və rəislərin xoşuna gəldi, padşah Memukanın təklifinə əməl etdi.  22Padşahın bütün vilayətlərinə yazılı əmrlər göndərdi. Bu əmrlər hər vilayətə öz yazısı və hər xalqa öz dili ilə yazıldı. «Hər kişi öz ailəsində hakim olsun və öz xalqının dilində danışsın» deyə elan edildi.

YUXARI

Ester 2

Esterin mələkə seçilməsi

1Bir müddət keçəndən sonra padşah Axaşveroşun qəzəbi soyudu. O, Vaştini, onun etdiyi işi və əleyhinə verdiyi qərarını xatırladı.  2Padşahın qulluğunda dayanan xidmətçiləri dedi: «Qoy padşah üçün bakirə, gənc və gözəl qızlar axtarılsın.  3Padşah öz ölkəsinin bütün vilayətlərinə müşahidəçilər təyin etsin. Qoy gözəl surətli qızların hamısı Şuşan qalasına, qalasındakı hərəmxanaya toplanaraq padşahın hərəmağası Heqaya təhvil verilsin və təravətləndirici ləvazimatla təmin olunsun.  4Padşahın xoşuna gələn qız Vaştinin yerinə mələkə olsun». Bu fikir padşahın gözündə xoş göründü və ona əməl etdi.  5Şuşan qalasında Mordokay adlı bir Yəhudi var idi. O, Binyamin qəbiləsindən olub Qiş oğlu Şimey oğlu Yairin oğlu idi.  6 Yəhuda padşahı Yekonya əsir alınanda Qiş də Yerusəlimin sakinləri ilə bərabər əsir aparılmışdı. Onları əsir aparan Babil padşahı Navuxodonosor idi.  7Mordokayın əmisi qızı Hadassanın, yəni Esterin ata-anası yox idi. Bu qızı Mordokay böyütmüşdü. Ester gözəl qamətli, qəşəng surətli idi. Ata-anası ölən gündən Mordokay onu qızlığa götürmüşdü.  8Padşahın əmri və fərmanı oxunanda Şuşan qalasına Heqayın nəzarəti altına xeyli qız toplandı. O zaman Ester də padşah sarayında hərəmağası olan Heqayın nəzarəti altına düşdü.  9Bu qız Heqayın xoşuna gələrək hüsn-rəğbətini qazandı. Heqay dərhal onu təravətləndirmək üçün lazımi vəsait və xüsusi yeməklərlə təmin etdi. Esterə padşah sarayından münasib görülən yeddi qız təyin edərək onunla xidmətçi qızlarını hərəmxananın ən yaxşı yerinə apartdırdı.  10Ester öz milliyyəti və nəsli barədə heç kimə bir söz deməmişdi, çünki Mordokay ona tapşırmışdı ki, bunu heç kimə bildirməsin.  11Esterin nə vəziyyətdə olduğunu və ona nə ediləcəyini öyrənmək üçün Mordokay hər gün hərəmxananın həyəti qarşısında vurnuxurdu.  12On iki ay hər qıza gözəlləşdirici vasitələr çəkəndən sonra onları növbə ilə padşah Axaşveroşun yanına gətirirdilər. Gözəlləşdirmək üçün qulluq müddəti bundan ibarətdir ki, onlara altı ay mirra yağı, altı ay isə ətirlər və təravətləndirici vasitələr çəkirdilər.  13Qız padşahın yanına gətiriləndə hərəmxanadan istədiyi hər şeyi götürüb padşahın sarayına aparardı.  14O, axşamüstü padşahın yanına gedər, səhər açılanda isə ikinci hərəmxanaya, cariyələrin hərəmağası Şaaşqazın nəzarəti altına göndərilərdi. Yalnız padşahın bəyəndiyi və adı ilə çağırdığı qız bir daha onun yanına gələ bilərdi.  15Padşahın yanına gəlmək üçün növbə Mordokayın qızlığa götürdüyü əmisi Avixayilin qızı Esterə çatanda o, hərəmə məsul olan padşahın hərəmağası Heqayın məsləhət gördüyündən başqa heç nə istəmədi. Ester ona baxanların hamısının gözündə lütf tapdı.  16Padşah Axaşveroşun hökmranlığının yeddinci ilinin onuncu ayında – Tevet ayında Ester padşah sarayına aparıldı.  17Padşah Esteri digər qadınlardan çox bəyəndi. O, padşahın hüzurunda lütf və hüsn-rəğbət qazandı. Padşah Esterin başına mələkəlik tacını qoyaraq Vaştinin yerinə mələkə etdi.  18Sonra isə Esterin şərəfinə böyük bir ziyafət qurdu. Bu ziyafətə padşahın bütün rəisləri və əyanları dəvət olunmuşdu. Padşah bütün vilayətlərdə bayram elan etdi və öz səxavətinə görə hədiyyələr verdi.

Mordokay padşahın həyatını qurtarır

19Qızlar ikinci dəfə toplananda Mordokay saray darvazasında vəzifə başında idi.  20Ester isə Mordokayın əmr etdiyi kimi öz nəslini və milliyyətini məlum etməmişdi. O, Mordokayın tərbiyəsi altında olan vaxtlarda olduğu kimi onun əmrlərinə əməl edirdi.  21Mordokay padşahın saray darvazasında vəzifə başında olanda saray darvazasının keşikçilərindən Biqtana ilə Tereş adlı iki hərəmağası padşaha qəzəblənmişdi və ona sui-qəsd etmək istəyirdi.  22Bu işdən xəbər tutan Mordokay bunu mələkə Esterə bildirdi. Ester də Mordokayın adından bunu padşaha xəbər verdi.  23Yoxlama zamanı bu məlumatın həqiqət olduğu üzə çıxarıldı və hər ikisi dar ağacından asıldı. Bu hadisə padşahın hüzurunda salnamələr kitabına yazıldı.

YUXARI

Ester 3

Hamanın Yəhudilərə qəsdi

1Bir müddət keçəndən sonra padşah Axaşveroş Aqaqlı Hammedata oğlu Hamanı şərəfləndirib rütbəsini qaldırdı. Ona yanındakı bütün rəislərdən üstün mövqe verdi.  2Padşahın əmrinə görə padşahın saray darvazasında olan bütün əyanları Hamana baş əyib qarşısında təzim edirdi. Mordokay isə Hamana baş əyərək təzim etmirdi.  3Padşah sarayının darvazasında olan əyanlar Mordokaydan soruşdular: «Niyə padşahın əmrinə itaət etmirsən?»  4Bunu Mordokaydan hər gün soruşurdular, lakin o buna əhəmiyyət vermirdi. Bunun xəbəri Hamana çatdı, çünki Mordokay onlara Yəhudi olduğunu söyləmişdi. Hamı bilmək istəyirdi ki, Mordokay belə davranışını davam etdirəcək, yoxsa yox.  5Haman Mordokayın ona baş əyməyərək qarşısında təzim etmədiyini görəndə kini artdı.  6Buna görə də təkcə Mordokayı öldürmək niyyəti ilə kifayətlənmədi. Mordokayın hansı xalqa mənsub olması Hamana məlum edilmişdi. Ona görə də o, Mordokayın xalqını – Axaşveroşun padşahlığının hər tərəfində yaşayan bütün Yəhudiləri qırdırmaq qərarına gəldi.  7Bu işin görüləcəyi günü müəyyənləşdirmək üçün padşah Axaşveroşun hökmdarlığının on ikinci ilində birinci ay olan Nisan ayında Hamanın önündə pur, yəni püşk atdılar. Püşk on ikinci ay olan Adara düşdü.  8Sonra Haman padşah Axaşveroşa dedi: «Sənin padşahlığının hər vilayətinin xalqları arasına səpələnib yayılan bir xalq vardır. Onların qanunları bütün xalqların qanunlarından fərqlidir və padşahın qanunlarına əməl etmirlər. Onları bu halda qoymaq padşaha yaraşmaz.  9Əgər padşahın xoşuna gələrsə, qoy onların məhv olunmasına dair fərman yazılsın. Buna görə padşahın xəzinəsinə, bu işi görənlər üçün on min talant gümüş çəkib göndərərəm».  10Padşah barmağından möhür üzüyünü çıxarıb Yəhudilərin düşməninə – Aqaqlı Hammedata oğlu Hamana verdi.  11Padşah Hamana dedi: «Gümüş də sənin ixtiyarında olsun, xalq da. Bu xalqa gözündə nə xoşdursa, onu da et».  12Birinci ayın on üçüncü günündə padşahın mirzələri çağırıldı. Hamanın əmri hər vilayətə öz yazısı və hər xalqa öz dili ilə yazılaraq canişinlərə, bütün vilayətlərin valilərinə və xalqların rəislərinə göndərildi. Bu əmr padşah Axaşveroşun adı ilə yazıldı və padşahın möhürlü üzüyü ilə möhürləndi.  13On ikinci ay olan Adar ayının on üçündə bütün Yəhudiləri – gəncləri, qocaları, körpə uşaqları və qadınları bir gündə qıraraq məhv edib kökünü kəsmək və mallarını talan etmək üçün qasidlərlə bütün vilayətlərə məktublar göndərildi.  14Bu fərmanın surəti hər vilayətdə qanun kimi dəst-xətlə yazılmalı və o günə hazır olmaları üçün bütün xalqlara bildirilməli idi.  15Qasidlər padşahın əmri ilə cəld yola düşdü. Fərman Şuşan qalasında tərtib olundu. Padşahla Haman əyləşib şərab içərkən Şuşan şəhəri çaşbaş qalmışdı.

YUXARI

Ester 4

Mordokayın Esterdən imdad istəməsi

1Mordokay baş vermiş bu hadisələrdən xəbər tutanda paltarlarını cırdı və çula bürünüb başına kül tökdü. Şəhərin mərkəzinə çıxıb nalə ilə acı şivən qopardı.  2O ancaq padşah sarayının darvazasına qədər gəldi, çünki çula bürünən adam padşah sarayına girə bilməzdi.  3Padşahın bu əmri və fərmanı hansı vilayətə çatmışdısa, oradakı Yəhudilər arasında böyük matəm, oruc, ağlaşma və fəğan var idi. Bir çoxu da çula bürünüb kül üzərində uzanmışdı.  4Esterin xidmətçi qızları və hərəmağaları gəlib bu xəbəri ona çatdırdı. Mələkə bundan çox məyus oldu. O, Mordokay üçün paltar göndərdi ki, çulunu çıxarıb əyninə geyinsin, lakin Mordokay bunu qəbul etmədi.  5Sonra Ester padşahın onun xidmətinə təyin etdiyi hərəmağalarından biri olan Hatakı çağırıb tapşırdı ki, Mordokayın yanına gedərək bu işin nə olduğunu və niyə baş verdiyini öyrənsin.  6Hatak saray darvazasının qarşısında olan şəhər meydanına – Mordokayın yanına getdi.  7Mordokay başına gələn hal-qəziyyəni ona danışdı. Yəhudi qırğını üçün padşah xəzinələrinə Hamanın vəd edərək vermək istədiyi gümüşün tam miqdarını ona bildirdi.  8Sonra Yəhudi qırğını üçün Şuşanda dəst-xətlə yazılan fərmanın surətlərindən birini verdi ki, bunu göstərərək Esterə izah etsin, həm də ona padşahın yanına gedib öz xalqı üçün yalvararaq mərhəmət istəməsini tapşırsın.  9Hatak qayıdıb Mordokayın sözlərini Esterə çatdırdı.  10Ester də Mordokaya Hatak vasitəsilə belə bir xəbər göndərdi:  11«Padşahın bütün əyanları və padşah vilayətlərinin xalqları bilir ki, kişi, qadın – kim olursa-olsun – padşahın çağırışı olmadan içəri həyətə girərsə, onun haqqında təkcə ölüm hökmü veriləcək. Yalnız padşah qızıl əsasını kimə uzatsa, o sağ qalar. Otuz gündür ki, padşahın yanına getmək üçün çağırışım yoxdur».  12Esterin bu sözləri Mordokaya çatdırıldı.  13Mordokay Esterə belə cavab vermələrini xahiş etdi: «Elə düşünmə ki, padşah sarayında olduğun üçün o biri Yəhudilər qırılanda təkcə sən sağ qalacaqsan.  14Əgər sən susarsansa, Yəhudilərə yardım və qurtuluş başqa yerdən gələcək, amma sən və ata evin tamamilə məhv olacaq. Kim bilir, bəlkə sən elə bu gün üçün mələkəliyə çatmısan?»  15Ester Mordokayın bu cavabı qarşısında belə söylədi:  16«Get, Şuşanda olan bütün Yəhudiləri topla. Üç gün-üç gecə yeməyib-içməyib mənim üçün oruc tutun. Mən də burada xidmətçi qızlarımla oruc tutacağam və sonra qanunu pozub padşahın yanına girəcəyəm. Buna görə ölməliyəmsə, qoy ölüm».  17Mordokay gedib Esterin ona tapşırdığı kimi etdi.

YUXARI

Ester 5

Esterin ziyafəti

1Üçüncü gün Ester mələkə libasını geyindi və sarayının içəri həyətində padşahın otağı ilə üzbəüz dayandı. Padşah otağında üzü qapıya tərəf taxtında oturmuşdu.  2O, mələkə Esterin həyətdə dayandığını görəndə gözündə Esterə qarşı lütf yarandı. Padşah qızıl əsasını ona tərəf uzatdı. Ester də yaxınlaşıb əsanın ucuna toxundu.  3Padşah ona dedi: «Mələkə Ester, sənə nə olub? İstəyin nədir? Padşahlığın yarısını belə, istəsən, verəcəyəm».  4Ester dedi: «Əgər padşahın xoşuna gələrsə, bu gün onun üçün qurduğum ziyafətə gəlsin, Hamanı da gətirsin».  5Padşah dedi: «Hamanı tez buraya gətirin, Esterin sözünü yerinə yetirək!» Padşahla Haman Esterin qurduğu ziyafətə gəldi.  6Şərab içiləndə padşah Esterə dedi: «Arzun nədir? De, sənə verim! İstəyin nədir? Padşahlığın yarısını belə, istəsən, verəcəyəm».  7Ester cavab verdi: «Arzu-istəyim budur:  8Əgər padşahın gözündə lütf tapdımsa və mənim arzu-istəyimi yerinə yetirmək padşaha xoş görünürsə, padşahla Haman onlar üçün quracağım yeni ziyafətə gəlsin. Mən də sabah padşahın sualına cavab verərəm».

Hamanın Mordokayı edam etdirmək niyyəti

9O gün Haman sevinclə, könlü xoş oradan çıxdı, lakin saray darvazasında Mordokayın ayağa qalxmadığını və hüzurunda yerindən belə, tərpənmədiyini görəndə köksü Mordokaya qarşı qəzəblə doldu.  10Haman özünü ələ alaraq evə getdi. Adam göndərib dostlarını və arvadı Zereşi çağırtdırdı.  11Onlara cah-calalından, çoxlu oğullarından, padşahın neçə dəfə rütbəsini qaldıraraq ona digər rəislərdən və əyanlardan üstün mövqe verməsindən danışdı.  12O belə dedi: «Bəli, mələkə Ester də qurduğu ziyafətə padşahla bərabər gəlmək üçün məndən başqa kimsəni layiq görmədi. Sabah da o məni padşahla bərabər ziyafətə dəvət edib.  13Amma mən Yəhudi Mordokayı saray darvazasında oturan görəndə gözümdə hər şey qiymətdən düşür».  14Arvadı Zereş və dostları belə dedi: «Hündürlüyü əlli qulac olan bir dar ağacı düzəltdir. Səhər açılanda isə padşaha söylə ki, Mordokayı ondan asdırsın və padşah ziyafətinə əhvalı xoş get». Bu sözlər Hamanın ürəyinə yatdı və dar ağacı düzəltdirdi.

YUXARI


Ester 6

Padşahın Mordokayı şərəfləndirməsi

1Həmin gecə padşahın yuxusu qaçdı. O əmr etdi ki, hökmranlığının xatirə kitabı – salnamələr kitabı gətirilsin. Bunlar padşahın hüzurunda oxundu.  2 Orada belə bir yazı tapıldı: «Saray darvazasının keşikçilərindən Biqtana ilə Tereş adlı iki hərəmağası padşah Axaşveroşa sui-qəsd hazırlamışdı. Mordokay bunu padşaha xəbər vermişdi».  3Padşah dedi: «Buna görə Mordokaya hansı şərəf və mükafat verildi?» Onun xidmətində duran nökərlər dedi: «Buna görə ona heç nə edilməyib».  4Padşah dedi: «Həyətdə kim var?» Bu zaman Haman padşah sarayının bayır həyətinə girmişdi ki, padşahla danışıb Mordokayı düzəltdiyi dar ağacından asdırsın.  5Padşahın nökərləri ona dedi: «Budur, Haman həyətdə dayanıb». Padşah dedi: «Gəlsin içəri».  6Haman içəri gələndə padşah ona dedi: «Padşahın şərəfləndirmək istədiyi adama nə edilməlidir?» Haman da özlüyündə düşündü: «Məndən başqa kimi şərəfləndirmək istər ki?»  7Bu halda Haman padşaha belə dedi: «Padşah kimi şərəfləndirmək istəyirsə, qoy belə edilsin:  8padşahın geyindiyi şahlıq libası, padşahın mindiyi və başına şahlıq kəkili qoyulan at gətirilsin.  9Həmin paltar və at padşahın ən yüksək rütbəli rəislərindən birinin əlinə verilsin ki, padşahın şərəfləndirmək istədiyi adamı geyindirərək ata mindirsinlər və şəhər meydanında gəzdirsinlər və qabağa düşüb belə car çəksinlər: “Padşah istədiyi adamı bu cür şərəfləndirir”».  10Padşah Hamana dedi: «Paltar və atı tez götürüb saray darvazasında vəzifəsi olan Yəhudi Mordokaya dediklərinin heç birini əskiltmədən et».  11Haman paltar və at götürüb Mordokayı geyindirdi. Sonra ata mindirərək şəhərin meydanında gəzdirdi və qarşısında car çəkərək dedi: «Padşah istədiyi adamı bu cür şərəfləndirir».  12Bundan sonra Mordokay saray darvazasına qayıtdı. Haman isə dərdli və başıörtülü halda tez evə qayıtdı.  13O, arvadı Zereşə və dostlarına başına gələn bütün əhvalatları danışdı. Müdrik məsləhətçiləri ilə arvadı Zereş ona dedi: «Qarşısında mövqeyini əldən verdiyin Mordokay Yəhudi soyundandırsa, ona gücün çatmaz, mütləq qarşısında məhv olacaqsan».  14Elə onunla söhbət edirdilər ki, padşahın hərəmağaları Hamanı tələsik Esterin qurduğu ziyafətə apardı.

YUXARI

Ester 7

Hamanın məğlubiyyəti və edamı

1Padşahla Haman mələkə Esterin ziyafətinə gəldi.  2İkinci gün şərab içiləndə padşah yenə Esterə dedi: «Mələkə Ester, nə istəyirsən? De, sənə verim! Arzun nədir? Padşahlığımın yarısını belə, istəsən, verəcəyəm».  3Ester padşaha cavab verdi: «Əgər padşahın gözündə lütf tapmışamsa, əgər padşahın xoşuna gəlirəmsə, istəyim budur ki, mənə həyat bəxş etsin, arzum budur ki, xalqıma qıymasın.  4Çünki həm mən, həm də xalqım qırılmaq, öldürülmək, məhv edilmək üçün satılmışıq. Əgər bizi qul-qarabaş kimi satsaydılar, susardım, çünki padşahı belə bir dərdlə narahat etməyə dəyməz».  5O zaman padşah Axaşveroş mələkə Esterdən «Bu işi kim etmişdir? Ürəyində belə istəyi olan haradadır?» deyib soruşanda  6Ester dedi: «Bizə nifrət edən düşmənimiz bu bədxah Hamandır!» Padşahın və mələkənin önündə Hamanı dəhşət bürüdü.  7Padşah qəzəblə şərab süfrəsindən qalxdı və sarayın bağçasına çıxdı. Haman isə mələkə Esterdən canı üçün əfv diləməkdən ötrü içəridə qaldı, çünki gördü ki, padşah onun aqibətinə qərar verir.  8Padşah saray bağçasından şərab içdikləri ziyafət yerinə qayıdanda gördü ki, Haman Ester uzanan kürsünün üzərinə döşənib. Padşah dedi: «Bu nədir? Bu adam evimdə, mənim yanımda mələkəni zorlayacaqmı?» Elə bu sözlər padşahın ağzından çıxanda Hamanın üzünü bağladılar.  9Hərəmağalardan Xarvona adlı bir nəfər padşaha belə dedi: «Budur, Hamanın evinin yanında əlli qulac hündürlüyündə dar ağacı var. Onu padşaha xeyir xəbər verən Mordokay üçün hazırlatdırıb». Padşah dedi: «Ondan özü asılsın!»  10Hamanın Mordokay üçün düzəltdirdiyi dar ağacından onun özünü asdılar. Bundan sonra padşahın qəzəbi soyudu.

YUXARI

Ester 8

Yəhudilərin padşah tərəfindən müdafiəsi

1Elə həmin gün padşah Axaşveroş Yəhudilərin düşməni olan Hamanın evini mələkə Esterə verdi. Ester Mordokayın kim olduğunu padşaha məlum edəndən sonra o, padşahın hüzuruna gəldi.  2Padşah Hamandan geri aldığı üzüyü çıxarıb Mordokaya verdi. Ester də Mordokayı Hamanın evinə nəzarətçi qoydu.  3Bundan sonra Ester yenə də padşaha müraciət etdi. Onun ayaqlarına düşüb ağlaya-ağlaya yalvardı ki, Aqaqlı Hamanın Yəhudilərə qarşı qərəzlə qurduğu qəsdi qüvvədən salsın.  4Padşah qızıl əsasını Esterə uzatdı. Ester ayağa qalxıb padşahın hüzurunda durdu.  5Daha sonra belə dedi: «Əgər padşahın xoşuna gələrsə, onun önündə lütf tapmışamsa, bu iş padşahın gözündə doğru görünərsə və o məni bəyənmişsə, Aqaqlı Hammedata oğlu Hamanın qəsd-qərəzlə padşahın vilayətlərində yaşayan Yəhudiləri qırmaq üçün yazdığı məktubları ləğv edən bir fərman yazsın.  6Axı xalqımın başına gələn bu müsibətə necə dözüm? Görəndə ki qohumlarım qırılır, necə dözüm?»  7Padşah Axaşveroş mələkə Esterə və Yəhudi Mordokaya dedi: «Budur, Hamanın evini Esterə vermişəm. Hamanı dar ağacından asdırmışam, çünki Yəhudilərin qəsdinə əl uzadıb.  8Amma padşahın adı ilə yazılaraq padşahın möhürlü üzüyü ilə möhürlənən qərarı heç kim ləğv edə bilməz. Buna görə də gözünüzdə xoş görünən kimi padşahın adı ilə Yəhudilərə başqa bir qərar yazın və padşahın möhürlü üzüyü ilə möhürləyin».  9Elə o zaman üçüncü ay olan Sivan ayının iyirmi üçündə padşahın mirzələri çağırıldı. Mordokayın Hinddən Kuşa qədər yüz iyirmi yeddi vilayətdəki Yəhudilərə, canişinlərə, valilərə, rəislərə əmr etdiyi hər şey yazılıb, hər vilayətə öz yazısı ilə və hər xalqa öz dili ilə, habelə Yəhudilərə də öz yazı və dillərində göndərildi.  10Mordokay padşah Axaşveroşun adı ilə onun əmrini məktublara yazıb padşahın möhürlü üzüyü ilə möhürlədi. Padşah üçün bəslənən xüsusi çapar atlara minən qasidlərin əli ilə bu məktubları göndərdi.  11Bu məktublara görə padşah hər şəhərdə yaşayan Yəhudilərə izin verdi ki, yığılıb öz canlarını qorusunlar. Onlara, arvad və uşaqlarına hücum edən hər millətin yaxud hər vilayətin silahlı dəstələrini tamamilə qırıb öldürərək yox etsinlər, əmlaklarını isə talan etsinlər.  12Padşah Axaşveroşun bütün vilayətlərində bu iş üçün müəyyən olunmuş gün, on ikinci ay olan Adar ayının on üçü idi.  13Bu fərmanın surəti hər vilayətdə dəst-xətlə yazılmalı və bütün xalqlara elan olunmalı idi ki, Yəhudilər həmin gün öz düşmənlərindən qisas almağa hazır olsun.  14Qasidlər padşaha xidmət edən çapar atlara mindirildi və padşahın əmri ilə tələsdirilərək tez yola salındı. Fərman Şuşan qalasında dəst-xətlə yazıldı.  15Mordokay padşahın hüzurundan başında böyük qızıl tac, ağ və göy rəngli şahanə libasda, tünd qırmızı incə kətan cübbə ilə çıxdı. Şuşan şəhəri sevinc içində çığırdı.  16Artıq Yəhudilərin arasında şadlıq, sevinc, fərəh və təntənə var idi.  17Padşahın əmri və fərmanı hansı vilayətə, hansı şəhərə çatırdısa, orada Yəhudilər üçün sevinc, fərəh, ziyafət və şənlik günü olurdu. Ölkənin xalqları arasından bir çoxu Yəhudilərdən qorxduqları üçün Yəhudi oldu.

YUXARI


Ester 9

Yəhudilərin düşmənlərini məhv etməsi

1On ikinci ay – Adar ayının on üçü padşahın əmri və fərmanının icra vaxtı yaxınlaşmaqda idi. Düşmənlər elə güman etmişdilər ki, o gün Yəhudilər onların hakimiyyəti altına düşəcək. Lakin bunun əksinə, Yəhudilər onlara nifrət edənlər üzərində zəfər çaldılar.  2Yəhudilər onlara pislik etməyə çalışanlara hücum etmək üçün padşah Axaşveroşun bütün vilayətlərində, yaşadıqları şəhərlərə də yığıldılar. Artıq onların qarşısında heç kim dayana bilməzdi, çünki onların zəhmi bütün xalqları bürümüşdü.  3Bütün vilayət rəisləri, canişinlər, valilər və padşahın məmurları Yəhudilərə kömək etdi. Çünki Mordokaya görə onların canına qorxu düşmüşdü.  4Mordokay padşah sarayında yüksək rütbə sahibi olmuş, şöhrəti bütün vilayətlərə yayılmışdı. Artıq bir şəxsiyyət kimi Mordokay get-gedə yüksəlirdi.  5Yəhudilər bütün düşmənlərini qılıncdan keçirərək öldürüb yox etdilər. Onlara nifrət edənlərə nə istədilərsə, onu da etdilər.  6Yəhudilər Şuşan qalasında beş yüz nəfəri öldürüb yox etdilər. Bunlarla bərabər  7Yəhudilərin düşməni Hammedata oğlu Hamanın on oğlunu –  8Parşandatanı, Dalfonu, Aspatanı,  9Poratanı, Adalyanı, Aridatanı,  10Parmaştanı, Arisayı, Aridayı, Vayzatanı öldürdülər, lakin talana əl atmadılar.  11O gün Şuşan qalasında öldürülənlərin siyahısı padşahın hüzuruna gətirildi.  12Padşah mələkə Esterə dedi: «Yəhudilər Şuşan qalasında beş yüz nəfəri və Hamanın on oğlunu öldürüb yox etdilər. İndi gör padşahın digər vilayətlərində nə ediblər! Yenə nə istəyin var? Sənə veriləcək. Nə arzun var? Yerinə yetiriləcək».  13Ester dedi: «Əgər padşaha xoş görünsə, Şuşandakı Yəhudilərə sabah da izin verilsin ki, bugünkü fərmanı icra etsinlər. Hamanın on oğlunu isə dar ağacından assınlar».  14Padşah belə edilməsini əmr etdi. Şuşanda fərman elan edildi. Hamanın on oğlu asıldı.  15Şuşandakı Yəhudilər Adar ayının on dördündə də yığılıb orada üç yüz nəfəri öldürdülər, lakin talana əl atmadılar.  16Padşahın vilayətlərində yaşayan digər Yəhudilər öz canlarını qorumaq üçün yığıldılar. Onlara nifrət edən yetmiş beş min nəfəri öldürüb düşmənlərindən azad oldular, lakin talana əl atmadılar.  17Bu hadisə baş verəndə Adar ayının on üçü idi. On dördüncü gün azad olan Yəhudilər ziyafət və sevinc günü keçirdi.  18Şuşandakı Yəhudilər isə həmin ayın on üçündə və on dördündə yığılıb ayın on beşində istirahət edərək ziyafət və sevinc günü keçirdilər.  19Elə buna görə də kəndli olub əyalət şəhərlərində yaşayan Yəhudilər Adar ayının on dördünü sevinc, ziyafət və bir-birlərinə sovqat göndərdikləri şənlik günü kimi keçirməkdədir.

Purim bayramının təsisi

20Mordokay bu hadisələri qeyd edib padşah Axaşveroşun uzaqda və yaxında olan bütün vilayətlərindəki Yəhudilərin hamısına məktub göndərdi.  21Onlara buyurdu ki, hər il Adar ayının on dördünü və on beşini qeyd etsinlər,  22çünki bu günlər Yəhudilər öz düşmənlərindən azad oldular və o ay kədərləri sevincə, matəmləri şənlik gününə çevrilmişdi. O günlər şənlik qurub sevinməli və bir-birlərinə yemək sovqatları göndərib kasıblara hədiyyə verməli idilər.  23Yəhudilər özləri başladığı kimi Mordokayın yazılı əmrinə görə buna əməl etməyə razı oldular.  24 Çünki bütün Yəhudilərin düşməni Aqaqlı Hammedata oğlu Haman Yəhudiləri yox etmək üçün onlara qəsd qurmuşdu. Onları əzərək məhv etmək üçün pur, yəni püşk atmışdı.  25Lakin iş padşahın hüzuruna çatanda padşah məktub vasitəsilə əmr etmişdi ki, Hamanın Yəhudilərə qurduğu qəsd-qərəz Hamanın öz başına gətirilsin və Hamanla oğulları dar ağacından asılsın.  26Elə buna görə də bu günlər Pur kəlməsinə görə Purim adlandırılır. Bu namədə verilən təlimatdan, bu iş haqqında gördüklərindən və başlarına gələn hadisələrdən ötrü  27Yəhudilər özləri və sonrakı nəsilləri üçün, habelə onlara qoşulanlar üçün bir adət təsis etdirib bunu davam etdirdilər. Dedilər ki, bu iki günü hər il qaydalara və müəyyən vaxta görə qeyd etməkdə laqeydlik göstərməməlidirlər.  28Bu günlər hər nəsildə, hər ailədə, hər vilayətdə və hər şəhərdə xatırlanıb qeyd edilməli, bu Purim günləri Yəhudilər arasından itməməli və övladlarının yadından çıxmamalıdır.  29Avixayilin qızı mələkə Ester və Yəhudi Mordokay bu ikinci Purim naməsini tam səlahiyyətlə yazıb təsdiq etdilər.  30Mordokay Axaşveroşun padşahlığının yüz iyirmi yeddi vilayətində yaşayan bütün Yəhudilərə sülh və həqiqət sözləri yazaraq məktub göndərdi ki,  31Yəhudi Mordokayla mələkə Esterin onlara əmr etdikləri kimi, eləcə də tutacaqları oruclar və matəm vaxtları barədəki təlimatla özləri və sonrakı nəsilləri üçün müəyyənləşdirdikləri kimi vaxtı bəlli olan bu Purim günlərini təsis etsinlər.  32Esterin əmri Purim bayramının bu qaydalarını təsdiqlədi və kitabda yazıldı.

Ester 10

Mordokayın mötəbər vəzifəsi

1Padşah Axaşveroş uzaq dəniz sahillərinə qədər padşahlığındakı ölkələrə xərac qoydu.  2Padşahın bütün güclü və qüdrətli işləri, eləcə də Mordokaya verdiyi yüksək rütbə haqqındakı qərar Midiya və Fars padşahlarının salnamələr kitabında yazılmışdır.  3Yəhudi Mordokay rütbə etibarı ilə yalnız padşah Axaşveroşdan aşağı idi. Yəhudilər arasında nüfuz sahibi olub onların əksəriyyətinin hörmətini qazanmışdı. O, xalqının xeyrinə işləyən və bütün millətinin əmin-amanlığını müdafiə edən adam idi.

YUXARI

Nehemya

Fəsillər

1 2 3 4 5 6 7 8 9 10 11 12 13

 

{attachments}

Nehemya 1

Nehemyanın Yerusəlim üçün qayğısı

1Xakalya oğlu Nehemyanın sözləri: Mən iyirminci ildə Kislev ayında Şuşan qalasında olarkən  2qardaşlarımdan biri Xanani və Yəhudadan bəzi adamlar gəldi. Mən onlardan əsirlikdən qurtulub qayıdan Yəhudilərlə Yerusəlim şəhəri barəsində soruşdum.  3Mənə belə dedilər: «Əsirlikdən qurtulub qayıdanlar orada – vilayətdə böyük məşəqqət və xəcalət içində yaşayır. Yerusəlimin divarı dağıdılıb, darvazaları isə yandırılmışdır».  4Bu sözləri eşitdikdə oturub ağladım. Günlərlə yas tutdum və göylər Allahının önündə oruc tutaraq dua edib belə dedim:

Nehemyanın duası

5«Ey göylərin Allahı Rəbb! Səni sevənlərlə, əmrlərinə əməl edənlərlə Öz əhdinə sadiq qalıb lütf göstərirsən. Ey böyük və zəhmli Allah!  6Yalvarıram, mənə diqqətlə qulaq as. Qulların olan İsrail övladları üçün gözlərini aç, Sənin önündə gecə-gündüz bu qulunun etdiyi duanı dinlə. Mən, biz İsrail övladlarının Sənə qarşı etdiyimiz günahları etiraf edirəm. Mən də, atalarım da günah etmişik.  7Hüzurunda təqsirimiz çoxdur. Qulun Musaya buyurduğun əmrlərə, qaydalara və hökmlərə əməl etmədik.  8 Yalvarıram, qulun Musaya “əgər xəyanət etsəniz, sizi xalqlar arasına səpələyəcəyəm.  9 Amma Mənə tərəf dönsəniz və əmrlərimi tutub onlara əməl etsəniz, göylərin o başına qovulsanız belə, oradan sizi toplayacağam. Adımı yaşatmaq üçün seçdiyim yerə gətirəcəyəm” deyə buyurduğun sözlərini xatırla.  10Onlar Sənin qulların və xalqındır. Böyük qüvvətinlə və qüdrətli əlinlə onları Sən qurtardın.  11Ya Xudavənd, yalvarıram, bu qulunun duasına və Sənin adına ehtiram etməkdən zövq alan qullarının duasına diqqətlə qulaq as! Yalvarıram, bu gün qulunun işini uğurlu et, qoy padşahın gözündə lütf tapsın». Mən o vaxt padşahın saqisi idim.

YUXARI

Nehemya 2

Artaxşastanın Nehemyanı Yerusəlimə göndərməsi

1Padşah Artaxşastanın hakimiyyətinin iyirminci ili, Nisan ayı idi. Padşahın qarşısına şərab gətirildi. Mən şərab camını qaldırıb ona verdim. O günə qədər mən heç vaxt onun hüzurunda kədərli görünməmişdim.  2Padşah mənə dedi: «Üzün niyə belə qəmlidir? Xəstə olmasan da, hər halda ürəyin dərdlidir». Onda mən çox qorxdum.  3 Sonra padşaha dedim: «Padşah həmişə sağ olsun! Atalarımın dəfn edildiyi yer, şəhərimiz xaraba qalıb, darvazaları yandırılıb. Bəs mən necə kədərlənməyim?»  4Padşah isə mənə dedi: «Sən məndən nə diləyirsən?» Mən göylərin Allahına dua edərək padşaha dedim:  5«Əgər padşaha bu xoş gəlirsə və qulun sənin gözündə lütf tapıbsa, məni Yəhudaya, atalarımın dəfn edildiyi şəhərə göndər ki, oranı bərpa edə bilim».  6Mələkə də padşahın yanında oturmuşdu. Padşah mənə dedi: «Bu səfərin nə qədər çəkər? Nə vaxt qayıda bilərsən?» Məni göndərmək padşaha məqbul oldu və mən qayıdacağım vaxtı müəyyən etdim.  7Sonra mən padşaha dedim: «Əgər padşaha xoş gəlirsə, Fərat çayının qərbindəki torpaqların valiləri üçün mənə namələr verilsin ki, Yəhudaya çatana qədər məni vilayətlərindən keçirtsinlər.  8Həm də padşahın meşə nəzarətçisi Asəfə namə göndərilsin ki, məbədin yanındakı qala darvazalarına, şəhərin divarına və iqamətgahıma tirlər düzəltmək üçün mənə ağac versin». Allahın mərhəmətli əli üzərimdə olduğuna görə padşahdan nə istədimsə, mənə verdi.  9Fərat çayının qərbindəki valilərin yanına getdim və padşahın namələrini verdim. Padşah mənimlə birgə ordu zabitləri ilə atlıları da göndərmişdi.  10Xoronlu Sanballat və Ammonlu məmur Toviya İsrail övladlarının xeyrinə çalışan bir nəfərin gəldiyini eşitdikdə çox hirsləndilər.

Nehemyanın dağılmış divarlara nəzər salması

11Mən Yerusəlimə gəlib orada üç gün qaldım.  12Gecə ikən qalxıb özümlə bir neçə adam götürdüm. Yerusəlim üçün nə etmək barəsində Allahımın ürəyimə göndərdiyi fikirləri heç kəsə açmadım. Mindiyimdən başqa heç bir heyvan götürmədim.  13Gecə Dərə darvazasından çıxıb Əjdaha quyusuna və Peyin darvazasına doğru getdim, Yerusəlimin dağıdılan divarına və yandırılan darvazalarına nəzər saldım.  14Sonra Çeşmə darvazasına və Padşah hovuzuna tərəf getdim, lakin mindiyim heyvan o yerlərdən keçə bilmirdi.  15Həmin gecə vadi boyunca çıxaraq divarı gözdən keçirtdim. Sonra dönüb Dərə darvazasından girərək geri qayıtdım.  16Hökumət məmurları hara getdiyimi, nə etdiyimi bilmirdilər. Çünki Yəhudilərə, kahinlərə, əyanlara, məmurlara və digər vəzifəlilərə heç bir şey danışmamışdım.  17Mən onlara dedim: «Düşdüyümüz bu pis vəziyyəti görürsünüz; Yerusəlim xarabalığa çevrilmiş, darvazalarına isə od vurulmuşdur. Gəlin Yerusəlimin divarını bərpa edək ki, bir daha rüsvayçılıq içərisində qalmayaq».  18Mən Allahın mərhəmətli əlinin üzərimdə olduğunu bildirərək padşahın mənə dediyi sözləri onlara çatdırdım. Onlar belə dedilər: «Gəlin qalxaq, buraları bərpa edək». Bu xeyirli iş üçün hamı əlbir oldu.  19Lakin Xoronlu Sanballat, Ammonlu məmur Toviya və Ərəb Geşem bundan xəbər tutanda bizə xor baxaraq ələ salıb dedilər: «Bu nə işdir tutursunuz? Yoxsa siz padşaha qarşı üsyan qaldırırsınız?»  20Mən onlara cavab verərək dedim: «Göylərin Allahı işimizi uğurlu edəcək. Onun qulları olan bizlər qalxıb buranı bərpa edəcəyik. Sizin isə Yerusəlimdə nə payınız, nə haqqınız, nə də adınız olacaq».

YUXARI

Nehemya 3

Divarı tikənlər

1Baş kahin Elyaşiv ilə qardaşları qalxıb Qoyun darvazasını tikdilər. Sonra onu təqdis edib qapı taylarını yerinə qoydular. Onlar Yüz qülləsindən Xananel qülləsinə qədər olan divarı təqdis etdilər.  2Elyaşivin yanındakı hissədə Yerixo sakinləri tikdilər. Onların yanında İmri oğlu Zakkur tikdi.  3Balıqlar darvazasını Hassenaa oğulları tikdi. Onlar tirləri yerinə qoydular, qapı taylarını, rəzələrini və cəftələrini yerinə taxdılar.  4Onların yanında isə Haqqos oğlu Uriya oğlu Meremot bərpa işləri gördü. Meremotun yanında Meşezavel oğlu Berekya oğlu Meşullam bərpa işləri gördü. Onların yanında da Baana oğlu Sadoq bərpa etdi.  5Sadoqun yanında Teqoa sakinləri bərpa işləri gördülər, amma oranın əsilzadələri özlərinin Xudavəndinin işlərini görmək üçün qəddini əymədilər.  6Köhnə darvazasını Paseah oğlu Yoyada və Besodya oğlu Meşullam bərpa etdi. Onlar tirləri yerinə qoyub qapı taylarını, rəzələri və cəftələri taxdılar.  7Onların yanında Giveonlu Melatya, Meronotlu Yadon, Fərat çayının qərbindəki torpaqların valisinin hökmünə tabe olan Giveon və Mispa sakinləri bərpa işləri gördü.  8Onların yanında da zərgərlərdən Xarhaya oğlu Uzziel bərpa işləri gördü. Uzzielin yanında ətriyyatçılardan biri olan Xananya bərpa işləri gördü. Onlar Yerusəlimi Geniş divara qədər təzədən qurdular.  9Onların yanındakı divarı Yerusəlim əyalətinin yarı hissə rəisi Xur oğlu Refaya bərpa etdi.  10Xarumaf oğlu Yedaya isə onun yanında öz evinin qarşısında bərpa işləri gördü. Onunla yanaşı Xaşavneya oğlu Xattuş bərpa işləri görürdü.  11Xarim oğlu Malkiya və Paxat-Moav oğlu Xaşşuv başqa bir sahəni və Sobalar Qülləsini bərpa etdi.  12Malkiyanın və Xaşşuvun yanında Yerusəlim əyalətinin o biri yarısının rəisi Halloxeş oğlu Şallum qızları ilə birgə bərpa işləri gördü.  13Vadi darvazasını Xanun və Zanoah sakinləri bərpa etdi. Onlar darvazanı təzədən tikib qapı taylarını, rəzələrini və cəftələrini yerinə vurdular. Peyin darvazasına qədər min qulac məsafəyə divarı bərpa etdilər.  14Peyin Darvazasını Bet-Hakkerem əyalətinin rəisi Rekav oğlu Malkiya bərpa etdi. Oranı təzədən tikib qapı taylarını, rəzələrini və cəftələrini yerinə vurdu.  15Çeşmə darvazasını Mispa əyalətinin rəisi Qal-Xoze oğlu Şallun bərpa edərək oranı təzədən tikib üstünü örtdü və qapı taylarını, rəzələrini, cəftələrini yerinə vurdu. O, Padşah bağçasının yanında Şelah hovuzunun divarını da Davudun şəhərindən enən pilləkənə qədər bərpa etdi.  16Şallundan sonra Bet-Sur əyalətinin yarı hissə rəisi Azbuq oğlu Nehemya divarı Davudun qəbrinin qarşısına, hovuza və əsgər qışlasına qədər tikdi.  17Ondan sonra isə Levililər Bani oğlu Rexumun rəhbərliyi altında bərpa işləri gördülər. Rexumun yanında Qeila əyalətinin yarı hissə rəisi Xaşavya öz əyaləti üçün bərpa işləri gördü.  18Xaşavyadan sonra onların qardaşları, Qaila əyalətinin yarı hissə rəisi Xenadad oğlu Binnuy bərpa işləri gördülər.  19Onun yanında Mispa əyalətinin rəisi Yeşua oğlu Ezer silah anbarına çıxan yolun qarşısından divarın küncünə qədər başqa sahəni bərpa etdi.  20Onun yanında Zabbay oğlu Baruk divarın küncündən baş kahin Elyaşivin evinin qapısına qədər olan başqa bir sahəni səylə bərpa etdi.  21Ondan sonra Haqqos oğlu Uriya oğlu Meremot, Elyaşivin evinin girişindən axırına qədər bərpa etdi.  22Ondan sonra isə o düzənlikdə yaşayan kahinlər bərpa işləri gördülər.  23Onlardan sonra Binyamin və Xaşşuv öz evlərinin yanındakı sahəni bərpa etdilər. Onlardan sonra Ananya oğlu Maaseya oğlu Azarya öz evinin yanındakı sahəni bərpa etdi.  24Azaryadan sonra Xenadad oğlu Binnuy Azaryanın evindən divarın künc-bucaqlarına qədər olan sahəni bərpa etdi.  25Uzay oğlu Palal divarın küncünün qarşısından və padşahın yuxarı sarayından irəli çıxan mühafizəçilər həyətinin yanında olan gözətçilik qülləsindən başlayaraq bərpa işləri gördü. Ondan sonra Paroş oğlu Pedaya ilə  26Ofeldə yaşayan məbəd qulluqçuları şərqə doğru Su darvazasının qarşısını və gözətçi qülləsinə qədər sahəni bərpa etdilər.  27Onların yanında Teqoa sakinləri böyük gözətçi qülləsindən Ofel divarınadək olan başqa bir sahəni bərpa etdilər.  28At darvazasının yuxarı hissəsində kahinlərdən hər biri öz evinin qabağını bərpa etdi.  29Kahinlərdən sonra İmmer oğlu Sadoq öz evinin qabağını bərpa etdi. Ondan sonra Şərq qapısının gözətçisi Şekanya oğlu Şemaya bərpa işləri gördü.  30Ondan sonra Şelemya oğlu Xananya və Salafın altıncı oğlu Xanun bir sahəni bərpa etdi. Xananya və Xanundan sonra Berekya oğlu Meşullam öz evinin qarşısını bərpa etdi.  31Ondan sonra Malkiya adlı bir zərgər məbəd qulluqçularının və tacirlərin Nəzarət darvazasının qarşısındakı binasına və divarın künc tərəfindəki otağa qədər sahəni bərpa etdi.  32Divarın künc tərəfindəki otağı ilə Qoyun darvazasının arasını zərgərlər və tacirlər bərpa etdilər.

YUXARI

Nehemya 4

Düşmənlərin Yəhudilərə rişxənd etməsi

1Sanballat divarı tikdiyimiz barədə eşidəndə qanı qaraldı, qəzəbləndi və biz Yəhudilərə rişxənd etməyə başladı.  2O, soydaşlarının və Samariyalıların silahlı dəstəsinin qarşısında belə dedi: «Bu yazıq Yəhudilər nə edirlər? Onlar buranı təzədən quracaqlarmı? Onlar qurban kəsəcəklərmi? Görəsən bu işi bir gün bitirə biləcəklərmi? Məgər yanmış viranəlikdən yenidən daşlar yaradacaqlar?»  3Onun yanında olan Ammonlu Toviya belə dedi: «Əgər tikdikləri daş divarın üstünə bir tülkü çıxarsa, ora dağılacaq».

Nehemyanın dua ilə cavab verməsi

4Eşit, ey Allahımız, çünki bizə xor baxırlar. Qoy həqarətləri öz başlarına düşsün və əsir düşdükləri ölkədə talan olunsunlar!  5Onların günahını əfv etmə və qoy təqsirləri Sənin yadından çıxmasın! Axı onlar bənnaları təhqir etdilər.

Bərpa işlərinin davam etdirilməsi

6Biz divarın bərpasını davam etdirdik və onun hər yeri hündürlüyünün yarısına qədər bitişdirildi. Çünki xalq ürəkdən çalışırdı.  7Sanballat, Toviya, Ərəblər, Ammonlular və Aşdodlular Yerusəlim divarının bərpa işlərinin irəlilədiyini və dağıdılmış yerlərin tikildiyini eşidəndə çox hirsləndilər.  8Onların hamısı Yerusəlimə gəlib hücum etmək və orada qarmaqarışıqlıq salmaq üçün əlbir oldu.  9Lakin biz Allahımıza dua etdik və divarın üstündə onların hədə-qorxusu qarşısında gecə-gündüz gözətçilər qoyduq.  10O zaman Yəhudalılar deyirdi: «İşləyənlər taqətdən düşüb, töküntü isə çoxdur. Ona görə də biz bu divarı daha tikə bilmərik».  11Düşmənlərimiz isə dedilər: «Biz Yəhudilərin arasına girib onları öldürək. Bu işi elə edək ki, kimsə nə görsün, nə də başa düşsün».  12Onların yanında yaşayan Yəhudilər gəlib bizə on dəfə dedilər ki, düşmənlər hər tərəfdən bizə hücum edəcək.  13Buna görə də mən qılınclı, nizəli, ox-kamanlı xalqı nəsilbənəsil divarın arxasındakı ən aşağıdakı açıq yerlərə düzdüm.  14Bu vəziyyəti görəndə mən qalxıb əyanlara, hökumət məmurlarına və xalqın qalan hissəsinə belə dedim: «Onlardan qorxmayın! Böyük və zəhmli Xudavəndi xatırlayın! Siz soydaşlarınız, oğullarınız, qızlarınız, arvadlarınız və evləriniz uğrunda vuruşacaqsınız».  15Düşmənlərimiz eşitdi ki, bu iş bizə məlum olub, çünki Allah onların niyyətini boşa çıxarmışdı. Buna görə hamımız işimizə, divarın tikintisinə qayıtdıq.  16O gündən sonra adamlarımın yarısı tikintidə çalışdı. Yarısı isə nizələri, qalxanları, ox-kamanlarını tutub zireh geydi. Rəislər bütün divar tikən Yəhuda xalqının arxasında keşik çəkirdi.  17Yük daşıyan fəhlələr bir əli ilə iş görür, o biri əli ilə silah tuturdu.  18Bənnaların da hər biri qılıncı belinə bağlayaraq divar tikirdi. Şeypurçu isə mənim yanımda idi.  19Əyanlara, hökumət məmurlarına və xalqın qalan hissəsinə dedim: «İşimiz çoxdur, tikinti sahəmiz genişdir. Biz divar üzərində olan ayrı-ayrı sahələrdə bir-birimizdən uzaqdayıq.  20Harada şeypur səsi eşitsəniz, oraya – yanımıza toplanın. Allahımız bizim üçün vuruşacaq».  21Beləliklə, işimizi gördük və xalqın yarısı dan söküləndən ulduzlar görünənə qədər nizə tutmuşdu.  22O vaxt mən camaata dedim: «Hər kəs öz nökəri ilə birgə Yerusəlimdə gecələsin və gecə keşikdə durub, gündüz isə işləsin».  23Nə mən, nə soydaşlarım, nə nökərlərim, nə də arxamda dayanan keşikçilər, heç birimiz paltarlarımızı soyunmadıq. Su gətirəndə də silah əlimizdə idi.

YUXARI

Nehemya 5

Nehemyanın ədalətsizliklə üzləşməsi

1O zaman xalqın kişiləri və qadınları Yəhudi soydaşlarından bərk şikayət etməyə başladılar.  2Bəziləri belə deyirdi: «Bizim külfətimiz böyük, oğullarımız, qızlarımız çoxdur. Yaşamaq üçün yeməyə taxıl tapmalıyıq».  3Bəziləri isə belə deyirdi: «Qıtlığın üzündən tarlalarımızı, bağlarımızı və evlərimizi girov qoyuruq ki, taxıl tapaq».  4Belə deyənlər də var idi: «Padşahın tarlalarımıza və bağlarımıza qoyduğu vergini ödəmək üçün borc pul aldıq.  5İndi bizimlə soydaşlarımız eyni nəsildir, bizim uşaqlarımız da onlarınkından fərqlənmir. Budur, oğullarımızı və qızlarımızı kölə kimi satmağa məcburuq. Artıq qızlarımızdan bəziləri belə, satıldı. Lakin biçarəyik, çünki tarlalarımız və bağlarımız başqalarının əlindədir».  6Mən onların şikayət və ittihamlarını eşidəndə çox qəzəbləndim.  7 Ciddi düşündükdən sonra əyanlarla hökumət məmurlarını tənbeh edib belə dedim: «Siz hamınız soydaşlarınıza sələmlə pul verirsiniz». Onların əleyhinə böyük yığıncaq topladım.  8Mən onlara dedim: «Biz yadellilərə kölə kimi satılan Yəhudi soydaşlarımızı gücümüz çatana qədər satın alırıq. Siz isə soydaşlarımızı satırsınız ki, onları təzədən bizə satsınlar?» Onlar deməyə bir söz tapmayıb susdular.  9Sonra mən dedim: «Etdiyiniz bu iş yaxşı deyil. Siz düşmənlərimiz olan yadelli millətlərin danlağından qurtulmaq üçün Allahımıza ehtiram göstərərək yaşamalı deyilsinizmi?  10Mən də qardaşlarım və nökərlərimlə birgə onlara pul və taxıl borc verirəm. Gəlin bu sələmçiliyi dayandıraq.  11İndi isə bu gün onlara tarlalarını, bağlarını, zeytunluqlarını, evlərini, onlardan aldığınız pulun, taxılın, təzə şərabın və yağın sələmini geri qaytarın».  12Əyanlar və hökumət məmurları dedilər: «Biz bunları qaytararıq və daha onlardan heç bir şey tələb etmərik. Sən necə deyirsən, biz də elə edərik». Mən kahinləri çağırdım və bu sözə əməl edəcəkləri barədə onları and içdirdim.  13Sonra ətəyimi silkələyib dedim: «Qoy bu sözə əməl etməyən hər kəsi Allah evindən, mal-mülkündən silkələyib ataraq boş yerdə qoysun!» Bütün camaat «Amin» deyib Rəbbə həmd etdi. İcma bu sözlərə əməl etdi.

Nehemyanın təmənnasız xidməti

14Bundan əlavə, padşah Artaxşastanın hökmranlığının iyirminci ilindən otuz ikinci ilinə qədər – Yəhuda torpağına vali təyin edildiyim gündən bəri on iki il mən və qardaşlarım valilərə təyin olunmuş azuqəni işlətmədik.  15Amma məndən əvvəlki valilər xalqın üzərində yük olmuşdu. Onlardan çörək və şərabdan əlavə, qırx şekel gümüş alırdılar. Hətta o valilərin nökərləri də xalqa ağalıq edirdi. Mən isə Allah qorxusuna görə belə etmirdim.  16Mən özümü bu divarın bərpasına həsr etdim. Biz bir tarla belə, almadıq. Bütün nökərlərim oraya – iş başına toplaşmışdı.  17Ətraf millətlərdən yanımıza gələnlərdən əlavə, Yəhudilərdən və məmurlardan da yüz əlli adam süfrəmdə oturardı.  18Hər gün mənim üçün bir öküz, altı seçmə qoyun və toyuqlar kəsilərdi. On gündən bir müxtəlif növ bol-bol şərab gətirilərdi. Buna baxmayaraq, mən valilərə təyin olunmuş azuqəni tələb etmirdim, onsuz da xalqın yükü ağır idi.  19Ey Allahım, bu xalq üçün etdiyim işlərə görə məni yaxşılıqla xatırla!

YUXARI

Nehemya 6

Düşmənlərin fənd işlətməsi

1Divarı bərpa etdiyimi və orada uçuq-söküyün qalmadığını Sanballata, Toviyaya, Ərəb Geşemə və başqa düşmənlərimizə xəbər verdilər. Lakin mən o vaxta qədər darvazaların qapı taylarını yerinə vurmamışdım.  2Sanballat və Geşem yanıma adam göndərib dedi: «Gəl Ono düzənliyindəki kəndlərin birində görüşək». Amma onlar mənə pislik etmək niyyətində idi.  3Mən onların yanına qasid göndərib dedim: «Böyük bir iş görürəm və oraya enə bilmərəm. Bu işi qoyub yanınıza endiyim müddət ərzində iş nə üçün dayansın?»  4Düşmənlər yanıma dörd dəfə bu xəbəri göndərdi və mən onlara eyni cavab verdim.  5Sanballat beşinci dəfə nökərini eyni xəbərlə mənim yanıma yolladı və onun əlində möhürlənməmiş namə var idi.  6Məktubda belə yazılmışdı: «Başqa millətlər arasında söz yayılıb və Geşem deyir ki, sən və Yəhudilər üsyan etmək niyyətindəsiniz. Divarı da buna görə tikirsən. Şayiələrə görə sən onların padşahı olmaq istəyirsən.  7“Yəhudada padşah var” deyə özün haqqında car çəkmək üçün Yerusəlimdə peyğəmbərlər də təyin etmisən. İndi isə bu sözlər padşaha çatacaq. Buna görə də gəl bu barədə birlikdə məsləhətləşək».  8O vaxt Sanballatın yanına adam göndərib dedim: «Dediyin şeylərin heç biri olmayıb, sən onları özündən uydurmusan».  9Çünki hamı bizi qorxutmağa çalışıb deyirdi: «Bu işdən əlləri soyuyacaq və bu iş baş tutmayacaq». Ay Allah, indi Sən əllərimə qüvvət ver!  10Mən Mehetavel oğlu Delaya oğlu Şemayanın evinə getdim. O, evinə qapanıb qalmışdı. Mənə dedi: «Gəl Allahın evində – məbəddə görüşək və qapılarını bağlayaq. Çünki səni öldürməyə adamlar gələcək. Bəli, gecə ikən səni öldürməyə gələcəklər».  11Mən isə dedim: «Mənim kimi adam qaçarmı? Canını qurtarmaq üçün məbəddə gizlənərmi? Əsla belə etmərəm!»  12Bunu başa düşdüm ki, Şemayanı Allah göndərməmişdi. Bu peyğəmbərlik sözünü mənə qarşı ona görə söyləmişdi ki, Toviya ilə Sanballat onu pulla tutmuşdu.  13O məni qorxutmaq üçün muzdla tutulmuşdu ki, mən dediyini edib günaha batım. Beləcə məni pisləyib hörmətdən salmağa fürsət axtarırdılar.  14Ey Allahım, Toviya ilə Sanballatı, həm də məni qorxutmaq istəyən qadın peyğəmbər Noadyanı və digər peyğəmbərləri bu əməllərinə görə yadda saxla!

Divarın tikintisinin tamamlanması

15Elul ayının iyirmi beşində, əlli iki gün ərzində divarın tikintisi tamamlandı.  16Bütün düşmənlərimiz, ətrafımızdakı xalqlar bunu eşidəndə qorxdular və öz gözlərində çox kiçildilər. Çünki onlar başa düşdülər ki, bu iş Allahımızın köməyi ilə edilib.  17Həm də o günlər Yəhudanın əyanları Toviyaya çoxlu namə göndərirdi və Toviyadan da onlara cavablar gəlirdi.  18Toviya Arah oğlu Şekanyanın kürəkəni olduğuna görə Yəhudada çox adam onunla əhd bağlamışdı. Həm də Toviyanın oğlu Yehoxanan Berekya oğlu Meşullamın qızını almışdı.  19Əyanlar onun yaxşı işləri haqqında mənim yanımda danışardılar və mənim sözlərimi ona çatdırardılar. Toviya məni qorxutmaq üçün namələr göndərirdi.

YUXARI

Nehemya 7

1Divar tikilib qurtaranda və mən qapı taylarını vuranda məbəd qapıçıları, ilahiçilər və Levililər təyin olundu.  2Qardaşım Xananini və qala rəisi Xananyanı Yerusəlimə məmur təyin etdim. Çünki Xanani çoxlarından sadiq və Allahdan qorxan adam idi.  3Mən onlara dedim: «Gün qızana qədər Yerusəlimin darvazaları açılmasın. Qapıçılar oyaq olduğu müddət qapıları bağlayıb qıfıllayın. Yerusəlimdə yaşayanlardan da keşikçi təyin edin, qoy hamı öz evinin qabağında keşik çəksin».

Sürgündən Yəhudaya qayıdanların siyahısı

(Ezr. 2:1-70)

4Şəhər geniş və böyük idi, lakin içində adam az idi. Evlər hələ tikilməmişdi.  5Allahım ürəyimə fikir göndərdi ki, əyanları, hökumət məmurlarını və habelə xalqı yığıb siyahıya alım. Mən ilk qayıdanların nəsil şəcərələrinin siyahısını əldə edib, içində belə bir yazı tapdım:  6Babil padşahı Navuxodonosorun əsir aldığı adamlar yaşadıqları vilayətdən Yerusəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdı.  7Bunlar Zerubbabil, Yeşua, Nehemya, Azarya, Raamya, Naxamani, Mordokay, Bilşan, Misperet, Biqvay, Nexum və Baananın başçılığı ilə gəldi. Sürgündən qayıdan İsraillilərin sayı:  8Paroş övladları – 2172 nəfər;  9Şefatya övladları – 372 nəfər;  10Arah övladları – 652 nəfər;  11Yeşua və Yoav nəslindən Paxat-Moav övladları – 2818 nəfər;  12Elam övladları – 1254 nəfər;  13Zattu övladları – 845 nəfər;  14Zakkay övladları – 760 nəfər;  15Binnuy övladları – 648 nəfər;  16Bevay övladları – 628 nəfər;  17Azqad övladları – 2322 nəfər;  18Adoniqam övladları – 667 nəfər;  19Biqvay övladları – 2067 nəfər;  20Adin övladları – 655 nəfər;  21Ater, yəni Xizqiya övladları – 98 nəfər;  22Xaşum övladları – 328 nəfər;  23Besay övladları – 324 nəfər;  24Xarif övladları – 112 nəfər;  25Giveon övladları – 95 nəfər;  26Bet-Lexem və Netofa sakinləri – 188 nəfər;  27Anatot sakinləri – 128 nəfər;  28Bet-Azmavet sakinləri – 42 nəfər;  29Qiryat-Yearim, Kefira və Beerot sakinləri – 743 nəfər;  30Rama və Geva sakinləri – 621 nəfər;  31Mikmas sakinləri – 122 nəfər;  32Bet-El və Ay sakinləri – 123 nəfər;  33Digər Nevo sakinləri – 52 nəfər;  34Digər Elam övladları – 1254 nəfər;  35Xarim övladları – 320 nəfər;  36Yerixo övladları – 345 nəfər;  37Lod, Xadid və Ono övladları – 721 nəfər;  38Senaa övladları – 3930 nəfər.  39Kahinlər: Yeşua nəslindən Yedaya övladları – 973 nəfər;  40İmmer övladları – 1052 nəfər;  41Paşxur övladları – 1247 nəfər;  42Xarim övladları – 1017 nəfər.  43Levililər: Hodavya nəslindən Yeşua ilə Qadmiel övladları – 74 nəfər.  44İlahiçilər: Asəf övladları – 148 nəfər.  45Məbəd qapıçıları: Şallum övladları, Ater övladları, Talmon övladları, Aqquv övladları, Xatita övladları, Şovay övladları – 138 nəfər.  46Məbəd qulluqçuları: Sixa övladları, Xasufa övladları, Tabbaot övladları,  47Qeros övladları, Siya övladları, Padon övladları,  48Levana övladları, Xaqava övladları, Şalmay övladları,  49Xanan övladları, Giddel övladları, Qaxar övladları,  50Reaya övladları, Resin övladları, Neqoda övladları,  51Qazzam övladları, Uzza övladları, Paseah övladları,  52Besay övladları, Meunim övladları, Nefuşsim övladları,  53Baqbuq övladları, Xaqufa övladları, Xarxur övladları,  54Baslit övladları, Mexida övladları, Xarşa övladları,  55Barqos övladları, Sisra övladları, Tamax övladları,  56Nesiah övladları, Xatifa övladları.  57Süleymanın əyanlarının nəslindən: Sotay övladları, Soferet övladları, Perida övladları,  58Yaala övladları, Darqon övladları, Giddel övladları,  59Şefatya övladları, Xattil övladları, Pokeret-Hassevayim övladları, Amon övladları.  60Məbəd qulluqçuları ilə Süleymanın əyanlarının övladları – cəmi 392 nəfər.  61Tel-Melahdan, Tel-Xarşadan, Keruvdan, Addondan, İmmerdən qayıdan, ancaq ailələrinin və nəsillərinin İsrail övladlarından olduğunu sübut edə bilməyənlər bunlardır:  62Delaya övladları, Toviya övladları, Neqoda övladları – 642 nəfər.  63Kahinlərdən: Xovaya övladları, Haqqos övladları, Gileadlı Barzillayın qızlarından arvad alıb qayınatasının adını götürən Barzillay övladları.  64Bunlar nəsil şəcərəsini axtardılar, lakin öz adlarını tapa bilmədilər və buna görə murdar sayılaraq kahinlikdən çıxarıldılar.  65Yəhudi valisi onlara əmr edib belə dedi: «Urim və Tummimi işlədən bir kahin olmayınca onlar ən müqəddəs yeməklərdən yeməsin».  667337 nəfər kölə və kənizlərdən başqa,  67bütün camaat birlikdə 42 360 nəfər idi. Onların kişi və qadınlardan ibarət 245 ilahiçisi var idi.  68Bu adamların 736 atı və 245 qatırı,  69435 dəvəsi, 6720 eşşəyi var idi.  70Nəsil başçılarının bəziləri işin görülməsi üçün könüllü ianələr verdilər. Vali xəzinəyə 1000 darik qızıl, 50 ləyən, 530 kahin cübbəsi verdi.  71Nəsil başçılarından bəziləri iş üçün xəzinəyə 20 000 darik qızıl və 2200 mina gümüş verdilər.  72Xalqın sağ qalanlarının verdikləri 20 000 darik qızıl, 2000 mina gümüş, 67 kahin cübbəsi idi.  73 Kahinlərlə Levililər, qapıçılarla ilahiçilər, xalqın bəzisi, məbəd qulluqçuları və bütün İsraillilər öz şəhərlərində yerləşdilər. Yeddinci ay çatanda artıq İsraillilər öz şəhərlərində idi.

YUXARI

Nehemya 8

Ezranın Qanunu oxuyub izah etməsi

1Bütün xalq bir nəfər kimi Su darvazasının qarşısındakı meydana toplaşdı. Xalq ilahiyyatçı Ezraya dedi ki, Rəbbin İsraillilərə əmr etdiyi Musanın Qanun kitabını gətirsin.  2Yeddinci ayın birinci günü Ezra Qanunu kişilərdən, qadınlardan və dinləyib anlaya bilən uşaqlardan ibarət olan camaatın qabağına gətirdi.  3Ezra Su darvazasının qarşısındakı meydanda kişilərin, qadınların və anlaya bilənlərin qabağında səhər açılandan günortaya qədər bu kitabdan oxudu. Bütün xalq Qanun kitabına qulaq asdı.  4İlahiyyatçı Ezra bu iş üçün taxtadan düzəldilmiş hündür kürsünün üstünə çıxdı. Onun sağ tərəfində Mattitya, Şema, Anaya, Uriya, Xilqiya və Maaseya, solunda isə Pedaya, Mişael, Malkiya, Xaşum, Xaşbaddana, Zəkəriyyə və Meşullam dayanmışdı.  5Ezra bütün xalqın gözü qabağında kitabı açdı, çünki o bütün xalqdan daha yüksəkdə durmuşdu. O, kitabı açanda bütün xalq ayağa qalxdı.  6Ezra ulu Allaha, Rəbbə həmd etdi və bütün xalq əllərini qaldıraraq «Amin! Amin!» deyə cavab verdi. Sonra baş əydilər və üzüstə yerə döşənib Rəbbə səcdə qıldılar.  7Yeşua, Bani, Şerevya, Yamin, Aqquv, Şabbetay, Hodiya, Maaseya, Qelita, Azarya, Yozavad, Xanan, Pelaya adlı Levililər Qanunu xalqa izah etdilər. Xalq isə yerində dayanmışdı.  8Onlar Allahın Qanun kitabından oxuyub aydınlaşdırdılar və mənasını camaata izah etdilər ki, oxunan ayələr başa düşülsün.  9Vali Nehemya, kahin ilahiyyatçı Ezra və xalqı öyrədən Levililər hamıya dedilər: «Bu gün Allahınız Rəbb üçün müqəddəs gündür. Buna görə kədərlənməyin və ağlamayın». Çünki bütün xalq Qanunun sözlərini eşidərkən ağlayırdı.  10Nehemya da onlara dedi: «Gedin, yağlı yemək yeyin, şirin içki için və hazırlıqlı olmayanlara da pay göndərin, çünki bu gün Xudavəndimiz üçün müqəddəsdir. Kədərlənməyin, çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir».  11Levililər «susun, kədərlənməyin, çünki bu gün müqəddəsdir» deyə bütün xalqı sakitləşdirdilər.  12Bütün xalq yeyib-içməyə, paylar göndərməyə və böyük şənlik etməyə getdi. Çünki xalq ona deyilənləri başa düşdü.

Çardaqlar bayramının qeyd olunması

13Ertəsi gün bütün xalqın nəsil başçıları, kahinlər və Levililər Qanunun sözlərini dinləmək üçün ilahiyyatçı Ezranın yanına toplaşdı.  14 Rəbbin Musa vasitəsilə buyurduğu Qanunda bu yazını tapdılar: «İsrail övladları yeddinci ayın bayram günlərində çardaqlarda yaşasın».  15Onlar bütün şəhərlərdə və Yerusəlimdə bu xəbəri elan edib yaydılar: «Dağa çıxın, yazıldığı kimi çardaq qurmaq üçün zeytun, cır zeytun, mərsin, xurma və sıx yarpaqlı ağacların budaqlarını buraya gətirin».  16Bütün xalq çıxıb budaq gətirdi, hər kəs öz evinin damında, həyətlərində, Allah evinin həyətində, Su darvazasındakı meydanda və Efrayim darvazasındakı meydanda özlərinə çardaq düzəltdi.  17Bütün əsirlikdən geri qayıdan camaat çardaqlar düzəldib orada qaldı. Əslində Nun oğlu Yeşuanın dövründən bu günə qədər İsrail övladları belə etməmişdi. Çox böyük sevinc oldu.  18Ezra birinci gündən sonuncu günə qədər hər gün Allahın Qanun kitabından oxuyurdu. Onlar yeddi gün bayram keçirtdilər, səkkizinci gün isə qayda-qanuna görə təntənəli toplantı quruldu.

YUXARI

Nehemya 9

Xalqın orucu və tövbəsi

1Həmin ayın iyirmi dördüncü günü İsrail övladları oruc tutaraq əyinlərində çul və başları toz-torpaq içində toplandı.  2İsrail övladları nəsli bütün yadellilərdən ayrılaraq durub öz günahlarını və atalarının şər işlərini etiraf etdi.  3Onlar olduqları yerdə dayanıb günün dörddə bir hissəsini özlərinin Allahı Rəbbin Qanun kitabından oxudular. Günün digər dörddə bir hissəsini isə günahlarını etiraf edib özlərinin Allahı Rəbbə səcdə qıldılar.  4Yeşua, Bani, Qadmiel, Şevanya, Bunni, Şerevya, Bani və Kenani Levililərin pilləkəninin üstünə qalxıb özlərinin Allahı Rəbbə uca səslə yalvardılar.  5Levililər – Yeşua, Qadmiel, Bani, Xaşavneya, Şerevya, Hodiya, Şevanya, Petahya dedilər: «Ayağa qalxın və əbədi olan Allahınız Rəbbə həmd edin! Qoy Sənin izzətli adına həmd olsun və etdiyiniz bütün həmdlərdən, şükürlərdən də çox ucaldılsın!  6Sən, yalnız Sən Rəbsən, göyləri, göylərin ən uca qatlarını və bütün səma cisimlərini, yer üzünü və onun məxluqlarını, dənizləri və içindəki hər şeyi Sən yaratdın və hamısına həyat verirsən. Səma cisimləri Sənə səcdə qılır!  7 Ya Rəbb, Sən o Allahsan ki, İbramı seçib Xaldeylilərin Ur şəhərindən çıxararaq ona İbrahim adını verdin.  8 Sən Öz önündə onun sadiq ürəyini gördün. Ona görə də Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Yevusluların və Qirqaşlıların diyarını İbrahim övladlarına vermək üçün onunla əhd kəsdin və sözlərini yerinə yetirdin. Çünki Sən adilsən.  9 Misirdə atalarımızın çəkdikləri əziyyəti gördün və Qırmızı dənizin yanındakı fəryadlarını eşitdin.  10 Fironla bütün əyanlarına və ölkəsinin bütün xalqına əlamətlər və möcüzələr göstərdin. Çünki Misirlilərin atalarımıza qarşı azğınlıq etdiyini bildin və bu günə kimi adını izzətləndirdin.  11 Atalarımızın qarşısında dənizi yardın və onlar dənizin ortasında quru yerdən keçib getdilər. Onları təqib edənləri isə dərinliklərə, coşğun sulara atılan bir daş kimi atdın.  12 Atalarımıza gündüz bulud dirəyi ilə, gecələr isə gedəcəkləri yolu nurlandırmaq üçün od dirəyi ilə yol göstərdin.  13 Sina dağının üstünə enib onlarla göylərdən danışdın. Onlara ədalətli hökmlər, doğru qanunlar, yaxşı qaydalar və əmrlər verdin.  14Sən müqəddəs Şənbə gününü onlara bildirdin və qulun Musa vasitəsilə əmrləri, qaydaları və qanunu buyurdun.  15 Atalarımız acanda onlara göylərdən çörək göndərdin. Susayanda onlar üçün qayadan su çıxardın. Atalarımıza əmr verdin ki, vəd etdiyin torpağa girib sahib olsunlar.  16 Lakin atalarımız təkəbbürlü olub dikbaşlıq etdilər və Sənin əmrlərini dinləmədilər.  17 İtaət etmək istəməyib Sənin onlar üçün göstərdiyin möcüzələri yada salmadılar, dikbaşlıq etdilər, üsyankarlıqları ilə köləlik həyatlarına qayıtmaq üçün özlərinə bir başçı təyin etdilər. Lakin Sən bağışlamağı sevən, lütfkar, rəhmli, çox səbirli və bol məhəbbəti olan Allah olduğuna görə onları tərk etmədin.  18 Hətta atalarımız özləri üçün tökmə dana düzəldib “Budur, səni Misirdən çıxaran Allahın!” deyə böyük küfr edəndə  19 Sən Öz böyük mərhəmətin naminə onları səhrada tək qoymadın. Gündüz onlara yolda bələdçilik etmək üçün bulud dirəyini, gecələr isə gedəcəkləri yolu nurlandırmaq üçün od dirəyini qabaqlarından əskik etmədin.  20Sən onlara nəsihət vermək üçün Öz xeyirxah Ruhunu verdin. İsrail övladlarının ağızlarından mannanı əsirgəmədin, susayanda su verdin.  21Qırx il onları səhrada bəslədin və onlar heç nədən korluq çəkmədi. Nə paltarları köhnəldi, nə ayaqları şişdi.  22 Ölkələri və xalqları onlara təslim edərək torpaqlarını aralarında bölüşdürdün. Onlar Sixonun ölkəsini, yəni Xeşbon padşahının ölkəsini və Başan padşahı Oqun ölkəsini ələ keçirtdi.  23 Övladlarını göydəki ulduzlar qədər çoxaltdın. Onların atalarına “oraya girib sahib olsunlar” deyə vəd etdiyin ölkəyə gətirdin.  24 Onların övladları o torpağa girib sahib oldular. Sən oranın əhalisini – Kənanlıları onlara tabe etdirib padşahlarını ölkənin əhalisi ilə bərabər onlara təslim etdirdin ki, o adamlarla istədikləri kimi rəftar etsinlər.  25 Onlar möhkəmlənmiş şəhərləri və bərəkətli torpağı tutub mal-dövlətlə dolu evlərə, qazılmış quyulara, bağlara, zeytunluqlara və bol-bol meyvə ağaclarına sahib oldular. Yeyib doydular, kökəldilər və verdiyin böyük nemətlər üçün sevindilər.  26 Lakin onlar itaətsizlik edərək Sənə qarşı üsyankar oldular. Qanununa arxa çevirdilər, Sənə tərəf dönmək üçün onlara xəbərdarlıq edən peyğəmbərlərini öldürdülər və böyük küfr etdilər.  27Onda Sən onları düşmənə təslim etdin. Düşmənləri də onlara zülm etdilər. Sıxıntılı vaxtlarında İsrail övladları Sənə fəryad etdilər. Sən göylərdən eşitdin və Öz böyük mərhəmətinə görə onlara xilaskarlar göndərdin. Onlar da İsrail övladlarını düşmən əlindən qurtardılar.  28Lakin rahat olan kimi yenə Sənin nəzərində pis işlər gördülər. Buna görə də Sən onları düşmənə təslim etdin, düşmənləri də onlara hökm etdilər. Onlar yenə də Sənə fəryad etdilər, Sən də onları göylərdən eşidib Öz böyük mərhəmətinə görə dəfələrlə qurtardın.  29 Onlara xəbərdarlıq etdin ki, Sənin Qanununa tərəf dönsünlər. Amma onlar təkəbbürlü olub əmrlərinə qulaq asmadılar və hökmlərini pozub günah etdilər. Halbuki o hökmlərə əməl edən hər kəs həyat tapar. Onlar inadkarlıqla Sənə arxa çevirib dikbaşlıq və itaətsizlik etdilər.  30 Lakin Sən illər boyu onlarla səbirlə davrandın. Öz Ruhunla, peyğəmbərlərin vasitəsilə onlara xəbərdarlıq etdin. Onlar isə qulaq asmadılar və ona görə Sən onları ətraflarındakı xalqlara təslim etdin.  31Lakin Sən böyük mərhəmətinə görə İsrail övladlarını məhv olmağa qoymadın, onları tərk etmədin, çünki Sən lütfkar və rəhmli Allahsan.  32 Ey Allahımız! Böyük, qüdrətli və zəhmli, əhdi və məhəbbəti saxlayan Allah! Aşşur padşahlarının dövründən bu günə qədər bizim çəkdiyimiz, padşahlarımızın, ağalarımızın, kahinlərimizin, peyğəmbərlərimizin, atalarımızın və bütün xalqının çəkdiyi əzab-əziyyət Sənin gözündə kiçik görünməsin.  33Sən haqlısan, başımıza gələn hər işdə bizimlə ədalətlə davrandın, biz isə pis işlər etdik.  34Padşahlarımız, rəislərimiz, kahinlərimiz, atalarımız Sənin Qanununa riayət etmədi. Sənin əmrlərinə və verdiyin xəbərdarlıqlara qulaq asmadılar.  35Onlar öz ölkələrində verdiyin böyük nemətlər içində, geniş, bərəkətli torpaqda belə, Sənə qulluq etmədilər və pis əməllərindən əl çəkmədilər.  36Budur, bu gün biz köləyik. Atalarımıza meyvəsini və gözəl məhsulunu yemək üçün verdiyin o torpaqda biz köləlik edirik.  37Günahlarımıza görə torpağımızın bol məhsulu üzərimizdə hökm sürən padşahlara nəsib olur. Bizim özümüzü də, heyvanlarımızı da istədikləri kimi idarə edirlər. Biz isə böyük zülm içindəyik.  38Bütün bunlara görə biz Səninlə yazılı sabit əhd bağlayırıq. Rəislərimiz, Levililərimiz və kahinlər
imiz də bu əhdi möhürləyir».

YUXARI

Nehemya 10

Əhdi möhürləyənlərin siyahısı

1Əhdi möhürləyənlər bunlar idi: Xakalya oğlu vali Nehemya, Sidqiya,  2Seraya, Azarya, Yeremya,  3Paşxur, Amarya, Malkiya,  4Xattuş, Şevanya, Malluk,  5Xarim, Meremot, Avdiya,  6Daniel, Ginneton, Baruk,  7Meşullam, Aviya, Miyamin,  8Maazya, Bilqay, Şemaya. Bunlar kahinlər idi.  9Levililər: Azanyanın oğlu Yeşua, Xenadad övladlarından Binnuy və Qedmiel,  10onların qardaşları Şevanya, Hodiya, Qelita, Pelaya, Xanan,  11Mikeya, Rexov, Xaşavya,  12Zakkur, Şerevya, Şevanya,  13Hodiya, Bani, Beninu.  14Xalqın başçıları: Paroş, Paxat-Moav, Elam, Zattu, Bani,  15Bunni, Azqad, Bevay,  16Adoniya, Biqvay, Adin,  17Ater, Xizqiya, Azzur,  18Hodiya, Xaşum, Besay,  19Xarif, Anatot, Nevay,  20Maqpiaş, Meşullam, Xezir,  21Meşezavel, Sadoq, Yaddua,  22Pelatya, Xanan, Anaya,  23Huşə, Xananya, Xaşşuv,  24Halloxeş, Pilxa, Şoveq,  25Rexum, Xaşavna, Maaseya,  26Axiya, Xanan, Anan,  27Malluk, Xarim, Baana.  28Qalan xalq – kahinlər, Levililər, məbəd qapıçıları, ilahiçilər, məbəd qulluqçuları, Allahın Qanununa görə ətraf xalqlardan ayrılan hər kəs arvadları, ağlıkəsən oğul və qızları ilə bərabər  29əsl soydaşları ilə birləşdi. Allahın qulu Musanın əli ilə verilmiş Qanuna görə hərəkət etmək, Xudavəndimiz Rəbbin bütün əmrlərinə, hökmlərinə və qanunlarına etina ilə əməl etmək üçün and içdilər. Əməl etməyənlərə isə lənət oxudular.  30 And içdik ki, qızlarımızı ətrafımızdakı xalqlara verməyib onların qızlarını öz oğullarımıza almayacağıq.  31 Ətraf xalqlara mənsub olanlar Şənbə günü yaxud başqa müqəddəs bir gündə satmaq üçün əşya yaxud taxıl gətirsələr, onlardan heç nə almayacağıq. Yeddi ildə bir dəfə torpağı dincə qoyacağıq və bütün borcları ləğv edəcəyik.  32 Allahımızın məbədinin xidməti üçün ildə şekelin üçdə bir hissəsini verməyi öhdəmizə götürdük.  33Bu pul təqdim çörəkləri, daimi taxıl təqdimi, daimi yandırma qurbanı, Şənbə günləri, Təzə Ay mərasimləri və başqa bayramlar, müqəddəs sovqatlar, İsrail övladlarının günahını kəffarə etmək üçün günah qurbanları və Allahımızın məbədinin digər ehtiyacları üçündür.  34Biz kahinlər, Levililər və xalq hər il müəyyən vaxtda Allahımızın məbədini odunla təmin etmək üçün nəsillərimizə görə püşk atdıq. Bu odunlar Qanunda yazıldığı kimi Allahımız Rəbbin qurbangahında yandırılmalı idi.  35 Hər il torpağımızın ilk məhsulunu və hər növlü ağacın nübarını Rəbbin məbədinə aparmalıyıq.  36 Qanunda yazıldığı kimi ilk doğulan oğullarımızı, heyvanlarımızı, ilk doğulan mal-qara və qoyun-keçimizi Allahımızın məbədinə, orada xidmət edən kahinlərin yanına gətirməliyik.  37 Həm də xəmirimizin, taxıl təqdimlərimizin, hər növ ağaclarımızın meyvəsinin, təzə şərablarımızın, zeytun yağımızın nübarını kahinlərə, Allahımızın məbədinin anbarına, torpaq məhsullarımızın onda bir hissəsini isə Levililərə gətirməliyik. Çünki işlədiyimiz bütün şəhərlərdə onda bir hissəni Levililər alır.  38 Levililər onda bir hissəni alarkən Harun oğullarından olan kahin onlarla olacaq. Levililər isə alacaqları onda bir hissənin onda birini Allahımızın məbədinə, xəzinənin anbar otaqlarına aparacaq.  39Çünki İsrail övladları və Levililər taxılın, təzə şərabın və zeytun yağının təqdimlərini anbar otaqlarına gətirməlidir. Orada Müqəddəs məkanın qabları, xidmət edən kahinlər, məbəd qapıçıları və ilahiçilər olacaq. Beləcə biz Allahımızın məbədinə laqeyd yanaşmayacağıq.

YUXARI

Nehemya 11

Yerusəlim və digər şəhərlərinin əhalisi barəsində

1Xalqın rəisləri Yerusəlimdə yerləşdi. Xalqın yerdə qalanı isə püşk atdı ki, hər on nəfərindən biri müqəddəs Yerusəlim şəhərinə yaşamağa getsin, doqquzu isə o biri şəhərlərdə yaşasın.  2Yerusəlimdə könüllü yaşamağa gedənlərin hamısına xalq xeyir-dua verdi.  3 Yerusəlimdə yerləşən vilayət başçıları bunlardır. Ancaq bəzi İsraillilər, kahinlər, Levililər, məbəd qulluqçuları və Süleymanın əyanlarının oğulları Yəhuda şəhərlərində, hər kəs öz şəhərindəki mülkündə yerləşdi.  4Binyamin övladlarından və Yəhuda övladlarından bəziləri isə Yerusəlimdə məskunlaşdı. Yəhuda övladları: Peres nəslindən Mahalalel oğlu Şefatya oğlu Amarya oğlu Zəkəriyyə oğlu Uzziya oğlu Ataya,  5Şilolu Zəkəriyyə oğlu Yoyariv oğlu Adaya oğlu Xazaya oğlu Qal-Xoze oğlu Baruk oğlu Maaseya.  6Peres övladlarından Yerusəlimdə yerləşən 468 nəfər igid adam idi.  7Binyamin övladları bunlardır: Yeşaya oğlu Yetiel oğlu Maaseya oğlu Qolaya oğlu Pedaya oğlu Yoed oğlu Meşullam oğlu Sallu və  8ondan sonra Qabbay, Sallay – 928 nəfər.  9Zikri oğlu Yoel onların rəhbəri idi, Hassenua oğlu Yəhuda isə şəhərin vali müavini idi.  10Kahinlərdən: Yoyariv oğlu Yedaya, Yakin,  11Axituv oğlu Merayot oğlu Sadoq oğlu Meşullam oğlu Xilqiya oğlu Allah evinin başçısı Seraya və  12məbəddə iş görən soydaşları – 822 nəfər; Malkiya oğlu Paşxur oğlu Zəkəriyyə oğlu Amsi oğlu Pelalya oğlu Yeroxam oğlu Adaya və  13onun nəsil başçısı olan soydaşları – 242 nəfər; İmmer oğlu Meşillemot oğlu Axzay oğlu Azarel oğlu Amaşsay və  14onun soydaşları – 128 nəfər igid döyüşçü. Haqqedolim oğlu Zavdiel onların rəhbəri idi.  15Levililərdən: Bunni oğlu Xaşavya oğlu Azriqam oğlu Xaşşuv oğlu Şemaya.  16Levililərin başçılarından Şabbetay və Yozavad Allah evinin bayır işlərini idarə edirdilər.  17Asəf oğlu Zavdi oğlu Mikeya oğlu Mattanya şükür duasını oxuyan məbəd ilahiçilərinin dəstə rəhbəri və soydaşlarından Baqbuqya onun müavini idi. Yedutun oğlu Qalal oğlu Şammua oğlu Avda da var idi.  18Müqəddəs şəhərdə yaşayan bütün Levililər 284 nəfər idi.  19Məbəd qapıçıları Aqquv, Talmon ilə qardaşları darvazalarda keşik çəkənlər, 172 nəfər idi.  20İsraillilərin, kahinlərin, Levililərin yerdə qalanları bütün Yəhuda şəhərlərində yaşayırdı. Hər kəs öz mülkündə yaşayırdı.  21Məbəd qulluqçuları isə Ofeldə qalırdı. Sixa və Gişpa onlara rəhbərlik edirdi.  22Allahın evindəki ibadətdə ilahilər oxuyan Asəf övladlarından Mikeya oğlu Mattanya oğlu Xaşavya oğlu Bani oğlu Uzzi Yerusəlimdə Levililərin rəhbəri idi.  23Bu ilahiçilər padşahın fərmanına tabe idi və hər gün vəzifələrini müəyyən edən qaydaları yerinə yetirirdi.  24Yəhuda oğlu Zerah övladlarından Meşezavel oğlu Petahya İsrail xalqının ümumi işlərində Fars padşahına kömək edirdi.  25Kəndlərə və tarlalarına gəlincə, Yəhuda övladlarından bəziləri Qiryat-Arba ilə qəsəbələrində, Divon ilə qəsəbələrində, Yeqqavseel ilə kəndlərində,  26Yeşuada, Moladada, Bet-Peletdə,  27Xasar-Şualda və Beer-Şeva ilə qəsəbələrində,  28Ziqlaqda, Mekona ilə qəsəbələrində,  29En-Rimmonda, Sorada, Yarmutda,  30Zanoahda, Adullam ilə kəndlərində, Lakiş ilə tarlalarında, Azeqa ilə qəsəbələrində qaldılar. Yaşadıqları məntəqə Beer-Şevadan Hinnom dərəsinə qədər idi.  31Binyamin övladları Gevadan başlayaraq Mikmas ilə Ayyada, Bet-El ilə qəsəbələrində,  32Anatot, Nov, Ananya,  33Xasor, Rama, Gittayim,  34Xadid, Sevoim, Nevallat,  35Lod, Ono və Sənətkarlar dərəsində məskən saldılar.  36Yəhudadakı Levililərin bəzi bölmələri Binyamin ərazisi üçün ayrıldı.

YUXARI

Nehemya 12

Zerubbabil ilə gələn kahinlər və Levililər

1Şealtiel oğlu Zerubbabil ilə qayıdan kahinlər və Levililər bunlar idi: Seraya, Yeremya, Ezra,  2Amarya, Malluk, Xattuş,  3Şekanya, Rexum, Meremot,  4İddo, Ginnetoy, Aviya,  5Miyamin, Maadya, Bilqa,  6Şemaya, Yoyariv, Yedaya,  7Sallu, Amoq, Xilqiya, Yedaya. Bunlar Yeşuanın dövründə kahinlərin və qardaşlarının başçıları idi.  8Levililər: Yeşua, Binnuy, Qadmiel, Şerevya, Yəhuda, Mattanya. Mattanya qardaşları ilə birgə şükür ilahiləri üçün məsuliyyət daşıyırdı.  9Onların qardaşları Baqbuqya ilə Unni ibadətdə onların qarşısında dururdu.  10Yeşuadan Yoyaqim törədi, Yoyaqimdən Elyaşiv törədi, Elyaşivdən Yoyada törədi.  11Yoyadadan Yonatan törədi, Yonatandan Yaddua törədi.  12Yoyaqimin dövründə nəsil başçıları olan kahinlər bunlar idi: Seraya nəslindən Meraya, Yeremya nəslindən Xananya,  13Ezra nəslindən Meşullam, Amarya nəslindən Yehoxanan,  14Malluk nəslindən Yonatan, Şevanya nəslindən Yusif,  15Xarim nəslindən Adna, Merayot nəslindən Xelqay,  16İddo nəslindən Zəkəriyyə, Ginneton nəslindən Meşullam,  17Aviya nəslindən Zikri, Minyamin nəslindən, Moadya nəslindən Piltay,  18Bilqa nəslindən Şammua, Şemaya nəslindən Yehonatan,  19Yoyariv nəslindən Mattenay, Yedaya nəslindən Uzzi,  20Şallay nəslindən Qallay, Amoq nəslindən Ever,  21Xilqiya nəslindən Xaşavya, Yedaya nəslindən Netanel.  22Elyaşiv, Yoyada, Yoxanan və Yadduanın günlərində Levili nəsil başçıları və kahinlər Fars padşahı Daranın hökmranlığına qədər qeyd edilmişdi.  23Levili nəsil başçıları, Elyaşiv oğlu Yoxananın günlərinə qədər salnamələr kitabında yazıldı.  24Levililərin başçıları Xaşavya, Şerevya və Qadmiel oğlu Yeşua bir tərəfdə, qardaşları da o biri tərəfdə dayanıb Allah adamı Davudun əmrinə görə qarşılıqlı həmdlər və şükürlər edirdi.  25Mattanya, Baqbuqya, Avdiya, Meşullam, Talmon və Aqquv qapıçılıq edib darvazalardakı anbarları qoruyurdu.  26Bunlar Yosadaq oğlu Yeşua oğlu Yoyaqimin günlərində, vali Nehemya və ilahiyyatçı kahin Ezranın dövründə yaşayırdı.

Yerusəlim divarının təqdis edilməsi

27Yerusəlim divarının təqdisetmə mərasimini sevinclə, şükürlə, ilahilərlə, sinc, çəng və lira ilə keçirmək üçün Levililər yaşadıqları hər yerdən çağırılıb Yerusəlimə gətirildilər.  28Yerusəlim ətrafındakı sahədən və Netofalıların kəndlərindən,  29Bet-Qilqaldan və Geva ilə Azmavet çöllərindən ilahiçilər toplandı. Çünki ilahiçilər Yerusəlim ətrafında özləri üçün kəndlər salmışdılar.  30Kahinlər və Levililər özlərini pak edəndən sonra xalqı, darvazaları və divarı pak etdilər.  31Onda mən Yəhuda rəislərini divarın üstünə çıxartdım və şükür ilahiləri oxuyan iki böyük dəstə təyin etdim. Onlardan biri divarın üstü ilə sağ tərəfdən Peyin darvazasına doğru gedirdi.  32Onların ardınca Hoşaya və Yəhuda rəislərinin yarısı,  33Azarya, Ezra, Meşullam,  34Yəhuda, Binyamin, Şemaya, Yeremya,  35əllərində kərənaylarla kahinlərdən bəziləri – Asəf oğlu Zakkur oğlu Mikeya oğlu Mattanya oğlu Şemaya oğlu Yonatan oğlu Zəkəriyyə,  36qardaşları Şemaya, Azarel, Milalay, Gilalay, Maay, Netanel, Yəhuda, Xanani, Allah adamı Davudun musiqi alətləri ilə gedirdilər. İlahiyyatçı Ezra onların qabağında gedir.  37Çeşmə darvazası yanında və onların qarşısında divar yoxuşunda Davudun şəhərinin pilləkənləri ilə çıxıb Davudun sarayının üst tərəfindən şərqə doğru Su darvazasına qədər getdilər.  38Şükür ilahiləri oxuyanların o biri dəstəsi divarın üstü ilə sol tərəfə gedirdi. Mən xalqın yarısı ilə onların ardınca yeriyirdim. Sobalar qülləsindən keçib Geniş divara qədər,  39Efrayim darvazasının üstündən Köhnə darvaza, Balıqlar darvazası, Xananel qülləsi, Yüz qülləsi və Qoyun darvazasına qədər gedib Mühafizəçilər darvazasında dayandıq.  40Şükür ilahiləri oxuyanların iki dəstəsi Allah evinin yanında ayaq saxladı. Mən də hökumət məmurlarının yarısı ilə dayandım.  41Yanımda kərənay çalan kahinlər bunlar idi: Elyaqim, Maaseya, Minyamin, Mikeya, Elyoenay, Zəkəriyyə və Xananya;  42habelə Maaseya, Şemaya, Eleazar, Uzzi, Yehoxanan, Malkiya, Elam və Ezer. İlahiçilər İzrahyanın rəhbərliyi altında tərənnüm etdi.  43O gün çoxlu qurban kəsildi və şadlıq oldu, çünki Allah xalqa böyük sevinc bəxş etmişdi. Qadınlar və uşaqlar da sevinirdi və Yerusəlimin şənliyi uzaqlardan eşidilirdi.

Məbəd ibadəti üçün təminat

44Elə o gün ianələrin, ilk məhsulun və onda bir hissələrin yığılacağı anbarları qorumaq üçün adamlar təyin edildi. Bütün bunlar Qanunda kahinlər və Levililər üçün nəzərdə tutulan şəhərlərin ətrafındakı tarlalardan anbarlara gətirilməli idi. Çünki Yəhudalılar ibadət edən kahinlərlə Levililərdən məmnun idi.  45 Onlar, ilahiçilərlə məbəd qapıçıları Davud və oğlu Süleymanın əmrinə əsasən özlərinin Allahına xidmət edib pak olma mərasimini yerinə yetirdi.  46Çünki qədim zamanlarda – Davudun və Asəfin günlərində ilahiçilərin başçıları var idi və Allaha həmd və şükür mahnıları oxunurdu.  47Zerubbabilin və Nehemyanın günlərində bütün İsraillilər hər gün ilahiçiləri və məbəd qapıçılarını gündəlik paylar ilə təmin edirdi. Onlar Levililərə düşən payı ayırdı. Levililər də Harun övladlarına düşən payı ayırdı.

YUXARI

Nehemya 13

Nehemyanın qayda-qanunu bərpa etməsi

1O gün Musanın kitabından oxundu və xalq qulaq asırdı. Bu kitabda belə bir yazı aşkar olundu: «Allahın camaatına Ammonlu və yaxud Moavlı heç vaxt daxil ola bilməz».  2 Çünki Moav və Ammon övladları İsrail övladlarını çörək və su ilə qarşılamamışdı. Lakin İsrail övladlarına qarşı lənət oxumaq üçün Bilamı muzdla tutmuşdular. Allahımız isə lənəti xeyir-duaya çevirdi.  3İsrail övladları qanunu dinlədikdə bütün yadelliləri aralarından ayırdı.  4Bundan əvvəl Allahımızın məbədinin anbarlarına nəzarətçi təyin edilən kahin Elyaşiv Toviyanın yaxın tanışı olduğuna görə  5ona böyük bir otaq hazırlamışdı. Oraya əvvəllər taxıl təqdimləri, kündür, məbəd əşyaları, qanun üzrə Levililərə, ilahiçilərə və məbəd qapıçılarına verilən taxılın, təzə şərabın və zeytun yağının onda bir hissələri və kahinlərə verilən ianələr qoyulardı.  6Bu iş baş verəndə mən Yerusəlimdə deyildim. Ona görə ki Babil padşahı Artaxşastanın hakimiyyətinin otuz ikinci ilində onun hüzuruna getmişdim. Bir müddət sonra padşahdan izin alıb  7Yerusəlimə qayıtdım. Elyaşivin etdiyi pisliyi – Allah evinin həyətində Toviyaya bir otaq hazırladığı barədə xəbər aldım.  8Bu məni çox qəzəbləndirdi və Toviyanın bütün ev əşyalarını otaqdan bayıra atdım.  9Mənim əmrimlə otaqları təmizlədilər və Allah evinin əşyalarını, taxıl təqdimlərini kündürlə birgə oraya geri gətirdim.  10 Bir də xəbər tutdum ki, Levililərin payları onlara verilmir və xidmət edən Levililərlə ilahiçilərin hər biri öz torpağına qayıtmışdır.  11Mən hökumət məmurlarını tənbeh edib dedim: «Nə üçün Allahın evinə etinasızlıq edilir?» Sonra Levililərlə ilahiçiləri toplayıb yerlərinə qaytardım.  12 Bütün Yəhudalılar anbarlara taxılın, təzə şərabın və zeytun yağının onda bir hissələrini gətirdilər.  13Kahin Şelemyanı, ilahiyyatçı Sadoqu və Levililərdən Pedayanı anbarlara nəzarətçi və Mattanya oğlu Zakkur oğlu Xananı onların köməkçisi təyin etdim. Bu adamlar etimada layiq sayıldıqlarına görə qardaşlarına paybölmə işi onlara düşdü.  14Ey Allahım, buna görə məni yadda saxla. Allahımın məbədi və oradakı xidmətlər üçün etdiyim yaxşı işlərimi yoxa çıxarma!  15 O günlər Yəhudada gördüm ki, bəzi adamlar Şənbə günü üzüm sıxılan yerdə ayaqları ilə üzüm sıxırdı və içəri taxıl gətirib eşşəklərin üstünə yükləyirdi. Şərab, üzüm, əncir və hər cür yükləri də Şənbə günündə Yerusəlimin içinə gətirirdilər. Həmin gün mən ərzaq satanları töhmətləndirdim.  16Orada yaşayan Surlular balıq, hər cür mallar gətirərək Şənbə günü Yerusəlimdə Yəhudalılara satırdı.  17Yəhuda əyanlarını töhmətləndirib onlara dedim: «Nə üçün bu pis işi görüb Şənbə gününü murdar edirsiniz?  18Atalarımız belə işlər etmədilərmi? Allahımız bütün bu bəlaları bizim və bu şəhərin üzərinə buna görə gətirmədimi? Siz isə Şənbə gününü murdar edərək Onun İsrail övladlarına qəzəbini artırırsınız».  19 Yerusəlim darvazalarında Şənbənin başlayacağı axşamçağı əmr etdim ki, qapılar qıfıllansın. Şənbə bitənə qədər qapıların açılmamasını tapşırdım. Bəzi nökərlərimi də darvazaların qabağına qoymuşdum ki, Şənbə günü şəhərə heç bir yük gətirilməsin.  20Tacirlər və hər cür mal satanlar bir-iki dəfə Yerusəlimdən kənarda gecələmişdi.  21Mən onlara xəbərdarlıq edərək dedim: «Nə üçün divarın yanında gecələyirsiniz? Bir də belə etsəniz, sizə əl qaldıraram!» Tacirlər də o vaxtdan Şənbə günü gəlmədilər.  22Sonra mən Levililərə əmr etdim ki, Şənbə gününü təqdis etmək üçün özlərini təmizləyib gəlsinlər və darvazaların keşiyini çəksinlər. Ey Allahım, bundan ötrü məni unutma və böyük məhəbbətinə görə rəhm elə!  23 Həm də o günlər Aşdodlu, Ammonlu və Moavlılardan arvad alan Yəhudiləri də gördüm.  24Onların uşaqlarının yarısı Aşdod dilində yaxud digər xalqların dilində danışırdı, ancaq Yəhudi dilində danışa bilmirdi.  25Mən onları tənbeh və lənət etdim. Bəzilərini isə döyüb saçlarını yoldum. O adamlara Allah haqqına and içdirib dedim: «Qızlarınızı yadelli oğullarına verməyin, oğullarınıza və özünüzə onların qızlarını almayın.  26 İsrail padşahı Süleyman buna görə günaha batmadımı? Çox millətlərin arasında onun kimi padşah yox idi və o, Allahın sevimlisi idi. Allah onu bütün İsrail üzərinə padşah etdi, lakin yadelli qadınlar onu belə, günaha saldılar.  27İndi siz Allahımıza qarşı xainlik edib yadelli qadınlar alırsınız? Etdiyiniz bu böyük pisliyə yol verərikmi?»  28 Baş kahin Elyaşivin oğlu Yoyadanın oğullarından biri Xoronlu Sanballatın kürəkəni idi. Buna görə də onu yanımdan qovdum.  29Ey Allahım, onları yadda saxla, çünki onlar kahinliyi, kahinlər və Levililərlə kəsdiyin əhdi murdar etdilər!  30Beləliklə, xalqı bütün yadelli ənənələrdən təmizlədim. Kahinlərlə Levililərin vəzifələrini müəyyənləşdirdim. Hər kəsin öz işi var idi.  31Müəyyən edilmiş vaxtda odun gətirilməsini və ilk nübarın təqdim edilməsini təşkil etdim. Ey Allahım, məni yadda saxla və mənə xeyirxah ol!

YUXARI

Ezra

Fəsillər

1 2 3 4 5 6 7 8 9 10

 

{attachments}

Ezra 1

Yerusəlimdəki məbədin bərpası

(2Saln. 36:22-23)

1Rəbb Fars padşahı Kirin hökmranlığının birinci ilində Yeremyanın dili ilə dediyi sözü yerinə yetirmək üçün Kiri ruhlandırdı. Ona görə Kir padşahlığının bütün ərazisində yazılı və şifahi elan etdi:  2 «Budur, Fars padşahı Kir belə deyir: “Göylərin Allahı Rəbb dünyanın bütün padşahlıqlarını mənə verdi və Yəhudanın Yerusəlim şəhərində Öz məbədini tikməyi mənə əmr etdi.  3Aranızda Onun xalqına mənsub olanların hamısına qoy Allahı yar olsun! Qoy onlar Yəhudanın Yerusəlim şəhərinə qalxsın və İsrailin Allahı Rəbbin məbədini tiksinlər. Yerusəlimdə səcdə qılınan Allah Odur.  4Sağ qalan İsraillilər hansı əhali arasında yaşayırsa, qoy onlar Yerusəlimdəki Allah evinə verəcəkləri könüllü ianələrdən başqa, qızıl-gümüş, əşya və heyvanlar verməklə bu adamlara kömək etsinlər”».  5Yəhuda, Binyamin qəbilələrinin nəsil başçıları, kahinlərlə Levililər, eləcə də Allahın ruhlandırdığı bütün adamlar Rəbbin Yerusəlimdəki məbədini tikmək üçün yola düşməyə hazırlaşdılar.  6Aralarında yaşadıqları yerli əhalinin hamısı verdikləri könüllü ianələrdən başqa, qızılla, gümüş qablarla, əşyalarla, heyvanlarla və qiymətli şeylərlə onlara kömək etdilər.  7Padşah Kir Navuxodonosorun Rəbbin Yerusəlimdəki məbədindən götürüb öz allahlarının məbədinə qoyduğu əşyaları çıxartdı.  8Fars padşahı Kir onları xəzinədar Mitredatın əli ilə oradan çıxardaraq hamısını sayıb Yəhuda rəhbəri Şeşbassara verdi.  9Onların sayı bu qədər idi: otuz qızıl ləyən, min gümüş ləyən, iyirmi doqquz bıçaq,  10otuz qızıl boşqab, bir-birinə oxşayan dörd yüz on gümüş boşqab və min ədəd də başqa qablar.  11Qızıl və gümüş əşyaların hamısı beş min dörd yüz ədəd idi. Sürgündə yaşayanlar Babildən Yerusəlimə qaytarılanda Şeşbassar bu əşyaların hamısını onlarla bərabər gətirdi.

YUXARI

Ezra 2

Sürgündən Yəhudaya qayıdanların siyahısı

(Neh. 7:4-73)

1Babil padşahı Navuxodonosorun Babilə apardığı əsirlər yaşadıqları vilayətdən Yerusəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdılar.  2Onlar Zerubbabil, Yeşua, Nehemya, Seraya, Reelaya, Mordokay, Bilşan, Mispar, Biqvay, Rexum, Baananın başçılığı ilə gəldilər. Sürgündən qayıdan İsraillilərin sayı:  3Paroş övladları – 2172 nəfər;  4Şefatya övladları – 372 nəfər;  5Arah övladları – 775 nəfər;  6Yeşua və Yoav nəslindən Paxat-Moav övladları – 2812 nəfər;  7Elam övladları – 1254 nəfər;  8Zattu övladları – 945 nəfər;  9Zakkay övladları – 760 nəfər;  10Bani övladları – 642 nəfər;  11Bevay övladları – 623 nəfər;  12Azqad övladları – 1222 nəfər;  13Adoniqam övladları – 666 nəfər;  14Biqvay övladları – 2056 nəfər;  15Adin övladları – 454 nəfər;  16Ater, yəni Xizqiya övladları – 98 nəfər;  17Besay övladları – 323 nəfər;  18Yora övladları – 112 nəfər;  19Xaşum övladları – 223 nəfər;  20Gibbar övladları – 95 nəfər;  21Bet-Lexem övladları – 123 nəfər;  22Netofa sakinləri – 56 nəfər;  23Anatot sakinləri – 128 nəfər;  24Azmavet övladları – 42 nəfər;  25Qiryat-Arim, Kefira və Beerot övladları – 743 nəfər;  26Rama və Geva övladları – 621 nəfər;  27Mikmas sakinləri – 122 nəfər;  28Bet-El və Ay sakinləri – 223 nəfər;  29Nevo övladları – 52 nəfər;  30Maqbiş övladları – 156 nəfər;  31Digər Elam övladları – 1254 nəfər;  32Xarim övladları – 320 nəfər;  33Lod, Xadid və Ono övladları – 725 nəfər;  34Yerixo övladları – 345 nəfər;  35Senaa övladları – 3630 nəfər.  36Kahinlər: Yeşua nəslindən Yedaya övladları – 973 nəfər;  37İmmer övladları – 1052 nəfər;  38Paşxur övladları – 1247 nəfər;  39Xarim övladları – 1017 nəfər.  40Levililər: Hodavya nəslindən yaranan Yeşua və Qadmiel övladları – 74 nəfər.  41İlahiçilər: Asəf övladları – 128 nəfər.  42Məbəd qapıçıları: Şallum övladları, Ater övladları, Talmon övladları, Aqquv övladları, Xatita övladları və Şovay övladları ilə birlikdə 139 nəfər.  43Məbəd qulluqçuları: Sixa övladları, Xasufa övladları, Tabbaot övladları,  44Qeros övladları, Siaha övladları, Padon övladları,  45Levana övladları, Xaqava övladları, Aqquv övladları,  46Xaqav övladları, Şamlay övladları, Xanan övladları,  47Giddel övladları, Qaxar övladları, Reaya övladları,  48Resin övladları, Neqoda övladları, Qazzam övladları,  49Uzza övladları, Paseah övladları, Besay övladları,  50Asna övladları, Meunim övladları, Nefusim övladları,  51Baqbuq övladları, Xaqufa övladları, Xarxur övladları,  52Baslut övladları, Mexida övladları, Xarşa övladları,  53Barqos övladları, Sisra övladları, Tamax övladları,  54Nesiah övladları, Xatifa övladları.  55Süleymanın əyanlarının nəslindən: Sotay övladları, Hassoferet övladları, Peruda övladları,  56Yela övladları, Darqon övladları, Giddel övladları,  57Şefatya övladları, Xattil övladları, Pokeret-Hassevayim övladları, Ami övladları.  58Məbəd qulluqçuları ilə Süleymanın əyan qullarının övladları – cəmi 392 nəfər.  59Tel-Melahdan, Tel-Xarşadan, Keruvdan, Addondan, İmmerdən qayıdan, ancaq ailələrinin və nəsillərinin İsrail övladlarından olduğunu sübut edə bilməyənlər bunlardır:  60Delaya övladları, Toviya övladları, Neqoda övladları – 652 nəfər.  61Kahinlərin nəslindən: Xovaya övladları, Haqqos övladları, Gileadlı Barzillayın qızlarından arvad alıb qayınatasının adını götürən Barzillay övladları.  62Onlar nəsil şəcərəsini axtardılar, lakin öz adlarını tapa bilmədilər və buna görə murdar sayılaraq kahinlikdən çıxarıldılar.  63Yəhuda valisi onlara əmr edib belə dedi: «Urim və Tummimi işlədən bir kahin olmayınca onlar ən müqəddəs yeməklərdən yeməsin».  64Bütün camaat birlikdə 42 360 nəfər idi.  65Bundan başqa, 7337 nəfər kölə və kənizlər, 200 nəfər kişi və qadından ibarət ilahiçi var idi.  66Bu adamların 736 atı, 245 qatırı,  67435 dəvəsi, 6720 eşşəyi var idi.  68Rəbbin Yerusəlimdəki məbədinə gələn zaman bəzi nəsil başçıları Allahın evini öz yerində tikmək üçün könüllü ianələr verdilər.  69Bu iş üçün yığılan xəzinəyə imkan daxilində altmış bir min darik qızıl, beş min mina gümüş və yüz kahin geyimi verdilər.  70 Kahinlər, Levililər, xalqın bəziləri, ilahiçilər, məbəd qapıçıları və qulluqçuları öz şəhərlərində yerləşdilər. Beləliklə, İsraillilər isə öz şəhərlərində yerləşdilər.

YUXARI

Ezra 3

Yerusəlimdəki qurbangahın tikilməsi

1Artıq İsraillilər öz şəhərlərində idi. Yeddinci ay çatanda xalq bir nəfər kimi Yerusəlimdə toplandı.  2 Yosadaq oğlu Yeşua ilə kahin qardaşları və Şealtiel oğlu Zerubbabillə qardaşları İsrailin Allahının qurbangahını qurdular ki, Allah adamı Musanın Qanununda yazıldığı kimi üstündə yandırma qurbanları təqdim edilsin.  3 Ətrafda yaşayan xalqlardan qorxmalarına baxmayaraq, qurbangahı əvvəlki bünövrə üzərində qurdular. Sonra onun üzərində səhər-axşam Rəbbə yandırma qurbanları təqdim etdilər.  4 Yazıya görə Çardaqlar bayramı keçirdilər və qaydaya görə günbəgün müəyyən miqdarda gündəlik yandırma qurbanları təqdim etdilər.  5 Sonra daimi yandırma qurbanları verdilər. Təzə Ay mərasimlərinin, eləcə də Rəbbin təqdis etdiyi bütün bayramların təqdimlərini və hamının könüllü olaraq Rəbbə etdiyi təqdimləri verdilər.  6Rəbbin məbədinin bünövrəsinin qoyulmamasına baxmayaraq, onlar yeddinci ayın birinci günündə Rəbbə yandırma qurbanları təqdim etməyə başladılar.

Məbədin bünövrəsinin qoyulması

7Daşyonanlarla dülgərlərə pul verdilər. Fars padşahı Kirdən izin aldıqlarına görə Livandan dəniz yolu ilə Yafoya sidr ağacları gətirmələri üçün Sidonlularla Surlulara yemək-içmək və zeytun yağı verdilər.  8Allahın evinə, Yerusəlimə gəlişlərinin ikinci ilinin ikinci ayında Şealtiel oğlu Zerubbabil və Yosadaq oğlu Yeşua ilə digər qardaşları – kahinlər, Levililər, əsirlikdən Yerusəlimə qayıdanların hamısı işə başladılar. İyirmi və ondan yuxarı yaşda olan Levililəri Rəbbin məbədinin tikinti işinə nəzarətçi təyin etdilər.  9Levililərdən Yeşua və övladları ilə qardaşları, Hodavya nəslindən törənən Qadmiellə övladları, Xenadad övladları, nəvələri və qardaşları Allahın evində işləyənlərə nəzarət etdilər.  10 Bənnalar Rəbbin məbədinin təməlini qoyan zaman İsrail padşahı Davudun qoyduğu qaydaya əsasən kahinlər xüsusi libas geyinib əllərindəki kərənaylarla, Asəf övladlarından olan Levililərsə sinclərlə Rəbbə həmd etmək üçün öz yerlərini tutdular.  11 Onlar Rəbbə həmd və şükür edib növbə ilə Onu tərənnüm edərək belə deyirdilər: «Rəbb yaxşıdır, çünki İsrailin üzərində məhəbbəti əbədidir». Onlar Rəbbə həmd edəndə bütün xalq ucadan qışqırdı, çünki Rəbb evinin bünövrəsi qoyulmuşdu.  12Əvvəlki məbədi görmüş bir çox qoca kahinlər, Levililər və nəsil başçıları məbədin bünövrəsinin qoyulduğunu görəndə hönkürüb ağladılar, bir çoxları isə sevincdən haray çəkdilər.  13Xalq gurultulu sevinc səsləri ilə ağlaşma səslərini bir-birindən ayıra bilmirdi, çünki onların gurultu ilə qopan haray səsləri uzaqlarda eşidilirdi.

YUXARI

Ezra 4

Samariyalılar məbəd tikintisinə mane olur

1Yəhudalıların və Binyaminlilərin düşmənləri eşitdilər ki, sürgündən qayıdanlar İsrailin Allahı Rəbb üçün məbəd tikirlər.  2 Onlar Zerubbabilə və nəsil başçılarına yaxınlaşıb belə dedi: «Qoy biz də sizinlə bərabər bu məbədi tikək, çünki biz də sizin kimi Allahınıza sitayiş edirik. Bizi buraya gətirən Aşşur padşahı Esar-Xaddonun dövründən bəri sizin Allaha qurban təqdim edirik».  3Lakin Zerubbabil, Yeşua və İsrailin digər nəsil başçıları onlara belə dedilər: «Allahımızın evini qurmaq üçün sizin bizimlə heç bir ortaq işiniz yoxdur. Biz özümüz əlbir olaraq Fars padşahı Kirin əmrinə əsasən İsrailin Allahı Rəbbə məbəd tikəcəyik».  4Onda bu ölkənin xalqı Yəhuda xalqının əllərini işdən soyutmaqla tikinti işində onlara əziyyət verdi.  5Bu xalq Yəhudilərin məqsədlərini boşa çıxarmaq üçün Fars padşahları olan Kirin dövründən Daranın dövrünə qədər onlara qarşı çıxaraq özlərinə muzdla məsləhətçilər tutdu.  6 Onlar Axaşveroş padşah olanda, onun hökmranlığının başlanğıcında Yəhuda və Yerusəlimdə yaşayanların əleyhinə bir ittiham məktubu yazdılar.  7Fars padşahı Artaxşastanın dövründə Bişlam Mitredat, Taveel və digər yoldaşları padşah Artaxşastaya məktub yazdı. Məktub Arami dilində yazılaraq tərcümə edildi.  8Sərkərdə Rexum və mirzə Şimşay padşah Artaxşastaya Yerusəlimi ittiham edən bir məktub yazdı.  9Sonra məktuba sərkərdə Rexumla mirzə Şimşay və qalan yoldaşları, hakimlər, əmirlər, qulluqçular, Farslar, Ereklilər, Babillilər, Şuşanlılar, yəni Elamlılar,  10böyük və şanlı Aşurbanipalın sürgün edib Samariya şəhərlərində və Fərat çayının qərb torpaqlarında yerləşdirdiyi başqa xalqlar imza qoydular.  11Padşah Artaxşastaya göndərdikləri məktubun surəti belədir: «Padşah Artaxşastaya Fərat çayının qərb torpaqlarında yaşayan qullarından.  12Padşaha məlum olsun ki, sizin yanınızdan qayıdan Yəhudilər bizim yanımıza – Yerusəlimə gəlib bu pis, üsyankar şəhəri bərpa edirlər. Divarları hörüb qurtardılar və binaların təməlini bərpa etdilər.  13Padşaha məlum edirik ki, əgər bu şəhər bərpa edilərsə, divarları hörülüb qurtararsa, onlar sənə vergi, xərac və gömrük verməyəcəklər. Bununla da padşahın gəlirinə böyük ziyan dəyəcək.  14Əgər indi bu sarayın duzu ilə dolanırıqsa, gözümüz önündə padşaha ziyan dəyməsini görmək bizə yaraşmaz. Ona görə də padşaha bu xəbəri göndərib belə məlum edirik:  15qoy ata-babalarının dəftərxanası axtarılsın. Qeyd kitablarında bu şəhər haqqında məlumat tapanda biləcəksiniz ki, bu şəhər həm üsyankar, həm də padşahlar və dövlətlər üçün zərərlidir. Qədimdən bəri oradan həmişə xəyanət törəyib və bunun üçün şəhər xarabaya çevrilib.  16Padşaha məlum edirik ki, əgər bu şəhər bərpa edilərsə və divarları tikilib qurtararsa, sənin Fərat çayının qərb torpaqlarında payın olmayacaq».  17Padşah belə cavab göndərdi: «Sərkərdə Rexuma, mirzə Şimşaya və Samariya ilə Fərat çayının digər qərb torpaqlarında yaşayan yoldaşlarına salamlar!  18Bizə göndərdiyiniz məktub hüzurumda tərcümə edildi.  19Ona görə mən əmr verdim və əmrimə əsasən istintaq aparıldı. Bu şəhərin sakinlərinin qədimdən bəri padşahlara qarşı üsyan qaldırması təsdiq olundu. Üsyankarlıq və xəyanət bu şəhərin daxilindən baş qaldırıb.  20O zaman Yerusəlimi idarə edən qüdrətli padşahlar var idi. Fərat çayının qərbindəki bütün torpaqlar üzərində bu padşahlar hökmranlıq edirdilər. Buranın əhalisi isə onlara xərac, vergi və gömrük verirdi.  21İndi əmr verin, bu adamlar işi dayandırsınlar və mən əmr verənə qədər bu şəhəri bərpa etməsinlər.  22Bu işə etinasız yanaşmaqdan çəkinin. Niyə şər artıb padşahlığıma ziyan vursun?»  23Padşah Artaxşastanın məktubunun surəti Rexumla mirzə Şimşayın və yoldaşlarının qarşısında oxunanda onlar tələsik Yerusəlimə Yəhudilərin yanına getdilər. Onların işini zorla, güclə dayandırdılar.  24Beləliklə, Yerusəlimdəki Allah evinin tikinti işi dayandırıldı və bu iş Fars padşahı Daranın hökmranlığının ikinci ilinə qədər ləngidi.

YUXARI

Ezra 5

Tikintinin davam etdirilməsi

1Peyğəmbərlərdən peyğəmbər Haqqayla İddo oğlu Zəkəriyyə Yəhudada və Yerusəlimdə yaşayan Yəhudilərə İsrail Allahının adı ilə peyğəmbərlik etdi.  2 O zaman Şealtiel oğlu Zerubbabil və Yosadaq oğlu Yeşua işə başlayaraq Yerusəlimdəki Allah evinin tikintisini davam etdirdilər. Allahın peyğəmbərləri də onlarla idi və onlara kömək etdi.  3O vaxtlar Fərat çayının qərb torpaqlarının valisi olan Tattenay, Şetar-Boznay və yoldaşları onların yanına gəlib dedi: «Bu məbədi bərpa etmək və tikintisini qurtarmaq üçün sizə kim icazə verib?»  4Onda biz onlara bu binanı tikənlərin adlarını bildirdik.  5Allahın nəzəri Yəhudi ağsaqqallarının üzərinə yönəlmişdi. Ona görə bu işin sorağı Daraya çatana və bu barədə məktubla cavab qayıdanadək onlar Yəhudilərin işini dayandırmadılar.  6Fərat çayının qərb torpaqlarının valisi Tattenay, Şetar-Boznay və yoldaşları, Fərat çayının qərb torpaqlarındakı məmurlar padşah Daraya bu surətdə məktub yolladı.  7Ona yolladıqları məktubda belə yazılmışdı: «Padşah Daraya böyük ehtiramla salamlar!  8Padşaha məlum olsun ki, biz Yəhuda vilayətindəki böyük Allahın məbədinə getdik. Məbəd böyük daşlardan tikilmiş, divarların içərisinə dirəklər qoyulmuşdur. Bu iş səylə görülərək uğurla idarə edilir.  9O zaman oranın ağsaqqallarından soruşub belə dedik: “Bu məbədi bərpa etmək və tikintisini qurtarmaq üçün sizə kim icazə verib?”  10Həm də onlardan bu işin başçılarının adını soruşduq ki, bunları yazaraq sizə bildirək.  11Onlar bizə belə cavab verdilər: “Biz göylərin və yerin Allahının qullarıyıq. Bundan bir çox il əvvəl tikilən məbədi bərpa edirik. Vaxtı ilə oranı İsrailin böyük padşahı tikib başa çatdırmışdı.  12 Lakin atalarımız göylərin Allahını qəzəbləndirdiyi üçün Allah onları Babil padşahı Xaldeyli Navuxodonosora təslim etdi. O da bu məbədi xarabaya çevirdi və xalqını Babilə əsir apardı.  13 Lakin Babil padşahı Kirin hakimiyyətinin birinci ilində padşah Kir Allah evinin bərpası üçün əmr verdi.  14Həmçinin Yerusəlimdəki Allah evindən Navuxodonosorun götürüb Babil məbədinə apardığı qızıl və gümüş qabları padşah Kir Babildəki məbəddən çıxartdı. Onları vali təyin etdiyi Şeşbassar adlı bir adama verərək dedi:  15‹Bu əşyaları götürüb get, Yerusəlimdəki məbədə qoy. Allahın evi qoy öz yerində bərpa olunsun›.  16O zaman həmin Şeşbassar gəlib Yerusəlimdəki Allah evinin təməlini qoydu. O zamandan indiyə qədər bu məbəd tikilir, lakin hələ tamamlanmayıb”.  17İndi padşahın xoşuna gələrsə, qoy Babil sarayındakı dəftərxana axtarılaraq Yerusəlimdəki Allah evinin bərpası üçün padşah Kirin verdiyi əmr üzə çıxarılsın. Sonra isə bu iş barədə padşah öz iradəsini bizə bildirsin».

YUXARI

Ezra 6

Dara Kirin fərmanını təsdiq edir

1O zaman padşah Daranın verdiyi əmrə əsasən Babil xəzinəsində olan dəftərxana axtarıldı.  2Midiya vilayətində olan Ekbatana qalasında bir tumar tapıldı. Bu tumarda belə qeyd edilmişdi:  3«Padşah Kirin hökmdarlığının birinci ilində Allahın Yerusəlimdəki məbədi barədə Kir belə əmr verib: “Bu məbəd – qurbanlar təqdim edilən bu yer əvvəlki bünövrəsi üzərində bərpa edilsin.  4Üç cərgə böyük daş, bir cərgə təzə dirək qoyulmaqla altmış qulac hündürlükdə və altmış qulac uzunluqda olsun. Bu işin bütün xərci padşah xəzinəsindən ödənilsin.  5Həm də Yerusəlimdəki Allah evindən Navuxodonosorun çıxarıb Babilə gətirdiyi qızıl və gümüş qablar geri qaytarılsın. Bunların hamısı öz yerinə, Yerusəlimdə olan məbədə aparılsın. Onları Allahın evinə qoyun”.  6Ona görə Fərat çayının qərb torpaqlarının valisi Tattenay, Şetar-Boznay və yoldaşları – Fərat çayının qərb torpaqlarındakı məmurlar qoy indi oradan uzaqlaşsın,  7Allah evinin işinə qarışmasınlar. Yəhudilərin valisi və Yəhudilərin ağsaqqalları Allahın evini öz yerində bərpa etsinlər.  8Mən əmr edirəm ki, Allahın bu evinin bərpasında Yəhudilərin bu ağsaqqallarına kömək edəsiniz, işlərinin dayandırılmaması üçün bu adamların xərci mütləq padşah xəzinəsindən, Fərat çayının qərb torpaqlarından yığılan vergilərdən ödənilsin.  9Göylərin Allahına yandırma qurbanları vermək üçün hər gün ehtiyaclarına görə cavan buğalar, qoç və quzular, Yerusəlimdəki kahinlərin istədiyi miqdarda buğda, duz, şərab, zeytun yağı əskik edilmədən onlara verilsin.  10Onlar göylərin Allahına xoş ətirli qurbanlar versinlər və buna görə padşahla övladları üçün dua etsinlər ki, canları sağ olsun.  11Əmr edirəm ki, bu fərmanı dəyişdirən adamın evindən bir dirək çıxarıb dik basdırılsın və həmin adam bu dirəkdən asılsın. Qoy belə ev xarabalığa çevrilsin.  12Bu məbədi isminə məskən edən Allah bu fərmanı dəyişdirməyə cəhd edən və Yerusəlimdəki məbədin dağılmasını istəyən hər padşahı və xalqı yox etsin. Mən Dara əmr edirəm, əmrim sözsüz yerinə yetirilsin».

Allahın evinin təqdisi

13O zaman Fərat çayının qərb torpaqlarının valisi Tattenay, Şetar-Boznay və yoldaşları padşah Daranın göndərdiyi bu əmri alan kimi ona əməl etdilər.  14 Yəhudilərin ağsaqqalları tikintini davam etdirdilər və peyğəmbər Haqqay ilə İddo oğlu Zəkəriyyənin peyğəmbərlik sözlərinə əsasən onların işləri uğurlu gedirdi. İsrail Allahının buyruğuna görə Fars padşahları Kir, Dara və Artaxşastanın əmri ilə məbədi tikib qurtardılar.  15Məbəd padşah Daranın hakimiyyətinin altıncı ili, Adar ayının üçündə başa çatdı.  16İsrail övladları – kahinlər, Levililər və sürgündən qayıdanların hamısı bu Allah evinin təqdis mərasimini sevinclə qeyd etdilər.  17Allahın evinin təqdisi üçün yüz buğa, iki yüz qoç, dörd yüz quzu və bütün İsrail üçün qəbilələrinin sayına görə günah qurbanı olaraq on iki təkə təqdim etdilər.  18Yerusəlimdə Allaha xidmət üçün Musanın Kitabında yazıldığı kimi kahinləri öz dəstələrində və Levililəri öz bölmələrində düzdülər.

Pasxa bayramının keçirilməsi

19 Sürgündən qayıdanlar Pasxa bayramını birinci ayın on dördündə keçirdilər.  20Çünki kahinlərlə Levililər bir nəfər kimi özlərini pak etdikləri üçün təmiz idilər. Levililər bütün sürgündən qayıdanlar üçün, kahin qardaşları və özləri üçün Pasxa qurbanı kəsdilər.  21Sürgündən qayıdan İsrail övladları və İsrailin Allahı Rəbbə sitayiş etmək üçün özlərini ətraf millətlərin murdarlığından təcrid edənlərin hamısı qurban əti yedilər.  22Yeddi gün sevinclə Mayasız Çörək bayramı keçirdilər, çünki onları sevindirən Rəbb idi. Rəbb İsrail Allahının evinin bərpasına kömək etmək üçün Aşşur padşahının ürəyində meyl yaratmışdı.

YUXARI

Ezra 7

Ezranın Yerusəlimə gəlməsi

1Bu işlərdən sonra Fars padşahı Artaxşastanın dövründə başçı kahin Harun oğlu Eleazar oğlu Pinxas oğlu Avişua oğlu  2Buqqi oğlu Uzzi oğlu  3Zerahya oğlu Merayot oğlu Azarya oğlu Amarya oğlu  4Axituv oğlu Sadoq oğlu Şallum oğlu  5Xilqiya oğlu Azarya oğlu Seraya oğlu Ezra Babildən çıxdı.  6Babildən gələn bu Ezra İsrailin Allahı Rəbbin Musaya verdiyi Qanunu yaxşı bilən ilahiyyatçı idi. Allahı Rəbbin əli onun üzərində olduğuna görə padşah Ezranın istədiyi hər bir şeyi vermişdi.  7Padşah Artaxşastanın hakimiyyətinin yeddinci ilində İsrail övladlarından, kahinlərdən, Levililərdən, ilahiçilərdən, məbəddəki qapıçılardan və qulluqçulardan bəziləri Yerusəlimə qayıtdı.  8Ezra Yerusəlimə çatanda Artaxşastanın hökmdarlığının yeddinci ilinin beşinci ayı idi.  9O, birinci ayın birinci günündə Babildən yola düşüb beşinci ayın birində Yerusəlimə çatdı, çünki Allahın mərhəmətli əli onun üzərində idi.  10Ezra özünü Rəbbin Qanununu tədqiq və tətbiq etməyə, İsraildə qayda-qanunları öyrətməyə həsr etmişdi.

Padşah Artaxşastanın Ezraya verdiyi məktub

11Rəbbin əmrlərini və İsrailə buyurduğu qanunları öyrədən ilahiyyatçı, kahin Ezraya padşah Artaxşasta bu məzmunda məktub vermişdi:  12«Padşahlar padşahı Artaxşastadan göylərin Allahının qanunlarını öyrədən kahin Ezraya bildiriş:  13İndi mən əmr edirəm ki, padşahlığımda olan İsrail xalqından, kahinlərdən, Levililərdən könüllü olaraq Yerusəlimə getmək istəyən hər kəs səninlə getsin.  14İndi sən padşahla yeddi məsləhətçisi tərəfindən əlində olan Allahın Qanununa əsasən Yəhuda və Yerusəlimdəki vəziyyəti öyrənmək üçün göndərilirsən.  15Yerusəlimi məskəni edən İsrailin Allahına padşah və məsləhətçilərinin könüllü təqdim etdikləri qızıl-gümüşü götür.  16Xalqın və kahinlərin İsrailin Allahının Yerusəlimdəki məbədinə könüllü surətdə verdikləri hədiyyələrlə bərabər Babil vilayətinin hər tərəfindən yığacağın qızıl-gümüşün hamısını götür.  17Sonra bu pulla tez buğalar, qoçlar, quzular, taxıl və şərab təqdimlərini alarsan. Onları Allahınızın Yerusəlimdəki məbədinin qurbangahında təqdim edərsiniz.  18Sən və qardaşların qızıl-gümüşün qalan hissəsini Allahın iradəsinə uyğun, istədiyin kimi istifadə edə bilərsiniz.  19Allahının məbədində ibadət zamanı işlətmək üçün sənə qaytarılan qabları isə Yerusəlim Allahının hüzurunda təhvil ver.  20Allahın məbədinə başqa nə lazım olarsa, sən onu padşah xəzinəsindən ödə.  21Mən padşah Artaxşasta Fərat çayının qərb torpaqlarının bütün xəzinədarlarına əmr edirəm ki, göylər Allahının Qanununun ilahiyyatçısı, kahin Ezranın hər istəyini diqqətlə yerinə yetirin.  22Yüz talanta qədər gümüş, yüz kora qədər buğda, yüz bata qədər şərab, yüz bata qədər zeytun yağı və istədikləri qədər duz verin.  23Göylərin Allahının məbədi üçün, bu Allah tərəfindən hər nə əmr olunarsa, yerli-yerində ona əməl edilsin. Niyə padşahın və övladlarının ölkəsi qəzəbə düçar olsun?  24Sizə bildiririk ki, kahinlərdən, Levililərdən, ilahiçilərdən, bu Allah evinin qapıçılarından, qulluqçularından, digər xidmətçilərindən xərac, vergi və gömrük istəməyə izin yoxdur.  25Sən Ezra Allahın sənə verdiyi müdrikliyə görə orada hakimlər və qazilər təyin et. Qoy onlar Fərat çayının qərbində olan bütün xalqa – sənin Allahının qanunlarını bilənlərin hamısına hökm etsinlər. Bilməyənləri də sən öyrətməlisən.  26Sənin Allahının qanununa və padşahın qanununa əməl etməyən adam mütləq ölüm, sürgün, əmlak müsadirəsi yaxud həbs cəzaları ilə cəzalansın».  27Atalarımızın Allahı Rəbbə alqış olsun ki, padşahın qəlbində Rəbbin Yerusəlimdə olan məbədinə belə hörmət göstərmək istəyini yaratdı.  28Rəbb padşahın, onun məsləhətçilərinin və bütün güclü rəislərinin mənə yaxşı münasibətini yaratdı. Üzərimdə olan Allahım Rəbbin əlindən qüvvət alaraq mənimlə bərabər getmək üçün İsrailin başçılarından bəzilərini yanıma topladım.

YUXARI

Ezra 8

Ezranın yol yoldaşlarının siyahısı

1Artaxşastanın padşahlığı zamanı mənimlə bərabər Babildən gələn və adları qeyd edilmiş nəsil başçıları bunlardır:  2Pinxas övladlarından Gerşom, İtamar övladlarından Daniel, Davud övladlarından Xattuş,  3Şekanya nəslindən, Paroş övladlarından, Zəkəriyyə və onunla bir nəsildən qeydə alınan yüz əlli kişi.  4Paxat-Moav övladlarından Zerahya oğlu Elyehoenay və onunla bərabər iki yüz kişi.  5Şekanya övladlarından Yaxazielin oğlu və onunla bərabər üç yüz kişi.  6Adin övladlarından Yonatan oğlu Eved və onunla bərabər əlli kişi.  7Elam övladlarından Atalya oğlu Yeşaya və onunla bərabər yetmiş kişi.  8Şefatya övladlarından Mikael oğlu Zevadya və onunla bərabər səksən kişi.  9Yoav övladlarından Yexiel oğlu Avdiya və onunla bərabər iki yüz on səkkiz kişi.  10Şelomit övladlarından Yosifyanın oğlu və onunla bərabər yüz altmış kişi.  11Bevay övladlarından Bevay oğlu Zəkəriyyə və onunla bərabər iyirmi səkkiz kişi.  12Azqad övladlarından Haqqatan oğlu Yoxanan və onunla bərabər yüz on kişi.  13Adoniqamın Elifelet, Yeiel, Şemaya adlı sonuncu oğulları və onlarla bərabər altmış kişi.  14Biqvay övladlarından Utay, Zakkur və onlarla bərabər yetmiş kişi.

Yerusəlimə qayıdış

15Onları Ahavaya tərəf axan çayın yanına yığdım və üç gün orada qaldıq. Mən orada xalqla kahinləri yoxladım, lakin orada Levi övladlarından heç kimi tapa bilmədim.  16Başçılardan Eliezeri, Arieli, Şemayanı, Elnatanı, Yarivi, Elnatanı, Natanı, Zəkəriyyəni, Meşullamı, savadlılardan Yoyarivi və Elnatanı çağırtdırdım.  17Sonra onları Kasifya deyilən yerdə başçılıq edən İddonun yanına göndərdim. Allahımızın məbədinə xidmət edən adamları bizə gətirmək üçün Kasifya deyilən yerdə İddoya və məbəd qulluqçuları olan qardaşlarına nə deyəcəklərini öyrətdim.  18Allahımızın mərhəmətli əli üzərimizdə olduğuna görə İsrail oğlu Levi oğlu Maxli övladlarından zəkalı bir adam olan Şerevya ilə oğulları və soydaşlarından on səkkiz nəfəri,  19Haşavyanı, onunla bərabər Merari övladlarından Yeşayanı və qardaşları ilə onların övladlarından iyirmi nəfəri,  20Levililərə kömək etmək üçün Davudla başçılarının təyin etdikləri məbəd qulluqçularından iki yüz iyirmi nəfəri bizə gətirdilər. Onların hamısı adbaad qeyd olunmuşdu.  21Allahımızın qarşısında özümüzü aşağı tutub Ondan özümüz, övladlarımız və bütün malımız üçün təhlükəsiz yol diləməkdən ötrü Ahava çayı yanında oruc elan etdim.  22Çünki düşmənə qarşı yolda bizə kömək etmək üçün padşahdan əsgər və atlılar istəməyə utanırdım, həm də padşaha belə söyləmişdik: «Allahımızın əli yaxşılıq etmək üçün Ona etiqad edənlərin üzərindədir. Lakin Ondan dönənlərə Öz gücünü və qəzəbini göstərir».  23Elə buna görə də biz oruc tutub Allahımıza yalvardıq. O bizim duamızı qəbul etdi.  24Kahinlərin rəhbərləri arasından on iki nəfəri – Şerevya, Xaşavya ilə onların on nəfər soydaşını seçdim.  25Padşahın, məsləhətçilərinin, rəislərinin və orada olan bütün İsraillilərin Allahımızın məbədi üçün təqdim etdikləri qızıl və gümüşlə bərabər əşyaları da çəkib onlara verdim.  26Onların əlinə altı yüz əlli talant gümüş, yüz talant gümüş əşya, yüz talant qızıl,  27min dariklik dəyəri olan iyirmi qızıl boşqab və qızıl qədər qiymətli olan parlaq misdən iki gözəl qabı da çəkib verdim.  28Onlara dedim: «Siz Rəbbin müqəddəslərisiniz, bu əşyalar da müqəddəsdir. Bu qızılla gümüş atalarınızın Allahı Rəbbə edilən könüllü təqdimdir.  29Diqqətli olun! Onları kahinlərin rəhbərləri, Levililər və İsrailin nəsil başçıları qarşısında Yerusəlimdəki Rəbbin məbədinin otaqlarında çəkib təhvil verənə qədər qoruyun».  30Kahinlərlə Levililər çəkilmiş qızıl və gümüşlə qabları Yerusəlimə, Allahımızın məbədinə aparmaq üçün götürdülər.  31Yerusəlimə getmək üçün Ahava çayı sahilindən birinci ayın on ikinci günü köçdük. Allahımızın əli üzərimizdə idi və bizi düşmənin əlindən, yolumuzdakı pusqulardan qurtardı.  32Biz Yerusəlimə çatıb orada üç gün qaldıq.  33Dördüncü gün isə Allahımızın məbədində qızıl-gümüş əşyaları çəkib kahin Uriyanın oğlu Meremotun əlinə verdik. Pinxas oğlu Eleazar, habelə Levililərdən olan Yeşua oğlu Yozavad və Binnuy oğlu Noadya da onunla idi.  34Əşyaların hamısı sayla, çəki ilə təhvil veriləndə bütün çəki miqdarı yazıldı.  35Bütün İsrail üçün sürgündən qayıdanlar İsrailin Allahına yandırma qurbanı olaraq on iki buğa, doxsan altı qoç, yetmiş yeddi quzu və günah qurbanı olaraq on iki təkə təqdim etdilər. Bunların hamısı Rəbbə təqdim edilən yandırma qurbanları idi.  36Sonra onlar padşahın əmrlərini padşahın canişinlərinə və Fərat çayının qərb tərəfindəki valilərinə verdilər. Onlar da xalqa və Allahın evinə kömək etdilər.

YUXARI

Ezra 9

Ezranın tövbə duası

1Bu işlər qurtarandan sonra rəhbərlər mənə yaxınlaşıb dedilər: «Kahinlərlə Levililər daxil olmaqla İsrail xalqı ətraflarındakı xalqların – Kənanlıların, Xetlilərin, Perizlilərin, Yevusluların, Ammonluların, Moavlıların, Misirlilərin, Emorluların iyrənc adətlərinə uyub özlərini onlardan fərqləndirməyiblər.  2Belə ki onlar özlərinə və oğullarına ətraflarındakı xalqların qızlarından alıblar. Bununla müqəddəs xalq başqa xalqlarla qarışıb. Rəhbərlərlə məmurlar bu xəyanətə ilk yol açmışlar».  3Mən bu sözü eşidəndə paltarımla cübbəmi cırıb saç-saqqalımı yolaraq çarəsiz oturdum.  4Sürgündən qayıdanların bu xəyanətinə görə İsrail Allahının sözlərindən lərzəyə gələnlərin hamısı yanıma yığıldı. Mən axşam qurbanı təqdim edilənə qədər çaşqın-çaşqın oturdum.  5Axşam qurbanı vaxtı pərişan halda ayağa qalxdım. Paltarım və cübbəm cırıq idi. Dizüstə oturub əllərimi Allahım Rəbbə açıb  6belə dua etdim: «Ey Allahım, utanıram! Üzümü Sənə – Allahıma qaldırmağa xəcalət çəkirəm, çünki təqsirlərimiz başımızdan aşıb, günahlarımız böyüyərək göylərə çatıb.  7Atalarımızın dövründən bu günə qədər böyük günah içindəyik. Ona görə də hər zaman bugünkü kimi biz, padşahlarımız, kahinlərimiz təqsirlərimiz üzündən yadelli padşahlara təslim edilib qılınca, əsirliyə, talana, rüsvayçılığa düçar olduq.  8İndi isə bizə Allahımız Rəbb tərəfindən ani olaraq mərhəmət göstərildi. Əsirlikdən qurtulub sağ qalan bir neçə adamı Allahımız bizim üçün saxladı. Müqəddəs məkanında bizə möhkəm bir yer verdi ki, gözümüzə nur versin, bizi köləlikdən qurtarıb bir az həyata qovuşdursun.  9Axı biz köləyik, lakin Allahımız bizi köləlikdə qoymadı. Bizi Allahımızın məbədini bərpa etmək, onun xarabalıqlarını abad etmək üçün Yəhuda ilə Yerusəlimdə özümüzə divar çəkməyə ruhlandırdı. Ona görə də Fars padşahlarının gözündə bizə qarşı lütf yaratdı.  10Ey Allahımız, daha nə deyə bilərik? Çünki Sənin əmrlərini tərk etmişdik.  11Sən əmrlərini qulların peyğəmbərlər vasitəsilə verib dedin: “Mülk olaraq almaq üçün getdiyiniz ölkə öz əhalisinin pozğunluğu ilə, oranı başdan-başa dolduran iyrənc adətləri və murdarlıqları ilə çirkaba batan ölkədir.  12 Buna görə də nə qızlarınızı onların oğullarına verin, nə də qızlarından oğullarınıza alın. Əgər qüvvətli olmaq, bu torpağın nemətlərini yemək istəyirsinizsə, heç vaxt onların salamatlığı və firavanlığı üçün çalışmayın. Onda bu torpağı övladlarınıza irs olaraq əbədi saxlayarsınız”.  13Hər şey pis işlərimizdən və böyük günahlarımızdan ötrü başımıza gəldi, lakin, ey Allahımız, Sən bizi təqsirlərimizin layiq olduğundan az cəzalandırdın. Əsirlikdən qurtulub sağ qalan bir neçə adamı – bunları bizə verdin.  14Bundan sonra yenə əmrlərinimi pozaq? Belə iyrənc işlər görən xalqlarla qohummu olaq? Biz qurtarana, sağ qalıb qurtula bilməyənə qədər bizə qəzəblənməyəcəksənmi?  15Ey İsrailin Allahı Rəbb, Sən adilsən! Bugünkü kimi biz kiçik bir dəstə halında sağ qalmışıq. Budur, Sənin qarşında günah içindəyik və buna görə heç birimiz Sənin qarşında dayana bilmirik».

YUXARI

Ezra 10

Yadellilərlə nikahın pozulması

1Ezra Allah evinin qarşısında ağlayıb yerə sərilərək dua və etiraf edərkən İsraillilərdən çox böyük bir camaat – kişilər, qadınlar və uşaqlar onun yanına yığıldı. Xalq da acı-acı ağlayırdı.  2Elam övladlarından Yexiel oğlu Şekanya Ezraya müraciət edib dedi: «Biz Allahımıza xəyanət edərək ətrafımızdakı xalqlardan yadelli arvadlar aldıq. Buna baxmayaraq, hələ də İsraillilərin ümidi var.  3Ağamızın və Allahımızın əmri üzərində əsənlərin məsləhətinə görə bütün belə arvadları və onlardan doğulanları ataq. Gəlin bunun üçün indi Allahımızla əhd bağlayaq. Qoy bu Qanuna görə edilsin.  4Qalx, çünki bu işin məsuliyyətini daşıyan sənsən və biz də səninləyik. Ürəkli ol, işə başla!»  5Ezra ayağa qalxdı. Kahinlərin rəhbərlərinə, Levililərə və digər İsraillilərə bu sözü yerinə yetirmələri üçün and içdirdi. Onlar da and içdilər.  6Ezra Allah evinin qarşısından ayrılıb Elyaşivin oğlu Yehoxananın otağına girdi. Gecəni orada keçirib nə çörək yedi, nə də su içdi, çünki sürgündən qayıdanların bu xəyanətinə görə yas tuturdu.  7Yəhudada və Yerusəlimdə sürgündən qayıdanların hamısına elan etdilər ki, Yerusəlimə yığılsınlar.  8Başçıların və ağsaqqalların məsləhətinə görə üç gün ərzində buraya gəlməyən hər adamın bütün əmlakı müsadirə ediləcək və özü də sürgündən qayıdan camaatın içərisindən çıxarılacaq.  9Yəhudanın və Binyaminin bütün adamları üç gün ərzində Yerusəlimə yığıldı. Bu doqquzuncu ayın iyirmisində oldu. Bütün xalq bu hadisədən, həm də yağışdan ötrü əsə-əsə Allah evinin qarşısında, meydanda oturdu.  10Kahin Ezra ayağa qalxıb onlara dedi: «Siz xəyanət etmisiniz. İsrailin günahını daha da artıraraq yadelli arvadlar almısınız.  11İndi atalarınızın Allahı Rəbbə öz günahlarınızı etiraf edin və Onun iradəsini yerinə yetirin. Ətrafınızdakı xalqlardan, yadelli arvadlardan ayrılın».  12Bütün camaat bərkdən cavab verib dedi: «Bəli, haqlısan, sənin sözlərinə əməl etmək bizim borcumuzdur.  13Amma yağış vaxtıdır, bayırda dayanmağa taqətimiz yoxdur, xalq isə çoxdur. Bu iş bir-iki günün işi deyil. Çünki belə əməllə günahımızı artırmışıq.  14Qoy bütün xalqı rəhbərlərimiz təmsil etsin. Bu işə görə Allahımızın coşan qəzəbi soyuyanadək şəhərlərimizdəki hər yadelli arvad alan şəxs şəhər ağsaqqalları və hakimlərlə bərabər təyin olunacaq vaxtda buraya gəlsin».  15Buna qarşı yalnız Asahel oğlu Yonatan və Tiqva oğlu Yaxzeya çıxdı. Meşullamla Levili Şabbetay da onlara kömək etdi.  16Sürgündən qayıdanlar bu sözə əməl etdi. Kahin Ezra hər nəsildən nəsil başçısını seçib hamısının adını bəyan etdi. Onuncu ayın birində isə oturub bu işi araşdırmağa başladılar.  17Onlar birinci ayın birinci gününə qədər yadelli arvad alanların hamısı barədə lazımi qərar çıxartdılar.  18Kahin övladları arasında yadelli arvad alanlardan bunlar tapıldı: Yosadaqın oğlu Yeşua övladlarından və qardaşlarından Maaseya Eliezer, Yariv və Gedalya.  19Onlar da arvadlarını boşayacaqlarına dair əlbir oldu və öz təqsirlərinə görə təqsir qurbanı olaraq bir qoç təqdim etdi.  20İmmer övladlarından Xanani və Zevadya,  21Xarim övladlarından Maaseya, Eliya, Şemaya, Yexiel, Uzziya,  22Paşxur övladlarından Elyoenay, Maaseya, İsmail, Netanel, Yozavad və Elasa;  23Levililərdən: Yozavad, Şimey, Qelaya, yəni Qelita, Petahya, Yəhuda və Eliezer;  24İlahiçilərdən: Elyaşiv, məbəd qapıçılarından Şallum, Telem və Uri;  25Digər İsraillilərdən – Paroş övladlarından Ramya, İzziya, Malkiya, Miyamin, Eleazar, Malkiya və Benaya;  26Elam övladlarından Mattanya, Zəkəriyyə, Yexiel, Avdi, Yeremot və Eliya;  27Zattu övladlarından Elyoenay, Elyaşiv, Mattanya, Yeremot, Zavad və Aziza;  28Bevay övladlarından Yehoxanan, Xananya, Zabbay, Atlay;  29Bani övladlarından Meşullam, Malluk, Adaya, Yaşuv, Şeal, Yeremot;  30Paxat-Moav övladlarından Adna, Kelal, Benaya, Maaseya, Mattanya, Besalel, Binnuy və Menaşşe;  31Xarim övladlarından Eliezer, İşşiya, Malkiya, Şemaya və Şimeon,  32Binyamin, Malluk, Şemarya;  33Xaşum övladlarından Mattenay, Mattata, Zavad, Elifelet, Yeremay, Menaşşe, Şimey;  34Bani övladlarından Maaday, Amram, Uel,  35Benaya, Bedeya, Keluhi,  36Vanya, Meremot, Elyaşiv,  37Mattanya, Mattenay, Yaasay,  38Bani, Binnuy, Şimey,  39Şelemya, Natan, Adaya,  40Maknadvay, Şaşay, Şaray,  41Azarel, Şelemya, Şemarya,  42Şallum, Amarya, Yusif;  43Nevo övladlarından Yeiel, Mattitya, Zavad, Zevina, Yadday, Yoel və Benaya.  44Bu adamların hamısı yadelli arvad almışdı və bəzilərinin bu arvadlardan uşaqları da var idi.

YUXARI

2 Salnamələr

Fəsillər

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 2122232425262728293031 32 33343536

 

{attachments}

2 Salnamələr 1

Süleyman Allahdan hikmət istəyir

(1Pad. 3:1-15)

1Davud oğlu Süleyman öz padşahlığını möhkəmləndirdi, Allahı Rəbb onunla idi və onu çox yüksəltdi.  2Süleyman bütün İsrailliləri, minbaşıları, yüzbaşıları, hakimləri, bütün İsraildə hər bir rəhbəri və nəsil başçılarını çağırdı.  3Süleyman və onunla bərabər bütün camaat Giveonda olan səcdəgaha getdi, çünki Rəbbin qulu Musanın çöldə qurduğu Allahın Hüzur çadırı orada idi.  4 Ancaq Davud Allahın sandığını Qiryat-Yearimdən onun üçün hazırladığı yerə gətirmişdi, çünki Davud onun üçün Yerusəlimdə bir çadır qurmuşdu.  5 Xur oğlu Uri oğlu Besalelin düzəltdiyi tunc qurbangah Giveonda, Rəbbin məskəni önündə idi və Süleymanla camaat oraya Rəbdən söz soruşmağa getdi.  6Süleyman oraya – Rəbbin önündə, Hüzur çadırının qarşısındakı tunc qurbangaha qalxdı və onun üzərində min baş yandırma qurbanı təqdim etdi.  7Həmin gecə Allah Süleymana görünüb ona dedi: «Nə istəyirsən, sənə verim?»  8Süleyman Allaha dedi: «Sən atam Davuda böyük xeyirxahlıq göstərdin və onun yerinə məni padşah etdin.  9 İndi, ya Rəbb Allah, atam Davuda olan vədin yerinə yetsin, çünki Sən məni yerin tozu qədər çox olan bir xalq üzərində padşah etdin.  10İndi mənə hikmət və bilik ver ki, bu xalqa nə edib-etməyəcəyimi bilim, çünki bu qədər böyük olan bu xalqına kim hökm edə bilər?»  11Allah Süleymana dedi: «İndi ki ürəyində bu istək var və sən var-dövlət, əmlak, izzət, hətta sənə nifrət edənlərin canını və özünə uzun ömür istəmədin, ancaq səni üzərində padşah etdiyim xalqıma hökm edəsən deyə özün üçün hikmət və bilik istədin,  12Mən sənə nəinki hikmət və bilik, həm də var-dövlət, əmlak və izzət verəcəyəm ki, nə səndən əvvəl olan padşahlarda olub, nə də səndən sonrakılarda olacaq».  13Süleyman Giveonda olan səcdəgahdan, Hüzur çadırının önündən Yerusəlimə gəldi və İsrail üzərində padşahlıq etdi.

Süleymanın var-dövləti

(1Pad. 10:26-29)

14 Süleyman döyüş arabaları ilə süvarilər topladı. Onun min dörd yüz döyüş arabası və on iki min süvarisi var idi. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi.  15 Padşah Yerusəlimdə çoxluğuna görə qızıl və gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən firon ənciri ağacına bərabər etdi.  16 Süleymanın atları Misirdən və Quvedən gətirilirdi, padşahın tacirləri onları Quvedən satın alırdı.  17Hər bir döyüş arabası altı yüz şekel, hər bir at isə yüz əlli şekel gümüşə başa gəlib Misirdən gətirilirdi. Bütün Xet və Aram padşahları da bunları Süleymanın tacirlərinin vasitəsilə alırdı.

YUXARI

2 Salnamələr 2

Məbədin tikilməsinə hazırlıq

(1Pad. 5:1-18)

1Süleyman Rəbbin adına bir məbəd və özü üçün bir saray tikməyi niyyət etdi.  2Süleyman yük daşıyan yetmiş min nəfər, dağlarda daş yonan səksən min nəfər, onların üzərində nəzarətçi olan üç min altı yüz adam sayıb ayırdı.  3Süleyman Sur padşahı Xirama xəbər göndərib dedi: «Yaşamaq üçün özünə saray tiksin deyə atam Davuda sidr ağacları göndərdiyin kimi mənə də göndər.  4Mən Allahım Rəbbə təqdis etmək üçün Onun adına bir məbəd tikirəm ki, Onun önündə xoş ətirli buxur yandırmaq üçün, daimi təqdis çörəkləri üçün, səhər-axşam, Şənbə günlərində, Təzə Ay mərasimlərində və Allahımız Rəbbin bayramlarında yandırma qurbanları üçün olsun. Bunlar İsrail üçün əbədi qaydadır.  5Tikəcəyim məbəd böyükdür, çünki Allahımız bütün allahlardan böyükdür.  6 Kim Ona ev tikməyə qadirdir? O, göyə və göylərin göyünə sığmaz və mən kiməm ki, Ona bir ev tikəm? Onun önündə yalnız buxur yandırmaq üçün bir yer tikə bilərəm.  7Atam Davudun hazırladığı, Yəhudada və Yerusəlimdə mənim yanımda olan ustalarla birgə işləmək üçün mənə bir adam göndər ki, qızıl, gümüş, tunc, dəmir işlərini, tünd qırmızı, al rəngli və bənövşəyi parça işlərini bacarsın, hər cür oyma işi görsün.  8Livandan mənə sidr, şam və ardıc ağacları göndər, çünki bilirəm ki, sənin adamların Livanda ağac kəsməyi bacarır.  9İndi mənə bol taxta-şalban hazırlasınlar deyə mənim adamlarım sənin adamlarınla birgə olacaq. Çünki tikəcəyim məbəd böyük və möcüzəli bir şey olacaq.  10Mən isə sənin adamlarına – ağac kəsənlərə iyirmi min kor döyülmüş buğda, iyirmi min kor arpa, iyirmi min bat şərab və iyirmi min bat zeytun yağı verirəm».  11Sur padşahı Xiram göndərdiyi məktubla Süleymana cavab verdi: «Rəbb xalqını sevdiyi üçün səni onların üzərində padşah etdi».  12Xiram belə davam etdi: «Göyü və yeri yaradan İsrailin Allahı Rəbbə alqış olsun ki, padşah Davuda Rəbb üçün bir məbəd və özü üçün bir padşah sarayı tikən bacarıqlı, dərrakəli və müdrik oğul verib.  13Bacarıqlı və həssas olan Xiram-Avini yanına göndərdim ki, sənin ustalarınla və atanın – ağam Davudun ustaları ilə birgə ona da iş tapşırılsın.  14O, Danlı bir qadının oğludur, atası isə Surlu idi. Bu adam qızıl, gümüş, tunc, dəmir, daş, ağac işlərini, tünd qırmızı, bənövşəyi, al rəngli parça və incə kətan işlərini bacarır, hər cür oyma işini və ona tapşırılan hər naxışı çəkə bilir.  15Ağamın söylədiyi buğdanı və arpanı, zeytun yağını və şərabı qullarına göndər.  16Biz isə sənə lazım olduğu qədər Livandan ağac kəsərik, onu sallarla dəniz yolu ilə sənin yanına Yafoya gətirərik və sən də onu Yerusəlimə çıxararsan».  17Atası Davud İsrail torpağında olan bütün qəribləri siyahıya aldıqdan sonra Süleyman onları bir də saydı. Qəriblər yüz əlli üç min altı yüz nəfər idi.  18Onlardan yetmiş min nəfəri yük daşımağa, səksən min nəfəri dağlarda daş yonmağa qoydu. Üç min altı yüz adamı da xalqı işlətmək üçün nəzarətçi qoydu.

YUXARI

2 Salnamələr 3

Məbədin tikilməsi

(1Pad. 6:1-38)

1Süleyman Yerusəlimdə atası Davuda Rəbbin göründüyü Moriya dağında, Yevuslu Ornanın xırmanında Davudun hazırladığı yerdə Rəbbin məbədini tikməyə başladı.  2Onu padşahlığının dördüncü ilində, ikinci ayın ikinci günündə tikməyə başladı.  3Allahın məbədinin tikilməsi üçün Süleymanın qoyduğu bünövrələr bunlardır: bünövrələrin uzunluğu köhnə ölçüyə görə altmış qulac və eni iyirmi qulac idi.  4Məbədin önündəki eyvanın uzunluğu məbədin eninə görə iyirmi qulac və hündürlüyü yüz iyirmi qulac idi. Onu içəridən xalis qızılla örtdü.  5Böyük otağa şam ağacı ilə örtük vurub onu xalis qızılla örtdü, onun üstünə xurma ağacları və zəncir təsvirləri həkk etdi.  6Əzəmətli olsun deyə evi qiymətli daşlarla bəzədi. Qızıl Parvayim qızılı idi.  7Məbədi və onun dirəklərini, astanalarını, divarlarını və qapılarını qızılla örtdü, divarlarda keruvların təsvirini oydu.  8 Süleyman Ən Müqəddəs yeri də tikdi. Onun uzunluğu məbədin eninə görə iyirmi qulac və eni iyirmi qulac idi. Onu altı yüz talant xalis qızılla örtdü.  9Qızıl mismarların ağırlığı əlli şekel idi. Yuxarı otaqları da qızılla örtdü.  10 Ən Müqəddəs yerdə heykəltəraş işi olan iki keruv düzəltdi və onları qızılla örtdü.  11Keruvların qanadları iyirmi qulac uzunluğunda idi. Bir keruvun qanadı beş qulac idi və evin divarına dəyirdi. O biri qanadı da beş qulac idi və o biri keruvun qanadına dəyirdi.  12O biri keruvun da qanadı beş qulac idi və evin divarına dəyirdi. O biri qanadı da beş qulac idi və o biri keruvun qanadına birləşmişdi.  13Bu keruvların qanadları iyirmi qulac uzanırdı. Keruvlar ayaq üstə durmuşdu və üzləri böyük otağa doğru çevrilmişdi.  14 O, bənövşəyi, tünd qırmızı, al rəngli parça və incə kətandan pərdə tikdi, üzərində keruvlar işlədi.

Məbəd üçün qızıldan və tuncdan olan əşyalar

(1Pad. 7:15-51)

15Süleyman məbədin önündə otuz beş qulac hündürlüyündə iki sütun düzəltdi və hər bir sütunun üstündəki başlıq beş qulac idi.  16İç otaqda zəncirlər düzəltdi və onları sütunların üstünə qoydu, yüz nar düzəltdi və onları zəncirlərin üzərinə qoydu.  17O, sütunları məbədin önünə – birini sağa və o birini sola qoydu. Sağda olanı Yakin, solda olanı isə Boaz adlandırdı.

YUXARI

2 Salnamələr 4

1 Süleyman tuncdan bir qurbangah tikdi. Onun uzunluğu və eni iyirmi qulac, hündürlüyü isə on qulac idi.  2O, tökülmüş dairəvi bir hovuz düzəltdi. Onun hündürlüyü beş qulac idi, bir kənarından digər kənarına qədər on qulac idi və otuz qulaclıq bir ip onun ətrafına dolanmışdı.  3Altının hər tərəfindən onu buğa təsvirləri əhatə edirdi. Hər qulacda on buğa vardı. Buğalar iki cərgə idi və onlar hovuzla birgə tökülmüşdü.  4Hovuz on iki tökmə buğanın üstündə dururdu: üçü şimala, üçü qərbə, üçü cənuba, üçü də şərqə baxırdı. Hovuz yuxarıda – onların üzərində idi və buğaların bütün sağrıları içəriyə doğru idi.  5Hovuzun qalınlığı bir ovuc idi. Onun kənarı kasa kənarı kimi düzəldilmişdi və açılan zanbağa bənzəyirdi. O, üç min bat su tuturdu.  6 Süleyman on ləyən düzəltdi, onlarda yuyunmaq üçün beşini sağa, beşini sola qoydu. Yandırma qurbanı olacaq şeyləri onların içində yuyardılar. Ancaq hovuz kahinlərin yuyunması üçün idi.  7 O, təsvirinə görə on qızıl çıraqdan düzəltdi, beşi sağda və beşi solda olmaqla onları məbədə qoydu.  8 On masa düzəltdi, beşi sağda və beşi solda olmaqla onları məbədə qoydu. Qızıldan yüz piyalə də düzəltdi.  9Kahinlər həyətini, böyük həyəti, həyətin qapılarını düzəltdi və onların qapılarını tuncla örtdü.  10Hovuzu məbədin sağında, cənub-şərq küncündə yerləşdirdi.  11Xiram həmçinin qazanlar, kürəklər, piyalələr düzəltdi. Xiram Allahın məbədi üçün padşah Süleymanın əmri ilə bütün bu işləri görüb qurtardı:  12iki sütun; sütunların üstündə iki dəyirmi başlıq; sütunların üstündəki başlıqları örtmək üçün iki hörmə tor;  13sütunların üstündə olan dəyirmi başlıqları örtən hər hörmə torun üzərində iki cərgədə dörd yüz nar;  14dayaqlar; dayaqların üzərində on ləyən;  15bir hovuz; onun altında on iki tökmə buğa;  16qazanlar, kürəklər və piyalələr. Bütün bu əşyaları Xiram-Avi Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə cilalanmış tuncdan tökmüşdü.  17Padşah bunları İordan çayının kənarındakı düzənlikdə, Sukkot ilə Seredata arasındakı gil torpaqlarda tökmüşdü.  18Süleyman bu əşyaların hamısından lap çox düzəltdi və onlara işlədilən tuncun çəkisini müəyyən etmədi.  19Süleyman Allahın məbədindəki bütün əşyaları düzəltdi: qızıl qurbangah; təqdis çörəkləri qoyulan masalar;  20qaydaya görə iç otağın önündə yandırmaq üçün xalis qızıldan çıraqdanlar və onların çıraqları;  21xalis qızıldan güllər, çıraqlar və maşalar;  22xalis qızıldan maqqaşlar, piyalələr, nimçələr və buxurdanlar; məbədin qızıl qapıları, yəni Ən Müqəddəs yerə açılan içəri qapı tayları və məbədin böyük otağının qapı tayları.

YUXARI

2 Salnamələr 5

1 Rəbbin məbədi üçün Süleymanın gördüyü bütün işlər qurtardı. Atası Davudun təqdis etdiyi qızıl-gümüşü və əşyaları Süleyman içəri gətirib Allahın məbədinin xəzinələrinə qoydu.

Əhd sandığının məbədə gətirilməsi

(1Pad. 8:1-9)

2 O zaman padşah Süleyman İsrailin ağsaqqallarını, bütün qəbilə başçılarını, yəni İsrail övladlarının nəsil rəhbərlərini Yerusəlimə, özünün yanına topladı ki, Rəbbin Əhd sandığını Davudun şəhəri olan Siondan yuxarı gətirsinlər.  3Yeddinci ayda olan bayram vaxtı bütün İsrail xalqı padşahın yanına toplandı.  4Bütün İsrail ağsaqqalları gələndə Levililər sandığı götürdü.  5Onunla birgə Hüzur çadırını və çadırda olan bütün müqəddəs əşyaları Levili kahinlər yuxarı gətirdi.  6Padşah Süleyman və onun yanına toplanmış bütün İsrail icması sandığın önündə çoxluğuna görə sayı-hesabı bilinməyən qoyun-keçi və mal-qara qurban kəsirdi.  7Kahinlər Rəbbin Əhd sandığını öz yerinə, məbədin iç otağına – Ən Müqəddəs yerə, keruvların qanadları altındakı yerinə gətirdi.  8Keruvlar qanadlarını sandığın yeri üzərində açmışdı, onlar sandığı və onun şüvüllərini örtmüşdü.  9Şüvüllər elə uzun idi ki, onların ucu iç otağın önündəki Müqəddəs yerdən görünürdü, ancaq bayır tərəfdən görünmürdü. Onlar bu günə qədər oradadır.  10 İsrail övladları Misirdən çıxdıqları zaman Rəbbin onlarla əhd bağladığı Xorevdə Musa sandığın içinə iki lövhə qoymuşdu. Bunlardan başqa onun içində heç bir şey yox idi.  11Kahinlər Müqəddəs yerdən çıxdılar. Hazır olan kahinlərin hamısı bölmələrini gözləmədən özlərini təqdis etmişdi.  12İlahi oxuyan Levililərin hamısı da – Asəf, Heman, Yedutun və onların oğulları ilə qohumları incə kətan geyərək sinclər, çənglər və liralarla qurbangahın şərq tərəfində dayandılar və onlarla bərabər yüz iyirmi kahin kərənay çalırdı.  13 Kərənay çalanlar və ilahiçilər bir səslə Rəbbə həmd və şükür etməklə səslərini birgə ucaltdılar. Kərənayların, sinclərin, musiqi alətlərinin səsi yüksələndə onlar dedi: «Rəbbə həmd edin, çünki yaxşıdır, çünki məhəbbəti əbədidir». O vaxt bulud Rəbbin məbədini elə doldurdu ki,  14o buluda görə kahinlər ibadət etmək üçün orada dayana bilmədilər, çünki Rəbbin izzəti Allahın məbədini doldurmuşdu.

YUXARI

2 Salnamələr 6

1O zaman Süleyman dedi: «Rəbb istədi ki, qatı qaranlıqda məskən salsın.  2Mən Sənin üçün uca bir məbəd tikdim ki, Sənin əbədi yaşayacağın yer olsun».

Süleymanın xalqa müraciəti

(1Pad. 8:12-21)

3Padşah dönüb bütün İsrail camaatına xeyir-dua verdi. Bu zaman bütün İsrail camaatı ayaq üstə durmuşdu.  4 Padşah dedi: «İsrailin Allahı Rəbbə alqış olsun ki, atam Davuda Öz ağzı ilə dediyini Öz əli ilə yerinə yetirdi. O söyləmişdi:  5“Mən xalqımı Misir torpağından çıxartdığım gündən bəri bir məbəd tikmək üçün İsrailin heç bir qəbiləsindən şəhər seçməmişdim ki, adım üstündə olsun. Xalqım İsrail üzərində hökmdar olmaq üçün bir adam da seçməmişdim.  6İndi isə adım orada olsun deyə Yerusəlimi seçmişəm və xalqım İsrail üzərində hökmdar olmaq üçün Davudu seçmişəm”.  7Atam Davudun ürəyində İsrailin Allahı Rəbbin adına bir məbəd tikmək istəyi var idi.  8Lakin Rəbb atam Davuda dedi: “Sən yaxşı eləmisən ki, Mənim adıma bir məbəd tikmək niyyətinə düşmüsən.  9Ancaq məbədi sən tikməyəcəksən, sənin belindən gələn oğlun Mənim adıma məbəd tikəcək”.  10Rəbb vəd etdiyini yerinə yetirdi: belə ki mən atam Davudun yerinə qalxdım, Rəbbin dediyi kimi İsrail taxtında oturdum və İsrailin Allahı Rəbbin adına məbəd tikdim.  11Sandığı oraya qoydum. Rəbbin İsrail övladları ilə bağladığı əhd onun içindədir».

Süleymanın duası

(1Pad. 8:22-53)

12Süleyman Rəbbin qurbangahı önündə, bütün İsrail camaatının qarşısında durub əllərini göyə açdı.  13O, tuncdan uzunluğu ilə eni beş qulac, hündürlüyü isə üç qulac olan bir kürsü düzəldib həyətin ortasına qoymuşdu və indi onun üstündə dururdu. Bütün İsrail camaatı önündə diz çöküb əllərini göyə açdı.  14Süleyman dedi: «Ya Rəbb, İsrailin Allahı! Nə göydə, nə də yerdə Sənin kimi Allah yoxdur. Sən bütün ürəkləri ilə yolunla gedən qullarına əhdini və lütfünü saxlayırsan.  15Sən qulun atam Davuda verdiyin vədə əməl etdin, Öz dilinlə söylədiyini bu gün Öz əlinlə yerinə yetirdin.  16 Ya Rəbb İsrailin Allahı, indi də qulun atam Davuda dediyin sözə əməl et. Özün söyləmişdin: “Sən yolumla getdiyin kimi oğulların da qanunuma görə əməl edərək öz yollarına diqqət edərlərsə, İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq”.  17Ey İsrailin Allahı Rəbb, indi qulun atam Davuda dediyin sözü təsdiq et!  18 Lakin, doğrudan da, Allah yerdə, insanların yanında yaşayarmı? Sən göyə və göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim məbədə!  19Ancaq Sən bu qulunun duasına və yalvarışına nəzər sal, ya Rəbb Allahım, bu gün onun önündə etdiyi fəryadı və duanı eşit.  20 Qoy Sənin nəzərin gecə-gündüz bu məbədin üstündə olsun. Bu yer barədə Sən demisən ki, adını orada qoyursan. Qulunun buraya üz tutub etdiyi duanı eşit.  21Bu yerə tərəf dua etdikləri vaxt Öz qulunun və xalqın İsrailin yalvarışlarını Sən eşit, göydən – Öz məskənindən eşit və bağışla!  22Əgər bir adam öz yaxınına qarşı günah edərsə və ondan and içmək tələb olunarsa, o da gəlib bu məbəddə, Sənin qurbangahın önündə and içərsə,  23o vaxt Sən göydən eşit və belə et, qulların üzərində hökm et: əməlini öz başına döndərərək müqəssiri ittiham et və təqsirsizə salehliyinə görə bəraət ver.  24Əgər xalqın İsrail Sənə qarşı günah etdiyi üçün düşmən önündə məğlub olsa və onlar təkrar Sənə dönüb adını dillərinə gətirsələr və bu məbəddə Sənə yalvarıb fəryad etsələr,  25o vaxt Sən göydən eşit və xalqın İsrailin günahını bağışla, onları yenə özlərinə və atalarına verdiyin torpağa qaytar.  26Əgər xalqın Sənin önündə günah etdiyi üçün göy bağlanıb yağış yağmayan vaxt bu yerə tərəf dua edərək adını dillərinə gətirsələr və Sən onlara bəla göndərdiyin vaxt öz günahlarından dönsələr,  27o vaxt Sən göydə eşit, qullarının və xalqın İsrailin günahını bağışla və gedəcəkləri doğru yolu onlara göstər. Xalqına irs kimi verdiyin torpağına da yağış göndər.  28Əgər ölkədə aclıq, vəba olarsa, səmum küləyi ya kif, çəyirtkə ya bitki qurdu olarsa, əgər düşmən onları ölkənin hər hansı bir şəhərində mühasirəyə alarsa – hansı bəla, hansı xəstəlik olursa-olsun –  29kimsə tərəfindən yaxud da bütün xalqın İsrail tərəfindən bir dua və yalvarış olarsa, hər kəs öz bəlasını və dərdini bilib bu məbədə tərəf əllərini açsa,  30o vaxt Sən göydən – Öz məskənindən eşit və bağışla. Ürəyini bildiyin hər adama bütün əməllərinə görə əvəz ver, çünki insan ürəklərini yalnız Sən bilirsən.  31Ta ki onlar atalarımıza verdiyin torpaqda yaşadıqları bütün günlər boyu Sənin yolunla getmək üçün Səndən qorxsun.  32Əgər xalqın İsraildən olmayan yadelli də uzaq ölkədən gəlsə, Sənin böyük adın, qüdrətli əlin və uzanan qolun barədə eşidib bu məbədə tərəf dua etsə,  33o vaxt Sən göydən – Öz məskənindən eşit və yadellinin Sənə fəryad etdiyi hər şeyi et ki, yer üzünün bütün xalqları da Sənin adını tanısın, xalqın İsrail kimi Səndən qorxsun və tikdiyim bu məbədin Sənin adınla çağırıldığını bilsin.  34Əgər xalqın göndərdiyin yolla düşmənlərinə qarşı müharibəyə çıxsa və Sənin seçdiyin bu şəhərə tərəf, Sənin adına tikdiyim məbədə doğru üz çevirib Sənə dua etsə,  35Sən göydən onların dualarını və yalvarışlarını eşit, onların tərəfində ol.  36Əgər onlar önündə günah etsələr – çünki günah etməyən insan yoxdur – Sən qəzəblənib onları düşmənə təslim etsən və düşmən onları əsir edib yaxın ya uzaq torpağına aparsa,  37onlar əsirlikdə olduqları ölkədə ürəklərini döndərib tövbə etsələr və Sənə dua edərək “biz günah və haqsızlıq etdik, pislik etdik” desələr,  38onların əsir olunub aparıldığı ölkədə bütün ürəkləri və canları ilə Sənə tərəf dönsələr, atalarına verdiyin torpağa, seçdiyin şəhərə və adına tikdiyim məbədə tərəf üz tutub Sənə dua etsələr,  39o vaxt Sən göydən – Öz məskənindən onların dua və yalvarışlarını eşit və onların tərəfində ol. Sənin önündə günah edən xalqını bağışla.  40İndi, ey Allahım, Sənə yalvarıram, bu yerdə edilən duanı gözlərin görsün və qulaqların eşitsin.  41Ya Rəbb Allah, qüvvənin rəmzi olan sandığınla birgə,

Gücün rəmzi olan sandığınla birgə

İstirahət edəcəyin yerə qalx.

Ya Rəbb Allah, kahinlərin zəfərinlə əhatə olunsun,

Möminlərin xeyirxahlığına görə sevinsin.

42Ya Rəbb Allah, məsh etdiyindən üz döndərmə,

Qulun Davuda göstərdiyin məhəbbətini yada sal».

YUXARI

2 Salnamələr 7

Məbədin təqdis edilməsi

(1Pad. 8:62-66)

1Süleyman duanı bitirdikdə göydən od düşüb yandırma qurbanları və təqdimləri uddu. Rəbbin izzəti məbədi doldurdu.  2Kahinlər Rəbbin məbədinə girə bilmədi, çünki Rəbbin izzəti Öz məbədini doldurmuşdu.  3 Bütün İsrail övladları odun düşdüyünü və məbədin üzərində olan Rəbbin izzətini görəndə daş döşəmənin üstündə üzüstə yerə çöküb «Rəbbə şükür olsun, çünki O yaxşıdır, Onun məhəbbəti əbədidir» deyərək səcdə etdilər.  4Padşah və bütün xalq Rəbbin önündə qurbanlar kəsdi.  5Padşah Süleyman qurban olaraq iyirmi iki min baş mal-qara və yüz iyirmi min baş qoyun-keçi təqdim etdi. Beləliklə, padşah və bütün xalq Allahın məbədini təqdis etdi.  6Kahinlər öz vəzifələrinə görə dayandı, Levililər isə Rəbbin musiqi alətləri ilə durdu. Padşah Davud bunları düzəltmişdi ki, o, «Rəbbə şükür olsun, çünki məhəbbəti əbədidir» oxuyaraq həmd edəndə Levililər onlarda çalsın. Kahinlər onların qarşısında kərənaylar çalırdı və bütün İsraillilər ayaq üstə dayanmışdı.  7Süleyman Rəbbin məbədi önündəki həyətin ortasını təqdis etdi ki, yandırma qurbanları və ünsiyyət qurbanlarının piyini orada təqdim etsin. Çünki düzəltdiyi tunc qurbangah kiçik olduğu üçün yandırma qurbanları, taxıl təqdimləri və piy oraya yerləşməzdi.  8O vaxt Süleyman və onunla birgə çox böyük bir camaat – Xamat keçidindən Misir vadisinə qədər yaşayan bütün İsraillilər yeddi gün bayram etdi.  9Səkkizinci gün təntənəli toplantı oldu. Qurbangahın təqdisi yeddi gün, bayram da yeddi gün oldu.  10Yeddinci ayın iyirmi üçüncü günü Süleyman xalqı buraxdı. Rəbbin Davuda, Süleymana və xalqı İsrailə etdiyi yaxşılıqlara görə onlar sevinclə və şad ürəklə öz evlərinə getdi.

Rəbb yenə Süleymana görünür

(1Pad. 9:1-9)

11Süleyman Rəbbin məbədini və padşah sarayını tikib qurtardı. Rəbbin məbədində və öz sarayında ürəyi istədiyi hər şeyi uğurla etdi.  12Rəbb Süleymana gecə görünüb ona dedi: «Sənin duanı eşitdim və bu yeri Özümə qurban evi seçdim.  13Göyləri bağladığım və yağış olmadığı vaxt yeri yeyib qurtarsın deyə, çəyirtkəyə əmr etdiyim və xalqımın arasına vəba göndərdiyim zaman  14əgər Mənim adımla çağırılan xalqım özünü aşağı tutarsa, dua edib Məni axtararsa və pis yollarından dönərsə, o vaxt göydən eşidib onların günahını bağışlayacağam və torpaqlarını sağaldacağam.  15İndi bu yerdə edilən duanı gözlərim görəcək və qulaqlarım eşidəcək.  16İndi adımı əbədilik oraya qoymaq üçün bu məbədi seçib təqdis etdim. Mənim nəzərim və ürəyim daim orada olacaq.  17Əgər sən Mənim əmr etdiklərimi yerinə yetirərək atan Davud kimi yolumla getsən, Mənim qanunlarıma və hökmlərimə əməl etsən,  18 sənin padşahlıq taxtını ucaldacağam. Mən “sənin nəslindən İsrailə hökm edən bir kişi əskik olmayacaq” deyərək atan Davudla əhd bağlamışdım.  19Ancaq siz dönüb qarşınıza qoyduğum qanunlarımı və əmrlərimi tərk etsəniz, gedib başqa allahlara qulluq edərək onlara səcdə etsəniz,  20Mən İsrailliləri onlara verdiyim torpaqdan qovub atacağam və Öz adıma təqdis etdiyim bu məbədi hüzurumdan rədd edəcəyəm. Onda İsrail barədə bütün xalqlar arasında məsəl və kinayə söylədəcəyəm.  21İndi uca olan bu məbədin yanından keçən hər kəs dəhşətə gələrək deyəcək: “Nə üçün Rəbb bu torpağı və bu məbədi bu cür rədd etdi?”  22Onlara deyəcəklər: “Bu xalq atalarını Misir torpağından çıxaran Allahı Rəbbi tərk etdi və başqa allahlardan yapışdı, onlara səcdə və qulluq etdilər. Buna görə də O bütün bu bəlanı onların üzərinə göndərdi”».

YUXARI

2 Salnamələr 8

Süleymanın tikinti işləri

(1Pad. 9:10-28)

1Süleyman Rəbbin məbədini və öz sarayını iyirmi ilə tikib qurtardıqdan sonra  2Xiramın Süleymana verdiyi şəhərləri Süleyman yenə tikdi və İsrail övladlarını orada yerləşdirdi.  3Süleyman Xamat-Sovaya getdi və bu ölkəni tutdu.  4Səhrada Tadmoru və Xamatda bütün anbar şəhərlərini tikdi.  5Yuxarı Bet-Xoronu və Aşağı Bet-Xoronu, divarlarla, qapılarla və sürgülərlə olan qalalı şəhərlər kimi tikdi.  6Baalatı, özünün bütün anbar şəhərlərini, bütün döyüş arabalarının olduğu şəhərləri, süvarilərin olduğu şəhərləri, Yerusəlimdə, Livanda və onun hökmranlığı altında olan bütün yerlərdə tikmək istədiyi hər şeyi tikdi.  7Ölkədə İsraillilərdən olmayan başqa xalqlar – Xetlilər, Emorlular, Perizlilər, Xivlilər və Yevuslular qalmışdı.  8Çünki İsrail övladları onların atalarını məhv etməmişdi. Süleyman onları mükəlləfiyyətçi etdi və bu indiyə qədər belədir.  9İsrail övladlarından isə heç kəsi öz işi üçün qul etmədi, ancaq onlar Süleymanın əsgərləri, keşik rəisləri, döyüş arabalarının və süvarilərinin başçıları idi.  10Padşah Süleymanın nəzarətçi rəisləri də İsraillilərdən idi. Xalqa rəislik edən bu adamlar iki yüz əlli nəfər idi.  11Süleyman fironun qızını Davudun şəhərindən onun üçün tikdiyi evinə köçürdü. Çünki o dedi: «Arvadım İsrailin padşahı Davudun sarayında yaşamasın, ona görə ki Rəbbin sandığının gəldiyi yerlər müqəddəsdir».

Süleyman məbəddə ibadət qaydasını müəyyən edir

12O vaxt Süleyman eyvanın önündə düzəltdiyi Rəbbin qurbangahında Rəbbə yandırma qurbanları təqdim edərdi.  13 Şənbə günlərində və Təzə Ay mərasimlərində, ildə üç dəfə bayramlarda – Mayasız Çörək bayramında, Həftələr bayramında və Çardaqlar bayramında Musanın əmr etdiyi təqdimlər günündə təqdim edərdi.  14Atası Davudun hökmünə görə, o, kahinlərin bölmələrini xidmətlərinə görə, hər günün qaydası ilə kahinlərin yanında həmd və xidmət etmək üçün Levililəri vəzifələrinə görə və hər qapıya qapıçıları bölmələrinə görə təyin etdi. Çünki Allah adamı Davud belə əmr etmişdi.  15Onlar hər məsələdə, xəzinələrlə bağlı məsələlərdə padşahın kahinlərə və Levililərə olan əmrindən çıxmadı.  16Rəbbin məbədinin bünövrəsinin qoyulmasından tikilib qurtarmasına qədər Süleymanın hər işi hazırlanmışdı. Beləcə Rəbbin məbədi tikilib qurtardı.

Süleymanın donanması

17Süleyman Edom ölkəsində, dənizin körfəzində olan Esyon-Geverə və Elata getdi.  18Xiram adamlarının vasitəsilə ona gəmilər və dənizə bələd adamlar göndərdi. Onlar Süleymanın adamları ilə birgə Ofirə gəldi və oradan dörd yüz əlli talant qızıl götürüb padşah Süleymana gətirdilər.

YUXARI

2 Salnamələr 9

Süleyman və Səba mələkəsi

(1Pad. 10:1-13)

1Səba mələkəsi Süleymanın şöhrətini eşidib onu tapmacalarla sınamağa gəldi. O, çox böyük karvanla – ətriyyat, çoxlu qızıl və qiymətli daşlarla yüklənmiş dəvələrlə Yerusəlimə, Süleymanın yanına gəldi və ürəyində olan hər şey barədə onunla söhbət etdi.  2Süleyman onun bütün suallarına cavab verdi, elə bir gizli şey olmadı ki, padşah ona izah etməsin.  3Səba mələkəsi Süleymanın hikmətini və onun tikdiyi sarayı,  4süfrəsindəki yeməyi, əyanlarının oturuşunu, qulluqçularının xidmətini və onların geyimlərini, saqilərini və onların geyimlərini, Rəbbin məbədində gətirdiyi yandırma qurbanları görəndə daha özünü saxlaya bilmədi.  5O, padşaha dedi: «Sənin işlərin və hikmətin barədə öz ölkəmdə eşitdiyim sözlər düz imiş.  6Gəlib öz gözlərimlə görənə qədər mən bu sözlərə inanmamışdım. Mənə sənin böyük hikmətinin yarısı belə, danışılmayıb, sənin şöhrətin barədə eşitdiklərimdən də üstünsən.  7Sənin adamların nə bəxtiyardır və bu qulluqçuların nə bəxtiyardır ki, həmişə önündə durub hikmətini eşidirlər.  8Allahın Rəbbə alqış olsun ki, səni istəyib Allahın Rəbb üçün padşah kimi İsrail taxtında oturtdu! Allahın İsraili əbədi möhkəmləndirməkdən ötrü ona olan sevgisi naminə ədalət və salehliklə hökm etmək üçün səni onlar üzərinə padşah qoydu».  9Səba mələkəsi padşaha yüz iyirmi talant qızıl, çoxlu ətriyyat və qiymətli daşlar bağışladı. Onun padşah Süleymana verdiyi qədər ətriyyat hələ heç vaxt gəlməmişdi.  10Ofirdən qızıl gətirən Xiramın adamları ilə Süleymanın adamları ardıc ağacı və qiymətli daşlar da gətirdilər.  11Padşah ardıc ağacından Rəbbin məbədi və padşah sarayı üçün pilləkənlər, musiqiçilər üçün lira və çəng düzəltdi. Yəhuda diyarında bu günə qədər beləsi görünməmişdi.  12Padşah Süleyman Səba mələkəsinin arzuladığı və istədiyi bütün şeyləri ona verdi; bu, mələkənin padşaha gətirdiklərindən də çox idi. Sonra mələkə əyanları ilə birgə qayıdıb öz ölkəsinə getdi.

Süleymanın var-dövləti

(1Pad. 10:14-25)

13Bir ildə Süleymana gələn qızılın çəkisi altı yüz altmış altı talant idi.  14Alver edən adamların və tacirlərin gətirdiyi qızıl buraya daxil deyildi. Bütün Ərəb padşahları və ölkənin valiləri də Süleymana qızıl və gümüş gətirərdi.  15Padşah Süleyman döymə qızıldan iki yüz sipər düzəltdi. Bir sipərə altı yüz şekel döymə qızıl işləndi.  16O, döymə qızıldan üç yüz qalxan da düzəltdi və bir qalxana üç yüz şekel qızıl işləndi. Padşah onları «Livan meşəsi» adlı sarayına qoydu.  17Padşah fil sümüyündən böyük taxt düzəltdi və onu xalis qızılla örtdü.  18Taxtın altı pilləsi və ayaq qoymaq üçün qızıl kətili var idi, bunlar taxta bağlı idi. Oturacağın hər iki tərəfində qollar var idi və qolların yanında iki şir təsviri var idi.  19Altı pillənin iki tərəfində isə on iki şir təsviri var idi. Heç bir padşahlıqda belə bir şey yox idi.  20Padşah Süleymanın bütün içki qabları qızıldan idi. «Livan meşəsi» adlı sarayında olan bütün əşyalar da xalis qızıldan idi. Çünki gümüş Süleymanın dövründə heç nə sayılırdı.  21Padşahın gəmiləri Xiramın adamları ilə birgə Tarşişə gedərdi. Üç ildə bir dəfə Tarşiş gəmiləri qızıl, gümüş, fil sümüyü, meymunlar və əntərlərlə yüklənərək gəlirdi.  22Padşah Süleyman var-dövlətdə və hikmətdə yer üzünün bütün padşahlarından üstün idi.  23Bütün yer üzünün padşahları Süleymanın ürəyinə Allahın qoyduğu hikməti eşitmək üçün onun üzünü görmək istəyirdi.  24Onun yanına gələn hər kəs hədiyyə gətirirdi. Beləcə ona hər il qızıl qablar, gümüş qablar, paltarlar, silahlar, ətriyyat, atlar və qatırlar gətirilirdi.  25 Süleymanın dörd min axurunda döyüş arabaları üçün atları və on iki min süvarisi vardı. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi.  26 O, Fərat çayından Filiştlilərin torpağına və Misir sərhədinə qədər bütün padşahlar üzərində hökmranlıq edirdi.  27 Padşah Yerusəlimdə çoxluğuna görə gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən firon ənciri ağacına bərabər etdi.  28 Süleymanın atları Misirdən və bütün ölkələrdən gətirilirdi.

Süleymanın ölümü

(1Pad. 11:41-43)

29Süleymanın qalan işləri, ilk işlərindən son işlərinə qədər peyğəmbər Natanın tarix kitabında və Şilolu Axiyanın peyğəmbərliyində və görücü İddonun Nevat oğlu Yarovam haqqındakı vəhylərində yazılmışdır.  30O, Yerusəlimdə bütün İsrail üzərində qırx il padşahlıq etmişdi.  31Süleyman ataları ilə uyudu və atası Davudun şəhərində basdırıldı. Onun yerinə oğlu Rexavam padşah oldu.

YUXARI

2 Salnamələr 10

İsraillilər Rexavama qarşı çıxır

(1Pad. 12:1-20)

1Rexavam Şekemə getdi, çünki bütün İsraillilər onu padşah etmək üçün Şekemə gəlmişdi.  2Nevat oğlu Yarovam bunu eşitdiyi zaman padşah Süleymanın əlindən qaçdığı Misirdən oraya qayıtdı.  3Onu çağırtdırdılar. Yarovam gəldi və bütün İsraillilərlə birgə Rexavama söylədi:  4«Atan üzərimizə ağır boyunduruq qoydu. Sən isə indi atanın çətin qulluğunu və üzərimizə qoyduğu ağır boyunduruğu yüngülləşdir, biz də sənə qulluq edərik».  5Rexavam onlara dedi: «Üç gündən sonra yenə mənim yanıma gəlin». Xalq getdi.  6Padşah Rexavam atası Süleymanın sağlığında onun önündə duran ağsaqqallarla məsləhət edib dedi: «Bu xalqa cavab vermək üçün mənə nə məsləhət verirsiniz?»  7Ağsaqqallar ona dedi: «Əgər sən bu xalqa xeyirxahlıq göstərməklə onları razı salıb yaxşı sözlər desən, daim sənə qul olacaq».  8Ancaq o, ağsaqqalların verdikləri məsləhətə məhəl qoymadı, onunla birgə böyümüş və onun önündə duran cavan adamlarla məsləhətləşdi.  9Onlara dedi: «Siz nə məsləhət verirsiniz? Mənə “atanın üzərimizə qoyduğu boyunduruğu yüngülləşdir” deyən bu xalqa nə cavab verim?»  10Onunla birgə böyümüş cavan adamlar ona dedi: «Sənə “atan üzərimizə ağır bir boyunduruq qoydu, sən isə onu yüngülləşdir” deyən bu xalqa belə söylə: “Mənim kiçik barmağım atamın belindən yoğundur.  11Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə sizin boyunduruğunuzu daha da artıracağam. Atam sizi qamçılarla cəzalandırırdı, mən isə sizi əqrəblərlə cəzalandıracağam”».  12«Üç gün sonra yenə yanıma gəlin» deyə padşahın söylədiyi kimi Yarovam bütün xalqla birgə üç gün sonra Rexavamın yanına gəldi.  13Padşah onlara sərt cavab verdi. Padşah Rexavam ağsaqqalların məsləhətinə məhəl qoymayıb  14cavan adamların məsləhətinə görə xalqa dedi: «Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə onu daha da artıracağam. Atam sizi qamçılarla cəzalandırırdı, mən isə əqrəblərlə cəzalandıracağam».  15Padşah xalqa qulaq asmadı, çünki bu hadisə Allah tərəfindən oldu ki, Rəbb Şilolu Axiya vasitəsilə Nevat oğlu Yarovama söylədiyi sözü yerinə yetirsin.  16 Bütün İsraillilər padşahın onlara qulaq asmadığını gördü. Onda xalq ona cavab verib dedi: «Davudla bizim nə şərikliyimiz var?

Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur!

Ey İsraillilər, çadırınıza!

İndi, ey Davud, öz evinin halına özün bax!»

Bütün İsraillilər evlərinə getdi.  17Rexavam yalnız Yəhuda şəhərlərində yaşayan İsrail övladları üzərində padşahlıq etdi.  18Padşah Rexavam mükəlləfiyyətçilər üzərində nəzarətçi olan Adoniramı göndərdi. İsrail övladları onu daşqalaq edib öldürdülər. Padşah Rexavam Yerusəlimə qaçmaq üçün tələsik öz döyüş arabasına mindi.  19Beləcə İsraillilər Davudun sülaləsinə qarşı qalxdı və bu indiyə qədər belədir.

YUXARI

2 Salnamələr 11

Şemayanın peyğəmbərliyi

(1Pad. 12:21-24)

1Rexavam Yerusəlimə gəldi. O, İsraillilərlə müharibə edib öz padşahlığını qaytarmaq üçün Yəhuda və Binyamin evini – yüz səksən min seçmə döyüşçünü topladı.  2Ancaq Allah adamı Şemayaya Rəbbin bu sözü nazil oldu:  3«Yəhuda padşahı Süleyman oğlu Rexavama, Yəhuda və Binyamində olan bütün İsraillilərə söylə ki,  4Rəbb belə deyir: “Getməyin və soydaşlarınızla müharibə etməyin. Hər kəs öz evinə qayıtsın, çünki bu iş Mənim tərəfimdən oldu”». Onlar Rəbbin sözünə qulaq asdılar və Yarovamın üzərinə getməkdən əl çəkdilər.

Rexavam qalalar tikir

5Rexavam Yerusəlimdə yaşadı və Yəhudada müdafiə olunmaq üçün bu şəhərləri tikdi.  6Bet-Lexem, Etam, Teqoa,  7Bet-Sur, Soko, Adullam,  8Qat, Mareşa, Zif,  9Adorayim, Lakiş, Azeqa,  10Sora, Ayyalon və Xevron. O, Yəhuda və Binyamin torpağında olan bu qalalı şəhərləri tikdi.  11Qalaları möhkəmlədib onlara rəislər təyin etdi və ərzaq, yağ, şərab ehtiyatı gördü.  12Hər şəhərə sipər və nizələr qoydu, onları çox möhkəmləndirdi. Beləcə Yəhuda ilə Binyamin torpaqları onun tərəfində qaldı.  13Bütün İsraildə olan kahinlər və Levililər onların bütün mahallarından gəlib Rexavamın yanına toplandı.  14Levililər otlaqlarını və mülklərini qoyub Yəhudaya və Yerusəlimə gəldilər. Çünki Yarovam onları oğulları ilə birgə Rəbbə kahinlik etməkdən kənar etmişdi.  15 O, səcdəgahlar, təkə bütləri və düzəltdiyi dana bütləri üçün özünə kahinlər qoymuşdu.  16Onların ardınca bütün İsrail qəbilələrindən olan İsrailin Allahı Rəbbi sidq ürəkdən axtarmaq istəyənlər atalarının Allahı Rəbbə qurban təqdim etmək üçün Yerusəlimə gəldilər.  17Yəhuda padşahlığını möhkəmləndirdilər və üç il Süleymanın oğlu Rexavama kömək etdilər. Çünki üç il Davudun və Süleymanın yolu ilə getdilər.

Rexavamın arvadları və uşaqları

18Rexavam Maxalatı özünə arvad aldı. Maxalat Davudun oğlu Yerimotunla Yesseyin oğlu Eliavın qızı Avihayilin qızı idi.  19O, Rexavama oğullar – Yeuşu, Şemaryanı, Zahamı doğdu.  20Rexavam Maxalatdan sonra Avşalomun qızı Maakanı aldı. O, Aviyanı, Attayı, Zizanı və Şelomiti doğdu.  21Rexavam Avşalomun qızı Maakanı bütün arvadları və cariyələrindən daha çox sevirdi. O, on səkkiz arvad və altmış cariyə almışdı, iyirmi səkkiz oğul və altmış qız atası oldu.  22Rexavam Maaka oğlu Aviyanı qardaşları arasında padşah etmək üçün ayıraraq vəliəhd təyin etdi.  23Ağıllı davranıb bütün Yəhuda və Binyamin torpağında hər qalalı şəhərə oğullarını göndərdi və onlara bol ərzaq verdi, onlar üçün çoxlu arvad aldı.

YUXARI

2 Salnamələr 12

Sisaqın Yəhudaya hücumu

(1Pad. 4:25-28)

1Padşahlığı möhkəmlənib özü qüvvətləndikdə Rexavam, onunla bərabər bütün İsraillilər Rəbbin Qanunundan üz döndərdilər.  2Padşah Rexavamın beşinci ilində Rəbbə qarşı vəfasızlıq etdiklərinə görə Misir padşahı Sisaq min iki yüz döyüş arabası və altmış min süvari ilə Yerusəlimə hücum etdi.  3Onunla bərabər Misirdən gələn xalqın, Luvluların, Sukluların və Kuşluların sayı-hesabı bilinmirdi.  4O, Yəhudanın qalalı şəhərlərini aldı və Yerusəlimə yaxınlaşdı.  5Peyğəmbər Şemaya Rexavamın və Sisaqdan ötrü Yerusəlimə toplanan Yəhuda rəislərinin yanına gəlib onlara dedi: «Rəbb belə deyir: “Siz Məni tərk etdiniz, buna görə Mən də sizi Sisaqa təslim etdim”».  6İsrail rəisləri ilə padşah özlərini aşağı tutdular və «Rəbb adildir» dedilər.  7Rəbb onların özlərini aşağı tutduğunu görəndə Şemayaya Rəbbin bu sözü gəldi: «Özlərini aşağı tutduqları üçün onları məhv etməyəcəyəm, onlara bir az qurtuluş verəcəyəm, Sisaqın əli ilə qəzəbim Yerusəlimin üzərinə tökülməyəcək.  8Amma Mənə qulluq etməklə dünya padşahlıqlarına qulluq etməyin fərqini başa düşsünlər deyə onun qulları olacaqlar».  9 Misir padşahı Sisaq Yerusəlimə hücum etdi və Rəbbin məbədinin və padşah sarayının xəzinələrini götürdü. Hər şeyi aldı, Süleymanın düzəltdiyi qızıl qalxanları da götürdü.  10Padşah Rexavam onların yerinə tunc qalxanlar düzəltdi və bunları padşah sarayının qapısını qoruyan mühafizə rəislərinin əlinə verdi.  11Hər dəfə padşah Rəbbin məbədinə gələndə mühafizəçilər onları daşıyır və sonra mühafizəçilərin otağına geri gətirirdilər.  12Özünü aşağı tutduqda onu büsbütün məhv etməmək üçün Rəbbin qəzəbi üzərindən döndü. Çünki Yəhudada yaxşı işlər də var idi.

Rexavamın padşahlığının sonu

13Padşah Rexavam Yerusəlimdə özünü möhkəmləndirərək padşahlıq etdi. Rexavam padşah olan vaxt qırx bir yaşında idi. O, Rəbbin Öz adını qoymaq üçün İsrailin bütün qəbilələrindən seçdiyi şəhərdə – Yerusəlimdə on yeddi il padşahlıq etdi. Anasının adı Ammonlu Naama idi.  14O, pis olan işlər etdi, çünki ürəyi Rəbbi axtarmaq istəmədi.  15Rexavamın etdiyi işlər, ilk işlərindən son işlərinə qədər peyğəmbər Şemayanın və görücü İddonun tarix kitablarında nəsil şəcərəsinə görə yazılmışdır. Rexavamla Yarovam arasında həmişə müharibə gedirdi.  16Rexavam ataları ilə uyudu və Davudun şəhərində basdırıldı. Yerinə oğlu Aviya padşah oldu.

YUXARI

2 Salnamələr 13

Yəhuda padşahı Aviya

(1Pad. 15:1-8)

1Yarovamın padşahlığının on səkkizinci ilində Aviya Yəhuda üzərində padşah oldu.  2O, Yerusəlimdə üç il padşahlıq etdi. Anasının adı Givealı Urielin qızı Maaka idi. Aviya ilə Yarovamın arasında müharibə gedirdi.  3Aviya dörd yüz min seçmə igid döyüşçüdən ibarət olan bir ordu ilə hərbə girişdi. Yarovam isə səkkiz yüz min seçmə igid döyüşçünü ona qarşı döyüş üçün düzdü.  4Aviya Efrayimin dağlıq bölgəsində olan Semarayim dağına qalxıb dedi: «Ey Yarovam və bütün İsraillilər, məni dinləyin!  5Bilmirsiniz ki, İsrailin Allahı Rəbb İsrail üzərində padşahlığı əbədi olaraq Davuda və onun oğullarına vermişdir? Bunu duzla əhd etmişdir.  6Ancaq Davudun oğlu Süleymanın qulu Nevat oğlu Yarovam qalxıb ağasına qarşı üsyan etdi.  7Onun ətrafına boş və yaramaz adamlar yığılıb Süleyman oğlu Rexavama qarşı çıxdılar. Rexavam gənc və zəif iradəli olduğu üçün onlara qarşı dura bilmədi.  8İndi siz Davud oğullarının əlində olan Rəbbin padşahlığına qarşı durmağı düşünürsünüz və siz böyük bir kütləsiniz. Yarovamın allahlar deyə sizə düzəltdiyi qızıl danalar da aranızdadır.  9Amma Harun nəslindən olan Rəbbin kahinlərini və Levililəri qovmadınızmı? Başqa ölkələrin xalqlarının qaydasına görə özünüzə kahinlər qoymadınızmı? Buğa və yeddi qoçla təqdis olunmaq üçün gələn hər kəs yalançı allahların kahini ola bilər.  10Amma Rəbb Allahımız olduğuna görə biz Onu tərk etməmişik və bizdə Rəbbin xidmətində Harun nəslindən olan kahinlər və onlara kömək edən Levililər vardı.  11Onlar hər səhər-axşam Rəbbə yandırma qurbanları və xoş ətirli buxur yandırar, təmiz masa üzərində çörək təqdimi verər və hər axşam qızıl çıraqdanda çıraqları yandırar. Çünki biz Allahımız Rəbbin qoyduğu qaydalara əməl edirik, siz isə Onu tərk etdiniz.  12Budur, Allah bizimlədir, başımızın üstündədir. Onun kahinləri də bizimlədir. Sizə qarşı çalmaq üçün əllərində yüksək səs verən kərənaylar var. Ey İsrail övladları, atalarınızın Allahı Rəbbə qarşı müharibə etməyin, çünki işiniz yaxşı getməz».  13Yarovam onların arxasından pusqu qurmaq üçün dəstə göndərmişdi. Onun özü Yəhudalılardan qabaqda idi. Pusqu isə onların arxasında idi.  14Yəhudalılar geriyə baxdıqda gördülər ki, onlara öndən və arxadan hücum olunacaq. Onlar Rəbbə fəryad etdilər və kahinlər kərənayları yüksək səslə çaldılar.  15Yəhudalılar nərə çəkdilər və onlar nərə çəkəndə Allah Yarovamı və bütün İsrailliləri Aviyanın və Yəhudanın önündə qırdı.  16İsrail övladları Yəhudalıların önündən qaçdı və Allah onları bunlara təslim etdi.  17Aviya ilə xalqı onları böyük tələfata uğratdılar: İsraillilərdən beş yüz min seçmə adam həlak oldu.  18Beləcə o vaxt İsrail övladları sakitləşdilər, Yəhudalılar isə atalarının Allahı Rəbbə güvəndikləri üçün üstün gəldilər.  19Aviya Yarovamı təqib etdi və ondan şəhərləri – Bet-Eli və qəsəbələrini, Yeşananı və qəsəbələrini, Efronu və qəsəbələrini aldı.  20Aviyanın dövründə Yarovam bir daha güclü olmadı. Rəbb onu vurdu və o öldü.  21Ancaq Aviya daha da gücləndi. O, on dörd arvad aldı, iyirmi iki oğul və on altı qız atası oldu.  22Aviyanın qalan işləri, əməlləri və sözləri peyğəmbər İddonun təlimində yazılmışdır.

YUXARI

2 Salnamələr 14

1Aviya ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Yerinə oğlu Asa padşah oldu. Onun dövründə ölkə on il rahat yaşadı.

Yəhuda padşahı Asa

2Asa Allahı Rəbbin gözündə yaxşı və doğru olan işlər etdi.  3Özgə allahların qurbangahlarını və səcdəgahları aradan qaldırdı və sütunları qırdı, Aşera bütlərini kəsdi.  4Asa atalarının Allahı Rəbbi axtarmağı və qanunla əmrlərinə əməl etməyi Yəhudaya söylədi.  5Yəhudanın bütün şəhərlərindən səcdəgahları və buxur qurbangahlarını aradan qaldırdı. Onun dövründə ölkə rahat yaşadı.  6O, Yəhudada qalalı şəhərlər tikdi, çünki o illərdə ölkədə əmin-amanlıq idi və orada müharibə yox idi. Rəbb ona dinclik vermişdi.  7Asa Yəhudalılara dedi: «Bu şəhərləri tikək, ətrafında divarlar və qüllələr, qapılar və sürgülər düzəldək. Ölkə hələ bizimdir, çünki biz Allahımız Rəbbi axtardıq, Onu axtardığımıza görə Allah bizə hər tərəfdən dinclik verdi». Onlar beləcə uğurla tikdilər.

Asanın Zerah üzərində qələbəsi

8Asanın ordusu Yəhudadan sipər və nizə daşıyan üç yüz min nəfər, Binyamin nəslindən qalxan daşıyan və kaman çəkən iki yüz səksən min nəfərdən ibarət idi. Onların hamısı igid döyüşçülər idi.  9Bunlara qarşı Kuşlu Zerah milyon əsgərlə və üç yüz döyüş arabası ilə Mareşaya hücum etdi.  10Asa onun üzərinə getdi və Mareşada Sefata dərəsində döyüş üçün düzüldü.  11Asa Allahı Rəbbi çağırıb dedi: «Ya Rəbb, güclülər arasında gücsüzəm, yardım edəcək Səndən başqası yoxdur. Ya Rəbb Allahımız, bizə yardım et, çünki Sən bizim dayağımızsan və Sənin isminlə bu qoşunun üstünə gəlmişik. Ya Rəbb, Allahımız Sənsən, qoy insan Sənə üstün gəlməsin».  12Asanın və Yəhudalıların önündə Rəbb Kuşluları qırdı və Kuşlular qaçdı.  13Asa və onunla birgə olan xalq onları Gerara qədər təqib etdi. Kuşlulardan o qədər ölən oldu ki, heç kəs salamat qalmadı, çünki Rəbbin və onun ordusunun önündə məhv olmuşdular. Yəhudalılar çoxlu qənimət ələ keçirdilər.  14Gerar ətrafındakı bütün şəhərləri dağıtdılar, çünki onların canına Rəbbin qorxusu düşmüşdü. Bütün şəhərləri qarət etdilər, orada çoxlu qənimət vardı.  15Çoban çadırlarını da dağıtdılar, çoxlu qoyun-keçi və dəvə apardılar. Sonra Yerusəlimə qayıtdılar.

YUXARI

2 Salnamələr 15

Azaryanın peyğəmbərliyi

1Oded oğlu Azaryanın üzərinə Allahın Ruhu gəldi.  2O, Asanın qarşısına çıxıb ona dedi: «Ey Asa, bütün Yəhudalılar və Binyaminlilər, məni dinləyin! Siz Rəbb ilə bərabər olarkən O da sizinlədir. Əgər siz Onu axtarsanız, O da Özünü sizə göstərər. Ancaq siz Onu tərk etsəniz, O da sizi tərk edər.  3Uzun zamandan bəri İsraildə həqiqi Allah yoxdur. Onun öyrədən kahini və Qanunu da yoxdur.  4Ancaq ağır günlərində İsrailin Allahı Rəbbə qayıdıb Onu axtaranda O Özünü onlara göstərdi.  5O vaxtlar gedib-gəlmək təhlükəli idi. Çünki bütün ölkələrin əhalisi böyük həyəcana düşmüşdü.  6Millət millətə qarşı, şəhər şəhərə qarşı vuruşurdu. Çünki Allah onları hər cür bəla ilə çaşqınlığa salmışdı.  7Ancaq siz möhkəm olun və əlləriniz gücdən düşməsin, çünki işiniz üçün mükafat alacaqsınız».  8Asa bu sözləri və peyğəmbər Odedin peyğəmbərliyini eşitdikdə cəsarətə gəlib bütün Yəhuda və Binyamin torpağından, Efrayimin dağlıq bölgəsində olan aldığı şəhərlərdən iyrənc bütləri götürüb atdı, Rəbbin eyvanı önündə olan Rəbbin qurbangahını təmir etdi.  9Bütün Yəhudalıları və Binyaminliləri, onların arasında yaşayan Efrayimliləri, Menaşşeliləri və Şimeonluları bir yerə yığdı. Allahı Rəbbin onunla birgə olduğunu gördükdə çoxlu İsrailli onun tərəfinə keçmişdi.  10Asanın padşahlığının on beşinci ilinin üçüncü ayında onlar Yerusəlimə toplandılar.  11O gün gətirdikləri qənimətdən yeddi yüz baş mal-qara və yeddi min baş qoyun-keçi Rəbbə qurban etdilər.  12Atalarının Allahı Rəbbi bütün ürəkləri ilə və bütün canları ilə axtarmaq üçün əhd etdilər.  13İstər kiçik ya böyük, istərsə də kişi ya qadın olsun, İsrailin Allahı Rəbbi axtarmayan hər kəs öldürülməli idi.  14Borular və şeypurlar çalaraq bağırtı və yüksək səslə Rəbbə and içdilər.  15Bu anda görə bütün Yəhudalılar sevindi, çünki bütün ürəkləri ilə and içmişdilər, bütün səyləri ilə Onu axtarmışdılar və O da onlara Özünü göstərmişdi. Rəbb onlara hər tərəfdən dinclik vermişdi.  16Padşah Asa nənəsi Maakanı mələkəlikdən məhrum etdi, çünki o, Aşera üçün iyrənc bir büt düzəltmişdi. Asa onun bütünü kəsdi və toz edib Qidron vadisində yandırdı.  17Ancaq İsraildə səcdəgahlar aradan qaldırılmadı. Lakin Asanın ürəyi bütün ömrü boyu Rəbbə sadiq idi.  18O, atasının və özünün təqdis etdiyi şeyləri – qızılı, gümüşü və qabları Allahın məbədinə gətirdi.  19Asanın padşahlığının otuz beşinci ilinə qədər müharibə olmadı.

YUXARI

2 Salnamələr 16

Asa ilə İsrail padşahı Baaşanın müharibəsi

(1Pad. 15:17-22)

1Asanın padşahlığının otuz altıncı ilində İsrail padşahı Baaşa Yəhudaya hücum etdi və Yəhuda padşahı Asanın yanına gəlib-getmək istəyənləri buraxmamaq üçün Rama şəhərini tikdi.  2Asa Rəbbin məbədinin və padşah sarayının xəzinələrindən qızıl-gümüşü götürdü və onları Dəməşqdə yaşayan Aram padşahı Ben-Hadada bu xəbərlə göndərdi:  3«Sənin atanla mənim atam arasında saziş var idi, qoy bizim aramızda da saziş olsun. Sənə qızıl-gümüş göndərdim, get İsrail padşahı Baaşa ilə olan sazişini poz ki, torpağımdan geri çəkilsin».  4Ben-Hadad padşah Asaya qulaq asdı və qoşun başçılarını İsrail şəhərlərinin üstünə göndərdi. Onun qoşunları İyona, Dana, Avel-Mayimə və Naftalinin bütün anbar şəhərlərinə zərbə vurdu.  5Baaşa bunu eşitdikdə Ramanı tikməyi dayandırdı və işini buraxdı.  6Padşah Asa bütün Yəhudalıları yanına yığdı. Onlar Ramada Baaşanın tikməkdə olduğu yerlərin daşlarını və dirəklərini daşıdı. Bunlarla Gevanı və Mispanı tikdi.  7O vaxt görücü Xanani Yəhuda padşahı Asanın yanına gəlib ona dedi: «Madam ki Allahın Rəbbə deyil, Aram padşahına güvəndin, buna görə də Aram padşahının ordusu sənin əlindən qaçıb qurtardı.  8Kuşlular və Luvlular çoxlu süvari və döyüş arabaları ilə çox böyük bir ordu deyildimi? Rəbb Ona güvəndiyin üçün onları sənə təslim etdi.  9Çünki Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin. Ağılsızlıq etdin. İndidən sənə müharibə olacaq».  10Asa görücüyə qəzəbləndi və onu işgəncə zindanına atdı, çünki bunun üçün ona hiddətlənmişdi. O vaxt Asa xalqdan bəzilərinə zülm etdi.

Asanın padşahlığının sonu

(1Pad. 15:23-24)

11Asanın işləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır.  12Padşahlığının otuz doqquzuncu ilində Asa ayaqlarından xəstələndi, xəstəliyi get-gedə ağırlaşdı. Həm də xəstə olduqda Rəbbi deyil, ancaq həkimləri axtardı.  13Asa padşahlığının qırx birinci ilində ölüb ataları ilə uyudu.  14Onu Davudun şəhərində özü üçün qazdığı qəbirdə basdırdılar və onu gözəl ədviyyat və hər cür qatışmış ətriyyatla dolu yatağa qoydular. Onun xatirinə böyük bir tonqal yandırdılar.

YUXARI

2 Salnamələr 17

Yəhuda padşahı Yehoşafat

1Onun yerinə oğlu Yehoşafat padşah oldu və İsrailə qarşı özünü möhkəmləndirdi.  2Yəhudanın hər qalalı şəhərinə qoşun qoydu və Yəhuda torpağına və atası Asanın aldığı Efrayim şəhərlərinə hərbi dəstələr yerləşdirdi.  3Rəbb Yehoşafatla idi, çünki atası Davudun əvvəlki yolları ilə getdi və Baal bütlərini deyil,  4yalnız atasının Allahını axtardı və İsraillilərin etdiyi işlərə görə deyil, Allahın əmrləri ilə getdi.  5Rəbb padşahlığı onun əlində möhkəmləndirdi və bütün Yəhudalılar Yehoşafata xərac gətirdilər. Onun bol sərvəti və şərəfi vardı.  6Rəbbin yollarında cəsarətləndi. Üstəlik səcdəgahları və Aşera bütlərini Yəhudadan götürdü.  7Padşahlığının üçüncü ilində Yəhuda şəhərlərində xalqa təlim versinlər deyə bunları göndərdi: rəisləri olan Ben-Xayil, Avdiya, Zəkəriyyə, Natanel və Mikeya.  8Onlarla bərabər Levililər: Şemaya, Netanya, Zevadya, Asahel, Şemiramot, Yonatan, Adoniya, Toviya, Tov-Adoniya və onlarla birgə kahinlər: Elişama və Yehoram.  9Onlar Yəhudada xalqa təlim verdilər. Yanlarında Rəbbin Qanun kitabı olmaqla Yəhudanın bütün şəhərlərini dolaşdılar və xalqı öyrətdilər.  10Yəhuda ətrafında olan bütün ölkələrin padşahlıqları üzərinə Rəbbin qorxusu düşdü və Yehoşafata qarşı müharibə etmədilər.  11Filiştlilərdən bəzisi Yehoşafata hədiyyə və xərac olaraq gümüş gətirdi. Ərəblər də ona qoyun-keçi – yeddi min yeddi yüz qoç və yeddi min yeddi yüz təkə gətirdi.  12Yehoşafat get-gedə əzəmət qazandı. Yəhudada qalalar və anbar şəhərləri tikdi.  13Yəhuda şəhərlərində çoxlu ehtiyatları vardı. Yerusəlimdə igid döyüşçülər olan əsgərləri vardı.  14Nəsillərinə görə onların siyahısı bu idi: Yəhudadan minbaşılar: başçı Adna və onunla bərabər üç yüz min igid döyüşçü;  15onun yanında başçı Yehoxanan və onunla birgə iki yüz səksən min nəfər;  16onun yanında könüllü olaraq Rəbbin işini boynuna götürən Zikri oğlu Amasya və onunla birgə iki yüz min igid döyüşçü;  17Binyamindən igid bir döyüşçü olan Elyada və onunla bərabər ox-kaman və qalxanla silahlanmış iki yüz min nəfər,  18onun yanında Yehozavad və onunla döyüşə hazır olan yüz səksən min nəfər.  19Bunlar padşahın bütün Yəhudadakı qalalı şəhərlərə qoyduğu döyüşçülərdən əlavə ona xidmət edənlər idi.

YUXARI

2 Salnamələr 18

Yehoşafat, Axav və peyğəmbər Mikeya

(1Pad. 22:1-28)

1Yehoşafatın bol sərvəti və şərəfi vardı. O, Axavla qohum və müttəfiq oldu.  2Bir neçə il sonra Samariyaya Axavın yanına gəldi. Axav onun üçün və onunla bərabər olan xalq üçün çoxlu qoyun-keçi və mal-qara kəsdi, onu Ramot-Gileada qalxmağa təhrik etdi.  3İsrail padşahı Axav Yəhuda padşahı Yehoşafata dedi: «Sən mənimlə birgə Ramot-Gileada gedirsənmi?» Yehoşafat ona dedi: «Məni özün kimi, xalqımı xalqın kimi hesab elə, səninlə bərabər vuruşarıq».  4Yehoşafat yenə İsrail padşahına dedi: «Əvvəlcə görək Rəbbin sözü nədir?»  5İsrail padşahı dörd yüz peyğəmbəri topladı və onlara dedi: «Vuruşmaq üçün Ramot-Gileada gedim ya getməyim?» Onlar dedi: «Get, Allah onu padşaha təslim edəcək».  6Yehoşafat dedi: «Burada olanlardan başqa Rəbbin bir peyğəmbəri yoxdur ki, ondan soruşaq?»  7İsrail padşahı Yehoşafata dedi: «Rəbdən soruşmaq üçün bir nəfər də var: İmla oğlu Mikeya. Ancaq mənim ondan zəhləm gedir, çünki həmişə yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edir». Yehoşafat dedi: «Qoy padşah belə söyləməsin».  8İsrail padşahı bir saray xidmətçisini çağırıb dedi: «Tez İmla oğlu Mikeyanı buraya gətir».  9İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Samariya darvazalarının girəcəyindəki meydanda şahlıq libası geyinib oturmuşdu. Hər biri öz taxtında oturmuşdu və bütün peyğəmbərlər onların önündə peyğəmbərlik edirdi.  10Kenaana oğlu Sidqiya özünə dəmir buynuzlar düzəldib dedi: «Rəbb belə deyir: “Aramlıları qırıb qurtarana qədər onları beləcə buynuzlayacaqsan”».  11Bütün peyğəmbərlər də peyğəmbərlik edərək deyirdilər: «Ramot-Gileada get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək».  12Mikeyanı çağırmaq üçün gedən qasid ona dedi: «İndi peyğəmbərlər padşaha bir ağızdan xoş sözlər deyir. Sənin sözün də onlardan birinin sözü kimi olsun və yaxşılığa danış».  13Mikeya dedi: «Var olan Rəbbə and olsun ki, Allahım mənə nə desə, onu söyləyəcəyəm».  14O, padşahın yanına gəldi və padşah ona dedi: «Mikeya, vuruşmaq üçün Ramot-Gileada gedək, yoxsa getməyək?» Mikeya ona dedi: «Gedin, qalib gələcəksiniz, onlar sizə təslim ediləcək».  15Padşah ona dedi: «Səni neçə dəfə and içdirim ki, mənə Rəbbin adı ilə həqiqətdən başqa bir şey söyləməyəcəksən?»  16 Mikeya dedi: «Mən bütün İsrailliləri təpələr üstündə çobanı olmayan sürü kimi səpələnmiş gördüm. Rəbb dedi: “Onların ağası yoxdur. Qoy hər biri salamat öz evinə qayıtsın”».  17İsrail padşahı Yehoşafata dedi: «Sənə demədimmi o mənim yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edəcək?»  18Mikeya dedi: «Onda Rəbbin sözünü eşit. Mən Rəbbi Öz taxtında oturmuş və bütün göylər ordusunu Onun sağında və solunda durmuş gördüm.  19Rəbb dedi: “Ramot-Gileada gedib həlak olması üçün Axavı kim tovlayacaq?” Biri elə dedi, o biri belə.  20Bir ruh irəli çıxıb Rəbbin önündə dayandı və dedi: “Mən onu tovlayaram”. Rəbb ona dedi: “Necə?”  21O dedi: “Mən çıxıb bütün peyğəmbərlərin ağzında yalançı bir ruh olaram”. Rəbb dedi: “Sən onu tovlayacaqsan, bunu bacarırsan, get və belə elə”».  22Mikeya davam etdi: «İndi, budur, Rəbb sənin bütün bu peyğəmbərlərinin ağzına yalançı bir ruh qoyub. Beləcə Rəbb başına bəla gətirməyi qərara aldı».  23Kenaana oğlu Sidqiya yaxınlaşdı və Mikeyanın yanağına vurub dedi: «Rəbbin Ruhu səndə danışmaq üçün məndən sənə hansı yolla keçdi?»  24Mikeya dedi: «Sən gizlənmək üçün iç otağa girdiyin gün bunu biləcəksən».  25İsrail padşahı dedi: «Mikeyanı götürün, onu şəhər rəisi Amonun və padşahın oğlu Yoaşın yanına göndərin.  26Onlara söyləyin ki, padşah belə deyir: “Bu adamı zindana atın və mən salamat qayıdana qədər ona çox az çörək və su verərək zülm edin”».  27Mikeya dedi: «Əgər sən salamat qayıtsan, Rəbb mənim vasitəmlə danışmayıb». Sonra dedi: «Ey camaat, hamınız eşidin!»

Axavın ölümü

(1Pad. 22:29-35)

28İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Ramot-Gileada getdi.  29İsrail padşahı Yehoşafata dedi: «Mən qiyafəmi dəyişib döyüşə girəcəyəm, ancaq sən öz şahlıq libasını gey». İsrail padşahı qiyafəsini dəyişib döyüşə girdi.  30Aram padşahı öz döyüş arabalarının başçılarına «nə kiçiklə, nə də böyüklə vuruşun, yalnız İsrail padşahı ilə döyüşə girin» deyə əmr etmişdi.  31Döyüş arabalarının başçıları Yehoşafatı görəndə dedi: «İsrail padşahı budur». Dönüb onunla vuruşmağa getdilər. Yehoşafat çığırdı. Rəbb ona yardım etdi, Allah onları onun yanından geri çəkdi.  32Döyüş arabalarının başçıları onun İsrail padşahı olmadığını görəndə onun ardından geri qayıtdılar.  33Bir adam nişan almadan kaman çəkib İsrail padşahını zirehlərin birləşdiyi yerdən vurdu. Padşah arabaçısına dedi: «Dön və məni döyüşdən çıxar, çünki yaralanmışam».  34O gün döyüş qızışdı. İsrail padşahı axşamacan öz döyüş arabasında Aramlıların önündə söykənib dayandı. Günəş batmaqda ikən o öldü.

YUXARI

2 Salnamələr 19

1Yəhuda padşahı Yehoşafat Yerusəlimə, evinə salamat qayıtdı.  2Xanani oğlu görücü Yehu onun önünə çıxdı və padşah Yehoşafata dedi: «Pis adama kömək etmək və Rəbbə nifrət edənləri sevmək sənə lazım idimi? Bundan ötrü Rəbbin qəzəbi sənin üzərindədir.  3Lakin sənin yaxşı işlərin də var: Aşera bütlərini ölkədən yox etdin və öz ürəyini Allahı axtarmaq üçün hazırladın».

Yehoşafatın hakimləri

4Yehoşafat Yerusəlimdə yaşadı. Təkrar Beer-Şevadan Efrayimin dağlıq bölgəsinə qədər xalq arasında gəzdi və onları atalarının Allahı Rəbbə tərəf döndərdi.  5Ölkəyə, Yəhudanın bütün qalalı şəhərlərinə hakimlər – hər şəhərə bir hakim qoydu.  6O, hakimlərə dedi: «Baxın ki nə edirsiniz, çünki insan üçün deyil, Rəbb üçün hakimlik edirsiniz və hakimlik işində O sizinlədir.  7İndi sizin üzərinizdə Rəbb qorxusu olsun. Ehtiyat edin, çünki Allahımız Rəbdə haqsızlıq, tərəfkeşlik, rüşvətxorluq yoxdur».  8Yehoşafat Rəbbin hakimliyinə və mübahisəli işlər üçün Yerusəlimə də bəzi Levililəri, kahinləri və İsrailin nəsil başçılarını təyin etdi. Onlar Yerusəlimə qayıdanda  9padşah onlara əmr edib dedi: «Rəbb qorxusu ilə, sədaqətlə və bütün ürəklə belə edin:  10öz şəhərlərində yaşayan qohumlarınızdan sizə gələcək hər mübahisəli iş üçün, istər qan işi olsun, istərsə də qanun, əmr, qayda və hökm barədə olsun, onlara xəbərdarlıq edin ki, Rəbbin qarşısında təqsirkar olmasınlar və Onun qəzəbi sizin və qohumlarınızın üzərinə gəlməsin. Belə etməklə siz təqsirkar olmayacaqsınız.  11Budur, Rəbbin hər işi üçün başçı kahin Amarya, padşahın hər işi üçün isə Yəhudanın qəbilə rəisi İsmail oğlu Zevadya başçınız olacaq, önünüzdə də Levililər məmur olacaq. Cəsarətlə davranın. Rəbb yaxşılıq edənlərlə olsun».

YUXARI

2 Salnamələr 20

Yehoşafat Moavlıları və Ammonluları məğlub edir

1Bundan sonra Moavlılar və Ammonlular, onlarla bərabər Maonlulardan bəzisi Yehoşafata qarşı döyüşmək üçün gəldi.  2Adamlar gəldi və Yehoşafata bildirib dedi: «Dənizin o biri tərəfindən, Aramdan sənə qarşı böyük bir izdiham gəlir. İndi onlar Xaseson-Tamardadır. Bura En-Gedidir».  3Yehoşafat qorxdu və üzünü Rəbbi axtarmağa döndərdi və bütün Yəhuda üçün oruc elan etdi.  4Yəhudalılar Rəbdən kömək diləmək üçün toplandı, Yəhudanın bütün şəhərlərindən də Rəbbi axtarmaq üçün gəldilər.  5Yehoşafat Rəbbin məbədində, yeni həyətin qabağında, Yəhuda və Yerusəlim camaatının önündə durub dedi:  6«Ya Rəbb, atalarımızın Allahı, göylərdə olan Allah Sən deyilsənmi? Bütün millətlərin padşahlıqları üzərinə hakim olan Sən deyilsənmi? Qüdrətlə qüvvət Sənin əlindədir və heç kim Sənə qarşı dura bilməz.  7 Ey Allahımız, bu torpaqda yaşayanları xalqın İsrailin önündə qovan və onu dostun İbrahimin nəslinə əbədi olaraq verən Sən deyilsənmi?  8Orada məskən saldılar, orada Sənin adına müqəddəs bir məbəd tikdilər və dedilər:  9“Əgər üzərimizə bəla, cəza qılıncı, vəba və ya aclıq gələrsə, adın bu məbəddə olduğuna görə bu məbədin önündə, yəni Sənin önündə də duracağıq və çətin günlərdə Sənə fəryad edəcəyik, onda Sən eşidəcəksən və xilas edəcəksən”.  10 İndi bax Ammonlular, Moavlılar, Seir dağının sakinləri nə edir! Misirdən gələrkən İsrailliləri onların torpağına girməyə qoymadın, İsraillilər də dönüb onları məhv etmədi.  11Budur, bizə irs olaraq verdiyin Sənin mülkündən bizi qovmağa gələrək əvəzini necə ödəyirlər.  12Ey Allahımız, onlara hökm etməyəcəksənmi? Çünki üzərimizə gələn bu böyük qoşuna qarşı gücümüz yoxdur və biz nə edəcəyimizi bilmirik, ancaq gözlərimiz Sənin üzərindədir».  13Bütün Yəhudalılar uşaqları, qadınları və oğulları ilə birgə Rəbbin önündə durmuşdu.  14Camaatın arasında olanda Asəf nəslindən olan bir Levili, Mattanya oğlu Yeiel oğlu Benaya oğlu Zəkəriyyə oğlu Yaxazielin üzərinə Rəbbin Ruhu gəldi.  15 O dedi: «Bütün Yəhudalılar, Yerusəlimdə yaşayanlar və sən padşah Yehoşafat, yaxşı dinləyin! Rəbb sizə belə deyir: “Bu böyük qoşundan qorxmayın və ruhdan düşməyin, çünki döyüş sizin deyil, ancaq Allahındır.  16Sabah onlara qarşı enin: budur, onlar Sis yoxuşu ilə qalxır və onları vadinin sonunda, Yeruel çölünün önündə tapacaqsınız.  17Bu səfərdə döyüşmək sizə lazım olmayacaq. Ey Yəhudalılar və Yerusəlimlilər, səf bağlayıb durun, sizinlə bərabər olan Rəbbin xilasını görün. Qorxmayın və ruhdan düşməyin. Sabah onların qarşısına gedin və Rəbb sizinlə olacaq”».  18Yehoşafat üzüstə yerə qapandı və bütün Yəhudalılar və Yerusəlimdə yaşayanlar Rəbbə səcdə etmək üçün Rəbbin önündə yerə qapandı.  19Qohat və Qorah nəsillərindən olan Levililər ayağa qalxıb İsrailin Allahı Rəbbə yüksək səslə şükür etdilər.  20Onlar səhər tezdən qalxdı və Teqoa çölünə çıxdılar. Çıxdıqları zaman Yehoşafat durub dedi: «Ey Yəhuda və Yerusəlimdə yaşayanlar, məni dinləyin: Allahınız Rəbbə inanın, onda qorunacaqsınız, onun peyğəmbərlərinə inanın və uğur qazanacaqsınız».  21Xalqla məsləhət etdikdən sonra Rəbbə ilahi oxuyanları irəli qoydu ki, ordusunun önündə gedərək müqəddəs calalına həmd edib oxusunlar: «Rəbbə şükür edin, çünki Onun məhəbbəti əbədidir».  22Tərənnümlə həmdə başladıqları zaman Yəhudaya gələn Ammonlulara, Moavlılara və Seir dağının sakinlərinə qarşı Rəbb pusqu qurdu və onlar qırıldı.  23Çünki Ammonlularla Moavlılar Seir dağının sakinlərini qırıb tamam yox etmək üçün onlara qarşı qalxdı və Seir sakinlərini qırandan sonra bir-birlərini məhv etməyə başladı.  24Yəhudalılar çölə baxan gözətçi yerinə çatdıqda qoşuna baxıb yerə yıxılmış meyitlər gördülər. Sağ qalan yox idi.  25Yehoşafat və onun xalqı onların qənimətini götürməyə gəldi, onların arasında çoxlu mallar, paltarlar və qiymətli şeylər tapdılar. Bunlardan o qədər yığdılar ki, daşıya bilmədilər. Qənimət o qədər çox idi ki, onu üç gün yığdılar.  26Dördüncü gün Beraka vadisində Rəbbə həmd etmək üçün toplandılar. Bundan ötrü o yerin adını Beraka vadisi qoydular və bu günə qədər də belədir.  27Bütün Yəhuda və Yerusəlim xalqı Yehoşafatın başçılığı altında sevinclə Yerusəlimə qayıtdı, çünki Rəbb düşmənlərini məhv edərək onları sevindirmişdi.  28Çənglər, liralar və kərənaylar çalaraq Yerusəlimə, Rəbbin məbədinə gəldilər.  29İsrailin düşmənlərinə qarşı Rəbbin döyüşdüyünü eşitdikdə bütün ölkələrdəki padşahlar üzərinə Allahın qorxusu düşdü.  30Yehoşafatın padşahlığında isə əmin-amanlıq oldu, çünki Allahı ona hər tərəfdən dinclik verdi.

Yehoşafatın padşahlığının sonu

(1Pad. 22:41-50)

31Yehoşafat Yəhuda üzərində padşahlıq etdi. Padşah olduğu zaman otuz beş yaşında idi. O, Yerusəlimdə iyirmi beş il padşahlıq etdi. Anasının adı Şilxi qızı Azuva idi.  32O, atası Asanın yolu ilə getdi və Rəbbin gözündə doğru olan işlər edərək bunlardan kənara çıxmadı.  33Ancaq səcdəgahlar aradan qaldırılmadı və xalqın ürəyi hələ atalarının Allahı Rəbbə tərəf yönəlməmişdi.  34Yehoşafatın qalan işləri, ilk işlərindən son işlərinə qədər İsrail padşahlarının kitabına daxil olan Xanani oğlu Yehunun tarix kitabında yazılmışdır.  35Ondan sonra Yəhuda padşahı Yehoşafat pis işlər görən İsrail padşahı Axazya ilə razılığa gəldi.  36Tarşişə getməyə gəmilər düzəltmək üçün onunla razılaşdı və gəmiləri Esyon-Geverdə düzəltdilər.  37Mareşadan olan Dodavın oğlu Eliezer Yehoşafata qarşı peyğəmbərlik edib dedi: «Axazya ilə razılığa gəldiyin üçün Rəbb sənin işlərini pozdu». Gəmilər parçalandı və Tarşişə gedə bilmədilər.

YUXARI

2 Salnamələr 21

Yəhuda padşahı Yehoram

(2Pad. 8:17-24)

1Yehoşafat ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Yehoram padşah oldu.  2Onun qardaşları, Yehoşafatın oğulları bunlar idi: Azarya, Yexiel, Zəkəriyyə, Azarya, Mikael və Şefatya. Bunların hamısı İsrail padşahı Yehoşafatın oğulları idi.  3Ataları onlara çoxlu hədiyyələr – qızıl, gümüş və qiymətli şeylər, bunlarla bərabər Yəhudada olan qalalı şəhərlər verdi. Padşahlığı isə Yehorama verdi, çünki o, ilk oğul idi.  4Yehoram atasının padşahlıq taxtına çıxıb möhkəmləndikdə bütün qardaşlarını və İsrail rəislərindən bəzisini də qılıncdan keçirdi.  5Yehoram padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi.  6Axav nəslinin etdiyi kimi o da İsrail padşahlarının yolu ilə getdi, çünki Axavın qızı onun arvadı idi. Yehoram Rəbbin gözündə pis olan işlər etdi.  7 Ancaq Rəbb Davudla etdiyi əhddən ötrü Davudun sülaləsini məhv etmək istəmədi. Çünki Davuda və onun nəslinə əbədi olaraq bir çıraq verəcəyini vəd etmişdi.  8 Onun dövründə Edomlular üsyan qaldırıb Yəhudanın əsarəti altından çıxdılar və özlərinə bir padşah qoydular.  9Yehoram rəisləri və bütün döyüş arabaları ilə birgə getdi. Gecə ikən qalxıb onu hər tərəfdən əhatə edən Edomluları və araba rəislərini qırdı.  10Beləcə Edomlular üsyan qaldırdı, bu günə qədər də Yəhudanın əsarəti altında deyil. Həmin vaxt Livnalılar da üsyan qaldırıb onun əsarəti altından çıxdılar, çünki Yehoram atalarının Allahı Rəbbi tərk etmişdi.  11O, Yəhuda dağlarında da səcdəgahlar tikmişdi. Yerusəlimdə yaşayanları da xəyanətə təhrik edib Yəhudanı da yoldan azdırmışdı.  12Ona peyğəmbər İlyasdan bu məktub gəldi: «Atan Davudun Allahı Rəbb belə deyir: “Atan Yehoşafatın və Yəhuda padşahı Asanın yolları ilə deyil,  13ancaq İsrail padşahlarının yolu ilə getdin, Axav nəslinin etdiyi kimi Yəhudanı və Yerusəlimdə yaşayanları xəyanətə təhrik etdin. Həm də atanın nəslindən qardaşlarını, səndən daha yaxşı olanları öldürdün.  14Buna görə də Rəbb sənin xalqına, oğullarına, arvadlarına və bütün malına böyük zərbə vuracaq.  15Sən isə ağır xəstələnəcəksən, elə bir şiddətli xəstəlik keçirəcəksən ki, nəticədə bağırsaqların töküləcək”».  16Rəbb Yehorama qarşı Filiştlilərin ruhunu və Kuşluların qonşuluğunda yaşayan Ərəblərin ruhunu oyandırdı.  17Onlar Yəhudanın üstünə gəlib oraya hücum çəkdilər. Padşahın sarayında tapdıqları bütün malı, onun oğullarını və arvadlarını apardılar. Oğullarının ən balacası Axazyadan başqa oğlu qalmadı.  18Bunların hamısından sonra Rəbb Yehoramı bağırsaqlarından sağalmaz bir xəstəliklə vurdu.  19Onun xəstəliyi gündən-günə şiddətləndi. Nəhayət, ikinci ilin sonunda xəstəliyinə görə bağırsaqları töküldü və o, şiddətli ağrılarla öldü. Onun xalqı Yehoramın ataları üçün tonqal yandırdığı kimi onun xatirinə yandırmadı.  20Yehoram padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi. Ölümünə heç kəs təəssüf etmədi. Onu Davudun şəhərində basdırdılar, lakin padşahların qəbirlərində basdırmadılar.

YUXARI

2 Salnamələr 22

Yəhuda padşahı Axazya

(2Pad. 8:25-29; 9:21-28)

1Yerusəlimdə yaşayanlar onun yerinə ən kiçik oğlu Axazyanı padşah etdilər, çünki Ərəblərlə birgə ordugaha girən dəstələr bütün böyükləri öldürmüşdü. Beləcə Yəhuda padşahı Yehoramın oğlu Axazya padşah oldu.  2Axazya padşah olduğu vaxt qırx iki yaşında idi və Yerusəlimdə bir il padşahlıq etdi. Anası Omrinin nəvəsi olub adı Atalya idi.  3Axazya da Axav nəslinin yolları ilə getdi, çünki anası ona pislik etmək öyrədirdi.  4O da Axav nəsli kimi Rəbbin gözündə pis olan işlər etdi. Çünki atasının ölümündən sonra məhvi üçün bu adamlar onun məsləhətçiləri oldu.  5Onların məsləhəti ilə Aram padşahı Xazaelə qarşı vuruşmaq üçün İsrail padşahı Axav oğlu Yehoramla birgə Ramot-Gileada getdi. Aramlılar Yehoramı yaraladı.  6 Ramot-Gileadda Aram padşahı Xazaelə qarşı vuruşarkən aldığı yaraları sağaltmaq üçün İzreelə qayıtdı. Yəhuda padşahı Yehoram oğlu Axazya, Axav oğlu Yehoramı görmək üçün İzreelə gəldi, çünki o yaralı idi.  7Axazyanın bu yolla məhv olması Allahdan idi. O, Yehoramın yanına gəldi və oraya gəlib Axav nəslini yox etmək üçün Rəbbin məsh etdiyi Nimşi oğlu Yehuya qarşı Yehoramla birgə çıxdı.  8Yehu Axav nəslinə hökmü icra edərkən Yəhuda rəislərini və Axazyanın ona xidmət edən qardaşı oğullarını tapdı və onları öldürdü.  9Axazyanı axtardı və onu Samariyada gizləndiyi halda tutdular. Yehunun yanına gətirdilər və onu öldürdülər. Sonra onu basdırdılar, çünki dedilər: «Rəbbi bütün ürəyi ilə axtaran Yehoşafatın oğlu budur». Beləliklə, Axazyanın nəslində padşahlığı əldə saxlaya biləcək adam qalmadı.

Yəhuda üzərində Atalyanın hökmranlığı

(2Pad. 11:1-20)

10Axazyanın anası Atalya oğlunun öldüyünü görəndə qalxıb Yəhudanın bütün padşah nəslini məhv etdi.  11Ancaq padşahın qızı Yehoşeva öldürülən şahzadələr arasından Axazyanın oğlu Yoaşı gizlincə apardı və onu dayəsi ilə birgə yataq otağında yerləşdirdi. Kahin Yehoyadanın arvadı və padşah Yehoramın qızı olan Yehoşeva Axazyanın bacısı olduğu üçün Yoaşı Atalyadan gizlətdi ki, Atalya onu öldürməsin.  12Yoaş altı il gizli olaraq Allahın məbədində onlarla birgə qaldı. Atalya isə ölkə üzərində padşahlıq etdi.

YUXARI

2 Salnamələr 23

1Yeddinci ildə Yehoyada cəsarətləndi və yüzbaşılar Yeroxam oğlu Azarya, Yehoxanan oğlu İsmail, Oved oğlu Azarya, Adaya oğlu Maaseya və Zikri oğlu Elişafatla əhd etdi.  2Onlar Yəhudanı gəzib oranın bütün şəhərlərindən Levililəri və İsrailin nəsil başçılarını topladılar və Yerusəlimə gəldilər.  3 Bütün camaat Allahın məbədində padşahla əhd bağladı. Yehoyada onlara dedi: «Padşahın oğlu budur. Davud oğulları haqqında Rəbbin söylədiyi kimi padşahlıq edəcək.  4Siz belə edin: sizdən Şənbə günü növbə çəkən kahinlərin və Levililərin üçdə biri astanada duran qapıçılar olsun,  5üçdə biri padşah sarayında və üçdə biri Bünövrə darvazasında olsun. Bütün xalq isə Rəbbin məbədinin həyətində olsun.  6Ancaq kahinlərdən və xidmət edən Levililərdən başqa Rəbbin məbədinə heç kəs girməsin, onlar girsin, çünki müqəddəsdirlər. Bütün xalq isə Rəbbin buyurduğunu qorusun.  7Levililər hər biri silahı əlində padşahı hər tərəfdən əhatəyə alsınlar, məbədə girən hər kəs öldürülsün. Onlar padşah girib-çıxdığı vaxt onunla olsun».  8Levililərlə bütün Yəhudalılar kahin Yehoyadanın əmr etdiyi hər şeyi etdilər. Hər biri öz adamlarını, Şənbə günü növbə çəkənləri və növbədə olmayanları götürdü, çünki kahin Yehoyada bölmələrin heç birini buraxmamışdı.  9Kahin Yehoyada yüzbaşılara Allahın məbədində olan padşah Davudun nizələrini, qalxanlarını və sipərlərini verdi.  10Bütün xalqı məbədin sağ tərəfindən sol tərəfinə qədər qurbangahın və məbədin yanında, padşahın ətrafında qoydu. Hər kəsin silahı əlində idi.  11Yehoyada ilə oğulları şahzadəni irəli çıxartdılar və tacı başına qoyub şəhadətnaməni ona verdilər. Onu padşah olmaq üçün məsh etdilər və «Yaşasın padşah!» dedilər.  12Atalya qaçışan və padşahı alqışlayan xalqın səsini eşitdikdə xalqın yanına, Rəbbin məbədinə gəldi.  13O baxıb gördü ki, padşah girəcək yerdə öz sütununun yanında dayanmışdır və rəislərlə kərənay çalanlar da padşahın yanındadır. Bütün ölkə xalqı sevinərək kərənay çalırdı. İlahiçilər də musiqi alətləri çalaraq ucadan həmd edirdilər. Atalya paltarını cırıb bağırdı: «Xəyanət! Xəyanət!»  14Kahin Yehoyada qoşun üçün cavabdeh olan yüzbaşıları çağırıb dedi: «Onu cərgələrin arasından çıxarın və dalınca gələn qılıncla öldürülsün». Çünki kahin «onu Rəbbin məbədində öldürməyin» demişdi.  15Atalyanı tutub sarayın atlar darvazasının girəcək yerinə gətirdilər və orada onu öldürdülər.  16Yehoyada özü və bütün xalqla padşah arasında əhd kəsdi ki, onlar Rəbbin xalqı olsun.  17Bütün xalq Baal məbədinə getdi. Onu dağıdıb qurbangahlarını və bütlərini parça-parça etdilər. Baalın kahini Mattanı da qurbangahların önündə öldürdülər.  18Yehoyada Rəbbin məbədi üzərində məsuliyyəti Davudun Rəbbin evində bölmələrə ayırdığı Levili kahinlərə verdi. Davud onları öz qaydasına görə sevinclə və musiqi ilə Musanın Qanununda yazıldığı kimi Rəbbə yandırma qurbanları təqdim etmək üçün Rəbbin məbədinə qoymuşdu.  19Hər hansı yolla natəmiz bir kəs girməsin deyə Rəbbin məbədinin qapılarına qapıçılar qoydu.  20O, yüzbaşıları, əyanları, xalqın valilərini, bütün ölkə xalqını özü ilə götürdü. Onlar padşahı Rəbbin məbədindən düşürtdülər və yuxarı darvazadan keçib saraya gəldilər. Padşahı padşahlıq taxtında oturtdular.  21Bütün ölkə xalqı sevindi və şəhər sakitləşdi, çünki Atalyanı qılıncla öldürmüşdülər.

YUXARI

2 Salnamələr 24

Yəhuda padşahı Yoaş

(2Pad. 12:1-16)

1Yoaş padşah olduğu vaxt yeddi yaşında idi və Yerusəlimdə qırx il padşahlıq etdi. Anası Beer-Şevadan olub adı Sivya idi.  2Yoaş kahin Yehoyadanın bütün ömrü boyu Rəbbin gözündə doğru olan işlər etdi.  3Yehoyada ona iki arvad aldı. O, oğullar və qızlar atası oldu.  4Bundan sonra Yoaş Rəbbin məbədini bərpa etməyi qərara aldı.  5Kahinlərlə Levililəri toplayıb onlara dedi: «Yəhudanın şəhərlərinə çıxın və Allahınızın məbədini hər il təmir etmək üçün bütün İsraillilərdən pul toplayın, bu işi görməyə tələsin». Ancaq Levililər tələsmədi.  6 Başçı olan Yehoyadanı padşah çağırdı və ona dedi: «Rəbbin qulu Musanın və İsrail camaatının Şəhadət çadırı üçün qoyduqları vergini Yəhudadan və Yerusəlimdən gətirmələrini nə üçün Levililərdən tələb etmədin?»  7Çünki o pis qadın Atalyanın oğulları Allahın məbədini viran etmişdilər və Rəbbin məbədinin bütün müqəddəs şeylərini də Baal bütləri üçün işlətmişdilər.  8Padşah əmr etdi və bir sandıq düzəldib onu Rəbbin məbədinin darvazasına, bayır tərəfə qoydular.  9Allahın qulu Musanın çöldə İsrail üzərinə qoyduğu vergini Rəbb üçün gətirsinlər deyə Yəhudada və Yerusəlimdə elan etdilər.  10Rəislərlə bütün xalq sevindi və sandıq dolana qədər vergini gətirib onun içinə qoydular.  11Padşahlığın məmurları Levililərin onların yanına gətirdikləri sandığın içində çox pul olduğunu gördükləri vaxt padşahın mirzəsi ilə başçı kahinin məmuru gəlib sandığı boşaldar, sonra onu yenə yerinə qaytarardılar. Hər gün beləcə etməklə olduqca çox pul topladılar.  12Padşahla Yehoyada onu Rəbbin məbədinin xidmət işini görənlərə verdilər və Rəbbin məbədini bərpa etmək üçün daşyonanları və dülgərləri, Rəbbin məbədini təmir etmək üçün dəmir və tunc ustalarını muzdla tutdular.  13İşçilər işlədilər, təmir işi onların əlində irəli getdi və Allahın məbədini qaydasına salıb onu möhkəmləndirdilər.  14İşi qurtardıqları vaxt yerdə qalan pulu padşahın və Yehoyadanın önünə gətirdilər və bununla Rəbbin məbədi üçün əşyalar – xidmət və yandırma qurbanları üçün əşyalar, nimçələr, qızıl və gümüş əşyalar düzəltdilər. Onlar Yehoyadanın bütün ömrü boyu daim Rəbbin məbədində yandırma qurbanları təqdim edərdi.  15Yehoyada qocalıb yaşa doldu və öldü. O, öldüyü zaman yüz otuz yaşında idi.  16Onu Davudun şəhərində padşahların yanında basdırdılar, çünki İsrail üçün və Allahla məbədi üçün yaxşılıq etmişdi.  17Yehoyadanın ölümündən sonra Yəhuda rəisləri gəlib padşaha baş əydilər. O zaman padşah onlara qulaq asdı.  18Xalq atalarının Allahı Rəbbin məbədini tərk etdi, Aşera bütlərinə və başqa bütlərə qulluq etdi. Onların bu günahından ötrü Yəhuda ilə Yerusəlim üzərinə qəzəb gəldi.  19Rəbb onları Özünə tərəf döndərmək üçün onların yanına peyğəmbərlər göndərdi və peyğəmbərlər onlara qarşı şəhadət etdilər, ancaq xalq qulaq asmadı.  20 Kahin Yehoyadanın oğlu Zəkəriyyənin üzərinə Allahın Ruhu gəldi və xalqın arasında çıxış edib onlara dedi: «Allah belə deyir: nə üçün Rəbbin əmrlərini pozursunuz? İşləriniz yaxşı getməz, çünki siz Rəbbi tərk etdiyiniz kimi O da sizi tərk etdi».  21Ona qarşı qəsd hazırladılar və onu padşahın əmri ilə Rəbbin məbədinin həyətində daşqalaq etdilər.  22Beləcə padşah Yoaş Zəkəriyyənin də atası Yehoyadanın ona etdiyi xeyirxahlığı yada salmadı və oğlunu öldürdü. O da ölərkən dedi: «Rəbb görsün və hökm etsin».  23O biri ilin əvvəlində Aram ordusu onun üstünə gəldi. Onlar Yəhudaya və Yerusəlimə hücum etdilər. Xalqın bütün rəislərini xalqın arasından götürüb məhv etdilər və onlardan alınan bütün qəniməti Dəməşq padşahına göndərdilər.  24Aramlılar az qoşunla gəldikləri halda Rəbb çox böyük bir ordunu onlara təslim etdi, çünki xalq atalarının Allahı Rəbdən üz döndərmişdi. Beləliklə, Yoaşa qarşı hökmü icra etdilər.  25Yoaşın yanından getdikləri zaman onu ağır yaralı vəziyyətdə qoydular. Onun əyanları kahin Yehoyadanın oğullarının qanına görə ona qarşı qəsd hazırladılar və onu yatağında öldürdülər. Yoaş öldü və onu Davudun şəhərində basdırdılar, ancaq padşahların məqbərəsində basdırmadılar.  26Ona qarşı qəsd quranlar bunlardır: Ammonlu qadın Şimatın oğlu Zavad və Moavlı qadın Şimritin oğlu Yehozavad.  27Yoaşın oğulları, ona edilən çoxlu xəbərdarlıq və Allah məbədinin bərpası barədə padşahların tarix kitabında yazılmışdır. Onun yerinə oğlu Amasya padşah oldu.

YUXARI

2 Salnamələr 25

Yəhuda padşahı Amasya

(2Pad. 14:2-20)

1Amasya padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yehoaddan idi.  2Amasya Rəbbin gözündə doğru olan işlər etdi, ancaq bunları bütün ürəyi ilə etmədi.  3Padşahlıq əlində möhkəmlənəndə Amasya atasını öldürmüş əyanlarını öldürdü.  4 Ancaq Musanın Qanun kitabında yazıldığı kimi qatillərin oğullarını öldürmədi, çünki Rəbb əmr edib demişdi: «Oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs öz günahına görə ölməlidir».  5Amasya Yəhudalıları topladı, nəsillərinə görə bütün Yəhudalıları və Binyaminliləri minbaşıların və yüzbaşıların başçılığı altında düzdü. İyirmi yaşda və ondan yuxarı olanları yığıb onların arasından nizə və sipər daşıyan, döyüşmək bacaran üç yüz min adam seçdi.  6Yüz talant gümüşə İsraildən yüz min igid döyüşçünü də muzdla tutdu.  7Ancaq bir Allah adamı gəlib ona dedi: «Ey padşah, qoy İsrail ordusu səninlə bərabər getməsin, çünki Rəbb İsraillilərlə, bütün bu Efrayimlilərlə deyil.  8Əgər getsən, tək get, döyüşdə cəsarətli ol, amma Allah səni düşmənin önündə büdrədəcək, çünki Allahda yardım etməyə və büdrətməyə qüdrət var».  9Amasya Allah adamına dedi: «Ancaq İsrail ordusuna verdiyim yüz talant üçün nə edim?» Allah adamı dedi: «Rəbb sənə bundan artığını verə bilər».  10Amasya Efrayimdən yanına gələn ordunu yerlərinə getmək üçün ayırdı. Bundan ötrü Yəhudaya qarşı onların qəzəbi alovlandı və qızğın qəzəblə yerlərinə qayıtdılar.  11Amasya cəsarətləndi və xalqını götürüb Duz dərəsinə getdi, Seirlilərdən on min nəfəri qırdı.  12Yəhudalılar sağ qalan daha on min nəfəri əsir aldılar, onları qayanın başına gətirib oradan aşağı atdılar. Onların hamısı parça-parça oldu.  13Ancaq özü ilə birgə döyüşə getməsinlər deyə Amasyanın geri göndərdiyi ordunun əsgərləri Samariyadan Bet-Xorona qədər Yəhuda şəhərlərinə basqın etdilər. Onlardan üç min nəfəri qırdılar və qarət olunmuş çoxlu qənimət ələ keçirdilər.  14Amasya Edomluları qırıb gəldikdən sonra Seirlilərin bütlərini gətirib onları özü üçün allahlar olaraq qoydu. O bunların önündə səcdə etdi və onlara buxur yandırdı.  15Amasyaya qarşı Rəbbin qəzəbi alovlandı və onun yanına bir peyğəmbər göndərdi. Bu peyğəmbər ona dedi: «Nə üçün o xalqın allahlarına üz tutdun? Onlar öz xalqlarını sənin əlindən qurtara bilmədilər».  16Bunu söyləyərkən Amasya ona dedi: «Məgər səni padşaha məsləhətçi qoymuşuq? Sus, ölməkmi istəyirsən?» Peyğəmbər vaz keçib dedi: «Allahın səni məhv etməyə qərar verdiyini bilirəm, çünki bunu etdin və mənim məsləhətimə qulaq asmadın».  17Yəhuda padşahı Amasya məsləhətləşib İsrail padşahı Yehu oğlu Yehoaxaz oğlu Yoaşın yanına xəbər göndərib dedi: «Gəl, qarşılaşaq».  18İsrail padşahı Yoaş Yəhuda padşahı Amasyaya cavab verib dedi: «Livanda olan qanqal oradakı sidr ağacına xəbər göndərib “qızını oğluma arvad olmaq üçün ver” dedi. Amma Livanda olan bir çöl heyvanı keçərək qanqalı tapdaladı.  19Sən “Edomluları qırdım” deyərək ürəyin qürurlanıb, bununla öyünürsən. İndi öz evində otur. Nə üçün sən Yəhudalılarla birlikdə bəlaya düşmək üçün münaqişəyə atılırsan?»  20Ancaq Amasya qulaq asmadı. Bu iş onları Yoaşın əlinə təslim etmək üçün Allahdan oldu, çünki Amasya Edomun allahlarına üz tutmuşdu.  21İsrail padşahı Yoaş çıxıb Yəhuda padşahı Amasya ilə Yəhudada olan Bet-Şemeşdə qarşılaşdı.  22Yəhudalılar İsraillilərin önündə məğlub oldu və hər kəs öz evinə qaçdı.  23İsrail padşahı Yoaş Yəhuda padşahı Axazya oğlu Yoaş oğlu Amasyanı Bet-Şemeşdə tutub onu Yerusəlimə gətirdi. O, şəhər divarının Efrayim darvazasından Künc darvazasına qədər dörd yüz qulacını uçurdu.  24Bütün qızıl-gümüşü, Allahın məbədində Oved-Edomun ixtiyarında olan bütün əşyaları, sarayın xəzinələrini apardı. Girov olaraq tutduğu adamları da götürüb Samariyaya qayıtdı.  25Yəhuda padşahı Yoaş oğlu Amasya İsrail padşahı Yehoaxaz oğlu Yoaşın ölümündən sonra on beş il yaşadı.  26Amasyanın qalan işləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır.  27Amasya Rəbbin yolundan azdığı vaxtdan başlayaraq Yerusəlimdə ona qarşı qəsd hazırladılar. O, Lakişə qaçdı, ancaq Lakişə onun dalınca adamlar göndərdilər və orada onu öldürdülər.  28Onu atlar üstündə gətirib Yəhuda şəhərində, atalarının yanında basdırdılar.

YUXARI

2 Salnamələr 26

1Bütün Yəhuda xalqı on altı yaşlı Uzziyanı götürüb atası Amasyanın yerinə padşah etdi.  2Padşah ataları ilə uyuduqdan sonra o, Elatı Yəhudaya qaytarıb onu tikdi.

Yəhuda padşahı Uzziya

(2Pad. 15:1-7)

3Uzziya padşah olduğu vaxt on altı yaşında idi və Yerusəlimdə əlli iki il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yekolya idi.  4Uzziya atası Amasyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.  5Allahdan qorxmağı öyrədən Zəkəriyyənin ömrü boyu Uzziya Allahı axtarırdı və Rəbbi axtardığı dövrdə Allah onun işini avand etdi.  6O çıxıb Filiştlilərə qarşı döyüşdü və Qat, Yavne və Aşdod şəhərlərinin divarlarını yıxdı. Aşdod torpağında və Filiştlilər arasında şəhərlər tikdi.  7Filiştlilərə, Qur-Baalda yaşayan Ərəblərə və Maonlulara qarşı Allah ona yardım etdi.  8Ammonlular Uzziyaya vergi verirdilər. Onun şöhrəti Misirin girəcəyinə qədər yayıldı, çünki get-gedə çox güclü oldu.  9Uzziya Yerusəlimdə Künc və Dərə darvazaları, divarın küncü üzərində möhkəm qüllələr düzəltdi.  10O, çöldə də qüllələr düzəltdi və çoxlu su anbarı üçün yer qazdı, çünki yamaclı-düzənlikli bölgədə və düzənlikdə çoxlu heyvanları vardı. Dağlarda və Karmeldə əkinçilər və üzümçülər qoydu, çünki torpağı çox sevərdi.  11Uzziyanın döyüşməyi bacaran ordusunda qayda belə idi. Padşahın qoşun başçılarından biri olan Xananyanın nəzarəti altında ordu mirzə Yeielin və məmur Maaseyanın düzdüyü dəstələrin saylarına görə dəstə-dəstə döyüşə çıxardı.  12Nəsil başçılarının ümumi sayı iki min altı yüz nəfər igid döyüşçü idi.  13Onların əli altında düşmənə qarşı padşaha yardım etmək üçün böyük igidliklə döyüşən üç yüz yeddi min beş yüz nəfərlik hərbi qüvvə vardı.  14Uzziya bütün ordu üçün qalxanlar, nizələr, dəbilqələr, zirehlər, kamanlar və sapand daşları hazırladı.  15Yerusəlimdə oxlar və böyük daşlar atmaq üçün məharətli adamların icad etdiyi mancanaqlar düzəldib qüllələr və künclər üzərinə qoydu. Onun şöhrəti uzaqlara yayıldı, çünki ona möcüzəli şəkildə kömək olunduğuna görə çox möhkəmləndi.  16Ancaq Uzziya qüvvətlənəndə öz həlakı üçün onun ürəyi qürurlandı. Allahı Rəbbə qarşı xainlik edərək buxur qurbangahı üzərində buxur yandırmaq üçün Rəbbin məbədinə daxil oldu.  17Kahin Azarya və onunla bərabər Rəbbin səksən igid kahini onun ardınca girdi.  18 Padşah Uzziyaya qarşı durdular və ona dedilər: «Ey Uzziya, Rəbbə buxur yandırmaq sənin işin deyil, buxur yandırmaq üçün təqdis edilmiş Harun nəslindən olan kahinlərin işidir, Müqəddəs məkandan çıx, çünki xainlik etdin və bu iş Rəbb Allahdan sənə izzət gətirməyəcək».  19Uzziya qəzəbləndi. Buxur yandırmaq üçün onun əlində buxurdan vardı. Kahinlərə qarşı qəzəbləndikdə onların önündə Rəbbin məbədində, buxur qurbangahının yanında alnından cüzama tutuldu.  20Başçı kahin Azarya və bütün kahinlər ona baxıb alnından cüzama tutulduğunu gördülər. Onu oradan tez bayıra çıxartdılar. Özü də çıxmağa tələsdi, çünki Rəbb ona bəla göndərmişdi.  21Padşah Uzziya ölüm gününə qədər cüzamlı qaldı. O başqa bir evdə yaşayırdı, çünki cüzamlı olduğu üçün Rəbbin məbədindən uzaqlaşdırıldı. Onun oğlu Yotam isə saray üzərində olaraq ölkə xalqına hökm edirdi.  22Uzziyanın qalan işləri barədə, ilk işlərindən son işlərinə qədər Amots oğlu peyğəmbər Yeşaya yazmışdır.  23 Uzziya ataları ilə uyudu və onu padşahların qəbiristanlığında, atalarının yanında basdırdılar, çünki «cüzamlıdır» dedilər. Onun yerinə oğlu Yotam padşah oldu.

YUXARI

2 Salnamələr 27

Yəhuda padşahı Yotam

(2Pad. 15:32-38)

1Yotam padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. Anası Sadoqun qızı Yeruşa idi.  2Yotam atası Uzziyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi, ancaq Rəbbin məbədinin böyük otağına girmədi. Xalq hələ də pozğunluq edirdi.  3O, Rəbbin məbədinin yuxarı darvazasını düzəltdi, Ofel divarında çoxlu tikinti işi gördü.  4Yəhudanın dağlıq bölgəsində şəhərlər, meşələrdə qalalar və qüllələr tikdi.  5Yotam Ammonlular padşahına qarşı vuruşdu və onları məğlub etdi. Ammonlular ona o il yüz talant gümüş və on min kor buğda, on min kor arpa verdi. İkinci və üçüncü il də Ammonlular ona bu qədər ödədi.  6Yotam qüvvətləndi, çünki Allahı Rəbbin önündə öz yollarını düzəltmişdi.  7Yotamın qalan işləri, bütün döyüşləri və əməlləri barədə İsrail və Yəhuda padşahlarının kitabında yazılmışdır.  8O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi.  9Yotam ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Onun yerinə oğlu Axaz padşah oldu.

YUXARI

2 Salnamələr 28

Yəhuda padşahı Axaz

(2Pad. 16:1-6)

1Axaz padşah olduğu vaxt iyirmi yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. O, babası Davuddan fərqli olaraq Rəbbin gözündə doğru olan işlər etmədi.  2Axaz İsrail padşahlarının yolları ilə getdi, həm də Baallar üçün tökmə bütlər düzəltdi.  3Ben-Hinnom dərəsində buxur yandırdı və Rəbbin İsrail övladları önündən qovduğu millətlərin iyrənc əməllərini edərək oğullarını odda yandırdı.  4O, səcdəgahlarda, təpələr üzərində və hər kölgəli ağac altında qurban gətirər və buxur yandırardı.  5 Bundan ötrü Allahı Rəbb onu Aram padşahına təslim etdi. Aramlılar onu məğlub edib çoxlu əsir götürdülər və onları Dəməşqə gətirdilər. Özü də İsrail padşahına təslim edildi. O da onu böyük tələfatla məğlub etdi.  6Remalya oğlu Peqah Yəhudada yüz iyirmi min adamı bir gündə öldürdü, hamısı igid adam idi. Çünki onlar atalarının Allahı Rəbbi tərk etmişdi.  7Efrayimli bir igid olan Zikri padşahın oğlu Maaseyanı və saray rəisi Azriqamı, padşahdan sonra ikinci adam olan Elqananı da öldürdü.  8İsraillilər öz qohumlarından qadınlar, oğullar, qızlar, iki yüz min nəfər əsir götürdü, həm də onlardan çoxlu qənimət götürüb Samariyaya apardılar.  9Ancaq orada Rəbbin bir peyğəmbəri vardı, adı Oded idi. O, Samariyaya gələn ordunun qarşısına çıxdı və onlara dedi: «Budur, atalarınızın Allahı Rəbb Yəhudaya qarşı qəzəbləndiyi üçün onları sizə təslim etdi, siz də göylərə çatan qəzəblə onları öldürdünüz.  10İndi Yəhuda və Yerusəlim xalqını kölə və cariyə olaraq özünüzə tabe etmək istəyirsiniz. Ancaq sizin də Allahınız Rəbbə qarşı təqsiriniz yoxdurmu?  11İndi mənə qulaq asın! Qohumlarınızdan aldığınız əsirləri geri göndərin, çünki Rəbbin qızğın qəzəbi üzərinizdədir».  12Efrayimlilərin başçılarından olan Yehoxanan oğlu Azarya, Meşillemot oğlu Berekya, Şallum oğlu Yexizqiya və Xadlay oğlu Amasa döyüşdən gələnlərə qarşı qalxıb dedi:  13«Əsirləri buraya gətirməyin, çünki etmək istədiyiniz şey Rəbbə qarşı üzərimizə təqsir gətirməklə günahlarımızı və təqsirlərimizi artıracaq. Onsuz da təqsirimiz çoxdur və İsrail üzərinə qızğın qəzəb var».  14Silahlı əsgərlər əsirləri və qəniməti rəislərin və bütün camaatın önünə qoydular.  15Adları çəkilən adamlar qalxdı və əsirləri götürüb onlardan çılpaq olanların hamısını qənimətdən götürülmüş paltar və çarıqla geyindirdilər. Onları yedirib-içirdilər və onlara yağ sürtdülər, zəif olanların hamısını eşşəklərə mindirdilər və onları xurma ağacları şəhəri Yerixoya – qohumlarının yanına apardılar və sonra Samariyaya qayıtdılar.

Axazın padşahlığının sonu

(2Pad. 16:7-9)

16O zaman padşah Axaz özü üçün kömək istəyərək Aşşur padşahlarına xəbər göndərdi.  17Çünki yenə Edomlular gəlib Yəhudalıları məğlub edib əsir götürmüşdülər.  18Filiştlilər də yamaclı-düzənlikli bölgədə və Yəhudanın cənubunda olan şəhərlərə basqın etdilər. Bet-Şemeşi, Ayyalonu, Gederotu və Soko ilə qəsəbələrini, Timna ilə qəsəbələrini və Gimzo ilə qəsəbələrini almışdılar və orada yaşayırdılar.  19Beləcə İsrail padşahı Axazın üzündən Rəbb Yəhudanı alçaltmışdı, çünki o, Yəhudada azğınlıq edib Rəbbə qarşı çox xainlik etmişdi.  20Aşşur padşahı Tiqlat-Pileser onun üstünə gəlib kömək etmək əvəzinə onu sıxışdırdı.  21Axaz Rəbbin məbədindən, saraydan və rəislərin evlərindən pay toplayıb onu Aşşur padşahına vermişdi. Ancaq bu ona kömək etmədi.  22Bu padşah Axaz sıxıntılı vaxtında Rəbbə qarşı xainliyi artırdı.  23Onu məğlub edən Dəməşqlilərin bütlərinə qurban kəsdi və dedi: «Madam ki Aram padşahlarının allahları onlara kömək etdilər, mən də onlara qurban kəsəcəyəm ki, mənə də kömək etsinlər». Ancaq bunlar onun və bütün İsrailin büdrəməsinə səbəb oldu.  24Axaz Allahın məbədinin əşyalarını yığıb parçaladı və Rəbbin məbədinin qapılarını bağladı. Yerusəlimin hər küncündə özü üçün qurbangahlar,  25Yəhudanın hər şəhərində başqa allahlara buxur yandırmaq üçün səcdəgahlar düzəltdi. Beləcə atalarının Allahı Rəbbi qəzəbləndirdi.  26Onun qalan işləri və bütün əməlləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır.  27 Axaz ataları ilə uyudu və onu Yerusəlim şəhərində basdırdılar. Onu İsrail padşahlarının qəbirlərinə qoymadılar. Onun yerinə oğlu Xizqiya padşah oldu.

YUXARI

2 Salnamələr 29

Yəhuda padşahı Xizqiya

(2Pad. 18:1-3)

1Xizqiya padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Zəkəriyyə qızı Aviya idi.  2Xizqiya babası Davudun etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.

Məbədin təmizlənməsi

3Xizqiya padşahlığının birinci ilində, birinci ayda Rəbbin məbədinin qapılarını açdı və onları təmir etdi.  4Kahinləri və Levililəri içəri çağırdı, onları şərq meydanına topladı.  5Xizqiya onlara dedi: «Ey Levililər, məni dinləyin! İndi özünüzü və atalarınızın Allahı Rəbbin məbədini təqdis edin və müqəddəs yerdən murdar şeyləri çıxarın.  6Atalarımız Rəbbin gözündə xainlik və pis olan işlər edib Onu tərk etdilər. Rəbbin məskənindən üz döndərib Ona arxa çevirdilər.  7Eyvanın qapılarını bağladılar, çıraqları söndürdülər, İsrail Allahının müqəddəs yerində buxur yandırmadılar və yandırma qurbanları gətirmədilər.  8Yəhuda və Yerusəlim üzərinə Rəbbin qəzəbi gəldi və gözlərinizlə gördüyünüz kimi onları dəhşət, heyrət və təhqir hədəfinə çevirdi.  9Ona görə də atalarımız qılıncla öldürülmüş, oğullarımız, qızlarımız və arvadlarımız əsirlikdədir.  10İndi isə İsrailin Allahı Rəbb ilə əhd bağlamağı ürəyimə qoydum ki, Öz qızğın qəzəbini bizdən döndərsin.  11Oğullarım, laqeyd olmayın, çünki Rəbb sizi seçib ki, Onun önündə xidmət edəsiniz və Onun buxur yandıran xidmətçiləri olasınız».  12Levililərdən bu adamlar qalxdı: Qohat nəslindən Amasay oğlu Maxat və Azarya oğlu Yoel; Merari nəslindən Avdi oğlu Qiş və Yehallelel oğlu Azarya; Gerşon nəslindən Zimma oğlu Yoah və Yoah oğlu Eden;  13Elisafan nəslindən Şimri və Yeiel; Asəf nəslindən Zəkəriyyə və Mattanya;  14Heman nəslindən Yexiel, Şimeyi və Yedutun nəslindən Şemaya və Uzziel.  15Onlar qohumlarını topladı və özlərini təqdis etdi. Padşahın əmr etdiyi kimi Rəbbin sözünə görə Rəbbin məbədini təmizləmək üçün getdilər.  16Kahinlər isə Rəbbin məbədinin içərisinə girib oranı təmizlədilər və böyük otaqda tapdıqları bütün murdar şeyləri məbədin həyətinə çıxartdılar. Levililər isə onları götürüb bayıra, Qidron vadisinə apardı.  17Birinci ayın birinci günündə təqdisetmə işinə başladılar və həmin ayın səkkizinci günündə Rəbbin eyvanına qədər çatdılar. Səkkiz gün Rəbbin məbədini təqdis etdilər və birinci ayın on altıncı günündə bitirdilər.  18Onlar padşah Xizqiyanın yanına girib dedilər: «Biz Rəbbin bütün məbədini, yandırma qurbanlarının gətirildiyi qurbangahını və onun bütün avadanlığını, təqdis çörəkləri qoyulan masanı və onun bütün ləvazimatını təmizlədik.  19Padşah Axaz padşah olanda xainlik edib tulladığı bütün əşyaları da hazırladıq və təqdis etdik. İndi onlar Rəbbin qurbangahı önündədir».  20Padşah Xizqiya səhər tezdən durdu və şəhərin rəislərini toplayıb Rəbbin məbədinə qalxdı.  21Padşahlıq, Müqəddəs məkan, Yəhudalılar üçün günah qurbanı olaraq yeddi buğa, yeddi qoç, yeddi quzu və yeddi təkə gətirdilər. O, Harun nəslindən olan kahinlərə əmr etdi ki, onları Rəbbin qurbangahında qurban gətirsinlər.  22Mal-qaranı kəsdilər və kahinlər qanı götürüb qurbangaha səpdilər, qoçları kəsdilər və qanı qurbangaha səpdilər, quzuları kəsdilər və qanı qurbangaha səpdilər.  23Təkələri isə günah qurbanı olmaq üçün padşahın və camaatın önünə gətirdilər və əllərini onların üstünə qoydular.  24Kahinlər onları kəsdi və qurbangahda günah qurbanı olaraq onların qanını bütün İsraillilərin günahlarını bağışlamaq üçün axıtdı. Çünki padşah əmr etmişdi ki, yandırma qurbanı və günah qurbanı bütün İsrail üçün gətirilsin.  25Davudun, padşahın görücüsü Qadın və peyğəmbər Natanın əmrinə görə Xizqiya Levililəri sinclərlə, çənglərlə və liralarla Rəbbin məbədinə qoydu. Bu əmr peyğəmbərlər vasitəsilə Rəbdən gəlmişdi.  26Levililər Davudun musiqi alətləri ilə, kahinlər kərənaylarla dayandı.  27Xizqiya əmr etdi ki, yandırma qurbanı qurbangahda təqdim edilsin. Yandırma qurbanının təqdimi başlananda kərənayların və İsrail padşahı Davudun musiqi alətlərinin sədası altında Rəbbin ilahisi də başlandı.  28Bütün camaat səcdə etdi, ilahiçilər ilahi oxudu, kərənay çalanlar çaldı. Bunların hamısı yandırma qurbanının təqdimi qurtarana qədər davam etdi.  29Yandırma qurbanının təqdimi qurtaranda padşah və yanında olanların hamısı əyilib səcdə etdi.  30Padşah Xizqiya və rəislər Levililərə əmr etdilər ki, Davudun və görücü Asəfin sözləri ilə Rəbbə həmd oxusunlar. Onlar sevinclə həmd oxudu və əyilib səcdə etdilər.  31Sonra Xizqiya dedi: «İndi özünüzü Rəbbə həsr etdiniz, yaxın gəlin, Rəbbin məbədinə qurbanlar və şükür təqdimləri gətirin». Camaat qurbanlar və şükür təqdimləri gətirdi, ürəyi istəyənlərin hamısı yandırma qurbanları təqdim etdi.  32Camaatın gətirdiyi yandırma qurbanlarının sayı yetmiş baş mal-qara, yüz qoç, iki yüz quzu idi. Bunların hamısı Rəbbə yandırma qurbanı gətirildi.  33Təqdis olunan heyvanların sayı isə altı yüz baş mal-qara və üç min baş qoyun-keçi idi.  34Ancaq kahinlər az idi və bütün yandırma qurbanlarının dərisini soya bilmədilər. İş qurtarana və kahinlər özlərini təqdis edənə qədər qohumları olan Levililər kahinlərə kömək etdilər. Çünki Levililər kahinlərdən artıq sidq ürəklə özlərini təqdis etmişdi.  35Ünsiyyət qurbanlarının yağı və yandırma qurbanları ilə birgə gətirilmiş tökmə təqdimlər də çox idi. Beləcə Rəbbin məbədinin xidməti bərpa olundu.  36Allahın xalq üçün gördüyü işinə görə Xizqiya və bütün xalq sevindi. Çünki bu iş gözlənilmədən olmuşdu.

YUXARI

2 Salnamələr 30

Pasxa bayramının keçirilməsi

1Xizqiya İsrailin Allahı Rəbbə Pasxa bayramı etmək üçün Yerusəlimdə olan Rəbbin məbədinə gəlsinlər deyə bütün İsraillilərə və Yəhudalılara xəbər göndərdi, Efrayimlilərə və Menaşşelilərə də məktublar yazdı.  2 Yerusəlimdə padşahla rəislər və bütün camaat Pasxa bayramını ikinci ayda keçirmək barədə qərara gəlmişdi.  3Çünki lazımi sayda kahin özünü təqdis etmədiyinə görə və xalq Yerusəlimə toplanmadığı üçün onu lazım olan vaxt edə bilməmişdilər.  4Ona görə də bu qərar padşahın və bütün camaatın gözündə doğru idi.  5Onlar gəlib Yerusəlimdə İsrailin Allahı Rəbbə Pasxa bayramı etsinlər deyə Beer-Şevadan Dana qədər bütün İsraildə elan etməyə qərar verdilər. Çünki çoxdan bəri bunu yazıldığı kimi etməmişdilər.  6Padşahın əmrinə görə çaparlar padşahın və rəislərin yazdığı məktublarla bütün İsrail və Yəhuda torpağını dolaşıb dedilər: «Ey İsrail övladları, İbrahimin, İshaqın və İsrailin Allahı Rəbbə qayıdın! O da sizə – Aşşur padşahlarının əlindən qaçıb qurtarmış, sağ qalan adamlarınıza tərəf qayıdacaq.  7Atalarının Allahı Rəbbə qarşı xainlik edən atalarınız və qohumlarınız kimi olmayın. Belə ki gördüyünüz kimi Rəbb onları tar-mar etdi.  8İndi atalarınız kimi dikbaş olmayın, Rəbbə tabe olun və Onun əbədi olaraq təqdis etdiyi Müqəddəs məkana gəlib Allahınız Rəbbə qulluq edin ki, qızğın qəzəbi sizdən dönsün.  9Siz Rəbbə qayıtdıqda qohumlarınız və oğullarınız onları əsir alanların önündə mərhəmət tapacaq və bu torpağa qayıdacaq. Çünki Allahınız Rəbb lütfkar və rəhmlidir; əgər Ona qayıtsanız, sizdən üz döndərməz».  10Çaparlar Efrayim və Menaşşe torpaqlarından Zevuluna qədər bu şəhərdən o şəhərə keçdi. Ancaq onlara güldülər və lağa qoydular.  11Amma Aşerdən, Menaşşedən və Zevulundan bəzi adamlar özlərini aşağı tutub Yerusəlimə gəldi.  12Yəhudalılara da Allah Öz əli ilə eyni ürək verdi ki, Rəbbin sözünə görə padşahın və rəislərin əmrlərini yerinə yetirsinlər.  13İkinci ay Mayasız Çörək bayramını Yerusəlimdə keçirmək üçün çoxlu xalq, böyük bir camaat toplandı.  14Qalxıb Yerusəlimdə olan qurbangahları və bütün buxur qurbangahlarını ləğv etdilər və Qidron vadisinə atdılar.  15İkinci ayın on dördüncü günü Pasxa qurbanlarını kəsdilər. Kahinlərlə Levililər utanıb özlərini təqdis etdilər və Rəbbin məbədinə yandırma qurbanları gətirdilər.  16Allah adamı Musanın Qanununda yazılmış qaydalarına görə öz yerlərində durdular. Kahinlər Levililərdən aldıqları qanı səpdilər.  17Çünki camaat içində özlərini təqdis etməmiş çox adam olduğuna görə Rəbbə təqdis etmək üçün təmiz olmayan hər adamın Pasxa qurbanını kəsmək işi Levililərin öhdəsində idi.  18Çünki xalqın böyük bir hissəsi, Efrayim və Menaşşe, İssakar və Zevulun qəbilələrindən bir çoxu özlərini təmizləyib yazılanlara uyğun olmayaraq öz Pasxa qurbanlarından yedi.  19Xizqiya onlar üçün dua edib demişdi: «Qoy xeyirxah olan Allah müqəddəs yer üçün təmiz olmadıqları halda sidq ürəklə Allahı, atalarının Allahı Rəbbi axtarmağa hazırlaşmış hər kəsi bağışlasın».  20Rəbb Xizqiyanı eşitdi və xalqa şəfqət göstərdi.  21Yerusəlimdə olan İsraillilər yeddi gün Mayasız Çörək bayramını böyük sevinclə keçirdilər. Levililər və kahinlər yüksək səsli musiqi alətləri ilə hər gün Rəbbə həmd edirdilər.  22Xizqiya Rəbbin xidmətində bacarıqlı olan bütün Levililəri ruhlandırdı. Onlar ünsiyyət qurbanlarını kəsərək və atalarının Allahı Rəbbə şükürlər edərək yeddi gün bayram yeməyi yedilər.  23Bütün camaat belə qərara gəldi ki, daha yeddi gün də bayram olsun. Yeddi günü də sevinclə keçirdilər.  24Yəhuda padşahı Xizqiya camaata təqdim etmək üçün min buğa və yeddi min baş qoyun-keçi, rəislər isə camaata min buğa və on min qoyun-keçi verdilər. Bir çox kahin özünü təqdis etdi.  25Bütün Yəhuda camaatı, kahinlər, Levililər, İsraildən gələn bütün camaat və İsrail torpağından olan və Yəhudada yaşayan qəriblər sevindi.  26Yerusəlim böyük sevinc içində idi, çünki İsrail padşahı Davud oğlu Süleymanın dövründən bəri Yerusəlimdə belə bayram olmamışdı.  27Levili kahinlər qalxıb xalqa xeyir-dua verdi, Allah onların səslərini eşitdi, çünki duaları Onun müqəddəs məskəninə – göylərə çatdı.

YUXARI

2 Salnamələr 31

1Bütün bu iş qurtaranda orada olan bütün İsraillilər Yəhuda şəhərlərinə çıxıb daş sütunları sındırdı, Aşera bütlərini kəsdi. Bütün Yəhuda və Binyamin, Efrayim, Menaşşe torpaqlarında olan səcdəgahları və qurbangahları axıra qədər dağıtdılar. Sonra bütün İsrail övladları öz şəhərlərinə, hər kəs öz mülkünə qayıtdı.

Xizqiya kahinlərin və Levililərin qayğısına qalır

2Xizqiya kahinləri və Levililəri bölmələrə ayırdı və hər kəsi öz işinə uyğun olan bölməyə təyin etdi. O, Rəbbin darvazalarla hasarlanmış yerində yandırma və ünsiyyət qurbanlarını gətirmək, xidmət etmək, şükür və həmd oxumaq üçün kahinləri və Levililəri qoydu.  3 Rəbbin Qanununda yazıldığına görə yandırma qurbanları – səhər və axşamın yandırma qurbanları, Şənbə günlərinin, Təzə Ay mərasimlərinin və bayramların yandırma qurbanları üçün padşah öz malından pay ayırdı.  4 Kahinlər və Levililər özlərini Rəbbin Qanununa həsr etsinlər deyə onların payını verməyi Yerusəlimdə yaşayan xalqa əmr etdi.  5Bu əmr hər yana yayılanda İsrail övladları taxılın, təzə şərabın, yağın, balın və bütün tarla məhsullarının nübarından bol-bol verdi. Hər şeyin onda birini bol-bol gətirdilər.  6Yəhuda şəhərlərində yaşayan İsraillilər və Yəhudalılar mal-qaranın və qoyun-keçinin onda birini, özlərinin Allahı Rəbbə təqdis olunan müqəddəs şeylərin onda birini də gətirdilər və qalaq-qalaq verdilər.  7Üçüncü ayda bunları qalaqlarla üst-üstə yığmağa başladılar və yeddinci ayda qurtardılar.  8Xizqiya və rəislər gəlib qalaqları gördülər, Rəbbə və Onun xalqı İsrailə minnətdarlıqlarını bildirdilər.  9Xizqiya bu qalaqlar barədə kahinlərdən və Levililərdən soruşdu.  10Sadoqun nəslindən olan başçı kahin Azarya ona belə cavab verdi: «Rəbbin məbədinə nəzirlər gətirilən vaxtdan bəri biz yeyib doyuruq, hələ artıq da qalır. Çünki Rəbb Öz xalqına bərəkət verdi və bu bol şeylər də artıq qaldı».  11Xizqiya əmr etdi ki, Rəbbin məbədindəki otaqları hazırlasınlar. Onlar hazırladılar.  12Nəzirləri, onda birləri və təqdis olunan şeyləri sədaqətlə oraya gətirib saxladılar. Bu şeyləri rəis olan Levili Konanya və müavini olan qardaşı Şimey saxlayırdı.  13Yexiel, Azazya, Naxat, Asahel, Yerimot, Yozavad, Eliel, İsmakya, Maxat və Benaya da padşah Xizqiyanın və Allahın məbədində rəis olan Azaryanın əmrinə görə Konanyanın və qardaşı Şimeyin əli altında məmur idi.  14Şərq darvazasında qapıçı olan Levili İmna oğlu Qore Rəbbə verilən nəzirlər və ən müqəddəs şeyləri paylamaqdan ötrü Allah üçün verilən könüllü təqdimlərə nəzarət edirdi.  15Onun başçılığı altında olan Edenə, Minyaminə, Yeşuaya, Şemayaya, Amaryaya və Şekanyaya bölmələrinə görə kahin şəhərlərində böyükdən kiçiyə qədər bu qohumlarına paylarını bölmək işi tapşırılmışdı:  16nəsil şəcərələrinə baxmayaraq, üç yaşında və ondan yuxarı yaşda olan, vəzifələrinə və bölmələrinə görə gündəlik xidmət işi üçün Rəbbin məbədinə girən kişilərin hamısı;  17nəsil şəcərələrində yazıldığı kimi nəsillərinə görə kahinlər, vəzifələrinə, həm də bölmələrinə görə iyirmi yaşında və ondan yuxarı yaşda olan Levililər;  18nəsil şəcərələrinə görə bütün camaatın uşaqları, arvadları, oğul və qızları – çünki onlar özlərini sədaqətlə müqəddəs xidmət üçün təqdis etmişdilər –  19öz şəhərlərinin ətraf çöllərində yaşayan Harun nəslindən kahinlər. Hər şəhərdə adları çəkilən adamlar qoyulmuşdu ki, kahinlər arasındakı bütün kişilərə və Levililər arasında nəsil şəcərələrində yazılanların hamısına pay versinlər.  20Xizqiya bütün Yəhudada belə etdi, Allahı Rəbbin önündə yaxşı, doğru və sədaqətli işlər gördü.  21O öz Allahını axtararaq Allahın məbədinin xidmətində, qanuna və əmrlərə əməl etməkdə başladığı hər işi bütün qəlbi ilə icra etdi və uğur qazandı.

YUXARI

2 Salnamələr 32

Sanxerivin hücumu

(2Pad. 18:13-37; 19:14-19,35-37; Yeş. 36:1-22; 37:8-38)

1Bu sədaqətli işlərdən sonra Aşşur padşahı Sanxeriv gəlib Yəhudaya girdi. O, qalalı şəhərlərə qarşı ordugah qurdu və onları ələ keçirmək istədi.  2Xizqiya Sanxerivin Yerusəlim üzərinə döyüşmək üçün gəldiyini gördükdə  3şəhərdən kənarda olan su mənbələrini kəsmək üçün öz rəisləri və sərkərdələri ilə məsləhətləşdi və onlar Xizqiyaya kömək etdi.  4Çoxlu xalq yığıldı və «Aşşur padşahları nə üçün gəlib çoxlu su tapsınlar?» deyib bütün su mənbələrinin və ölkədən axan çayların yollarını kəsdilər.  5Xizqiya cəsarətləndi, divarın bütün uçmuş yerlərini tikdi və onun üstündə qüllələr düzəltdi. Bayır tərəfdən başqa bir divar da tikdi, Davudun şəhərində olan qala yamacını da möhkəmləndirdi. Çoxlu silah və qalxan düzəltdi.  6O, xalqın üzərinə sərkərdələr qoydu, onları şəhər darvazası meydanında yanına topladı və onları ürəkləndirib dedi:  7«Möhkəm və cəsarətli olun. Aşşur padşahından və onun yanında olan çoxlu qoşundan qorxmayın, ruhdan düşməyin, çünki bizimlə olan onunla olandan böyükdür.  8Onunla olan insan gücüdür, ancaq bizimlə olan Allahımız Rəbdir ki, bizə kömək edir və müharibələrimizdə vuruşur». Xalq Yəhuda padşahı Xizqiyanın sözlərindən ürəkləndi.  9Bundan sonra Aşşur padşahı Sanxeriv yanında olan bütün qərargahı ilə Lakişin qarşısında dayanarkən Yerusəlimə, Yəhuda padşahı Xizqiyanın və Yerusəlimdə olan bütün Yəhudalıların yanına adamlarını göndərdi və onlar dedi:  10«Aşşur padşahı Sanxeriv belə deyir: “Siz nəyə güvənirsiniz ki, Yerusəlimdə mühasirəyə oturursunuz?  11‹Allahımız Rəbb bizi Aşşur padşahının əlindən qurtaracaq› deyən Xizqiya sizi aclıqla və susuzluqla ölümə vermək üçün azdırmırmı?  12O həmin Allahın səcdəgahlarını və qurbangahlarını aradan qaldıran, Yəhudaya və Yerusəlimə ‹bir qurbangahın önündə səcdə edəcəksiniz və onun üzərində buxur yandıracaqsınız› deyə əmr edən Xizqiyanın özü deyildimi?  13Bütün ölkələrin xalqlarına mənim və atalarımın nə etdiyini bilmirsinizmi? O ölkələrin millətlərinin allahları öz torpaqlarını mənim əlimdən qurtara bildilərmi?  14Atalarımın tamamilə məhv etdikləri o millətlərin bütün allahları arasında hansı biri öz xalqını əlimdən qurtara bildi ki, Allahınız sizi mənim əlimdən qurtara bilsin?  15Qoy indi Xizqiya sizi aldatmasın və bu cür azdırmasın, ona inanmayın. Çünki heç bir millətin və heç bir ölkənin allahlarından heç biri öz xalqını mənim və atalarımın əlindən qurtara bilmədi. Sizin Allahınız da sizi mənim əlimdən qurtara bilməyəcək!”»  16Sanxerivin adamları Rəbb Allaha və Onun qulu Xizqiyaya qarşı hələ çox şeylər söylədi.  17O özü də İsrailin Allahı Rəbbi təhqir etmək üçün yazdığı məktublarda Ona qarşı belə dedi: «Ölkələrin millətlərinin allahları öz xalqlarını necə əlimdən qurtara bilmədilərsə, Xizqiyanın Allahı da xalqını mənim əlimdən qurtara bilməyəcək».  18Onun adamları şəhəri almaq üçün divar üzərində olan Yerusəlim xalqını qorxudub dəhşətə salsınlar deyə onlara tərəf uca səslə Yəhudi dilində bağırdılar.  19Yer üzü xalqlarının insan əllərinin işi olan allahlarına qarşı dedikləri sözləri Yerusəlimin Allahına qarşı da söylədilər.  20Bundan ötrü padşah Xizqiya və peyğəmbər Amots oğlu Yeşaya dua edib göyə fəryad etdilər.  21Rəbb bir mələk göndərdi və o, Aşşur padşahının ordugahında olan bütün igid döyüşçüləri, sərkərdələri və rəisləri məhv etdi. Aşşur padşahı biabırçılıqla öz ölkəsinə qayıtdı. O öz allahının məbədinə girdi və orada öz doğma oğullarından bəzisi onu qılıncla öldürdü.  22Beləcə Rəbb Xizqiyanı və Yerusəlimdə yaşayanları Aşşur padşahı Sanxerivin və bütün başqalarının əlindən qurtardı və onları hər tərəfdən qorudu.  23Onda çoxlu adam Yerusəlimə, Rəbbə hədiyyələr və Yəhuda padşahı Xizqiyaya dəyərli şeylər gətirdi. Bundan sonra Xizqiya bütün millətlərin gözündə ucaldı.

Xizqiyanın padşahlığının sonu

(2Pad. 20:1-3,12-21; Yeş. 38:1-3)

24 O günlərdə Xizqiya ölümcül xəstələndi. O, Rəbbə dua etdi, Rəbb də ona cavab verdi və ona bir əlamət göstərdi.  25Ancaq Xizqiya ona edilən yaxşılığın əvəzini ödəmədi. Çünki ürəyi qürurlanmışdı, buna görə də özünün, Yəhudanın və Yerusəlimin üzərinə Allahın qəzəbi gəldi.  26Amma Xizqiya ürəyinin qürurundan əl çəkib özünü aşağı tutdu, Yerusəlimdə yaşayanlar da belə etdi. Buna görə də Xizqiyanın dövründə onların üzərinə Rəbbin qəzəbi gəlmədi.  27Xizqiyanın olduqca çoxlu sərvəti və şöhrəti vardı. O özünə qızıl-gümüş, qiymətli daşlar, ətriyyat, qalxanlar və hər cür qiymətli əşya üçün xəzinələr tikdi.  28Buğda, təzə şərab və yağ məhsulları üçün anbarlar, hər cür heyvan üçün axurlar və sürülər üçün ağıllar tikdi.  29O özü üçün şəhərlər də tikdi. Onun çoxlu qoyun-keçisi və mal-qarası vardı. Çünki Allah ona lap çox mal-dövlət vermişdi.  30Həmin Xizqiya Gixon sularının yuxarı mənbəyini bağladı və onları yer altından qərbə doğru, Davudun şəhərinə keçirdi. Xizqiya bütün işlərində uğur qazandı.  31Ancaq Babil hökmdarlarının ölkədə baş verən əlamət barədə soruşmaq üçün göndərdiyi elçilər gəldiyi zaman bu işdə Allah sınağa çəkib ürəyində olan hər şeyi bilmək üçün onu tərk etdi.  32Xizqiyanın qalan işləri və sədaqətli əməlləri barədə peyğəmbər Amots oğlu Yeşayanın peyğəmbərliklərində, Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır.  33Xizqiya ataları ilə uyudu və onu Davud sülaləsinin qəbirlərinin yuxarısında basdırdılar. Öldüyü zaman bütün Yəhudalılar və Yerusəlimdə yaşayanlar ona ehtiram göstərdilər. Onun yerinə oğlu Menaşşe padşah oldu.

YUXARI

2 Salnamələr 33

Yəhuda padşahı Menaşşe

(2Pad. 21:1-9)

1Menaşşe padşah olduğu vaxt on iki yaşında idi və Yerusəlimdə əlli beş il padşahlıq etdi  2 O, İsrail övladlarının önündən Rəbbin qovduğu millətlərin etdikləri iyrənc işlər kimi Rəbbin gözündə pis olan işlər etdi.  3Atası Xizqiyanın dağıtdığı səcdəgahları yenidən tikdi, Baal bütləri üçün qurbangahlar qurdu və Aşera bütləri düzəltdi, bütün səma cisimlərinə səcdə və qulluq etdi.  4 Rəbbin «adım əbədi olaraq Yerusəlimdə qalacaq» dediyi məbədində qurbangahlar tikməyə başladı.  5Menaşşe Rəbbin məbədinin hər iki həyətində bütün səma cisimlərinə qurbangahlar düzəltdi.  6O, oğullarını Ben-Hinnom dərəsində oda qurban verdi, gələcəyi dedi, baxıcılıq və cadugərlik edib cindarlara və ruhçağıranlara müraciət etdi. Rəbbin gözündə çoxlu pis işlər görərək Onu qəzəbləndirdi.  7 Düzəltdiyi oyma bütü Allahın məbədinə qoydu. Bu məbəd barədə Allah Davuda və oğlu Süleymana demişdi: «Bu məbəddə və bütün İsrail qəbilələrindən seçdiyim Yerusəlimdə Öz adımı əbədi qoyacağam.  8Əgər Mənim onlara buyurduğum hər şeyə və Musa vasitəsilə onlara verilən bütün qanuna, qaydalara və hökmlərə əməl etsələr, İsrail övladlarının atalarına təyin etdiyim torpaqdan didərgin düşməyə qoymayacağam».  9Menaşşe Yəhudalıları və Yerusəlimdə yaşayanları İsrail övladları önündə Rəbbin məhv etdiyi millətlərdən də çox pis işlər etmək üçün yoldan çıxardı.  10Rəbb Menaşşe və onun xalqı ilə danışdı, amma onlar qulaq asmadı.  11Rəbb Aşşur padşahının ordu başçılarını onların üzərinə göndərdi. Onlar Menaşşeyə qandal və tunc zəncir vurub onu əsir aldılar və Babilə apardılar.  12O bu kədərində Allahı Rəbbə yalvardı və atalarının Allahı önündə özünü çox aşağı tutdu,  13Allaha dua etdi. Allah da onun duasını qəbul etdi və yalvarışını eşitdi, onu yenə Yerusəlimə – öz padşahlığına gətirdi. Onda Menaşşe bildi ki, Rəbb həqiqi Allahdır.  14Bundan sonra o, vadidə olan Gixonun qərb tərəfindən Balıqlar darvazasının girəcək yerinə qədər Davudun şəhərinə bayır tərəfdən bir divar tikdi, onunla Ofeli əhatəyə aldı və onu çox yüksəltdi. Yəhudanın bütün qalalı şəhərlərinə qoşun başçıları qoydu.  15Menaşşe özgə allahları, Rəbbin məbədindəki bütü, Rəbbin məbədinin dağında və Yerusəlimdə tikdiyi bütün qurbangahları aradan qaldırıb onları şəhərin bayırına atdı.  16O, Rəbbin qurbangahını təmir edib orada ünsiyyət və şükür qurbanları təqdim etdi və İsrailin Allahı Rəbbə qulluq etməyi Yəhudalılara əmr etdi.  17Bununla bərabər xalq hələ səcdəgahlarda qurban gətirirdi, hərçənd ki bunu özlərinin Allahı Rəbbə görə edirdi.  18Menaşşenin qalan işləri, öz Allahına duası və İsrailin Allahı Rəbbin adı ilə ona söz deyən görücülərin sözləri İsrail padşahlarının tarix kitabında yazılmışdır.  19Onun duası və duasının eşidildiyi, bütün günahları və xainliyi, özünü aşağı tutmazdan əvvəl səcdəgahlar tikib Aşera bütlərini və oyma bütləri qoyduğu yerlər barədə görücülərin tarix kitabında yazılmışdır.  20Menaşşe ataları ilə uyudu və onu öz evində basdırdılar. Onun yerinə oğlu Amon padşah oldu.

Yəhuda padşahı Amon

(2Pad. 21:19-26)

21Amon padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə iki il padşahlıq etdi.  22O, atası Menaşşenin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. Atası Menaşşenin düzəltdiyi bütün oyma bütlərə Amon da qurban kəsdi və onlara qulluq etdi.  23O, atası Menaşşedən fərqli olaraq özünü Rəbbin önündə aşağı tutmadı, əksinə, Amon get-gedə daha çox günah etdi.  24Əyanları ona qarşı qəsd hazırladı və onu öz sarayında öldürdülər.  25Ölkə xalqı padşah Amona qarşı qəsd hazırlayanların hamısını qırdı və onun yerinə oğlu Yoşiyanı padşah etdi.

YUXARI

2 Salnamələr 34

Yəhuda padşahı Yoşiya

(2Pad. 22:1-2)

1Yoşiya padşah olduğu vaxt səkkiz yaşında idi və Yerusəlimdə otuz bir il padşahlıq etdi.  2O, Rəbbin gözündə doğru olan işlər etdi, hər işdə babası Davudun yolları ilə gedərək onlardan kənara çıxmadı.  3Padşahlığının səkkizinci ilində hələ gənc ikən babası Davudun Allahını axtarmağa başladı. On ikinci ildə Yəhudanı və Yerusəlimi səcdəgahlardan, Aşera bütlərindən, oyma bütlərdən və tökmə bütlərdən təmizləməyə başladı.  4 Yoşiyanın önündə Baal bütlərinin qurbangahlarını dağıtdılar. Onların üzərində qoyulan buxur qurbangahlarını kəsib atdı. Aşera bütlərini, oyma bütləri və tökmə bütləri sındırdı, onları əzib toz etdi və bu bütlərə qurban gətirənlərin qəbirləri üzərinə səpdi.  5 Öz qurbangahlarında onların kahinlərinin sümüklərini yandırdı, beləcə Yəhudanı və Yerusəlimi təmizlədi.  6Yoşiya Menaşşe, Efrayim və Şimeon qəbilələrinin şəhərlərində və ətraf viranəliklərində də Naftali torpağına qədər qurbangahları dağıtdı.  7Aşera bütlərini və oyma bütləri toz edənə qədər əzdi, bütün İsrail ölkəsində buxur qurbangahlarının hamısını kəsib atdı, sonra Yerusəlimə qayıtdı.

Məbəddə Qanun kitabının tapılması

(2Pad. 22:3-20)

8Padşahlığının on səkkizinci ilində ölkəni və məbədi təmizlədikdən sonra Yoşiya Asalya oğlu Şafanı, şəhər rəisi Maaseyanı, salnaməçi Yoaxaz oğlu Yoahı öz Allahı Rəbbin məbədini təmir etmək üçün göndərdi.  9Onlar baş kahin Xilqiyanın yanına gəldi. Bütün qalan İsraillilərin – Menaşşelilərin, Efrayimlilərin, bütün Yəhudalıların, Binyaminlilərin və Yerusəlimdə yaşayanların Allahın məbədinə gətirdikləri, astanada keşik çəkən Levililərin yığdıqları pulu  10Rəbbin məbədinin işinə nəzarət edənlərə verdilər. Onlar da pulu məbədin uçuq yerlərini təmir etmək üçün Rəbbin məbədində olan işçilərə –  11dülgərlərə və ustalara verdilər ki, Yəhuda padşahlarının xaraba qoyduqları evlər üçün yonulmuş daş və rəzələrlə dirəklər üçün taxta alsınlar.  12Bu adamlar sədaqətlə iş gördülər. İşə nəzarət etmək üçün onların üzərinə Levililər – Merari nəslindən olan Yaxat və Avdiya, Qohat nəslindən olan Zəkəriyyə və Meşullam, hər biri musiqi alətlərində çala bilən Levililər qoyulmuşdu.  13Bunlar yük daşıyanların da üzərində idi və hər cür xidmətdə bütün işi görənlərə nəzarət edirdi. Mirzələr, məmurlar, qapıçılar da Levililərdən idi.  14Rəbbin məbədinə gətirilmiş olan pulu çıxartdıqları zaman kahin Xilqiya Musa vasitəsilə verilən Rəbbin Qanun kitabını tapdı.  15Xilqiya mirzə Şafana dedi: «Rəbbin məbədində Qanun kitabını tapdım». Xilqiya kitabı Şafana verdi.  16Şafan kitabı padşahın yanına apardı, həm də ona xəbər gətirib dedi: «Qulların tapşırdığın hər şeyi edir.  17Rəbbin məbədində tapılan pulu boşaltdılar, onu nəzarətçilərin və işçilərin əlinə verdilər».  18Mirzə Şafan padşaha bildirib dedi: «Kahin Xilqiya mənə bir kitab verdi». Şafan onu padşahın önündə oxudu.  19Padşah Qanun sözlərini eşidəndə paltarını cırdı.  20Padşah Xilqiyaya, Şafan oğlu Axiqama, Mikeya oğlu Avdona, mirzə Şafana və padşahın xidmətçisi Asayaya əmr edib dedi:  21«Gedin, tapılmış kitabın sözlərinə görə mənim üçün, İsraillilərin və Yəhudalıların qalanı üçün Rəbdən soruşun, çünki Rəbbin bizə qarşı tökülmüş qəzəbi böyükdür. Ona görə ki atalarımız bu kitabda yazılan hər şeyə görə Rəbbin sözünə əməl etməmişdilər».  22Xilqiya və padşahın adamları qadın peyğəmbər Xuldanın yanına getdilər. O, paltarlara baxan Xasra oğlu Toqhat oğlu Şallumun arvadı idi və Yerusəlimdə ikinci məhəllədə yaşayırdı. Onunla bu barədə söhbət etdilər.  23Qadın onlara dedi: «İsrailin Allahı Rəbb belə deyir: sizi Mənim yanıma göndərən adama söyləyin ki,  24Rəbb belə deyir: “Mən Yəhuda padşahının önündə oxuduqları kitabda yazılan bütün lənətlərə görə bu yerə və burada yaşayanların üzərinə bəla gətirəcəyəm.  25Onlar Məni tərk etdilər və başqa allahlara buxur yandıraraq bütün əməlləri ilə Məni qəzəbləndirdilər. Buna görə də bu yerə qarşı qəzəbim töküləcək və sönməyəcək”.  26Ancaq Rəbdən soruşmaq üçün sizi göndərən Yəhuda padşahına söyləyin ki, İsrailin Allahı Rəbb belə deyir: “Sözlərimi dinlədin.  27Allahın bu yerə və orada yaşayanlara qarşı Allah sözlərini eşidəndə ürəyin yumşaldı və Onun önündə özünü aşağı tutdun. Bəli, Mənim önümdə özünü aşağı tutdun, paltarını cırıb önümdə ağladın. Buna görə də Mən səni eşitdim” Rəbb belə bəyan edir.  28“Mən səni atalarına qoşacağam və rahat öz qəbrinə qoyulacaqsan, bu yerin və orada yaşayanların üzərinə gətirəcəyim bütün bəlanı gözlərin görməyəcək”». Onlar bu xəbəri padşaha çatdırdı.

Padşah və xalq Rəbb ilə əhd bağlayır

(2Pad. 23:1-20)

29Padşah Yəhudanın və Yerusəlimin bütün ağsaqqallarını çağırtdırıb öz yanına topladı.  30Padşah, onunla birgə bütün Yəhuda adamları, Yerusəlimdə yaşayanlar, kahinlər, Levililər və böyükdən kiçiyə qədər bütün xalq Rəbbin məbədinə qalxdı. O, Rəbbin məbədində tapılmış Əhd kitabının bütün sözlərini onlara eşitdirərək oxudu.  31Padşah öz yerində dayandı. O, Rəbbin önündə əhd bağladı ki, Rəbbin ardınca gedib Onun əmrlərinə, göstərişlərinə, qaydalarına bütün qəlbi və bütün varlığı ilə əməl etsin və bu kitabda yazılmış əhdin sözlərini yerinə yetirsin.  32O, Yerusəlimdə olanların hamısına və Binyaminlilərə bu əhdi təsdiq etdirdi. Yerusəlimdə yaşayanlar Allahın, atalarının Allahının əhdinə görə belə etdi.  33Yoşiya İsraillilərin bütün torpaqlarında iyrənc şeylərin hamısını aradan qaldırdı və İsraildə olanların hamısına özlərinin Allahı Rəbbə qulluq etməyi əmr etdi. Onun bütün ömrü boyu xalq atalarının Allahı Rəbbin ardınca getməkdən dönmədi.

YUXARI

2 Salnamələr 35

Yoşiya Pasxa bayramını keçirir

(2Pad. 23:21-23)

1Yoşiya Yerusəlimdə Rəbb üçün Pasxa bayramını keçirdi və birinci ayın on dördüncü günü Pasxa qurbanını kəsdilər.  2O, kahinləri vəzifələrinə qoydu və onları Rəbbin məbədinin xidməti üçün ruhlandırdı.  3Rəbb üçün təqdis edilmiş və bütün İsrailə təlim verən Levililərə dedi: «Müqəddəs sandığı İsrail padşahı Davud oğlu Süleymanın tikdiyi məbədə qoyun. O daha sizin çiyinlərinizə yük olmayacaq. İndi Allahınız Rəbbə və onun xalqı İsrailə xidmət edin.  4 İsrail padşahı Davudun və onun oğlu Süleymanın yazdığı kimi nəsillərinizə, bölmələrinizə görə hazır olun.  5Qohumlarınız olan xalqın nəsil bölmələrinə və Levililərin nəsil bölmələrinə görə Müqəddəs yerdə dayanın.  6Pasxa qurbanını kəsin, özünüzü təqdis edin və Musa vasitəsilə olan Rəbbin sözünə əməl edərək qohumlarınız üçün hazırlıq görün».  7Yoşiya xalqa, orada olan hər kəsə Pasxa qurbanı olaraq sürüdən otuz min quzu və oğlaq verdi, üç min baş mal-qara da verdi. Bunlar padşahın malından idi.  8Onun rəisləri də xalqa, kahinlərə və Levililərə könüllü hədiyyələr verdilər. Allah məbədinin rəisləri olan Xilqiya, Zəkəriyyə və Yexiel, kahinlərə iki min altı yüz Pasxa qurbanı olacaq davar və üç yüz baş mal-qara verdi.  9Konanya, onun qardaşları Şemaya və Netanel, Levililərin rəisləri Xaşavya, Yeiel və Yozavad Levililərə beş min Pasxa qurbanı olacaq heyvan və beş yüz baş mal-qara verdi.  10Xidmət işi hazır olanda padşahın əmri ilə kahinlər yerlərində və Levililər bölmələrinə görə dayanıb  11Pasxa qurbanını kəsdilər. Kahinlər özlərinə verilən qanı səpdilər, Levililər isə qurbanların dərisini soydular.  12Onları xalqa nəsil bölmələrinə görə vermək üçün ayırdılar ki, Musanın kitabında yazıldığı kimi xalq Rəbbə yandırma qurbanları təqdim etsin. Mal-qaranı da belə etdilər.  13 Pasxa qurbanını da qaydaya görə odda qızartdılar. Müqəddəs qurbanları qazanlarda, tiyanlarda və tavalarda bişirdilər və bütün xalqa tələsik payladılar.  14Bundan sonra özləri və kahinlər üçün hazırladılar, çünki Harun nəslindən olan kahinlər gecə düşənə qədər yandırma qurbanları və yağları təqdim etməklə məşğul idi. Bundan ötrü Levililər özləri və Harun nəslindən olan kahinlər üçün hazırlıq gördülər.  15 Asəf nəslindən olan ilahiçilər Davudun, Asəfin, Hemanın və padşahın görücüsü Yedutunun əmr etdiyi yerlərdə, qapıçılar isə hər darvaza ağzında dayandı. Xidmətlərindən ayrılmaları lazım deyildi, çünki Levili olan qohumları onlar üçün hazırlıq gördü.  16Padşah Yoşiyanın əmrinə görə Pasxa bayramını keçirmək və Rəbbin qurbangahında yandırma qurbanları təqdim etmək üçün Rəbbin bütün xidməti o gün beləcə hazırlandı.  17 Orada olan İsrail övladları o zaman Pasxa bayramını, yeddi gün isə Mayasız Çörək bayramını qeyd etdilər.  18Peyğəmbər Şamuelin dövründən bəri Pasxa bayramı İsraildə belə keçirilməmişdi. İsrail padşahlarından heç biri Yoşiya ilə kahinlərin, Levililərin, bütün Yəhudalıların, orada olan İsraillilərin və Yerusəlimdə yaşayanların qeyd etdikləri bu Pasxa kimi bir Pasxa keçirməmişdi.  19Bu Pasxa Yoşiyanın padşahlığının on səkkizinci ilində keçirildi.

Yoşiyanın ölümü

(2Pad. 23:28-30)

20Yoşiyanın məbəddə gördüyü bütün bu işlərdən sonra Misir padşahı Neko müharibə etmək üçün Fərat çayı yanında olan Karkemişin üzərinə gəldi. Yoşiya onunla qarşılaşmağa çıxdı.  21Misir padşahı onun yanına qasidlər göndərib dedi: «Ey Yəhuda padşahı, mənim səninlə nə işim var? Mən bu gün sənin üstünə deyil, müharibə etdiyim sülaləyə qarşı gedirəm. Allah mənə tələsməyi əmr etdi, mənimlə olan Allahdan çəkin ki, səni həlak etməsin».  22Yoşiya ondan əl çəkmədi və onunla vuruşmaq üçün qiyafəsini dəyişdi, Allah tərəfindən olan Nekonun sözlərinə qulaq asmadı və vuruşmaq üçün Megiddo düzənliyinə getdi.  23Oxatanlar padşah Yoşiyanı oxla vurdu. Padşah adamlarına dedi: «Məni buradan aparın, çünki ağır yaralandım».  24Adamları onu arabadan götürdülər və onu özünün ikinci arabasına mindirib Yerusəlimə apardılar. Yoşiya öldü və atalarının qəbirlərində basdırıldı. Bütün Yəhudalılar və Yerusəlimlilər Yoşiya üçün yas tutdu.  25Yeremya Yoşiya üçün mərsiyə qoşdu. Bütün kişi və qadın xanəndələr bu günə qədər məlum olan mərsiyələrində Yoşiya barədə danışmışlar. Bu mərsiyələri oxumağı İsraildə adət etdilər və bunlar mərsiyələr kitabında yazılmışdır.  26Yoşiyanın qalan işləri, Rəbbin Qanununda yazıldığına görə etdiyi sədaqətli işləri,  27ilk işlərindən son işlərinə qədər İsrail və Yəhuda padşahlarının kitabında yazılmışdır.

YUXARI

2 Salnamələr 36

1Ölkə xalqı Yoşiyanın oğlu Yehoaxazı götürüb atasının yerinə Yerusəlimdə padşah etdi.

Yəhuda padşahı Yehoaxaz

(2Pad. 23:30-35)

2Yehoaxaz padşah olduğu vaxt iyirmi üç yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi.  3 Misir padşahı onu Yerusəlimdə taxtdan saldı və ölkə üzərinə bir talant qızıl və yüz talant gümüş miqdarında xərac qoydu.  4Misir padşahı onun qardaşı Elyaqimi Yəhuda və Yerusəlim üzərində padşah etdi və adını dəyişdirib Yehoyaqim qoydu. Neko onun qardaşı Yehoaxazı götürüb Misirə apardı.

Yəhuda padşahı Yehoyaqim

(2Pad. 23:36-24:7)

5 Yehoyaqim padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. O, Allahı Rəbbin gözündə pis olan işlər etdi.  6 Babil padşahı Navuxodonosor onun üstünə hücum etdi. Tunc zəncir vurub onu əsir etdi və Babilə apardı.  7Navuxodonosor Rəbbin məbədinin əşyalarından bəzilərini Babilə apardı və onları Babildəki öz məbədinə qoydu.  8Yehoyaqimin qalan işləri, etdiyi iyrənc işlər və onun təqsiri İsrail və Yəhuda padşahlarının kitabında yazılmışdır. Onun yerinə oğlu Yehoyakin padşah oldu.

Yəhuda padşahı Yehoyakin

(2Pad. 24:8-17)

9Yehoyakin padşah olduğu vaxt on səkkiz yaşında idi və Yerusəlimdə üç ay on gün padşahlıq etdi. O, Rəbbin gözündə pis olan işlər etdi.  10 Bahar gələndə Navuxodonosor onu Rəbbin məbədinin qiymətli əşyaları ilə birgə Babilə gətirtdi və Yehoyakinin qohumu Sidqiyanı Yəhuda və Yerusəlim üzərində padşah etdi.

Yəhudanın son padşahı Sidqiya

(2Pad. 24:18-20; Yer. 52:1-3)

11 Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi.  12O, Allahı Rəbbin gözündə pis olan işlər etdi, Rəbbin dili ilə danışan peyğəmbər Yeremyanın önündə özünü aşağı tutmadı.  13 Həm də Allahın adı ilə onu and içdirmiş padşah Navuxodonosora qarşı üsyan etdi, dikbaşlıqla İsrailin Allahı Rəbbə tərəf dönmək istəməyib ürəyini inadkar etdi.  14Kahinlərin bütün rəhbərləri də xalqla birgə başqa millətlərin bütün iyrənc işlərinə görə davranaraq böyük xainlik etdilər və Rəbbin Yerusəlimdə təqdis etdiyi məbədini murdarladılar.

Yerusəlimin süqutu

(2Pad. 25:1-21; Yer. 52:3-27)

15Atalarının Allahı Rəbb dəfələrlə Öz elçilərinin vasitəsilə onlara xəbər göndərdi, çünki Öz xalqına və məskəninə rəhmi gəlirdi.  16 Ancaq Rəbbin qəzəbi Öz xalqının üzərinə gəldi və onlara heç bir çarə tapılmadı, çünki Allahın elçilərini lağa qoydular, Onun sözlərinə xor baxdılar və peyğəmbərlərini təhqir etdilər.  17 Rəbb onların üzərinə Xaldeylilərin padşahını göndərdi. O da Müqəddəs məkanlarında onların cavanlarını qılıncla öldürdü, yeniyetməyə və bakirə qıza, qocaya və zəifə rəhm etmədi, Rəbb hamısını ona təslim etdi.  18O, Allahın məbədinin bütün böyük və kiçik əşyalarını, Rəbbin məbədinin xəzinələrini, padşahın və onun rəislərinin xəzinələrini – hər şeyi Babilə apardı.  19Xaldeylilər Allahın məbədini yandırdılar, Yerusəlimin divarını uçurdular, onun bütün saraylarına od vurdular və orada olan qiymətli əşyaların hamısını məhv etdilər.  20Xaldeylilərin padşahı qılıncdan qurtaranları Babilə sürgünlüyə apardı. Onlar Fars padşahlarının hökmranlığına qədər ona və onun oğullarına qul oldu.  21 Yeremyanın dili ilə deyilən Rəbbin sözü yerinə yetsin deyə yetmiş il bitənə qədər torpaq öz Şənbə vaxtlarını qeyd edərək bütün bu viranəlik müddəti dincəldi.

Kir Yəhudilərə öz ölkələrinə qayıtmağa icazə verir

(Ezr. 1:1-4)

22Rəbb Fars padşahı Kirin hökmranlığının birinci ilində Yeremyanın dili ilə dediyi sözü yerinə yetirmək üçün Kiri ruhlandırdı. Ona görə Kir padşahlığının bütün ərazisində yazılı və şifahi şəkildə elan etdi:  23 «Budur, Fars padşahı Kir belə deyir: “Göylərin Allahı Rəbb dünyanın bütün padşahlıqlarını mənə verdi və Yəhudanın Yerusəlim şəhərində Öz məbədini tikməyi mənə əmr etdi. Aranızda Onun xalqına mənsub olanların hamısına qoy Allahı Rəbb yar olsun və oraya getsinlər”».

YUXARI

1 Salnamələr

Fəsillər

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 212223242526272829

 

{attachments}

1 Salnamələr 1

Adəm və onun nəsilləri

(Yar. 5:1-32)

1Adəm, Şet, Enoş,  2Qenan, Mahalalel, Yered,  3Xanok, Metuşelah, Lemek,  4Nuh, Sam, Ham və Yafəs.

Nuhun nəsilləri

(Yar. 10:1-32; 11:10-26)

5Yafəsin oğulları: Qomer, Maqoq, Maday, Yavan, Tuval, Meşek və Tiras.  6Qomerin oğulları: Aşkenaz, Rifat və Toqarma.  7Yavanın oğulları: Elişa, Tarşiş, Kittim və Rodanim.  8Hamın oğulları: Kuş, Misrayim, Put və Kənan.  9Kuşun oğulları: Seva, Xavila, Savta, Raama və Savteka. Raamanın oğulları: Səba və Dedan.  10Kuşun Nəmrud adlı bir oğlu da oldu. O, yer üzündə ilk qüdrətli adam oldu.  11Misrayimin nəsilləri bunlardır: Ludlular, Anamlılar, Lehavlılar, Naftuhlular,  12Patroslular, Filiştlilərin əcdadı olan Kasluhlular, həmçinin Kaftorlular.  13Kənanın nəsilləri bunlardır: ilk oğlu Sidon, Xet,  14həmçinin Yevuslular, Emorlular, Qirqaşlılar,  15Xivlilər, Arqlılar, Sinlilər,  16Ervadlılar, Semarlılar və Xamatlılar.  17Samın oğulları: Elam, Aşşur, Arpakşad, Lud, Aram, Us, Xul, Geter və Meşek.  18Arpakşaddan Şelah törədi və Şelahdan Ever törədi.  19Everin iki oğlu oldu: birinin adı Peleq idi, çünki onun dövründə yer üzü bölündü. Qardaşının adı Yoqtan idi.  20Yoqtandan Almodad, Şelef, Xasarmavet, Yerah,  21Hadoram, Uzal, Diqla,  22Eval, Avimael, Səba,  23Ofir, Xavila və Yovav törədi. Bunların hamısı Yoqtanın oğulları idi.  24Sam, Arpakşad, Şelah,  25Ever, Peleq, Reu,  26Seruq, Naxor, Terah,  27İbram, yəni İbrahim.

İbrahimin nəsilləri

(Yar. 25:12-16; 36:1-19)

28İbrahimin oğulları: İshaq və İsmail.  29Onların oğulları bunlardır: İsmailin ilk oğlu Nevayot, sonra Qedar, Adbeel, Mivsam,  30Mişma, Duma, Massa, Xadad, Tema,  31Yetur, Nafiş və Qedma. Bunlar İsmailin oğullarıdır.  32İbrahimin cariyəsi Qeturanın doğduğu oğullar bunlardır: Zimran, Yoqşan, Medan, Midyan, İşbaq və Şuah. Yoqşanın oğulları: Səba və Dedan.  33Midyanın oğulları: Efa, Efer, Xanok, Avida və Eldaa. Bunların hamısı Qeturanın övladlarıdır.  34İbrahimdən İshaq törədi. İshaqın oğulları: Esav və İsrail.  35Esavın oğulları: Elifaz, Reuel, Yeuş, Yalam və Qorah.  36Elifazın oğulları: Teman, Omar, Sefi, Qatam, Qenaz, Timna və Amaleq.  37Reuelin oğulları: Naxat, Zerah, Şamma və Mizza.

Seirin nəsilləri

(Yar. 36:20-30)

38Seirin oğulları: Lotan, Şoval, Siveon, Ana, Dişon, Eser və Dişan.  39Lotanın oğulları: Xori və Homam, Lotanın bacısı Timna.  40Şovalın oğulları: Alvan, Manaxat, Eval, Şefo və Onam. Siveonun oğulları: Ayya və Ana.  41Ananın oğlu Dişon. Dişonun oğulları: Xamran, Eşban, İtran və Keran.  42Eserin oğulları: Bilhan, Zaavan və Yaaqan. Dişanın oğulları: Us və Aran.

Edomun padşahları və başçıları

(Yar. 36:31-43)

43İsraillilərə bir kəs padşahlıq etməzdən əvvəl Edom ölkəsində padşahlıq edən adamlar bunlardır: Beor oğlu Bela. Onun şəhəri Dinhava idi.  44Bela öldü və onun yerinə Bosradan olan Zerah oğlu Yovav padşah oldu.  45Yovav öldü və onun yerinə Temanlıların torpağından olan Xuşam padşah oldu.  46Xuşam öldü və onun yerinə Moav çölündə Midyanlıları qıran Bedad oğlu Hadad padşah oldu. Onun şəhəri Avit idi.  47Hadad öldü və onun yerinə Masreqadan olan Samla padşah oldu.  48Samla öldü və onun yerinə Rexovot-Hannahardan olan Şaul padşah oldu.  49Şaul öldü və onun yerinə Akbor oğlu Baal-Xanan padşah oldu.  50Baal-Xanan öldü və onun yerinə Hadad padşah oldu. Onun şəhəri Pau idi. Onun arvadının adı Me-Zahav qızı Matred qızı Mehetavel idi.  51Hadad öldü və bunlar Edomun başçıları oldu: başçı Timna, başçı Alva, başçı Yetet,  52başçı Oholivama, başçı Ela, başçı Pinon,  53başçı Qenaz, başçı Teman, başçı Mivsar,  54başçı Maqdiel, başçı İram. Edomun başçıları bunlardır.

YUXARI

1 Salnamələr 2

İsrailin oğulları

1İsrailin oğulları bunlardır: Ruven, Şimeon, Levi, Yəhuda, İssakar, Zevulun,  2Dan, Yusif, Binyamin, Naftali, Qad və Aşer.

Yəhudanın nəsilləri

3Yəhudanın oğulları: Er, Onan və Şela. Onun bu üç oğlu Kənanlı Bat-Şuadan doğuldu. Yəhudanın ilk oğlu Er Rəbbin gözündə pis adam idi və Rəbb onu öldürdü.  4Yəhudanın gəlini Tamar ona Peresi və Zerahı doğdu. Yəhudanın cəmisi beş oğlu var idi.  5Peresin oğulları: Xesron və Xamul.  6Zerahın oğulları: Zimri, Etan, Heman, Kalkol və Dara. Bunlar cəmisi beş nəfər idi.  7 Karminin oğlu həsr olunmuş şeydə xainlik edib İsraili bəlaya salan Akan idi.  8Etanın oğlu Azarya idi.

Davudun əcdadları

9Xesronun oğulları: Yeraxmeel, Ram və Kalev.  10Ramdan Amminadav törədi və Amminadavdan Yəhudalıların rəhbəri Naxşon törədi.  11Naxşondan Salmon törədi və Salmondan Boaz törədi.  12Boazdan Oved törədi və Oveddən Yessey törədi.  13Yesseyin oğulları bunlar idi: ilk oğlu Eliav, ikincisi Avinadav, üçüncüsü Şimea,  14dördüncüsü Netanel, beşincisi Radday,  15altıncısı Osem, yeddincisi Davud.  16Onların bacıları Seruya və Aviqail idi. Seruyanın üç oğlu var idi: Avişay, Yoav və Asahel.  17Aviqail Amasanı doğdu. Amasanın atası İsmailli Yeter idi.

Xesronun başqa nəsilləri

18Xesron oğlu Kalevin arvadı Azuva və Yeriot ona övladlar doğdu. Kalevin Azuvadan olan oğulları bunlardır: Yeşer, Şovav və Ardon.  19Azuva öldü. Kalev Efratı arvad aldı və o da Kalevə Xuru doğdu.  20Xurdan Uri törədi. Uridən Besalel törədi.  21Bundan sonra Xesron altmış yaşında ikən Gileadın atası olan Makirin qızını aldı və onunla yaxınlıq etdi; o, Xesrona Sequvu doğdu.  22Sequv Yairin atası idi. Yairin Gilead torpağında iyirmi üç şəhəri var idi.  23Amma Geşurlular və Aramlılar onlardan Xavvot-Yairi aldılar, bundan başqa, Qenatı və onun qəsəbələrini də – cəmisi altmış şəhəri aldılar. Bunların hamısı Gileadın atası olan Makirin nəsilləri idi.  24Xesron Kalev-Efratada öldükdən sonra Xesronun arvadı Aviya ona Teqoanın atası Aşxuru doğdu.  25Xesronun ilk oğlu Yeraxmeelin oğulları: ilk oğlu Ram, Buna, Oren, Osem və Axiya. 26Yeraxmeelin başqa bir arvadı var idi, onun adı Atara idi. Onamın anası o idi.  27Yeraxmeelin ilk oğlu Ramın oğulları: Maas, Yamin və Eqer.  28Onamın oğulları: Şammay və Yada. Şammayın oğulları: Nadav və Avişur.  29Avişurun arvadının adı Avihayil idi. O, Avişura Axbanı və Molidi doğdu.  30Nadavın oğulları: Seled və Appayim. Seled oğulsuz öldü.  31Appayimin oğlu İşi idi. İşinin oğlu Şeşan idi. Şeşanın oğlu Axlay idi.  32Şammayın qardaşı Yadanın oğulları: Yeter və Yonatan. Yeter oğulsuz öldü.  33Yonatanın oğulları: Pelet və Zaza. Bunlar Yeraxmeelin nəsilləri idi.  34Şeşanın oğulları yox idi, yalnız qızları var idi. Şeşanın bir Misirli qulu var idi, onun adı Yarxa idi.  35Şeşan qulu Yarxaya qızını arvad olmaq üçün verdi. Arvadı ona Attayı doğdu.  36Attaydan Natan törədi. Natandan Zavad törədi.  37Zavaddan Eflal törədi. Eflaldan Oved törədi.  38Oveddən Yehu törədi. Yehudan Azarya törədi.  39Azaryadan Xeles törədi. Xelesdən Eleasa törədi.  40Eleasadan Sismay törədi. Sismaydan Şallum törədi.  41Şallumdan Yeqamya törədi. Yeqamyadan Elişama törədi.  42Yeraxmeelin qardaşı Kalevin oğulları: Zifin atası ilk oğlu Meşa, Xevronun atası Mareşa.  43Xevronun oğulları: Qorah, Tappuah, Reqem və Şema.  44Şemadan Yorqoamın atası olan Raxam törədi. Reqemdən Şammay törədi.  45Şammayın oğlu Maon idi. Maon Bet-Suru tikdi.  46Kalevin cariyəsi Efa Xaranı, Mosanı və Qazezi doğdu. Xaran Qazezin atası idi.  47Yahdayın oğulları: Regem, Yotam, Geşan, Pelet, Efa və Şaaf.  48Kalevin cariyəsi Maaka Şeveri və Tirxananı doğdu.  49O həm də Madmannanın atası Şaafı, Makbenanın və Giveanın atası Şevanı doğdu. Kalevin qızı Aksa idi.  50Bunlar Kalevin nəsilləri idi. Efratanın ilk oğlu Xurun oğulları bunlardır: Qiryat-Yearimin atası Şoval,  51Bet-Lexemin atası Salma, Bet-Qaderin atası Xaref.  52Qiryat-Yearimin atası Şovalın nəsilləri bunlardır: Haroelilər, Manaxatlıların yarısı.  53Qiryat-Yearimin sakinləri: Yeterlilər, Putlular, Şumalılar, Mişralılar. Bunların arasından Soralılar və Eştaollular çıxdılar.  54Salmanın nəsilləri: Bet-Lexemlilər, Netofalılar, Atrot-Bet-Yoavlılar, Manaxatlıların yarısı və Soralılar.  55Yabesdə yaşayan mirzələrin nəsilləri: Tirealılar, Şimealılar, Sukalılar. Bunlar Bet-Rekavın atası Xammatın nəslindən olan Qenlilərdir.

YUXARI

1 Salnamələr 3

Davudun oğulları

1Davudun Xevronda doğulan oğulları bunlardır: ilk oğlu İzreelli Axinoamdan doğulan Amnon, ikincisi Karmelli Aviqaildən doğulan Daniel,  2üçüncüsü Geşur padşahı Talmayın qızı Maakadan doğulan Avşalom, dördüncüsü Haqqitdən doğulan Adoniya,  3beşincisi Avitaldan doğulan Şefatya, altıncısı arvadı Eqladan doğulan İtream.  4 Davudun bu altı oğlu Xevronda doğuldu. Davud orada yeddi il altı ay padşahlıq etdi, Yerusəlimdə isə otuz üç il padşahlıq etdi.  5 Davudun Yerusəlimdə doğulan oğulları bunlardır: Ammielin qızı Bat-Şevadan doğulan dörd oğlu: Şimea, Şovav, Natan və Süleyman,  6daha doqquz oğlu: İvxar, Elişua, Elpelet,  7Noqah, Nefeq, Yafia,  8Elişama, Elyada və Elifelet.  9Cariyələrdən doğulan oğullarından başqa Davudun bütün oğulları bunlardır. Tamar da onların bacısıdır.

Yəhuda padşahları

10Süleymanın oğlu Rexavam, onun oğlu Aviya, onun oğlu Asa, onun oğlu Yehoşafat,  11onun oğlu Yehoram, onun oğlu Axazya, onun oğlu Yoaş,  12onun oğlu Amasya, onun oğlu Azarya, onun oğlu Yotam,  13onun oğlu Axaz, onun oğlu Xizqiya, onun oğlu Menaşşe,  14onun oğlu Amon, onun oğlu Yoşiya.  15Yoşiyanın oğulları: ilk oğlu Yoxanan, ikincisi Yehoyaqim, üçüncüsü Sidqiya, dördüncüsü Şallum.  16Yehoyaqimin oğulları: onun oğlu Yekonya, onun oğlu Sidqiya.

Yekonyanın nəsilləri

17Əsir aparılmış Yekonyanın oğulları: Şealtiel,  18Malkiram, Pedaya, Şenassar, Yeqamya, Hoşama və Nedavya.  19Pedayanın oğulları: Zerubbabil və Şimey. Zerubbabilin oğulları: Meşullam və Xananya, onların bacısı Şelomit,  20daha beş oğlu: Xaşuva, Ohel, Berekya, Xasadya və Yuşav-Xesed.  21Xananyanın nəsilləri: Pelatya, Yeşaya, Refayanın oğulları, Arnanın oğulları, Avdiyanın oğulları, Şekanyanın oğulları.  22Şekanyanın oğlu Şemaya idi. Şemayanın altı oğlu: Xattuş, İqal, Bariah, Nearya və Şafat.  23Nearyanın üç oğlu: Elyoenay, Xizqiya və Azriqam.  24Elyoenayın yeddi oğlu: Hodavya, Elyaşiv, Pelaya, Aqquv, Yoxanan, Delaya və Anani.

YUXARI

1 Salnamələr 4

Yəhudanın nəsilləri

1Yəhudanın oğulları: Peres, Xesron, Karmi, Xur və Şoval.  2Şovalın oğlu Reayadan Yaxat törədi; Yaxatdan Axumay və Lahad törədi. Bunlar Soralıların nəsilləri idi.  3Etamın oğulları bunlardır: İzreel, İşma və İdbaş. Onların bacısının adı Haslelponidir.  4Penueldən Qedor, Ezerdən isə Xuşa törədi. Bunlar Bet-Lexemin atası Efratanın ilk oğlu Xurun övladlarıdır.  5Teqoanın atası Aşxurun iki arvadı var idi: Xela və Naara.  6Naara ona bunları doğdu: Axuzzam, Xefer, Temeni və Axaştari. Bunlar Naaranın oğulları idi.  7Xelanın oğulları: Seret, İsxar, Etnan və Qos.  8Qosdan Anuv, Soveva və Harum oğlu Axarxelin nəsilləri törədi.  9Yabes qardaşlarından daha hörmətli idi. Anası «onu ağrı ilə doğdum» deyib adını Yabes qoymuşdu.  10Yabes İsrailin Allahını çağırıb dedi: «Kaş Sən mənə xeyir-dua verəydin! Torpaqlarımı genişləndir, mənə kömək ol və əzab çəkməyim deyə məni şərdən qoru». Allah da istədiyi şeyi ona verdi.  11Şuxanın qardaşı Keluvdan Mexir törədi. Mexirdən Eşton törədi.  12Eştondan Bet-Rafa, Paseahın və İr-Naxaşın atası Texinna törədi. Bunlar Rekalılardır.  13Qenazın oğulları: Otniel və Seraya. Otnielin oğulları Xatat və  14Ofranın atası olan Meonotay. Serayadan Ge-Xaraşimin atası Yoav törədi. Bu şəhərin sakinləri ustalar olduğuna görə belə adlanırdı.  15Yefunnenin oğlu Kalevin oğulları: İru, Ela və Naam. Elanın oğlu Qenaz idi.  16Yehallelelin oğulları: Zif, Zifa, Tirya və Asarel.  17Ezranın oğulları: Yeter, Mered, Efer, Yalon. Meredin arvad aldığı firon qızı Bityanın oğulları: Məryəm, Şammay və Eştemoanın atası İşbah.  18Yəhudalı arvadı isə bunları doğdu: Qedorun atası Yered, Sokonun atası Xever və Zanoahın atası Yequtiel.  19Naxamın bacısı Hodiyanın arvadı idi. Onun oğullarından Qarmili Qeila və Maakalı Eştemoa törədi.  20Şimeonun oğulları: Amnon, Rinna, Ben-Xanan və Tilon. İşinin oğulları: Zoxet və Ben-Zoxet.  21Yəhudanın oğlu Şelanın nəsilləri: Lexanın atası Er, Mareşanın atası Laada və Bet-Aşbeada olan incə kətan toxuyanların nəsilləri,  22Yoqim və Kozevalılar, Yoaş və Saraf. Bunlar Moavda arvad aldılar və Lexemə qayıtdılar. Bu, qədim hadisələrdir.  23Onlar dulusçu idi, Netaimdə və Gederada yaşayırdılar. Padşah üçün iş görərək orada qalırdılar.

Şimeonun nəsilləri

24Şimeonun oğulları: Nemuel, Yamin, Yariv, Zerah və Şaul.  25Şaulun oğlu Şallum, onun oğlu Mivsam, onun oğlu Mişma.  26Mişmanın oğulları: onun oğlu Xammuel, onun oğlu Zakkur, onun oğlu Şimey.  27Şimeyin on altı oğlu və altı qızı var idi, lakin qohumlarının oğulları çox deyildi və onların bütün nəsli Yəhuda oğulları qədər çoxalmadı.  28Onlar bu yerlərdə yaşayırdı: Beer-Şeva, Molada, Xasar-Şual,  29Bilha, Esem, Tolad,  30Betuel, Xorma, Ziqlaq,  31Bet-Markavot, Xasar-Susim, Bet-Biri və Şaarayim. Davudun padşahlıq etdiyi dövrə qədər onların şəhərləri bunlardır.  32Onların qəsəbələri bunlardır: Etam, Ayin, Rimmon, Token və Aşan – cəmi beş şəhər.  33Bu şəhərlərin ətrafında Baala qədər olan bütün kəndlər də onların yaşadıqları yerlərdir. Onların nəsil şəcərəsi belədir:  34Meşovav, Yamlek, Amasya oğlu Yoşa,  35Yoel, Asiel oğlu Seraya oğlu Yoşivya oğlu Yehu,  36Elyoenay, Yaaqova, Yeşoxaya, Asaya, Adiel, Yesimiel, Benaya,  37Şemaya oğlu Şimri oğlu Yedaya oğlu Allon oğlu Şifi oğlu Ziza.  38Bu adları çəkilənlər nəsil rəhbərləri idi və onların nəsilləri artıb çoxalmışdı.  39Onlar sürüləri üçün otlaq axtarmaqdan ötrü Qedorun yaxınlığına, dərənin şərq tərəfinə qədər getdilər.  40Bol və yaxşı otlaq tapdılar, ölkə də geniş, sakit və dinc idi. Onlardan əvvəl orada Hamlılar yaşayırdı.  41Bu adları yazılanlar Yəhuda padşahı Xizqiyanın dövründə gəlib öz çadırlarında olan Hamlıları və orada olan Maonluları qırdılar. Onları tamamilə məhv edib yerlərində yaşadılar, çünki orada sürüləri üçün otlaq var idi. Bu günə qədər də belədir.  42Həmin Şimeonlulardan beş yüz nəfər Seir dağına getdi. İşinin oğulları Pelatya, Naarya, Refaya və Uzziel onlara başçılıq edirdi.  43Onlar sağ qalan Amaleqli qaçanları qırdılar. Onlar bu günə qədər də orada yaşayır.

YUXARI

1 Salnamələr 5

Ruvenin nəsilləri

1İsrailin ilk oğlu Ruven idi, amma atasının yatağını murdarladığı üçün onun ilk oğulluq haqqı İsrailin oğlu Yusifin nəslinə verildi və Ruvenin nəsli şəcərədə ilk oğul kimi sayılmadı.  2 Ancaq Yəhuda qardaşları arasında daha güclü oldu və hökmdar onun nəslindən çıxdı. İlk oğulluq haqqı isə Yusifin idi.  3İsrailin ilk oğlu Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi.  4 Yoelin nəsli: onun oğlu Şemaya, onun oğlu Qoq, onun oğlu Şimey,  5onun oğlu Mikeya, onun oğlu Reaya, onun oğlu Baal,  6onun oğlu Beera. Onu Aşşur padşahı Tiqlat-Pileser sürgünə aparmışdı. Beera Ruvenlilərin başçısı idi.  7Nəsil şəcərələrinə görə onların qohumları bunlar idi: başçı Yeiel, Zəkəriyyə,  8Yoel oğlu Şema oğlu Azaz oğlu Bela. O, Aroerdə yaşayırdı, torpağı Nevoya və Baal-Meona qədər uzanırdı.  9Şərqə tərəf Fərat çayının bu tayındakı çölün başlanğıc yerinə qədər torpaqlar onun idi, çünki Gilead torpağında çoxlu heyvanları var idi.  10Şaulun dövründə bu adamlar Həcərlilərlə müharibə edib onları məğlub etdi və Gileadın şərqindəki bütün torpaqlarda Həcərlilərin çadırlarında yaşadı.

Qadın nəsilləri

11Qadlılar Salkaya qədər uzanan Başan torpağında Ruvenlilərin qarşısında yaşadı.  12Başanda başçı Yoel, köməkçisi Şafam, sonra Yanay və Şafat idi.  13Öz nəsillərindən olan qohumları bunlardır: Mikael, Meşullam, Şeva, Yoray, Yakan, Ziya və Ever – cəmi yeddi nəfər.  14Bunlar Buz oğlu Yaxdo oğlu Yeşişay oğlu Mikael oğlu Gilead oğlu Yaroah oğlu Xuri oğlu Avixayilin oğulları idi.  15Quni oğlu Avdiel oğlu Axi onların nəsil başçısı idi.  16Onlar Gileadda, Başanda və onun qəsəbələrində, Şaronun sərhədlərinə qədər uzanan bütün otlaq torpaqlarında yaşadı.  17Yəhuda padşahı Yotamın və İsrail padşahı Yarovamın dövründə onların hamısı nəsil şəcərələrində qeyd olundu.

İsraillilərin Həcərlilərlə müharibəsi

18Ruvenlilərdən, Qadlılardan, Menaşşe qəbiləsinin yarısından olan, qalxan və qılınc daşıyan, ox atan, döyüş üçün təlim görmüş və döyüşməyi bacaran igid adamlar qırx dörd min yeddi yüz altmış nəfər idi.  19Onlar Həcərlilərdən olan Yeturun, Nafişin və Nadavın nəsilləri ilə müharibə etdi.  20İsraillilər düşmənləri ilə döyüşdə kömək aldıqları üçün Həcərliləri və onlarla olanların hamısını məğlub etdilər, çünki İsraillilər döyüş zamanı Allahı çağırdılar və Ona güvəndikləri üçün Allah onları eşitdi.  21Onlar düşmənlərinin heyvanlarını – əlli min dəvəsini, iki yüz əlli min qoyun-keçisini, iki min eşşəyini ələ keçirdi və yüz min adamını götürüb apardı.  22Həlak olanlar çox oldu, çünki bu döyüş Allahdan idi. Onlar sürgün olunan zamana qədər Həcərlilərin yerlərində yaşadı.

İordan çayının şərqində yaşayan Menaşşelilərin nəsilləri

23Menaşşe qəbiləsinin yarısının nəsilləri də həmin torpaqda yaşadı. Onlar çoxalıb Başandan Baal-Xermona, Senirə və Xermon dağına qədər uzanan torpağa yayıldılar.  24Onların nəsil başçıları bunlardır: Efer, İşi, Eliel, Azriel, Yeremya, Hodavya və Yaxdiel. Bunlar igid döyüşçülər, adlı-sanlı adamlar və nəsil başçıları idi.  25Amma onlar atalarının Allahına qarşı xainlik etdilər və onların önündə Allahın məhv etdiyi ölkə xalqlarının allahlarına sitayiş edib xəyanət etdilər.  26 Onda İsrailin Allahı Aşşur padşahı Pulda, yəni Tiqlat-Pileserdə niyyət oyandırdı, o da Ruvenliləri, Qadlıları və Menaşşe qəbiləsinin yarısını əsir aparıb Xalaha, Xavora, Haraya və Qozan çayının sahilində yerləşdirdi. Onlar bu günə qədər də oradadır.

YUXARI

1 Salnamələr 6

Levinin nəsilləri

1Levinin oğulları: Gerşon, Qohat və Merari.  2Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel.  3Amramın övladları: Harun, Musa və Məryəm. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar.  4Eleazardan Pinxas törədi. Pinxasdan Avişua törədi.  5Avişuadan Buqqi törədi. Buqqidən Uzzi törədi.  6Uzzidən Zerahya törədi. Zerahyadan Merayot törədi.  7Merayotdan Amarya törədi. Amaryadan Axituv törədi.  8Axituvdan Sadoq törədi. Sadoqdan Aximaas törədi.  9Aximaasdan Azarya törədi. Azaryadan Yoxanan törədi.  10Yoxanandan Azarya törədi. Yerusəlimdə Süleymanın tikdiyi məbəddə Azarya kahin idi.  11Azaryadan Amarya törədi. Amaryadan Axituv törədi.  12Axituvdan Sadoq törədi. Sadoqdan Şallum törədi.  13Şallumdan Xilqiya törədi. Xilqiyadan Azarya törədi.  14Azaryadan Seraya törədi. Serayadan Yehosadaq törədi.  15Navuxodonosorun vasitəsilə Rəbb Yəhudalıları və Yerusəlimliləri sürgün etdiyi zaman Yehosadaq da sürgün olundu.  16 Levinin oğulları: Gerşon, Qohat və Merari.  17Gerşonun oğullarının adları belədir: Livni və Şimey.  18Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel.  19Merarinin oğulları: Maxli və Muşi. Nəsillərinə görə Levililərin övladları bunlardır.  20Gerşonun nəsli: onun oğlu Livni, onun oğlu Yaxat, onun oğlu Zimma,  21onun oğlu Yoah, onun oğlu İddo, onun oğlu Zerah, onun oğlu Yeatray.  22Qohatın nəsli: onun oğlu Amminadav, onun oğlu Qorah, onun oğlu Assir,  23onun oğlu Elqana, onun oğlu Evyasaf, onun oğlu Assir,  24onun oğlu Taxat, onun oğlu Uriel, onun oğlu Uzziya və onun oğlu Şaul.  25Elqananın oğulları: Amasay, Aximot və Elqana.  26Elqananın nəsli: onun oğlu Sofay, onun oğlu Naxat,  27onun oğlu Eliav, onun oğlu Yeroxam, onun oğlu Elqana.  28Şamuelin oğulları: ilk oğlu Yoel və ikincisi Aviya.  29Merarinin nəsli: onun oğlu Maxli, onun oğlu Livni, onun oğlu Şimey, onun oğlu Uzza,  30onun oğlu Şima, onun oğlu Haqqiya, onun oğlu Asaya.

Rəbbin evində olan musiqiçilər və kahinlər

31Əhd sandığı rahatlıq yerinə qoyulduqdan sonra Rəbbin evində musiqi xidməti üzərində Davudun qoyduğu adamlar bunlardır.  32Süleyman Yerusəlimdə Rəbbin məbədini tikənə qədər onlar müqəddəs məskən olan Hüzur çadırının önündə ilahi oxumaqla xidmət edirdilər və növbələrinə görə öz xidmətlərində dayanırdılar.  33Orada xidmət edənlər və onların oğulları bunlardır: Qohatın nəslindən ilahi oxuyan Heman. Onun nəsil şəcərəsi belədir: Yoel oğlu Şamuel oğlu  34Elqana oğlu Yeroxam oğlu Eliel oğlu Toah oğlu  35Suf oğlu Elqana oğlu Maxat oğlu Amasay oğlu  36Elqana oğlu Yoel oğlu Azarya oğlu Sefanya oğlu  37Taxat oğlu Assir oğlu Evyasaf oğlu Qorah oğlu  38İshar oğlu Qohat oğlu Levi oğlu İsrail oğlu.  39Sağında xidmət edən qohumu Asəf. Onun nəsil şəcərəsi belədir: Berekya oğlu Şima oğlu  40Mikael oğlu Baaseya oğlu Malkiya oğlu  41Etni oğlu Zerah oğlu Adaya oğlu  42Etan oğlu Zimma oğlu Şimey oğlu  43Yaxat oğlu Gerşon oğlu Levi oğlu.  44Sol tərəfində xidmət edən qohumları Merarinin nəslindən Etan. Onun nəsil şəcərəsi belədir: Qişi oğlu Avdi oğlu Malluk oğlu  45Xaşavya oğlu Amasya oğlu Xilqiya oğlu  46Amsi oğlu Bani oğlu Şemer oğlu  47Maxli oğlu Muşi oğlu Merari oğlu Levi oğlu.  48Onların qohumları olan Levililər müqəddəs məskən olan Allah evinin bütün xidmət işlərinə təyin olunmuşdu.  49Harunun və onun nəslinin öhdəsinə isə bu işlər qoyulmuşdu: yandırma qurbangahında və buxur qurbangahında təqdim gətirilməsi, Ən Müqəddəs yerə aid hər iş – İsraillilərin günahlarını kəffarə etmək üçün Allahın qulu Musanın əmr etdiyi bütün işlər.  50Harunun nəsli budur: onun oğlu Eleazar, onun oğlu Pinxas, onun oğlu Avişua,  51onun oğlu Buqqi, onun oğlu Uzzi, onun oğlu Zerahya,  52onun oğlu Merayot, onun oğlu Amarya, onun oğlu Axituv,  53onun oğlu Sadoq, onun oğlu Aximaas.

Levililərə verilən şəhərlər

54Levililərin öz torpaqlarında yaşadığı yerlər bunlardır: ilk püşk Qohat nəslindən olan Harunun övladlarına düşdüyü üçün onlara  55Yəhuda torpağında olan Xevronu və onun ətrafındakı otlaqları verdilər.  56Ancaq bu şəhərin çölünü və kəndlərini Yefunne oğlu Kalevə verdilər.  57Harunun nəslinə bu şəhərləri verdilər: sığınacaq şəhəri olan Xevron, Livna ilə otlaqları, Yattir, Eştemoa ilə otlaqları,  58Xilenlə otlaqları, Devirlə otlaqları,  59Aşanla otlaqları, Bet-Şemeşlə otlaqları,  60Binyamin qəbiləsinin torpağından Geva ilə otlaqları, Alemetlə otlaqları, Anatotla otlaqları. Onların bütün şəhərləri nəsillərinə görə on üç şəhərdir.  61Digər Qohat övladlarına isə Menaşşe qəbiləsinin yarısının torpağından püşkə görə on şəhər verildi.  62Gerşon övladlarına nəsillərinə görə İssakar qəbiləsinin, Aşer qəbiləsinin, Naftali qəbiləsinin və Başanda olan Menaşşe qəbiləsinin torpağından on üç şəhər verildi.  63Merari övladlarına nəsillərinə görə Ruven, Qad və Zevulun qəbilələrinin torpağından püşklə on iki şəhər verildi.  64İsrail övladları Levililərə bu şəhərləri və onların otlaqlarını verdilər.  65Yəhuda, Şimeon və Binyamin qəbilələrinin torpağından adları göstərilən bu şəhərləri püşkə görə verdilər.  66Qohat nəslindən bəzilərinə Efrayim qəbiləsinə aid şəhərləri verdilər.  67Efrayimin dağlıq bölgəsində sığınacaq şəhəri olan Şekemlə otlaqları, Gezerlə otlaqları,  68Yoqmeamla otlaqları, Bet-Xoronla otlaqları,  69Ayyalonla otlaqları, Qat-Rimmonla otlaqları.  70Menaşşe qəbiləsinin yarısının torpağından Anerlə otlaqları, Bileamla otlaqları Qohat nəslinin qalanına verildi.  71Gerşon nəslinə bu yerlər verildi: oğullarına Menaşşe qəbiləsinin yarısının torpağından Başandakı Qolanla otlaqları, Aştarotla otlaqları,  72İssakar qəbiləsinin torpağından Qedeşlə otlaqları, Davratla otlaqları,  73Ramotla otlaqları, Anemlə otlaqları,  74Aşer qəbiləsinin torpağından Maşalla otlaqları, Avdonla otlaqları,  75Xuqoqla otlaqları, Rexovla otlaqları,  76Naftali qəbiləsinin torpağından Qalileyada olan Qedeşlə otlaqları, Xammonla otlaqları, Qiryatayimlə otlaqları.  77Merari nəslinin digər adamlarına bu yerlər verildi: Zevulun qəbiləsinin torpağından Rimmono ilə otlaqları, Tavorla otlaqları,  78Yerixonun qarşısındakı, İordan çayının şərq tərəfində olan Ruven qəbiləsinin torpağından səhradakı Beserlə otlaqları, Yahsa ilə otlaqları,  79Qedemotla otlaqları, Mefaatla otlaqları,  80Qad qəbiləsinin torpağından Gileaddakı Ramotla otlaqları, Maxanayimlə otlaqları,  81Xeşbonla otlaqları, Yazerlə otlaqları.

YUXARI

1 Salnamələr 7

İssakarın nəsilləri

1İssakarın oğulları: Tola, Pua, Yaşuv və Şimron – cəmisi dörd nəfər.  2Tolanın oğulları: Uzzi, Refaya, Yeriel, Yaxmay, İvsam və Şamuel. Bunlar Tolanın nəsil başçıları idi. Davudun dövründə onların nəslindən olan igid döyüşçülər iyirmi iki min altı yüz nəfər idi.  3Uzzinin nəsli: İzrahya və onun oğulları: Mikael, Avdiya, Yoel, İşşiya – cəmisi beş nəfər. Onların hamısı başçı idi.  4Bunlardan başqa nəsil şəcərələrinə görə döyüşə bilən dəstələrdə otuz altı min nəfər var idi, çünki onların çoxlu arvadları və oğulları var idi.  5İssakarın bütün nəsilləri arasında igid döyüşçülər olan qohumları nəsil şəcərəsinə görə cəmisi səksən yeddi min nəfər idi.

Binyaminin nəsilləri

6Binyaminin oğulları: Bela, Beker və Yediael – cəmisi üç nəfər.  7Belanın oğulları: Esbon, Uzzi, Uzziel, Yerimot və İri – cəmisi beş nəfər nəsil başçısı. Onların nəslindən olan igid döyüşçülər nəsil şəcərələrinə görə iyirmi iki min otuz dörd nəfər idi.  8Bekerin oğulları: Zemira, Yoaş, Eliezer, Elyoenay, Omri, Yeremot, Aviya, Anatot və Alemet. Bunların hamısı Bekerin oğulları idi.  9Nəsil başçılarının şəcərəsinə görə onların igid döyüşçüləri iyirmi min iki yüz nəfər idi.  10Yediaelin nəsli: Bilhan və onun oğulları Yeuş, Binyamin, Ehud, Kenaana, Zetan, Tarşiş və Axişaxar.  11Bunların hamısı Yediaelin nəsil başçıları idi. Onlardan döyüşə bilən igid döyüşçülər on yeddi min iki yüz nəfər idi.  12İrin nəsilləri: Şuflular və Xuflular. Xuşlular isə Axerin nəslindən idi.

Naftalinin nəsilləri

13Naftalinin oğulları: Yaxasiel, Quni, Yeser, Şallum. Bunlar Bilhanın nəsilləri idi.

Menaşşenin nəsilləri

14Menaşşenin oğulları: Aramlı cariyəsinin doğduğu Asriel, həmin qadının doğduğu Gileadın atası Makir.  15Makir Xuflulardan və Şuflulardan bir arvad aldı. Onun bacısının adı Maaka idi. Selofxad isə onların qohumu idi. Onun yalnız qızları var idi.  16Makirin arvadının da adı Maaka idi. O, bir oğul doğub adını Pereş qoydu. Pereşin qardaşının adı Şereş idi, onun oğulları isə Ulam və Reqem idi.  17Ulamın oğlu Bedan idi. Menaşşe oğlu Makir oğlu Gileadın nəsli bunlardır.  18Onun bacısı Hammoleket İşhodu, Aviezeri və Maxlanı doğdu.  19Şemidanın oğulları: Axyan, Şekem, Liqxi və Aniam.

Efrayimin nəsilləri

20Efrayimin nəsli: Şutelah, onun oğlu Bered, onun oğlu Taxat, onun oğlu Eleada, onun oğlu Taxat,  21onun oğlu Zavad, onun oğlu Şutelah. Efrayimin başqa oğulları Ezer və Eleadı o torpağın yerli sakinləri olan Qatlılar öldürdü, çünki onların heyvanlarını oğurlamağa getmişdilər.  22Ataları Efrayim uzun müddət onlara yas tutdu və qohumları ona təsəlli vermək üçün gəldi.  23Sonra o, arvadının yanına girdi, qadın hamilə oldu və bir oğul doğdu. Atası onun adını Beria qoydu, çünki evinə bəla üz vermişdi.  24Onun Şeera adlı qızı da var idi. O, Aşağı və Yuxarı Bet-Xoronu, Uzzen-Şeeranı tikdi.  25Efrayimin başqa oğlu Refah, onun oğlu Reşef, onun oğlu Telah, onun oğlu Taxan,  26onun oğlu Ladan, onun oğlu Ammihud, onun oğlu Elişama,  27onun oğlu Nun, onun oğlu Yeşua.  28Onların mülkləri və yaşadıqları yerlər bunlardır: Bet-Ellə qəsəbələri, şərq tərəfdə Naaran, qərb tərəfdə Gezerlə qəsəbələri, Şekemlə qəsəbələri, Ayya ilə qəsəbələri,  29həm də Menaşşelilərin torpağına yaxın olan Bet-Şeanla qəsəbələri, Taanakla qəsəbələri, Megiddo ilə qəsəbələri, Dorla qəsəbələri. İsrail oğlu Yusifin nəsli bu yerlərdə yaşadı.

Aşerin nəsilləri

30Aşerin övladları: İmna, İşva, İşvi, Beria və onların bacısı Serah.  31Berianın oğulları: Xever və Birzayitin atası olan Malkiel.  32Xever bunların atası idi: Yaflet, Şomer, Xotam və onların bacısı Şua.  33Yafletin oğulları bunlardır: Pasak, Bimhal və Aşvat.  34Şemerin oğulları: Axi, Rohqa, Xubba və Aram.  35Onun qardaşı Helemin oğulları: Sofah, İmna, Şeleş və Amal.  36Sofahın oğulları: Suah, Xarnefer, Şual, Beri, İmra,  37Beser, Hod, Şamma, Şilşa, İtran və Beera.  38Yeterin oğulları: Yefunne, Pispa və Ara.  39Ullanın oğulları: Arah, Xanniel və Risya.  40Aşerin nəslindən olan bu adamların hamısı nəsil başçıları, seçilmiş adamlar, igid döyüşçülər və baş rəislər idi. Onlardan döyüşə bilən adamlar nəsil şəcərələrinə görə iyirmi altı min nəfər idi.

YUXARI

1 Salnamələr 8

Binyaminin nəsilləri

1Binyaminin oğulları bunlardır: ilk oğlu Bela, ikincisi Aşbel, üçüncüsü Axrah,  2dördüncüsü Noxa, beşincisi Rafa.  3Belanın oğulları bunlardır: Addar, Gera, Avihud,  4Avişua, Naaman, Axoah,  5Gera, Şefufan və Xuram.  6Gevada yaşayanların nəsil başçıları olan, sonra isə Manaxata köçürülən Ehudun oğulları bunlardır:  7Naaman, Axiya və onları köçürən Gera. Geradan Uzza və Axixud törədi.  8Şaxarayim arvadları Xuşim və Baaranı boşadıqdan sonra Moav ölkəsində övlad atası oldu,  9arvadı Xodeş ona bunları doğdu: Yovav, Sivya, Meşa, Malkam,  10Yeus, Sakya və Mirma. Onun bu oğulları nəsil başçıları idi.  11Xuşim isə ona Avituvu və Elpaalı doğmuşdu.  12Elpaalın oğulları: Ever, Mişam və Şamed. Şamed Ono ilə Lodu, onun qəsəbələrini tikdi.  13Ayyalonda yaşayanların nəsil başçıları Beria və Şema idi. Onlar Qatda yaşayanları qovdu.  14Berianın oğulları: Axyo, Şaşaq, Yeremot,  15Zevadya, Arad, Eder,  16Mikael, İşpa və Yoxa.  17Elpaalın oğulları: Zevadya, Meşullam, Xizqi, Xever,  18İşmeray, İzlia və Yovav.  19Şimeyin oğulları: Yaqim, Zikri, Zavdi,  20Elienay, Silletay, Eliel,  21Adaya, Beraya və Şimrat.  22Şaşaqın oğulları: İşpan, Ever, Eliel,  23Avdon, Zikri, Xanan,  24Xananya, Elam, Antotiya,  25İfdeya və Penuel.  26Yeroxamın oğulları: Şamşeray, Şexarya, Atalya,  27Yaareşya, İlyas və Zikri.  28Bunlar nəsil şəcərələrinə görə nəsil başçıları idi və Yerusəlimdə yaşadılar.

Padşah Şaulun əcdadları və nəsilləri

29Giveonun atası Yeiel Giveonda yaşayırdı və arvadının adı Maaka idi.  30İlk oğlu Avdon idi, o biriləri isə bunlar idi: Sur, Qiş, Baal, Nadav,  31Qedor, Axyo, Zeker,  32Şimanın atası Miqlot. Onlar qohumlarının yanında, Yerusəlimdə qohumları ilə birgə yaşayırdı.  33Nerdən Qiş törədi və Qişdən Şaul törədi. Şauldan Yonatan, Malki-Şua, Avinadav və Eşbaal törədi.  34Yonatanın oğlu Merib-Baal idi. Merib-Baaldan Mikeya törədi.  35Mikeyanın oğulları: Piton, Melek, Tarea və Axaz.  36Axazdan Yehoadda törədi. Yehoaddadan Alemet, Azmavet və Zimri törədi. Zimridən Mosa törədi.  37Mosadan Bina törədi. Binanın oğlu Rafa, onun oğlu Elasa, onun oğlu Asel.  38Aselin altı oğlu var idi, onların adları belədir: Azriqam, Bokru, İsmail, Şearya, Avdiya və Xanan. Bunların hamısı Aselin oğulları idi.  39Onun qardaşı Eseqin oğulları: ilk oğlu Ulam, ikincisi Yeuş və üçüncüsü Elifelet.  40Ulamın oğulları oxatan igid döyüşçülər idi. Oğulları və nəvələri çox idi: yüz əlli nəfər. Bunların hamısı Binyaminin nəslindəndir.

YUXARI

1 Salnamələr 9

Yerusəlimin sakinləri

1Beləcə bütün İsraillilər nəsil şəcərələrində qeyd olunmuşdu və bunlar İsrail padşahlarının kitabında yazılmışdır. Yəhudalılar xainliklərinə görə Babilə sürgün olunmuşdu.  2 İlk dəfə mülklərinə qayıdıb yaşayanlar İsraillilərdən bəzi adamlar, kahinlər, Levililər və məbəd qulluqçuları idi.  3Yerusəlimdə isə Yəhudalılardan, Binyaminlilərdən, Efrayimlilərdən və Menaşşelilərdən olan bu adamlar yaşadı.  4Yəhudanın oğlu Peresin nəslindən: Bani oğlu İmri oğlu Omri oğlu Ammihud oğlu Utay.  5Şelanın nəslindən: ilk oğlu Asaya və onun oğulları.  6Zerahın nəslindən: Yeuel və onun qohumları. Hamısı birlikdə altı yüz doxsan nəfər idi.  7Binyaminin nəslindən: Hassenua oğlu Hodavya oğlu Meşullam oğlu Sallu,  8Yeroxam oğlu İvniya, Mikri oğlu Uzzi oğlu Ela və İvniya oğlu Reuel oğlu Şefatya oğlu Meşullam.  9Onlar qohumları ilə birgə nəsil şəcərələrinə görə doqquz yüz əlli altı nəfər idi. Bunların hamısı nəsil başçıları idi.  10Kahinlərdən: Yedaya, Yehoyariv, Yakin,  11Allah məbədinin rəisi Axituv oğlu Merayot oğlu Sadoq oğlu Meşullam oğlu Xilqiya oğlu Azarya,  12Malkiya oğlu Paşxur oğlu Yeroxam oğlu Adaya və İmmer oğlu Meşillemit oğlu Meşullam oğlu Yaxzera oğlu Adiel oğlu Maasay.  13Bunlar nəsil başçıları idi. Onlar qohumları ilə birgə – Allah evinin xidməti işində bacarıqlı olan bu adamlar min yeddi yüz altmış nəfər idi.  14Levililərdən: Merarinin nəslindən Xaşavya oğlu Azriqam oğlu Xaşşuv oğlu Şemaya,  15Baqbaqqar, Xereş, Qalal, Asəf oğlu Zikri oğlu Mikeya oğlu Mattanya,  16Yedutun oğlu Qalal oğlu Şemaya oğlu Avdiya və Netofalıların kəndlərində yaşayan Elqana oğlu Asa oğlu Berekya.  17Qapıçılar: Şallum, Aqquv, Talmon, Aximan və onların qohumları. Şallum onların başçısı idi.  18Onlar bu günə qədər də məbədin şərq tərəfdəki padşah qapısında keşik çəkirlər. Levililərin düşərgə qapıçıları bunlardır.  19Qorah oğlu Evyasaf oğlu Qore oğlu Şallum və onun Qorah nəslindən olan qohumları məbədin astanalarında keşik çəkənlərin xidmət işinə başçılıq edirdi. Əvvəllər onların babaları Rəbbin düşərgəsinin girəcək yerinin keşiyini çəkirdi.  20Eleazar oğlu Pinxas onların başçısı idi və Rəbb onunla idi.  21Hüzur çadırının girişində Meşelemya oğlu Zəkəriyyə qapıçı idi.  22Astanalarda qapıçı olmaq üçün seçilən bütün bu adamlar iki yüz on iki nəfər idi. Onlar öz kəndlərində nəsil şəcərələrində qeyd edilmişlər. Onları vəzifələrinə Davud və görücü Şamuel təyin etmişdi.  23Bu adamlar və onların nəsilləri çadırın və Rəbbin məbədinin qapılarında keşik çəkirdi.  24Bu qapıçılar məbədin dörd tərəfində – şərq, qərb, şimal və cənub qapılarında dururdu.  25Öz kəndlərində yaşayan qohumları vaxtaşırı yeddi günlüyə onların yanına gəlməli idi.  26Allah evinin otaqlarının və xəzinələrinin keşiyini çəkmək Levili olan qapıçıların dörd nəfər rəisinin öhdəsində idi.  27Onlar gecə də Allah evinin ətrafında qalırdı, çünki onun keşiyini çəkmək və hər səhər qapıları açmaq onların işi idi.  28Onların bəzisi xidmət üçün olan qablara baxırdı: bunları sayıb içəri gətirir və sayıb bayıra aparırdılar.  29Bəziləri isə başqa əşyalar, bütün təqdis olunmuş şeylər və un, şərab, yağ, kündür, ətriyyatlar üzərində nəzarətçi qoyulmuşdu.  30Kahinlərdən bəzisi ətriyyatlardan qatışıq maddə hazırlayırdı.  31Kökələr bişirilməsi Qorah nəslindən olan Şallumun ilk oğlu olan Levili Mattityanın öhdəsində idi.  32Onların Qohat nəslindən olan qohumlarından bəzisinə isə hər Şənbə günü çörək hazırlanması tapşırılmışdı.  33Levililərin nəsil başçıları olan ilahiçilər başqa xidmətdən azad olub məbədin otaqlarında qalırdılar, çünki onlar gecə-gündüz öz işləri ilə məşğul olmalı idi.  34Bunlar nəsil şəcərələrinə görə Levililərin nəsil başçıları idi və Yerusəlimdə yaşayırdılar.

Padşah Şaulun əcdadları və nəsilləri

(1Saln. 8:29-38)

35Giveonun atası Yeiel Giveonda yaşayırdı və arvadının adı Maaka idi.  36İlk oğlu Avdon idi, o biriləri isə bunlar idi: Sur, Qiş, Baal, Ner, Nadav,  37Qedor, Axyo, Zəkəriyyə və Miqlot.  38Miqlotdan Şima törədi. Onlar qohumlarının yanında, Yerusəlimdə qohumları ilə birgə yaşayırdılar.  39Nerdən Qiş törədi. Qişdən Şaul törədi. Şauldan Yonatan, Malki-Şua, Avinadav və Eşbaal törədi.  40Yonatanın oğlu Merib-Baal idi. Merib-Baaldan Mikeya törədi.  41Mikeyanın oğulları: Piton, Melek, Taxrea və Axaz.  42Axazdan Yehoadda törədi. Yehoaddadan Alemet, Azmavet və Zimri törədi. Zimridən Mosa törədi.  43Mosadan Bina törədi. Binanın oğlu Rafa, onun oğlu Elasa, onun oğlu Asel.  44Aselin altı oğlu var idi, onların adları belədir: Azriqam, Bokru, İsmail, Şearya, Avdiya və Xanan. Bunların hamısı Aselin oğulları idi.

YUXARI

1 Salnamələr 10

Şaulla oğullarının ölümü

(1Şam. 31:1-13)

1Filiştlilər İsraillilərlə döyüşdü. İsraillilər Filiştlilərin önündən qaçdılar və qırılanlar Gilboa dağında qaldı.  2Filiştlilər Şaulla oğullarını təqib edib Şaulun oğulları Yonatanı, Avinadavı və Malki-Şuanı öldürdülər.  3Döyüş Şaulun ətrafında şiddətlənəndə oxatanlar onu tapdılar və ağır yaraladılar.  4Şaul öz silahdarına dedi: «Qılıncını çək, məni vur, yoxsa bu sünnətsizlər gəlib mənimlə əylənəcəklər». Lakin silahdarı çox qorxduğundan bunu etmək istəmədi. Ona görə də Şaul qılıncını götürüb özünü onun üstünə yıxdı.  5Şaulun öldüyünü görəndə silahdarı da özünü qılıncının üstünə yıxıb Şaulla birgə öldü.  6Beləcə Şaul və üç oğlu öldü, bütün nəsli də onunla birgə öldü.  7Dərədə olan bütün İsraillilər öz ordularının qaçdığını və Şaulla oğullarının öldüyünü görəndə şəhərlərini qoyub qaçdılar. Filiştlilər gəlib o yerlərdə yaşadı.  8Ertəsi gün Filiştlilər öldürülənləri soymaq üçün gələndə Gilboa dağında Şaulla oğullarının meyitini tapdılar.  9Onun paltarlarını soyundurdular, başını və silahlarını götürdülər, öz bütlərinin məbədinə və xalqa xoş xəbər vermək üçün Filiştlilərin ölkəsinin hər tərəfinə qasid göndərdilər.  10Şaulun silahlarını öz allahlarının məbədinə qoydular və başını Daqon məbədinə mıxladılar.  11Yaveş-Gilead əhalisi Filiştlilərin Şaula etdiklərini eşidəndə  12onların bütün igidləri qalxıb Şaulla oğullarının cəsədini götürərək Yaveşə gətirdilər. Onların sümüklərini götürüb Yaveşdə olan palıd ağacının altında basdırdılar və yeddi gün oruc tutdular.  13 Beləcə Şaul Rəbbə qarşı xainlik etdiyi üçün öldü. O, Rəbbin sözünə əməl etməyib cindara müraciət etdi,  14amma Rəbdən məsləhət istəmədi. Ona görə də Rəbb onu öldürdü və padşahlığı Yesseyin oğlu Davuda verdi.

YUXARI

1 Salnamələr 11

Davudun taxta çıxması

(2Şam. 5:1-10)

1Bütün İsraillilər Xevrona, Davudun yanına toplaşıb dedilər: «Bax biz sənin sümüyündən, sənin ətindənik.  2Əvvəlki vaxtlarda, Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Allahın Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, xalqım İsrail üzərində sən hökmdar olacaqsan».  3İsrailin bütün ağsaqqalları Xevrona, padşahın yanına gəldilər. Davud Xevronda, Rəbbin önündə onlarla əhd bağladı və onlar Şamuel vasitəsilə Rəbbin söylədiyi sözə görə Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər.

Davudun Yerusəlimi paytaxt şəhərinə çevirməsi

4 Davud və bütün İsraillilər Yerusəlimə gəldilər. O vaxt şəhər Yevus adlanırdı və burada Yevuslular yaşayırdı.  5Onlar Davuda dedilər: «Sən buraya girə bilməzsən». Ancaq Davud indi «Davudun şəhəri» adlanan Sion qalasını aldı.  6Davud dedi: «Yevusluları hamıdan əvvəl kim məğlub etsə, rəis və ordu başçısı o olacaq». Seruya oğlu Yoav hamıdan əvvəl Yevusa qalxdı və buna görə də o, başçı oldu.  7Davud qalada məskən saldı və buna görə onu «Davudun şəhəri» adlandırdılar.  8O, qala yamacından qalanın ətrafına qədər bütün yerləri tikdi. Yoav isə şəhərin qalan hissəsini bərpa etdi.  9Davud getdikcə yüksəlirdi, çünki Ordular Rəbbi onunla idi.

Davudun igid döyüşçüləri

(2Şam. 23:8-39)

10Davudun igid döyüşçülərinin başçıları bütün İsraillilərlə birgə Rəbbin sözünə görə Davudu İsrail üzərində padşah etmək üçün onun padşahlığında şücaət göstərirdilər.  11Davudun igid döyüşçülərinin siyahısı belədir: «otuz igid»in başçısı olan Xakmoni oğlu Yaşoveam. O, bir hücumda üç yüz nəfəri nizəsi ilə vurub öldürdü.  12Ondan sonra «üç igid»dən biri olan Axoahlı Dodo oğlu Eleazar idi.  13Filiştlilər döyüşmək üçün Pas-Dammimdə toplaşanda o da Davudla birgə orada idi. Orada arpa əkilən bir tarla sahəsi var idi. Xalq Filiştlilərin önündən qaçdı.  14Lakin Eleazar və döyüşçüləri bu sahənin ortasında durub oranı qorudular və Filiştliləri qırdılar. Rəbb İsrailliləri xilas edib böyük zəfər qazandırdı.  15Otuz başçı arasından «üç igid» qayaya, Davudun yanına, Adullam mağarasına enib gəldi. Filiştlilərin ordusu Refaim vadisində ordugah qurmuşdu.  16Bu zaman Davud qalada idi, Filiştlilərin bir keşikçi dəstəsi isə Bet-Lexemdə idi.  17Davud həsrət çəkərək dedi: «Kaş ki biri Bet-Lexem darvazasının yanındakı quyudan mənə içmək üçün su gətirəydi!»  18Bu üç nəfər Filiştlilərin ordugahını yararaq darvazanın yanında olan Bet-Lexem quyusundan su çəkdilər və onu götürüb Davuda gətirdilər. Lakin Davud suyu içmək istəmədi və Rəbbə təqdim olaraq yerə tökdü.  19O dedi: «Allahım bunu etməkdən məni uzaq eləsin. Bu adamların qanını içəcəyəmmi? Axı canlarını təhlükəyə salaraq bu suyu gətirdilər». Buna görə də bu suyu içmək istəmədi. Bunları «üç igid» etmişdi.  20Yoavın qardaşı Avişay bu «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb üç yüz nəfəri qırdı. Buna görə də onun adı «üç igid»in adı qədər şöhrətləndi.  21Əslində «üç igid»dən ikiqat artıq şöhrəti var idi və onlara başçı oldu, lakin «üç igid» kimi deyildi.  22Yehoyada oğlu Benaya da böyük işlər görmüş igid adam idi. O, Qavseeldən gəlmişdi. Benaya iki Moavlı igidi öldürdü. O, qarlı gündə çuxura enib bir şir öldürdü.  23O həm də boyu beş qulac olan bir Misirlini öldürdü. Misirlinin əlində toxucu dəzgahının əriş ağacı boyda nizə var idi. Benaya onun üstünə dəyənəklə getdi, nizəni Misirlinin əlindən çəkib aldı və onu öz nizəsi ilə öldürdü.  24Bunları Yehoyada oğlu Benaya etdi, buna görə də onun «üç igid» qədər şöhrəti var idi.  25O, «otuz igid»dən daha şöhrətli idi, lakin «üç igid» kimi deyildi. Davud onu öz mühafizəçilərinə başçı qoydu.  26Ordunun igid döyüşçüləri bunlardır: Yoavın qardaşı Asahel, Bet-Lexemli Dodo oğlu Elxanan,  27Harorlu Şammot, Pelonlu Xeles,  28Teqoalı İqqeş oğlu İra, Anatotlu Aviezer,  29Xuşalı Sibbekay, Axoahlı İlay,  30Netofalı Mahray, Netofalı Baana oğlu Xeled,  31Binyamin övladlarından Givealı Rivay oğlu Yetay, Piratonlu Benaya,  32Qaaş vadisindən olan Xuray, Aravalı Aviel,  33Baxarumlu Azmavet, Şaalvonlu Elyaxba,  34Gizonlu Haşemin oğulları, Hararlı Şage oğlu Yonatan,  35Hararlı Sakar oğlu Axiam, Ur oğlu Elifal,  36Mekeralı Xefer, Pelonlu Axiya,  37Karmelli Xesro, Ezbay oğlu Naaray,  38Natanın qardaşı Yoel, Haqri oğlu Mivxar,  39Ammonlu Seleq, Seruya oğlu Yoavın silahdarı olan Beerotlu Naxray,  40Yeterli İra, Yeterli Qarev,  41Xetli Uriya, Axlay oğlu Zavad,  42Ruvenlilərin başçısı Ruvenli Şiza oğlu Adina və onunla birgə otuz nəfər,  43Maaka oğlu Xanan və Metenli Yehoşafat,  44Aşteratlı Uzziya, Aroerli Xotamın oğulları Şama və Yeiel,  45Şimri oğlu Yediael və qardaşı Tisli Yoxa,  46Maxavlı Eliel və Elnaamın oğulları Yerivay, Yoşavya və Moavlı Yetma,  47Eliel, Oved və Mesovalı Yaasiel.

YUXARI

1 Salnamələr 12

Davuda qoşulan döyüşçülər

1Davud, Qiş oğlu Şauldan gizlənən vaxt bir neçə nəfər Ziqlaqa, Davudun yanına gəldi. Onlar döyüşdə ona kömək edən igidlər arasında idi.  2Binyamin nəslindən, Şaulun qohumlarından olan bu adamlar ox-kamanla silahlanıb sağ və sol əllə sapanddan daş atmağı və kamanla ox atmağı bacarırdı. Onların adları belədir:  3onların başçısı olan Givealı Şemaanın oğulları, Axiezer və Yoaş, Azmavetin oğulları Yeziel və Pelet, Beraka və Anatotlu Yehu,  4«otuz igid»dən biri olan və onlara başçılıq edən Giveonlu İşmaya, Yeremya, Yaxaziel, Yoxanan, Gederalı Yozavad,  5Eluzay, Yerimot, Bealya, Şemarya, Xaruflu Şefatya,  6Qorahın nəslindən olan Elqana, İşşiya, Azarel, Yoezer, Yaşoveam,  7Qedorlu Yeroxam oğulları Yoela və Zevadya.  8Qadlılardan sipər və nizə işlədə bilən, döyüşməyi bacaran igidlər Davudun tərəfinə keçdilər və çöldəki qalaya gəldilər. Onların üzləri şir üzü kimi idi və dağlardakı ceyranlar kimi qaça bilirdilər.  9Bu başçıların adları belədir: Ezer, ikincisi Avdiya, üçüncüsü Eliav,  10dördüncüsü Mişmanna, beşincisi Yeremya,  11altıncısı Attay, yeddincisi Eliel,  12səkkizincisi Yoxanan, doqquzuncusu Elzavad,  13onuncusu Yeremya, on birincisi Makbannay.  14Bunlar Qadlılardan olan qoşun başçıları idi. Ən zəifi yüz adamın, ən güclüsü isə min adamın qabağına çıxa bilərdi.  15Onlar birinci ayda, İordan çayı bütün sahilləri boyu daşanda onu keçib vadilərdə yaşayanların hamısını şərqə və qərbə tərəf qovdular.  16Binyaminlilərdən və Yəhudalılardan da Davudun yanına, qalaya adamlar gəldi.  17Davud onları qarşılamağa çıxdı və onlara dedi: «Əgər mənə kömək üçün sülhlə gəlmisinizsə, gözüm üstə yeriniz var, ancaq zorakılıq etmədiyim halda məni düşmənlərimə təslim etmək üçün gəlmisinizsə, atalarımızın Allahı bunu görsün və hökm etsin».  18Ruh «otuz igid»in başçısı Amasayın üzərinə endi və o dedi: «Ey Davud, biz səninləyik,

Ey Yessey oğlu, biz sənin tərəfindəyik.

Sülh, sülh olsun sənə və sənə kömək edənə,

Çünki Allahın sənə kömək edir».

Davud onları götürüb dəstə başçıları təyin etdi.  19Davud Filiştlilərlə birgə müharibə etmək üçün Şaulun üstünə gələndə Menaşşelilərdən də bəzisi Davudun tərəfinə keçdi, ancaq Filiştlilərə kömək etmədilər. Çünki Filiştlilərin ağaları məsləhətləşib «Davud bizim başımızı verib ağası Şaulla barışacaq» dedilər və onu geri göndərdilər.  20Davud Ziqlaqa gedərkən onun tərəfinə keçən Menaşşelilər bunlardır: Adnah, Yozavad, Yediael, Mikael, Yozavad, Elihu və Silletay. Onların hamısı Menaşşelilər arasında minbaşı idi.  21Onlar quldur dəstəsinə qarşı döyüşdə Davuda kömək etdilər, çünki onların hamısı igid adamlar idi. Sonra onlar qoşun başçıları oldu.  22Beləcə gündən-günə Davuda kömək etmək üçün onun yanına döyüşçülər gəlirdi və onun ordusu Allah ordusu qədər böyük oldu.

Davudu padşah etmək üçün gələn adamlar

23Rəbbin sözünə görə Şaulun padşahlığını Davuda vermək üçün onun yanına, Xevrona gələn silahlanmış döyüşçülərin sayı belədir:  24Yəhudalılardan altı min səkkiz yüz nəfər sipər və nizə ilə silahlanmış əsgər;  25Şimeonlulardan döyüş üçün yeddi min yüz nəfər igid döyüşçü;  26Levililərdən dörd min altı yüz nəfər;  27Harun evinin rəhbəri Yehoyada və onunla birgə üç min yeddi yüz nəfər;  28gənc və igid bir döyüşçü olan Sadoq və onun nəslindən olan iyirmi iki başçı;  29Şaulun qohumları olan Binyaminlilərin əksəriyyəti o vaxta qədər Şaul sülaləsinə sadiq qaldığı üçün onlardan yalnız üç min nəfər;  30Efrayimlilərdən iyirmi min səkkiz yüz nəfər igid və öz nəsillərinin adlı-sanlı adamları;  31Menaşşe qəbiləsinin yarısının arasından gəlib Davudu padşah etmək üçün təyin olunmuş on səkkiz min nəfər;  32İssakarlılardan dövrün vəziyyətinə görə İsrailə nə etmək lazım gəldiyini bilən adamlar – iki yüz nəfər başçı və onların əmri altında olan bütün qohumları;  33Zevulunlulardan döyüşməyi bacaran, bütün silahlarla döyüş nizamını qura bilən və sidq ürəkdən kömək edən əlli min nəfər;  34Naftalililərdən min başçı, onlarla birgə sipər və nizəsi olan otuz yeddi min nəfər;  35Danlılardan döyüş nizamını qura bilən iyirmi səkkiz min altı yüz nəfər;  36Aşerlilərdən döyüşməyi bacaran və döyüş nizamını qura bilən qırx min nəfər;  37İordan çayının o tayında yaşayan Ruvenlilərdən, Qadlılardan və Menaşşe qəbiləsinin yarısından döyüş üçün hər cür silahı olan yüz iyirmi min nəfər.  38Döyüşməyi bacaran bu könüllü döyüşçülərin hamısı Davudu bütün İsrail üzərində padşah etmək üçün Xevrona gəldi. İsraillilərin qalan hissəsi də Davudu yekdilliklə padşah etmək niyyətində idi.  39Döyüşçülər orada üç gün Davudla birgə qaldılar və yeyib-içdilər, çünki qohumları onlar üçün hazırlıq görmüşdü.  40İssakara, Zevuluna və Naftaliyə qədər yayılmış yaxınları da onlara eşşəklər, dəvələr, qatırlar və öküzlər üstündə ərzaq – yaxşı un, sıxılmış əncir, kişmiş, şərab, yağ, mal-qara və qoyun-keçi gətirmişdi. O zaman İsraildə şadlıq var idi.

YUXARI

1 Salnamələr 13

Davud Əhd sandığını Qiryat-Yearimdən köçürür

(2Şam. 6:1-11)

1Davud minbaşılar, yüzbaşılar və bütün başçılarla məsləhətləşdi.  2O bütün İsrail camaatına dedi: «Əgər bu iş sizə xoş gəlsə və Allahımız Rəbbin iradəsi ilə olsa, İsrailin hər tərəfində yaşayan soydaşlarımıza, onlarla birgə otlağı olan şəhərlərdə yaşayan kahinlərə və Levililərə xəbər göndərək ki, bizim yanımıza toplansınlar.  3Sonra Allahımızın sandığını yanımıza qaytaraq, axı Şaulun dövründə biz ona məhəl qoymurduq».  4Bütün camaat «belə edək» dedi, çünki bütün xalqın nəzərində bu iş doğru idi.  5 Davud Allahın sandığını Qiryat-Yearimdən gətirmək üçün Misirdəki Şixor çayından Xamat keçidinə qədər uzanan torpaqda yaşayan bütün İsrailliləri topladı.  6 Davud bütün İsraillilərlə birgə «keruvlar üzərində taxt quran Rəbb» çağırılan Allahın sandığını Yəhudaya məxsus olan Baalatdan, yəni Qiryat-Yearimdən çıxartmaq üçün oraya getdi.  7Allahın sandığını bir təzə arabaya qoyub Avinadavın evindən apardılar. Arabanı Uzza və Axyo sürürdü.  8Davud və bütün İsraillilər Allahın hüzurunda həvəslə ilahi oxuyur, liralarla, çənglərlə, dəflərlə, sinclərlə və kərənaylarla çalıb oynayırdılar.  9Kidonun xırman yerindən keçəndə öküzlər büdrədi. Buna görə də Uzza əl uzadıb sandığı tutdu.  10Uzza əlini uzadaraq sandığa toxunduğu üçün Rəbb qəzəblənib onu vurdu. Beləcə Uzza orada Allahın önündə öldü.  11Davud Rəbbin Uzzanı vurmasından çox məyus oldu. O yerə bu günə qədər Peres-Uzza deyilir.  12Həmin gün Davud Allahdan qorxub dedi: «Allahın sandığını necə yanıma gətirə bilərəm?»  13Buna görə də Davud sandığı öz yanına – Davudun şəhərinə gətirmədi, onu yolundan döndərib Qatlı Oved-Edomun evinə qoydu.  14 Allahın sandığı üç ay Oved-Edomun evində – onun ailəsinin yanında qaldı. Rəbb Oved-Edomun ailəsinə və ona məxsus hər şeyə bərəkət verdi.

YUXARI

1 Salnamələr 14

Davudun Yerusəlimdə padşahlıq etməsi

(2Şam. 5:11-16)

1Sur padşahı Xiram Davudun yanına qasidlər və ona saray tikmək üçün sidr ağacları, bənnalar və dülgərlər göndərdi.  2Onda Davud başa düşdü ki, Rəbb onu İsrail üzərində padşah kimi möhkəmləndirmiş və xalqı İsrailin xatirinə onun padşahlığını yüksəltmişdi.  3Davud Yerusəlimdə başqa arvadlar aldı, yenə oğullar və qızlar atası oldu.  4Onun Yerusəlimdə doğulan oğullarının adları belədir: Şammua, Şovav, Natan, Süleyman,  5İvxar, Elişua, Elpelet,  6Noqah, Nefeq, Yafia,  7Elişama, Beelyada və Elifelet.

İki döyüşdə Filiştlilər üzərində qələbə

(2Şam. 5:17-25)

8Filiştlilər eşitdilər ki, Davud bütün İsrail üzərində padşah olmaq üçün məsh edilmişdir. Onda hamısı Davudu axtarmağa çıxdı. Davud bunu eşidib onlarla qarşılaşmağa çıxdı.  9Filiştlilər gəlib Refaim vadisini talayırdılar.  10Davud Allahdan soruşdu: «Filiştlilərin qarşısına çıxımmı? Onları mənə təslim edəcəksənmi?» Rəbb ona cavab verdi: «Çıx, onları sənə təslim edəcəyəm».  11Davud Baal-Perasimə çıxıb Filiştliləri qırdı. Davud dedi: «Sellər bəndləri dağıtdığı kimi Allah da mənim əlimlə düşmənlərimi dağıtdı». Buna görə də o yerin adını Baal-Perasim qoydular.  12Filiştlilər qaçanda öz allahlarının bütlərini orada qoydular. Davudun əmri ilə bunlar odda yandırıldı.  13Filiştlilər yenə o vadini taladılar.  14Davud yenə Allahdan soruşdu və Allah ona dedi: «Onların arxasınca çıxma, onların ətrafına dolanıb balzam ağaclarının qabağında bu düşmənlərin üstünə gəl.  15Balzam ağaclarının başından addım səsləri eşidəndə döyüşə çıx, çünki o zaman Allah sənin qarşınca Filiştlilərin ordusunu məğlub etmək üçün çıxacaq».  16Davud Allahın ona buyurduğu kimi etdi və onlar Giveondan Gezerə qədər Filiştlilərin ordusunu qırdılar.  17Davudun şöhrəti bütün ölkələrə yayıldı və Rəbb onun qorxusunu bütün millətlərin ürəyinə saldı.

YUXARI

1 Salnamələr 15

Allahın sandığını Yerusəlimə gətirmək üçün hazırlıq görülür

1Davud özü üçün Davudun şəhərində evlər tikdi və Allahın sandığı üçün də yer hazırlayıb çadır qurdu.  2 Onda Davud dedi: «Levililərdən başqa heç kəs Allahın sandığını daşıya bilməz, çünki Rəbbin sandığını daşımaq və Ona əbədi olaraq xidmət etmək üçün Rəbb onları seçdi».  3Davud Rəbbin sandığını onun üçün hazırladığı yerə çıxarmaq üçün bütün İsrailliləri Yerusəlimə yığdı.  4Davud Harunun nəslindən olan adamları və Levililəri topladı:  5Qohat nəslindən başçı Uriel və onun yüz iyirmi nəfər qohumu;  6Merarinin nəslindən başçı Asaya və onun iki yüz iyirmi nəfər qohumu;  7Gerşon nəslindən başçı Yoel və onun yüz otuz nəfər qohumu;  8Elisafan nəslindən başçı Şemaya və onun iki yüz nəfər qohumu;  9Xevron nəslindən başçı Eliel və onun səksən nəfər qohumu;  10Uzziel nəslindən başçı Amminadav və onun yüz on iki nəfər qohumu.  11Davud kahin olan Sadoqu və Evyatarı, Levili olan Urieli, Asayanı, Yoeli, Şemayanı, Elieli və Amminadavı çağırıb  12onlara dedi: «Siz Levililər arasında nəsil başçılarısınız. Siz və qohumlarınız özünüzü təqdis edin və İsrailin Allahı Rəbbin sandığını onun üçün hazırladığım yerə çıxarın.  13Çünki keçən dəfə siz onu daşımadığınıza və lazım olduğu kimi Allahımız Rəbbi axtarmadığımıza görə O bizi cəzalandırdı».  14İsrailin Allahı Rəbbin sandığını çıxarmaq üçün kahinlərlə Levililər özlərini təqdis etdilər.  15 Rəbbin sözünə görə, Musanın əmr etdiyi kimi Levililər Allahın sandığının şüvüllərini çiyinlərinə qoyub onu daşıdılar.  16Davud Levililərin başçılarına əmr etdi ki, şadlıq etmək üçün öz qohumları arasından musiqi alətlərində – çənglərdə, liralarda və sinclərdə çalıb-oxuyan ilahiçilər təyin etsinlər.  17Levililər bu adamları təyin etdilər: Yoel oğlu Heman, onun qohumlarından Berekya oğlu Asəf – qohumları Merari nəslindən Quşaya oğlu Etan,  18onların köməkçisi olan Zəkəriyyə, Ben, Yaaziel, Şemiramot, Yexiel, Unni, Eliav, Benaya, Maaseya, Mattitya, Elifelehu, Miqneya, qapıçılar Oved-Edom və Yeiel.  19İlahiçilər Heman, Asəf və Etan yüksək səsli tunc sinclər,  20Zəkəriyyə, Aziel, Şemiramot, Yexiel, Unni, Eliav, Maaseya, Benaya Alamot ahəngi üzrə çənglər,  21Mattitya, Elifelehu, Miqneya, Oved-Edom, Yeiel və Azazya Şeminit ahəngi üzrə lira çalmalı idi.  22Levililərin rəhbəri Kenanya musiqiyə rəhbərlik edirdi, çünki onun bu işdə bacarığı var idi;  23Berekya və Elqana sandığın yanında qapıçı idi;  24kahinlər Şevanya, Yehoşafat, Netanel, Amasay, Zəkəriyyə, Benaya və Eliezer Allahın sandığı önündə kərənay çalırdılar; Oved-Edom və Yexiya sandığın yanında qapıçı idi.

Allahın sandığı Yerusəlimə gətirilir

(2Şam. 6:12-22)

25Davud, İsrail ağsaqqalları və minbaşılar şadlıq etməklə Rəbbin Əhd sandığını Oved-Edomun evindən gətirməyə getdilər.  26Rəbbin Əhd sandığını daşıyan Levililər yeddi buğa və yeddi qoç qurban kəsdilər, çünki Allah onlara kömək edirdi.  27Davud incə kətandan cübbə geyinmişdi, sandığı daşıyan bütün Levililər, ilahiçilər və ilahiçilərin rəhbəri olan Kenanya da belə geyinmişdi. Davudun əynində kətan efod da var idi.  28Bütün İsraillilər səs-küylə şeypur, kərənay, sinc çalaraq çənglərin və liraların yüksək səsi altında Rəbbin Əhd sandığını çıxartdılar.  29Rəbbin Əhd sandığı Davudun şəhərinə gətiriləndə Şaulun qızı Mikal pəncərədən baxdı, padşah Davudu tullanıb rəqs edən gördü və ürəyində ona kinayə etdi.

YUXARI

1 Salnamələr 16

1Allahın sandığını gətirib onun üçün Davudun qurduğu çadırın ortasına qoydular. Allahın önündə yandırma və ünsiyyət qurbanları təqdim etdilər.  2Davud yandırma və ünsiyyət qurbanlarını təqdim edib qurtarandan sonra Rəbbin adı ilə xalqa xeyir-dua verdi.  3O bütün İsraillilərə – kişilərin və qadınların hər birinə bir kömbə çörək, bir parça ət və bir üzüm lavaşanası payladı.  4Davud İsrailin Allahı Rəbbi çağırıb Ona şükür və həmd etmək üçün Levililərdən xidmət edən bu adamları Rəbbin sandığının önünə qoydu.  5Başçı Asəf, onun köməkçisi Zəkəriyyə, çəng və lira çalan Yeiel, Şemiramot, Yexiel, Mattitya, Eliav, Benaya, Oved-Edom və Yeiel, sincləri yüksək səslə çalan Asəf,  6Allahın Əhd sandığı önündə həmişə kərənaylar çalan kahinlər Benaya və Yaxaziel.  7O gün Davud ilk dəfə olaraq Rəbbə şükür etmək işini Asəflə yoldaşlarına tapşırdı.

Allaha həsr olunan məzmur

(Zəb. 105:1-15; 96:1-13; 106:47-48)

8«Rəbbə şükür edin, ismini səsləyin, Əməllərini xalqlar arasında elan edin!

9Onu ilahilərlə tərənnüm edin,

Bütün xariqələrini bəyan edin!

10Onun müqəddəs adı ilə fəxr edin,

Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin!

11Rəbbi, Onun qüvvətini arayın,

Daim hüzurunu axtarın.

12Etdiyi xariqələri,

Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın,

13Ey Onun qulu İsrail nəsli,

Ey Yaqub övladları, ey Onun seçdikləri!

14Allahımız Rəbb Odur,

Hökmü bütün yer üzərindədir.

15Əbədi olaraq – min nəslə qədər əhdini, Əmr etdiyi sözü,

16İbrahimlə kəsdiyi əhdini,

İshaqa and içərək verdiyi vədini unutmaz.

17Bunu qayda kimi Yaqub üçün təsdiq etdi, Bu əbədi əhdi İsrail üçün etdi,

18Dedi: “Övladlarının payına düşən mülk kimi

Kənan torpağını sənə verəcəyəm”.

19O zaman sayca onlar az idilər,

Azsaylı olaraq ölkədə qərib idilər.

20Ölkədən-ölkəyə,

Məmləkətdən-məmləkətə köçürdülər.

21Rəbb heç kimi onlara əzab verməyə qoymadı, Onlara görə padşahları tənbeh etdi.

22Dedi: “Məsh elədiklərimə dəyməyin,

Peyğəmbərlərimə pislik etməyin”.

23Ey bütün dünya, Rəbbə ilahi oxuyun,

Xilaskar olduğunu gündən-günə müjdələyin.

24Ehtişamını millətlərə elan edin,

Xariqələrini bütün xalqlara bəyan edin!

25Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir,

O bütün allahlardan daha zəhmlidir.

26Bütün özgə xalqların allahları bütlərdir,

Lakin göyləri yaradan Rəbdir.

27Ehtişam və əzəmət hüzurunda olar,

Sevinclə qüdrət Onun yerindədir.

28Ey xalqların tayfaları, Rəbbə verin –

Ehtişamı, qüdrəti Rəbbə verin,

29Adına layiq ehtişamı Rəbbə verin, Hüzuruna girib təqdimlər verin.

Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin.

30Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin!

O, dünyanı sarsılmaz və möhkəm qurub.

31Göylər sevinsin, yer üzü şad olsun!

Millətlərə belə elan edin:

“Rəbb hökmranlıq edir”.

32Dənizin və dənizdəki canlıların səsi ucalsın,

Çöllər və çöldə yaşayanlar fərəhlənsin,

33Meşədəki bütün ağaclar mədh söyləsin

Rəbbin hüzurunda!

O, dünyanın hökmünü vermək üçün gəlir.

34Rəbbə şükür edin, ona görə ki yaxşıdır,

Çünki məhəbbəti əbədidir.

35Deyin: “Ey qurtarıcımız Allah, bizi qurtar,

Bizi millətlərin arasından topla və azad et.

Müqəddəs isminə şükür edək,

Biz fəxrlə Sənə həmd söyləyək”.

36Alqış olsun İsrailin Allahı Rəbbə

Əzəldən sonsuza qədər!»

Bütün xalq «Amin!» söylədi və Rəbbə həmd etdi.

Rəbbin Əhd sandığının önündə və Giveonda xidmət edənlər

37Davud orada – Rəbbin Əhd sandığının önündə bu adamları qoydu: hər günün işinə görə sandığın önündə daim xidmət edən Asəf və onun yoldaşları,  38Oved-Edom və onun altmış səkkiz nəfər yoldaşı, qapıçılar Yedutun oğlu Oved-Edom və Xosa.  39O, Giveonda olan səcdəgahda, Rəbbin məskəni önündə, kahin Sadoqu və onun kahin yoldaşlarını qoydu ki,  40Rəbbin İsrailə əmr etdiyi Qanunda yazılanların hamısına görə daim səhər və axşam Rəbbə yandırma qurbanları üçün düzəldilən qurbangahda Ona yandırma qurbanları versinlər.  41Onlarla birgə Hemanı, Yedutunu və adları çəkilən başqa seçilmiş adamları təyin etdi ki, Rəbbə şükür etsinlər, çünki Onun məhəbbəti əbədidir.  42Heman, Yedutun və həmin adamların əlində Allaha yüksək səslə musiqi çalmaq üçün kərənaylar, sinclər və başqa alətlər var idi. Yedutunun oğulları isə qapıçı oldular.  43 Bütün xalq – hər kəs evinə getdi, Davud da öz evinə xeyir-dua vermək üçün geri qayıtdı.

YUXARI

1 Salnamələr 17

Allahın Davuda vədi

(2Şam. 7:1-17)

1Davud sarayında yaşayan vaxt peyğəmbər Natana dedi: «Mən sidr ağacından tikilən bir sarayda yaşayıram, Rəbbin Əhd sandığı isə çadır altındadır».  2Natan Davuda dedi: «Ürəyindəki niyyəti həyata keçir, çünki Allah səninlədir».  3Lakin gecə Natana Allahın bu sözü nazil oldu:  4«Get qulum Davuda söylə ki, Rəbb belə deyir: “Yaşamaq üçün Mənə evi sən tikməyəcəksən,  5çünki İsraili çıxartdığım gündən bu günə qədər heç bir evdə yaşamadım, yalnız çadırdan çadıra, məskəndən məskənə gəzdim.  6Bütün İsraillilərlə birgə gəzdiyim yerlərdə xalqımın qayğısına qalmağı buyurduğum İsrail hakimlərindən birinə ‹Niyə Mənə sidr ağacından bir ev tikmədiniz?› deyə bir söz söyləmişəmmi?”  7İndi qulum Davuda söylə ki, Ordular Rəbbi belə deyir: “Mən səni otlaqlarda qoyun otararkən götürüb xalqım İsrailə hökmdar etdim.  8Getdiyin hər yerdə səninlə oldum, qarşından bütün düşmənlərini qırıb atdım. İndi isə adını dünyadakı böyüklərin adı kimi məşhur edəcəyəm.  9Xalqım İsrail üçün bir yer təyin edəcəyəm, o kök atıb bu yerdə yaşayacaq və bir daha sarsılmayacaq. Şər adamlar əvvəllər – xalqım İsraillilərə hakimlər təyin etdiyim günlərdən bəri etdikləri kimi yenə də onu qırıb-çatmayacaq.  10Bütün düşmənlərini əzəcəyəm. Sənə bildirirəm ki, Rəbb sənə bir ev tikəcək.  11 Ömrün başa çatıb ataların kimi dünyadan getdiyin zaman yerinə sənin övladını – oğullarından birini çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm.  12O Mənim üçün ev tikəcək və Mən onun taxtını əbədi möhkəm edəcəyəm.  13 Mən ona Ata, o isə Mənə oğul olacaq. Lütfümü səndən əvvəl olan adamdan geri aldığım kimi ondan geri almayacağam.  14Onu Öz evimin və padşahlığımın üzərinə əbədi olaraq qoyacağam, onun taxtı əbədi möhkəm qalacaq”».  15Natan Davuda bütün bu sözləri və bütün bu vəhyi nəql etdi.

Davudun duası

(2Şam. 7:18-29)

16Padşah Davud içəri keçib Rəbbin önündə diz çökərək dedi: «Ya Rəbb Allah, mən kiməm və nəslim kimdir ki, Sən məni bu yerə çıxartdın?  17Ey Allah, Sənin gözündə bu da kiçik göründü, hələ bu qulunun nəslinin gələcəyi haqqında xəbər verdin. Mənə yüksək bir adam kimi baxırsan, ya Rəbb Allah!  18Bu quluna izzət verdiyin üçün Davud Sənə daha nə deyə bilər? Sən ki bu qulunu tanıyırsan.  19Ya Rəbb, qulundan ötrü və Öz istəyinə görə bu böyük işlərin hamısını etdin ki, bütün əzəmətini göstərəsən.  20Ya Rəbb, qulaqlarımızla eşitdiklərimizin hamısına görə Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur.  21Yer üzərində xalqın İsrail kimi bir millət varmı? Ey Allah, Sən onu Özünə xalq etmək üçün satın almağa getdin. Sən Misirdən satın aldığın xalqının önündən millətləri qovaraq böyük və xariqəli işlərlə Özünə şöhrət qazandın.  22Əbədi olaraq xalqın İsraili Özün üçün xalq olaraq müəyyən etdin və Sən, ya Rəbb, onların Allahı oldun.  23İndi isə, ya Rəbb, bu qulun və onun nəsli haqqında söylədiyin söz əbədi olaraq yerinə yetsin və dediyinə əməl et.  24Qoy adın əbədi olaraq qalsın və izzətlənsin, “İsrailin Allahı Ordular Rəbbi İsraili saxlayan Allahdır” desinlər. Qulun Davudun nəsli də Sənin önündə möhkəm qalsın.  25Çünki, Sən ey Allahım, “sənə ev tikəcəyəm” deyərək bunu quluna çatdırdın və buna görə qulun önündə dua etməyə cəsarət tapdı.  26Ya Rəbb, Sən Allahsan və indi də quluna bu yaxşı şeyi vəd etdin.  27Əbədi olaraq Sənin önündə olsun deyə bu qulunun nəslinə xeyir-dua vermək Sənə xoş göründü. Sən, ya Rəbb, ona xeyir-dua verdiyin üçün o əbədi olaraq xeyir-dua almışdır».

YUXARI

1 Salnamələr 18

Davudun qələbələri

(2Şam. 8:1-18)

1Bundan sonra Davud Filiştliləri məğlub edib özünə tabe etdi və Qatı, onun qəsəbələrini Filiştlilərdən aldı.  2O, Moavlıları da məğlub etdi və Moavlılar Davuda tabe olub xərac verdilər.  3Sova padşahı Hadadezer Fərat çayının ətrafındakı yerlərdə hakimiyyətini bərpa etməyə gedəndə Davud Xamatda onu məğlub etdi.  4O, Hadadezerin min döyüş arabasını aldı, yeddi min süvarisini, iyirmi min piyada əsgərini əsir etdi və atlardan yüzə qədərini döyüş arabası üçün saxlayaraq qalan atların ayaq vətərini kəsdi.  5Dəməşqdə yaşayan Aramlılar Sova padşahı Hadadezerə kömək etməyə gələndə Davud onlardan iyirmi iki min nəfəri qırdı.  6Davud Dəməşq Aramına hərbi dəstələr yerləşdirdi və Aramlılar ona tabe olub xərac verdilər. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı.  7O, Hadadezerin zabitlərinin gəzdirdiyi qızıl qalxanları götürüb Yerusəlimə gətirdi.  8 Davud Hadadezerin şəhərləri olan Tivxatdan və Kundan çoxlu tunc aldı. Sonralar Süleyman ondan tunc hovuzu, sütunları və tunc qabları düzəltdi.  9Xamat padşahı Tou eşitdi ki, Davud Sova padşahı Hadadezerin bütün ordusunu məğlub edib.  10O, Davudu salamlamaq və Hadadezeri döyüşdə məğlub etdiyinə görə təbrik etmək üçün oğlu Hadoramı onun yanına göndərdi, çünki Hadadezer Tou ilə həmişə müharibə etmişdi. Hadoram hər cür qızıl-gümüş və tunc əşyalar gətirdi.  11Padşah Davud bütün millətlərdən – Edomlulardan, Moavlılardan, Ammonlulardan, Filiştlilərdən və Amaleqlilərdən alıb gətirdiyi qızıl-gümüşlə birgə bunları da Rəbbə həsr etdi.  12 Seruya oğlu Avişay Duz vadisində Edomlulardan on səkkiz min nəfəri qırdı.  13O, Edoma hərbi dəstələr yerləşdirdi və bütün Edomlular Davuda tabe oldular. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı.

Davudun əyanları

14Davud bütün İsrailin padşahı oldu. O bütün xalqına ədalət və salehliklə hökmranlıq edirdi.  15Seruya oğlu Yoav ordu başçısı idi; Axilud oğlu Yehoşafat salnaməçi idi;  16Axituv oğlu Sadoq və Evyatar oğlu Avimelek kahin idi; Şavşa mirzə idi;  17Yehoyada oğlu Benaya Keretlilər və Peletlilərin başçısı idi; Davudun oğulları padşahın baş məmurları idi.

YUXARI

1 Salnamələr 19

Ammonlular və Aramlılar üzərində qələbə

(2Şam. 10:1-19)

1Bir müddət sonra Ammonluların padşahı Naxaş öldü və yerinə oğlu padşah oldu.  2Davud dedi: «Naxaşın oğlu Xanuna yaxşılıq edəcəyəm, çünki atası mənə yaxşılıq etdi». Davud qasidlər göndərdi ki, atasına görə Xanuna başsağlığı versin. Lakin Davudun adamları Ammon ölkəsinə, onun yanına gələndə  3Ammonluların başçıları Xanuna dedilər: «Sən elə bilirsən ki, Davud bu başsağlığı verən adamları sənin atana hörməti olduğu üçün göndərib? Bəlkə onun adamları bu torpaqdan keçməklə onu yoxlayıb öyrənmək, sonra da ələ keçirmək üçün sənin yanına gəliblər».  4Xanun Davudun adamlarını tutub saqqallarını qırxdıraraq paltarlarını oturacaq yerinə qədər aşağıdan kəsdirdi və onları geri göndərdi.  5Bu adamlar barədə Davuda xəbər çatdı. Davud onları qarşılamaq üçün qasidlər göndərdi, çünki bu adamlar çox utanırdı. Padşah dedi: «Saqqalınız çıxana qədər Yerixoda qalın, sonra qayıdarsınız».  6Xanun və Ammonlular Davudun yanında nifrət qazandıqlarını görəndə Aram-Naharayimdən, Aram-Maakadan, Sovadan özlərinə muzdla döyüş arabaları və atlılar tutmaq üçün min talant gümüş göndərdilər.  7Özləri üçün otuz iki min araba, Maaka padşahını və onun qoşunlarını muzdla tutdular, onlar da gəlib Medvanın önündə ordugah qurdular. Ammonlular öz şəhərlərindən yığılıb döyüşə gəldilər.  8Davud bunu eşidib Yoavla bütün igidlər ordusunu onların üstünə göndərdi.  9Ammonlular çıxıb şəhərin girişində, gələn padşahlar isə ayrıca çöldə döyüş üçün düzüldü.  10Yoav öndən və arxadan düşmənlərin ona qarşı düzüldüklərini görəndə bütün İsrailin seçmə döyüşçülərindən bəzisini ayırıb Aramlılara qarşı düzdü.  11Xalqın qalan hissəsinə isə qardaşı Avişayı başçı qoydu və onlar Ammonluların qarşısında düzüldü.  12Yoav dedi: «Əgər Aramlılar məndən güclü çıxarsa, sən mənə kömək edərsən, əgər Ammonlular səndən güclü çıxarsa, mən sənə kömək edərəm.  13Möhkəm ol. Gəl xalqımız naminə və Allahımızın şəhərləri naminə igidlik göstərək. Qoy Rəbb gözündə xoş olanı etsin».  14Yoav və yanındakı qoşun vuruşmaq üçün Aramlıların qarşısına yaxınlaşdı. Aramlılar Yoavın önündən qaçdı.  15Ammonlular da Aramlıların qaçdığını görəndə Yoavın qardaşı Avişayın qabağından qaçıb şəhərə girdilər. Sonra Yoav Yerusəlimə gəldi.  16Aramlılar İsraillilərin önündə məğlub olduqlarını görəndə qasidlər göndərib Fərat çayının o tayındakı Aramlıları döyüşə çıxartdılar. Onların başçısı Hadadezerin ordu başçısı Şofak idi.  17Bunu Davuda xəbər verdilər. O bütün İsrailliləri toplayıb İordan çayını keçdi və Aramlıların qarşısına gəlib qoşununu onlara qarşı düzdü. Davud öz qoşununu Aramlıların önünə çıxartdı və Aramlılar onunla vuruşdu.  18Aramlılar İsraillilərin qabağından qaçdı. Davud Aramlılardan yeddi min araba döyüşçüsünü və qırx min piyadanı qırdı, ordu başçısı Şofakı da öldürdü.  19Hadadezerin adamları İsraillilərin önündə məğlub olduqlarını görəndə Davudla sülh bağladılar və ona tabe oldular. Aramlılar bir daha Ammonlulara kömək etmək istəmədi.

YUXARI

1 Salnamələr 20

Ammonluların darmadağın edilməsi

(2Şam. 11:1; 12:26-31)

1Bahar gələndə padşahlar müharibəyə çıxan vaxt Yoav ordusunu səfərə çıxardı. O, Ammonluların ölkəsini viran etdi və gəlib Rabbanı mühasirəyə aldı. Davud isə Yerusəlimdə qaldı. Yoav Rabbanı vurub dağıtdı.  2Davud onların padşahının başından tacını götürdü. Tac qızıldan olub çəkisi bir talant idi. Onun üzərində qiymətli daş var idi. Bu tac Davudun başına qoyuldu. Davud bu şəhərdən çoxlu qənimət apardı.  3O, şəhərdə olan xalqı köçürdü və əllərinə mişar, dəmir, külüng və balta verib ağır işlərə qoydu. Davud Ammonluların bütün şəhərlərində belə edəndən sonra xalqın hamısı ilə birgə Yerusəlimə qayıtdı.

İsraillilərin Filiştli nəhənglərə qarşı döyüşü

(2Şam. 21:15-22)

4Bundan sonra Gezerdə Filiştlilərlə döyüş oldu. O zaman Xuşalı Sibbekay Rafa övladlarından Sippayı öldürdü. Beləcə Filiştlilər tabe oldu.  5 Filiştlilərlə daha bir döyüşdə Yair oğlu Elxanan Qatlı Qolyatın qardaşı Laxmini öldürdü. Onun əlindəki nizənin sapı toxucu dəzgahının əriş ağacı boyda idi.  6Qatda bir də döyüş oldu. Orada Rafa övladlarından digər ucaboy bir adam var idi. Bu adamın əlləri və ayaqları altı barmaqlı idi və cəmi iyirmi dörd barmağı var idi.  7O, İsrailə meydan oxudu. Onu Davudun qardaşı Şimanın oğlu Yonatan öldürdü.  8Bunlar Rafa övladlarından olub Qatda doğulmuşdu. Onlar Davudun və onun adamlarının əli ilə qırıldı.

YUXARI

1 Salnamələr 21

Davudun xalqı siyahıya alması

(2Şam. 24:1-25)

1Şeytan İsraillilərə qarşı qalxdı və Davudu İsrailliləri siyahıya almağa təhrik etdi.  2Davud Yoava və xalqın başçılarına dedi: «Gedin, Beer-Şevadan Dana qədər İsrailliləri siyahıya alın və siyahını mənə gətirin ki, onların sayını bilim».  3Yoav dedi: «Rəbb xalqını olduğundan yüz qat artıq etsin. Ancaq, ağam padşah, onların hamısı ağamın qulları deyilmi? Nə üçün ağam bunu istəyir? Nə üçün bu, İsrailə cəza gətirsin?»  4Lakin padşahın sözü Yoava üstün gəldi. Yoav çıxıb bütün İsraili dolaşdı və sonra Yerusəlimə gəldi.  5O, xalqın siyahısını Davuda verdi. Bütün İsraildə qılınc çəkən bir milyon yüz min nəfər, Yəhudada isə qılınc çəkən dörd yüz yetmiş min nəfər adam var idi.  6Ancaq Yoav onların arasında Levililəri və Binyaminliləri siyahıya almadı, çünki padşahın sözündən acığı gəlmişdi.  7Bu iş Allahın gözündə pis oldu və O, İsrailə cəza verdi.  8Davud Allaha dedi: «Bu işi görməklə böyük günah etdim. İndi isə, yalvarıram, bu qulunun təqsirindən keç, çünki çox ağılsızlıq etmişəm».  9Rəbb Davudun görücüsü Qada dedi:  10«Get, Davuda söylə ki, Rəbb belə deyir: “Sənə üç şey təklif edirəm, özün üçün bunların birini seç ki, sənə edim”».  11Qad Davudun yanına gəlib ona dedi: «Rəbb belə deyir: “Özün üçün seç:  12ya üç il aclıq olacaq ya üç ay düşmənlərin səni təqib edəcək və onların qılıncı səni vuracaq ya da üç gün Rəbbin qılıncı olan vəba ölkənin üzərinə gələcək və Rəbbin mələyi İsrailliləri hər yerdə qıracaq”. İndi qərar ver görək məni göndərənə nə cavab verim?»  13Davud Qada dedi: «Mənim üçün çox çətindir. İnsan əlinə düşüncə qoy Rəbbin əlinə düşüm, çünki Onun rəhmi çox böyükdür».  14Beləcə Rəbb İsrail üzərinə vəba göndərdi və İsraillilərdən yetmiş min nəfər həlak oldu.  15Allah Yerusəlimin əhalisini həlak etmək üçün bir mələk göndərdi. Mələk onları həlak edərkən Rəbb bunu görüb bu bəlaya görə təəssüfləndi və həlak edən mələyə dedi: «Bəsdir, əl saxla!» Rəbbin mələyi Yevuslu Ornanın xırmanının yanında dayandı.  16Davud başını qaldırıb Rəbbin mələyini gördü. Mələk əlindəki siyrilmiş qılıncı Yerusəlimin üzərinə uzadaraq yerlə göyün arasında dayanmışdı. Çula bürünən Davud və ağsaqqallar üzüstə yerə qapandı.  17Davud Allaha dedi: «Xalqı siyahıya almağı əmr edən mən deyildimmi? Mən günah etdim və həqiqətən, pis iş gördüm, bəs bu yazıq xalq nə edib? Ya Rəbb Allahım, qoy Sənin əlin mənim və ata nəslimin əleyhinə qalxsın, amma Öz xalqına vəba göndərmə».

Davud Ornanın xırman yerində qurbangah düzəldir

18Rəbbin mələyi Davuda söyləmək üçün Qada dedi: «Qoy Davud çıxıb Yevuslu Ornanın xırmanında Rəbbə bir qurbangah düzəltsin».  19Rəbbin adı ilə Qadın söylədiyi sözə görə Davud çıxdı.  20Ornan geri dönüb mələyi gördü. Onunla birgə olan dörd oğlu gizləndi, Ornan isə yenə də buğda döyürdü.  21Davud Ornanın yanına gələndə Ornan baxıb Davudu gördü, xırmandan çıxdı və ona yerə qədər təzim etdi.  22Davud Ornana dedi: «Bu xırmanını mənə ver ki, burada Rəbb üçün qurbangah tikim, onu mənə tam dəyərinə sat. Beləcə xalqın üzərinə gələn vəba dayansın».  23Ornan Davuda dedi: «Götür, havayı sənin olsun, ağam padşah gözündə xoş olanı etsin. Mən yandırma qurbanı olaraq öküzləri, odun yerinə vəlləri və taxıl təqdimi kimi buğdanı verirəm, bunların hamısını verirəm».  24Padşah Davud Ornana dedi: «Yox, mütləq tam dəyərinə satın alacağam, çünki sənin malını Rəbb üçün götürmərəm, havayı malı yandırma qurbanı vermərəm».  25Buna görə də Davud bu yer üçün Ornana çəkisi altı yüz şekel qızıl verdi.  26Davud orada Rəbbə bir qurbangah düzəldib yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi. O, Rəbbi çağırdı, Rəbb də yandırma qurbanlarının gətirildiyi qurbangaha göydən od göndərib ona cavab verdi.  27Rəbb mələyə əmr etdi, o da qılıncını qınına qoydu.  28Davud Yevuslu Ornanın xırmanında Rəbbin ona cavab verdiyini gördükdə orada qurban kəsdi.  29Musanın səhrada düzəltdiyi Rəbbin məskəni və yandırma qurbanları üçün düzəldilən qurbangah o vaxt Giveondakı səcdəgahda idi.  30Ancaq Davud Allahdan soruşmaq üçün Onun hüzuruna gedə bilmədi, çünki Rəbbin mələyinin qılıncından qorxurdu.

YUXARI

1 Salnamələr 22

1Buna görə də Davud dedi: «Rəbb Allahın evi burada olsun, burada İsrail üçün yandırma qurbanları gətirilən qurbangah da olsun».

Davud məbədin tikilməsinə hazırlıq görür

2Davud İsrail torpağında olan qəriblərin yığılmasını əmr etdi və Allah evinin tikilişinə yonma daşlar düzəltmək üçün onların arasından daşyonanlar təyin etdi.  3Davud qapı taylarının mıxları və rəzələri üçün çoxlu dəmir hazırladı. Həmçinin çoxluğuna görə çəkiyə gəlməz tunc hazırladı  4və saysız-hesabsız sidr ağacları da yığdı. Çünki Sidonlular və Surlular Davuda çoxlu sidr ağacları gətirmişdi.  5Davud öz-özünə dedi: «Oğlum Süleyman cavandır, təcrübəsi yoxdur, Rəbbə tikiləcək məbəd isə əzəmətli olmalı, şöhrəti və izzəti bütün ölkələrə yayılmalıdır. Buna görə onun üçün hazırlıq görməliyəm». Beləliklə, Davud ölümündən əvvəl çoxlu hazırlıq işləri gördü.

Davud Süleymana məbəd tikməyi vəsiyyət edir

6Davud oğlu Süleymanı çağırdı və İsrailin Allahı Rəbb üçün məbəd tikməyi ona vəsiyyət etdi.  7 Davud Süleymana dedi: «Ey oğlum, mənim ürəyimdə Allahım Rəbbin adına məbəd tikmək istəyi vardı.  8Ancaq mənə Rəbbin bu sözü nazil oldu: “Sən çoxlu qan tökdün və böyük müharibələr etdin. Sən Mənim adıma məbəd tikməyəcəksən, çünki önümdə yerə çoxlu qan tökmüsən.  9Sənin bir oğlun olacaq. O, dinc yaşayacaq, onu ətrafındakı bütün düşmənlərindən qoruyacağam. Onun adı Süleyman olacaq. Onun dövründə İsrailə sülh və əmin-amanlıq verəcəyəm.  10O Mənim adıma məbəd tikəcək. O Mənə oğul olacaq, Mən də ona ata olacağam. Onun padşahlıq taxtını İsrail üzərində əbədi olaraq möhkəmlədəcəyəm”.  11İndi, oğlum, qoy Rəbb sənə yar olsun, sənin barəndə söylədiyi kimi Allahın Rəbbin məbədini uğurla tikəsən.  12Ancaq Rəbb səni İsrailə hökm etmək üçün qoyanda sənə müdriklik və həssaslıq versin ki, Allahın Rəbbin verdiyi Qanuna əməl edəsən.  13 Əgər İsrail barədə Rəbbin Musaya əmr etdiyi qaydalara və hökmlərə əməl etsən, uğur qazanacaqsan. Möhkəm və cəsarətli ol, qorxma və ruhdan düşmə.  14Bax böyük cəhdlə Rəbbin məbədi üçün yüz min talant qızıl, bir milyon talant gümüş, çox olduğu üçün çəkiyə gəlməz tunc və dəmir yığdım, həmçinin ağaclar və daşlar hazırladım. Sən də bunların üstünə əlavə et.  15Sənin yanında çoxlu işçilər – daşyonanlar, bənnalar, dülgərlər,  16hər cür qızıl, gümüş, tunc və dəmir işini bacaran ustalar var. Onların sayı-hesabı yoxdur. Buyur, işə başla, Rəbb sənə yar olsun».  17Davud İsrailin bütün başçılarına oğlu Süleymana kömək etməyi vəsiyyət edib dedi:  18«Allahınız Rəbb sizinlə deyilmi? O, ölkədə yaşayanları mənim ixtiyarıma verməklə sizə hər tərəfdən dinclik vermədimi? Ölkə Rəbbə və Onun xalqına tabe edilib.  19İndi ürəyinizi və canınızı Allahınız Rəbbi axtarmağa yönəldin. Rəbb Allahın Müqəddəs məkanını tikməyə başlayın ki, Rəbbin Əhd sandığını və Allahın müqəddəs əşyalarını Rəbbin adına tikilmiş məbədə gətirəsiniz».

YUXARI

1 Salnamələr 23

1 Davud qocalıb yaşa dolanda oğlu Süleymanı İsrail üzərində padşah etdi.

Levililər və onların vəzifələri

2Davud İsrailin bütün başçılarını, kahinləri və Levililəri topladı.  3Otuz yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı. Onlardan kişilərin sayı otuz səkkiz min nəfər idi.  4Bunlardan iyirmi dörd min nəfəri Rəbbin məbədində xidmət üçün qoyuldu. Altı min məmur və hakim,  5dörd mini isə qapıçı oldu. Dörd min nəfər Davudun bu məqsədlə düzəltdiyi musiqi alətləri ilə Rəbbi həmd etmək üçün qoyuldu.  6Levinin Gerşon, Qohat və Merari nəsillərinə görə Davud onları bölmələrə ayırdı.  7Gerşonun nəslindən: Ladan və Şimey.  8Ladanın oğulları: ilk oğlu Yexiel, Zetam və Yoel – üç nəfər.  9Şimeyin oğulları: Şelomit, Xaziel və Haran – üç nəfər. Bunlar Ladanın nəsil başçıları idi.  10Şimeyin oğulları: Yaxat, Ziza, Yeuş və Beria. Bu dördü Şimeyin oğulları idi.  11Yaxat ilk oğlu, Ziza isə ikincisi idi. Ancaq Yeuşun və Berianın oğulları çox deyildi. Onlar birlikdə bir nəsil kimi siyahıya alındı.  12Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel – dörd nəfər.  13 Amramın oğulları: Harun və Musa. Harun ən müqəddəs şeyləri təqdis etmək üçün təyin olundu. Onun nəsli əbədi olaraq Rəbbin önündə buxur yandırmaq, Rəbbə xidmət etmək və həmişə Onun adı ilə xeyir-dua vermək üçün təyin olundu.  14Allah adamı Musaya gəlincə, onun nəsli Levi qəbiləsi arasında siyahıya alındı.  15Musanın oğulları: Gerşom və Eliezer.  16Gerşomun ilk oğlu Şevuel.  17Eliezerin ilk oğlu Rexavya. Eliezerin başqa oğlu yox idi, amma Rexavyanın oğulları olduqca çox idi.  18İsharın ilk oğlu Şelomit.  19Xevronun oğulları: ilk oğlu Yeriya, ikincisi Amarya, üçüncüsü Yaxaziel və dördüncüsü Yeqameam.  20Uzzielin oğulları: ilk oğlu Mikeya və ikincisi İşşiya.  21Merarinin oğulları: Maxli və Muşi. Maxlinin oğulları: Eleazar və Qiş.  22Eleazar öləndə onun oğlu yox idi, ancaq qızları var idi və əmiləri Qişin oğulları onları arvad aldılar.  23Muşinin oğulları: Maxli, Eder və Yeremot – üç nəfər.  24Bunlar adları ilə siyahıya düşən Levililərin ailə başçılarıdır. Rəbbin məbədinin xidmət işini görən Levililər iyirmi yaşında və bundan yuxarı yaşda idi.  25Davud demişdi: «İsrailin Allahı Rəbb xalqına dinclik vermişdir və əbədi olaraq Yerusəlimdə məskən salacaq.  26 Levililər müqəddəs məskəni və onun bütün xidmət əşyalarını daha daşımayacaq».  27Buna görə də Davudun son sözlərinə görə iyirmi yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı.  28 Onların vəzifəsi Rəbbin məbədində Harunun nəslindən olan kahinlərin yanında dayanıb bu xidmət işlərini görmək idi: həyətlərə və otaqlara baxmaq, bütün müqəddəs əşyaları təmizləmək, Allahın evində xidmət etmək,  29təqdim çörəklərinə, təqdim üçün verilən una, mayasız qoğallara, onların yoğrulmasına və bişməsinə, hər cür ölçü qablarına baxmaq,  30hər səhər durub Rəbbə şükür və həmd etmək, hər axşam da elə etmək,  31Şənbə günlərində, Təzə Ay mərasimlərində, bayramlarda əmr edilən qaydalara görə düzgün sayda daim Rəbbin önündə yandırma qurbanları təqdim etmək.  32Beləcə Levililər Hüzur çadırının, Müqəddəs yerin xidmətlərinə, Rəbbin evinin xidmətlərində qohumları Harun nəslinə xidmət etməyə cavabdeh idilər.

YUXARI

1 Salnamələr 24

Kahinlər və onların xidmət qaydaları

1Harun nəslinin bölükləri bunlardır. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar.  2 Ancaq Nadav və Avihu atalarından əvvəl öldü və oğulları da yox idi. Buna görə də Eleazar və İtamar kahin oldu.  3Davud, Eleazar nəslindən Sadoq və İtamar nəslindən Aximelek onları xidmət işlərinə görə növbələrə ayırdı.  4Eleazar nəsli arasında İtamar nəslindən daha çox nəsil başçısı tapıldı. Onlar belə ayrıldı: Eleazar nəslindən nəsil başçısı on altı nəfər, İtamar nəslindən nəsil başçısı səkkiz nəfər.  5Beləcə onlar püşklə eyni qayda ilə ayrıldı, çünki həm Eleazar nəslindən, həm də İtamar nəslindən Müqəddəs yerdə və Allahın önündə durmaq üçün başçılar var idi.  6Padşahın, rəislərin, kahin Sadoqun, Evyatar oğlu Aximelekin, kahinlərin və Levililərin nəsil başçılarının önündə Levili mirzə Netanel oğlu Şemaya onları qeydə aldı. Bir nəsil Eleazar üçün, o biri İtamar üçün alındı.  7Birinci püşk Yehoyarivə, ikincisi Yedayaya,  8üçüncüsü Xarimə, dördüncüsü Seorimə,  9beşincisi Malkiyaya, altıncısı Miyaminə,  10 yeddincisi Haqqosa, səkkizincisi Aviyaya,  11doqquzuncusu Yeşuaya, onuncusu Şekanyaya,  12on birincisi Elyaşivə, on ikincisi Yaqimə,  13on üçüncüsü Xuppaya, on dördüncüsü Yeşevaya,  14on beşincisi Bilqaya, on altıncısı İmmerə,  15on yeddincisi Xezirə, on səkkizincisi Happissesə,  16on doqquzuncusu Petahyaya, iyirmincisi Yezekelə,  17iyirmi birincisi Yakinə, iyirmi ikincisi Qamula,  18iyirmi üçüncüsü Delayaya, iyirmi dördüncüsü Maazyaya çıxdı.  19İsrailin Allahı Rəbbin əmr etdiyi kimi babaları Harunun vasitəsilə onlara verilən qaydalarına görə, Rəbbin məbədinə girmək üçün xidmət işinə görə növbələri belə idi.

Qalan Levililərin siyahısı

20Levililərin qalan bölmələri bunlardır: Amramın nəslindən Şuvael, Şuvaelin nəslindən Yexdeya.  21Rexavyanın nəslindən ilk oğlu İşşiya.  22İsharın nəslindən Şelomot, Şelomotun nəslindən Yaxat.  23Xevronun oğulları: ilk oğlu Yeriya, ikincisi Amarya, üçüncüsü Yaxaziel, dördüncüsü Yeqameam.  24Uzzielin nəslindən Mikeya, Mikeyanın nəslindən Şamir.  25Mikeyanın qardaşı İşşiya, İşşiyanın nəslindən Zəkəriyyə.  26Merarinin oğulları: Maxli, Muşi, onun nəslindən Yaaziya.  27Merari nəslindən olan Yaaziyanın oğulları: Şoham, Zakkur və İvri.  28Maxlinin nəslindən Eleazar. Onun oğlu yox idi.  29Qişin nəslindən Yeraxmeel.  30Muşinin oğulları: Maxli, Eder və Yerimot. Bunlar nəsillərinə görə Levililərin bölükləridir.  31Onlar da qohumları olan Harun nəsli kimi padşah Davudun, Sadoqun, Aximelekin, kahinlərin və Levililərin nəsil başçılarının önündə püşk atdılar. Böyük nəsil başçıları da, qohumları olan kiçik nəsil başçıları da eyni qayda ilə püşk atdılar.

YUXARI

1 Salnamələr 25

Məbəddə olan musiqiçilər

1Davud və ordu başçıları, Asəfin, Hemanın və Yedutunun nəslindən liralarla, çənglərlə və sinclərlə peyğəmbərlik etsinlər deyə xidmət üçün ayırdılar. Bu xidmət işini görənlərin siyahısı budur:  2Asəfin nəslindən: onun oğulları Zakkur, Yusif, Netanya, Asarela. Asəfin başçılığı altında olan oğulları padşahın əmrinə görə peyğəmbərlik edirdilər.  3Yedutunun nəslindən: onun oğulları Gedalya, Seri, Yeşaya, Xaşavya, Mattitya. Ataları Yedutunun başçılığı altında olan bu altı nəfər Rəbbə şükür və həmd edərək lira ilə peyğəmbərlik edirdi.  4Hemanın nəslindən: onun oğulları Buqqiya, Mattanya, Uzziel, Şevuel, Yerimot, Xananya, Xanani, Eliata, Giddalti, Romamti-Ezer, Yoşbeqaşa, Malloti, Hotir və Maxaziot.  5Bunların hamısı padşahın görücüsü Hemanın oğulları idi, çünki Hemanı yüksəltmək barədə Allahın verdiyi sözə görə Allah ona on dörd oğul və üç qız vermişdi.  6Onların hamısı Rəbbin məbədində atalarının başçılığı altında Allah evinin xidməti üçün sinclər, çənglər və liralar çalıb ilahi oxuyurdu. Asəf, Yedutun və Heman isə padşahın başçılığı altında idi.  7Rəbbə ilahi oxumaq öyrədilmiş qohumları ilə birgə bütün bunu bacaranlar iki yüz səksən səkkiz nəfər idi.  8Hamısı – böyüyü də, kiçiyi də, müəllimi də, şagirdi də eyni qayda ilə vəzifələri üçün püşk atdı.  9Birinci püşk Asəfin nəslindən olan Yusifə çıxdı. İkincisi qohumları və oğulları ilə birgə Gedalyaya çıxdı. Onlar on iki nəfər idi.  10Üçüncüsü oğulları və qohumları ilə birgə Zakkura çıxdı. Onlar on iki nəfər idi.  11Dördüncüsü oğulları və qohumları ilə birgə İsriyə çıxdı. Onlar on iki nəfər idi.  12Beşincisi oğulları və qohumları ilə birgə Netanyaya çıxdı. Onlar on iki nəfər idi.  13Altıncısı oğulları və qohumları ilə birgə Buqqiyaya çıxdı. Onlar on iki nəfər idi.  14Yeddincisi oğulları və qohumları ilə birgə Yesarelaya çıxdı. Onlar on iki nəfər idi.  15Səkkizincisi oğulları və qohumları ilə birgə Yeşayaya çıxdı. Onlar on iki nəfər idi.  16Doqquzuncusu oğulları və qohumları ilə birgə Mattanyaya çıxdı. Onlar on iki nəfər idi.  17Onuncusu oğulları və qohumları ilə birgə Şimeyə çıxdı. Onlar on iki nəfər idi.  18On birincisi oğulları və qohumları ilə birgə Azarelə çıxdı. Onlar on iki nəfər idi.  19On ikincisi oğulları və qohumları ilə birgə Xaşavyaya çıxdı. Onlar on iki nəfər idi.  20On üçüncüsü oğulları və qohumları ilə birgə Şuvaelə çıxdı. Onlar on iki nəfər idi.  21On dördüncüsü oğulları və qohumları ilə birgə Mattityaya çıxdı. Onlar on iki nəfər idi.  22On beşincisi oğulları və qohumları ilə birgə Yeremota çıxdı. Onlar on iki nəfər idi.  23On altıncısı oğulları və qohumları ilə birgə Xananyaya çıxdı. Onlar on iki nəfər idi.  24On yeddincisi oğulları və qohumları ilə birgə Yoşbeqaşaya çıxdı. Onlar on iki nəfər idi.  25On səkkizincisi oğulları və qohumları ilə birgə Xananiyə çıxdı. Onlar on iki nəfər idi.  26On doqquzuncusu oğulları və qohumları ilə birgə Mallotiyə çıxdı. Onlar on iki nəfər idi.  27İyirmincisi oğulları və qohumları ilə birgə Eliataya çıxdı. Onlar on iki nəfər idi.  28İyirmi beşincisi oğulları və qohumları ilə birgə Hotirə çıxdı. Onlar on iki nəfər idi.  29İyirmi ikincisi oğulları və qohumları ilə birgə Giddaltiyə çıxdı. Onlar on iki nəfər idi.  30İyirmi üçüncüsü oğulları və qohumları ilə birgə Maxaziota çıxdı. Onlar on iki nəfər idi.  31İyirmi dördüncüsü oğulları və qohumları ilə birgə Romamti-Ezerə çıxdı. Onlar on iki nəfər idi.

YUXARI

1 Salnamələr 26

Məbədin qapıçıları

1Qapıçıların bölükləri belədir: Qorah nəslindən, Asəfin övladlarından olan Qore oğlu Meşelemya.  2Meşelemyanın oğulları: ilk oğlu Zəkəriyyə, ikincisi Yediael, üçüncüsü Zevadya, dördüncüsü Yatniel,  3beşincisi Elam, altıncısı Yehoxanan, yeddincisi Elyehoenay.  4 Oved-Edomun oğulları: ilk oğlu Şemaya, ikincisi Yehozavad, üçüncüsü Yoah, dördüncüsü Sakar, beşincisi Netanel,  5altıncısı Ammiel, yeddincisi İssakar, səkkizincisi Peulletay, çünki Allah Oved-Edoma xeyir-dua vermişdi.  6Onun oğlu Şemayanın da oğulları oldu və onlar nəsil başçıları oldu, çünki igid adamlar idi.  7Şemayanın oğulları: Otni, Refael, Oved və Elzavad. Qohumları Elihu və Semakya da igid adamlar idi.  8Bunların hamısı Oved-Edomun nəslindən idi. Özləri, oğulları və qohumları xidmət işində bacarıqlı və igid adamlar idi. Hamısı birlikdə altmış iki nəfər idi. Onlar Oved-Edomdan idi.  9Meşelemyanın oğullarından və qohumlarından olan igid adamlar on səkkiz nəfər idi.  10Merari nəslindən olan Xosanın oğulları: ilk oğlu olmadığı halda atasının böyük başçı qoyduğu Şimri,  11ikincisi Xilqiya, üçüncüsü Tevalya, dördüncüsü Zəkəriyyə. Xosanın bütün oğulları və qohumları on üç nəfər idi.  12Bu adamların başçılıq etdiyi qapıçı bölükləri başqa qohumları kimi Rəbbin məbədində xidmət etmək üçün vəzifələrinə təyin olundular.  13Böyüyü də, kiçiyi də ata nəsillərinə görə hər qapı üçün püşk atdı.  14Şelemya üçün püşk Şərq qapısına düşdü. Onun oğlu ağıllı məsləhətçi olan Zəkəriyyə üçün də püşk atdılar. Onun püşkü Şimal qapısına düşdü.  15Oved-Edom üçün püşk Cənub qapısına, oğulları üçün isə anbar evinə düşdü.  16Şuppim və Xosa üçün püşk Qərb qapısına və yuxarı qalxan yolda olan Şalleket qapısına düşdü. Bunların hamısı növbə ilə beləcə keşik çəkirdi.  17Şərq qapısı üçün altı Levili, Şimal qapısı üçün gündə dörd Levili, Cənub qapısı üçün gündə dörd Levili və hər iki anbar üçün iki Levili.  18Qərb tərəfdə olan həyət üçün isə yolda dördü, həyətdə ikisi dururdu.  19Bunlar Qorah və Merari nəsillərindən olan qapıçı bölmələridir.

Xəzinə nəzarətçiləri və başqa məmurlar

20Allah evinin xəzinələrinə və təqdis olunan şeylərin xəzinələrinə nəzarət edən Levililər – onların qohumları bunlardır:  21Gerşonlulardan olan Ladanın nəslindən Ladanın nəsil başçısı Gerşonlu Yexieli,  22Rəbbin məbədinin xəzinələrinə nəzarət edən Yexielinin oğulları Zetam və onun qardaşı Yoel.  23Amramın, İsharın, Xevronun və Uzzielin nəsillərindən  24Musa oğlu Gerşomun nəslindən olan Şevuel xəzinələr üzərində baş nəzarətçi idi.  25Gerşomun qardaşı Eliezerin nəsli: onun oğlu Rexavya, onun oğlu Yeşaya, onun oğlu Yoram, onun oğlu Zikri, onun oğlu Şelomit.  26Şelomit və onun qohumları bütün təqdis olunan şeylər xəzinələri üzərində nəzarətçi idi. Bu şeyləri padşah Davud, minbaşı və yüzbaşı olan nəsil və ordu başçıları təqdis etmişdi.  27Müharibələrdə ələ keçirilən təqdis olunmuş qənimətin bir hissəsini Rəbbin məbədini təmin etmək üçün ayırmışdılar.  28Hər kəsin təqdis etdiyi şeylər – görücü Şamuelin, Qiş oğlu Şaulun, Ner oğlu Avnerin və Seruya oğlu Yoavın təqdis etdiyi şeylərin hamısı Şelomitin və onun qohumlarının nəzarəti altında idi.  29İshar nəslindən Kenanya və onun oğulları İsrail üzərində məmur və hakim olub məbəddən kənardakı işlərə baxırdı.  30Xevronun nəslindən igid adamlar olan Xaşavya və onun qardaşları – min yeddi yüz nəfər Rəbbə ibadət işi və padşahın xidmət işi üçün İordan çayının qərb tayında yaşayan İsraillilər üzərində məmur idi.  31Xevronun nəslindən olan Yeriya Xevronluların nəsil başçısı idi. Davudun padşahlığının qırxıncı ilində onların nəsil şəcərələrinə baxıldı və Gileadın Yazer şəhərində onların arasında igid adamlar tapıldı.  32Yeriyanın nəsil başçıları olan qohumları igid adamlar idi və sayları iki min yeddi yüz nəfər idi. Padşah Davud Allahın və padşahın xidmət işi üçün Ruvenlilər, Qadlılar və Menaşşe qəbiləsinin yarısı üzərində onları məmur qoydu.

YUXARI

1 Salnamələr 27

Qoşun başçılarının aylıq növbələri

1İlin hər ayında bir bölmə növbə çəkirdi. Hər bölmədə iyirmi dörd min nəfər var idi. Bu bölmələrin bütün işlərində padşaha xidmət edən İsraillilərin nəsil başçılarının, minbaşıların, yüzbaşıların və məmurların siyahısı budur:  2birinci ay üçün birinci bölməyə Zavdiel oğlu Yaşoveam başçılıq edirdi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.  3O, Peres nəslindən idi və birinci ay üçün bütün ordu başçılarının böyüyü idi.  4İkinci ayın bölməsinə Axoahlı Doday başçılıq edirdi. Miqlot onun köməkçisi idi və onun bölməsində iyirmi dörd min nəfər var idi.  5Üçüncü ay üçün üçüncü qoşun başçısı kahin Yehoyadanın oğlu Benaya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.  6«Otuz igid»dən biri və «otuz igid»in başçısı olan Benaya budur. Oğlu Ammizavad onun köməkçisi idi.  7Dördüncü ay üçün dördüncü başçı Yoavın qardaşı Asahel idi, ondan sonra oğlu Zevadya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.  8Beşinci ay üçün beşinci başçı İzrahlı Şamhut idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.  9Altıncı ay üçün altıncı başçı Teqoalı İqqeşin oğlu İra idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.  10Yeddinci ay üçün yeddinci başçı Efrayimlilərdən Pelonlu Xeles idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.  11Səkkizinci ay üçün səkkizinci başçı Zerah nəslindən Xuşalı Sibbekay idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.  12Doqquzuncu ay üçün doqquzuncu başçı Binyaminlilərdən Anatotlu Aviezer idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.  13Onuncu ay üçün onuncu başçı Zerah nəslindən Netofalı Mahray idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.  14On birinci ay üçün on birinci başçı Efrayimlilərdən Piratonlu Benaya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.  15On ikinci ay üçün on ikinci başçı Otnielin nəslindən Netofalı Xelday idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.

İsrail qəbilələri üzərində olan başçılar

16İsrail qəbilələri üzərində olan başçılar bunlardır: Ruvenlilərin başçısı Zikri oğlu Eliezer; Şimeonluların başçısı Maaka oğlu Şefatya;  17Levililərin başçısı Qemuel oğlu Xaşavya, Harun nəslinin başçısı Sadoq;  18Yəhudalıların başçısı Davudun qardaşlarından biri Elihu; İssakarlıların başçısı Mikael oğlu Omri;  19Zevulunluların başçısı Avdiya oğlu İşmaya; Naftalililərin başçısı Azriel oğlu Yerimot;  20Efrayimlilərin başçısı Azazya oğlu Huşə; Menaşşelilərin yarısının başçısı Pedaya oğlu Yoel;  21Gileadda olan Menaşşelilərin yarısının başçısı Zəkəriyyə oğlu İddo; Binyaminlilərin başçısı Avner oğlu Yaasiel;  22Danlıların başçısı Yeroxam oğlu Azarel. Bunlar İsrail qəbilələrinin başçılarıdır.  23 Davud iyirmi yaşında və bundan aşağı yaşda olanları hesaba almadı, çünki Rəbb İsraili göydəki ulduzlar qədər çoxaldacağını vəd etmişdi.  24 Seruya oğlu Yoav siyahıya almağa başladı, ancaq bunu başa çatdırmadı. Bu siyahıyaalmadan ötrü Rəbbin qəzəbi İsrail üzərinə gəldi və siyahıyaalma padşah Davudun salnamələr kitabına daxil olmadı.

Padşahın nəzarətçiləri və məsləhətçiləri

25Padşahın anbarlarına nəzarət edən Adiel oğlu Azmavet; tarlalarda, şəhərlərdə, kəndlərdə və qalalarda olan anbarlara nəzarət edən Uzziya oğlu Yonatan;  26tarlada çalışan əkinçilərin üzərində nəzarətçi Keluv oğlu Ezri;  27üzüm bağlarına nəzarət edən Ramalı Şimey; üzüm bağlarındakı şərab anbarlarına yığılan üzüm məhsuluna nəzarət edən Şifemli Zavdi;  28yamaclı-düzənlikli bölgədə olan zeytunluqlar və firon ənciri ağaclarına nəzarət edən Gederli Baal-Xanan; yağ anbarlarına nəzarət edən Yoaş;  29Şaron düzənliyində otlayan mal-qaraya baxan Şaronlu Şitray; dərələrdə olan mal-qaraya baxan Adlay oğlu Şafat;  30dəvələrə baxan İsmailli Ovil; eşşəklərə baxan Meronotlu Yexdeya;  31qoyun-keçiyə baxan Həcərli Yaziz. Bunların hamısı padşah Davudun mülklərinə baxan rəislər idi.  32Davudun əmisi Yonatan məsləhətçi idi. O çox ağıllı və savadlı idi. Xakmoni oğlu Yexiel padşah oğullarının tərbiyəçisi idi.  33Axitofel padşahın məsləhətçisi idi. Arklı Xuşay padşahın həmsöhbəti idi.  34Axitofeldən sonra yerinə Benaya oğlu Yehoyada və Evyatar oldu. Padşahın ordu başçısı isə Yoav idi.

YUXARI

1 Salnamələr 28

Məbədin tikilişi barədə Davudun son məsləhətləri

1Davud İsrailin bütün başçılarını – qəbilə başçılarını, padşaha xidmət edən bölmələrin başçılarını, minbaşıları və yüzbaşıları, padşahla oğullarının bütün mülkünə və heyvanlarına baxanların başçılarını, saray xidmətçilərini, sərkərdələri və bütün igid adamları Yerusəlimə topladı.  2 Padşah Davud ayağa qalxıb dedi: «Ey qardaşlarım və xalqım, məni dinləyin! Ürəyimdə Allahımızın kətili və Rəbbin Əhd sandığı üçün bir rahatlıq evi tikmək arzusu var idi və onu tikmək üçün hazırlıq gördüm.  3Ancaq Allah mənə dedi: “Sən Mənim adıma məbəd tikməyəcəksən, çünki sən hərb adamısan və qan tökmüsən”.  4Lakin İsrailin Allahı Rəbb İsrail üzərində əbədi olaraq padşah olmaq üçün bütün nəslimdən məni seçdi, çünki hökmdar olmaq üçün O, Yəhudanı və Yəhuda qəbiləsindən mənim nəslimi seçdi. Bütün İsrail üzərində padşah etmək üçün nəslimin arasında mən xoşuna gəldim.  5Rəbbin mənə verdiyi çoxlu oğul arasından da İsrail üzərində Rəbbin padşahlıq taxtında oturmaq üçün oğlum Süleymanı seçdi.  6Rəbb mənə dedi: “Oğlun Süleyman da həmin adamdır ki, Mənim məbədimi və həyətlərimi tikəcək, çünki onu Özümə oğul seçdim və Mən ona Ata olacağam.  7Əgər bu gün olduğu kimi əmrlərimə və hökmlərimə əməl etməkdə sadiq olsa, onun padşahlığını əbədi olaraq möhkəmləndirəcəyəm”.  8İndi isə bütün İsraillilərin, Rəbbin camaatının gözü önündə və Allahımız eşidərkən belə tapşırıram: “Allahınız Rəbbin bütün əmrlərinə əməl edin, onları öyrənin ki, bu nemətli torpaqda qalasınız və sizdən sonra övladlarınıza onu əbədi miras verəsiniz”.  9Sən də, oğlum Süleyman, atanın Allahını tanı, səmimi qəlbdən və həvəslə Ona qulluq et, çünki Rəbb bütün ürəkləri sınayır və ağılların bütün istəklərini bilir. Əgər Onu axtarsan, sən Onu tapacaqsan. Əgər Onu tərk etsən, O da səni əbədi olaraq atacaq.  10İndi bax Rəbb səni Müqəddəs məkan olan bir ev tikmək üçün seçmişdir, sən də möhkəm ol və bu işi gör».  11Davud oğlu Süleymana eyvanın, onun evlərinin, xəzinələrinin, yuxarı otaqların, iç otaqların, Kəffarə yerinin, fikrində olan bütün bunların təsvirini və  12Ruhun vasitəsilə ona aşkar olmuş bütün bunların təsvirini verdi: Rəbbin məbədinin həyətləri, ətrafdakı bütün otaqlar, Allah məbədinin xəzinələri, təqdis olunan şeylərin xəzinələri,  13kahinlərin və Levililərin bölükləri, Rəbbin məbədində hər cür xidmət işi, Rəbbin məbədində olan bütün xidmət əşyaları,  14hər cür xidmət üçün işlədilən bütün qızılın çəkisinə görə qızıl əşyalar, hər cür xidmət üçün işlədilən gümüşün çəkisinə görə gümüş əşyalar,  15hər çıraqdanın və onun çıraqlarının çəkisinə görə qızıl çıraqdanlar və onların qızıl çıraqları, hər cür xidmət üçün çəkisinə görə gümüş çıraqdanlar və onların çıraqları,  16təqdis çörəkləri qoyulan masalar üçün hər masanın çəkisinə görə qızıl, hər gümüş masa üçün gümüş,  17xalis qızıldan olan çəngəllər, piyalələr və dolçalar, hər kasanın çəkisinə görə qızıl kasalar, hər kasanın çəkisinə görə gümüş kasalar,  18çəkisinə görə xalis qızıldan buxur qurbangahı. Davud həm də qanadlarını açıb Əhd sandığını örtən Rəbbin arabası olan qızıl keruvların təsvirini verdi.  19Davud dedi: «Bunların hamısının təsviri bütün təfsilatı ilə yazılı şəkildə Rəbb tərəfindən mənə aşkar edildi».  20Davud oğlu Süleymana dedi: «Möhkəm və cəsarətli ol, bu işi gör, qorxma və ruhdan düşmə, çünki Rəbb Allah, mənim Allahım səninlədir. O, Rəbbin məbədinin bütün xidmət işi sona çatmamış səni atmaz və tərk etməz.  21Allah məbədinin bütün xidməti üçün kahinlərin və Levililərin bölükləri hazır durub. Sənin yanında bütün işlər üçün hər cür xidməti bacaran könüllü adamlar da var. Rəislər və bütün xalq sənin hər əmrini gözləyir».

YUXARI

1 Salnamələr 29

Məbədə gətirilən nəzirlər

1Padşah Davud bütün camaata dedi: «Allahın yeganə seçdiyi oğlum Süleyman cavan və təcrübəsizdir, bu iş isə böyükdür, çünki bu bina insan üçün deyil, Rəbb Allah üçün olacaq.  2Bütün səyimlə Allahımın məbədindən ötrü qızıl şeylər üçün qızıl, gümüş şeylər üçün gümüş, tunc şeylər üçün tunc, dəmir şeylər üçün dəmir, ağac şeylər üçün ağac, damarlı əqiq daşları və onların sağanaqları, cilalı və cürbəcür rəngli daşlar, hər cür qiymətli daşlar və çoxlu mərmər daşlar hazırlamışam.  3Bundan başqa, Allahımın məbədini tikməyə həvəsim naminə müqəddəs məbəd üçün hazırladığım hər şeydən əlavə nə qədər qızıl-gümüş xəzinəm varsa, onu da Allahım Rəbbin məbədi üçün verirəm:  4Ofir qızılından üç min talant qızılı, yeddi min talant xalis gümüşü evlərin divarını örtmək üçün,  5qızıl şeylər üçün qızılı, gümüş şeylər üçün gümüşü ustaların düzəldəcəyi bütün işlər üçün verirəm. Kim bu gün Rəbbə könüllü nəzir təqdim etmək istəyir?»  6Nəsil başçıları, İsrail qəbilələrinin başçıları, minbaşılar, yüzbaşılar və padşahın işləri üzərində olan rəislər könüllü gəlib  7Allah məbədinin xidməti üçün beş min talant və on min darik qızıl, on min talant gümüş, on səkkiz min talant tunc və yüz min talant dəmir verdilər.  8Kimdə qiymətli daşlar var idisə, onları Gerşon nəslindən olan Yexielin nəzarəti altında olan Rəbbin məbədinin xəzinəsinə verirdi.  9Xalq onların könüllü nəzir verməsinə sevindi, çünki bütün qəlbi ilə Rəbbə nəzir təqdim etmişdilər. Padşah Davud da çox sevindi.

Davudun duası

10Davud bütün camaatın gözü önündə Rəbbə alqış edib dedi: «Ey atamız İsrailin Allahı Rəbb, əzəldən sonsuza qədər Sənə alqış olsun!  11 Ya Rəbb, əzəmət, qüdrət, calal, zəfər və şöhrət Sənə məxsusdur, çünki göydə və yerdə olan hər şey Sənindir. Ya Rəbb, padşahlıq Sənindir və Hökmdar olaraq hər şeydən ucasan.  12Var-dövlətlə şöhrət Səndən gəlir və Sən hər şeyə hökmranlıq edirsən. Hər kəsi yüksəltmək və gücləndirmək üçün qüdrət və güc Sənin əlindədir.  13İndi, ey Allahımız, biz Sənə şükür edirik və izzətli adına həmd edirik.  14Ancaq mən kiməm və xalqım nədir ki, bu cür könüllü nəzirlər verə bilək? Çünki hər şey Səndəndir və əlindən aldığımızı Sənə verdik.  15Biz bütün atalarımız kimi Sənin önündə bir qərib və qonağıq. Günlərimiz yer üzündə kölgə kimidir və heç nəyə ümidimiz yoxdur.  16Ya Rəbb Allahımız, Sənin müqəddəs adına məbəd tikmək üçün hazırladığımız bütün bu var-dövlət Sənin əlinlə verilib, bunların hamısı Sənindir.  17Bilirəm ki, ey Allahım, Sən ürəyi sınayırsan və düzlüyü sevirsən. Mən bütün bu şeyləri ürəyimin düzlüyü ilə könüllü olaraq təqdim etdim, indi də burada olan xalqının Sənə könüllü nəzir verdiyini sevinclə gördüm.  18Ya Rəbb, atalarımız İbrahimin, İshaqın və İsrailin Allahı! Xalqının ürəyindəki istəklərində bunu əbədi olaraq qoruyub saxla və onların ürəyini Özünə tərəf yönəlt.  19Oğlum Süleymana sadiq bir ürək ver ki, Sənin əmrlərinə, göstərişlərinə və qanunlarına əməl etsin, bütün bu işləri görsün, tikintisinə hazırlıq gördüyüm bu binanı tiksin».  20Davud bütün camaata dedi: «İndi Allahınız Rəbbə həmd edin». Bütün camaat atalarının Allahı Rəbbə həmd etdi. Onlar əyilib Rəbbə səcdə, padşaha isə təzim etdilər.

Süleymanın taxta çıxması

21Ertəsi gün Rəbbə qurbanlar kəsdilər və Rəbbə yandırma qurbanı olaraq min baş buğa, min baş qoç, min baş quzu, onların içmə təqdimlərini və bütün İsrail üçün çoxlu qurbanlar təqdim etdilər.  22O gün onlar böyük sevinclə Rəbbin önündə yeyib-içdilər. Sonra ikinci dəfə Davud oğlu Süleymanı padşah etdilər. Rəbb üçün onu hökmdar və Sadoqu kahin olaraq məsh etdilər.  23 Süleyman atası Davudun yerinə padşah olaraq Rəbbin taxtında oturdu və uğur qazandı. Bütün İsraillilər ona itaət etdi.  24Bütün rəislər, igid adamlar, həm də Davudun bütün oğulları padşah Süleymana tabe oldu.  25Rəbb Süleymanı bütün İsraillilərin gözündə çox ucaltdı və özündən əvvəl İsraildə heç bir padşahın malik olmadığı padşahlıq əzəmətini ona verdi.

Davudun ölümü

26Beləliklə, Yessey oğlu Davud bütün İsrail üzərində padşahlıq etdi.  27 Onun İsrail üzərində padşahlıq etdiyi müddət qırx il idi; yeddi il Xevronda və otuz üç il Yerusəlimdə padşahlıq etdi.  28O, uzun ömür sürüb sərvət və şöhrətdən doymuş halda xoş bir qocalıq çağında öldü və yerinə oğlu Süleyman padşah oldu.  29Padşah Davudun əvvəldən axıra qədər bütün işləri görücü Şamuelin kitabında, peyğəmbər Natanın kitabında və görücü Qadın kitabında yazılmışdır.  30Bu kitablarda həm Davudun padşahlığı və qüdrəti, həm də onun, İsrailin və bütün dünya padşahlıqlarının başına gələn əhvalatlar barədə yazılmışdır.

YUXARI

2 Padşahlar

Fəsillər

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 2122232425

 

{attachments}

2 Padşahlar 1

Rəbbin padşah Axazyanı cəzalandırması

1İsrail padşahı Axavın ölümündən sonra Moav İsrailə qarşı üsyan qaldırdı.  2Padşah Axazya Samariyada olan yuxarı otağındakı barmaqlığı olan pəncərədən yıxılıb yaralandı. O, qasidlərinə «Gedin, Eqron allahı Baal-Zevuvdan soruşun, bu yaram sağalacaqmı?» deyib onları göndərdi.  3Rəbbin mələyi Tişbeli İlyasa dedi: «Qalx Samariya padşahının qasidlərini qarşılamaq üçün çıx və onlara de: “İsraildə Allah yoxdur ki, Eqron allahı Baal-Zevuva müraciət etməyə gedirsiniz?”  4Buna görə də Rəbb belə deyir: “Üstündə uzandığın yataqdan qalxa bilməyəcəksən, çünki hökmən öləcəksən!”» İlyas getdi.  5Qasidlər padşahın yanına qayıtdılar. Padşah onlara dedi: «Niyə geri qayıtdınız?»  6Ona dedilər: «Bir adam bizi qarşılamağa çıxdı və bizə dedi: “Sizi göndərən padşahın yanına qayıdıb ona söyləyin ki, Rəbb belə deyir: ‹İsraildə Allah yoxdur ki, Eqron allahı Baal-Zevuva müraciət etmək üçün qasidlər göndərdin?› Buna görə də üstündə uzandığın yataqdan qalxa bilməyəcəksən, çünki hökmən öləcəksən!”»  7Padşah onlara dedi: «Sizi qarşılamağa çıxan və sizə bu sözləri söyləyən adam nə qiyafədə idi?»  8 Ona dedilər: «Tüklü bir adam idi, belinə dəri qurşaq bağlamışdı». Padşah dedi: «O, Tişbeli İlyasdır».  9Padşah bir əllibaşı ilə əlli adamını İlyasın yanına göndərdi. Əllibaşı onun yanına qalxdı. İlyas təpənin başında oturmuşdu. Əllibaşı ona dedi: «Ey Allah adamı, padşah “aşağı düş” deyir».  10 İlyas əllibaşıya cavab verib dedi: «Əgər mən Allah adamıyamsa, göydən od yağsın, səni və əlli adamını tələf etsin!» Onda göydən od yağdı, əllibaşı ilə əlli adamını tələf etdi.  11Padşah başqa bir əllibaşı ilə əlli adamını onun yanına göndərdi. Əllibaşı ona dedi: «Ey Allah adamı, padşah belə deyir: “Tez aşağı düş”».  12İlyas onlara cavab verib dedi: «Əgər mən Allah adamıyamsa, göydən od yağsın, səni və əlli adamını tələf etsin!» Onda göydən Allahın odu yağdı, əllibaşı ilə əlli adamını tələf etdi.  13Padşah yenə üçüncü bir əllibaşı ilə əlli adamını göndərdi. Üçüncü əllibaşı qalxıb gəldi, İlyasın qarşısında diz çökdü və ona yalvarıb dedi: «Ey Allah adamı, xahiş edirəm, mənim və bu əlli qulunun canına yazığın gəlsin.  14Göydən od yağıb əvvəl gələn iki əllibaşını və onların hərəsinin əlli adamını tələf etdi. İndi mənim canıma yazığın gəlsin».  15Rəbbin mələyi İlyasa dedi: «Onunla birgə aşağı düş, ondan qorxma». İlyas qalxıb aşağı düşdü və əllibaşı ilə birgə padşahın yanına gəldi.  16Ona dedi: «Rəbb belə deyir: “İsraildə sözünü soruşmağa Allah yoxdur ki, Eqron allahı Baal-Zevuvdan soruşmaq üçün qasidlər göndərdin? Buna görə də üstündə uzandığın yataqdan qalxa bilməyəcəksən, çünki hökmən öləcəksən!”»  17İlyasın söylədiyi Rəbbin sözünə görə Axazya öldü. Oğlu olmadığı üçün yerinə Axavın oğlu Yehoram padşah oldu. Bu da Yəhuda padşahı Yehoşafat oğlu Yehoramın padşahlığının ikinci ilində oldu.  18Axazyanın qalan işləri İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.

YUXARI

2 Padşahlar 2

İlyasın göyə aparılması

1Rəbb İlyası qasırğa ilə göyə qaldırmazdan əvvəl İlyas və Elişa Qilqaldan getdilər.  2Onda İlyas Elişaya dedi: «Burada qal, çünki Rəbb məni Bet-Elə göndərir». Elişa dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Onlar Bet-Elə getdilər.  3Bet-Eldə olan peyğəmbərlər Elişanın yanına gəlib ona dedilər: «Rəbbin bu gün sənin ağanı başının üstündən götürəcəyini bilirsənmi?» O dedi: «Bəli, bilirəm, susun».  4İlyas ona dedi: «Elişa, burada qal, çünki Rəbb məni Yerixoya göndərir». Elişa dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Onlar Yerixoya gəldilər.  5Yerixoda olan peyğəmbərlər Elişanın yanına gəlib ona dedilər: «Bilirsənmi, Rəbb bu gün ağanı sənin başın üstündən götürəcək?» O dedi: «Bəli, bilirəm, susun!»  6İlyas ona dedi: «Burada qal, çünki Rəbb məni İordan çayının yanına göndərir». Elişa dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Onlar getdilər.  7Peyğəmbərlərdən əlli adam gedib uzaqda onların qarşısında dayandı. Onlar da İordan çayının yanında dayandılar.  8İlyas cübbəsini götürdü və onu büküb suya vurdu. Su iki yerə ayrıldı və onlar quru yerin üstündən keçdilər.  9 Onlar keçəndən sonra İlyas Elişaya dedi: «Mən sənin yanından götürülməzdən əvvəl məndən bir şey istə, sənin üçün nə edim?» Elişa dedi: «Qoy indi səndə olan ruh ikiqat artıq məndə olsun».  10İlyas dedi: «Sən çətin bir şey istədin. Əgər sənin yanından götürüldüyümü görsən, səninlə belə olacaq, yoxsa bu olmayacaq».  11Onlar danışa-danışa gedərkən qəflətən odlu bir araba və odlu atlar göründü, onları bir-birindən ayırdı və İlyas qasırğa ilə göyə qaldırıldı.  12 Elişa bunu görüb qışqırdı: «Atam, ey atam! İsrailin arabası və atlıları!» O, İlyası daha görməyəndə öz paltarını götürdü və onu cırıb iki yerə böldü.  13Sonra İlyasın əynindən düşən cübbəni götürüb geri döndü və İordan çayının sahilində dayandı.  14İlyasın əynindən düşən cübbəni götürüb suya vurdu və dedi: «İlyasın Allahı Rəbb haradadır?» O da cübbəni suya vuranda su iki yerə ayrıldı. Elişa oradan keçdi.  15Yerixoda olan peyğəmbərlər onu uzaqdan görüb dedilər: «İlyasın ruhunun gücü Elişanın üstünə qondu». Onlar Elişanı qarşılamağa gələrək önündə yerə qədər təzim etdilər.  16Ona dedilər: «Bu qullarının yanında əlli igid var, qoy gedib ağanı axtarsınlar. Bəlkə Rəbbin Ruhu onu qaldırıb dağların yaxud da dərələrin birinə atmışdır?» Elişa dedi: «Göndərməyin».  17Amma onlar o qədər inad etdilər ki, Elişa utanıb dedi: «Göndərin». Əlli nəfər göndərdilər və onlar üç gün axtardılar, ancaq İlyası tapa bilmədilər.  18Sonra Yerixoda qalan Elişanın yanına qayıtdılar. Elişa onlara dedi: «Mən sizə demədim ki, getməyin?»

Elişanın suyu pak etməsi

19Şəhərin adamları Elişaya dedilər: «Ağamın gördüyü kimi bu şəhərin yeri yaxşıdır, ancaq suyu pisdir, torpağı bəhər vermir».  20O dedi: «Mənə təzə bir qab gətirin və onun içinə duz qoyun». Bunu ona gətirdilər.  21O, bulağa çıxdı, duzu oraya atıb dedi: «Rəbb belə deyir: “Bu suları pak edirəm, artıq onda ölüm və bəhərsizlik olmayacaq”».  22Elişanın söylədiyi sözə görə bu su indiyə qədər də pak qalır.

Elişanı lağa qoyan oğlanlar

23Elişa oradan Bet-Elə qalxdı. O, yola düşəndə kiçik oğlanlar şəhərdən çıxdılar və onu lağa qoyub dedilər: «Rədd ol, keçəl, rədd ol, keçəl!»  24O arxaya dönüb oğlanları gördü və onları Rəbbin adı ilə lənətlədi. Meşədən iki dişi ayı çıxıb onlardan qırx iki nəfəri parçaladı. 25Elişa oradan Karmel dağına getdi, oradan da Samariyaya qayıtdı.

YUXARI

2 Padşahlar 3

İsrail padşahı Yehoram

1Yəhuda padşahı Yehoşafatın padşahlığının on səkkizinci ilində Axav oğlu Yehoram Samariyada İsrail üzərində padşah oldu və on iki il padşahlıq etdi.  2O, Rəbbin gözündə pis olan işlər etdi, ancaq atası və anası kimi deyildi, çünki atasının düzəltdiyi Baal sütununu yox etdi.  3Ancaq Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan yapışdı, onlardan əl çəkmədi.

Moavlıların üsyan qaldırması

4Moav padşahı Meşanın sürüsü var idi. O, İsrail padşahına yüz min quzu və yüz min qoçun yununu göndərərdi.  5Axavın ölümündən sonra Moav padşahı İsrail padşahına qarşı üsyan qaldırdı.  6O vaxt padşah Yehoram Samariyadan çıxdı və bütün İsrailliləri topladı.  7O gedəndə Yəhuda padşahı Yehoşafata xəbər göndərib dedi: «Moav padşahı mənə qarşı üsyan qaldırdı. Moavlılara qarşı vuruşmaq üçün mənimlə birgə gedərsənmi?» Yehoşafat dedi: «Gedərəm, məni özün kimi, xalqımı xalqın kimi, atlarımı atların kimi hesab elə».  8Yehoram dedi: «Hansı yolla çıxaq?» O dedi: «Edom çölünün yolu ilə».  9İsrail padşahı, Yəhuda padşahı və Edom padşahı gedib o yolu yeddi gün dolaşdılar. Əsgərlər və dallarınca gələn heyvanlar üçün su yox idi.  10İsrail padşahı dedi: «Ay aman! Rəbb bu üç padşahı Moavlılara təslim etmək üçün bir yerə çağırıb».  11Yehoşafat dedi: «Burada Rəbbin bir peyğəmbəri yoxdur ki, onun vasitəsilə Rəbdən soruşaq?» İsrail padşahının əyanlarından biri cavab verib dedi: «Şafat oğlu Elişa buradadır. O, İlyasın əlinə su tökərdi».  12Padşah Yehoşafat dedi: «Onda Rəbbin sözü var». Sonra İsrail padşahı, Edom padşahı və Yehoşafat Elişanın yanına enib getdilər.  13Elişa İsrail padşahına dedi: «Məndən sənə nə? Öz ata-ananın peyğəmbərlərinin yanına get». İsrail padşahı ona dedi: «Yox! Bu üç padşahı Moavlılara təslim etmək üçün Rəbb bir yerə çağırıb».  14Elişa dedi: «Önündə durduğum var olan Ordular Rəbbinə and olsun ki, Yəhuda padşahı Yehoşafata hörmət etməsəydim, sənin üzünə baxmazdım.  15İndi mənim yanıma çəng çalan bir adam gətirin». Gətirilən adam çəng çalarkən Rəbbin əli Elişanın üzərinə gəldi.  16O dedi: «Rəbb belə deyir: “Bu vadinin hər tərəfində xəndəklər qazın”.  17Çünki Rəbb belə deyir: “Siz külək və yağış görməyəcəksiniz, amma bu vadi su ilə dolacaq. Siz, mal-qaranız və heyvanlarınız doyunca su içəcəksiniz”.  18Bu, Rəbbin gözündə çox asan bir şeydir. O, Moavlıları da sizə təslim edəcək.  19Bütün qalalı şəhərləri və seçmə şəhərləri dağıdacaqsınız, hər yaxşı ağacı kəsəcəksiniz, bütün bulaqların gözünü tutacaqsınız və hər yaxşı tarlanı daşlarla dolduracaqsınız».  20Ertəsi gün səhər təqdim gətirilən zaman birdən Edom yolundan su gəldi və torpaq su ilə doldu.  21Bütün Moavlılar eşitdilər ki, padşahlar onlarla vuruşmağa gəlir. Silah qurşana bilən hər kəsi və daha yaşlı adamları çağırdılar. Onlar sərhəddə dayandılar.  22Moavlılar ertəsi gün səhər tezdən duran zaman günəş çıxıb suların üzərinə şəfəq salmışdı. Onlar qarşılarındakı suları qan kimi qırmızı gördülər.  23O zaman dedilər: «Bu qandır, yəqin padşahlar vuruşub bir-birlərini qırıblar. İndi, ey Moavlılar, qarət etməyə gedək!»  24Onlar İsrail ordugahına gəldilər. İsraillilər qalxıb Moavlıları qırdılar və Moavlılar onların qabağından qaçmağa başladılar. İsraillilər qalxıb Moav torpağını viran etmək üçün hücum etdilər.  25Onlar şəhərləri dağıtdılar, hər yaxşı tarlanı daşlarla doldurdular, bütün bulaqların gözünü tutdular və hər yaxşı ağacı kəsdilər. Yalnız Qir-Xaresetin daşları yerində qaldı, ancaq sapandçılar onu da mühasirəyə alıb vurdular.  26Moav padşahı döyüşdə məğlub olduğunu görəndə özü ilə yeddi yüz nəfər əli qılınclı adam götürdü. Onlar Edom padşahının qoşununu yarmaq istədilər, ancaq bunu edə bilmədilər.  27Sonra o, vəliəhd olan ilk oğlunu götürüb divarın üzərində yandırma qurbanı gətirdi. Onda İsraillilərə qarşı böyük bir qəzəb oyandı, onlar da oranı tərk edib öz ölkələrinə qayıtdılar.

YUXARI

2 Padşahlar 4

Elişanın yoxsul dul qadına kömək etməsi

1Peyğəmbərlərdən olan bir adamın arvadı Elişaya fəryad edərək dedi: «Sənin qulun ərim öldü! Bilirsən ki, o qulun Rəbdən qorxurdu. İndi isə bir borc sahibi iki oğlumu özünə qul etmək üçün gəlmişdi».  2Elişa ona dedi: «Sənin üçün nə edim? Mənə söylə görüm, evində nəyin var?» Qadın dedi: «Bir qab yağdan başqa bu kənizinin evində heç nə yoxdur».  3Elişa dedi: «Get bayırda bütün qonşularından özün üçün boş qablar istə, qoy çox olsun.  4Sonra içəri gir, özünün və oğullarının dalınca qapını bağla, öz yağını bütün bu qablara tök və onları doldurub bir tərəfə qoy».  5Qadın onu tərk edib qapını özünün və oğullarının dalınca bağladı. Oğulları qabları onun yanına gətirdilər, o da doldurdu.  6Qablar dolanda o, oğullarından birinə dedi: «Mənə bir qab da gətir». Oğlu ona dedi: «Daha qab qalmadı». Onda yağ kəsildi.  7Qadın gəlib bunları Allah adamına danışdı, o da dedi: «Get yağı satıb borcunu ödə. Qalanı ilə də oğullarınla birgə dolanarsan».

Elişa və Şunemli varlı qadın

8Bir gün Elişa Şunemdən keçirdi. Orada yaşayan varlı bir qadın Elişanı çörək yeməyə dəvət etdi. Sonralar Elişa hər dəfə keçəndə çörək yemək üçün oraya gedərdi.  9Qadın ərinə dedi: «İndi bildim ki, həmişə yanımızdan keçən bu adam müqəddəs bir Allah adamıdır.  10Gəl damda ona kiçik bir otaq düzəldək, oraya onun üçün yataq, süfrə, taxt, bir də çıraq qoyaq ki, bizə gələndə orada qalsın».  11Bir gün Elişa oraya gəldi və damdakı otağa çıxıb orada yatdı.  12O, nökəri Gehaziyə dedi: «Şunemli qadını çağır». O, qadını çağırdı və qadın onun qarşısında dayandı.  13Elişa nökərinə dedi: «İndi qadına söylə: “Bizim üçün bu qədər zəhmət çəkmisən. Mən sənin üçün nə edə bilərəm? Sənin barəndə padşahla ya ordu başçısı ilə danışım?”» Gehazi bunu söylədi. Qadın dedi: «Yox, lazım deyil, mən öz xalqımla birgə yaşayıram».  14Elişa dedi: «Elə isə onun üçün nə edə bilərəm?» Gehazi dedi: «Doğrusu, oğlu yoxdur, əri də qocadır».  15Elişa dedi: «Qadını çağır». Gehazi qadını çağırdı və o gəlib qapıda durdu.  16Elişa dedi: «Bir ildən sonra bu fəsildə qucağında bir oğlun olacaq». Qadın dedi: «Yox, ey ağam Allah adamı, kənizinə yalan söyləmə!»  17Elişanın söylədiyi kimi qadın hamilə oldu və bir il sonra həmin fəsildə bir oğlan doğdu.  18Uşaq böyüdü. O, bir gün biçinçilərlə birgə işləyən atasının yanına getdi.  19O, atasına «Başım ağrıyır, başım!» dedi. Atası nökərə dedi: «Onu anasının yanına apar».  20Nökər onu götürüb anasının yanına gətirdi. O, günortaya qədər anasının dizləri üstündə qaldı və sonra öldü.  21Qadın yuxarı çıxıb uşağı Allah adamının yatağı üstünə uzandırdı, sonra qapını dalınca örtüb çıxdı.  22O, ərini çağırıb dedi: «Nökərlərindən biri ilə mənə bir eşşək göndər. Tez Allah adamının yanına gedib-qayıdacağam».  23Əri dedi: «Nə üçün bu gün onun yanına gedirsən? Nə Təzə Ay mərasimi, nə də Şənbə günüdür». Qadın dedi: «Eybi yox».  24O, eşşəyi palanlayıb nökərinə dedi: «Sür və mən sənə deməyincə dayanma».  25O getdi və Karmel dağına, Allah adamının yanına gəldi. Allah adamı qadını uzaqdan gördükdə nökəri Gehaziyə dedi: «Şunemli qadın buraya gəlir.  26İndi onun qabağına qaçıb soruş: “Necəsən, yaxşısanmı, ərin və oğlun yaxşıdırmı?”» O gedib soruşdu. Qadın dedi: «Yaxşıyıq».  27Qadın dağa çıxıb Allah adamının yanına gəldi və onun ayaqlarına sarıldı. Gehazi onu geri itələmək üçün yaxınlaşdı, ancaq Allah adamı dedi: «Onu burax, çünki ürəyi kədərlidir, ancaq Rəbb bunun səbəbini gizlətdi və mənə bildirmədi».  28Qadın dedi: «Mən ağamdan uşaq istədimmi? “Məni aldatma” demədimmi?»  29Elişa Gehaziyə dedi: «Belini qurşa və əsamı əlinə götürüb get. Əgər bir adamla rastlaşsan, ona salam vermə və sənə salam verənin salamını alma. Get, əsamı oğlanın üzünün üstünə qoy».  30Oğlanın anası dedi: «Var olan Rəbbə və sənin canına and olsun ki, səndən əl çəkmərəm». Elişa qalxıb onun dalınca getdi.  31Gehazi onlardan qabaq getdi və əsanı oğlanın üzünün üstünə qoydu, ancaq nə bir səs, nə də bir cavab oldu. Gehazi Elişanı qarşılamaq üçün geri döndü və «oğlan dirilmədi» deyə ona bildirdi.  32Elişa evə girdi. Ölən oğlan onun yatağı üstündə uzanmışdı.  33O içəri girib qapını onların üzünə bağladı və Rəbbə dua etdi.  34Sonra yatağa qalxıb uşağın üstünə əyildi. Ağzını onun ağzının, gözlərini onun gözlərinin, ovuclarını onun ovuclarının üstünə qoydu. Uşağın bədəni isindi.  35Elişa yataqdan düşüb otaqda o tərəf-bu tərəfə gəzdi. Sonra yenə yatağa qalxıb onun üstünə əyildi. Oğlan yeddi dəfə asqırıb gözlərini açdı.  36Elişa Gehazini çağırıb dedi: «Şunemli qadını çağır». O, qadını çağırdı. Qadın Elişanın yanına gələndə o dedi: «Al oğlunu».  37Qadın gəlib Elişanın ayaqlarına düşərək yerə qədər əyildi və oğlunu götürüb getdi.

Elişanın şorbanı pak etməsi

38Elişa yenə Qilqala gəldi. Vilayətdə aclıq idi. Peyğəmbərlər onun önündə oturmuşdular. O, nökərinə dedi: «Böyük qazanı ocağa qoy və peyğəmbərlər üçün şorba bişir».  39Onlardan biri ot yığmaq üçün çölə çıxdı. Bir çöl tənəyi tapıb ondan ətək dolusu yabanı balqabaq yığdı və gətirib şorba qazanına doğradı. Bunun nə olduğunu bilməyərək  40yemək üçün adamlara verdilər. Şorba yeyənlər qışqırıb dedilər: «Qazandakı yeməkdən yesək, ölərik, ey Allah adamı!» Heç kəs ondan yeyə bilmədi.  41Elişa dedi: «Elə isə un gətirin». Sonra onu qazana atıb dedi: «Adamlar üçün tök, yesinlər». Qazanda zərərli bir şey olmadı.

Elişanın yüz adama çörək verməsi

42Baal-Şalişadan bir adam gəldi. O, Allah adamı üçün ilk nübardan bişirilən iyirmi kömbə arpa çörəyi və təzə sünbülləri torbada gətirdi. Elişa dedi: «Adamlara ver, yesinlər».  43Onun qulluqçusu dedi: «Bunu yüz adamın qabağına necə qoyaq?» Elişa dedi: «Adamlara ver, yesinlər. Çünki Rəbb belə deyir: “Yeyəcəklər, hələ artıq da qalacaq”».  44Yeməyi onların qabağına qoydular. Rəbbin dediyi kimi onlar yedilər və yemək artıq qaldı.

YUXARI

2 Padşahlar 5

Naamanın cüzamdan şəfa tapması

1Aram padşahının ordu başçısı Naaman ağasının yanında hörmət və etibar sahibi idi, çünki Rəbb onun vasitəsilə Arama qurtuluş vermişdi. O, cəsur bir döyüşçü idi, ancaq cüzamlı idi.  2Aramlılar dəstələrlə çıxıb İsrail torpağından kiçik bir qızı əsir götürmüşdülər. Bu qız Naamanın arvadının yanında qalırdı.  3O, xanımına dedi: «Kaş ki ağam Samariyada peyğəmbərin yanında olaydı. O zaman peyğəmbər onun cüzamına şəfa verərdi».  4Naaman gedib «İsrail torpağından olan qız belə-belə söylədi» deyə ağasına bildirdi.  5Aram padşahı dedi: «Get, mən İsrail padşahına bir məktub göndərərəm». Naaman özü ilə altı min şekel qızıl, on talant gümüş və on dəst paltar götürüb getdi.  6Məktubu da İsrail padşahına gətirdi. Orada belə yazılmışdı: «İndi bu məktubla bərabər qulum Naamanı da yanına göndərirəm ki, sən onun cüzamına şəfa verəsən».  7İsrail padşahı məktubu oxuyanda paltarını cırıb dedi: «Məgər mən öldürüb-dirildən Allaham? Niyə bu adam cüzamına şəfa vermək üçün mənim yanıma adam göndərir? Baxarsınız, mənimlə dava etmək üçün bəhanə axtarır».  8Allah adamı Elişa İsrail padşahının öz paltarını cırdığını eşidəndə ona xəbər göndərib dedi: «Nə üçün paltarını cırdın? Qoy indi o mənim yanıma gəlsin və bilsin ki, İsraildə bir peyğəmbər var».  9Naaman atları və döyüş arabası ilə gəldi və Elişanın evinin qapısında dayandı.  10Elişa onun yanına qasid göndərib dedi: «Get, İordan çayında yeddi dəfə yuyun ki, bədənin sağalıb tər-təmiz olsun».  11Ancaq Naaman acıqlanıb getdi və dedi: «Mən güman edirdim ki, mütləq bayıra çıxıb yanıma gələcək, durub Allahı Rəbbin adı ilə çağıracaq və əlini cüzamlı yerin üzərində yelləyib şəfa verəcək.  12Dəməşqin çayları Avana və Parpar İsrailin bütün sularından daha yaxşı deyilmi? Onlarda yuyunub təmiz ola bilməzdimmi?» O hirslə dönüb getdi.  13Naamanın adamları onun yanına gəlib dedilər: «Ey atamız, əgər peyğəmbər sənə böyük bir şey əmr etsəydi, ona əməl etməzdinmi? O yalnız sənə “yuyun və təmiz ol” deyir».  14Bundan sonra Naaman Allah adamının sözünə görə İordan çayına enib yeddi dəfə suya baş vurdu. Onun bədəni sağaldı və körpə bədəni kimi tər-təmiz oldu.  15Naaman bütün dəstəsi ilə yenə Allah adamının yanına gəldi və onun önündə dayanıb dedi: «Bax indi bildim ki, İsraildən başqa, dünyanın heç bir yerində Allah yoxdur. Buyur bu qulunun hədiyyəsini götür».  16Lakin Elişa dedi: «Önündə durduğum var olan Rəbbə and olsun ki, heç nə götürməyəcəyəm». Naaman götürməyi təkid etdi, ancaq Elişa istəmədi.  17Naaman dedi: «Əgər götürmürsənsə, onda qoy bu quluna buradan iki qatır yükü torpaq verilsin. Çünki bu qulun artıq başqa allahlara deyil, yalnız Rəbbə yandırma qurbanları və təqdimlər gətirəcək.  18Ancaq Rəbb bu işi quluna bağışlasın: ağam padşah səcdə etmək üçün Rimmon məbədinə girəndə mən onun sağında durmalıyam, onda Rimmon məbədində mən də səcdə etməliyəm. Orada səcdə etdiyimi Rəbb quluna bağışlasın».  19Elişa ona dedi: «Sağ-salamat get». Naaman onun yanından çıxıb bir az yol getdi.  20Allah adamı Elişanın nökəri Gehazi dedi: «Ağam gətirdiyi şeyi bu Aramlı Naamandan götürmək istəmədi. Var olan Rəbbə and olsun ki, onun dalınca qaçıb ondan nəsə alacağam».  21Gehazi Naamanın dalınca qaçdı. Naaman dalınca bir nəfərin gəldiyini görəndə onu qarşılamaq üçün arabadan düşüb dedi: «Xeyir ola?»  22Gehazi dedi: «Xeyirdir. Ağam məni göndərdi ki, sənə deyim: “Elə indicə Efrayimin dağlıq bölgəsindən yanıma peyğəmbərlərdən olan iki cavan oğlan gəldi. Xahiş edirəm, onlara bir talant gümüş və iki dəst paltar ver”».  23Naaman dedi: «Buyur iki talant götür». Ona təkid edərək iki talant gümüşü iki torbaya qoyub bağladı və iki dəst paltarla birgə nökərlərindən ikisinə verdi. Nökərlər Gehazinin qabağında gedib bunları daşıdılar.  24Təpəyə çatanda Gehazi şeyləri onların əlindən alıb evinə qoydu. Nökərləri geri göndərdi və onlar getdilər.  25Sonra ağası Elişanın yanına gedib önündə dayandı. Elişa ondan soruşdu: «Haradan gəlirsən, Gehazi?» Gehazi dedi: «Bu qulun heç yerə getməyib».  26Elişa ona dedi: «O adam səni qarşılamaq üçün arabasından düşəndə ürəyim orada deyildimi? İndi gümüş götürmək, paltar, zeytun və üzüm bağları, qoyun-keçi, mal-qara, qullar və kənizlər almaq vaxtıdırmı?  27Buna görə də Naamanın cüzamı əbədi olaraq sənə və sənin nəslinə yapışacaq». Gehazi qar kimi cüzamlı olub onun hüzurundan çıxdı.

YUXARI

2 Padşahlar 6

Baltanın su üzərinə çıxması

1Peyğəmbərlər Elişaya dedilər: «Bax indi sənin yanında qaldığımız yer bizə dardır.  2Qoy İordan çayının kənarına gedək, hərəmiz bir ağac kəsib gətirək və qalmaq üçün orada özümüzə yer düzəldək». Elişa «gedin» dedi.  3Onlardan biri dedi: «Xahiş edirəm, sən də bu qullarınla gəl». Elişa «gələrəm» deyib  4onlarla getdi. Onlar İordan çayının kənarına gəldilər və ağac kəsməyə başladılar.  5Onlardan biri ağac kəsərkən baltanın dəmiri suya düşdü. O qışqırıb dedi: «Vay, ağam! Onu borc almışdım».  6Allah adamı dedi: «Hara düşdü?» O, Elişaya həmin yeri göstərdi. Elişa bir budaq kəsib oraya atdı və dəmir suyun üzərinə çıxdı.  7Elişa «onu qaldır» dedi. Həmin adam əlini uzadıb onu qaldırdı.

Elişanın Aram ordusunu əsir alması

8Aram padşahı İsrailə qarşı vuruşduğu zaman əyanları ilə məsləhətləşib dedi: «Filan yerdə ordugah quracağam».  9Allah adamı İsrail padşahına xəbər göndərib dedi: «O yerdən keçmə, çünki Aramlılar oraya enirlər».  10İsrail padşahı Allah adamının dediyi yerə xəbər göndərdi. Beləcə padşah onun xəbərdarlıq etdiyi yerlərdə dəfələrlə özünü qorudu.  11Aram padşahı bundan çox qəzəbləndi və əyanlarını çağırıb onlara dedi: «Mənə deyin görək, bizimkilərdən İsrail padşahına tərəfdar olan kimdir?»  12Əyanlardan biri dedi: «Heç kim, ağam padşah. Bunları İsrail padşahına bildirən İsraildə olan peyğəmbər Elişadır. O hətta yataq otağında söylədiyin sözləri ona çatdırır».  13Padşah dedi: «Gedin görün, o haradadır, mən onu bura gətirtdirəcəyəm». Padşaha «o, Dotandadır» deyə bildirdilər.  14Padşah atlar, döyüş arabaları və çoxlu qoşun göndərdi və onlar gecə ikən gəlib şəhəri əhatəyə aldılar.  15Allah adamının qulluqçusu səhər tezdən durub bayıra çıxdı və şəhərin ətrafında qoşunun, atların və döyüş arabalarının olduğunu gördü. O, Elişaya dedi: «Vay, ağam, nə edəcəyik?»  16O dedi: «Qorxma, çünki bizimlə olanlar onlarla olanlardan çoxdur».  17Sonra Elişa dua edib dedi: «Ya Rəbb, onun gözlərini aç ki, görsün». Rəbb nökərin gözlərini açdı və o gördü ki, dağ odlu atlar və döyüş arabaları ilə doludur. Onlar Elişanı əhatəyə almışdı.  18Qoşun ona tərəf enəndə Elişa Rəbbə dua edib dedi: «Bu adamları kor et». Elişanın sözünə görə Rəbb onları kor etdi.  19Elişa onlara dedi: «Yol bu deyil, şəhər də bu deyil. Ardımca gəlin, sizi axtardığınız adamın yanına aparım». Elişa onları Samariyaya gətirdi.  20Onlar Samariyaya girəndə Elişa dedi: «Ya Rəbb, onların gözlərini aç ki, görsünlər». Rəbb onların gözlərini açdı və onlar gördülər ki, Samariyanın ortasındadırlar.  21İsrail padşahı onları görəndə Elişaya dedi: «Mənim atam, onları qırıb məhv edimmi?»  22Elişa dedi: «Yox, qırma. Məgər bu adamları sən qılıncın və ox-kamanınla əsir etmisən ki, qırmağa haqqın olsun? Onların qabağına çörək və su qoy ki, yeyib-içsinlər və sonra öz ağalarının yanına getsinlər».  23O, Aramlılar üçün böyük bir ziyafət verdi və onlar yeyib-içdilər. Sonra onları öz ağalarının yanına göndərdi. Aramlıların dəstələri bir daha İsrail torpağına gəlmədi.

Samariyada aclıq

24Bir müddət sonra Aram padşahı Ben-Hadad bütün ordusunu toplayıb çıxdı və Samariyanı mühasirəyə aldı.  25Samariyada böyük bir aclıq oldu. Çünki şəhəri o qədər mühasirədə saxlamışdılar ki, bir eşşək başı səksən şekel gümüşə və bir kabın dörddə biri qədər göyərçin peyini beş şekel gümüşə satılırdı.  26Bir dəfə İsrail padşahı qala divarının üstündən keçəndə bir qadın fəryad edib ona dedi: «Ağam padşah, kömək et!»  27Padşah dedi: «Rəbb sənə kömək etməsə, mən sənə necə kömək edim? Xırmandan yoxsa üzümsıxandan?»  28Sonra padşah ona dedi: «Nə istəyirsən?» O dedi: «Bu qadın mənə demişdi: “Sən öz oğlunu ver, bu gün yeyək, mənim oğlumu isə sabah yeyərik”.  29 Oğlumu bişirib yedik. Ertəsi gün ona dedim: “Öz oğlunu ver, yeyək”. Ancaq o, oğlunu gizlətdi».  30Padşah qadının sözlərini eşidəndə paltarını cırdı. O bu vaxt qala divarının üstündən keçirdi və xalq gördü ki, onun əynində çul var.  31Padşah dedi: «Əgər bu gün Şafat oğlu Elişanın başı çiyni üstündə qalsa, Allah mənə beləsini və bundan betərini eləsin».  32Elişa öz evində oturmuşdu, ağsaqqallar da onun yanında əyləşmişdi. Padşah hüzurundan bir qasid göndərdi. Amma qasid yanına gəlməzdən qabaq Elişa ağsaqqallara dedi: «Görürsünüzmü, bu qatil mənim boynumu vurmaq üçün adam göndərir! Baxın qasid gələndə qapını bağlayın və onu içəri buraxmayın. Onun arxasınca ağasının da ayaq səsləri gələcək!»  33Elişa hələ danışarkən qasid onun yanına gəlib dedi: «Bax bu bəlanı göndərən Rəbdir. Nə üçün daha Rəbdən kömək gözləyək?»

YUXARI

2 Padşahlar 7

1Elişa dedi: «Rəbbin sözünü eşidin, Rəbb belə deyir: “Sabah bu vaxt Samariya darvazasında bir sea narın un bir şekelə və iki sea arpa bir şekelə satılacaq”».  2Padşahın sağında duran köməkçi Allah adamına cavab verib dedi: «Rəbb göylərdə pəncərələr açsa da, bu iş ola bilməz». Allah adamı isə dedi: «Bax sən gözlərinlə bunu görəcəksən, ancaq ondan yeməyəcəksən».

Mühasirənin sonu

3Şəhər darvazasının önündə dörd cüzamlı adam var idi. Onlar bir-birlərinə dedilər: «Nə üçün biz ölənə qədər burada oturub qalmalıyıq?  4Əgər şəhərə girsək, şəhərdə olan aclıqdan öləcəyik, burada qalsaq, burada öləcəyik. Onda Aramlıların ordugahına gedib təslim olaq. Əgər bizi sağ buraxsalar, sağ qalarıq, öldürsələr, ölərik».  5Onlar Aramlıların ordugahına getmək üçün axşam alaqaranlığında qalxıb onun kənarına gəldilər. Orada heç kəs yox idi.  6Rəbb Aramlıların ordusuna döyüş arabalarının gurultusunu, atların tappıltısını və böyük ordunun səsini eşitdirmişdi. Onlar bir-birlərinə söyləmişdilər: «İsrail padşahı Xet və Misir padşahlarını muzdla tutmuşdur ki, bizim üstümüzə gəlsinlər».  7Onlar axşam alaqaranlığında qalxıb qaçmışdılar. Çadırlarını, atlarını, eşşəklərini – bütün ordugahı olduğu kimi buraxıb getmişdilər. Beləcə canlarını qurtarmaq üçün qaçmışdılar.  8Bu cüzamlılar ordugahın kənarına gəlib bir çadıra girdilər və yeyib-içdilər. Oradan qızıl-gümüş, paltar götürüb getdilər və onları gizlətdilər. Sonra qayıdıb başqa bir çadıra girdilər. Oradan da şeylər götürüb getdilər və onları da gizlətdilər.  9Onlar bir-birlərinə dedilər: «Biz yaxşı eləmirik, bu gün müjdə günüdür, biz isə susuruq. Səhər açılana qədər gözləməyə haqqımız yoxdur, indi gedək, saray adamlarına bu xəbəri bildirək».  10Onlar gəlib şəhərin qapıçılarını səslədilər və onlara bildirib dedilər: «Aramlıların ordugahına getdik, orada heç kəs yox idi və insan səsi də gəlmirdi. Ancaq bağlı atlar, bağlı eşşəklər və olduğu kimi qalan çadırlar var idi».  11Qapıçılar da qışqırıb bu xəbəri saray içərisində olan adamlara bildirdilər.  12Padşah gecə ikən qalxıb əyanlarına dedi: «Aramlıların bizə nə etmək istədiklərini indi sizə deyərəm: onlar bilirlər ki, biz acıq, buna görə də ordugahdan çıxıb çöldə gizlənmişlər və “şəhərdən çıxanda onları diri tutarıq və şəhərə girərik” deyə düşünürlər».  13Əyanlardan biri cavab verib dedi: «Qoy bir neçə adam şəhərdə qalmış atlardan beşini götürsün və onları göndərək, gedib görsünlər. Onların da aqibəti qalan bütün İsrail camaatının aqibəti kimi olacaq, çünki bütün İsrail camaatı həlak olacaq».  14Onlar atlar qoşulmuş iki döyüş arabası götürdülər. Padşah «gedin görün» deyib onları Aram ordusunun dalınca göndərdi.  15Onlar Aramlıların dalınca İordan çayına qədər getdilər. Bütün yol Aramlıların tələsik qaçdıqları vaxt atdıqları geyim və əşyalarla dolu idi. Qasidlər geri qayıdıb padşaha bu xəbəri bildirdilər.  16Xalq çıxıb Aramlıların ordugahını qarət etdi. Rəbbin sözünə görə bir sea narın un bir şekelə və iki sea arpa bir şekelə satıldı.  17Padşah sağında duran köməkçini darvazanın ağzına qoymuşdu. Padşah Allah adamının yanına enib gəldiyi zaman onun söylədiyi kimi xalq padşahın köməkçisini darvazanın ağzında tapdaladı və o öldü.  18Allah adamının padşaha söylədiyi kimi oldu. O demişdi: «Sabah bu vaxt Samariya darvazasında iki sea arpa bir şekelə və bir sea narın un bir şekelə satılacaq».  19Padşahın köməkçisi də Allah adamına cavab verib demişdi: «Rəbb göylərdə pəncərələr açsa da, bu iş ola bilməz». Allah adamı isə demişdi: «Bax sən gözlərinlə bunu görəcəksən, ancaq ondan yeməyəcəksən».  20Həmin şey də onun başına gəldi: xalq onu darvazanın ağzında tapdaladı və o öldü.

YUXARI

2 Padşahlar 8

Şunemli qadının qayıtması

(2Saln. 21:1-20)

1Elişa oğlunu diriltdiyi qadına demişdi: «Qalx öz ev adamlarınla birgə get və qala biləcəyin yerdə qal. Çünki Rəbb qərar verdi ki, yeddi il ölkədə aclıq olacaq».  2Qadın Allah adamının sözünə əməl etmişdi və ev adamları ilə birgə gedib Filiştlilərin ölkəsində yeddi il qalmışdı.  3Bu müddətdən sonra qadın Filiştlilərin ölkəsindən qayıtdı. O, evini və tarlasını istəmək üçün padşahın yanına getdi.  4O vaxt padşah Allah adamının nökəri Gehazi ilə danışaraq ona deyirdi: «Buyur Elişanın etdiyi bütün böyük işləri mənə danış».  5O, Elişanın ölünü necə diriltdiyini padşaha danışdığı vaxt oğlu dirilən qadın da evini və tarlasını istəmək üçün padşaha yalvarmağa başladı. Gehazi dedi: «Ağam padşah, o qadın budur, Elişanın diriltdiyi oğlu da yanındadır».  6Padşah qadından soruşanda o, padşaha hər şeyi danışdı. Padşah ona bir saray xidmətçisi verib dedi: «Onun hər şeyini qaytar, ölkəni tərk etdiyi gündən indiyə qədər tarlasının yetirdiyi bütün məhsulu ona ver».

Elişa və Aram padşahları

7Elişa Dəməşqə gəldi. Aram padşahı Ben-Hadad xəstə idi. «Allah adamı buraya gəlib» deyə ona bildirdilər.  8Padşah Xazaelə dedi: «Bir hədiyyə götürüb Allah adamını qarşılamağa get. “Bu xəstəlikdən sağalacağammı?” deyib onun vasitəsilə Rəbdən soruş».  9Xazael onu qarşılamağa getdi. Əlindəki hədiyyə ilə birgə Dəməşqin bütün yaxşı şeylərindən qırx dəvə yükü hədiyyə götürüb gəldi və onun önündə durub dedi: «Oğlun Aram padşahı Ben-Hadad “Bu xəstəlikdən sağalacağammı?” deyib məni sənin yanına göndərdi».  10Elişa ona dedi: «Get, ona “mütləq sağalacaqsan” söylə. Ancaq Rəbb mənə göstərdi ki, o mütləq öləcək».  11Allah adamı Xazaeli utandırana kimi gözünü onun üzünə dikdi və sonra ağladı.  12Xazael dedi: «Ağam nə üçün ağlayır?» O dedi: «Ona görə ki İsraillilərə sənin edəcəyin pisliyi bilirəm: onların qalalarına od vuracaqsan, cavanlarını qılıncla öldürəcəksən, uşaqlarını daşlara çırpacaqsan və hamilə qadınlarını doğrayacaqsan».  13 Xazael dedi: «Bu köpək qulun kimdir ki, bu böyük işi etsin?» Elişa dedi: «Rəbb mənə göstərdi ki, sən Aram üzərində padşah olacaqsan».  14Xazael Elişanı tərk edib ağasının yanına gəldi. Ağası ondan soruşdu: «Elişa sənə nə dedi?» O cavab verdi: «Mənə dedi ki, sən mütləq sağalacaqsan».  15Ertəsi gün Xazael bir örtük götürüb suya batırdı, ağasının üzünün üstünə çəkdi və o boğulub öldü. Onun yerinə Xazael padşah oldu.

Yəhuda padşahı Yehoram

(2Saln. 21:1-20)

16İsrail padşahı Axav oğlu Yehoramın padşahlığının beşinci ilində, Yehoşafat Yəhuda padşahı olanda onun oğlu Yehoram da onunla birgə padşah oldu.  17O, padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi.  18Axav nəslinin etdiyi kimi o da İsrail padşahlarının yolu ilə getdi, çünki Axavın qızı onun arvadı idi. Yehoram Rəbbin gözündə pis olan işlər etdi.  19 Ancaq Rəbb Öz qulu Davudun xatirinə Yəhudalıları məhv etmək istəmədi, çünki Davuda və onun nəslinə əbədi olaraq bir çıraq verəcəyini vəd etmişdi.  20 Onun dövründə Edomlular üsyan qaldırıb Yəhudanın əsarəti altından çıxdılar və özlərinə bir padşah qoydular.  21Yehoram bütün döyüş arabaları ilə birgə Sairə getdi. Gecə ikən qalxıb onu hər tərəfdən əhatə edən Edomluları və araba rəislərini qırdı, lakin xalq öz torpağına qaçdı.  22Beləcə Edomlular üsyan qaldırdılar, bu günə qədər də Yəhudanın əsarəti altında deyillər. Həmin vaxt Livnalılar da üsyan qaldırmışdılar.  23Yehoramın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  24Yehoram ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Axazya padşah oldu.

Yəhuda padşahı Axazya

(2Saln. 22:1-6)

25İsrail padşahı Axav oğlu Yehoramın padşahlığının on ikinci ilində Yehoram oğlu Axazya Yəhuda üzərində padşah oldu.  26Axazya padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə bir il padşahlıq etdi. Anası İsrail padşahı Omrinin nəvəsi olub adı Atalya idi.  27Axazya da Axav nəslinin yolu ilə getdi və onlar kimi Rəbbin gözündə pis olan işlər etdi, çünki Axav nəslinin kürəkəni idi.  28O, Aram padşahı Xazaelə qarşı vuruşmaq üçün Axav oğlu Yehoramla birgə Ramot-Gileada getdi. Aramlılar Yehoramı yaraladılar.  29Padşah Yehoram Ramot-Gileadda Aram padşahı Xazaelə qarşı vuruşarkən Aramlıların ona vurduqları yaraları sağaltmaq üçün İzreelə qayıtdı. Yəhuda padşahı Yehoram oğlu Axazya, Axav oğlu Yehoramı görmək üçün İzreelə gəldi, çünki o, yaralı idi.

YUXARI

2 Padşahlar 9

İsrail padşahı Yehu

1Peyğəmbər Elişa peyğəmbərlərdən birini çağırıb ona demişdi: «Belini qurşa və bu yağ qabını əlinə alıb Ramot-Gileada get.  2Oraya çatınca Nimşi oğlu Yehoşafat oğlu Yehunu tap. Girib onu yoldaşlarının arasından çağır və içəri otağa apar.  3Yağ qabını götür və yağı onun başına töküb söylə: “Rəbb belə deyir: ‹Səni İsrail üzərində padşah olmaq üçün məsh etdim›”. Sonra qapını açıb qaç və orada durma».  4Peyğəmbərin nökəri olan bu cavan oğlan Ramot-Gileada getdi.  5Oraya gəlib gördü ki, qoşun başçıları burada oturmuşlar. O dedi: «Ey rəis, sənə sözüm var». Yehu dedi: «Aramızdan kimə?» Nökər dedi: «Ey rəis, sənə».  6 Yehu qalxıb içəri girdi. Nökər yağı onun başına töküb dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Səni Rəbbin xalqı olan İsrail üzərində padşah olmaq üçün məsh etdim.  7Ağan Axavın nəslini qırıb məhv edəcəksən. Qullarım peyğəmbərlərin və Rəbbin bütün qullarının qanı üçün Mən İzeveldən qisasımı alacağam.  8Bütün Axav nəsli məhv olacaq: İsraildə Axavdan divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam.  9Axavın nəslini Nevat oğlu Yarovamın və Axiya oğlu Baaşanın nəsilləri kimi edəcəyəm.  10 İzeveli isə İzreel tarlasında köpəklər yeyəcək və onu basdıran olmayacaq”». Sonra o, qapını açıb qaçdı.  11Yehu çıxıb ağasının adamlarının yanına gəldi. Onlardan biri Yehuya dedi: «Xeyir ola? Bu dəli sənin yanına nə üçün gəlib?» Yehu onlara dedi: «Onun necə adam olduğunu və nə deyəcəyini bilirsiniz».  12Onlar dedilər: «Yalan deyirsən! Onun nə dediyini bizə bildir». Yehu dedi: «Mənə söylədi ki, Rəbb belə deyir: “Səni İsrail üzərində padşah olmaq üçün məsh etdim”».  13Hamı tez qalxıb öz paltarını götürdü və onları pilləkənin üstünə – Yehunun ayağı altına sərdi. Onlar şeypur çalıb «Yehu padşahdır!» dedilər.

Yehunun Yehoramı öldürməsi

14Nimşi oğlu Yehoşafat oğlu Yehu Yehorama qəsd hazırladı. O vaxt Yehoram və onunla birgə bütün İsraillilər Ramot-Gileadı Aram padşahı Xazaelin hücumundan qoruyurdular.  15 Ancaq padşah Yehoram Aram padşahı Xazaelə qarşı vuruşarkən Aramlıların ona vurduqları yaraları sağaltmaq üçün İzreelə qayıtmışdı. Yehu dedi: «Əgər siz mənimlə razısınızsa, qoy şəhəri heç kəs tərk etməsin ki, bu xəbər İzreelə gedib çatmasın».  16Yehu arabaya minib İzreelə getdi, çünki Yehoram orada yatırdı. Yəhuda padşahı Axazya Yehoramı görmək üçün gəlmişdi.  17İzreeldəki qüllə üzərində duran gözətçi Yehunun oraya yaxınlaşan qoşununu görüb dedi: «Qoşun görürəm». Yehoram dedi: «Bir atlı götürüb onları qarşılamağa göndər ki, soruşsun: “Xeyir ola?”»  18Bir atlı Yehunu qarşılamağa getdi və ona dedi: «Padşah soruşur: “Xeyir ola?”» Yehu dedi: «Xeyirdən sənə nə? Dön, dalımca gəl». Gözətçi dedi: «Qasid onların yanına gəldi, ancaq geri qayıtmır».  19İkinci atlını göndərdilər, o da Yehunun yanına gəlib dedi: «Padşah soruşur: “Xeyir ola?”» Yehu dedi: «Xeyirdən sənə nə? Dön, dalımca gəl».  20Gözətçi dedi: «Qasid onların yanına gəldi, ancaq geri qayıtmır. Araba sürməyi Nimşi oğlu Yehunun sürməyinə oxşayır, çünki o dəli kimi sürür».  21Yehoram dedi: «Arabamı qoş». Onun arabasını qoşdular. İsrail padşahı Yehoram və Yəhuda padşahı Axazya öz arabalarında Yehunu qarşılamağa çıxdılar və İzreelli Navotun tarlasında onunla rastlaşdılar.  22Yehoram Yehunu görəndə soruşdu: «Xeyir ola, Yehu?» Yehu dedi: «Anan İzevelin xainlikləri və cadugərlikləri bu qədər çox olduğu halda necə xeyir ola bilər?»  23Yehoram arabasını döndərdi və Axazyaya «Xəyanət, ey Axazya!» deyib qaçdı.  24Yehu ox-kamanını çəkdi və Yehoramı kürəyindən vurdu. Ox onun ürəyindən keçib çıxdı və o öz arabasına yıxıldı.  25Yehu padşahın köməkçisi Bidqara dedi: «Onu götürüb İzreelli Navotun tarlasına at. Yadına sal, mən səninlə birgə onun atası Axavın dalınca gedərkən Rəbb ona qarşı belə söyləmişdi:  26 “Navotun və onun oğullarının qanı dünən Mənim gözümün qabağına gəldi” bəyan edir Rəbb. “Səndən bu tarlada qisas alacağam” bəyan edir Rəbb. İndi Rəbbin sözünə görə onu götürüb tarlaya at».

Yehunun Yəhuda padşahı Axazyanı öldürməsi

27Yəhuda padşahı Axazya bunu gördükdə Bet-Haqqan yolu ilə qaçdı. Yehu onu təqib edib dedi: «Onu da vurun». İvleam yanında olan Qur yoxuşunda onu arabada vurdular. O, Megiddoya qaçıb orada öldü.  28Adamları onu araba ilə Yerusəlimə gətirdilər və Davudun şəhərində, atalarının yanında, öz qəbrində basdırdılar.  29Axav oğlu Yehoramın padşahlığının on birinci ilində Axazya Yəhuda üzərində padşah olmuşdu.

Yehunun İzeveli öldürməsi

30Yehu İzreelə gəldi. İzevel bunu eşitdi. O, gözlərinə sürmə çəkib başına bəzək vurdu və pəncərədən boylanıb baxdı.  31Yehu darvazadan girəndə İzevel dedi: «Xeyir ola, ey öz ağasını öldürən Zimri?»  32Yehu üzünü pəncərəyə doğru qaldırıb dedi: «Kim mənimlədir, kim?» İki-üç saray xidmətçisi boylanıb ona baxdı.  33Yehu dedi: «Onu aşağı atın». İzeveli aşağı atdılar. Qanı divarın və atların üstünə sıçradı və atlar onun cəsədini tapdaladı.  34Yehu içəri girərək yeyib-içdi və dedi: «Bu lənətə gəlmiş qadını götürüb basdırın, çünki padşah qızıdır».  35Onlar İzeveli basdırmaq üçün getdilər. Ancaq onun kəlləsindən, ayaqlarından və ovuclarından başqa heç nə tapmadılar.  36 Geri qayıdıb Yehuya söylədilər. O dedi: «Qulu Tişbeli İlyas vasitəsilə Rəbbin söylədiyi söz belədir: “İzreel tarlasında İzevelin ətini köpəklər yeyəcək.  37İzevelin cəsədi İzreel tarlasına tökülmüş peyin kimi olacaq və heç kəs deyə bilməyəcək ki, bu, İzeveldir”».

YUXARI

2 Padşahlar 10

Yehunun şahzadələri öldürməsi

1Samariyada Axavın nəslindən olan yetmiş nəfər şahzadə var idi. Yehu İzreel başçılarına, ağsaqqallara və Axavın nəslindən olan uşaqların himayəçilərinə məktublar yazıb Samariyaya göndərdi. O belə yazdı:  2«Ağanızın şahzadələri sizin yanınızdadır, döyüş arabalarınız və atlarınız, qalalı şəhəriniz və silahlarınız var. Bu məktub sizə çatanda  3ağanızın şahzadələrindən ən yaxşısını, ən layiqlisini seçib onu atasının taxtında oturdun və ağanızın nəsli üçün vuruşun».  4Onlar çox qorxub dedilər: «İki padşah ona qarşı dayana bilmədi, biz necə dayanacağıq?»  5Saray rəisi, şəhər başçısı, ağsaqqallar və himayəçilər Yehuya xəbər göndərib dedilər: «Biz sənin qullarınıq və bizə dediyin hər şeyi edərik, heç kəsi də padşah etməyəcəyik. Sən nə istəyirsən, onu da et».  6Yehu ikinci məktubunda onlara belə yazdı: «Əgər siz mənimlə razı olub sözümə qulaq asırsınızsa, ağanızın şahzadələrinin başlarını götürüb sabah bu vaxt İzreelə, yanıma gəlin». Yetmiş nəfər şahzadə onları tərbiyə edən şəhərin böyük adamlarının yanında qalırdı.  7Məktub onlara çatanda onlar yetmiş nəfər şahzadəni tutub öldürdülər və başlarını səbətlərə qoyub İzreelə, Yehuya göndərdilər.  8Qasid gəldi və ona bildirib dedi: «Şahzadələrin başlarını gətirdilər». Yehu dedi: «Onları iki qalaq edib darvazanın girişində səhərə qədər qoyun».  9Səhəri gün Yehu bayıra çıxdı və qalxıb bütün xalqa dedi: «Sizin təqsiriniz yoxdur. Ağama mən qəsd hazırladım və onu mən öldürdüm. Bəs bunların hamısını kim qırdı?  10Onda bilin ki, Axavın nəslinə qarşı Rəbbin söylədiyi sözlərdən heç biri hədər gedə bilməz. Rəbb Öz qulu İlyas vasitəsilə söylədiyi işi etmişdir».  11 Yehu Axavın İzreeldəki sarayında olan adamlardan sağ qalanların hamısını – onun bütün böyüklərini, yaxın adamlarını və kahinlərini qırdı, bir adamını da sağ buraxmadı.

Yehu padşah Axazyanın qohumlarını öldürür

12Yehu Samariyaya tərəf yola düşdü. Yolda çobanlara məxsus olan Bet-Eqeddən keçəndə  13Yəhuda padşahı Axazyanın qohumlarına rast gəldi və onlara dedi: «Siz kimsiniz?» Onlar dedilər: «Biz Axazyanın qohumlarıyıq. Padşahın və mələkənin övladlarını salamlamaq üçün gedirik».  14Yehu dedi: «Bunları diri tutun». Onları diri tutdular və bu qırx iki nəfər adamı Bet-Eqed quyusunun yanında öldürdülər. Yehu onlardan heç birini sağ buraxmadı.

Yehu Axavın Samariyada olan adamlarını öldürür

15Yehu oradan gedəndə onu qarşılamağa gələn Rekav oğlu Yehonadava rast gəldi və onu salamlayıb dedi: «Sənin niyyətin mənim ürəyimcə olduğu kimi mənim də niyyətim sənin ürəyincədirmi?» Yehonadav «bəli» dedi. Yehu dedi: «Elə isə əlini ver». O, əlini verdi və Yehu onu öz arabasına qaldırdı.  16Sonra dedi: «Mənimlə gəl və Rəbb üçün göstərdiyim qeyrəti gör». Onu Yehunun arabasına mindirib apardılar.  17Yehu Samariyaya gəldi və Rəbbin İlyasa söylədiyi sözə görə Axavın Samariyada qalan bütün adamlarını tamamilə qırıb məhv etdi.

Yehunun Baala səcdə edənləri öldürməsi

18Yehu bütün xalqı toplayıb onlara dedi: «Axav Baala az səcdə etdi, ancaq Yehu ona çox səcdə edəcək.  19İndi Baalın bütün peyğəmbərlərini, ona səcdə edənlərin hamısını, onun bütün kahinlərini mənim yanıma çağırın, heç kəs qalmasın, çünki Baala böyük qurbanım var. Kim gəlməsə, sağ qalmayacaq». Ancaq Yehu burada hiylə işlətdi ki, Baala səcdə edənləri məhv etsin.  20Yehu dedi: «Baal üçün təqdis olunmuş bir toplantı çağırın». Onlar toplantı çağırdılar.  21Yehu İsrailin hər tərəfinə xəbər göndərdi. Baala səcdə edənlərin hamısı gəldi, gəlməyən bir nəfər də qalmadı. Onlar Baal məbədinə girdilər və Baal məbədi ağzınacan adamla doldu.  22Yehu paltarlara baxan adama dedi: «Baala səcdə edənlərin hamısı üçün əba ver». Bu adam da onlar üçün əba verdi.  23Yehu Rekav oğlu Yehonadavla birgə Baal məbədinə girib Baala səcdə edənlərə dedi: «Axtarıb baxın, burada Rəbbə səcdə edən bir nəfər sizinlə olmasın, yalnız Baala səcdə edənlər olsun».  24Onlar təqdimlər və yandırma qurbanları gətirmək üçün qabağa gəldilər. Yehu bayırda səksən adam qoymuşdu və onlara demişdi: «Əlinizə verdiyim bu adamlardan biri kimdən qaçıb qurtarsa, o adam əvəzində öz canını verəcək».  25Yandırma qurbanları gətirilməsi sona çatanda Yehu öz mühafizəçilərinə və rəislərinə dedi: «İçəri girib onları qırın, heç kəs çıxa bilməsin». Mühafizəçilər və rəislər onları qılıncdan keçirib qırdılar və meyitlərini bayıra atdılar. Sonra Baal məbədinin içəri otağına girdilər.  26Oradan Baal məbədinin büt olan sütununu çıxarıb yandırdılar.  27Beləcə Baala qoyulan sütunu yıxdılar. Baal məbədini də dağıdıb ayaqyolu etdilər, ora bu günə qədər də belədir.  28Beləliklə, Yehu İsraildən Baalın kökünü kəsdi.  29 Ancaq Yehu Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan, Bet-Eldə və Danda olan qızıl danalara səcdə etməkdən əl çəkmədi.  30Rəbb Yehuya dedi: «Sən gözümdə doğru olan işlər görməklə yaxşı elədin və Mənim ürəyimdə olan hər şeyə görə Axavın adamları ilə rəftar etdin. Buna görə də dördüncü nəslinə qədər sənin övladların İsrail taxtında oturacaq».  31Ancaq Yehu bütün qəlbi ilə İsrailin Allahı Rəbbin Qanunu ilə getmək istəmədi və Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.

Yehunun ölümü

32Rəbb o dövrdə İsrail torpağını kəsib kiçiltməyə başladı. Xazael bütün İsrail hüdudlarında onları məğlub etdi:  33İordan çayının şərq tərəfindəki Qadlılara, Ruvenlilərə və Menaşşelilərə məxsus olan bütün Gilead torpağını, Arnon vadisinin kənarında olan Aroerdən Gileada və Başana qədər hər tərəfi zəbt etdi.  34Yehunun qalan işləri, etdiyi hər şey və onun bütün hünəri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  35Yehu ataları ilə uyudu və onu Samariyada basdırdılar. Onun yerinə oğlu Yehoaxaz padşah oldu.  36Yehunun Samariyada İsrail üzərində padşahlıq etdiyi müddət iyirmi səkkiz il idi.

YUXARI

2 Padşahlar 11

Yəhuda mələkəsi Atalya

(2Saln. 22:10-23:15)

1Axazyanın anası Atalya oğlunun öldüyünü görəndə qalxıb bütün padşah nəslini məhv etdi.  2Ancaq padşah Yehoramın qızı, Axazyanın bacısı Yehoşeva öldürülən şahzadələr arasından Axazyanın oğlu Yoaşı gizlincə apardı və onu dayəsi ilə birgə yataq otağında yerləşdirdi. Beləcə Yoaşı Atalyadan gizlətdilər və o öldürülmədi.  3O, altı il gizli olaraq Rəbbin məbədində dayəsi ilə birgə qaldı. Atalya isə ölkə üzərində padşahlıq etdi.  4 Yeddinci ildə Yehoyada Karililərin və mühafizəçilərin yüzbaşılarını çağırtdırdı, onları öz yanına – Rəbbin məbədinin içərisinə gətirdi. Orada bu adamlarla əhd kəsib onları and içdirdi və şahzadəni onlara göstərdi.  5Sonra Yehoyada onlara əmr edib dedi: «Siz belə edin: Şənbə günü növbə çəkənlərinizin üçdə biri sarayın keşiyini çəksin,  6üçdə biri Sur darvazasında dursun, üçdə biri isə mühafizəçilərin arxasındakı darvazada dayansın. Beləcə sarayın keşiyini çəkin.  7Sizin iki bölüyünüz – Şənbə günü növbə çəkməyənlərin hamısı padşahın tərəfində olub Rəbbin məbədinin keşiyini çəksin.  8Hər kəs silahı əlində padşahı əhatəyə alsın, cərgələrinizə girən öldürülsün. Padşah girib-çıxdığı vaxt onunla olun».  9Yüzbaşılar kahin Yehoyadanın əmr etdiyi hər şeyi etdilər: hər biri öz adamlarını, Şənbə günü növbə çəkənləri və növbədə olmayanları götürüb kahin Yehoyadanın yanına gəldi.  10Kahin yüzbaşılara Rəbbin məbədində olan padşah Davudun nizələrini və qalxanlarını verdi.  11Mühafizəçilər məbədin sağ tərəfindən sol tərəfinə qədər qurbangahın və məbədin yanında, padşahın ətrafında dayandılar. Hər kəsin silahı əlində idi.  12Kahin şahzadəni irəli çıxartdı və tacı başına qoyub şəhadətnaməni ona verdi. Onu padşah olmaq üçün məsh etdilər və əl çalıb «Yaşasın padşah!» dedilər.  13Atalya mühafizəçilərin və xalqın səsini eşidəndə xalqın yanına, Rəbbin məbədinə gəldi.  14O baxıb gördü ki, padşah qaydaya görə sütunun yanında dayanmış, rəislər və kərənay çalanlar da padşahın yanındadır. Bütün ölkə xalqı sevinərək kərənay çalırdı. Atalya paltarını cırıb bağırdı: «Xəyanət! Xəyanət!»  15Kahin Yehoyada qoşun üçün cavabdeh olan yüzbaşılara əmr edib dedi: «Onu cərgələrin arasından çıxarın və dalınca gələni qılıncla öldürün». Çünki kahin «qoy o, Rəbbin məbədində öldürülməsin» demişdi.  16 Atalyanı tutdular, onu atların girdiyi darvazadan saraya gətirdilər və orada öldürüldü.  17Yehoyada Rəbb ilə padşah və xalq arasında əhd kəsdi ki, onlar Rəbbin xalqı olsun. O, padşahla xalq arasında da əhd kəsdi.  18Bütün ölkə xalqı Baal məbədinə getdi. Onu dağıdıb qurbangahlarını və bütlərini parça-parça etdilər, Baal kahini Mattanı qurbangahların önündə öldürdülər. Kahin Rəbbin məbədinə gözətçilər qoydu.  19O, yüzbaşıları, Karililəri, mühafizəçiləri, bütün ölkə xalqını özü ilə götürdü. Onlar padşahı Rəbbin məbədindən düşürtdülər və mühafizəçilər darvazasının yolu ilə saraya gəldilər. Yoaş padşahların taxtında oturdu.  20Bütün ölkə xalqı sevindi və şəhər sakitləşdi. Çünki Atalyanı padşah sarayında qılıncla öldürmüşdülər.

Yəhuda padşahı Yoaş

(2Saln. 24:1-27)

21Yoaş padşah olduğu vaxt yeddi yaşında idi.

YUXARI

2 Padşahlar 12

1Yehunun padşahlığının yeddinci ilində Yoaş padşah oldu və Yerusəlimdə qırx il padşahlıq etdi. Anası Beer-Şevadan olub adı Sivya idi.  2Kahin Yehoyada Yoaşı öyrətdiyi dövr ərzində Rəbbin gözündə doğru olan işlər etdi.  3Ancaq səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.  4Yoaş kahinlərə dedi: «Müqəddəs şeylər kimi Rəbbin məbədinə gətirilən gümüşü, siyahıyaalma zamanı toplanmış gümüşü, hər kəsin öz canı əvəzinə verdiyi gümüşü və Rəbbin məbədinə gətirmək üçün hər kəsin ürəyi istədiyi qədər verdiyi gümüşün hamısını  5kahinlərin hər biri öz xəzinədarından götürsün və məbəddə harada uçuq bir yer varsa, o uçuqları özləri təmir etsin».  6Ancaq padşah Yoaşın padşahlığının iyirmi üçüncü ilində kahinlər hələ məbədin uçuqlarını təmir etməmişdilər.  7Padşah Yoaş kahin Yehoyadanı və o biri kahinləri çağırıb onlara dedi: «Nə üçün siz məbədin uçuqlarını təmir etmirsiniz? İndi daha xəzinədarlarınızdan özünüz üçün gümüş almayın, qoy bu gümüş məbədin uçuqlarının təmiri üçün verilsin».  8Kahinlər razı oldular ki, daha xalqdan gümüş almasınlar və məbədin uçuqlarını da özləri təmir etməsinlər.  9Kahin Yehoyada bir sandıq götürdü və onun qapağında dəlik açdı. Onu qurbangahın yanına, Rəbbin məbədinə girən yerdə sağ tərəfə qoydu. Qapıda keşik çəkən kahinlər Rəbbin məbədinə gətirilən gümüşün hamısını oraya qoyardı.  10Sandıqda çoxlu gümüş olduğunu görəndə padşahın mirzəsi və baş kahin gələrək Rəbbin məbədində tapılan gümüşü torbalara doldurub tərəzidə çəkirdilər.  11Çəkilən gümüşü Rəbbin məbədinin işinə nəzarət edən rəislərə verirdilər. Onlar da bunu Rəbbin məbədində işləyən dülgərlərə, ustalara,  12bənnalara, daşyonanlara, Rəbbin məbədinin uçuqlarını təmir etmək üçün taxta və yonulmuş daşlar satın alan adamlara verir və məbədin bütün təmir işlərinə xərcləyirdilər.  13Ancaq Rəbbin məbədinə gətirilmiş gümüşdən məbəd üçün gümüş kasalar, maqqaşlar, piyalələr, kərənaylar və qızıl yaxud gümüş qablar düzəldilmirdi.  14 Çünki gümüşü iş görənlərə verirdilər və onunla Rəbbin məbədini təmir edirdilər.  15İş görənlərə vermək üçün əllərinə gümüş verdikləri adamlardan hesabat istəmirdilər, çünki onlar sədaqətlə çalışırdılar.  16Təqsir təqdimlərinin və günah təqdimlərinin gümüşü Rəbbin məbədinə gətirilmədi, çünki o, kahinlərin idi.  17O vaxt Aram padşahı Xazael gəldi və Qata hücum edib oranı aldı. Sonra o, Yerusəlimə hücum etməyə yönəldi.  18Yəhuda padşahı Yoaş babaları olan Yəhuda padşahları Yehoşafatın, Yehoramın və Axazyanın təqdis etdiyi bütün şeyləri, özünün təqdis etdiyi şeyləri, Rəbbin məbədinin və sarayın xəzinələrində tapılan bütün qızılı götürüb Aram padşahı Xazaelə göndərdi. O da Yerusəlimdən geri çəkildi.  19Yoaşın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  20Əyanları qalxıb ona qəsd hazırladılar və Sillaya enən yoldakı Bet-Milloda Yoaşı vurdular.  21Onu vuranlar əyanları Şimeat oğlu Yozakar və Şomer oğlu Yehozavad idi. Yoaş ataları ilə uyudu və onu Davudun şəhərində, atalarının yanında basdırdılar. Onun yerinə oğlu Amasya padşah oldu.

YUXARI

2 Padşahlar 13

İsrail padşahı Yehoaxaz

1Yəhuda padşahı Axazya oğlu Yoaşın padşahlığının iyirmi üçüncü ilində Yehunun oğlu Yehoaxaz Samariyada İsrail üzərində padşah oldu və on yeddi il padşahlıq etdi.  2O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahların dalınca getdi, onlardan əl çəkmədi.  3İsrailə qarşı Rəbbin qəzəbi alovlandı və Yehoaxazın bütün ömrü boyu onları Aram padşahı Xazaelin və Xazaelin oğlu Ben-Hadadın əlinə verdi.  4Yehoaxaz Rəbbə üz tutub yalvardı və Rəbb onu eşitdi, çünki İsraillilərin əzabını və Aram padşahının onlara necə zülm etdiyini gördü.  5Rəbb İsraillilərə bir xilaskar verdi və onlar Aramın əsarəti altından çıxdılar. İsraillilər əvvəlki kimi öz torpaqlarında yaşadılar.  6Ancaq onlar Yarovam nəslinin İsrailə etdirdiyi günahlardan əl çəkmədilər və bu günahların dalınca getdilər, Aşera bütü də Samariyada qalırdı.  7Əlli süvaridən, on döyüş arabasından və on min piyadadan başqa, Yehoaxazın daha qoşunu qalmadı, çünki Aram padşahı onları xırmanda toz kimi əzmişdi.  8Yehoaxazın qalan işləri, etdiyi hər şey və onun hünəri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  9Yehoaxaz ataları ilə uyudu və onu Samariyada basdırdılar. Onun yerinə oğlu Yoaş padşah oldu.

İsrail padşahı Yoaş

10Yəhuda padşahı Yoaşın padşahlığının otuz yeddinci ilində Yehoaxaz oğlu Yoaş Samariyada İsrail üzərində padşah oldu və on altı il padşahlıq etdi.  11O, Rəbbin gözündə pis olan işlər etdi, Nevat oğlu Yarovamın İsrailə etdirdiyi bütün günahlardan əl çəkmədi və bu günahların dalınca getdi.  12Yoaşın qalan işləri, etdiyi hər şey və Yəhuda padşahı Amasya ilə döyüşdə göstərdiyi hünər barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  13Yoaş ataları ilə uyudu və onun taxtında Yarovam oturdu. Yoaş Samariyada İsrail padşahlarının yanında basdırıldı.

Elişanın ölümü və Yoaşın qələbələri

14Elişa ölümcül halda xəstələnmişdi. İsrail padşahı Yoaş ona baş çəkmək üçün yanına gəldi və ağlayıb dedi: «Atam, ey atam! İsrailin arabası və atlıları!»  15Elişa ona dedi: «Kaman və oxlar götür». O, kaman və oxlar götürdü.  16Elişa İsrail padşahına dedi: «Kamanı çək». O, kamanı çəkdi. Elişa əllərini padşahın əlləri üstünə qoydu.  17Sonra dedi: «Şərq tərəfdəki pəncərəni aç». O açdı. Elişa «oxu at» dedi. O atdı. Elişa dedi: «Bu, Rəbbin qurtuluş oxu, Arama qarşı qurtuluş oxudur! Sən Aramlıları Afeqdə axıra qədər qıracaqsan».  18Sonra dedi: «Oxları götür». O götürdü. Elişa İsrail padşahına dedi: «Yerə vur». O, üç dəfə vurub dayandı.  19Allah adamı ona qəzəblənib dedi: «Beş-altı dəfə vurmalı idin. Onda Aramlıları axıra qədər qıra bilərdin, indi isə onları üç dəfə qıracaqsan».  20Elişa öldü və onu basdırdılar. Moavlıların dəstələri hər bahar fəslində ölkəyə gələrdi.  21Bir dəfə bir nəfəri basdırarkən adamlar bir dəstə gördülər və ölünü Elişanın qəbrinə atdılar. Ölü düşüb Elişanın sümüklərinə toxunan kimi dirildi və ayaq üstə qalxdı.  22Yehoaxazın bütün ömrü boyu Aram padşahı Xazael İsraillilərə zülm etdi.  23Ancaq Rəbb İbrahim, İshaq və Yaqubla etdiyi əhdindən ötrü lütf və mərhəmət göstərib onlara tərəf üz tutdu, onları məhv etmək istəmədi və indiyə qədər Öz hüzurundan kənar etmədi.  24Aram padşahı Xazael öldü və yerinə oğlu Ben-Hadad padşah oldu.  25Yehoaxaz oğlu Yoaş müharibədə atası Yehoaxazın əlindən alınan şəhərləri Xazaelin oğlu Ben-Hadadın əlindən aldı. Yoaş Aramlıları üç dəfə qırıb İsrail şəhərlərini geri aldı.

YUXARI

2 Padşahlar 14

Yəhuda padşahı Amasya

(2Saln. 25:1-24)

1İsrail padşahı Yehoaxaz oğlu Yoaşın padşahlığının ikinci ilində Yəhuda padşahı Yoaşın oğlu Amasya padşah oldu.  2O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yehoaddan idi.  3Amasya atası Yoaşın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi, amma babası Davud kimi deyildi.  4Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.  5Padşahlıq əlində möhkəmlənəndə Amasya padşah olan atasını öldürmüş əyanları öldürdü.  6 Ancaq Musanın Qanun kitabında yazıldığı kimi qatillərin oğullarını öldürmədi, çünki Rəbb əmr edib demişdi: «Oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs öz günahına görə ölməlidir».  7O, on min nəfər Edomlunu Duz dərəsində qırıb Selanı müharibə ilə aldı. Onun adını Yoqteel qoydu və bu günə qədər də belədir.  8O vaxt Amasya İsrail padşahı Yehu oğlu Yehoaxaz oğlu Yoaşın yanına qasidlər göndərib dedi: «Gəl, qarşılaşaq».  9İsrail padşahı Yoaş Yəhuda padşahı Amasyaya cavab verib dedi: «Livanda olan qanqal oradakı sidr ağacına xəbər göndərib “qızını oğluma arvad olmaq üçün ver” dedi. Amma Livanda olan bir çöl heyvanı keçərək qanqalı tapdaladı.  10Əlbəttə, sən Edomluları qırdın və ürəyin qürurlandı. Bununla öyün və öz evində otur. Nə üçün sən Yəhudalılarla birlikdə bəlaya düşmək üçün münaqişəyə atılırsan?»  11Ancaq Amasya qulaq asmadı. İsrail padşahı Yoaş çıxıb Yəhuda padşahı Amasya ilə Yəhudada olan Bet-Şemeşdə qarşılaşdı.  12Yəhudalılar İsraillilərin önündə məğlub oldular və hər kəs öz evinə qaçdı.  13İsrail padşahı Yoaş Yəhuda padşahı Axazya oğlu Yoaş oğlu Amasyanı Bet-Şemeşdə tutdu. Yoaş Yerusəlimə gəlib şəhər divarının Efrayim darvazasından Künc darvazasına qədər dörd yüz qulacını uçurdu.  14Rəbbin məbədində və sarayın xəzinələrində tapılan bütün qızıl-gümüşü, bütün əşyaları apardı. Girov olaraq tutduğu adamları da götürüb Samariyaya qayıtdı.  15Yoaşın qalan işləri, onun hünəri və Yəhuda padşahı Amasya ilə necə vuruşduğu barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  16Yoaş ataları ilə uyudu və Samariyada İsrail padşahlarının yanında basdırıldı. Onun yerinə oğlu Yarovam padşah oldu.  17Yəhuda padşahı Yoaş oğlu Amasya İsrail padşahı Yehoaxaz oğlu Yoaşın ölümündən sonra on beş il yaşadı.  18Amasyanın qalan işləri barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  19Yerusəlimdə Amasyaya qəsd hazırladılar. O, Lakişə qaçdı. Lakişə onun dalınca adamlar göndərib orada onu öldürdülər.  20Onu atlar üstündə gətirib Yerusəlimdə, Davudun şəhərində, atalarının yanında basdırdılar.  21Bütün Yəhuda xalqı on altı yaşlı Azaryanı götürüb atası Amasyanın yerinə padşah etdi.  22Padşah ataları ilə uyuduqdan sonra o, Elatı Yəhudaya qaytarıb oranı tikdi.

İsrail padşahı II Yarovam

23Yəhuda padşahı Yoaş oğlu Amasyanın padşahlığının on beşinci ilində Yoaş oğlu Yarovam Samariyada İsrail üzərində padşah oldu və qırx bir il padşahlıq etdi.  24O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi bütün günahlardan əl çəkmədi.  25 Qulu Qat-Xeferli peyğəmbər Amittay oğlu Yunus vasitəsilə İsrailin Allahı Rəbbin söylədiyi sözə görə o, Xamat keçidindən Arava dənizinə qədər İsrail torpaqlarını geri aldı.  26Çünki Rəbb İsraillilərin acı fəlakətini görmüşdü: istər kölə olsun, istər azad, İsraillilərə kömək edən bir kəs olmadı.  27Rəbb heç vaxt İsrailin adını göylər altından siləcəyini deməmişdi, buna görə də Yoaş oğlu Yarovamın vasitəsilə onlara qurtuluş verdi.  28Yarovamın qalan işləri, etdiyi hər şey, onun hünəri, necə vuruşduğu və əvvəllər Yəhudaya məxsus olan Dəməşqi və Xamatı İsrailə necə qaytarması barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  29Yarovam ataları İsrail padşahları ilə uyudu və yerinə oğlu Zəkəriyyə padşah oldu.

YUXARI

2 Padşahlar 15

Yəhuda padşahı Azarya

(2Saln. 26:1-23)

1İsrail padşahı Yarovamın padşahlığının iyirmi yeddinci ilində Yəhuda padşahı Amasyanın oğlu Azarya padşah oldu.  2O padşah olduğu vaxt on altı yaşında idi və Yerusəlimdə əlli iki il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yekolya idi.  3Azarya atası Amasyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.  4Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.  5Rəbb padşaha bəla göndərdi, o, ölüm gününə qədər cüzamlı oldu. Padşah başqa bir evdə yaşayırdı. Onun oğlu Yotam isə saraya başçılıq edərək ölkə xalqına hökm edirdi.  6Azaryanın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  7 Azarya ataları ilə uyudu və onu Davudun şəhərində, atalarının yanında basdırdılar. Onun yerinə oğlu Yotam padşah oldu.

İsrail padşahı Zəkəriyyə

8Yəhuda padşahı Azaryanın padşahlığının otuz səkkizinci ilində Yarovam oğlu Zəkəriyyə Samariyada İsrail üzərində padşah oldu və altı ay padşahlıq etdi.  9O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.  10Yaveş oğlu Şallum ona qəsd hazırladı, onu xalqın qabağında vurub öldürdü və yerinə padşah oldu.  11Zəkəriyyənin qalan işləri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  12 Rəbbin Yehuya «dördüncü nəslinə qədər sənin övladların İsrail taxtında oturacaqlar» deyə söylədiyi sözə görə belə oldu.

İsrail padşahı Şallum

13Yəhuda padşahı Uzziyanın padşahlığının otuz doqquzuncu ilində Yaveş oğlu Şallum padşah oldu və Samariyada bir ay padşahlıq etdi.  14Qadi oğlu Menaxem Tirsadan çıxıb Samariyaya gəldi. Samariyada Yaveş oğlu Şallumu vurub öldürdü və yerinə padşah oldu.  15Şallumun qalan işləri və necə qəsd hazırladığı barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  16O vaxt Menaxem Tirsadan çıxıb Tifsahda və onun ətrafında yaşayanların hamısını qırdı. Darvazaları onun üzünə açmadıqlarına görə onları məhv etdi və orada olan bütün hamilə qadınları doğradı.

İsrail padşahı Menaxem

17Yəhuda padşahı Azaryanın padşahlığının otuz doqquzuncu ilində Qadi oğlu Menaxem İsrail üzərində padşah oldu və Samariyada on il padşahlıq etdi.  18O, Rəbbin gözündə pis olan işlər etdi və bütün ömrü boyu Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.  19Aşşur padşahı Pul ölkəyə hücum etdi. Menaxem ona min talant gümüş verdi ki, padşahlığını möhkəmləndirmək üçün Pul onunla müttəfiq olsun.  20Menaxem Aşşur padşahına vermək üçün İsrailin varlı adamlarının hamısından gümüş yığdı, onların hər birindən əlli şekel gümüş aldı. Onda Aşşur padşahı bu ölkədə qalmayıb geri qayıtdı.  21Menaxemin qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  22Menaxem ataları ilə uyudu və yerinə oğlu Peqahya padşah oldu.

İsrail padşahı Peqahya

23Yəhuda padşahı Azaryanın padşahlığının əllinci ilində Menaxem oğlu Peqahya Samariyada İsrail üzərində padşah oldu və iki il padşahlıq etdi.  24O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.  25Peqahyanın mühafizəçilər rəisi Remalya oğlu Peqah ona qəsd hazırladı, Gileadlılardan əlli nəfərin köməyi ilə Samariyada sarayın qalasında onu Arqov və Arye ilə birgə vurub öldürdü və onun yerinə padşah oldu.  26Peqahyanın qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.

İsrail padşahı Peqah

27Yəhuda padşahı Azaryanın padşahlığının əlli ikinci ilində Remalya oğlu Peqah Samariyada İsrail üzərində padşah oldu və iyirmi il padşahlıq etdi.  28O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi.  29İsrail padşahı Peqahın dövründə Aşşur padşahı Tiqlat-Pileser gəlib İyonu, Avel-Bet-Maakanı, Yanoahı, Qedeşi, Xasoru, Gileadı, Qalileyanı və bütün Naftali torpağını tutdu, əhalisini də Aşşura sürgün etdi.  30Ela oğlu Huşə Remalya oğlu Peqaha qəsd hazırladı, onu vurub öldürdü və Uzziya oğlu Yotamın padşahlığının iyirminci ilində onun yerinə padşah oldu.  31Peqahın qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.

Yəhuda padşahı Yotam

(2Saln. 27:1-9)

32İsrail padşahı Remalya oğlu Peqahın padşahlığının ikinci ilində Uzziya oğlu Yotam Yəhuda üzərində padşah oldu.  33O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. Anası Sadoq qızı Yeruşa idi.  34Yotam atası Uzziyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.  35Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. O, Rəbbin məbədinin yuxarı darvazasını düzəltdi.  36Yotamın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  37Rəbb o dövrdə Aram padşahı Resini və Remalya oğlu Peqahı Yəhudalıların üstünə göndərməyə başladı.  38Yotam ataları ilə uyudu və babası Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Axaz padşah oldu.

YUXARI

2 Padşahlar 16

Yəhuda padşahı Axaz

(2Saln. 28:1-27)

1Remalya oğlu Peqahın padşahlığının on yeddinci ilində Yotam oğlu Axaz Yəhuda üzərində padşah oldu.  2Axaz padşah olduğu vaxt iyirmi yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. O, babası Davuddan fərqli olaraq Allahı Rəbbin gözündə doğru olan işlər etmədi.  3 Axaz İsrail padşahlarının yolu ilə getdi və Rəbbin İsrail övladlarının önündən qovduğu millətlərin iyrənc əməllərini edərək oğlunu oda qurban verdi.  4O, səcdəgahlarda, təpələr üstündə və hər kölgəli ağac altında qurban gətirir və buxur yandırırdı.  5 Onda Aram padşahı Resin və İsrail padşahı Remalya oğlu Peqah Yerusəlimin üzərinə hücum etdilər və Axazı mühasirəyə aldılar, ancaq onu məğlub edə bilmədilər.  6O vaxt Aram padşahı Resin Elatı Arama qaytardı və Yəhudalıları Elatdan qovub çıxartdı. Aramlılar Elata girdilər və bu günə qədər orada yaşayırlar.  7Axaz Aşşur padşahı Tiqlat-Pileserin yanına qasidlər göndərib dedi: «Mən sənin qulun və nökərinəm. Gəl, məni üstümə hücum edən Aram və İsrail padşahlarının əlindən qurtar».  8Axaz Rəbbin məbədində və sarayın xəzinələrində tapılan qızıl-gümüşü götürüb Aşşur padşahına hədiyyə göndərdi.  9Aşşur padşahı ona qulaq asdı: Dəməşqə hücum edib onu aldı, əhalisini Qirə sürgün etdi və Resini öldürdü.  10Padşah Axaz Aşşur padşahı Tiqlat-Pileseri qarşılamaq üçün Dəməşqə getdi. O, Dəməşqdə olan qurbangahı gördü, qurbangahın bütün quruluşunu və təsvirini kahin Uriyaya göndərdi.  11Kahin Uriya padşah Axazın Dəməşqdən göndərdiyi bütün şeylərə görə bir qurbangah düzəltdi. O, padşah Dəməşqdən qayıdana qədər bunu etdi.  12Padşah Dəməşqdən qayıdıb qurbangahı gördü. O yaxınlaşıb qurbangahın üstünə qalxdı.  13Qurbangahın üstündə öz yandırma qurbanını və taxıl təqdimini yandırdı, tökmə təqdimini tökdü və ünsiyyət qurbanlarının qanını oraya səpdi.  14 Rəbbin önündə olan tunc qurbangahı məbədin qabaq tərəfindən, öz qurbangahı ilə Rəbbin məbədi arasından gətirdi və onu öz qurbangahının şimal tərəfinə qoydu.  15Padşah Axaz kahin Uriyaya əmr edib dedi: «Hər gün səhərin yandırma qurbanını, axşamın taxıl təqdimini, padşahın yandırma qurbanını və taxıl təqdimini, bütün ölkə xalqının yandırma qurbanını, taxıl təqdimini və tökmə təqdimini böyük qurbangahın üstündə yandır. Yandırma qurbanlarının və başqa qurbanların bütün qanını onun üstünə səp. Ancaq tunc qurbangah soraq etmək üçün mənim olacaq».  16Kahin Uriya da padşah Axazın əmr etdiyi hər şeyi yerinə yetirdi.  17 Padşah Axaz dayaqların yan lövhələrini kəsib dayaqların üstündən ləyənləri götürdü. Hovuzu altında olan tunc buğaların üstündən qaldırıb bir daş səkinin üstünə qoydu.  18Şənbə günü üçün məbəddə düzəldilmiş bağlı yeri və padşahın bayırdakı giriş yerini Aşşur padşahından ötrü Rəbbin məbədindən götürdü.  19Axazın qalan işləri barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  20 Axaz ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Xizqiya padşah oldu.

YUXARI

2 Padşahlar 17

İsrailin son padşahı Huşə

1Yəhuda padşahı Axazın padşahlığının on ikinci ilində Ela oğlu Huşə Samariyada İsrail üzərində padşah oldu və doqquz il padşahlıq etdi.  2O, Rəbbin gözündə pis olan işlər etdi, ancaq özündən əvvəlki İsrail padşahları kimi deyildi.  3Aşşur padşahı Şalmaneser Huşənin üstünə hücum etmişdi və Huşə ona tabe olub xərac vermişdi.  4Amma Aşşur padşahı Huşənin xəyanət etdiyini gördü, çünki o həm Misir padşahı Sonun yanına qasidlər göndərmişdi, həm də hər il olduğu kimi Aşşur padşahına xərac verməmişdi. Buna görə də Aşşur padşahı onu tutub zindana saldı.

Samariyanın süqutu

5Aşşur padşahı bütün ölkəyə hücum etdi. O, Samariyaya yaxınlaşdı və oranı üç il mühasirədə saxladı.  6Huşənin padşahlığının doqquzuncu ilində Aşşur padşahı Samariyanı aldı və İsrailliləri Aşşur torpağına sürgün etdi. Onları Xalahda, Qozan çayı sahilindəki Xavorda və Midiya şəhərlərində yerləşdirdi.  7Bu iş ona görə İsrail övladlarının başına gəldi ki, onları Misir padşahı fironun əsarəti altından, Misir torpağından çıxaran özlərinin Allahı Rəbbə qarşı günah etmişdilər. İsrail övladları başqa allahlara səcdə etmişdilər.  8Onların önündən Rəbbin qovduğu millətlərin adətlərinə və İsrail padşahlarının qoyduğu qanunlara görə davranmışdılar.  9Gizlində özlərinin Allahı Rəbbə qarşı doğru olmayan işlər etmişdilər. Məskən saldıqları hər yerdə keşikçi qülləsindən qalalı şəhərə qədər özləri üçün səcdəgahlar tikmişdilər.  10 Hər hündür təpənin üstündə, hər kölgəli ağacın altında sütunlar və Aşera bütləri qoymuşdular.  11Onların önündən Rəbbin qovduğu millətlərin etdiyi kimi bütün bu səcdəgahlarda buxur yandırmış və pis işlər görüb Rəbbi qəzəbləndirmişdilər.  12Rəbb onlara «belə etməyin» söylədiyinə baxmayaraq, onlar bütlərə qulluq etmişdilər.  13Rəbb bütün peyğəmbərləri və görücüləri vasitəsilə İsraillilərə və Yəhudalılara xəbərdarlıq edib demişdi: «Pis yolunuzdan dönün. Atalarınıza buyurduğum və qullarım peyğəmbərlər vasitəsilə sizə öyrətdiyim Qanunda olan bütün əmrlərimə və qanunlarıma əməl edin».  14Ancaq onlar bu sözlərə qulaq asmamışdılar və iman etməyən ataları kimi özlərinin Allahı Rəbbə boyun əyməmişdilər.  15Onun qanunlarını, ataları ilə bağladığı əhdini və onlara etdiyi xəbərdarlıqları rədd etmişdilər. Boş şey dalınca gedib boş adamlar olmuşdular. Rəbb «ətrafınızdakı millətlər kimi etməyin» deyib əmr etdiyi halda onlar kimi davranmışdılar.  16 Özlərinin Allahı Rəbbin bütün əmrlərindən üz döndərib iki tökmə dana bütü və Aşera bütü düzəltmişdilər, bütün səma cisimlərinə səcdə etmişdilər və Baala qulluq etmişdilər.  17 Oğullarını və qızlarını oda qurban vermişdilər, falçılıq və baxıcılıq etmişdilər. Rəbbin gözündə pis olan işlərə özlərini təslim edib Onu qəzəbləndirmişdilər.  18Buna görə də Rəbb İsraillilərə qəzəblənib onlardan üz döndərdi. Yalnız Yəhuda qəbiləsindən başqa heç biri qalmadı.  19Yəhudalılar da özlərinin Allahı Rəbbin əmrlərinə əməl etməmişdilər və İsraillilərin qoyduğu adətlərlə davranmışdılar.  20Rəbb bütün İsrail nəslindən üz döndərərək onları alçaldıb soyğunçulara təslim etdi və nəhayət, onları hüzurundan kənara atdı.  21Rəbb İsraili Davud sülaləsindən alıb ayırmışdı və İsraillilər Nevat oğlu Yarovamı padşah etmişdilər. Yarovam onları Rəbbin yolundan azdırmışdı və onlara böyük günahlar etdirmişdi.  22İsrail övladları Yarovamın etdiyi bütün günahlara görə davranmışdılar və bu günahlardan əl çəkməmişdilər.  23Rəbb Öz qulu olan bütün peyğəmbərlər vasitəsilə söylədiyi kimi, nəhayət, İsraillilərdən üz döndərdi. Onlar öz torpaqlarından Aşşur torpağına sürgün olundular və bu günə qədər belədir.

Aşşurluların Samariyaya yeni sakinlər köçürməsi

24Aşşur padşahı Babildən, Kutadan, Avvadan, Xamatdan və Sefarvayimdən adamlar gətirib İsrail övladlarının yerinə Samariyanın şəhərlərində yerləşdirdi. Onlar Samariyaya sahib oldular və oranın şəhərlərində yaşadılar.  25Onlar orada yaşamağa başlayanda Rəbbə sitayiş etmirdilər. Rəbb də üstlərinə şirlər göndərdi və şirlər onları öldürməyə başladı.  26Onlar Aşşur padşahına dedilər: «Sürgün edib Samariyanın şəhərlərində yerləşdirdiyin millətlər bu ölkə Allahının adətlərini bilmirlər. O Allah da üstlərinə şirlər göndərdi və şirlər onları öldürür, çünki bu adamlar ölkə Allahının adətlərini bilmirlər».  27Aşşur padşahı əmr edib dedi: «Oradan sürgün etdiyiniz kahinlərdən birini geri qaytarın, adamları ilə gedib orada yaşasın və ölkə Allahının adətlərini onlara öyrətsin».  28Samariyadan sürgün etdikləri kahinlərdən biri gəlib Bet-Eldə yaşadı və Rəbbə necə sitayiş etməyi onlara öyrətməyə başladı.  29Ancaq hər millət öz allahının bütünü düzəltdi. Onları yaşadıqları şəhərlərdə Samariyalıların səcdəgahlarda tikdikləri məbədlərə qoydular:  30Babillilər Sukkot-Benot bütünü, Kutalılar Nerqal bütünü, Xamatlılar Aşima bütünü,  31Avvalılar Nivxaz və Tartaq bütlərini düzəltdilər. Sefarvayimlilər isə oğullarını Sefarvayim allahları Adrammelek və Anammelek üçün odda yandırırdılar.  32Onlar Rəbbə də sitayiş edirdilər. Səcdəgahların məbədlərində xidmət etmək üçün öz aralarından kahinlər seçib qoydular.  33Onlar həm Rəbbə, həm də aralarından sürgün olunduqları millətlərin adətlərinə görə öz allahlarına sitayiş edirdilər.  34 Onlar bu günə qədər də əvvəlki adətlərinə görə davranırlar və Rəbbə sitayiş etmirlər, adını İsrail qoyduğu Yaqubun nəslinə Rəbbin buyurduğu qaydalara, hökmlərə, qanunlara və əmrlərə əməl etmirlər.  35 Rəbb Yaqub övladları ilə əhd etmişdi və onlara əmr edib demişdi: «Başqa allahlara sitayiş və səcdə etməyin, onlara qulluq edib qurban gətirməyin.  36 Ancaq böyük qüdrəti və uzatdığı əli ilə sizi Misir torpağından çıxaran Rəbbə sitayiş və səcdə edin, Ona qurban gətirin.  37Sizin üçün yazdığı qaydalara, hökmlərə, qanunlara və əmrlərə həmişə diqqətlə əməl edin və başqa allahlara sitayiş etməyin.  38Sizinlə bağladığım əhdi unutmayın. Başqa allahlara deyil,  39yalnız Allahınız Rəbbə sitayiş etsəniz, O sizi bütün düşmənlərinizin əlindən qurtarar».  40Ancaq onlar bu sözlərə qulaq asmadılar və bu günə qədər də özlərinin əvvəlki adətlərinə görə davranırlar.  41Beləcə bu millətlər həm Rəbbə, həm də öz bütlərinə sitayiş edirdilər. Ataları necə edirdisə, oğulları və nəvələri də bu günə qədər belə edirlər.

YUXARI

2 Padşahlar 18

Yəhuda padşahı Xizqiya

(2Saln. 29:1-2; 31:1)

1İsrail padşahı Ela oğlu Huşənin padşahlığının üçüncü ilində Axaz oğlu Xizqiya Yəhuda üzərində padşah oldu.  2O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Zəkəriyyə qızı Avi idi.  3Xizqiya babası Davudun etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.  4 O, səcdəgahları aradan qaldırdı, sütunları parça-parça etdi və Aşera bütünü kəsdi. Musanın düzəltdiyi tunc ilanı əzib parçaladı, çünki İsraillilər onun adını Nexuştan qoyub o vaxta qədər ona buxur yandırırdılar.  5Xizqiya İsrailin Allahı Rəbbə güvəndi. Özündən əvvəl və sonra olan bütün Yəhuda padşahları arasında onun kimisi olmadı.  6O, Rəbdən yapışıb Onun yolundan dönmədi və Rəbbin Musaya verdiyi əmrlərinə əməl etdi.  7Rəbb də onunla idi və hara gedirdisə, uğur qazanırdı. Xizqiya Aşşur padşahına qulluq etməkdən boyun qaçırdı.  8Qəzzədə və onun sərhədləri boyu, keşikçi qülləsindən qalalı şəhərə qədər hər yerdə yaşayan Filiştliləri qırdı.  9Xizqiyanın padşahlığının dördüncü ilində, yəni İsrail padşahı Ela oğlu Huşənin padşahlığının yeddinci ilində Aşşur padşahı Şalmaneser Samariya üzərinə hücum edib oranı mühasirəyə aldı.  10Üç ildən sonra şəhəri aldılar. Xizqiyanın padşahlığının altıncı ilində, yəni İsrail padşahı Huşənin padşahlığının doqquzuncu ilində Samariya alındı.  11Aşşur padşahı İsrailliləri Aşşur torpağına sürgün etdi və onları Xalahda, Qozan çayı sahilindəki Xavorda və Midiya şəhərlərində yerləşdirdi.  12Bu iş ona görə onların başına gəldi ki, özlərinin Allahı Rəbbin sözünə qulaq asmamışdılar və Onun əhdini, Rəbbin qulu Musanın əmr etdiyi hər şeyi pozmuşdular. Onlar buna nə qulaq asmış, nə də əməl etmişdilər.

Aşşurluların Yəhudaya hücum etməsi

(2Saln. 32:1-19; Yeş. 36:1-22)

13Xizqiyanın padşahlığının on dördüncü ilində Aşşur padşahı Sanxeriv Yəhudanın bütün qalalı şəhərlərinə hücum edib onları aldı.  14Yəhuda padşahı Xizqiya Lakişə, Aşşur padşahına xəbər göndərib dedi: «Təqsirkaram, üzərimdən geri çəkil, məndən nə qədər xərac tələb etsən, verərəm». Aşşur padşahı Yəhuda padşahı Xizqiyadan xərac olaraq otuz talant qızıl və üç yüz talant gümüş tələb etdi.  15Xizqiya Rəbbin məbədində və sarayın xəzinələrində tapılan gümüşün hamısını verdi.  16O vaxt Yəhuda padşahı Xizqiya Rəbbin məbədinin qapılarının və sütunlarının üstünə özünün örtdüyü qızılı çıxartdı və onu Aşşur padşahına verdi.

Aşşur padşahının Yerusəlimi hədələməsi

17Aşşur padşahı öz ordu başçısını, baş məmuru və baş vəzirini böyük qoşunla Lakişdən Yerusəlimə, padşah Xizqiyanın yanına göndərdi. Onlar çıxıb Yerusəlimə gəldilər və Mahudbasan tarlası yoluna, yuxarı hovuzun su kəmərinin yanına qalxıb orada dayandılar.  18Onlar padşahı çağırdılar. Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah onların qabağına çıxdı.  19Baş vəzir onlara dedi: «İndi Xizqiyaya söyləyin ki, böyük padşah – Aşşur padşahı belə deyir: “Nəyə güvənirsən?  20Sən yalnız boş sözlər deyirsən, müharibə üçün tədbir və güc lazımdır. İndi sən kimə güvənirsən ki, mənə qarşı çıxırsan?  21 Yəqin sən əzilmiş qamış çubuğuna – Misirə güvənirsən. Bil ki, kim ona söykənsə, əlinə batıb deşər. Misir padşahı firon ona güvənənlərin hamısı üçün belədir.  22Bəlkə mənə ‹biz Allahımız Rəbbə güvənirik› söyləyəsiniz. Məgər bu həmin Allah deyildi ki, Xizqiya Onun səcdəgahlarını və qurbangahlarını aradan qaldırdı? O, Yəhudalılara və Yerusəlimlilərə də ‹yalnız Yerusəlimdəki bu qurbangahın önündə səcdə edin› demədimi?  23İndi ağam Aşşur padşahı ilə mərcə gəl: əgər sən iki min süvari tapa bilsən, mən sənə o qədər at verərəm.  24Görək sən ağamın kiçik qulu olan bir başçını necə məğlub edəcəksən. Sən hələ döyüş arabaları və süvarilər almaq üçün Misirə güvənirsən!  25Məgər indi mən bu yeri viran etməyə Rəbbin istəyi ilə gəlmədimmi? Rəbb mənə ‹bu ölkəyə hücum edib onu viran et› dedi”».  26Xilqiya oğlu Elyaqim, Şevna və Yoah baş vəzirə dedi: «Xahiş edirik, bu qullarınla Arami dilində danış, biz bu dili başa düşürük, amma divar üzərindəki xalqın eşitdiyi yerdə bizimlə Yəhudi dilində danışma».  27Baş vəzir onlara dedi: «Məgər ağam məni göndərib ki, bu sözləri təkcə sənin ağana və sənə söyləyim, yoxsa divar üzərində oturan bu adamlara? Axı onlar da sizinlə birgə nəcislərini yeyib sidiklərini içəcəklər».  28Onda baş vəzir durub Yəhudi dilində uca səslə bağıraraq dedi: «Böyük padşahın – Aşşur padşahının sözünü eşidin!  29Padşah belə deyir: “Xizqiya sizi aldatmasın, sizi mənim əlimdən qurtara bilməyəcək.  30Qoy Xizqiya sizə ‹Rəbb bizi hökmən qurtaracaq və bu şəhər Aşşur padşahına təslim edilməyəcək› deyib Rəbbə arxayın etməsin”.  31Ona qulaq asmayın! Çünki Aşşur padşahı belə deyir: “Mənimlə sülh bağlayın və yanıma gəlin. Mən gələnə qədər hər kəs öz üzüm meynəsinin və əncir ağacının bəhrəsindən yeyib öz quyusunun suyundan içəcək.  32Sonra mən gəlib sizi ölkənizə bənzər bir ölkəyə – buğda, şərab, çörək, üzüm bağları, zeytun yağı və bal olan bir torpağa aparacağam. Beləcə ölməyib sağ qalarsınız. ‹Rəbb bizi qurtaracaq› deyib sizi azdıran Xizqiyaya qulaq asmayın.  33Millətlərin allahlarından biri öz ölkəsini Aşşur padşahının əlindən qurtardımı?  34Hanı Xamatın və Arpadın allahları? Hanı Sefarvayimin, Henanın və Avvanın allahları? Onlar Samariyanı mənim əlimdən qurtardılarmı?  35Bütün bu allahlardan hansı öz ölkəsini mənim əlimdən qurtardı? Bəs Rəbb necə Yerusəlimi mənim əlimdən qurtara bilər?”»  36Xalq susdu və onun cavabında heç nə demədi. Çünki padşah «ona cavab verməyin» deyə əmr etmişdi.  37Saray rəisi Xilqiya oğlu Elyaqim, mirzə Şevna və salnaməçi Asəf oğlu Yoah cırılmış paltarlarda Xizqiyanın yanına gəlib baş vəzirin sözlərini ona çatdırdılar.

YUXARI

2 Padşahlar 19

Padşah Xizqiyanın Yeşayadan məsləhət alması

(Yeş. 37:1-7)

1Padşah Xizqiya bunu eşidəndə paltarını cırdı və çula bürünüb Rəbbin məbədinə girdi.  2O, saray rəisi Elyaqimi, mirzə Şevnanı və kahinlərin ağsaqqallarını çula bürünmüş halda peyğəmbər Amots oğlu Yeşayanın yanına göndərdi.  3Onlar Yeşayaya dedilər: «Xizqiya belə deyir: “Bu gün bəla, təhqir və rüsvayçılıq günüdür, çünki uşaqların doğulması vaxtı çatıb, ancaq doğmağa güc yoxdur.  4Bəlkə ağası Aşşur padşahının var olan Allahı təhqir etməyə göndərdiyi baş vəzirin bütün sözlərini Allahın Rəbb eşidib buna görə məzəmmət edər. Ona görə də qalanlar üçün dua et”».  5Padşah Xizqiyanın adamları Yeşayanın yanına gələndə  6Yeşaya onlara dedi: «Ağanıza söyləyin ki, Rəbb belə deyir: “Aşşur padşahının nökərlərinin Mənə qarşı küfr edərək söylədiyi və sənin eşitdiyin sözlərdən qorxma.  7Mən onun daxilinə elə bir ruh göndərəcəyəm ki, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq və orada onu qılıncla öldürtdürəcəyəm”».

Aşşur padşahının məktubu

(Yeş. 37:8-20)

8Baş vəzir geri qayıdıb Aşşur padşahının Livna üzərinə hücum etdiyini gördü. Çünki Lakişdən geri çəkildiyini eşitmişdi.  9Aşşur padşahına «Kuş padşahı Tirhaqa sənin üstünə vuruşmağa gəlir» xəbəri çatdı. O, Xizqiyanın yanına yenidən qasidlər göndərib dedi:  10«Yəhuda padşahı Xizqiyaya belə söyləyin: “Qoy güvəndiyin Allahın ‹Yerusəlim Aşşur padşahına təslim edilməyəcək› deyə səni aldatmasın.  11Axı sən eşitdin ki, Aşşur padşahları bütün ölkələrə nə ediblər, oraları necə viran ediblər. Sən qurtula biləcəksənmi?  12Atalarımın məhv etdikləri millətlərin – Qozanın, Xaranın, Resefin və Telassarda olan Edenlilərin allahları onları qurtardımı?  13Hanı Xamat padşahı, Arpad padşahı, Sefarvayim şəhərinin, Henanın və Avvanın padşahı?”»  14Xizqiya məktubu qasidlərdən alıb oxudu. O, Rəbbin məbədinə qalxıb məktubu Rəbbin önündə yerə sərdi.  15 Xizqiya Rəbbin önündə dua edib dedi: «Ey keruvlar üstündə əyləşən İsrailin Allahı Rəbb! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan.  16Ya Rəbb, qulağın eşitsin, gözün görsün, Sanxerivin var olan Allaha qarşı küfr edərək göndərdiyi sözlərə qulaq as.  17Ya Rəbb, doğrudur, Aşşur padşahları millətləri və onların torpaqlarını talan etdilər,  18allahlarını oda atıb məhv etdilər. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdilər.  19Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qurtar və bütün dünya padşahlıqları bilsinlər ki, ya Rəbb, Sən, yalnız Sən Allahsan!»

Aşşurluların məğlubiyyəti barədə Yeşayanın peyğəmbərlik etməsi

(Yeş. 37:21-38)

20Amots oğlu Yeşaya Xizqiyaya xəbər göndərib dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Aşşur padşahı Sanxeriv barədə Mənə etdiyin duanı eşitdim”.  21Onun haqqında Rəbbin söylədiyi söz budur: “Bakirə Sion qızı

Sənə xor baxıb lağ edir,

Yerusəlim qızı

Sənin arxanca başını bulayır.

22Kimi söyüb küfr etdin?

Kimə qarşı səsini qaldırdın?

Kimə lovğalıqla baxdın?

İsrailin Müqəddəsinə!

23Qasidlərinin vasitəsilə

Rəbbi təhqir edib dedin:

‹Çoxlu döyüş arabalarımla

Dağların zirvəsinə,

Livanın ən uca yerlərinə çıxdım.

Uca sidr ağaclarını,

Gözəl sərv ağaclarını kəsdim,

Ən son məskəninə,

Yaşıl meşələrinə girdim.

24Quyu qazdım və özgə sularını içdim,

Misirin bütün çaylarını ayağımla qurutdum›.

25Məgər eşitməmisən ki,

Mən çoxdan bu işi hazırladım,

Qədimdən bəri müəyyən etdiyimi

İndi yerinə yetirirəm ki,

Sən qalalı şəhərləri dağıdıb

Viranəliyə çevirəsən.

26Bu şəhərlərin sakinləri zəiflədi,

Çaşqınlığa və xəcalətə düşdülər.

Yetişməmişdən əvvəl yandırılan

Çöl otu, göyərti və damda bitən ot kimi oldular.

27Sənin oturuşunu,

Girişini-çıxışını,

Mənə qarşı hiddətini bilirəm.

28Mənə qarşı hiddətləndiyinə görə,

Lovğalığın qulağıma çatdığına görə

Halqamı burnuna və yüyənimi ağzına taxacağam,

Səni gəldiyin yolla geri qaytaracağam.

29Ancaq sənin üçün əlamət budur, ey Xizqiya!

Bu il və gələn il özü yetişən barını,

Üçüncü il isə taxıl zəmilərini,

Üzüm bağları salıb onların bəhrəsini yeyin.

30Yəhuda nəslindən xilas olub qalanlar

Yenə aşağıya doğru kök atacaqlar,

Yuxarıya doğru bəhrə verəcəklər.

31Çünki qalanlar Yerusəlimdən,

Xilas olanlar Sion dağından çıxacaqlar.

Rəbbin qeyrəti bunu edəcək”.

32Buna görə Aşşur padşahı barədə Rəbb belə deyir:

“O bu şəhərə girməyəcək,

Oraya ox atmayacaq,

Qarşısına qalxanla çıxmayacaq,

Qala önündə torpaq qalağı qurmayacaq.

33Ancaq gəldiyi yolla geri qayıdacaq,

Bu şəhərə girməyəcək”

Rəbb belə bəyan edir.

34“Mən bu şəhəri Özüm üçün,

Qulum Davudun xatirinə qoruyub xilas edəcəyəm”».

35O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb.  36Aşşur padşahı Sanxeriv geri çəkilib getdi və Ninevada qaldı.  37O öz allahı Nisrokun məbədində səcdə edərkən oğulları Adrammelek və Şareser onu qılıncla öldürdülər və Urartu ölkəsinə qaçdılar. Sanxerivin yerinə oğlu Esar-Xaddon padşah oldu.

YUXARI

2 Padşahlar 20

Xizqiyanın xəstələnməsi

(2Saln. 32:24-26; Yeş. 38:1-8,21-22)

1O günlərdə Xizqiya ölümcül xəstələndi. Peyğəmbər Amots oğlu Yeşaya onun yanına gəlib dedi: «Rəbb belə deyir: “Evin üçün vəsiyyət et, çünki xəstəlikdən sağalmayıb öləcəksən”».  2Xizqiya üzünü divara çevirdi və Rəbbə dua edib dedi:  3«Yalvarıram, ya Rəbb, yadına sal ki, necə Sənin önündə salehliklə və sidq ürəklə davranmışam, necə Sənin gözündə yaxşı olan işlər etmişəm». Xizqiya acı-acı ağladı.  4Yeşaya hələ orta həyətdən çıxmamış ona Rəbbin bu sözü nazil oldu:  5«Qayıt, Mənim xalqımın hökmdarı Xizqiyaya söylə ki, baban Davudun Allahı Rəbb belə deyir: “Sənin duanı eşitdim, göz yaşlarını gördüm. İndi Mən səni sağaldıram və üçüncü gün Rəbbin məbədinə qalxacaqsan.  6Sənin ömrünü on beş il artırıram. Səni və bu şəhəri Aşşur padşahının əlindən qurtaracağam, onu Özüm üçün və qulum Davudun xatirinə qoruyacağam”».  7Sonra Yeşaya «əncir kündəsi götürün» dedi. Bunu götürüb çibanın üstünə qoydular və padşah sağaldı.  8Xizqiya Yeşayaya demişdi: «Rəbbin məni sağaldacağına və üçüncü gün Rəbbin məbədinə qalxacağıma əlamət nədir?»  9Yeşaya dedi: «Söylədiyi sözə əməl edəcəyinə Rəbbin verdiyi əlamət budur: sənin istəyinə görə kölgə ya on dərəcə qabağa gedəcək ya da on dərəcə geri çəkiləcək».  10Xizqiya dedi: «Kölgə üçün on dərəcə qabağa getmək asandır. Qoy on dərəcə geri çəkilsin».  11Peyğəmbər Yeşaya Rəbbi çağırdı, Rəbb də Axazın tikdiyi günəş saatının üstünə düşən kölgəni on dərəcə geri çəkdi.

Xizqiyanın ağılsızlığı

(Yeş. 39:1-8)

12O zaman Babil padşahı Baladan oğlu Merodak-Baladan Xizqiyaya məktublar və hədiyyələr göndərdi, çünki Xizqiyanın xəstələndiyini eşitmişdi.  13Bunlar Xizqiyanı sevindirdi. O, xəzinəsində olan bütün şeyləri – qızıl-gümüşü, ətriyyatı, qiymətli yağları, silah anbarını elçilərə göstərdi. Xizqiyanın sarayında və bütün ölkəsində onlara göstərmədiyi bir şey qalmadı.  14Onda Yeşaya peyğəmbər padşah Xizqiyanın yanına gəlib ona dedi: «Bu adamlar nə dedilər? Sənin yanına haradan gəldilər?» Xizqiya dedi: «Uzaq bir ölkədən – Babildən gəldilər».  15Yeşaya dedi: «Sənin sarayında nə gördülər?» Xizqiya dedi: «Sarayımda olan bütün şeyləri gördülər. Xəzinəmdə onlara göstərmədiyim bir şey qalmadı».  16Yeşaya Xizqiyaya dedi: «Rəbbin sözünü dinlə:  17 “Bir gün gələcək ki, sənin sarayında olan hər şey və atalarının bu günə qədər yığdıqları şeylər Babilə aparılacaq, heç nə qalmayacaq” deyir Rəbb.  18 “Sənin nəslindən olan və səndən törəyən bəzi oğullarını götürüb aparacaqlar və onlar Babil padşahının sarayında hərəmağası olacaq”».  19Xizqiya Yeşayaya dedi: «Söylədiyin Rəbbin sözü yaxşı sözdür». Sonra dedi: «Heç olmasa mənim dövrümdə sülh və əmin-amanlıq olacaq. Bu, yaxşı deyilmi?»  20Xizqiyanın qalan işləri, onun bütün hünəri, hovuz və su kəməri düzəldib suyu necə şəhərə gətirməsi barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  21Xizqiya ataları ilə uyudu və yerinə oğlu Menaşşe padşah oldu.

YUXARI

2 Padşahlar 21

Yəhuda padşahı Menaşşe

(2Saln. 33:1-20)

1Menaşşe padşah olduğu vaxt on iki yaşında idi və Yerusəlimdə əlli beş il padşahlıq etdi. Anasının adı Xefsivah idi.  2 O, İsrail övladlarının önündən Rəbbin qovduğu millətlərin etdikləri iyrənc işlər kimi Rəbbin gözündə pis olan işlər etdi.  3Atası Xizqiyanın dağıtdığı səcdəgahları yenidən tikdi. İsrail padşahı Axav kimi Baal bütü üçün qurbangahlar qurdu və Aşera bütü düzəltdi, bütün səma cisimlərinə səcdə və qulluq etdi.  4 Rəbbin «adımı Yerusəlimdə qoyacağam» dediyi məbədində Menaşşe qurbangahlar tikməyə başladı.  5Rəbbin məbədinin hər iki həyətində bütün səma cisimlərinə qurbangahlar düzəltdi.  6O, oğlunu oda qurban verdi, gələcəyi dedi, baxıcılıq edib cindarlara və ruhçağıranlara müraciət etdi. Beləliklə, Rəbbin gözündə çoxlu pis işlər görərək Onu qəzəbləndirdi.  7 Düzəltdiyi oyma Aşera bütünü məbədə qoydu. Rəbb Davuda və oğlu Süleymana demişdi: «Bu məbəddə və bütün İsrail qəbilələrindən seçdiyim Yerusəlimdə Öz adımı əbədi qoyacağam.  8Əgər Mənim onlara buyurduqlarıma və qulum Musanın onlara əmr etdiyi bütün Qanuna əməl etsələr, İsrailliləri atalarına verdiyim torpaqdan didərgin düşməyə qoymayacağam».  9Ancaq onlar bu sözlərə qulaq asmadılar. İsrail övladlarının önündə Rəbbin məhv etdiyi millətlərdən də çox pis işlər etmək üçün Menaşşe onları yoldan çıxartdı.  10Rəbb Öz qulları peyğəmbərlər vasitəsilə dedi:  11«Yəhuda padşahı Menaşşe bu iyrənc işləri etməklə özündən əvvəlki Emorluların etdiklərindən də çox pislik etdi və bütləri ilə Yəhudalılara da günah etdirdi.  12Buna görə də İsrailin Allahı Rəbb belə deyir: “Mən Yerusəlimin və Yəhudanın üzərinə elə bir bəla gətirəcəyəm ki, bunu eşidən hər kəsin qulaqları cingildəyəcək.  13Samariyanı ölçdüyüm ipi və Axav nəslinin üstünə çəkdiyim şaqulu Yerusəlimin üzərinə də çəkəcəyəm. Bir nəfər boşqabı necə silib üzüstə çevirirsə, Mən də Yerusəlimi elə siləcəyəm.  14İrsimin qalanlarından üz döndərəcəyəm, onları düşmənlərinə təslim edəcəyəm və düşmənləri onları soyub talan edəcək.  15Çünki gözümdə pis olan işlər edirdilər və ataları Misirdən çıxdıqları gündən bu günə qədər Məni qəzəbləndirirdilər”».  16Menaşşe Rəbbin gözündə pis olan işlər edərək Yəhudalılara etdirdiyi günahdan başqa çoxlu günahsız qan töküb Yerusəlimi başdan-başa qana buladı.  17Menaşşenin qalan işləri, etdiyi hər şey və elədiyi günah barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  18Menaşşe ataları ilə uyudu və öz sarayının bağçasında – Uzza bağçasında basdırıldı. Onun yerinə oğlu Amon padşah oldu.

Yəhuda padşahı Amon

(2Saln. 33:21-25)

19Amon padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə iki il padşahlıq etdi. Anası Yotvalı Xarusun qızı olub adı Meşullemet idi.  20O, atası Menaşşenin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.  21Atasının yolu ilə gedib onun qulluq etdiyi bütlərə səcdə və qulluq etdi.  22Atalarının Allahı Rəbbi tərk etdi və Rəbbin yolu ilə getmədi.  23Amonun əyanları ona qəsd hazırladılar və padşahı sarayında öldürdülər.  24Ölkə xalqı padşah Amona qəsd hazırlayanların hamısını qırdı və onun yerinə oğlu Yoşiyanı padşah etdi.  25Amonun qalan işləri barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  26O, Uzza bağçasında, öz qəbrində basdırıldı. Onun yerinə oğlu Yoşiya padşah oldu.

YUXARI

2 Padşahlar 22

Yəhuda padşahı Yoşiya

(2Saln. 34:1-2)

1Yoşiya padşah olduğu vaxt səkkiz yaşında idi və Yerusəlimdə otuz bir il padşahlıq etdi. Anası Bosqatlı Adayanın qızı olub adı Yedida idi.  2O, Rəbbin gözündə doğru olan işlər etdi, hər işdə babası Davudun yolu ilə gedərək ondan kənara çıxmadı.

Məbəddə Qanun kitabının tapılması

(2Saln. 34:8-28)

3Yoşiyanın padşahlığının on səkkizinci ilində padşah mirzə Meşullam oğlu Asalya oğlu Şafanı Rəbbin məbədinə göndərib dedi:  4«Baş kahin Xilqiyanın yanına get. Qoy o, astanada keşik çəkənlərin xalqdan yığdıqları Rəbbin məbədinə gətirilən pulu tərəzidə çəksin.  5Onu Rəbbin məbədinin işinə nəzarət edənlərə versinlər. Onlar da pulu məbədin uçuq yerlərini təmir etmək üçün Rəbbin məbədində olan işçilərə –  6dülgərlərə, ustalara, bənnalara, məbədi təmir etmək üçün taxta və yonulmuş daş alanlara versinlər.  7Ancaq əllərinə verilən pulun hesabı onlarla aparılmasın, çünki sədaqətlə çalışırlar».  8Baş kahin Xilqiya mirzə Şafana dedi: «Rəbbin məbədində Qanun kitabını tapdım». Xilqiya kitabı Şafana verdi və Şafan onu oxudu.  9Mirzə Şafan padşahın yanına gəldi və ona xəbər gətirib dedi: «Qulların məbəddə tapılan pulu boşaltdılar və onu Rəbbin məbədinin işinə nəzarət edənlərə verdilər».  10Mirzə Şafan padşaha bildirib dedi: «Kahin Xilqiya mənə bir kitab verdi». Şafan onu padşahın önündə oxudu.  11Padşah Qanun kitabının sözlərini eşidəndə paltarını cırdı.  12Padşah kahin Xilqiyaya, Şafan oğlu Axiqama, Mikeya oğlu Akbora, mirzə Şafana və padşahın xidmətçisi Asayaya əmr edib dedi:  13«Gedin, tapılmış bu kitabın sözlərinə görə mənim üçün, xalq və bütün Yəhuda üçün Rəbdən soruşun, çünki Rəbbin bizə qarşı alovlanmış qəzəbi böyükdür. Ona görə ki atalarımız bu kitabın sözlərinə qulaq asmamışdı və orada bizim üçün yazılmış bu şeylərə əməl etməmişdi».  14Kahin Xilqiya, Axiqam, Akbor, Şafan və Asaya qadın peyğəmbər Xuldanın yanına getdilər. O, paltarlara baxan Harhas oğlu Tiqva oğlu Şallumun arvadı idi və Yerusəlimdə ikinci məhəllədə yaşayırdı. Onunla söhbət etdilər.  15Qadın onlara dedi: «İsrailin Allahı Rəbb deyir: sizi Mənim yanıma göndərən adama söyləyin ki,  16Rəbb belə deyir: “Mən Yəhuda padşahının oxuduğu kitabdakı bütün sözlərə görə bu yerə və burada yaşayanların üzərinə bəla gətirəcəyəm.  17Onlar Məni tərk etdilər və başqa allahlara buxur yandıraraq bütün əməlləri ilə Məni qəzəbləndirdilər. Buna görə də bu yerə qarşı qəzəbim alovlanacaq və sönməyəcək”.  18Ancaq Rəbdən soruşmaq üçün sizi göndərən Yəhuda padşahına söyləyin ki, İsrailin Allahı Rəbb belə deyir: “Sözlərimi dinlədin.  19Mənim bu yer və orada yaşayanlar barədə ‹viranəlik və lənət olsun› deyə söylədiyim sözü eşidəndə ürəyin yumşaldı və Rəbbin önündə özünü aşağı tutdun, paltarını cırıb önümdə ağladın. Buna görə də Mən səni eşitdim” belə deyir Rəbb.  20“Bundan ötrü Mən səni atalarına qoşacağam, rahatlıqla öz qəbrinə qoyulacaqsan və bu yerin üzərinə gətirəcəyim bütün bəlanı gözlərin görməyəcək”». Onlar bu xəbəri padşaha çatdırdılar.

YUXARI

2 Padşahlar 23

Padşah və xalqın Rəbb ilə əhd bağlaması

(2Saln. 34:3-7,29-30)

1Padşah Yəhuda və Yerusəlimin bütün ağsaqqallarını çağırtdırıb öz yanına topladı.  2Padşah, onunla birgə bütün Yəhuda adamları, Yerusəlimdə yaşayanların hamısı, kahinlər, peyğəmbərlər və böyükdən kiçiyə qədər bütün xalq Rəbbin məbədinə qalxdı. O, Rəbbin məbədində tapılmış Əhd kitabının bütün sözlərini onlara eşitdirərək oxudu.  3Padşah sütunun yanında dayandı. O, Rəbbin önündə əhd bağladı ki, Rəbbin ardınca gedib Onun əmrlərinə, göstərişlərinə, qaydalarına bütün qəlbi, bütün varlığı ilə əməl etsin və bu kitabda yazılmış əhdin sözlərini yerinə yetirsin. Bütün xalq da onunla birgə əhd bağladı.

Yoşiyanın bütpərəstliyi aradan qaldırması

4 Padşah baş kahin Xilqiyaya, müavin kahinlərə və astanada keşik çəkənlərə əmr etdi ki, Baal, Aşera və bütün səma cisimləri üçün düzəldilmiş şeylərin hamısını Rəbbin məbədindən çıxarsınlar. Onları Yerusəlimin kənarında olan Qidron vadisindəki tarlalarda yandırdı və küllərini Bet-Elə apardı.  5O, Yəhuda şəhərlərində və Yerusəlimin ətrafında olan səcdəgahlarda buxur yandırmaq üçün Yəhuda padşahlarının qoyduqları kahinləri və Baala, günəşə, aya, bürclərə, bütün səma cisimlərinə buxur yandıranları işdən kənar etdi.  6Aşera bütünü Rəbbin məbədindən Yerusəlimin kənarına, Qidron vadisinə çıxartdı. Onu Qidron vadisində yandırdı, əzib toz etdi və tozunu adi adamların qəbirləri üstünə səpələyib murdarladı.  7Rəbbin məbədində məbəd fahişəliyi ilə məşğul olan kişilərin evlərini dağıtdı. Qadınlar orada Aşera üçün çadırlar toxuyurdular.  8Yoşiya Yəhuda şəhərlərindən bütün kahinləri gətirtdi, Gevadan Beer-Şevaya qədər bu kahinlərin buxur yandırdıqları səcdəgahları murdar etdi. Şəhər rəisi Yeşuanın darvazasının girəcək yerində, sol tərəfdə olan şəhər darvazasındakı səcdəgahları dağıtdı.  9Lakin səcdəgahların kahinləri Yerusəlimdə Rəbbin qurbangahına qalxmırdılar, amma qardaşları ilə birlikdə mayasız çörək yeyirdilər.  10 Yoşiya Ben-Hinnom dərəsində olan Tofeti murdar etdi ki, heç kəs oğlunu ya qızını Molek üçün oda qurban verməsin.  11O, Rəbbin məbədinə, saray xidmətçisi Natan-Melekin həyətdə olan otağına Yəhuda padşahlarının günəşə həsr etdikləri atların gətirilməsinə son qoydu və günəş arabalarını odda yandırdı.  12 Axazın yuxarı otağının damında Yəhuda padşahlarının düzəltdiyi qurbangahları və Rəbbin məbədinin iki həyətində Menaşşenin düzəltdiyi qurbangahları da padşah dağıtdı. Onları orada qırıb əzdi və tozlarını Qidron vadisinə səpələdi.  13 Yerusəlimin şərq tərəfində, Həlak dağının cənub tərəfində Sidonluların iyrənc bütü Aştoret, Moavlıların iyrənc bütü Kemoş və Ammonluların iyrənc bütü Milkom üçün İsrail padşahı Süleymanın düzəltdiyi səcdəgahları padşah murdar etdi.  14O, sütunları parça-parça etdi, Aşera bütlərini kəsdi və onların yerlərini insan sümükləri ilə doldurdu.  15 Həmçinin Bet-Eldə olan qurbangahı və İsrailə günah etdirmiş Nevat oğlu Yarovamın düzəltdiyi səcdəgahı dağıtdı. O, səcdəgahı yandırdı və əzib toz etdi, Aşera bütünü də yandırdı.  16 Yoşiya dönüb qarşısındakı dağda olan qəbirləri gördü və sümükləri qəbirlərdən götürtdü. Bu işləri qabaqcadan söyləyən Allah adamının dediyi Rəbbin sözünə görə onları qurbangah üzərində yandırıb onu murdar etdi.  17 Yoşiya dedi: «Orada gördüyüm abidə nədir?» Şəhərin adamları ona dedilər: «Yəhudadan gələn Allah adamının qəbridir. O, Bet-El qurbangahına qarşı sənin etdiyin bu işləri qabaqcadan söyləmişdi».  18O dedi: «Ona toxunmayın, heç kəs onun sümüklərini narahat etməsin». Onun və Samariyadan gələn peyğəmbərin sümüklərinə toxunmadılar.  19Yoşiya Samariya şəhərlərində olan bütün səcdəgahlardakı məbədləri aradan qaldırdı. İsrail padşahları bu məbədləri tikib Rəbbi qəzəbləndirmişdilər. O, Bet-Eldə etdiyi bütün işləri bu yerlərdə də etdi.  20Yoşiya qurbangahların üstündə həmin səcdəgahlardakı bütün kahinləri qurban gətirdi və insan sümükləri yandırdı. Sonra Yerusəlimə qayıtdı.

Yoşiyanın Pasxa bayramını keçirməsi

(2Saln. 35:1-19)

21Padşah bütün xalqa əmr edib dedi: «Bu Əhd kitabında yazıldığına görə Allahınız Rəbb üçün Pasxa bayramını keçirin».  22İsrailə hökm edən hakimlərin dövründən bəri, İsrail və Yəhuda padşahlarının bütün dövrü boyu Pasxa bayramı belə keçirilməmişdi.  23Ancaq Yoşiyanın padşahlığının on səkkizinci ilində bu Pasxa Rəbb üçün Yerusəlimdə keçirildi.  24Bundan başqa, Yoşiya Rəbbin məbədində kahin Xilqiyanın tapdığı kitabda yazılan Qanunun sözlərinə əməl edərək cindarları və ruhçağıranları, ev bütlərini və başqa bütləri – Yəhuda ölkəsində və Yerusəlimdə gözünə dəyən bütün mənfur şeyləri məhv etdi.  25Musanın bütün Qanununa görə bütün qəlbi, bütün varlığı, bütün gücü ilə onun kimi Rəbbə üz tutan bir padşah nə ondan əvvəl, nə də ondan sonra oldu.  26Ancaq Menaşşenin Rəbbi qəzəbləndirmək üçün etdiyi bütün əməllərindən ötrü Rəbb Yəhudalılara qarşı alovlanan böyük qəzəbindən dönmədi.  27Rəbb dedi: «İsrailliləri gözümün önündən rədd etdiyim kimi Yəhudalıları da rədd edəcəyəm, seçdiyim şəhər Yerusəlimdən və “adım orada olacaq” dediyim məbəddən üz döndərəcəyəm».

Yoşiyanın ölümü

(2Saln. 35:20-36:1)

28Yoşiyanın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  29 Onun dövründə Misir padşahı firon Neko Fərat çayına tərəf Aşşur padşahının üstünə hücum etmək istədi. Padşah Yoşiya onunla qarşılaşmağa çıxdı. Firon Neko Yoşiya ilə Megiddoda qarşılaşıb onu öldürdü.  30Adamları onun cəsədini Megiddodan götürüb araba ilə Yerusəlimə gətirdilər və öz qəbrində basdırdılar. Ölkə xalqı Yoşiyanın oğlu Yehoaxazı götürüb məsh etdi və onu atasının yerinə padşah etdi.

Yəhuda padşahı Yehoaxaz

(2Saln. 36:2-4)

31Yehoaxaz padşah olduğu vaxt iyirmi üç yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi.  32O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.  33Firon Neko Xamat torpağındakı Rivlada onu əsir aldı ki, Yerusəlimdə padşahlıq edə bilməsin. O, ölkə üzərinə bir talant qızıl və yüz talant gümüş miqdarında xərac qoydu.  34 Firon Neko Yoşiyanın oğlu Elyaqimi atası Yoşiyanın yerinə padşah etdi və onun adını dəyişdirib Yehoyaqim qoydu. Yehoaxazı isə götürüb apardı. Yehoaxaz Misirə gəlib orada öldü.  35Yehoyaqim firona qızıl-gümüş verdi və fironun istədiyi qədər gümüş vermək üçün ölkə üzərinə vergi qoydu. O, firon Nekoya vermək üçün ölkə xalqından hər kəsə təyin olunmuş məbləğə görə qızıl-gümüş alırdı.

Yəhuda padşahı Yehoyaqim

(2Saln. 36:5-8)

36 Yehoyaqim padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Rumalı Pedayanın qızı olub adı Zevida idi.  37O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.

YUXARI

2 Padşahlar 24

1 Yehoyaqimin dövründə Babil padşahı Navuxodonosor onun üzərinə hücum etdi. Yehoyaqim üç il ona tabe oldu, amma sonra ona qulluq etməkdən boyun qaçırdı.  2Xaldeylilərin, Aramlıların, Moavlıların və Ammonluların qoşunlarını Rəbb ona qarşı göndərdi; Rəbbin Öz qulları peyğəmbərlər vasitəsilə söylədiyi sözünə görə Yəhudanı məhv etmək üçün onun üzərinə göndərdi.  3Həqiqətən, Rəbbin sözünə görə Yəhudanın başına bu iş gəldi ki, Menaşşenin etdiyi bütün günahlardan ötrü Rəbb onları hüzurundan rədd etsin.  4Çünki onun günahsız qan töküb Yerusəlimi qanla doldurmasını Rəbb bağışlamaq istəmədi.  5Yehoyaqimin qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  6Yehoyaqim ataları ilə uyudu və yerinə oğlu Yehoyakin padşah oldu.  7Misir padşahı bir daha öz ölkəsindən kənara çıxmadı, çünki Misir vadisindən Fərat çayına qədər Misir padşahının əvvəllər işğal etdiyi hər yeri Babil padşahı tutmuşdu.

Yəhuda padşahı Yehoyakin

(2Saln. 36:9-10)

8Yehoyakin padşah olduğu vaxt on səkkiz yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Yerusəlimli Elnatanın qızı olub adı Nexuşta idi.  9Yehoyakin atasının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.  10O zaman Babil padşahı Navuxodonosorun qoşunları Yerusəlimə yaxınlaşdı. Şəhər mühasirəyə alındı.  11Qoşunlar şəhəri mühasirəyə alanda Babil padşahı Navuxodonosor onun ətrafına gəldi.  12 Yəhuda padşahı Yehoyakin anası, əyanları, rəisləri və saray xidmətçiləri ilə birlikdə Babil padşahına təslim oldu. Padşahlığının səkkizinci ilində Babil padşahı onu əsir aldı.  13Rəbbin söylədiyi kimi Rəbbin məbədinin və sarayın xəzinələrini oradan çıxartdı. İsrail padşahı Süleymanın Rəbbin məbədi üçün düzəltdiyi bütün qızıl şeyləri parça-parça etdi.  14O bütün Yerusəlimliləri, bütün rəisləri, igid adamların hamısını – cəmi on min nəfəri və bütün ustalarla sənətkarları sürgün etdi. Ölkədə yoxsul xalqdan başqa heç kəs qalmadı.  15 Yehoyakini də Babilə sürgün etdi. Padşahın anasını, arvadlarını, saray xidmətçilərini və ölkənin adlı-sanlı adamlarını Yerusəlimdən sürgün edib Babilə apardı.  16Babil padşahı sayı yeddi min nəfər olan bütün döyüşçüləri, min nəfər ustanı və sənətkarı – müharibədə iş görən bütün bacarıqlı adamları əsir edib Babilə gətirdi.  17 Babil padşahı Yehoyakinin yerinə əmisi Mattanyanı padşah etdi və onun adını dəyişib Sidqiya qoydu.

Yəhudanın son padşahı Sidqiya

(2Saln. 36:11-12; Yer. 52:1-3)

18 Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi.  19O, Yehoyaqimin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.  20 Həqiqətən, Rəbbin qəzəbinə görə Yerusəlimin və Yəhudanın başına bu iş gəldi və Rəbb onları hüzurundan kənar etdi.

Yerusəlimin süqutu

(2Saln. 36:13-21; Yer. 52:3-33)

Sidqiya Babil padşahına qarşı üsyan etdi.

YUXARI

2 Padşahlar 25

1 Onun padşahlığının doqquzuncu ilində, onuncu ayın onuncu günü Babil padşahı Navuxodonosor bütün ordusu ilə Yerusəlimin üzərinə hücum etdi, oraya qarşı ordugah qurdu və ətrafında mühasirə divarları düzəltdi.  2Padşah Sidqiyanın hakimiyyətinin on birinci ilinə qədər şəhər mühasirədə qaldı.  3Dördüncü ayın doqquzuncu günü şəhərdə aclıq elə gücləndi ki, ölkə xalqının yeməyə çörəyi qalmadı.  4 Həmin vaxt şəhərin divarlarında dəlik açıldı. Gecə ikən Xaldeylilər şəhərin ətrafında olanda padşah və bütün döyüşçülər padşah bağçasının yanında olan iki divar arasındakı darvazadan çıxıb Arava yolu ilə getdilər.  5Ancaq Xaldeylilərin qoşunu padşahı təqib etdi və Yerixo düzənliklərində ona çatdı. Padşahın ordusu onu tərk edib dağılmışdı.  6Padşahı tutub Rivlaya, Babil padşahının yanına apardılar və onun haqqında hökm verdilər.  7 Sidqiyanın oğullarını gözü qabağında öldürdülər, özünün isə gözlərini çıxartdılar və qandallayıb Babilə apardılar.  8Babil padşahı Navuxodonosorun padşahlığının on doqquzuncu ilində, beşinci ayın yeddinci günü Babil padşahının əyanı olan mühafizəçilər rəisi Nevuzaradan Yerusəlimə gəldi.  9O, Rəbbin məbədinə, padşah sarayına, Yerusəlimdəki bütün evlərə od vurub bütün əsas binaları yandırdı.  10Mühafizəçilər rəisi ilə birgə gələn bütün Xaldey ordusu Yerusəlimin ətrafındakı divarları uçurtdu.  11Mühafizəçilər rəisi Nevuzaradan şəhərdə qalan xalqı, Babil padşahının tərəfinə keçən fərariləri və başqa əhalini sürgün etdi.  12Ancaq o, bağçılıq və əkinçilik etmək üçün ölkədəki yoxsulların bir hissəsini orada saxladı.  13 Xaldeylilər Rəbbin məbədində olan tunc sütunları, dayaqları və tunc hovuzu parçalayıb tunclarını Babilə apardılar.  14 İbadət zamanı işlədilən qazanları, kürəkləri, maqqaşları, nimçələri və bütün tunc qabları götürüb apardılar.  15Mühafizəçilər rəisi xalis qızıldan və gümüşdən olan bütün şeyləri – buxurdanları və piyalələri götürdü.  16Rəbbin məbədi üçün Süleymanın düzəltdiyi iki sütunda, hovuzda və dayaqlarda olan bütün tuncun ağırlığı hesaba gəlməzdi.  17Bir sütunun hündürlüyü on səkkiz qulac idi və üzərində tunc başlıq var idi. Başlığın hündürlüyü üç qulac idi. Bu başlığın ətrafında hörmə tor və narlar var idi. Hər şey tuncdan düzəldilmişdi. O biri sütun da hörmə torla birgə bu cür idi.  18Mühafizəçilər rəisi başçı kahin Serayanı, başçı kahinin müavini Sefanyanı və astanada keşik çəkən üç nəfəri əsir aldı.  19Şəhərdə qalan döyüşçülərin sərkərdəsini, padşahın məsləhətçilərindən şəhərdə olan beş nəfəri, ölkə xalqını orduya yazan sərkərdənin mirzəsini və ölkə xalqından şəhərdə qalan altmış nəfəri əsir tutdu.  20Mühafizəçilər rəisi Nevuzaradan onları götürüb Rivlaya, Babil padşahının yanına apardı.  21Babil padşahı Xamat torpağında olan Rivlada onları öldürdü. Beləcə Yəhuda xalqı öz ölkəsindən sürgün olundu.

Yəhuda valisi Gedalya

(Yer. 40:7-9; 41:1-3)

22 Yəhuda ölkəsində Babil padşahı Navuxodonosorun toxunmadığı qalan xalqa gəlincə, padşah Şafan oğlu Axiqam oğlu Gedalyanı onların üzərində vali qoydu.  23Babil padşahının Gedalyanı vali qoyduğunu eşitdikdə bütün qoşun başçıları və onların adamları – Netanya oğlu İsmail, Qareah oğlu Yoxanan, Netofalı Tanxumet oğlu Seraya, bir Maakalının oğlu Yaazanya və onların döyüşçüləri Mispaya, Gedalyanın yanına gəldilər.  24Gedalya onların özlərinə və adamlarına and içib dedi: «Xaldeylilərdən qorxmayın. Ölkədə qalıb Babil padşahına qulluq edin. Belə etsəniz, sizin üçün yaxşı olar».  25 Yeddinci ayda padşah nəslindən olan Elişama oğlu Netanya oğlu İsmail on nəfərlə birgə gəlib Gedalyanı öldürdü. Onlar Mispada Gedalyanın yanında olan Yəhudalıları və Xaldeyliləri də öldürdülər.  26 Böyükdən kiçiyə qədər bütün xalq və qoşun başçıları qalxıb Misirə qaçdı, çünki Xaldeylilərdən qorxurdular.

Yehoyakinin azad edilməsi

(Yer. 52:31-34)

27Yəhuda padşahı Yehoyakinin sürgündə olmasının otuz yeddinci ilində Evil-Merodak Babil padşahı oldu. Həmin ilin on ikinci ayının iyirmi yeddinci günü Evil-Merodak Yəhuda padşahı Yehoyakinə mərhəmət göstərərək onu zindandan azad etdi.  28Onunla mehribanlıqla söhbət etdi və onun üçün özü ilə birgə Babildə olan padşahların taxtlarından yuxarı bir taxt qoydurdu.  29Yehoyakin həbsxana paltarlarını əynindən çıxartdı. O yaşadığı müddətdə padşahın süfrəsində yemək yeyərdi.  30Bütün ömrü boyu ona padşah tərəfindən gündəlik azuqə verilirdi.

YUXARI

1 Padşahlar

Fəsillər

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 2122

 

{attachments}

1 Padşahlar

Padşah Davudun son illəri

1Padşah Davud qocalıb yaşa dolmuşdu. Onun üstünü örtüklərlə nə qədər örtürdülərsə, o isinmirdi.  2Əyanları ona dedilər: «Ağamız padşah üçün gənc bir qız axtaraq. Qoy o, padşahın önündə durub qayğısına qalsın və qoynunda yatsın ki, ağamız padşah isinsin».  3Onlar İsrailin bütün ərazisində gözəl bir qız axtardılar və Şunemli Avişaqı tapıb padşahın yanına gətirdilər.  4Qız çox gözəl idi. O, padşaha baxıb xidmət etdi, amma padşah onunla yaxınlıq etmədi.

Adoniyanın padşahlıq iddiası


5 Davudun Haqqitdən olan oğlu Adoniya «mən padşah olacağam» deyə lovğalanırdı. O özü üçün döyüş arabaları, atlılar və önündə gedəcək əlli nəfər hazırlamışdı.  6Atası Davud heç vaxt ona «Niyə belə etdin?» deməmişdi. Adoniya görkəmcə çox yaraşıqlı idi. O, Avşalomdan sonra dünyaya gəlmişdi.  7Adoniya Seruya oğlu Yoav və kahin Evyatarla əlbir oldu və onlar Adoniyaya kömək etdilər.  8Amma kahin Sadoq, Yehoyada oğlu Benaya, peyğəmbər Natan, Şimey, Rei və Davudun igidləri Adoniyanın tərəfində deyildilər.  9Adoniya En-Rogel yaxınlığındakı Zoxelet qayasında qoyun-keçi, mal-qara və bəslənmiş heyvanlar qurban kəsdi. Bütün qardaşlarını – padşahın oğullarını və padşaha qulluq edən bütün Yəhudalıları çağırdı,  10amma peyğəmbər Natanı, Benayanı, igidləri və qardaşı Süleymanı çağırmadı.

Süleymanın padşah elan edilməsi

11 Onda Natan Süleymanın anası Bat-Şevaya dedi: «Məgər eşitməmisən ki, Haqqit oğlu Adoniya ağamız Davudun xəbəri olmadan padşahlıq edir?  12İndi qulaq as, özünün və oğlun Süleymanın canını necə qurtaracağın barədə sənə məsləhət verim:  13get, padşah Davudun yanına gir və ona söylə: “Ağam padşah! ‹Məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və taxtımda o oturacaq› deyib kənizinə and içmədinmi? Bəs onda nə üçün Adoniya padşahlıq edir?”  14Sən orada padşahla danışarkən mən səndən sonra girəcəyəm və sözlərini təsdiq edəcəyəm».  15Bat-Şeva otağa – padşahın yanına girdi. Padşah çox qoca idi və Şunemli Avişaq ona qulluq edirdi.  16Bat-Şeva padşahın önündə diz çöküb təzim etdi. Padşah «Nə istəyirsən?» dedi.  17Bat-Şeva ona dedi: «Mənim ağam! “Məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və taxtımda o oturacaq” deyib kənizinə Allahın Rəbbin haqqı üçün and içdin.  18Ağam padşah, indi isə Adoniya padşahlıq edir və sənin bundan xəbərin yoxdur.  19O, çoxlu mal-qara, bəslənmiş heyvan və qoyun-keçi qurban kəsdi. Padşahın bütün oğullarını, kahin Evyatarı və ordu başçısı Yoavı çağırdı, amma qulun Süleymanı çağırmadı.  20Ağam padşah, bütün İsrailin gözü səndədir; sən onlara bildirməlisən ki, ağam padşahdan sonra taxtında kim oturacaq.  21Yoxsa ağam padşah ataları ilə uyuyanda mən və oğlum Süleyman müqəssir sayılacağıq».  22Bat-Şeva hələ padşahla danışarkən peyğəmbər Natan gəldi.  23Padşaha «peyğəmbər Natan gəldi» dedilər. O, padşahın hüzuruna gəldi və üzüstə əyilib təzim etdi.  24Natan dedi: «Ağam padşah! “Məndən sonra Adoniya padşah olacaq və taxtımda o oturacaq” deyib söyləmisənmi?  25Adoniya bu gün gedib çoxlu mal-qara, bəslənmiş heyvan və qoyun-keçi qurban kəsdi və padşahın bütün oğullarını, ordu başçılarını və kahin Evyatarı çağırdı. Budur, “Yaşasın padşah Adoniya!” deyərək onun önündə yeyib-içirlər.  26Ancaq o mən qulunu, kahin Sadoqu, Yehoyada oğlu Benayanı və qulun Süleymanı çağırmadı.  27Məgər bu iş ağam padşahın əmri ilə olub? Bəs sən nə üçün qullarına bildirmədin ki, ağam padşahdan sonra taxtında kim oturacaq?»  28Padşah Davud cavab verib «Bat-Şevanı yanıma çağırın!» dedi. Bat-Şeva padşahın hüzuruna gəlib önündə durdu.  29Padşah and içib dedi: «Canımı bütün bəlalardan qurtarmış var olan Rəbbə and olsun ki,  30“məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və mənim əvəzimə taxtımda o oturacaq” deyib sənin üçün İsrailin Allahı Rəbbə içdiyim andı bu gün yerinə yetirəcəyəm».  31Bat-Şeva padşahın önündə üzüstə yerə əyilib təzim etdi və «Ağam padşah Davud əbədi yaşasın!» dedi.  32Padşah Davud dedi: «Kahin Sadoqu, peyğəmbər Natanı və Yehoyada oğlu Benayanı mənim yanıma çağırın». Onların hamısı padşahın hüzuruna gəldi.  33Padşah onlara dedi: «Ağanızın əyanlarını yanınıza alın və oğlum Süleymanı mənim qatırıma mindirib Gixon bulağına endirin.  34Orada kahin Sadoq və peyğəmbər Natan onu İsrail padşahı olmaq üçün məsh etsinlər. Şeypur çalıb “Yaşasın padşah Süleyman!” söyləyin.  35Sonra onun dalınca qalxın, o da gəlib taxtımda otursun, çünki mənim yerimə padşah olacaq. Onu İsrail və Yəhudaya hökmdar təyin etdim».  36Yehoyada oğlu Benaya cavab verib dedi: «Amin! Ağam padşahın Allahı Rəbb belə istəyir.  37Rəbb ağam padşaha yar olduğu kimi Süleymana da yar olsun və onun taxtını ağam padşah Davudun taxtından daha uca etsin».  38Kahin Sadoq, peyğəmbər Natan, Yehoyada oğlu Benaya, Keretlilər və Peletlilər Süleymanı padşah Davudun qatırına mindirib aşağı endilər və onu Gixona qədər apardılar.  39Kahin Sadoq ibadət çadırından yağ buynuzunu götürüb Süleymanı məsh etdi. Şeypur çalındı və bütün camaat «Yaşasın padşah Süleyman!» söylədi.  40Camaat onun dalınca qalxıb getdi. Onlar ney çalaraq elə sevinirdilər ki, səslərindən yer titrəyirdi.  41Adoniya və onunla olan bütün qonaqlar yeməklərini qurtaranda bu səsi eşitdilər. Yoav şeypur səsini eşidəndə dedi: «Şəhərdən niyə gurultu gəlir?»  42O, sözünü qurtarmamış birdən kahin Evyatarın oğlu Yonatan gəldi. Adoniya ona dedi: «Gəl, sən igid adamsan, yaxşı xəbər gətirərsən».  43Yonatan Adoniyaya cavab verib dedi: «Yox, elə deyil, ağamız padşah Davud Süleymanı padşah etmişdir.  44Padşah kahin Sadoqu, peyğəmbər Natanı, Yehoyada oğlu Benayanı, Keretliləri və Peletliləri Süleymanla birgə göndərdi və onu padşahın qatırına mindirdilər.  45Kahin Sadoq və peyğəmbər Natan Gixonda onu padşah olmaq üçün məsh etdilər. Oradan sevinclə qalxıb getdilər və şəhər canlandı. Eşitdiyiniz səs budur.  46Üstəlik Süleyman padşahlıq taxtında oturdu.  47Ağamız padşah Davudu təbrik etməyə gələn əyanları da “Sənin Allahın Süleymanın adını sənin adından daha böyük, taxtını sənin taxtından daha uca etsin!” deyəndə padşah yatağının üstündən əyildi.  48Sonra belə dedi: “İsrailin Allahı Rəbbə alqış olsun ki, bu gün hələ gözlərim görərkən taxtımda oturan bir nəfər verdi!”»  49Bunu eşidəndə Adoniyanın bütün qonaqları təşvişə düşüb qalxdılar və hər kəs öz yolu ilə getdi.  50Adoniya isə Süleymandan qorxaraq qalxıb getdi və qurbangahın buynuzlarından yapışdı.  51Bunu Süleymana bildirib dedilər: «Adoniya padşah Süleymandan qorxur və qurbangahın buynuzlarından yapışaraq “qoy padşah Süleyman bu gün mənə and içsin ki, bu qulunu qılıncla öldürməyəcək” deyir».  52Süleyman dedi: «Əgər o, ləyaqətli adam olsa, başından bir tük belə, əskik olmaz, amma onda bir pislik tapılsa, öləcək».  53Padşah Süleyman Adoniyanı qurbangahdan düşürüb gətirtdi. O da gəlib padşah Süleymana təzim etdi və Süleyman ona «Evinə get!» dedi.

YUXARI

1 Padşahlar 2

Davudun Süleymana vəsiyyəti

1Davudun ölüm günü yaxınlaşanda oğlu Süleymana vəsiyyət edərək dedi:  2«Bu yaxınlarda mən də hamı kimi dünyadan köçəcəyəm. Sən möhkəm və igid ol.  3Allahın Rəbbin verdiyi buyruğu yerinə yetirib Onun yolları ilə get və Musanın Qanununda yazıldığı kimi Allahın qaydalarına, əmrlərinə, hökmlərinə və göstərişlərinə əməl et ki, elədiyin hər işdə və getdiyin hər yerdə uğur qazanasan.  4Onda Rəbb mənə verdiyi bu sözü yerinə yetirəcək: “Əgər övladların öz yollarına diqqət etsələr, bütün ürəkləri və canları ilə Mənə sadiq qalsalar, İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq”.  5 Sən Seruya oğlu Yoavın mənə nə elədiyini bilirsən: İsrail ordusunun iki başçısı Ner oğlu Avnerlə Yeter oğlu Amasanı öldürərək sülh zamanı hərb qanı tökdü və belindəki kəmərlə ayağındakı çarıqları qana bulaşdırdı.  6Sən öz hikmətinə görə davran, qoy onun ağarmış başı ölülər diyarına salamat enməsin.  7 Gileadlı Barzillayın oğullarına xeyirxahlıq et, qoy süfrəndə yemək yeyənlərin arasında olsunlar. Çünki mən qardaşın Avşalomun önündən qaçdığım vaxt onlar mənə kömək etdilər.  8 Baxurimdən olan Binyaminli Gera oğlu Şimey də sənin yanındadır. Maxanayimə getdiyim gün o məni ağır lənətlədi. Ancaq sonra məni qarşılamaq üçün İordan çayı sahilinə endi və mən ona “səni qılıncla öldürməyəcəyəm” deyə Rəbbin haqqı üçün and içdim.  9İndi onu cəzasız qoyma, çünki sən müdrik adamsan və ona nə edəcəyini bilirsən. Onun ağarmış başını qan içində ölülər diyarına göndər».

Davudun ölümü

10Davud ataları ilə uyudu və Davudun şəhərində basdırıldı.  11 Davud İsrail üzərində qırx il padşah olmuşdu: yeddi il Xevronda və otuz üç il Yerusəlimdə padşahlıq etmişdi.  12 Süleyman atası Davudun taxtında oturdu və onun padşahlığı çox möhkəm oldu.

Adoniyanın öldürülməsi

13Haqqit oğlu Adoniya Süleymanın anası Bat-Şevanın yanına gəldi. Bat-Şeva dedi: «Xeyirlə gəlirsənmi?» Adoniya «bəli» deyə cavab verdi.  14Sonra dedi: «Sənə söyləyəcək sözüm var». Bat-Şeva «söylə» dedi.  15O dedi: «Sən bilirsən ki, padşahlıq mənim idi və bütün İsraillilər mənim padşah olacağımı gözləyirdilər, ancaq hər şey dəyişdi, padşahlıq qardaşımın əlinə keçdi, çünki Rəbb belə etdi.  16İndi səndən bir xahişim var, mənə “yox” demə». Bat-Şeva ona «söylə» dedi.  17O dedi: «Xahiş edirəm, padşah Süleymana söylə – o sənə “yox” deməz – qoy Şunemli Avişaqı mənə arvad olmaq üçün versin».  18Bat-Şeva dedi: «Yaxşı, mən səndən ötrü padşahla danışaram».  19Bat-Şeva Adoniya barədə padşah Süleymanla danışmaq üçün onun yanına getdi. Padşah onu qarşılamaq üçün ayağa qalxdı və ona təzim etdi, sonra taxtına oturdu. Padşah anası üçün də bir taxt qoydurdu. O, padşahın sağında oturdu,  20sonra dedi: «Mənim səndən kiçik bir xahişim var, mənə “yox” demə». Padşah ona dedi: «Söylə, ana, mən sənə “yox” demərəm».  21Bat-Şeva dedi: «Şunemli Avişaqı qardaşın Adoniyaya arvad olmaq üçün ver».  22Padşah Süleyman anasına cavab verib dedi: «Niyə Adoniya üçün Şunemli Avişaqı istəyirsən? Padşahlığı da onun üçün istə, üstəlik onunla birlikdə kahin Evyatarla Seruya oğlu Yoav üçün istə. Axı o mənim böyük qardaşımdır!»  23Padşah Süleyman Rəbbin haqqı üçün and içərək dedi: «Əgər Adoniya bu sözü öz həyatı bahasına söyləməmişsə, Allah mənə beləsini və bundan betərini etsin.  24İndi məni möhkəmləndirib atam Davudun taxtında oturtmuş və söylədiyi kimi mənə bir ev qurmuş var olan Rəbbə and olsun ki, Adoniya hökmən bu gün öldürüləcək!»  25Padşah Süleyman Yehoyada oğlu Benayaya əmr etdi, Benaya da gedib Adoniyanı vurdu və o öldü.

Evyatarın qovulması və Yoavın ölümü

26 Padşah kahin Evyatara da dedi: «Anatota, öz tarlalarına get! Sən ölümə layiqsən, amma indi səni öldürmürəm. Çünki atam Davudun önündə Xudavənd Rəbbin sandığını daşıyırdın və atamın çəkdiyi hər əzabı sən də çəkirdin».  27 Beləcə Süleyman Evyatarı Rəbbin kahinliyindən qovdu. Bununla da Elinin evinə qarşı Rəbbin Şiloda söylədiyi söz yerinə yetdi.  28Xəbər Yoava çatdı. Yoav Avşaloma qoşulmadığı halda Adoniyanın tərəfini tutmuşdu. Buna görə də o, Rəbbin ibadət çadırına qaçdı və qurbangahın buynuzlarından yapışdı.  29Padşah Süleymana söylədilər: «Yoav Rəbbin ibadət çadırına qaçdı və indi qurbangahın yanındadır». Süleyman «get, onu öldür» deyə Yehoyada oğlu Benayanı göndərdi.  30Benaya Rəbbin ibadət çadırına gəlib Yoava dedi: «Çıx, padşah belə deyir!» O dedi: «Yox, burada öləcəyəm». Benaya padşaha «Yoav belə dedi və mənə bu cavabı verdi» deyə xəbər gətirdi.  31Padşah ona dedi: «Onun dediyi kimi et: onu orada öldür və basdır ki, Yoavın səbəbsiz tökdüyü qanın təqsirini mənim və atamın evi üzərindən götürəsən.  32Rəbb onun qanını öz başına döndərəcək, çünki o özündən daha saleh və daha yaxşı olan iki nəfəri qılıncla vurdu: atam Davudun xəbəri olmadan İsrail ordusunun başçısı Ner oğlu Avnerlə Yəhuda ordusunun başçısı Yeter oğlu Amasanı öldürdü.  33Beləcə onların qanı həmişəlik Yoavın və onun nəslinin üstündə qalacaq, amma Rəbb Davuda, onun nəslinə, evinə və taxtına əbədi əmin-amanlıq verəcək».  34Yehoyada oğlu Benaya yuxarıya getdi, Yoavı vurub öldürdü və onu çöldəki evində basdırdılar.  35Padşah Yoavın yerinə Yehoyada oğlu Benayanı ordu başçısı qoydu. Evyatarın yerinə isə kahin Sadoqu təyin etdi.

Şimeyin ölümü

36Padşah Şimeyi çağırtdırıb ona dedi: «Yerusəlimdə özünə bir ev tik və orada yaşa, heç yerə getmə.  37Oradan çıxıb Qidron vadisini keçdiyin gün, bil ki, hökmən öləcəksən və qanın öz üstündə qalacaq».  38Şimey padşaha dedi: «Sözünlə razıyam, ağam padşah necə dedisə, qulun elə də edəcək». Şimey uzun müddət Yerusəlimdə yaşadı.  39Üçüncü ilin sonunda Şimeyin iki qulu Qat padşahı Maaka oğlu Akişin yanına qaçdı. Şimeyə xəbər gəldi ki, qulları Qatdadır.  40O qalxıb eşşəyini palanladı, qullarını axtarmaq üçün Qata, Akişin yanına gedib onları Qatdan gətirdi.  41Şimeyin Yerusəlimdən Qata gedib-gəlmək xəbəri Süleymana çatdı.  42Padşah Şimeyi çağırtdırıb ona dedi: «Səni Rəbbin haqqına and içdirmədimmi? “Çıxıb bir yerə getdiyin gün, bil ki, hökmən öləcəksən!” deyə sənə xəbərdarlıq etmədimmi? Sən də mənə “yaxşı, sözünlə razıyam” demədinmi?  43Elə isə Rəbbə içdiyin anda və sənə verdiyim əmrə niyə əməl etmədin?»  44Sonra padşah Şimeyə dedi: «Sən atam Davuda qarşı ürəyində saxladığın və etdiyin pisliklərin hamısını bilirsən. Pisliyini Rəbb sənin öz başına döndərəcək.  45Amma qoy padşah Süleyman xeyir-dua alsın və Davudun taxtı Rəbbin önündə əbədi möhkəmlənsin».  46Padşah Yehoyada oğlu Benayaya əmr etdi, Benaya da gedib Şimeyi vurdu və o öldü. Beləliklə, Süleymanın padşahlığı möhkəmləndi.

YUXARI

1 Padşahlar 3

Süleymanın Allahdan hikmət istəməsi

(2Saln. 1:3-12)

1Süleyman Misir padşahı fironun qızını arvad alaraq onunla müttəfiq oldu. Öz sarayı, Rəbbin məbədi və Yerusəlimin ətrafındakı divarlar tikilib qurtarana qədər arvadını Davudun şəhərinə gətirdi.  2Xalq isə hələ səcdəgahlarda qurban gətirirdi, çünki o günlərə qədər Rəbbin adına tikilmiş bir məbəd yox idi.  3Süleyman atası Davudun qanunlarına əməl edərək Rəbbi sevirdi, ancaq səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.  4Padşah qurban gətirmək üçün Giveona getdi, çünki ora səcdəgahların ən böyüyü idi. Süleyman o qurbangahda min baş yandırma qurbanı təqdim etmişdi.  5Giveonda Rəbb Süleymana gecə vaxtı yuxuda göründü. Allah dedi: «Nə istəyirsən, sənə verim?»  6Süleyman dedi: «Sən qulun atam Davuda böyük xeyirxahlıq göstərdin, çünki o Sənin önündə sadiq və saleh işlər görürdü, düz qəlblə Səninlə idi. Bu gün də taxtında oturan bir oğul verməklə ona Öz böyük xeyirxahlığını saxladın.  7İndi, ya Rəbb Allahım, Öz qulunu atam Davudun yerinə padşah etdin. Ancaq mən çox cavanam, nə edib-etməyəcəyimi bilmirəm.  8Qulun Sənin seçdiyin xalqın – saysız-hesabsız böyük bir kütlənin arasındadır.  9İndi mənə elə bir dərrakəli ürək ver ki, yaxşı ilə pisi ayırd edib Sənin xalqına hökm edə bilim. Başqa cür Sənin bu böyük xalqını kim idarə edə bilər?»  10Süleymanın bu istəyi Xudavəndin gözünə xoş gəldi.  11Allah ona dedi: «İndi ki özün üçün uzun ömür, var-dövlət və düşmənlərinin canını istəmədin, bunların yerinə ədaləti ayırd etmək üçün dərrakə istədin,  12Mən istəyini yerinə yetirirəm: sənə elə bir hikmətli və dərrakəli ürək verirəm ki, sənin kimisi nə səndən əvvəl olmuş, nə də səndən sonra olacaq.  13Hətta sənə istəmədiyini – var-dövləti də, şöhrəti də verirəm; belə ki bütün ömrün boyu padşahlar arasında sənin kimisi olmayacaq.  14Əgər sən də atan Davud kimi qanunlarıma və əmrlərimə əməl edib yolumla getsən, sənin ömrünü də uzadacağam».  15Süleyman oyandı. Bu, bir yuxu idi. Sonra Yerusəlimə gəldi. Xudavəndin Əhd sandığının önündə durub yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi və bütün əyanları üçün ziyafət verdi.

Süleymanın hikmətlə hökm verməsi

16Bir gün iki fahişə qadın gəlib padşahın hüzurunda durdu.  17Qadınlardan biri dedi: «Yalvarıram, ay ağam! Mən bu qadınla bir evdə yaşayıram. Bu evdə onun yanında uşaq doğdum.  18Mən doğandan sonra üçüncü gün bu qadın da doğdu. Biz bir yerdə olurduq, evdə bizdən başqa heç kəs yox idi, yalnız ikimiz idik.  19Gecə bu qadın yatanda oğlu onun altında qalıb öldü.  20Kənizin yuxuda ikən gecə yarısı bu qadın qalxaraq oğlumu yanımdan götürüb öz qoynuna almış, ölü oğlunu isə mənim qoynuma qoymuşdur.  21Səhər oğlumu əmizdirmək üçün duranda gördüm ki, o ölüb. Amma sonra diqqətlə baxanda bildim ki, bu mənim doğduğum uşaq deyil».  22O biri qadın isə dedi: «Yox, sağ olan uşaq mənim oğlumdur, ölən isə səninkidir». Amma birinci qadın dedi: «Yox, ölən uşaq sənin oğlundur, sağ olan mənimkidir». Padşahın önündə onlar beləcə mübahisə edirdilər.  23Padşah dedi: «Biri deyir, sağ olan uşaq mənim oğlumdur, ölən səninkidir; o biri isə deyir, yox, ölən uşaq sənin oğlundur, sağ olan mənimkidir».  24Padşah yenə dedi: «Mənə qılınc gətirin!» Padşaha qılınc gətirdilər.  25Padşah dedi: «Sağ olan uşağı iki yerə bölün: yarısını birinə, yarısını isə o birinə verin!»  26Oğlu sağ olan qadın balası üçün ürəyi yandığına görə padşaha belə söylədi: «Aman, ağam, sağ olan uşağı ona verin, amma öldürməyin». O biri isə dedi: «Bölün, qoy nə onun olsun, nə mənim».  27Onda padşah cavab verib dedi: «Sağ olan uşağı birinci qadına verin, onu öldürməyin, uşağın anası odur».  28Bütün İsraillilər padşahın verdiyi hökmü eşidib ona hörmət etdilər, çünki gördülər ki, hökm etmək üçün onda Allahın hikməti var.

YUXARI

1 Padşahlar 4

Süleymanın əyanları

1Padşah Süleyman bütün İsrail üzərində hökmran idi.  2Əyanları da bunlar idi: Kahin – Sadoq oğlu Azarya;  3Mirzələr – Şişanın oğulları Elixoref və Axiya; Salnaməçi – Axilud oğlu Yehoşafat;  4Ordu başçısı – Yehoyada oğlu Benaya; Kahinlər – Sadoq və Evyatar;  5Baş vali – Natan oğlu Azarya; Padşahın həmsöhbəti – kahin Natan oğlu Zavud;  6Saray rəisi – Axişar; Mükəlləfiyyətçilər üzərində nəzarətçi – Avda oğlu Adoniram.  7Bütün İsrail üzərində Süleymanın on iki bölgə valisi var idi. Onlar padşahı və onun evini ərzaqla təmin edirdilər və hər biri ildə bir aylıq ərzaq göndərməli idi.  8Onların adları belədir: Efrayimin dağlıq bölgəsində Ben-Xur;  9Maqas, Şaalvim, Bet-Şemeş və Elon-Bet-Xanan bölgələrində Ben-Deqer;  10Soko və bütün Xefer torpağının da aid olduğu Arubbot bölgəsində Ben-Xesed;  11bütün Nafat-Dor bölgəsində Süleymanın qızı Tafatın əri olan Ben-Avinadav;  12Taanak, Megiddo, İzreelin altındakı Sartanın yanında olan bütün Bet-Şean bölgəsində və Bet-Şeandan Avel-Mexolaya, Yoqmeamın o biri tərəfinə qədər uzanan bölgədə Axilud oğlu Baana;  13Gileadda olan Menaşşe oğlu Yairin kəndlərinin və Başanda olan Arqov ətrafında divarlar və tunc sürgülərlə bağlanmış altmış böyük şəhərin aid olduğu Ramot-Gilead bölgəsində Ben-Gever;  14Maxanayim bölgəsində İddo oğlu Axinadav;  15Naftali torpağında Süleymanın qızı Basmatı arvad alan Aximaas;  16Aşer torpağında və Alot bölgəsində Xuşay oğlu Baana;  17İssakar torpağında Paruah oğlu Yehoşafat;  18Binyamin torpağında Ela oğlu Şimey;  19Gilead torpağında, yəni keçmişdə Emorluların padşahı Sixona və Başan padşahı Oqa məxsus olan ölkədə bu bölgənin yeganə valisi olan Uri oğlu Gever.

Süleymanın bir günlük təminatı

20Yəhudalılar və İsraillilər dəniz qırağında olan qum qədər çox idi. Onlar yeyib-içir və xoşbəxt yaşayırdılar.  21 Süleyman Fərat çayından Filiştlilərin torpağına və Misir sərhədinə qədər bütün padşahlıqlar üzərində hökmranlıq edirdi. Onlar Süleymanın ömrünün axırına qədər xərac verdilər və ona qulluq etdilər.  22Süleymanın evinin gündəlik ərzağı bunlardan ibarət idi: otuz kor narın un və altmış kor iri üyüdülmüş un,  23on baş bəslənmiş mal-qara, iyirmi otlaq öküzü, yüz qoyun, maral, ceyran, cüyür və bəslənmiş ev quşları.  24Tifsahdan Qəzzəyə qədər Fərat çayının bu tayındakı bütün torpaqlar və çayın bu tayındakı bütün padşahlar üzərində Süleyman hökmranlıq edirdi və bütün ətraf ölkələrlə sülh şəraitində yaşayırdı.  25Onun bütün ömrü boyu Dandan Beer-Şevaya qədər Yəhuda və İsraildə hər kəs öz üzüm meynəsinin və əncir ağacının altında dinclik içində yaşayırdı.  26 Süleymanın qırx min axurunda döyüş arabaları üçün atları və on iki min atlısı var idi.  27Valilərin hər biri öz ayında padşah Süleymana və onun süfrəsinə gələnlərin hamısına ərzaq göndərirdi və heç bir şeyə ehtiyac qalmırdı.  28Hər vali ona verilmiş əmrə görə döyüş və çapar atlarının olduqları yerə arpa-saman göndərirdi.

Süleymanın misilsiz hikməti

29Allah Süleymana dəniz sahilindəki qum qədər bol hikmət, dərrakə və ürək genişliyi verdi.  30Süleymanın hikməti bütün şərq xalqlarının və Misirlilərin hikmətindən üstün idi.  31 O bütün adamlardan, Ezrahlı Etandan, Maxolun oğulları Heman, Kalkol və Dardadan hikmətli idi, şöhrəti bütün ətraf millətlər arasında yayılmışdı.  32 O, üç min məsəl söyləmişdi və onun min beş nəğməsi var idi.  33Livanda olan sidr ağacından tutmuş divarda bitən züfa otuna qədər bitkilər barədə bəhs etdi, həmçinin heyvanlar, quşlar, həşəratlar və balıqlar haqqında danışdı.  34Süleymanın hikmətli sözlərinə qulaq asmaq üçün bütün xalqlardan və onun hikməti barədə eşitmiş bütün dünya padşahlarından yanına adamlar gəlirdi.

YUXARI

1 Padşahlar 5

Məbədin tikilməsinə hazırlıq

(2Saln. 2:1-18)

1Sur padşahı Xiram atasının yerinə Süleymanın padşah olmaq üçün məsh edildiyini eşidəndə öz adamlarını onun yanına göndərdi, çünki Xiram Davudla bütün ömrü boyu dost olmuşdu.  2Süleyman Xirama xəbər göndərib dedi:  3«Sən bilirsən ki, atam Davud Allahı Rəbbin adına bir məbəd tikə bilmədi. Çünki Rəbb düşmənlərini onun ayaqları altına atana qədər ətrafında müharibələr gedirdi.  4Ancaq indi Allahım Rəbb mənə hər tərəfdən əmin-amanlıq verib: nə bir düşmən var, nə də bir əngəl.  5 Mən Allahım Rəbbin adına bir məbəd tikmək niyyətindəyəm; necə ki Rəbb atam Davuda demişdi: “Sənin yerinə taxtında oturdacağım oğlun Mənim adıma məbəd tikəcək”.  6İndi əmr et ki, mənim üçün Livan dağlarından sidr ağacları kəsilsin. Adamlarım da sənin adamlarınla birgə olacaq və mən sənin adamların üçün nə qədər desən, o qədər zəhmət haqqı verəcəyəm. Çünki bilirsən ki, bizdə Sidonlular kimi ağac kəsməyi bilən adamlar yoxdur».  7Xiram Süleymanın sözlərini eşidəndə çox sevindi və dedi: «Bu gün Rəbbə alqış olsun ki, bu böyük xalqı idarə etmək üçün Davuda belə müdrik oğul verdi!»  8O, Süleymana xəbər göndərib dedi: «Mənə göndərdiyin sözü eşitdim. Mən sənin sidr və şam ağacları barədə hər istəyini yerinə yetirəcəyəm:  9mənim adamlarım onları Livandan dənizə endirərlər və mən bu ağaclardan sallar düzəldərəm, dəniz yolu ilə təyin edəcəyin yerə apararam və onları orada ayırıb yığaram, sən isə götürərsən. Ancaq sən də mənim istəyimi yerinə yetirib evimi ərzaqla təmin et».  10Xiram Süleymana istədiyi qədər sidr və şam ağacları verirdi.  11Süleyman isə hər il Xiramın evi üçün ərzaq olaraq iyirmi min kor buğda və iyirmi kor xalis zeytun yağı verirdi.  12Rəbb vəd etdiyi kimi Süleymana hikmət verdi. Xiramla Süleyman arasında sülh var idi və onlar bir-biri ilə saziş bağlamışdılar.  13Padşah Süleyman bütün İsraillilər üzərinə əmək mükəlləfiyyəti qoydu. Mükəlləfiyyətçilər otuz min nəfər idi.  14Hər ay onların on min nəfərini növbə ilə Livana göndərirdi; bir ay Livanda, iki ay evlərində qalırdılar. Onların üzərində Adoniram nəzarət edirdi.  15Süleymanın yük daşıyan yetmiş min və dağlarda daş yonan səksən min adamı var idi.  16Bunlardan başqa, Süleyman işə nəzarət etmək üçün üç min üç yüz nəfər məmur qoymuşdu. Onlar adamlara hökm edir və iş görürdülər.  17Padşahın əmrinə görə işçilər məbədin bünövrəsini yonulmuş daşdan qoymaq üçün böyük və dəyərli daşlar kəsib gətirdilər.  18Süleymanın və Xiramın ustaları Gevallılarla birgə məbədi tikmək üçün taxtalar və daşlar yonub hazırladılar.

YUXARI

1 Padşahlar 6

Məbədin tikilməsi

(2Saln. 3:1-14)

1İsrail övladları Misir torpağından çıxdıqdan dörd yüz səksən il sonra – Süleymanın İsrail üzərində padşahlığının dördüncü ilində, ikinci ay olan Ziv ayında o, Rəbbə məbəd tikməyə başladı.  2Padşah Süleymanın Rəbbə tikdiyi məbədin uzunluğu altmış, eni iyirmi və hündürlüyü otuz qulac idi.  3Məbədin böyük otağının önündə olan eyvanın uzunluğu məbədin eninə görə iyirmi qulac və eni məbədin önündə on qulac idi.  4O, məbəd üçün qəfəslə bağlı pəncərələr düzəltdi.  5Məbədin divarına bitişik, bütün məbədin divarını, yəni böyük otağı və iç otağı dövrəyə alan artırma tikdi. Onun içində məbədi əhatə edən yan otaqlar düzəltdi.  6Artırmanın alt mərtəbəsinin eni beş, ortasındakının eni altı, üçüncüsünün eni isə yeddi qulac idi. Çünki artırmanın dirəkləri məbədin divarına dəyməsin deyə məbədin divarı ətrafında bayır tərəfdən çıxıntılar düzəldilmişdi.  7Məbədin tikilməsi üçün karxanada hazırlanan yonulmuş daşlar işlədilmişdi. Məbəddə tikinti zamanı nə gürzün, nə iskənənin, nə də başqa bir dəmir alətin səsi eşidildi.  8Orta mərtəbəyə giriş məbədin sağ tərəfində idi. Pilləkənlərlə orta mərtəbəyə, orta mərtəbədən isə üçüncü mərtəbəyə çıxırdılar.  9Beləcə Süleyman məbədi tikib qurtardı. Məbədi sidr ağacından olan tirlər və taxtalarla örtdü.  10Bütün məbədə bitişik olan mərtəbələri beş qulac hündürlüyündə tikdi və bunlar sidr dirəklərlə məbədə bərkidilmişdi.  11Süleymana Rəbbin bu sözü nazil oldu:  12«Budur, sən məbəd tikirsən. Əgər sən Mənim qaydalarımla getsən, hökmlərimə və əmrlərimə uyğun hərəkət etsən, onda Mən atan Davuda verdiyim sözü sənin vasitənlə yerinə yetirəcəyəm:  13İsrail övladlarının arasında yaşayacağam və xalqım İsraili tərk etməyəcəyəm».  14Süleyman məbədi tikib qurtardı.  15Məbədin divarlarına içəridən sidr taxtalarla örtük vurdu və məbədin döşəməsini şam ağacından olan taxtalarla örtdü. Beləcə məbədi döşəməsindən divarlarına və tavanına qədər ağacla örtdü.  16 Məbədin arxa tərəfində döşəmədən tavana qədər sidr taxtalarla örtülmüş uzunluğu iyirmi qulac olan bir bölmə ayırıb orada Ən Müqəddəs yer üçün bir iç otaq hazırladı.  17İç otağın bayırında olan böyük otaq qırx qulac uzunluğunda idi.  18Məbədin içindəki sidr ağaclarının üstündə balqabaq və açılmış güllərin təsviri oyulmuşdu. Hər şey sidrlə örtülmüşdü, daş heç görünmürdü.  19Məbədin içərisindəki iç otağı isə o, Rəbbin Əhd sandığını qoymaq üçün hazırladı.  20İç otağın uzunluğu iyirmi, eni iyirmi və hündürlüyü iyirmi qulac idi. Oranı və sidr ağacından olan qurbangahın üstünü xalis qızılla örtdü.  21Süleyman məbədi içəridən xalis qızılla örtdü, iç otağın önündən qızıl zəncirlər keçirdi və onu qızılla örtdü.  22 O bütün məbədi tikib qurtararaq onu başdan-başa qızılla örtdü. İç otağa aid olan qurbangahı da tamamilə qızılla örtdü.  23 İç otaqda zeytun ağacından hündürlüyü on qulac olan iki keruv düzəltdi.  24Keruvun bir qanadının uzunluğu beş qulac, o biri qanadının da uzunluğu beş qulac idi; bir qanadının ucundan o biri qanadının ucuna qədər on qulac idi.  25O biri keruvun ölçüsü də on qulac idi. Hər iki keruv eyni ölçüdə və eyni görkəmdə idi.  26Hər ikisinin hündürlüyü on qulac idi.  27O, keruvları məbədin iç otağının ortasına qoydu. Keruvların qanadları açıq idi. Bir keruvun qanadı bir divara, o birisinin qanadı isə o biri divara toxunurdu. Onların o biri qanadları məbədin ortasında bir-birinə toxunurdu.  28O, keruvları qızılla örtdü.  29Məbədin iç və bayır otağındakı bütün divarlarında keruvların, xurma ağaclarının və açılmış güllərin oyma təsvirini düzəltdi.  30Məbəddə iç və bayır otağın döşəməsini qızılla örtdü.  31İç otağın girişi üçün zeytun ağacından qapılar düzəltdi. Onların çərçivəsi beşguşəli idi.  32O, zeytun ağacından düzəldilmiş iki qapı üzərində keruvların, xurma ağaclarının və açılmış güllərin təsvirini oydu və qapıları qızılla örtdü. Keruvların və xurma ağaclarının üstünə qızıl çəkdi.  33Eləcə də böyük otağın girişi üçün zeytun ağacından dördguşəli çərçivə,  34həmçinin şam ağacından iki qapı düzəltdi. Bir qapının hər iki tayı qatlanırdı, o biri qapının da hər iki tayı qatlanırdı.  35Onların üstündə keruvların, xurma ağaclarının, açılmış güllərin təsvirini oydu və oyma işinin üstünü qızılla örtdü.  36O, üç cərgə yonulmuş daşlardan və bir cərgə sidr dirəklərdən içəri həyət tikdi.  37Dördüncü ildə, Ziv ayında Rəbbin məbədinin bünövrəsi qoyuldu,  38on birinci ildə, səkkizinci ay olan Bul ayında məbəd bütün ləvazimatı ilə birgə və bütün şəklinə görə tikilib qurtardı. Beləcə Süleyman onu yeddi ilə tikdi.

YUXARI

1 Padşahlar 7

Süleymanın sarayı

1Ancaq Süleyman öz sarayını ətrafdakı bütün evlərlə birlikdə on üç ilə tikib qurtardı.  2Onun tikdiyi «Livan meşəsi» adlı sarayın uzunluğu yüz, eni əlli, hündürlüyü isə otuz qulac idi. O, dörd cərgə sidr sütunlardan və sütunlar üzərində olan sidr dirəklərdən ibarət idi.  3Sütunlar üzərindəki qırx beş dirəyin üstündə sidrdən olan dam salınmışdı və hər cərgədə on beş dirək var idi.  4Pəncərə çərçivələri üç cərgə idi və onların içində qarşı-qarşıya üç cərgə pəncərə var idi.  5Bütün girişlər və onların çərçivələri dördguşəli idi. Girişlər qarşı-qarşıya olmaqla üç cərgə idi.  6Süleyman uzunluğu əlli, eni otuz qulac olan sütunlu bir eyvan tikdi. Qabağında artırma və sütunlar, onların qabağında isə eşik düzəltdi.  7O həmçinin hökm verəcəyi taxt eyvanını, yəni məhkəmə otağını tikdi və onu döşəmədən tavana qədər sidr ağacı ilə örtdü.  8 Onun yaşadığı ev eyvanın arxasında, o biri həyətdə idi və eyni quruluşda tikilmişdi. Süleyman arvad aldığı firon qızı üçün də bu eyvan kimi bir ev tikdirdi.  9Bütün bunlar iç və bayır tərəfdən, bünövrədən dama və bayır tərəfdən böyük həyətə qədər ölçüyə görə yonulmuş, daş mişarı ilə kəsilmiş dəyərli daşlardan düzəldilmişdi.  10Bünövrə böyük və dəyərli daşlardan – on qulaclıq və səkkiz qulaclıq daşlardan qoyulmuşdu.  11Onların üstündə ölçüyə görə yonulmuş dəyərli daşlar və sidr dirəklər var idi.  12Rəbbin məbədinin içəri həyəti və məbədin eyvanı kimi böyük həyət də üç cərgə yonulmuş daş və bir cərgə sidr dirəklərlə əhatə olunmuşdu.

Xiramın məbəd üçün tunc şeylər düzəltməsi

(2Saln. 3:15-5:1)

13Padşah Süleyman Xiram adlı bir nəfəri Surdan gətirtdi.  14Onun anası Naftali qəbiləsindən dul bir qadın, atası isə Surlu bir misgər idi. Xiram tuncdan hər cür şey qayırmaq işində hikmətli, dərrakəli və bilikli idi. O, padşah Süleymanın yanına gəldi və onun bütün işlərini gördü.  15Xiram iki tunc sütun düzəltdi. Hər sütunun hündürlüyü on səkkiz qulac idi və hər birinin ətrafına on iki qulaclıq bir ip dolanmışdı.  16O, sütunların üstünə qoymaq üçün tökmə tuncdan iki başlıq düzəltdi. Hər iki başlığın hündürlüyü beş qulac idi.  17Sütunların üstündə olan başlıqlarda hörmə torlar və zəncirvari çələnglər var idi. Hər iki başlıqda yeddi dənə var idi.  18O, sütunları belə düzəltdi. Sütunların üstündəki başlıqları örtmək üçün hörmə torların ətrafında iki cərgə nar düzəltdi və hər başlıq üçün də belə etdi.  19Eyvanda olan sütunların üstündəki başlıqlar su zanbağı şəklində düzəldilmişdi və hər birinin hündürlüyü dörd qulac idi.  20Hər iki sütunun yuxarısında olan başlıqlar hörmə torların yanındakı girdə çıxıntının üst tərəfində idi. Hər başlığın üzərində dairəvi cərgələrdə iki yüz nar var idi.  21Xiram məbədin eyvanında sütunlar qoydu. Sağ tərəfdə olan sütunu Yakin, sol tərəfdəkini isə Boaz adlandırdı.  22Sütunların üstündəki başlıqlar su zanbağı şəklində idi. Beləcə sütunların işi qurtardı.  23Xiram tuncdan tökülmüş dairəvi bir hovuz düzəltdi. Onun hündürlüyü beş qulac idi və bir kənarından digər kənarına qədər on qulac idi, otuz qulaclıq bir ip də onun ətrafına dolanmışdı.  24Hər tərəfdən kənarının altından onu balqabaq təsvirləri əhatə edirdi. Hər qulacda on balqabaq var idi. Balqabaqlar iki cərgə idi və onlar hovuzla birgə tökülmüşdü.  25Hovuz on iki tökmə buğanın üstündə dururdu: üçü şimala, üçü qərbə, üçü cənuba, üçü də şərqə baxırdı. Hovuz yuxarıda – onların üzərində idi və buğaların bütün sağrıları içəriyə doğru idi.  26Hovuzun qalınlığı bir ovuc idi, onun kənarı kasa kənarı kimi düzəldilmişdi və açılan zanbağa bənzəyirdi. O, iki min bat su tuturdu.  27Xiram tuncdan on dayaq düzəltdi. Hər dayağın uzunluğu dörd, eni dörd və hündürlüyü üç qulac idi.  28Dayaqlar belə hazırlanmışdı: onların yan lövhələri var idi və yan lövhələr gövdəyə bərkidilmişdi.  29Gövdənin arasında olan yan lövhələr üzərində şir, buğa və keruv təsvirləri var idi. Həmçinin gövdədə, şir və buğa təsvirlərinin yuxarısında və aşağısında asma çələnglər var idi.  30Hər dayağın dörd tunc çarxı, tunc oxları və ləyən üçün dörd tökmə çıxıntısı var idi. Çıxıntılar hər tərəfdən çələnglərlə bəzədilmişdi.  31Dayağın başlığında bir oyuq var idi. Başlığın hündürlüyü bir qulac idi, oyuq isə dəyirmi və bir qulac yarım enində idi, üstündə oymalar var idi. Yan lövhələr dairəvi deyil, dördguşəli idi.  32Dörd çarx yan lövhələrin altında idi və çarxların oxları dayaqda idi. Bir çarxın hündürlüyü bir qulac yarım idi.  33Çarxların quruluşu döyüş arabalarının çarxlarının quruluşu kimi idi. Onların oxları, sağanaqları, milləri və topları – hər şeyi tökmə idi.  34Hər dayağın dörd küncündə çıxıntı var idi. Çıxıntılar dayağa bitişik idi.  35Dayağın başında yarım qulac hündürlüyündə dəyirmi bir çənbər var idi. Dayağın başında olan dəstəkləri və yan lövhələri özünə bitişik idi.  36Xiram dəstəklərin və yan lövhələrin üzərində yer çatan qədər keruv, şir, xurma ağacı təsvirləri, ətrafında isə çələnglər oydu.  37Beləcə on dayaq düzəltdi. Onların hamısı bir tökmədə, bir ölçüdə və bir quruluşda idi.  38 Xiram on dayağın üstünə qoymaq üçün tuncdan on ləyən düzəltdi. Hər ləyən qırx bat tuturdu və dörd qulac enində idi.  39Dayaqların beşini məbədin sağ tərəfində, beşini də məbədin sol tərəfində qoydu. Hovuzu isə məbədin cənub-şərq küncündə yerləşdirdi.  40O həmçinin qazanlar, kürəklər, piyalələr düzəltdi. Xiram Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə bütün bu işləri görüb qurtardı:  41iki sütun; sütunların üstündə iki dəyirmi başlıq; sütunların üstündəki başlıqları örtmək üçün iki hörmə tor;  42sütunların üstündə olan dəyirmi başlıqları örtən hər hörmə torun üzərində iki cərgədə dörd yüz nar;  43on dayaq; dayaqların üzərində on ləyən;  44bir hovuz; hovuzun altında on iki tökmə buğa;  45qazanlar, kürəklər və piyalələr. Bütün bu əşyaları Xiram Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə cilalanmış tuncdan düzəltmişdi.  46Padşah bunları İordan çayının kənarındakı düzənlikdə Sukkot ilə Sartan arasındakı gilli torpaqlarda tökmüşdü.  47Bütün bu əşyalar həddən artıq çox olduğu üçün Süleyman onlara işlədilən tuncun çəkisini müəyyən etmədi.  48 Süleyman Rəbbin məbədindəki bütün bu əşyaları düzəltdi: qızıl qurbangah; təqdis çörəkləri qoyulan qızıl masa;  49 iç otağın önündə beşi sağ tərəfdə, beşi də sol tərəfdə olan xalis qızıldan çıraqdanlar; qızıldan olan qönçə, çıraqlar və maşalar;  50xalis qızıldan kasalar, maqqaşlar, piyalələr, nimçələr və buxurdanlar; iç otağın, yəni Ən Müqəddəs yerin və böyük otağın qapıları üçün qızıldan ilgəklər.  51 Padşah Süleymanın Rəbbin məbədində gördüyü bütün işlər qurtardı. Atası Davudun təqdis etdiyi qızıl-gümüşü və əşyaları Süleyman içəri gətirib Rəbbin məbədinin xəzinələrinə qoydu.

YUXARI

1 Padşahlar 8

Əhd sandığının məbədə gətirilməsi

(2Saln. 5:2-6:2)

1O zaman padşah Süleyman İsrailin ağsaqqallarını, bütün qəbilə başçılarını, yəni İsrail övladlarının nəsil rəhbərlərini Yerusəlimə, özünün yanına topladı ki, Rəbbin Əhd sandığını Davudun şəhəri olan Siondan yuxarı gətirsinlər.  2Yeddinci – Etanim ayında olan bayram vaxtı bütün İsrail xalqı padşah Süleymanın yanına toplandı.  3Bütün İsrail ağsaqqalları gələndə kahinlər Rəbbin sandığını götürdülər.  4Onunla birgə Hüzur çadırını və çadırda olan bütün müqəddəs əşyaları kahinlər və Levililər yuxarı gətirdilər.  5Padşah Süleyman və onun yanına toplanmış bütün İsrail icması sandığın önündə çoxluğuna görə sayı-hesabı bilinməyən qədər qoyun-keçi və mal-qara qurban kəsirdilər.  6Kahinlər Rəbbin Əhd sandığını öz yerinə, məbədin iç otağına – Ən Müqəddəs yerə, keruvların qanadları altındakı yerinə gətirdilər.  7Keruvlar qanadlarını sandığın yeri üzərində açmışdı, onlar sandığı və onun şüvüllərini örtmüşdü.  8Şüvüllər elə uzun idi ki, onların ucu iç otağın önündəki Müqəddəs yerdən görünürdü, ancaq bayır tərəfdən görünmürdü. Onlar bu günə qədər oradadır.  9 İsrail övladları Misir torpağından çıxdıqları zaman Rəbbin onlarla əhd bağladığı Xorevdə Musa sandığın içinə iki daş lövhə qoymuşdu. Bunlardan başqa, sandığın içində heç bir şey yox idi.  10 Kahinlər Müqəddəs yerdən çıxdıqları vaxt bulud Rəbbin məbədini elə doldurdu ki,  11buluda görə onlar ibadət etmək üçün orada dayana bilmədilər. Çünki Rəbbin izzəti Onun məbədini doldurmuşdu.  12O zaman Süleyman dedi: «Rəbb istədi ki, qatı qaranlıqda məskən salsın.

13Mən Sənin üçün uca bir məbəd tikdim ki,

Sənin əbədi yaşayacağın yer olsun».

Süleymanın xalqa müraciəti

(2Saln. 6:3-11)

14Padşah dönüb bütün İsrail camaatına xeyir-dua verdi. Bu zaman bütün İsrail camaatı ayaq üstə durmuşdu.  15Padşah dedi: «İsrailin Allahı Rəbbə alqış olsun ki, atam Davuda Öz ağzı ilə dediyini Öz əli ilə yerinə yetirdi. O söyləmişdi:  16 “Mən xalqım İsraili Misirdən çıxardığım gündən bəri bir məbəd tikmək üçün İsrailin heç bir qəbiləsindən şəhər seçməmişdim ki, adım üstündə olsun, ancaq xalqım İsrailin üzərində olmaq üçün Davudu seçdim”.  17 Atam Davudun ürəyində İsrailin Allahı Rəbbin adına bir məbəd tikmək istəyi var idi.  18Lakin Rəbb atam Davuda dedi: “Sən yaxşı eləmisən ki, Mənim adıma bir məbəd tikmək niyyətinə düşmüsən.  19 Ancaq məbədi sən tikməyəcəksən, sənin belindən gələn oğlun Mənim adıma məbəd tikəcək”.  20Rəbb vəd etdiyini yerinə yetirdi: belə ki mən atam Davudun yerinə qalxdım, Rəbbin dediyi kimi İsrail taxtında oturdum və İsrailin Allahı Rəbbin adına məbəd tikdim.  21Orada sandıq üçün yer hazırladım. Atalarımızı Misir torpağından çıxardığı vaxt Rəbbin onlarla bağladığı əhd onun içindədir».

Məbədin təqdisi üçün Süleymanın duası

(2Saln. 6:12-42)

22Süleyman Rəbbin qurbangahı önündə, bütün İsrail camaatının qarşısında durdu və əllərini göyə açıb dedi:  23«Ya Rəbb, İsrailin Allahı! Nə yuxarıda göydə, nə də aşağıda yerdə Sənin kimi Allah yoxdur. Sən bütün ürəkləri ilə yolunla gedən qullarına əhdini və lütfünü saxlayırsan.  24Sən qulun atam Davuda verdiyin vədə əməl etdin, Öz dilinlə söylədiyini bu gün Öz əlinlə yerinə yetirdin.  25 Ya Rəbb, İsrailin Allahı, indi də qulun atam Davuda dediyin sözə əməl et, Özün söyləmişdin: “Sən yolumla getdiyin kimi oğulların da yolumla gedərək öz əməllərinə diqqət etsələr, İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq”.  26Ey İsrailin Allahı, indi qulun atam Davuda dediyin sözü təsdiq et!  27 Lakin, doğrudan da, Allah yerdə yaşayarmı? Sən göyə və göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim məbədə!  28Ancaq Sən bu qulunun duasına və yalvarışına nəzər sal, ya Rəbb Allahım. Bu gün qulunun Sənin önündə etdiyi fəryadı və duanı eşit.  29 Qoy Sənin nəzərin gecə-gündüz bu məbədin üstündə olsun. Bu yer barədə Sən demisən: “Mənim adım orada olacaq”. Qulunun buraya üz tutub etdiyi duanı eşit.  30Bu yerə tərəf dua etdikləri vaxt Öz qulunun və xalqın İsrailin yalvarışlarını Sən eşit, göydə – Öz məskənində eşit və bağışla!  31Əgər bir adam öz yaxınına qarşı günah edərsə və ondan and içmək tələb olunarsa, o da gəlib bu məbəddə, Sənin qurbangahın önündə and içərsə,  32o vaxt Sən göydə eşit və belə et, qulların üzərində hökm et: əməlini öz başına döndərərək müqəssiri ittiham et və təqsirsizə salehliyinə görə bəraət ver.  33Əgər xalqın İsrail Sənə qarşı günah etdiyi üçün düşmən önündə məğlub olsa, onlar təkrar Sənə tərəf dönüb adını dillərinə gətirsələr və bu məbəddə Sənə yalvarıb fəryad etsələr,  34o vaxt Sən göydə eşit və xalqın İsrailin günahını bağışla, onları yenə atalarına verdiyin torpağa qaytar.  35Əgər xalqın Sənin önündə günah etdiyi üçün göy bağlanıb yağış yağmayan vaxt bu yerə tərəf dua edərək adını dillərinə gətirsələr və Sən onlara bəla göndərdiyin vaxt öz günahlarından dönsələr,  36o vaxt Sən göydə eşit, qullarının və xalqın İsrailin günahını bağışla və gedəcəkləri doğru yolu onlara göstər. Xalqına irs kimi verdiyin torpağına da yağış göndər.  37Əgər ölkədə aclıq, vəba olarsa, səmum küləyi ya kif, çəyirtkə ya bitki qurdu olarsa, əgər düşmən onları ölkənin hər hansı bir şəhərində mühasirəyə alarsa – hansı bəla, hansı xəstəlik olursa-olsun –  38kimsə tərəfindən yaxud da bütün xalqın İsrail tərəfindən bir dua və yalvarış olarsa, hər kəs öz ürəyinin dərdini bilib bu məbədə tərəf əllərini açarsa,  39o vaxt Sən göydə – Öz məskənində eşit, bağışla və bir əlac et. Ürəyini bildiyin hər adama bütün əməllərinə görə əvəz ver, çünki hər insanın ürəyini yalnız Sən bilirsən.  40Ta ki onlar atalarımıza verdiyin torpaqda yaşadıqları bütün günlər boyu Səndən qorxsunlar.  41Əgər xalqın İsraildən olmayan yadelli də Sənin adın naminə uzaq ölkədən gəlsə,  42Sənin böyük adın, qüdrətli əlin və uzanan qolun barədə eşidib bu məbədə tərəf dua etsə,  43o vaxt Sən göydə – Öz məskənində eşit və yadellinin Sənə fəryad etdiyi hər şeyi elə ki, yer üzünün bütün xalqları da Sənin adını tanısınlar, xalqın İsrail kimi Səndən qorxsunlar və tikdiyim bu məbədin Sənin adınla çağırıldığını bilsinlər.  44Əgər xalqın göndərdiyin yolla düşməninə qarşı müharibəyə çıxsa və Sənin seçdiyin şəhərə tərəf, Sənin adına tikdiyim məbədə doğru üz çevirib Rəbbə dua etsə,  45Sən göydə onların dua və yalvarışlarını eşit, onların tərəfində ol.  46Əgər onlar önündə günah etsələr – çünki günah etməyən insan yoxdur – Sən qəzəblənib onları düşmənə təslim etsən və düşmən onları əsir edib yaxın ya uzaq torpağına aparsa,  47onlar əsirlikdə olduqları ölkədə ürəklərini döndərib tövbə etsələr və Sənə dua edərək “biz günah və haqsızlıq etdik, pislik etdik” desələr,  48onları əsir edən düşmənlərin ölkəsində bütün ürəkləri və canları ilə Sənə tərəf dönsələr, atalarına verdiyin torpağa, seçdiyin şəhərə və adına tikdiyim məbədə tərəf üz tutub Sənə dua etsələr,  49o vaxt Sən göydə – Öz məskənində onların dua və yalvarışlarını eşit, onların tərəfində ol.  50Sənin önündə günah edən xalqını və onun Sənə qarşı etdiyi bütün üsyankarlıqları bağışla və onları əsir alanlara insaf ver ki, onlara qarşı rəhmli olsunlar.  51Çünki onlar Sənin xalqın, Sənin irsindir, Sən onları Misirdən, dəmir kürənin içindən çıxartmısan.  52Bu qulunun və xalqın İsrailin yalvarışına nəzər yetir ki, onların Sənə fəryad etdikləri hər sözü eşidəsən.  53Çünki, ya Xudavənd Rəbb, Sən irsin olmaq üçün onları yer üzünün bütün xalqlarından ayırdın. Bunu atalarımızı Misirdən çıxartdığın vaxt qulun Musa vasitəsilə söyləmişdin».

Süleymanın xalqa xeyir-dua verməsi

54Süleyman bütün bu dua və yalvarışlarını Rəbbə söyləyib qurtarandan sonra Rəbbin qurbangahı önündən, əlləri göyə açıq halda diz çökdüyü yerdən qalxdı.  55O ayağa durdu və bütün İsrail camaatına uca səslə xeyir-dua verib dedi:  56 «Rəbbə alqış olsun ki, vəd etdiyi kimi xalqı İsrailə dinclik verdi! Öz qulu Musanın vasitəsilə verdiyi yaxşı vədlərindən heç biri hədər getmədi.  57Qoy Allahımız Rəbb atalarımıza yar olduğu kimi bizə də yar olsun, qoy bizi buraxmasın və tərk etməsin.  58Bizim ürəklərimizi Özünə tərəf yönəltsin ki, Onun yolları ilə gedək və Onun atalarımıza buyurduğu əmrlərinə, qanunlarına və hökmlərinə əməl edək.  59Qoy Rəbbin önündə bu yalvarış sözlərim gecə-gündüz Rəbb Allahımızın xatirində olsun, Öz qulunun və xalqı İsrailin yaxşılığı üçün günbəgün çalışsın.  60Ta ki yer üzünün bütün xalqları bilsin: yalnız Rəbb Allahdır, Ondan başqası yoxdur.  61Qoy sizin ürəyiniz bütünlüklə Allahımız Rəbbə sadiq olsun ki, bu gün olduğu kimi Onun qanunları ilə gedəsiniz və Onun əmrlərinə əməl edəsiniz».

Məbədin təqdis edilməsi

(2Saln. 7:4-10)

62Padşah və onunla birgə bütün İsraillilər Rəbbin önündə qurbanlar kəsdilər.  63Süleymanın Rəbbə təqdim etdiyi ünsiyyət qurbanlarının sayı iyirmi iki min baş mal-qara və yüz iyirmi min baş qoyun-keçi idi. Beləliklə, padşah və bütün İsrail övladları Rəbbin məbədini təqdis etdilər.  64Həmin gün padşah Rəbbin məbədi önündəki həyətin ortasını təqdis etdi ki, yandırma qurbanlarını, taxıl təqdimlərini və ünsiyyət qurbanlarının piyini orada təqdim etsin, çünki Rəbbin önündəki tunc qurbangah kiçik olduğu üçün yandırma qurbanları, taxıl təqdimləri və ünsiyyət qurbanlarının piyi oraya yerləşməzdi.  65O vaxt Süleyman və onunla birgə böyük bir camaat – Xamat keçidindən Misir vadisinə qədər yaşayan bütün İsraillilər Allahımız Rəbbin önündə yeddi gün və daha yeddi gün – on dörd gün bayram etdilər.  66Səkkizinci gün Süleyman xalqı buraxdı. Onlar padşaha xeyir-dua verib Rəbbin qulu Davuda və xalqı İsrailə etdiyi bütün yaxşılıqlara görə sevinclə və şad ürəklə öz evlərinə getdilər.

YUXARI

1 Padşahlar 9

Rəbbin yenə Süleymana görünməsi

(2Saln. 7:11-22)

1Süleyman Rəbbin məbədini, padşah sarayını və tikmək istədiyi bütün şeyləri tamamlayıb qurtarandan sonra  2 Rəbb Giveonda göründüyü kimi ikinci dəfə ona göründü.  3Rəbb Süleymana dedi: «Mən önümdə etdiyin dua və yalvarışını eşitdim. Adımı əbədilik oraya qoymaq üçün tikdiyin bu məbədi təqdis etdim. Mənim nəzərim və ürəyim daim orada olacaq.  4Əgər Mənim sənə əmr etdiklərimi yerinə yetirərək atan Davud kimi ürək bütövlüyü və düzlüklə yolumla getsən, Mənim qanunlarıma və hökmlərimə əməl etsən,  5 sənin padşahlıq taxtını İsrail üzərində əbədi ucaldacağam. Bunu atan Davuda “İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq” deyə vəd etmişdim.  6Ancaq siz və övladlarınız ardımca getməkdən dönüb qarşınıza qoyduğum əmrlərimə və qaydalarıma əməl etməsəniz, gedib başqa allahlara qulluq edərək onlara səcdə etsəniz,  7Mən İsrailliləri onlara verdiyim torpaqdan silib atacağam və Öz adıma təqdis etdiyim bu məbədi hüzurumdan rədd edəcəyəm. Onda İsrail barədə bütün xalqlar arasında məsəl və kinayə söyləniləcək.  8Bu məbədin qalaqları elə uca olacaq ki, yanından keçən hər kəs dəhşətə gələrək deyəcək: “Nə üçün Rəbb bu torpağı və bu məbədi bu cür rədd etdi?”  9Onlara deyəcəklər: “Ona görə ki bu xalq atalarını Misir torpağından çıxaran özlərinin Allahı Rəbbi tərk etdi və başqa allahlardan yapışdı, onlara səcdə və qulluq etdi. Buna görə də Rəbb bütün bu bəlanı onların üzərinə göndərdi”».

Süleymanın Xiramla müqavilə bağlaması

(2Saln. 8:1-2)

10Süleyman iki evi – Rəbbin məbədini və padşah sarayını iyirmi ilə tikib qurtardıqdan sonra  11Sur padşahı Xirama Qalileya diyarında iyirmi şəhər verdi, çünki Xiram Süleymana onun arzusuna görə sidr, şam ağacları və qızıl göndərmişdi.  12Xiram Surdan çıxdı ki, Süleymanın ona verdiyi şəhərlərə baxsın. Onlar Xiramın xoşuna gəlmədi.  13O dedi: «Qardaşım, bu nə şəhərlərdir, mənə vermisən?» Onları Kavul torpağı adlandırdı və bu günə qədər onlar belə adlanır.  14Xiram padşaha yüz iyirmi talant qızıl göndərdi.

Süleymanın tikinti işləri

(2Saln. 8:3-18)

15Padşah Süleyman əmək mükəlləfiyyəti qoyub bu işləri gördü: Rəbbin məbədini, öz sarayını, qala yamacını, Yerusəlim divarını, Xasoru, Megiddonu və Gezeri tikdi.  16Misir padşahı firon gəlib Gezeri tutmuşdu və oranı yandırmışdı. Şəhərdə yaşayan Kənanlıları qırmışdı və bu şəhəri öz qızına – Süleymanın arvadına cehiz vermişdi.  17Süleyman yenidən Gezeri tikdi. O həmçinin Aşağı Bet-Xoronu,  18Baalatı, ölkədəki səhralıqda olan Tadmoru,  19özünün bütün anbar şəhərlərini, döyüş arabalarının olduğu şəhərləri, süvarilərin olduğu şəhərləri, Yerusəlimdə, Livanda və onun hökmranlığı altında olan bütün yerlərdə tikmək istədiyi hər şeyi tikdi.  20Ölkədə İsrail övladlarından olmayan başqa xalqlar – Emorlular, Xetlilər, Perizlilər, Xivlilər və Yevuslular qalmışdı,  21çünki İsraillilər onların atalarını tamamilə məhv edə bilməmişdilər. Süleyman onları mükəlləfiyyətçi qul etdi və bu indiyə qədər belədir.  22İsrail övladlarını isə qul etmədi, ancaq onlar Süleymanın əsgərləri, əyanları, rəisləri və sərkərdələri, döyüş arabalarının və süvarilərinin başçıları idi.  23Süleymanın işlərinə nəzarət edən rəislər də İsraillilərdən idi. İş görən xalqa rəislik edən bu adamlar beş yüz əlli nəfər idi.  24Fironun qızı Davudun şəhərindən Süleymanın onun üçün tikdiyi evinə köçdü. Sonra Süleyman qala yamacını tikdi.  25 Süleyman Rəbbə tikdiyi qurbangahın üzərində ildə üç dəfə yandırma qurbanları və ünsiyyət qurbanları gətirirdi, bununla bərabər Rəbbin önündə buxur yandırırdı. Beləcə o, məbədin işini görürdü.

Süleymanın donanması

26Padşah Süleyman həmçinin Edom ölkəsində, Qırmızı dənizin körfəzində, Elatın yanında olan Esyon-Gever limanında donanma düzəltdi.  27Xiram öz təbəəsi olan dənizə bələd gəmiçiləri Süleymanın adamları ilə birgə donanmaya göndərdi.  28Onlar Ofirə gəldilər və oradan dörd yüz iyirmi talant qızıl götürüb padşah Süleymana gətirdilər.

YUXARI

1 Padşahlar 10

Səba mələkəsinin Süleymanın yanına gəlməsi

(2Saln. 9:1-12)

1Səba mələkəsi Rəbbin adından ötrü Süleymanın şöhrətini eşidib onu tapmacalarla sınamağa gəldi.  2O, çox böyük karvanla – ətriyyat, çoxlu qızıl və qiymətli daşlarla yüklənmiş dəvələrlə Yerusəlimə, Süleymanın yanına gəldi və ürəyində olan hər şey barədə onunla söhbət etdi.  3Süleyman onun bütün suallarına cavab verdi, elə bir gizli şey olmadı ki, padşah ona izah etməsin.  4Səba mələkəsi Süleymanın bütün hikmətini və onun tikdiyi sarayı,  5süfrəsindəki yeməyi, əyanlarının oturuşunu, qulluqçularının xidmətini və onların geyimlərini, saqilərini, Rəbbin məbədində gətirdiyi yandırma qurbanlarını görəndə daha özünü saxlaya bilmədi.  6O, padşaha dedi: «Sənin işlərin və hikmətin barədə öz ölkəmdə eşitdiyim sözlər düz imiş.  7Gəlib öz gözlərimlə görənə qədər mən bu sözlərə inanmamışdım. Mənə heç gördüklərimin yarısı danışılmayıb, sənin hikmətin və var-dövlətin mən eşitdiyim şöhrətdən üstündür.  8Sənin adamların nə bəxtiyardır, bu qulluqçuların nə bəxtiyardır ki, həmişə önündə durub hikmətini eşidirlər.  9Allahın Rəbbə alqış olsun ki, səni istəyib İsrail taxtında oturtdu! Rəbb İsrailə olan əbədi sevgisi naminə ədalət və salehliklə hökm etmək üçün səni padşah qoydu».  10Səba mələkəsi padşaha yüz iyirmi talant qızıl, çoxlu ətriyyat və qiymətli daşlar bağışladı. Onun padşah Süleymana verdiyi qədər çox ətriyyat hələ heç vaxt gəlməmişdi.  11Ofirdən qızıl gətirən Xiramın gəmiləri oradan çoxlu ardıc ağacı və qiymətli daşlar gətirdi.  12Padşah ardıc ağacından Rəbbin məbədi və padşah sarayı üçün sürahi, musiqiçilər üçün lira və çəng düzəltdi. Heç vaxt bu qədər ardıc ağacı gəlməmişdi və bu günə qədər görünməmişdi.  13Padşah Süleymanın öz səxavətinə görə Səba mələkəsinə verdiklərindən başqa, padşah onun arzuladığı və istədiyi bütün şeyləri verdi. O da adamları ilə birgə qayıdıb öz ölkəsinə getdi.

Padşah Süleymanın var-dövləti

(2Saln. 9:13-28)

14Bir ildə Süleymana gələn qızılın çəkisi altı yüz altmış altı talant idi.  15Alver edən adamlardan, tacirlərin ticarətindən, bütün Ərəb padşahlarından və ölkənin valilərindən gələn qızıl buraya daxil deyildi.  16Padşah Süleyman döymə qızıldan iki yüz sipər düzəltdi. Bir sipərə altı yüz şekel qızıl işləndi.  17O, döymə qızıldan üç yüz qalxan da düzəltdi. Bir qalxana üç mina qızıl işləndi. Padşah onları «Livan meşəsi» adlı sarayına qoydu.  18Padşah fil sümüyündən böyük taxt düzəltdi və onu xalis qızılla örtdü.  19Taxtın altı pilləsi var idi. Arxa tərəfdən taxtın başı dəyirmi idi. Oturacağın hər iki tərəfində qollar var idi, qolların yanında iki şir təsviri var idi.  20Altı pillənin iki tərəfində isə on iki şir təsviri var idi. Heç bir padşahlıqda belə şey yox idi.  21Padşah Süleymanın bütün içki qabları qızıldan idi, «Livan meşəsi» adlı sarayında olan bütün əşyalar da xalis qızıldan idi. Gümüşdən heç bir şey yox idi, çünki gümüş Süleymanın dövründə heç nə sayılırdı.  22Padşahın dənizdə Xiramın gəmiləri ilə birgə Tarşiş gəmiləri var idi. Üç ildə bir dəfə Tarşiş gəmiləri qızıl, gümüş, fil sümüyü, meymunlar və əntərlərlə yüklənərək gəlirdi.  23Padşah Süleyman var-dövlətdə və hikmətdə yer üzünün bütün padşahlarından üstün idi.  24Süleymanın ürəyinə Allahın qoyduğu hikməti eşitmək üçün hamı onun üzünü görmək istəyirdi.  25Onun yanına gələn hər kəs hədiyyə gətirirdi. Beləcə ona hər il qızıl və gümüş qablar, paltarlar, silahlar, ətriyyat, atlar və qatırlar gətirilirdi.  26 Süleyman döyüş arabaları və süvarilər topladı. Onun min dörd yüz döyüş arabası və on iki min süvarisi var idi. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi.  27 Padşah Yerusəlimdə çoxluğuna görə gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən firon ənciri ağacına bərabər etdi.  28 Süleymanın atları Misirdən və Quvedən gətirilirdi, padşahın tacirləri onları Quvedən satın alırdılar.  29Hər bir döyüş arabası altı yüz şekel, hər bir at isə yüz əlli şekel gümüşə başa gəlib, Misirdən gətirilirdi. Bütün Xet və Aram padşahları da bunları Süleymanın tacirlərinin vasitəsilə alırdılar.

YUXARI

1 Padşahlar 11

Süleymanın Allahdan uzaqlaşması

1Padşah Süleyman fironun qızından başqa, Moavlılar, Ammonlular, Edomlular, Sidonlular və Xetlilərdən çoxlu yadelli qadın sevdi.  2 Rəbb İsrail övladlarına bu xalqlar barədə demişdi: «Onlardan qız almayın və onlara qız verməyin. Əgər belə etsəniz, hökmən ürəyinizi öz allahlarına tərəf azdıracaqlar». Bu qadınlar da həmin xalqlardan idi. Süleyman sevgi ilə onlara bağlandı.  3Onun zadəgan nəslindən olan yeddi yüz arvadı və üç yüz kənizi var idi. Arvadları onun ürəyini yoldan çıxartdılar.  4Onlar Süleymanın qocalıq çağında onun ürəyini başqa allahlara tərəf azdırdılar və onun ürəyi atası Davuddan fərqli olaraq Allahı Rəbbə sadiq deyildi.  5Süleyman Sidonluların ilahəsi Aştoretə və Ammonluların iyrənc bütü Milkoma xidmət etdi.  6Süleyman Rəbbin gözündə pis olan işlər etdi və atası Davuddan fərqli olaraq Rəbbə tamamilə xidmət etmədi.  7Onda Süleyman Yerusəlimin şərqindəki dağda Moavın iyrənc bütü Kemoş üçün və Ammon övladlarının iyrənc bütü Molek üçün səcdəgah düzəltdi.  8O öz allahlarına buxur yandıran və qurbanlar gətirən bütün yadelli arvadları üçün belə etdi.  9Rəbb Süleymana qəzəbləndi, çünki onun ürəyi İsrailin Allahı Rəbdən dönmüşdü. Rəbb ona iki dəfə görünərək  10«başqa allahlara xidmət etmə» deyə bu barədə əmr etdi, o isə Rəbbin əmrinə əməl etmədi.  11Ona görə də Rəbb Süleymana dedi: «Bu niyyətdə olduğuna görə, sənə əmr etdiyim əhdimə və qaydalarıma əməl etmədiyin üçün Mən hökmən padşahlığını əlindən çəkib alacağam və onu sənin quluna verəcəyəm.  12Ancaq atan Davudun xatirinə Mən bunu sənin dövründə etməyəcəyəm, onu sənin oğlunun əlindən çəkib alacağam.  13Həm də bütün padşahlığı çəkib almayacağam, qulum Davudun xatirinə və Mənim seçdiyim Yerusəlimdən ötrü bir qəbiləni sənin oğluna verəcəyəm».

Süleymanın düşmənləri

14Rəbb Edomlu Hadadı Süleymana düşmən etdi. O, Edomun padşah nəslindən idi.  15Davud Edomda olarkən ordu başçısı Yoav ölənləri basdırmaq üçün gəlib Edomda bütün kişiləri qırmışdı.  16Yoav bütün İsraillilərlə birgə Edomda olan bütün kişiləri qırana qədər altı ay orada qalmışdı.  17O zaman Hadad və atasının əyanlarından olan bəzi Edomlular onunla birgə Misirə tərəf qaçmışdılar. Hadad balaca bir uşaq idi.  18Onlar Midyandan qalxıb Parana gəldilər, Parandan özləri ilə adamlar götürüb Misirə, Misir padşahı fironun yanına gəldilər. O, Hadada ev və torpaq verdi, onu azuqə ilə təmin etdi.  19Hadad fironun gözündə böyük rəğbət qazandı və firon arvadı mələkə Taxpenesin bacısını ona arvad olmaq üçün verdi.  20Taxpenesin bacısı ona oğlu Genuvatı doğdu. Taxpenes özü fironun evində onu böyütdü. Genuvat fironun evində, fironun oğulları arasında idi.  21Hadad Misirdə olanda Davudun vəfat etdiyini və ordu başçısı Yoavın öldüyünü eşidib firona dedi: «Göndər məni, öz ölkəmə gedim».  22Firon ona dedi: «Məgər mənim yanımda bir şeyə ehtiyacın var ki, öz ölkənə getmək istəyirsən?» O cavab verdi: «Yox, ancaq sən məni göndər, gedim».  23Allah həmçinin ağası Sova padşahı Hadadezerdən qaçan Elyada oğlu Rezonu Süleymana düşmən etdi.  24Davud Sovalıları qırandan sonra o, yanına adamlar toplayıb bir quldur dəstəsinin başçısı olmuşdu. Bu adamlar Dəməşqə gedib orada qalmışdılar və Dəməşqdə hökmranlıq edirdilər.  25O, Süleymanın bütün ömrü boyu İsrailə düşmən idi. Hadadın etdiyi pisliklərlə birgə o da həmişə İsraillilərə pislik edirdi və kin bəsləyirdi. Aramda o, padşahlıq edirdi.

Yarovamın padşah olacağı barədə peyğəmbərlik

26Süleymanın təbəələrindən biri – Seredadan olan Efrayimli Nevat oğlu Yarovam da padşaha qarşı çıxmışdı. Onun dul bir qadın olan anasının adı Serua idi.  27Yarovamın padşaha qarşı çıxmasının səbəbi bu idi: Süleyman qala yamacını tikdi və atası Davudun şəhərinin divarındakı yarığı bərpa etdi.  28Yarovam bacarıqlı adam idi. Süleyman cavan oğlanın iş bacarığını gördü və onu Yusifin nəslindən olan ağır işdə işləyən adamların üzərində rəis qoydu.  29O zaman günlərin birində Yarovam Yerusəlimdən çıxdı və yolda Şilolu peyğəmbər Axiya onu qarşıladı. Axiya təzə paltar geymişdi. Çöldə yalnız onlar ikisi idi.  30Axiya əynində olan təzə paltarı götürüb on iki yerə cırdı.  31Sonra Yarovama dedi: «Özünə on hissə götür, çünki İsrailin Allahı Rəbb belə deyir: “Mən padşahlığı Süleymanın əlindən çəkib alıram və on qəbiləni sənə verirəm.  32Ancaq qulum Davudun xatirinə və İsrailin bütün qəbilələrindən seçdiyim şəhər olan Yerusəlimdən ötrü bir qəbilə onun olacaq.  33Bunu ona görə edirəm ki, Süleyman Məni tərk etdi və Sidonluların ilahəsi Aştoretə, Moav allahı Kemoşa, Ammonluların allahı Milkoma səcdə etdi. Atası Davud gözümdə doğru olan işlər etməklə, qaydalarıma və əmrlərimə əməl etməklə Mənim yolumla getdi, amma Süleyman belə etmədi.  34Buna baxmayaraq, bütün padşahlığı onun əlindən çəkib almayacağam. Əmrlərimə və qaydalarıma əməl edən seçdiyim qulum Davudun xatirinə onu bütün ömrü boyu hökmdar edəcəyəm.  35Padşahlığı onun oğlunun əlindən çəkib alacağam və on qəbiləni sənə verəcəyəm.  36 Onun oğluna isə bir qəbiləni verəcəyəm ki, Mənim önümdə, adımı oraya qoymaq üçün seçdiyim şəhər olan Yerusəlimdə həmişə qulum Davudun çırağı olsun.  37Mən səni seçirəm, sən ürəyin istədiyi hər şey üzərində hökmranlıq edəcəksən və İsrailin padşahı olacaqsan.  38Əgər qulum Davud kimi Mənim qanunlarıma və əmrlərimə əməl edərək sənə buyurduğum hər şeyə qulaq assan, Mənim yolumla getsən və Mənim gözümdə doğru olan işlər görsən, onda Mən səninlə olacağam. Davud üçün qurduğum kimi sənin üçün də möhkəm bir sülalə quracağam və İsraili sənə verəcəyəm.  39Mən bundan ötrü Davudun nəslini alçaldacağam, ancaq həmişəlik yox”».  40Süleyman Yarovamı öldürmək istədi, ancaq Yarovam qalxıb Misirə, Misir padşahı Sisaqın yanına qaçdı və Süleymanın ölümünə qədər Misirdə qaldı.

Süleymanın ölümü

(2Saln. 9:29-31)

41Süleymanın qalan işləri, etdiyi hər şey və onun hikməti barədə Süleymanın əməlləri kitabında yazılmışdır.  42O, Yerusəlimdə bütün İsrail üzərində qırx il padşahlıq etmişdi.  43Süleyman ataları ilə uyudu və atası Davudun şəhərində basdırıldı. Onun yerinə oğlu Rexavam padşah oldu.

YUXARI

1 Padşahlar 12

İsraillilərin Rexavama qarşı çıxması

(2Saln. 10:1-19)

1Rexavam Şekemə getdi, çünki bütün İsraillilər onu padşah etmək üçün Şekemə gəlmişdilər.  2Nevat oğlu Yarovam bunu eşitdiyi zaman hələ Misirdə idi. Oraya padşah Süleymanın əlindən qaçmışdı və Misirdə yaşayırdı.  3Onu çağırtdırdılar. Yarovam gəldi və bütün İsrail camaatı ilə birgə Rexavama söylədi:  4«Atan üzərimizə ağır boyunduruq qoydu. Sən isə indi atanın çətin qulluğunu və üzərimizə qoyduğu ağır boyunduruğu yüngülləşdir, biz də sənə qulluq edərik».  5Rexavam onlara dedi: «İndi gedin və üç gündən sonra yenə mənim yanıma gəlin». Xalq getdi.  6Padşah Rexavam atası Süleymanın sağlığında onun önündə duran ağsaqqallarla məsləhət edib dedi: «Bu xalqa cavab vermək üçün mənə nə məsləhət verirsiniz?»  7Ağsaqqallar ona dedilər: «Əgər bu gün sən bu xalqa xidmətçi olsan, onlara qulluq etsən və onlara cavab verəndə yaxşı sözlər desən, daim sənə qul olacaqlar».  8Ancaq o, ağsaqqalların verdikləri məsləhətə məhəl qoymadı, onunla birgə böyümüş və onun önündə duran cavan adamlarla məsləhətləşdi.  9Onlara dedi: «Siz nə məsləhət verirsiniz? Mənə “atanın üzərimizə qoyduğu boyunduruğu yüngülləşdir” deyən bu xalqa nə cavab verim?»  10Onunla birgə böyümüş cavan adamlar ona dedilər: «Sənə “atan üzərimizə ağır boyunduruq qoydu, sən isə onu yüngülləşdir” deyən bu xalqa belə söylə: “Mənim kiçik barmağım atamın belindən yoğundur.  11Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə sizin boyunduruğunuzu daha da artıracağam; atam sizi qamçılarla cəzalandırırdı, mən isə sizi əqrəblərlə cəzalandıracağam”».  12«Üç gündən sonra yenə yanıma gəlin» deyə padşahın söylədiyi kimi Yarovam bütün xalqla birgə üç gündən sonra Rexavamın yanına gəldi.  13Padşah xalqa sərt cavab verdi, ağsaqqalların ona verdiyi məsləhətə məhəl qoymayıb  14cavan adamların məsləhətinə görə xalqa dedi: «Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə sizin boyunduruğunuzu daha da artıracağam; atam sizi qamçılarla cəzalandırırdı, mən isə əqrəblərlə cəzalandıracağam».  15Padşah xalqa qulaq asmadı, çünki bu hadisə Rəbb tərəfindən oldu ki, O, Şilolu Axiya vasitəsilə Nevat oğlu Yarovama söylədiyi sözü yerinə yetirsin.  16 Bütün İsraillilər padşahın onlara qulaq asmadığını gördülər. Onda xalq ona cavab verib dedi: «Davudla bizim nə şərikliyimiz var?

Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur!

Ey İsraillilər, çadırınıza!

İndi, ey Davud, öz evinin halına özün bax!»

İsraillilər evlərinə getdilər.  17Rexavam yalnız Yəhuda şəhərlərində yaşayan İsrail övladları üzərində padşahlıq etdi.  18Padşah Rexavam mükəlləfiyyətçilər üzərində nəzarətçi olan Adoniramı göndərdi, bütün İsraillilər onu daşqalaq edib öldürdülər. Padşah Rexavam Yerusəlimə qaçmaq üçün tələsik öz döyüş arabasına mindi.  19Beləcə İsraillilər Davudun sülaləsinə qarşı qalxdılar və bu indiyə qədər belədir.  20Bütün İsraillilər Yarovamın qayıtdığını eşidəndə onu toplantıya çağırtdırdılar və bütün İsrail üzərində onu padşah etdilər. Yəhuda qəbiləsindən başqa Davud sülaləsinin arxasınca gedən olmadı.

Şemayanın peyğəmbərliyi

(2Saln. 11:1-4)

21Rexavam Yerusəlimə gəldi. O, İsrail evi ilə müharibə edib öz padşahlığını qaytarmaq üçün bütün Yəhuda evini və Binyamin qəbiləsini – yüz səksən min seçmə döyüşçünü topladı.  22Ancaq Allah adamı Şemayaya Allahın bu sözü nazil oldu:  23«Yəhuda padşahı Süleyman oğlu Rexavama, bütün Yəhuda və Binyamin evinə, qalan xalqa söylə ki,  24Rəbb belə deyir: “Getməyin və öz soydaşlarınız olan İsrail övladları ilə müharibə etməyin. Hər kəs öz evinə qayıtsın, çünki bu iş Mənim tərəfimdən oldu”». Onlar Rəbbin sözünə qulaq asdılar və Rəbbin sözünə görə geri qayıtdılar.

Yarovamın İsrailə etdirdiyi günah

25Yarovam Efrayimin dağlıq bölgəsində Şekemi tikdi və orada yaşadı. Oradan çıxıb Penueli tikdi.  26Yarovam ürəyində dedi: «Padşahlıq yenə Davud sülaləsinə qayıda bilər.  27Əgər bu xalq Yerusəlimə, Rəbbin məbədinə qurban gətirmək üçün gedərsə, bu xalqın ürəyi ağalarına – Yəhuda padşahı Rexavama tərəf dönəcək. Onlar məni öldürüb Yəhuda padşahı Rexavamın tərəfinə keçəcəklər».  28 Padşah məsləhətləşib iki qızıl dana düzəltdi və xalqa dedi: «Sizə daha Yerusəlimə getmək lazım deyil. Ey İsraillilər, sizi Misir torpağından çıxaran allahlarınız bunlardır».  29O, danalardan birini Bet-Eldə, o birini isə Danda qoydu.  30Bu iş günah oldu. Xalq onlardan birinə səcdə etmək üçün Dana qədər gedirdi.  31Yarovam səcdəgahlarda ibadət evləri tikdi və xalqın arasından Levililərdən olmayan kahinlər təyin etdi.

Yarovam və Yəhudalı Allah adamı

32 Yarovam səkkizinci ayın on beşinci günü Yəhudada keçirilən bayram kimi bir bayram keçirdi. Bet-Eldə düzəltdiyi danalara qurban gətirmək üçün qurbangaha qalxdı və tikdiyi səcdəgahların kahinlərini Bet-Eldə vəzifəyə qoydu.  33O öz istəyincə uydurduğu vaxt – səkkizinci ayın on beşinci günü İsrail övladları üçün bayram keçirdi və buxur yandırmaq üçün Bet-Eldə düzəltdiyi qurbangaha qalxdı.

YUXARI

1 Padşahlar 13

1Yarovam buxur yandırmaq üçün qurbangahın yanında durduğu vaxt bir Allah adamı Rəbbin sözü ilə Yəhudadan Bet-Elə gəlib  2 Rəbbin adından qurbangaha müraciətlə dedi: «Qurbangah, ay qurbangah! Rəbb belə deyir: “Budur, Davudun nəslində bir oğlan uşağı doğulacaq, onun adı Yoşiya olacaq. O sənin üstündə, orada buxur yandıran səcdəgahların kahinlərini qurban edib insan sümükləri yandıracaq”».  3Allah adamı həmin gün bir əlamət verib dedi: «Rəbbin söylədiyi əlamət budur: “Bu qurbangah bölünəcək və üstündəki kül töküləcək”».  4Padşah Yarovam Allah adamının Bet-Eldə qurbangaha müraciətlə dediyi sözü eşidəndə qurbangahın üzərindən əlini uzadıb «onu tutun» dedi. Onun Allah adamına qarşı uzatdığı əli qurudu və əlini özünə tərəf döndərə bilmədi.  5Allah adamının Rəbbin sözü ilə verdiyi əlamətə görə qurbangah bölündü və kül qurbangahdan töküldü.  6Onda padşah Allah adamına dedi: «Allahın Rəbbi rəhmə gətir və mənim üçün dua et ki, əlimi özümə tərəf döndərə bilim». Allah adamı Rəbbi rəhmə gətirdi və padşahın əli özünə tərəf dönüb əvvəlki kimi oldu.  7Padşah Allah adamına dedi: «Mənimlə birgə evə gedib nahar edək. Mən sənə hədiyyə verərəm».  8Allah adamı isə padşaha dedi: «Sən mənə malının yarısını da versən, səninlə getmərəm, bu yerdə çörək yeyib su içmərəm.  9Çünki Rəbbin sözü ilə mənə belə əmr gəldi: “Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma”».  10Allah adamı başqa yolla getdi və Bet-Elə gəldiyi yolla geri qayıtmadı.

Allah adamı və qoca peyğəmbər

11Bet-Eldə qoca bir peyğəmbər yaşayırdı. Onun oğullarından biri gəlib Allah adamının həmin gün Bet-Eldə etdiyi bütün işlər barədə danışdı. Oğulları onun padşaha söylədiyi sözləri də atalarına bildirdilər.  12Ata onlara dedi: «O hansı yolla getdi?» Oğulları Yəhudadan gələn Allah adamının hansı yolla getdiyini ona göstərdilər.  13O öz oğullarına dedi: «Mənim üçün eşşəyi palanlayın». Eşşəyi onun üçün palanladılar və o, eşşəyin üstünə minib  14Allah adamının dalınca getdi. Onu palıd ağacının altında oturmuş halda tapdı və ona dedi: «Yəhudadan gələn Allah adamı sənsənmi?» O da «mənəm» dedi.  15Sonra qoca peyğəmbər ona dedi: «Mənimlə birgə evə gedib nahar edək».  16O dedi: «Səninlə qayıdıb evinə getmərəm, bu yerdə səninlə çörək yeyib su içmərəm.  17Çünki Rəbbin sözü ilə mənə deyildi: “Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma”».  18Qoca peyğəmbər ona dedi: «Mən də sənin kimi bir peyğəmbərəm. Bir mələk Rəbbin sözü ilə mənə dedi: “Onu qaytarıb özünlə evinə gətir, çörək yeyib su içsin”». Ancaq bunu ona yalandan söylədi.  19Allah adamı onunla qayıtdı, onun evində çörək yeyib su içdi.  20Onlar süfrə arxasında oturarkən onu yoldan qaytaran peyğəmbərə Rəbbin sözü nazil oldu.  21O, Yəhudadan gələn Allah adamına müraciətlə dedi: «Rəbb belə deyir: “Sən Rəbbin sözünə qarşı getdin və Allahın Rəbbin sənə etdiyi əmrə əməl etmədin,  22geri qayıdaraq Onun sənə ‹çörək yeyib su içmə› dediyi yerdə çörək yeyib su içdin. Buna görə də cəsədin atalarının qəbrinə girməyəcək”».  23Yoldan qaytardığı peyğəmbər çörək yeyib su içdikdən sonra qoca peyğəmbər onun üçün eşşəyi palanladı.  24Allah adamı getdi, yolda ona bir şir rast gəldi və onu öldürdü. Onun cəsədi yola sərilmişdi və eşşək onun yanında dayanmışdı, şir də cəsədin yanında durmuşdu.  25Adamlar onların yanından keçirdilər, yola sərilmiş cəsədi, cəsədin yanında durmuş şiri gördülər və gəlib qoca peyğəmbərin yaşadığı şəhərdə söylədilər.  26Onu yoldan qaytaran peyğəmbər bunu eşidib dedi: «O, Rəbbin sözünə qarşı gedən Allah adamıdır. Rəbb də ona söylədiyi sözə görə onu şirə verdi və şir onu didib öldürdü».  27O, oğullarına dedi: «Mənim üçün eşşəyi palanlayın». Onlar eşşəyi palanladılar.  28O gedib yola sərilmiş cəsədi tapdı. Eşşək və şir cəsədin yanında durmuşdu. Şir cəsədi yeməmiş və eşşəyə toxunmamışdı.  29Qoca peyğəmbər Allah adamının cəsədini götürüb eşşəyin üstünə qoydu və yas tutub onu basdırmaq üçün öz şəhərinə geri gətirdi.  30Onun cəsədini özünün qəbrinə qoydu. «Ah, qardaşım!» deyib onun üçün yas tutdular.  31Onu basdırandan sonra qoca peyğəmbər oğullarına dedi: «Öləndə məni Allah adamının basdırıldığı qəbirdə basdırın, sümüklərimi onun sümüklərinin yanına qoyun.  32Çünki Bet-Eldə olan qurbangaha və Samariya şəhərlərində olan səcdəgahların bütün ibadət evlərinə müraciətlə deyilmiş Rəbbin sözü hökmən yerinə yetəcək».

Yarovam günahlarını davam etdirir

33Bu işdən sonra da Yarovam öz pis yolundan dönmədi. Yenə də səcdəgahlara xalqın hər təbəqəsindən olan kahinlər qoydu. O, səcdəgahların kahini olmaq istəyən hər kəsi təqdis etdi.  34Bu günah iş Yarovam nəslinin yer üzündən silinib atılmasına və məhv olmasına səbəb oldu.

YUXARI

1 Padşahlar 14

Yarovamın oğlunun ölümü

1O vaxt Yarovamın oğlu Aviya xəstələndi.  2Yarovam arvadına dedi: «Qalx öz qiyafəni elə dəyiş ki, sənin Yarovamın arvadı olduğunu bilməsinlər. Şiloya get, peyğəmbər Axiya oradadır. O mənim barəmdə demişdi ki, bu xalqın padşahı olacağam.  3Əlinə on kömbə çörək, qurabiyələr və bir küpə bal götürüb onun yanına get. Oğlana nə olacağını o sənə bildirəcək».  4Yarovamın arvadı belə də etdi: qalxıb Şiloya getdi və Axiyanın evinə gəldi. Axiya artıq görə bilmirdi, çünki qocaldığı üçün gözləri zəifləmişdi.  5Rəbb Axiyaya demişdi: «Yarovamın arvadı oğlu barədə səndən soruşmağa gəlir, çünki oğlu xəstədir. O başqa bir qiyafədədir. Sən ona belə-belə deyərsən».  6Qadın qapıdan girəndə Axiya onun ayaq səslərini eşidib dedi: «Yarovamın arvadı, içəri gəl! Sən nə üçün qiyafəni dəyişmisən? Mən sənə ağır xəbər söyləmək üçün göndərilmişəm.  7Get, Yarovama söylə ki, İsrailin Allahı Rəbb belə deyir: “Mən səni xalqın içindən yüksəldib xalqım İsrailin üzərində hökmran etdim.  8Padşahlığı Davudun nəslindən çəkib aldım və sənə verdim. Sən isə qulum Davud kimi olmadın. O, əmrlərimə əməl edib gözümdə yalnız doğru olan işi görmək üçün bütün ürəyi ilə Mənə xidmət edirdi.  9Səndən əvvəl olanların hamısından çox pislik etdin. Məni qəzəbləndirmək üçün gedib özünə başqa allahlar, tökmə bütlər düzəltdin və Məni kənara atdın.  10 Bunun üçün Mən Yarovamın nəsli üzərinə bəla gətirəcəyəm. İsraildə Yarovamın nəslindən divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam və onları peyin yandırılan kimi hamısı tükənənə qədər bütünlüklə yandırıb məhv edəcəyəm.  11Yarovamdan şəhərdə ölənləri köpəklər, çöldə ölənləri quşlar yeyəcək, çünki Rəbb belə söylədi”.  12Sən qalxıb evinə get. Şəhərə ayaq basdığın vaxt oğlan öləcək.  13Bütün İsraillilər yas tutub onu basdıracaq. Amma Yarovam nəslindən yalnız o, qəbirə gedəcək, çünki İsrailin Allahı Rəbb Yarovamın nəslindən yalnız onda yaxşı bir şey tapmışdır.  14Rəbb Özü üçün İsrail üzərində bir padşah qoyacaq, o da Yarovamın nəslini bu gün kəsib atacaq, hətta indi belə olacaq.  15Rəbb İsraili suda yellənən bir qamış kimi vuracaq və İsrailliləri atalarına verdiyi bu yaxşı torpaqdan çəkib çıxaracaq, onları Fərat çayının o tərəfinə səpələyəcək, çünki özlərinə Aşera bütləri düzəldərək Rəbbi qəzəbləndirdilər.  16Yarovamın etdiyi və İsraillilərə etdirdiyi günahları ucbatından Rəbb İsraildən üz döndərəcək».  17Yarovamın arvadı qalxıb getdi və Tirsaya gəldi. Evin astanasına ayaq basdığı vaxt oğlan öldü.  18Bütün İsraillilər onu basdırıb yas tutdular. Beləcə Rəbbin Öz qulu peyğəmbər Axiya vasitəsilə söylədiyi sözü yerinə yetdi.

Yarovamın ölümü

19Yarovamın qalan işləri, necə döyüşdüyü və necə padşahlıq etdiyi barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  20Yarovam iyirmi iki il padşahlıq etdi. O, ataları ilə uyudu və yerinə oğlu Nadav padşah oldu.

Yəhuda padşahı Rexavam

(2Saln. 11:5-12:15)

21Süleyman oğlu Rexavam Yəhudada padşahlıq etdi. Rexavam padşah olan vaxt qırx bir yaşında idi. O, Rəbbin Öz adını qoymaq üçün İsrailin bütün qəbilələrindən seçdiyi şəhərdə – Yerusəlimdə on yeddi il padşahlıq etdi. Anası Ammonlu olub adı Naama idi.  22Yəhudalılar Rəbbin gözündə pis olan işlər etdilər və atalarının etdiyi bütün günahlardan da çox günah etməklə Rəbdə qısqanclıq oyatdılar.  23 Onlar da hər yüksək təpə üzərində və hər kölgəli ağac altında özləri üçün səcdəgahlar, sütunlar və Aşera bütləri düzəltdilər.  24 Ölkədə həm də məbəd fahişəliyi ilə məşğul olan kişilər var idi. Xalq İsrail övladlarının önündən Rəbbin qovduğu millətlərin bütün iyrənc işlərinə görə davrandı.  25 Rexavamın padşahlığının beşinci ilində Misir padşahı Sisaq Yerusəlimə hücum etdi.  26 O, Rəbbin məbədinin və padşah sarayının xəzinələrini götürdü. Hər şeyi aldı, Süleymanın düzəltdiyi bütün qızıl qalxanları da götürdü.  27Padşah Rexavam onların yerinə tunc qalxanlar düzəltdi və bunları padşah sarayının qapısını qoruyan mühafizəçi rəislərin əlinə verdi.  28Hər dəfə padşah Rəbbin məbədinə gələndə mühafizəçilər onları daşıyır və sonra mühafizəçilərin otağına geri gətirirdilər.  29Rexavamın qalan işləri və onun etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  30Rexavamla Yarovam arasında həmişə müharibə gedirdi.  31Rexavam ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Anası Ammonlu olub adı Naama idi. Onun yerinə oğlu Aviya padşah oldu.

YUXARI

1 Padşahlar 15

Yəhuda padşahı Aviya

(2Saln. 13:1-14:1)

1Nevat oğlu Yarovamın padşahlığının on səkkizinci ilində Aviya Yəhuda üzərində padşah oldu.  2O, Yerusəlimdə üç il padşahlıq etdi. Anasının adı Avişalom qızı Maaka idi.  3Aviya atasının ondan qabaq etdiyi bütün günahları ilə getdi. Onun ürəyi babası Davuddan fərqli olaraq Allahı Rəbbə sadiq deyildi.  4 Ancaq Allahı Rəbb Davudun xatirinə ona Yerusəlimdə bir çıraq verdi, özündən sonra oğlunu onun yerinə oturtdu və Yerusəlimi möhkəmləndirdi.  5 Çünki Xetli Uriya ilə olan işindən başqa, Davud Rəbbin gözündə doğru olan işlər etdi və bütün ömrü boyu Onun əmr etdiyi heç bir şeydən kənara çıxmadı.  6 Aviyanın bütün ömrü boyu Rexavam və Yarovam arasında müharibə gedirdi.  7Aviyanın qalan işləri və onun etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. Aviya ilə Yarovam arasında müharibə gedirdi.  8Aviya ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Onun yerinə oğlu Asa padşah oldu.

Yəhuda padşahı Asa

(2Saln. 15:16-16:6)

9İsrail padşahı Yarovamın padşahlığının iyirminci ilində Asa Yəhuda üzərində padşah oldu.  10O, Yerusəlimdə qırx bir il padşahlıq etdi. Nənəsinin adı Avişalom qızı Maaka idi.  11Asa babası Davud kimi Rəbbin gözündə doğru olan işlər etdi.  12 O, məbəd fahişəliyi ilə məşğul olan kişiləri ölkədən qovdu və atalarının düzəltdiyi bütün bütləri aradan qaldırdı.  13Nənəsi Maakanı da mələkəlikdən məhrum etdi, çünki o, Aşera üçün iyrənc bir büt düzəltmişdi. Asa onun bütünü kəsib Qidron vadisində yandırdı.  14Ancaq səcdəgahlar aradan qaldırılmadı, lakin Asanın ürəyi bütün ömrü boyu Rəbbə sadiq idi.  15O, atasının və özünün təqdis etdiyi əşyaları – qızılı, gümüşü və qabları Rəbbin məbədinə gətirdi.  16Asa ilə İsrail padşahı Baaşa arasında ömürləri boyu müharibə gedirdi.  17İsrail padşahı Baaşa Yəhudaya hücum etdi və Yəhuda padşahı Asanın yanına gəlib-getmək istəyənləri buraxmamaq üçün Rama şəhərini tikdi.  18Asa Rəbbin məbədinin və padşah sarayının xəzinələrində qalan bütün qızıl-gümüşü götürüb əyanlarına verdi. Padşah Asa onları Dəməşqdə yaşayan Aram padşahı Xezyon oğlu Tavrimmon oğlu Ben-Hadada bu xəbərlə göndərdi:  19«Sənin atanla mənim atam arasında saziş var idi, qoy bizim aramızda da saziş olsun. Sənə qızıl-gümüş hədiyyə göndərirəm. Get İsrail padşahı Baaşa ilə olan sazişini poz ki, torpağımdan geri çəkilsin».  20Ben-Hadad padşah Asaya qulaq asdı və qoşun başçılarını İsrail şəhərlərinin üstünə göndərdi. Onun qoşunları bütün Naftali torpağına – İyona, Dana, Avel-Bet-Maakaya və bütün Kinneretə zərbə vurdu.  21Baaşa bunu eşitdikdə Ramanı tikməyi dayandırdı və Tirsada qaldı.  22Padşah Asa istisna etmədən bütün Yəhudalıları çağırdı və onlar Ramada Baaşanın tikməkdə olduğu yerlərin daşlarını və dirəklərini daşıdılar. Bunlarla padşah Asa Binyamin torpağındakı Gevanı və Mispanı tikdi.  23Asanın bütün qalan işləri, onun bütün hünəri, etdiyi hər şey və tikdiyi şəhərlər barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. Ancaq qocalanda onun ayaqları xəstə oldu.  24Asa ataları ilə uyudu və atası Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Yehoşafat padşah oldu.

İsrail padşahı Nadav

25Yəhuda padşahı Asanın padşahlığının ikinci ilində Yarovam oğlu Nadav İsrail üzərində padşah oldu və iki il padşahlıq etdi.  26O, Rəbbin gözündə pis olan işlər etdi, atasının yolu və İsrailə etdirdiyi günahı ilə getdi.  27İssakar qəbiləsindən Axiya oğlu Baaşa ona qəsd hazırladı və Filiştlilərə məxsus olan Gibbetonda onu öldürdü. O zaman Nadav və bütün İsraillilər Gibbetonu mühasirəyə almışdılar.  28Yəhuda padşahı Asanın padşahlığının üçüncü ilində Baaşa Nadavı öldürdü və onun yerinə padşah oldu.  29 O, padşah olan kimi Yarovamın bütün nəslini qırdı, Yarovamdan nəfəs çəkən hər kəsi məhv edənə qədər bir nəfəri sağ buraxmadı. Beləcə Rəbbin Öz qulu Şilolu Axiya vasitəsilə söylədiyi söz yerinə yetdi.  30İsrailin Allahı Rəbbi qəzəbləndirərək Yarovamın özünün etdiyi və İsrailə etdirdiyi günahların ucbatından bu iş oldu.  31Nadavın qalan işləri və onun etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  32Asa ilə İsrail padşahı Baaşa arasında bütün ömürləri boyu müharibə gedirdi.

İsrail padşahı Baaşa

33Yəhuda padşahı Asanın padşahlığının üçüncü ilində Axiya oğlu Baaşa bütün İsrail üzərində padşah oldu və Tirsada iyirmi dörd il padşahlıq etdi.  34O, Rəbbin gözündə pis olan işlər etdi, Yarovamın yolu və İsrailə etdirdiyi günahı ilə getdi.

YUXARI

1 Padşahlar 16

1Baaşaya qarşı Xanani oğlu Yehuya Rəbbin bu sözü nazil oldu:  2«Səni torpaqdan yüksəldib xalqım İsrail üzərində hökmran etdim, sən isə Yarovamın yolu ilə gedib xalqım İsrailə günah etdirərək Məni qəzəbləndirdin.  3Buna görə də Baaşanı və onun nəslini Nevat oğlu Yarovamın nəsli kimi yandırıb məhv edəcəyəm.  4Baaşadan şəhərdə ölənləri köpəklər, çöldə ölənləri quşlar yeyəcək».  5Baaşanın qalan işləri, etdiyi hər şey və onun hünəri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  6Baaşa ataları ilə uyudu və Tirsada basdırıldı. Onun yerinə oğlu Ela padşah oldu.  7Baaşa Rəbbin gözündə pis olan işlər edərək Yarovamın nəsli kimi əməlləri ilə Rəbbi qəzəbləndirdi. O, Yarovamın nəslini də qırdı. Buna görə də peyğəmbər Xanani oğlu Yehu vasitəsilə onun özünə və nəslinə qarşı Rəbbin sözü nazil oldu.

İsrail padşahı Ela

8Yəhuda padşahı Asanın padşahlığının iyirmi altıncı ilində Baaşa oğlu Ela İsrail üzərində padşah oldu və Tirsada iki il padşahlıq etdi.  9Döyüş arabalarının yarısına başçılıq edən əyanı Zimri ona qəsd hazırladı. Ela Tirsada, öz saray rəisi olan Arsanın evində içib sərxoş olarkən  10Zimri içəri girdi, onu vurub öldürdü və onun yerinə padşah oldu. Bu hadisə Yəhuda padşahı Asanın padşahlığının iyirmi yeddinci ilində oldu.  11O, padşah olub taxtda oturan kimi Baaşanın bütün nəslini qırdı, istər onun qohumlarından, istərsə də dostlarından divar isladan heç kəsi – bir kişini də sağ buraxmadı.  12Peyğəmbər Yehu vasitəsilə Baaşaya qarşı Rəbbin söylədiyi sözə görə Zimri Baaşanın bütün nəslini məhv etdi.  13Çünki Baaşa və oğlu Ela öz bütləri ilə etdikləri və İsrailə etdirdikləri bütün günahlara görə İsrailin Allahı Rəbbi qəzəbləndirmişdilər.  14Elanın qalan işləri və onun etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.

İsrail padşahı Zimri

15Yəhuda padşahı Asanın padşahlığının iyirmi yeddinci ilində Zimri Tirsada yeddi gün padşahlıq etdi. O vaxt xalq Filiştlilərə məxsus olan Gibbetona qarşı qurulmuş ordugahda qalırdı.  16Zimrinin padşaha qəsd hazırladığını və onu öldürdüyünü ordugahda olan xalq eşitdi. O gün bütün İsraillilər ordu başçısı Omrini ordugahda İsrail üzərində padşah etdilər.  17Omri bütün İsraillilərlə birgə Gibbetondan gəlib Tirsanı mühasirəyə aldı.  18Zimri şəhərin alınacağını görəndə padşah sarayının qalasına girdi və padşah sarayını odladı, özü də həlak oldu.  19Ona görə ki günah edərək Rəbbin gözündə pis olan işlər etmişdi: Yarovamın yolu və günahı ilə gedib İsrailə günah etdirmişdi.  20Zimrinin qalan işləri və onun hazırladığı qəsd barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  21O vaxt İsrail xalqı iki hissəyə bölündü: xalqın yarısı Ginat oğlu Tivnini padşah etmək üçün onun dalınca, yarısı isə Omrinin dalınca getdi.  22Omrinin dalınca gedən xalq Ginat oğlu Tivninin dalınca gedən xalqa üstün gəldi. Beləliklə, Tivni öldü və Omri padşah oldu.

İsrail padşahı Omri

23Yəhuda padşahı Asanın padşahlığının otuz birinci ilində Omri İsrail üzərində padşah oldu və on iki il padşahlıq etdi. Tirsada altı il padşahlıq etdi.  24O, Samariya dağını Samardan iki talant gümüşə satın aldı və dağın üstündə şəhər tikib, adını dağın sahibi Samarın adına görə Samariya qoydu.  25Omri Rəbbin gözündə pis olan işlər etdi və özündən əvvəl olanların hamısından çox pislik etdi.  26O, Nevat oğlu Yarovamın yolu və onun İsrailə etdirdiyi günahlarla gedib İsrailin Allahı Rəbbi öz bütləri ilə qəzəbləndirdi.  27Omrinin etdiyi qalan işlər və göstərdiyi hünər barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  28Omri ataları ilə uyudu və Samariyada basdırıldı. Onun yerinə oğlu Axav padşah oldu.

İsrail padşahı Axav

29Yəhuda padşahı Asanın padşahlığının otuz səkkizinci ilində Omri oğlu Axav İsrail üzərində padşah oldu. O, Samariyada iyirmi iki il padşahlıq etdi.  30Omri oğlu Axav özündən əvvəl olanların hamısından çox Rəbbin gözündə pis olan işlər etdi.  31Nevat oğlu Yarovamın günahları ilə getmək ona az gəlirdi, üstəlik Sidonluların padşahı Etbaalın qızı İzeveli də arvad alıb Baala qulluq və səcdə etdi.  32O, Samariyada tikdiyi Baal məbədində Baal üçün qurbangah qurdu.  33Aşera bütü də düzəltdi. Axav özündən əvvəl olan bütün İsrail padşahlarından çox pislik edərək İsrailin Allahı Rəbbi qəzəbləndirdi.  34 Onun dövründə Bet-Elli Xiel Yerixonu tikdi. Nun oğlu Yeşua vasitəsilə Rəbbin söylədiyi sözə görə o, ilk oğlu Aviramın həyatı bahasına şəhərin bünövrəsini tikdi və kiçik oğlu Sequvun həyatı bahasına qapılarını qoydu.

YUXARI

1 Padşahlar 17

İlyasın quraqlıq barədə xəbərdarlığı

1Gilead sakinlərindən olan Tişbeli İlyas Axava dedi: «Önündə durduğum İsrailin Allahı var olan Rəbbə and olsun ki, mənim bir sözüm olmayınca bu illərdə şeh və yağış olmayacaq».  2Ona Rəbbin bu sözü nazil oldu:  3«Buradan get və şərqə tərəf yollan, İordan çayının şərqində olan Kerit vadisində gizlən.  4Orada vadidən su içəcəksən, səni yedirməyi də qarğalara əmr etdim».  5O, Rəbbin sözünə əməl etdi və İordan çayının şərqində olan Kerit vadisinə gedib orada qaldı.  6Qarğalar ona hər səhər-axşam çörək və ət gətirərdilər, vadidən də su içərdi.  7Bir müddət sonra vadi qurudu, çünki ölkədə yağış yağmırdı.

İlyas və Sarfatlı qadın

8İlyasa Rəbbin bu sözü nazil oldu:  9 «Qalx Sidonun Sarfat şəhərinə get və orada qal. Orada bir dul qadına sənə yemək verməyi əmr etdim».  10O qalxıb Sarfata getdi. Şəhərin darvazasına çatanda bir dul qadının odun yığdığını gördü və onu çağırıb dedi: «Mənə bir qabda azca su gətir, içim».  11Qadın gətirməyə gedəndə onu çağırıb dedi: «Mənim üçün əlinə bir tikə çörək də al».  12Qadın dedi: «Allahın var olan Rəbbə and olsun ki, bişmiş heç nəyim yoxdur, ancaq küpdə bir ovuc un və qabda bir az yağ var. Bax mən iki parça odun yığıram və içəri girib özümlə oğlum üçün bunlardan yemək hazırlayacağam. Biz onu yeyəcəyik və sonra öləcəyik».  13İlyas ona dedi: «Qorxma, get söylədiyin kimi et. Amma əvvəlcə mənim üçün ondan kiçik bir kökə düzəlt və mənə gətir, özünlə oğlun üçün sonra hazırlayarsan.  14Çünki İsrailin Allahı Rəbb belə deyir: “Rəbb torpaq üzərinə yağış verəcəyi günə qədər nə küpdə un tükənəcək, nə də qabda yağ qurtaracaq”».  15Qadın gedib İlyasın sözünə əməl etdi. Qadın və onun ailəsi İlyasla birgə uzun müddət ərzində yemək yedilər.  16İlyas vasitəsilə Rəbbin söylədiyi sözə görə nə küpdə un tükəndi, nə də qabda yağ qurtardı.  17Bundan sonra ev sahibi qadının oğlu xəstələndi, xəstəliyi də çox ağır oldu, belə ki onun heç nəfəsi gəlmirdi.  18Qadın İlyasa dedi: «Mən sənə nə etdim, ey Allah adamı? Günahımı xatırlatmaq və oğlumu öldürmək üçün yanıma gəlmisən?»  19İlyas ona dedi: «Oğlunu mənə ver». Uşağı qadının qucağından götürüb özünün qaldığı yuxarı otağa çıxartdı və onu öz yatağının üstünə uzandırdı.  20O, Rəbbi çağırıb dedi: «Ey Allahım Rəbb, yanında qaldığım dul qadının oğlunu öldürməklə onun başına bəla gətirirsən?»  21Sonra uşağın üstünə üç dəfə uzandı və Rəbbi çağırıb dedi: «Ey Allahım Rəbb, sənə yalvarıram, qoy bu uşağın canı özünə qayıtsın».  22Rəbb İlyasın səsini eşitdi: uşağın canı özünə qayıtdı və o dirildi.  23İlyas uşağı götürüb yuxarı otaqdan evə düşürtdü və onu anasına verib dedi: «Bax oğlun sağdır».  24Qadın İlyasa dedi: «İndi bildim ki, sən Allah adamısan və sənin ağzında Rəbbin sözü haqdır».

YUXARI

1 Padşahlar 18

İlyas və Avdiya

1Uzun müddət sonra, quraqlığın üçüncü ilində İlyasa Rəbbin bu sözü nazil oldu: «Get, Axava görün. Mən torpağın üzərinə yağış verəcəyəm».  2İlyas Axava görünmək üçün getdi. O vaxt Samariyada şiddətli aclıq idi.  3Axav saray rəisi olan Avdiyanı çağırdı. Avdiya Rəbdən çox qorxurdu.  4İzevel Rəbbin peyğəmbərlərini qırıb öldürən zaman Avdiya peyğəmbərlərdən yüz nəfəri aparıb onları əlli-əlli olaraq mağaralarda gizlətmiş, çörək və su ilə təmin etmişdi.  5Axav Avdiyaya dedi: «Ölkədə olan bütün su mənbələrinə və vadilərə get. Bəlkə ot tapdıq, atları və qatırları salamat saxladıq, heyvanlar da tələf olmadı».  6Onlar ölkəni aralarında böldülər ki, hər tərəfi gəzib dolaşsınlar. Axav ayrıca, bir yolla, Avdiya isə ayrıca, başqa bir yolla getdi.  7Avdiya yolda ikən İlyas ona rast gəldi. O, İlyası tanıdı və üzüstə yerə düşüb dedi: «Ağam İlyas, bu sənsənmi?»  8İlyas dedi: «Mənəm. Get, ağana de ki, İlyas buradadır».  9O dedi: «Nə günah etmişəm ki, mən qulunu öldürmək üçün Axavın əlinə verirsən?  10Allahın var olan Rəbbə and olsun ki, ağamız səni axtarmağa adam göndərmədiyi bir millət, bir padşahlıq qalmadı. Onlar “o burada yoxdur” dedikləri vaxt həmin padşahlığa və millətə səni tapmadıqlarına and içdirdi. 11Amma indi sən deyirsən: “Get, ağana de ki, İlyas buradadır”.  12Sənin yanından getdiyim vaxt Rəbbin Ruhu səni bilmədiyim bir yerə aparacaq. Mən də gedib Axava bildirəndə o səni tapmayacaq və məni öldürəcək. Ancaq bu qulun cavanlığından bəri Rəbdən qorxur.  13İzevel Rəbbin peyğəmbərlərini qırıb öldürən zaman mənim etdiyim iş ağama bildirilmədimi? Mən onda Rəbbin peyğəmbərlərindən yüz nəfəri əlli-əlli olaraq mağaralarda gizlətdim, onları çörək və su ilə təmin etdim.  14İndi sən deyirsən: “Get, ağana de ki, İlyas buradadır”. Axı o məni öldürər».  15İlyas dedi: «Önündə durduğum var olan Ordular Rəbbinə and olsun ki, bu gün hökmən ona görünəcəyəm».

İlyas Karmel dağında

16Avdiya Axavın yanına getdi və ona hər şeyi danışdı. Axav da İlyası qarşılamağa getdi.  17Axav İlyası görəndə ona dedi: «Ey İsraili dərdə salan adam, bu sənsənmi?»  18O cavab verdi: «İsraili mən yox, sən və atanın evi dərdə saldınız. Siz Rəbbin əmrlərindən dönüb Baal bütlərinə xidmət etdiniz.  19İndi bütün İsrailliləri, İzevelin süfrəsində yemək yeyən dörd yüz əlli Baal peyğəmbərini və dörd yüz Aşera peyğəmbərini Karmel dağına, yanıma çağırtdır».  20Axav bütün İsrail övladlarını və peyğəmbərləri Karmel dağına çağırtdırdı.  21İlyas bütün xalqın yanına gəlib dedi: «Nə vaxta qədər iki tərəfə əyiləcəksiniz? Əgər Rəbb Allahdırsa, Ona xidmət edin, yox, Baal Allahdırsa, onda ona xidmət edin». Xalq onun sözünə cavab vermədi.  22Onda İlyas xalqa dedi: «Rəbbin peyğəmbərlərindən təkcə mən qaldım, amma Baalın peyğəmbərləri dörd yüz əlli nəfərdir.  23İndi qoy bizə iki buğa verilsin: onlar özləri üçün bir buğa seçsinlər, onu doğrayıb odunların üstünə qoysunlar, ancaq od vurmasınlar. Mən isə başqa buğanı hazırlayıb onu odunların üstünə qoyacağam, ancaq od vurmayacağam.  24Siz öz allahınızı çağırın, mən də Rəbbi çağıracağam; hansı odla cavab verərsə, Allah odur». Bütün xalq cavab verib «qoy belə olsun» dedi.  25İlyas Baal peyğəmbərlərinə dedi: «Bir buğanı özünüz üçün seçin və məndən əvvəl onu hazırlayın, çünki siz çoxsunuz. Siz öz allahınızı çağırın, ancaq od vurmayın».  26Onlar özlərinə verilən buğanı götürüb hazırladılar və səhərdən günortaya qədər «Ey Baal, bizə cavab ver!» deyə Baalı çağırdılar, ancaq heç səs-soraq çıxmadı. Onlar düzəltdikləri qurbangahın ətrafında gəzərək atılıb-düşdülər.  27Günorta olanda İlyas onları lağa qoyub dedi: «Onu uca səslə çağırın. O ki allahdır, bəlkə fikrə gedib yaxud bayıra çıxıb ya da səfərdədir? Bəlkə də yatıb, oyatmaq lazımdır?»  28Onlar uca səslə çağırdılar və adətlərinə görə bədənlərindən qan axana qədər qılınc və nizələrlə özlərini yaraladılar.  29Günorta keçincə, axşam qurbanı təqdim olunan vaxta qədər coşub dəlilik etdilər, ancaq nə bir səs-soraq verən, nə də bir qulaq asan var idi.  30İlyas bütün xalqa dedi: «Mənim yanıma gəlin». Bütün xalq onun yanına gəldi. O, Rəbbin dağıdılmış qurbangahını bərpa etdi.  31 İlyas Yaqub oğulları qəbilələrinin sayına görə on iki daş götürdü, çünki Yaquba «sənin adın İsrail olacaq» deyə Rəbbin sözü nazil olmuşdu.  32İlyas daşlarla Rəbbin adına qurbangah tikdi. O, qurbangahın ətrafında iki sea toxum tutacaq qədər bir xəndək düzəltdi.  33Odunları düzdü, buğanı doğrayıb odunların üzərinə qoydu və  34dedi: «Dörd səhəng su gətirin, onu yandırma qurbanının və odunların üstünə tökün». Sonra o dedi: «İkinci dəfə edin». Onlar ikinci dəfə etdilər. O dedi: «Üçüncü dəfə edin». Onlar üçüncü dəfə etdilər.  35Su qurbangahın ətrafına axdı və xəndək də su ilə doldu.  36Axşam qurbanı təqdim edilən vaxt peyğəmbər İlyas qabağa çıxıb dedi: «Ey İbrahimin, İshaqın və İsrailin Allahı Rəbb! Qoy bu gün bilinsin ki, İsraildə Sən Allahsan və mən Sənin qulunam, bütün bu işləri də Sənin sözünlə etdim.  37Səsimi eşit, ya Rəbb, mənə cavab ver. Qoy bu xalq bilsin ki, Sən Allahsan, ya Rəbb, onda onların ürəyini Özünə tərəf döndərəcəksən».  38O vaxt Rəbdən od düşdü, yandırma qurbanını, odunları, daşları, torpağı yandırıb-yaxdı və xəndəkdə olan suyu uddu.  39Bütün xalq bunu gördü və onlar üzüstə düşüb dedilər: «Rəbb Allahdır! Rəbb Allahdır!»  40İlyas onlara dedi: «Baal peyğəmbərlərini tutun, onlardan bir nəfər də qaçıb qurtarmasın». Onları tutdular. İlyas onları Qişon vadisinə endirib orada öldürdü.

Quraqlığın sonu

41İlyas Axava dedi: «Get, yeyib-iç, çünki güclü yağış səsi gəlir».  42 Axav yeyib-içməyə getdi. İlyas Karmel dağının təpəsinə çıxdı, yerə əyilib üzünü dizləri arasına qoydu.  43Öz nökərinə dedi: «İndi qalx və dəniz tərəfə diqqətlə bax». Nökər qalxdı və diqqətlə baxıb «bir şey yoxdur» dedi. İlyas yeddi dəfə ona «yenə get» dedi.  44Yeddinci dəfə gedəndə nökər dedi: «Budur, dənizdən insan ovcu boyda kiçik bir bulud çıxır». İlyas dedi: «Gedib Axava söylə: “Arabanı qoşub aşağı en ki, yağış səni ləngitməsin”».  45Bu vaxt göylər qalın buludlarla qaraldı, külək əsdi və güclü yağış yağmağa başladı. Axav arabaya minib İzreelə getdi.  46İlyasa Rəbbin gücü gəldi və o, belini qurşayıb Axavın önündə İzreelin girəcəyinə qədər qaçdı.

YUXARI

1 Padşahlar 19

İlyasın təqibdən qaçması

1Axav İlyasın etdiyi bütün işləri və onun necə bütün peyğəmbərləri qılıncla öldürdüyünü İzevelə danışdı.  2İzevel İlyasın yanına qasid göndərib dedi: «Sabah bu vaxt mən səni onların gününə salmasam, qoy allahlar mənə beləsini və bundan betərini etsin».  3İlyas bunu görüb canını qurtarmaq üçün Yəhudada olan Beer-Şevaya getdi. Nökərini orada qoyub,  4özü çöldə bir günlük yol getdi. Gəlib bir süpürgə ağacının altında oturdu və canına ölüm diləyib dedi: «Bəsdir, ya Rəbb, indi mənim canımı al, çünki mən atalarımdan yaxşı deyiləm».  5O, süpürgə ağacının altında uzanıb yuxuya getdi. Bu zaman bir mələk ona toxunub dedi: «Qalx yemək ye!»  6İlyas baxıb gördü ki, başının kənarında isti daş üzərində bişən bir kökə və bir bardaq su var. O yeyib-içdi və yenə yuxuya getdi.  7Rəbbin mələyi ikinci dəfə qayıtdı və ona toxunub dedi: «Qalx yemək ye, çünki çox uzun yol gedəcəksən».  8O qalxdı və yeyib-içdi. Yeməyin gücü ilə qırx gün-qırx gecə Allahın dağı Xorevə qədər getdi.

Rəbbin İlyasa görünməsi

9İlyas oradakı mağaraya girdi və burada gecələdi. Ona «İlyas, burada nə edirsən?» deyə Rəbbin sözü nazil oldu.  10 O dedi: «Mən Ordular Allahı Rəbb üçün çox fədakarlıq göstərdim. Çünki İsrail övladları Sənin əhdini unutdular, qurbangahlarını dağıtdılar və peyğəmbərlərini qılıncla öldürdülər. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar».  11O dedi: «Çıx, dağda Rəbbin önündə dur, çünki Rəbb buradan keçəcək». Dağları yaran və Rəbbin önündə qayaları parçalayan böyük və güclü bir külək əsdi, ancaq Rəbb küləkdə deyildi. Küləkdən sonra zəlzələ oldu, ancaq Rəbb zəlzələdə deyildi.  12Zəlzələdən sonra od düşdü, ancaq Rəbb odda deyildi. Oddan sonra xəfif bir meh səsi gəldi.  13İlyas bunu eşidəndə üzünü cübbəsi ilə örtdü və çıxıb mağaranın ağzında dayandı. Bir səs ona dedi: «İlyas, burada nə edirsən?»  14O dedi: «Mən Ordular Allahı Rəbb üçün çox fədakarlıq göstərdim. Çünki İsrail övladları Sənin əhdini unutdular, qurbangahlarını dağıtdılar və peyğəmbərlərini qılıncla öldürdülər. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar».  15 Rəbb ona dedi: «Qalx çöl yolu ilə Dəməşqə get. Oraya çatanda Xazaeli Aram üzərində padşah olmaq üçün məsh et,  16Nimşi oğlu Yehunu İsrail üzərində padşah olmaq üçün məsh et, Avel-Mexoladan olan Şafat oğlu Elişanı öz yerinə peyğəmbər olmaq üçün məsh et.  17Xazaelin qılıncından qurtaranı Yehu öldürəcək, Yehunun qılıncından qurtaranı Elişa öldürəcək.  18 Ancaq Mən İsraildə Baal qarşısında diz çökməmiş və dodaqları onu öpməmiş hər kəsi – yeddi min adamı saxlamışam».

Elişanın peyğəmbərlik çağırışı

19İlyas oranı tərk etdi və Şafat oğlu Elişanı tapdı. O, yer şumlayırdı, önündə on iki cüt öküz var idi və özü on ikinci cüt öküzü sürürdü. İlyas Elişanın yanından keçəndə cübbəsini onun üstünə atdı.  20 Elişa öküzləri qoyub İlyasın dalınca qaçdı və dedi: «Qoy gedib ata-anamı öpüm, sonra sənin dalınca gələrəm». İlyas ona dedi: «Geri qayıt, mən sənə nə etdim?»  21Elişa ondan ayrılıb geri qayıtdı. Öz bir cüt öküzünü götürüb onları qurban kəsdi. Öküzləri kotanın taxtaları ilə bişirib ətlərini xalqa verdi və onlar yedilər. Sonra o qalxıb İlyasın dalınca getdi və ona xidmət etdi.

YUXARI

1 Padşahlar 20

Ben-Hadadın Samariyaya hücumu

1Aram padşahı Ben-Hadad bütün ordusunu topladı. Onunla birgə otuz iki padşah, atlar və döyüş arabaları var idi. Ben-Hadad gəlib Samariyanı mühasirəyə aldı və şəhərə hücum etdi.  2O, şəhərə, İsrail padşahı Axavın yanına qasidlər göndərib dedi: «Ben-Hadad belə deyir:  3“Sənin qızıl-gümüşün mənimdir, arvadlarının və oğullarının ən yaxşıları da mənimdir”».  4İsrail padşahı cavab verib dedi: «Ağam padşah, sənin söylədiyin kimi özüm və hər nəyim var, sənindir».  5Qasidlər yenə gəlib dedilər: «Ben-Hadad belə söyləyir: “Hərçənd ki sənə ‹qızıl-gümüşünü, arvadlarını və oğullarını mənə ver› deyə xəbər göndərdim,  6ancaq sabah bu vaxt adamlarımı sənin yanına göndərəcəyəm. Evini və əyanlarının evlərini axtaracaqlar və sənin xoşuna gələn hər şeyi götürüb gətirəcəklər”».  7İsrail padşahı ölkənin bütün ağsaqqallarını çağırıb dedi: «Görün bu adam necə pislik axtarır. Arvadlarımı, oğullarımı, qızıl-gümüşümü məndən tələb etdi, mən ondan əsirgəmədim».  8Bütün ağsaqqallar və xalq ona «qulaq asma və razı olma» dedilər.  9O, Ben-Hadadın qasidlərinə dedi: «Ağam padşaha deyin: “Bu qulundan əvvəlcə istədiyin hər şeyi verərəm, ancaq bunu edə bilməyəcəyəm”». Qasidlər gedib onun sözünü çatdırdılar.  10Ben-Hadad ona xəbər göndərib dedi: «Əgər Samariya torpağı mənim dalımca gedən qoşunun ovuclarını doldurmağa bəs edərsə, allahlar mənə beləsini və bundan betərini etsin».  11İsrail padşahı cavab verib dedi: «Söyləyin, qurşanan adam soyunan kimi öyünməsin».  12Bu sözü eşidəndə Ben-Hadad padşahlarla birgə çadırlarda şərab içirdi. O, əsgərlərinə «Sıraya düzülün!» dedi. Onlar şəhərin qarşısında sıraya düzüldülər.

Axavın Ben-Hadadı məğlub etməsi

13Bu vaxt bir peyğəmbər İsrail padşahı Axavın yanına gəlib dedi: «Rəbb belə deyir: “Bu böyük qoşunu görürsənmi? Bu gün onu sənə təslim edəcəyəm və biləcəksən ki, Rəbb Mənəm”».  14Axav dedi: «Kimin vasitəsilə?» O dedi: «Rəbb belə deyir: “Əyalət başçılarının xidmətində olan igidlərin vasitəsilə bunu edəcəyəm”». Sonra Axav dedi: «Döyüşü kim başlayacaq?» O cavab verdi: «Sən».  15Sonra Axav əyalət başçılarının igidlərini sıraya düzdü: onlar iki yüz otuz iki nəfər idi. Onlardan sonra orada olan xalqın hamısını – bütün İsrail övladlarını sıraya düzdü: onlar yeddi min nəfər idi.  16Onlar günorta oradan çıxdılar. Ben-Hadad və ona kömək edən otuz iki padşah çadırlarda içib sərxoşluq edirdilər.  17Əvvəl əyalət başçılarının igidləri çıxdılar. Ben-Hadadın göndərdiyi casuslar ona «Samariyadan adamlar çıxır» deyə bildirdilər.  18O dedi: «Əgər sülh üçün çıxırlarsa, onları diri tutun, yox, döyüş üçün çıxırlarsa, yenə onları diri tutun».  19O vaxt bu adamlar – həm əyalət başçılarının igidləri, həm də onların ardınca gələn qoşun artıq şəhərdən çıxmışdı.  20Onlardan hər biri qarşısında duranı vurdu. Aramlılar qaçdılar və İsraillilər onları təqib etdilər. Aram padşahı Ben-Hadad at üstündə süvariləri ilə birgə qaçıb qurtardı.  21İsrail padşahı oradan çıxıb atlara və döyüş arabalarına hücum etdi və Aramlıları böyük tələfata uğratdı.

Aramlıların ikinci hücumu

22Həmin peyğəmbər İsrail padşahının yanına gəlib ona dedi: «Get özünü möhkəmləndir, gör ki, nə etməlisən. Çünki bahar gələndə Aram padşahı yenə sənin üstünə gələcək».  23Aram padşahının əyanları ona deyirdilər: «İsraillilərin Allahı təpələr Allahıdır, buna görə də onlar bizə qalib gəldilər. Onlarla düzənlikdə vuruşaq, hökmən biz onlara qalib gələcəyik.  24Belə et: padşahların hər birini vəzifəsindən götür və onların yerinə valilər təyin et.  25Sən isə at yerinə at, araba yerinə araba qoyaraq itirdiyin ordu kimi özün üçün bir ordu düzəlt ki, biz onlara qarşı düzənlikdə vuruşaq. Hökmən biz onlara qalib gələcəyik». Ben-Hadad onların sözünə qulaq asdı və belə etdi.  26Bahar gələndə Ben-Hadad Aramlıları topladı və İsraillilərlə vuruşmaq üçün Afeqə doğru getdi.  27İsrail övladları da toplaşdılar, azuqə hazırladılar və onların qarşısına getdilər. İsrail övladları onların önündə iki kiçik sürü kimi ordugah qurdular, Aramlılar isə hər tərəfi tutmuşdular.  28Allah adamı İsrail padşahının yanına gəlib dedi: «Rəbb belə deyir: “Aramlılar ‹Rəbb təpələr Allahıdır, düzənliklər Allahı deyil› deyirlər. Buna görə də Mən bu böyük qoşunu bütünlüklə sənə təslim edəcəyəm və biləcəksiniz ki, Rəbb Mənəm”».  29Onlar bir-birlərinin qarşısında yeddi gün ordugahda qaldılar. Yeddinci gün döyüş başlandı. İsrail övladları bir gündə Aramlıların piyada qoşunundan yüz min nəfəri qırdılar.  30Onların qalanları Afeqə – şəhərin içinə qaçdılar. Şəhərin divarı qalan iyirmi yeddi min nəfərin üstünə yıxıldı. Ben-Hadad şəhərə qaçıb bir iç otağa girdi.  31Əyanları ona dedilər: «Biz eşitmişik ki, İsrail padşahları mərhəmətli padşahlardır. Gəlin bellərimizə çul, başlarımıza ip sarıyaq və İsrail padşahının yanına gedək. Bəlkə o səni sağ buraxar».  32Onlar bellərinə çul, başlarına ip bağladılar və gəlib İsrail padşahına dedilər: «Qulun Ben-Hadad “yalvarıram, məni sağ burax” deyir». İsrail padşahı dedi: «O hələ sağdır? O ki mənim qardaşımdır».  33Bu adamlar bir əlamət gözləyirdilər, padşahın sözünü yaxşı əlamət sayıb cəld dedilər: «Bəli, Ben-Hadad sənin qardaşındır». O dedi: «Gedin, onu gətirin». Ben-Hadad onun yanına gəldi və o, Ben-Hadadı öz döyüş arabasına mindirdi.  34Ben-Hadad ona dedi: «Mənim atamın sənin atandan aldığı şəhərləri geri qaytarıram. Atamın Samariyada düzəltdiyi kimi sən də Dəməşqdə özün üçün bazarlar düzəldərsən». İsrail padşahı dedi: «Mənimlə saziş bağlayandan sonra səni buraxacağam». Ben-Hadadla saziş bağladı və onu buraxdı.

İsrail padşahı və peyğəmbər

35Peyğəmbərlərdən olan bir nəfər Rəbbin sözü ilə öz yoldaşına dedi: «Məni vur». O adam onu vurmaq istəmədi.  36Onda peyğəmbər o adama dedi: «İndi ki sən Rəbbin sözünə qulaq asmadın, mənim yanımdan gedəndə bir şir səni öldürəcək». Peyğəmbərin yanından gedəndə bir şir ona rast gəlib onu öldürdü.  37Peyğəmbər başqa bir adam tapıb ona dedi: «Məni vur». O adam peyğəmbəri vurub yaraladı.  38Peyğəmbər getdi və gözlərini örtərək qiyafəsini dəyişib padşahın yolu üstündə dayandı.  39Padşah keçəndə onu səsləyib dedi: «Bu qulun döyüşün ortasına girmişdi. Bu zaman bir adam kənara çəkildi və mənim yanıma bir nəfər gətirib dedi: “Bu adamı qoru. Əgər aradan çıxsa, əvəzində ya canını verəcəksən ya da bir talant gümüş”.  40Bu qulun orada-burada çalışarkən o, yanımdan qaçdı». İsrail padşahı bu adama dedi: «Hökmün elə də olmalıdır, özün qərar vermisən».  41O cəld gözlərindən örtüyü götürdü. İsrail padşahı onun peyğəmbərlərdən biri olduğunu gördü.  42O, İsrail padşahına dedi: «Rəbb belə deyir: “Mənim lənətlədiyim adamı sən əldən buraxdın. Buna görə də onun yerinə sən öləcəksən və onun xalqının başına gələcək işlər sənin xalqının başına gələcək”».  43İsrail padşahı qaşqabaqlı və dilxor halda Samariyada olan evinə gəldi.

YUXARI

1 Padşahlar 21

Navotun bağı

1İzreeldə, Samariya padşahı Axavın sarayının yanında İzreelli Navotun bir üzüm bağı var idi.  2Bir müddət sonra Axav Navota dedi: «Üzüm bağını mənə ver ki, oranı özüm üçün bostan edim, çünki evimə yaxındır. Mən onun əvəzinə sənə daha yaxşı bağ verərəm ya da istəsən, onun dəyərini sənə pulla ödəyərəm».  3Navot Axava dedi: «Qoy atalarımın mirasını sənə verməyi Rəbb məndən uzaq etsin!»  4Axav evinə qaşqabaqlı və dilxor halda qayıtdı, çünki İzreelli Navot ona «atalarımın mirasını sənə vermərəm» demişdi. O, yatağı üzərinə uzanıb üzünü çevirdi və yemək yemədi.  5Arvadı İzevel yanına gəlib ona dedi: «Niyə qanın qaradır, heç yemək də yemirsən?»  6O dedi: «Mən İzreelli Navota “üzüm bağını pulla mənə sat ya da istəsən, onun əvəzində sənə başqa üzüm bağı verərəm” söylədim, o isə dedi: “Üzüm bağımı sənə vermərəm”».  7Arvadı İzevel ona dedi: «İndi İsrail üzərində padşahlıq edən sənsən ya yox? Qalx yemək ye, ürəyini sıxma. İzreelli Navotun üzüm bağını mən sənə verərəm».  8O, Axavın adından məktublar yazdı və onları Axavın möhürü ilə möhürlədi. Navotun şəhərində onunla birgə yaşayan ağsaqqallara və əyanlara məktublar göndərdi.  9İzevel məktublarda belə yazdı: «Oruc elan edin və Navotu xalqın arasında yuxarı başda əyləşdirin.  10İki nəfər yaramaz adamı onun qarşısında oturdun və onlar şahidlik edərək desinlər: “Sən Allahı və padşahı lənətlədin”. Sonra onu bayıra çıxarın və ölənə qədər daşqalaq edin».  11Navotun yaşadığı şəhərin adamları – orada yaşayan ağsaqqallar və əyanlar İzevelin onlara göndərdiyi məktublarda yazdığı kimi etdilər.  12Onlar oruc elan etdilər və Navotu xalqın arasında yuxarı başda əyləşdirdilər.  13İki nəfər yaramaz adam gəlib onun qarşısında oturdu. Onlar xalqın önündə Navota qarşı «Navot Allahı və padşahı lənətlədi» deyə şahidlik etdilər. Sonra onu şəhərin kənarına çıxartdılar və daşqalaq edib öldürdülər.  14Onlar İzevelə xəbər göndərib dedilər: «Navot daşqalaq olunaraq öldü».  15İzevel Navotun daşqalaq olunaraq öldüyünü eşidəndə Axava dedi: «Qalx İzreelli Navotun sənə pulla vermək istəmədiyi üzüm bağını özünə mülk götür, çünki Navot sağ deyil, ölüb».  16Axav İzreelli Navotun öldüyünü eşidəndə onun üzüm bağını özünə mülk götürmək üçün oraya yollandı.

Axavın nəsli barədə İlyasın peyğəmbərliyi

17Tişbeli İlyasa Rəbbin bu sözü nazil oldu:  18«Qalx Samariyada İsrailə padşahlıq edən Axavı qarşılamağa get. O, Navotun üzüm bağındadır. Axav onu mülk etmək üçün oraya yollandı.  19Sən ona söylə ki, Rəbb belə deyir: “Qatillik etdin, hələ özünə mülk də götürürsən?” Sonra ona söylə ki, Rəbb belə deyir: “Navotun qanını köpəklərin yaladıqları yerdə sənin də qanını köpəklər yalayacaq”».  20Axav İlyasa dedi: «Ey düşmənim, axır məni də tapdın». O dedi: «Bəli, səni də tapdım. Sən Rəbbin gözündə pis olan işlər etməyə özünü təslim etdin.  21“Budur, sənin üzərinə bəla gətirəcəyəm, səni yandırıb məhv edəcəyəm. İsraildə Axavın nəslindən divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam.  22Mən sənin evini Nevat oğlu Yarovamın evi kimi, Axiya oğlu Baaşanın evi kimi edəcəyəm. Çünki sən İsrailə günah etdirərək Məni qəzəbləndirdin”.  23 Rəbb İzevel barədə dedi: “İzreel divarının içərisində İzeveli köpəklər yeyəcək”.  24Axavın nəslindən şəhərdə öləni köpəklər, çöldə öləni isə quşlar yeyəcək».  25Həqiqətən, Axav kimi Rəbbin gözündə pis olan işlər etməyə özünü təslim edən hələ olmamışdı. Arvadı İzevel onu buna təhrik edirdi.  26Axav İsrail övladlarının önündən Rəbbin qovduğu Emorlular kimi bütlərə xidmət edərək çox iyrənc işlər etdi.  27Axav bu sözləri eşidəndə libasını cırıb əyninə çul geydi. O, oruc tutub çulda yatdı və qüssəyə batdı.  28Tişbeli İlyasa Rəbbin bu sözü nazil oldu:  29«Gördünmü Axav Mənim önümdə özünü necə aşağı tutdu? Önümdə özünü aşağı tutduğu üçün Mən bu bəlanı onun dövründə göndərməyəcəyəm, oğlunun dövründə bu bəlanı onun evinə göndərəcəyəm».

YUXARI

1 Padşahlar 22

Yehoşafat, Axav və peyğəmbər Mikeya

(2Saln. 18:2-27)

1Üç il keçdi. Bu müddətdə Aramla İsrail arasında müharibə getmirdi.  2Üçüncü ildə Yəhuda padşahı Yehoşafat İsrail padşahının yanına gəldi.  3İsrail padşahı əyanlarına dedi: «Bilirsiniz ki, Ramot-Gilead bizimdir? Biz isə onu Aram padşahının əlindən almaq üçün heç nə etmirik».  4Sonra o, Yehoşafata dedi: «Sən mənimlə birgə vuruşmaq üçün Ramot-Gileada gedirsənmi?» Yehoşafat İsrail padşahına dedi: «Məni özün kimi, xalqımı xalqın kimi, atlarımı atların kimi hesab et».  5Yehoşafat yenə İsrail padşahına dedi: «Əvvəlcə görək Rəbbin sözü nədir?»  6İsrail padşahı dörd yüzə qədər peyğəmbəri topladı və onlara dedi: «Vuruşmaq üçün Ramot-Gileada gedim ya getməyim?» Onlar dedilər: «Get, Xudavənd onu padşaha təslim edəcək».  7Yehoşafat dedi: «Burada olanlardan başqa, Rəbbin bir peyğəmbəri yoxdur ki, ondan soruşaq?»  8İsrail padşahı Yehoşafata dedi: «Rəbdən soruşmaq üçün bir nəfər də var: İmla oğlu Mikeya. Ancaq mənim ondan zəhləm gedir, çünki yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edir». Yehoşafat dedi: «Qoy padşah belə söyləməsin».  9İsrail padşahı bir saray xidmətçisini çağırıb dedi: «Tez İmla oğlu Mikeyanı buraya gətir».  10İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Samariya darvazalarının girəcəyindəki meydanda şahlıq libası geymiş halda hər biri öz taxtında oturmuşdu və bütün peyğəmbərlər onların önündə peyğəmbərlik edirdilər.  11Kenaana oğlu Sidqiya özünə dəmir buynuzlar düzəldib dedi: «Rəbb belə deyir: “Aramlıları qırıb qurtarana qədər onları beləcə buynuzlayacaqsan”».  12Bütün peyğəmbərlər də peyğəmbərlik edərək deyirdilər: «Ramot-Gileada get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək».  13Mikeyanı çağırmaq üçün gedən qasid ona dedi: «İndi peyğəmbərlər padşaha bir ağızdan xoş sözlər deyirlər. Sənin sözün də onlardan birinin sözü kimi olsun və yaxşılığa danış».  14Mikeya dedi: «Var olan Rəbbə and olsun ki, Rəbb mənə nə desə, onu söyləyəcəyəm».  15O, padşahın yanına gəldi və padşah ona dedi: «Mikeya, vuruşmaq üçün Ramot-Gileada gedək, yoxsa getməyək?» Mikeya ona dedi: «Get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək».  16Padşah ona dedi: «Səni neçə dəfə and içdirim ki, mənə Rəbbin adı ilə həqiqətdən başqa bir şey söyləməyəcəksən?»  17 Mikeya dedi: «Mən bütün İsrailliləri təpələr üstündə çobanı olmayan sürü kimi səpələnmiş gördüm. Rəbb dedi: “Onların ağaları yoxdur. Qoy hər biri salamat öz evinə qayıtsın”».  18İsrail padşahı Yehoşafata dedi: «Sənə demədimmi o mənim yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edəcək?»  19Mikeya dedi: «Onda Rəbbin sözünü eşit. Mən Rəbbi Öz taxtında oturmuş və bütün göylər ordusunu Onun sağında və solunda durmuş gördüm.  20Rəbb dedi: “Ramot-Gileada gedib həlak olması üçün Axavı kim tovlayacaq?” Biri elə dedi, o biri belə.  21Bir ruh irəli çıxıb Rəbbin önündə dayandı və dedi: “Mən onu tovlayaram”. Rəbb ona dedi: “Necə?”  22O dedi: “Mən çıxıb bütün peyğəmbərlərin ağzında yalançı bir ruh olaram”. Rəbb dedi: “Sən onu tovlayacaqsan, bunu bacarırsan, get və belə et”».  23Mikeya davam etdi: «İndi, budur, Rəbb sənin bütün bu peyğəmbərlərinin ağzına yalançı bir ruh qoymuşdur. Beləcə Rəbb sənin başına bəla gətirməyi qərara aldı».  24Kenaana oğlu Sidqiya yaxınlaşdı və Mikeyanın yanağına vurub dedi: «Rəbbin Ruhu səndə danışmaq üçün məndən sənə necə keçdi?»  25Mikeya dedi: «Sən gizlənmək üçün iç otağa girdiyin gün bunu biləcəksən».  26İsrail padşahı dedi: «Mikeyanı götür, onu şəhər rəisi Amonun və padşahın oğlu Yoaşın yanına göndər.  27Onlara söylə ki, padşah belə deyir: “Bu adamı zindana atın və mən salamat qayıdana qədər ona çox az çörək və su verərək zülm edin”».  28Mikeya dedi: «Əgər sən salamat qayıtsan, Rəbb mənim vasitəmlə danışmamışdır». Sonra dedi: «Ey camaat, hamınız eşidin!»

Axavın ölümü

(2Saln. 18:28-34)

29İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Ramot-Gileada getdilər.  30İsrail padşahı Yehoşafata dedi: «Mən qiyafəmi dəyişib döyüşə girəcəyəm, ancaq sən öz şahlıq libasını gey». İsrail padşahı qiyafəsini dəyişib döyüşə girdi.  31Aram padşahı öz döyüş arabalarının otuz iki başçısına «nə kiçiklə, nə də böyüklə vuruşun, yalnız İsrail padşahı ilə döyüşə girin» deyə əmr etmişdi.  32Döyüş arabalarının başçıları Yehoşafatı görəndə dedilər: «Yəqin İsrail padşahı budur». Dönüb onunla vuruşmağa getdilər. Onda Yehoşafat çığırdı.  33Döyüş arabalarının başçıları onun İsrail padşahı olmadığını görəndə ardınca getməyib geri qayıtdılar.  34Bir adam nişan almadan yay çəkib İsrail padşahını zirehlərin birləşdiyi yerdən vurdu. Padşah arabaçısına dedi: «Döndər və məni döyüşdən çıxar, çünki yaralanmışam».  35O gün döyüş qızışdı. Padşah öz döyüş arabasında Aramlıların önündə söykənib dayandı. Döyüş arabası onun yarasının qanına bulaşdı. Axşam o öldü.  36Günəş batmaqda ikən ordugahın içində «Hər kəs öz şəhərinə! Hər kəs öz ölkəsinə!» deyə car çəkildi.  37Beləcə padşah öldü və onu Samariyaya gətirib orada basdırdılar.  38Arabanı Samariya hovuzunun suyunda yudular. Rəbbin söylədiyi sözə görə köpəklər onun qanını yaladı. O hovuzda fahişələr yuyunardı.  39Axavın qalan işləri və onun etdiyi hər şey, fil sümüyündən tikdiyi saray və tikdiyi bütün şəhərlər barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.  40Axav ataları ilə uyudu və yerinə oğlu Axazya padşah oldu.

Yəhuda padşahı Yehoşafat

(2Saln. 20:31-21:1)

41İsrail padşahı Axavın padşahlığının dördüncü ilində Asa oğlu Yehoşafat Yəhuda üzərində padşah oldu.  42Yehoşafat padşah olduğu vaxt otuz beş yaşında idi. O, Yerusəlimdə iyirmi beş il padşahlıq etdi. Anasının adı Şilxi qızı Azuva idi.  43O, atası Asanın yolu ilə getdi və Rəbbin gözündə doğru olan işlər edərək bunlardan kənara çıxmadı. Ancaq səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı.  44Yehoşafat İsrail padşahı ilə sülh içində yaşadı.  45Yehoşafatın qalan işləri, onun göstərdiyi hünər və necə döyüşdüyü barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.  46O, atası Asanın qovmadığı məbəd fahişəliyi ilə məşğul olan kişiləri ölkədən qovdu.  47Edomda padşah yox idi, bir canişin orada hökmranlıq edirdi.  48Yehoşafat qızıl dalınca Ofirə getmək üçün Tarşiş gəmiləri düzəltdi. Ancaq gedə bilmədilər, çünki gəmilər Esyon-Geverdə parçalandı.  49Onda Axav oğlu Axazya Yehoşafata dedi: «Qoy gəmilərdə sənin adamlarınla birgə mənim adamlarım da getsinlər». Ancaq Yehoşafat razı olmadı.  50Yehoşafat ataları ilə uyudu və atası Davudun şəhərində, ataların yanında basdırıldı. Onun yerinə oğlu Yehoram padşah oldu.

İsrail padşahı Axazya

51Yəhuda padşahı Yehoşafatın padşahlığının on yeddinci ilində Axav oğlu Axazya Samariyada İsrail üzərində padşah oldu. O, iki il İsrail üzərində padşahlıq etdi.  52Axazya Rəbbin gözündə pis olan işlər etdi, ata-anasının və İsrailə günah etdirmiş Nevat oğlu Yarovamın yolu ilə getdi.  53Axazya atasının etdiyi kimi Baala qulluq və səcdə edərək İsrailin Allahı Rəbbi qəzəbləndirdi.

YUXARI

2 Şamuel

Fəsillər

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21222324

 

{attachments}

2 Şamuel 1

Şaulun ölüm xəbəri

1Şaulun ölümündən sonra Davud Amaleqliləri məğlub edib qayıdan zaman iki gün Ziqlaqda qaldı.  2Üçüncü gün Şaulun yanından – ordugahdan paltarı cırılmış, başı toz-torpağa batmış bir adam gəldi. O, Davudun yanına çatıb qarşısında üzünü yerə qoyaraq təzim etdi.  3Davud ondan soruşdu: «Haradan gəlirsən?» Həmin adam ona dedi: «Qaçıb canımı İsrail ordugahından qurtardım».  4Davud ona dedi: «Orada nə baş verib? Rica edirəm, mənə de». O dedi: «Ordu döyüş meydanından qaçdı və onların bir çoxu qırılıb öldü. Şaulla oğlu Yonatan da həlak oldu».  5Davud ona xəbər verən cavan adamdan soruşdu: «Bəs sən haradan bildin ki, Şaulla Yonatan da öldü?»  6 Davuda xəbər verən cavan belə dedi: «Təsadüfən Gilboa dağında idim və gördüm ki, Şaul nizəsinə söykənərək dayanıb. Atlılar və döyüş arabaları isə artıq ona çatmaqda idi.  7Şaul geriyə baxanda məni görüb çağırdı. Mən dedim: “Buyurun, buradayam”.  8O mənə “Sən kimsən?” dedi. Mən ona dedim ki, mən bir Amaleqliyəm.  9Şaul mənə dedi: “Gəl əyil üzərimə, məni öldür, can üstəyəm, bu ağrılardan qurtarmaq istəyirəm”.  10Elə buna görə də mən onun üstünə əyilib nəfəsini kəsdim. Çünki bilirdim ki, o yıxılandan sonra artıq yaşaya bilməyəcək. Sonra onun başının tacını və qolunun bilərziyini götürdüm və buraya, ağam üçün gətirdim».  11Bunu eşidən Davud dartıb paltarlarını cırdı və yanındakı bütün adamlar da belə etdilər.  12Onlar Şaul üçün, oğlu Yonatan üçün, Rəbbin xalqı və bütün İsrail nəsli üçün axşamacan yas qurub ağladılar və oruc tutdular, çünki onlar qılıncdan keçirilərək həlak olmuşdu.  13Davud əhvalatı ona danışan cavana dedi: «Haralısan?» O cavab verdi: «Mən yadelliyəm, bir Amaleqlinin oğluyam».  14Davud ona dedi: «Bəs niyə qorxmayaraq Rəbbin məsh olunmuş padşahını öldürmək üçün əl qaldırdın?»  15Davud adamlarından birini çağırıb dedi: «Get, onu öldür». O da Amaleqlini vurub öldürdü.  16Davud Amaleqliyə dedi: «Qoy qanın öz başına dönsün! Çünki sənin əleyhinə “mən Rəbbin məsh olunmuş padşahını öldürdüm” deyən ağzın şahidlik etdi».

Davudun Şaul və Yonatan üçün söylədiyi mərsiyə

17Davud Şaul və oğlu Yonatanın yasında bu mərsiyəni oxudu.  18Sonra tapşırdı ki, «Oxatan yay» adlı bu mərsiyəni Yəhuda övladlarına öyrətsinlər. Bu mərsiyə Yaşar kitabında yazılmışdır:  19Ey İsrail, şərəfin öz yüksək yerlərinin üstündə öldürüldü!

Necə də igidlər qırıldı!

20Filiştlilərin qızları sevinməsinlər deyə,

Sünnətsizlərin qızları fərəhlənməsinlər deyə

Bunu Qatda bildirməyin,

Aşqelon küçələrində yaymayın.

21Ey Gilboa dağları,

Üstünə şeh, yağış düşməsin,

Qoy zəmilərin məhsul verməsin!

Çünki orada ləkələndi igidlərin qalxanı,

Şaulun yağ ilə silinməmiş qalxanı.

22Öldürülənlərin qanına, igidlərin piyinə görə

Yonatanın yayı geri dönməzdi,

Şaulun qılıncı boş qayıtmazdı.

23Şaul ilə Yonatan necə sevimli, əziz,

Həyatda və ölümdə ayrılmaz oldunuz siz.

Onlar qartallardan sürətli idi,

Aslanlardan qüvvətli idi.

24Ey İsrail qızları, ağlayın Şaul üçün.

O sizə qiymətli al qumaşlar geydirərdi,

Geyiminizə qızıl naxışlar vurardı.

25Ah, döyüş meydanında necə də igidlər qırıldı!

Yonatan sənin yüksək təpələrində həlak oldu.

26Ey qardaşım Yonatan, sənin üçün ürəyim yanar.

Sən mənə çox əziz idin.

Sənin sevgin mənim üçün heyranedici idi,

Qadın sevgisindən də üstün idi.

27İgidlər necə də qırıldı!

Döyüş silahları necə də yox oldu!

YUXARI

2 Şamuel 2

Davudun Yəhudada padşah seçilməsi

1Bundan sonra Davud «Yəhuda şəhərlərindən birinə qalxımmı?» deyə Rəbbə müraciət etdi. Rəbb «ora qalx» deyə cavab verdi. Davud dedi: «Hara qalxım?» Rəbb dedi: «Xevrona».  2 Davud iki arvadı – İzreelli Axinoam və Karmelli Navalın dul arvadı Aviqaillə birlikdə Xevrona qalxdı.  3Davudun yanında olan adamları öz külfətlərini götürüb Xevronun ətraf məhəllələrində yaşamağa başladı.  4 Yəhuda adamları isə gəlib Davudu orada Yəhuda nəslinin padşahı olaraq məsh etdilər. O vaxt Davuda bildirdilər ki, Şaulu Yaveş-Gilead əhalisi dəfn edib.  5Davud Yaveş-Gilead sakinlərinin yanına qasidlər göndərib belə dedi: «Rəbb sizə xeyir-dua versin, çünki ağanız Şaula sədaqətli oldunuz və onu dəfn etdiniz.  6Bu işinizin əvəzini indi Rəbb sizə qoy xeyirxahlıq və sədaqətlə versin! Bu işinizin və bu yaxşılığınızın əvəzini mən də sizə ödəyəcəyəm.  7Ağanız Şaul öldüyü üçün qoy indi qollarınız qüvvətdən düşməsin və cəsur olun, çünki Yəhuda nəsli məni öz üzərində padşah olaraq məsh edib».  8Şaulun ordu başçısı Ner oğlu Avner Şaulun oğlu İş-Boşeti götürüb Maxanayimə aparmışdı.  9Orada Avner onu Gilead, Aşuri, İzreel, Efrayim, Binyamin və bütün İsrailin üzərində padşah etdi.  10Şaul oğlu İş-Boşet İsrailin padşahı olan zaman qırx yaşında idi. O, cəmi iki il padşahlıq etdi. Yəhuda nəsli isə Davudun tərəfində idi.  11Davud Xevronda, Yəhuda nəsli üzərində yeddi il altı ay idi ki, padşahlıq edirdi.  12Bir gün Ner oğlu Avner, Şaul oğlu İş-Boşetin əyanları ilə Maxanayimdən Giveona getdi.  13Seruya oğlu Yoav isə Davudun adamları ilə çıxıb Giveon gölməçəsi yanında onları qarşıladı. Yoav adamları ilə gölməçənin bir tərəfində, Avner isə adamları ilə gölməçənin o biri tərəfində əyləşdi.  14Avner Yoava dedi: «Qoy cavanlar qalxıb qarşımızda təkbətək döyüşsün». Yoav dedi: «Qalxsınlar».  15Onlar qalxdılar. Binyamin və Şaul oğlu İş-Boşet tərəfindən on iki nəfər və Davudun adamlarından da on iki nəfər qalxıb sayı-hesabı ilə yerlərinə keçdilər.  16Onlar bir-birinin başından tutub hər biri öz qılıncını qarşısında olanın böyrünə sapladı. Hamısı birlikdə yerə yıxıldı. Buna görə də Giveonda olan o yerə Xelqat-Hassurim deyilir.  17O gün döyüş çox şiddətli oldu və Avnerlə İsraillilər Davudun adamları qarşısında məğlub oldular.  18Seruyanın üç oğlu Yoav, Avişay və Asahel də orada idi. Asahel çöl ceyranı kimi ayaqdan iti idi.  19O, Avnerin dalınca düşüb onu qovurdu və Avnerin arxasınca qaçarkən düz gedərək nə sağa, nə də sola dönürdü.  20Avner arxaya baxıb dedi: «Asahel, bu sənsənmi?» O dedi: «Bəli, mənəm».  21Avner ona dedi: «Bir sağına yaxud soluna dön. O gənclərdən birini tut, onun silahlarını al». Lakin Asahel əl çəkmədən onu qovurdu.  22Avner Asahelə bir də dedi: «Qayıt, əl çək, məni qovma! Axı niyə səni öldürüb yerə sərim? Sonra qardaşın Yoavın üzünə necə baxaram?»  23Lakin Asahel yolundan dönmək istəmədi. Avner də nizəsinin arxa ucu ilə onun qarnından elə vurdu ki, nizə onun kürəyindən çıxdı. Asahel yerindəcə öldü. Bu hadisədən sonra Asahelin yıxılıb öldüyü yerə gələnlərin hamısı ayaq saxladı.  24Yoavla Avişay Avnerin ardınca qaçdılar və gün batarkən Giveon çölü yolunda Giahla üzbəüz olan Amma təpəsinə çatdılar.  25Binyamin övladları toplanıb Avnerin ardınca getdilər və yığılıb bir təpənin başında dayandılar.  26Avner Yoava üz tutub çığıra-çığıra dedi: «Həmişə bizi qılıncmı yeyib qurtarmalıdır? Bəs bilmirsən ki, bunun sonu acı olacaq? Nə vaxta qədər bu xalqa deməyəcəksən ki, soydaşlarınızdan əl çəkin?»  27Yoav dedi: «Var olan Allaha and olsun, əgər sən bu sözləri deməsəydin, həqiqətən, sabaha qədər döyüşçülər dayanmadan öz soydaşlarını təqib edəcəkdi».  28Sonra Yoav şeypur çaldı, hamı dayandı. Artıq İsrailliləri təqib etmədilər və bir daha döyüşmədilər.  29Avnerlə adamları bütün gecəni Arava vadisindən ötüb İordan çayını keçdilər və bütün Bitron boyunca irəliləyərək Maxanayimə çatdılar.  30Yoav Avnerin ardınca düşməkdən vaz keçib qayıtdı və bütün xalqı topladı. Davudun adamlarından Asaheldən başqa on doqquz nəfər də əskik idi.  31Davudun adamları isə Binyaminliləri və Avnerin adamlarını vurdu və üç yüz altmış nəfəri öldürdü.  32Asaheli götürüb atasının Bet-Lexemdə olan qəbrində dəfn etdilər. Yoavla adamları bütün gecəni yol getdilər və gün doğanda Xevrona çatdılar.

YUXARI

2 Şamuel 3

Davud nəslinin güclənməsi

(1Saln. 3:1-4)

1Şaul nəsli ilə Davud nəsli arasında çəkişmə çox uzun çəkdi. Getdikcə Davud nəsli qüvvətlənir, Şaul nəsli isə zəifləyirdi.  2Xevronda Davudun oğulları doğuldu. İlk oğlu İzreelli Axinoamdan doğulan Amnon idi.  3İkincisi Karmelli Navalın dul arvadı Aviqaildən doğulan Kilav, üçüncüsü Geşur padşahı Talmayın qızı Maakadan doğulan Avşalom,  4dördüncüsü Haqqitdən doğulan Adoniya, beşincisi Avitaldan doğulan Şefatya,  5altıncısı isə Davudun arvadı Eqladan doğulan İtream idi. Davudun bu oğulları Xevronda doğulmuşdu.

Avnerin Davudla birləşməsi

6Şaul nəsli ilə Davud nəsli arasında olan çəkişmə zamanı Şaul nəslini himayə edən Avner qüvvə toplayırdı.  7Şaulun Ayya qızı Rispa adlı bir cariyəsi var idi. İş-Boşet Avnerə dedi: «Niyə atamın cariyəsinin yanına girdin?»  8İş-Boşetin bu sözlərinə görə Avner çox qəzəbləndi və dedi: «Mən Yəhuda tərəfini saxlayan bir köpək başıyammı? Mən bu gün atan Şaulun nəslinə, onun soydaşlarına və dostlarına havadar olub səni Davuda təslim etmədim, lakin indi sən bir qadından ötrü mənim üstümə günah yıxırsan?  9 Rəbb padşahlığı Şaul nəslindən alıb Dandan Beer-Şevaya qədər İsraildə Davudun taxtını quracağına and içdi.  10Bunu Davud üçün mən də etməsəm, qoy Allah Avnerə beləsini və bundan betərini etsin!»  11Belə olanda İş-Boşet Avnerdən qorxdu, daha cavab qaytara bilmədi.  12Sonra Avner Davudun yanına öz adından qasidlər göndərib dedi: «Bu torpaq kimindir? Gəl sən mənimlə əhd bağla və sonra mən bütün İsraili sənin tərəfinə çəkmək üçün səninlə əlbir olacağam».  13Davud dedi: «Lap yaxşı, mən səninlə əhd bağlayaram. Ancaq bir şərtlə ki mənimlə görüşməyə gələn zaman əvvəlcə Şaulun qızı Mikalı yanıma gətirməlisən, yoxsa məni görməyəcəksən».  14 Davud Şaul oğlu İş-Boşetin yanına qasidlər göndərib dedi: «Yüz Filiştlinin sünnət ətini gətirib nişanlandığım arvadım Mikalı mənə qaytar».  15İş-Boşet adam göndərib qadını əri Layiş oğlu Paltieldən aldı.  16Onun əri ağlaya-ağlaya Baxurimə qədər arvadının dalınca getdi. Burada Avner ona dedi: «Geri qayıt». O da geriyə qayıtdı.  17Avner İsrail ağsaqqallarına müraciət edib dedi: «Xeyli vaxtdır istəyirsiniz ki, Davud padşahınız olsun.  18İndi isə bunu edin! Çünki Rəbb “qulum Davudun əli ilə xalqım İsraili Filiştlilərin və bütün düşmənlərinin əlindən qurtaracağam” sözünü Davud üçün söyləmişdi».  19Avner bunu Binyaminlilərə də söylədi və İsrail ilə bütün Binyamin nəslinin gözündə xoş olan hər şeyi Davuda nəql etmək üçün Xevrona getdi.  20Avner və onunla bərabər iyirmi nəfər Xevrona, Davudun yanına gəldi. Davud Avnerlə adamları üçün ziyafət qurdu.  21Avner Davuda dedi: «Qoy gedim, bütün İsraili ağam padşaha tərəfdar edim ki, onlar da səninlə əhd bağlasın. Sən də ürəyin istəyən kimi bütün ölkəyə padşahlıq et». Davud Avneri buraxdı, o da sağ-salamat çıxıb getdi.

Yoavın Avneri öldürməsi

22Bu vaxt Davudun adamları ilə Yoav bir basqından qayıtmışdı. Özləri ilə çoxlu talan malı gətirmişdilər. Avner isə Xevronda Davudun yanında deyildi, çünki Davud onu buraxmışdı, o da sağ-salamat çıxıb getmişdi.  23Yoavla birlikdə bütün ordu gəldi və Yoava bunu xəbər verib dedilər: «Ner oğlu Avner padşahın yanına gəlmişdi və padşah onu buraxdı, o da sağ-salamat çıxıb getdi».  24Yoav padşahın yanına gəlib dedi: «Sən nə etmisən? Bax Avner sənin yanına gəlmişdi, bəs nə üçün onu buraxdın? O getdi.  25Sən Ner oğlu Avneri tanıyırsan, bilirsən ki, o səni aldatmaq, hara gedib-gəldiyini öyrənmək və etdiyin hər şeyi bilmək üçün gəlmişdi».  26Yoav Davudun yanından çıxıb Avnerin arxasınca çaparlar göndərdi və onu Sira quyusunun yanından geri qaytardılar, lakin Davudun bundan xəbəri yox idi.  27Avner Xevrona qayıdanda Yoav təklikdə danışmaq üçün onu darvazanın içinə çəkdi və qardaşı Asahelin qanından ötrü Avneri qarnından vurub öldürdü.  28Sonra Davud bundan xəbər tutanda dedi: «Rəbb qarşısında Ner oğlu Avnerin qanından ötrü əbədi olaraq mən və padşahlığım günahkar deyil.  29Qoy bu günah Yoavın başına və atasının nəslinin üstünə dönsün. Qoy Yoavın nəslindən yara-xoralı, cüzamlı, qoltuq ağacına söykənən, qılıncdan keçən yaxud aclıq çəkən adamlar heç vaxt əskik olmasın».  30Beləcə Yoavla qardaşı Avişay Avneri öldürdülər, çünki onların qardaşı Asaheli Giveondakı döyüşdə o öldürmüşdü.  31Sonra Davud Yoava və yanında olan bütün xalqa belə dedi: «Paltarlarınızı cırın, çula bürünüb Avner üçün yas qurun». Padşah Davud mafənin ardınca gedirdi.  32Avneri Xevronda dəfn etdilər. Padşah Avnerin qəbri üstündə bərkdən ağladı və bütün xalq ona qoşulub ağladı.  33Padşah Avner üçün mərsiyə oxudu: Avner, bir axmaq kimi ölməli idinmi?

34Əllərin bağlanmamışdı,

Ayaqlarına zəncir vurulmamışdı.

Şər adamlar qarşısında yerə düşən bir adam kimi yıxıldın.

Bütün xalq bir daha Avner üçün ağladı.  35Bütün xalq hələ gündüz ikən Davudun yanına gəlib onu çörək yeməyə məcbur edirdi. Lakin Davud and içib dedi: «Əgər gün batmazdan əvvəl çörək yaxud başqa bir şey dilimə vursam, qoy Allah mənə beləsini və bundan betərini etsin!»  36Bütün xalq buna fikir verdi, əvvəllər padşahın etdiyi hər şey onlara xoş təsir bağışladığı kimi bu iş də gözlərində o cür yaxşı göründü.  37O gün xalq – bütün İsraillilər başa düşdülər ki, Ner oğlu Avnerin öldürülməsində günahkar padşah deyil.  38Padşah əyanlarına dedi: «Bu gün İsraildə bir rəhbərin, böyük bir adamın həlak olduğunu bilmirsinizmi?  39Mən məsh edilmiş bir padşah olduğum halda bu gün nə qədər acizəm. Bu adamlar – Seruyanın oğulları məndən çox güclüdür. Qoy Rəbb pislik edənə əvəzini versin!»

YUXARI

2 Şamuel 4

İş-Boşetin qətli

1Şaul oğlu İş-Boşet Avnerin Xevronda öldürüldüyünü eşidəndə əlləri sustaldı və bütün İsraili dəhşət bürüdü.  2Şaul oğlu İş-Boşetin dəstə başçısı olan iki adamı var idi. Bunlar Binyamin övladlarından olan Beerotlu Rimmonun oğulları olub, birinin adı Baana, o birinin adı isə Rekav idi. Beerot da Binyaminin bir hissəsi sayılır.  3Beerotlular Gittayimə qaçmışdı və bu günə qədər orada qəriblikdə yaşayırlar.  4 Şaul oğlu Yonatanın ayaqdan şikəst bir oğlu var idi. İzreeldən Şaulla Yonatanın ölüm xəbəri çatanda onun beş yaşı var idi. Dayəsi onu götürüb qaçdı. Tələsib qaçanda uşaq əlindən düşüb topal oldu. Bu uşağın adı Mefiboşet idi.  5İş-Boşet günorta vaxtı dincələndə Beerotlu Rimmonun oğulları Rekav və Baana yola çıxıb günortanın isti çağında onun evinə çatdılar.  6Rekav qardaşı Baana ilə buğda daşıyanlar görkəmində evə girdilər və İş-Boşeti qarnından vurub aradan çıxdılar.  7Onlar evə girəndə İş-Boşet yataq otağında, öz yatağında yatırdı. Onu vurub öldürdülər, başını kəsdilər və başını götürüb bütün gecəni Arava yolu ilə getdilər.  8İş-Boşetin başını Xevrona Davudun yanına gətirdilər və padşaha dedilər: «Budur, sənin canına qəsd etmək istəyən düşmənin Şaul oğlu İş-Boşetin başı! Rəbb Şauldan və onun övladlarından ağam padşaha bu gün qisaslar ehsan etdi».  9 Davud Beerotlu Rimmonun oğullarına – Rekavla qardaşı Baanaya belə cavab verdi: «Canımı hər cür bəlalardan qurtaran var olan Rəbbə and olsun,  10Ziqlaqda olanda özünə görə guya müjdə verərək “budur, Şaul öldü” deyə birisi mənə xəbər gətirmişdi. Buna görə də onu yaxalayıb öldürdüm. Ona gətirdiyi xəbərə görə mükafatım bu oldu.  11İndi şər adamlar bir günahsızı öz evində, yatağı üstündə öldürərkən sizdən onun qan qisasını alıb sizi yer üzündən yox etməyəcəyəmmi?»  12Sonra Davud nökərlərinə əmr etdi, nökərlər onları öldürdü və əl-ayaqlarını kəsib Xevrondakı gölməçənin yanından asdı. İş-Boşetin başını isə götürüb Xevronda Avnerin qəbrinin yanında basdırdılar.

YUXARI

2 Şamuel 5

Davudun bütün İsrail üzərində padşahlığı

(1Saln. 11:1-3)

1İsrailin bütün qəbilələri Xevrona, Davudun yanına gəlib belə dedi: «Bax biz sənin sümüyündən, sənin ətindənik. 2Əvvəllər – Şaul padşahımız olanda da İsrailliləri yürüşlərə aparan və gətirən sən idin. Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, İsrail üzərində sən hökmdar olacaqsan».  3İsrailin bütün ağsaqqalları Xevrona, padşah Davudun yanına gəldilər və padşah orada Rəbbin önündə onlarla əhd bağladı. Ağsaqqallar Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər.  4 Davud padşah olanda otuz yaşı var idi və qırx il padşahlıq etdi.  5O, Xevronda Yəhuda üzərində yeddi il altı ay idi ki, padşahlıq etmişdi və Yerusəlimdə, bütün İsrail ilə Yəhuda üzərində isə otuz üç il padşahlıq etdi.

Davudun Yerusəlimi alması

(1Saln. 11:4-9; 14:1-2)

6 Padşahla adamları Yerusəlimə gedib o torpağın yerli əhalisi Yevuslulara hücum etdilər. Yevuslular Davuda dedilər: «Sən buraya girə bilməzsən. Əgər buraya gəlsən, səni hətta korlar və topallar da geri ata bilər». Onlar fikirləşdilər ki, Davud bu şəhərə girə bilməz.  7Buna baxmayaraq Davud indi «Davudun şəhəri» adlanan Sion qalasını aldı.  8Davud həmin gün dedi: «Hər kim Yevuslulara hücum edəcəksə, yeraltı keçidlə Davudun canına nifrət edən o topallara və korlara çatmalıdır». Elə buna görə də deyirlər ki, kor və topallar saraya girməyəcək.  9Davud qalada məskən saldı və qalanı Davudun şəhəri adlandırdı. Sonra ətrafda, qala yamacından içəriyə doğru olan sahəni tikdi.  10Davud getdikcə yüksəlirdi, çünki Ordular Allahı Rəbb onunla idi.  11Sur padşahı Xiram Davudun yanına qasidlərlə sidr ağacları, dülgərlər, bənnalar göndərdi. Onlar Davud üçün bir ev tikdilər.  12Onda Davud başa düşdü ki, Rəbb onu İsrail üzərində padşah kimi möhkəmləndirib və xalqı İsrailin xatirinə onun padşahlığını yüksəldib.  13Davud Xevrondan gələndən sonra Yerusəlimdən özünə təzə arvadlarla cariyələr aldı. Onlar Davuda yenə oğul və qızlar doğdu.  14Onun Yerusəlimdə doğulan oğullarının adları belədir: Şammua, Şovav, Natan, Süleyman,  15İvxar, Elişua, Nefeq, Yafia,  16Elişama, Elyada və Elifelet.

Davudun Filiştliləri məğlub etməsi

(1Saln. 14:8-17)

17Filiştlilər eşitdilər ki, Davud İsrail üzərində padşah olmaq üçün məsh edilib. Onda hamısı Davudu axtarmağa çıxdı. Davud bunu eşidib qalaya endi.  18Filiştlilər gəlib Refaim vadisinə yayıldı.  19Davud Rəbdən soruşdu: «Mən Filiştlilərə qarşı çıxımmı? Onları mənə təslim edəcəksənmi?» Rəbb Davuda cavab verdi: «Çıx, mütləq Filiştliləri sənə təslim edəcəyəm».  20Davud Baal-Perasimə gəlib Filiştliləri qırdı və belə dedi: «Sellər bəndləri dağıtdığı kimi Rəbb də düşmənlərimi mənim önümdə dağıtdı». Buna görə də o yerin adını Baal-Perasim qoydular.  21Filiştlilər qaçanda bütlərini orada qoydular. Davudla adamları o bütləri götürüb apardı.  22Filiştlilər yenə də Refaim vadisinə çıxaraq yayıldılar.  23Buna görə Davud Rəbdən soruşdu və Rəbb dedi: «Birbaşa onların qarşısına çıxma, arxalarından dolanıb balzam ağaclarının qabağında bu düşmənlərin üstünə gəl.  24Balzam ağaclarının başından addım səslərini eşidəndə cəld hərəkətə keç, çünki o zaman Rəbb sənin qarşınca Filiştlilərin ordusunu məğlub etmək üçün çıxacaq».  25Rəbb Davuda necə buyurmuşdusa, o da elə etdi və Gevadan Gezerə çatana qədər Filiştliləri qırdı.

YUXARI

2 Şamuel 6

Əhd sandığının Yerusəlimə gətirilməsi

(1Saln. 13:1-14; 15:25-16:6,43)

1Davud İsraildə yenidən bütün seçmə adamları topladı. Onlar otuz min nəfər idi.  2 Davud durub yanındakı xalqla birgə Yəhudanın Baale şəhərinə getdi ki, keruvlar üstündə taxt quran Ordular Rəbbinə aid olan Allahın sandığını oradan çıxartsın.  3 Allahın sandığını bir təzə arabaya qoyub Avinadavın təpədəki evindən çıxartdılar. Təzə arabanı Avinadavın oğulları Uzza və Axyo sürürdü.  4Onlar Allahın sandığını Avinadavın təpədəki evindən arabaya qoyub çıxartdılar. Axyo sandığın qabağında gedirdi.  5Davudla bütün İsrail nəsli Rəbbin hüzurunda həvəslə ilahi oxuyur, liralarla, çənglərlə, dəflərlə, şaxşaxlarla və sinclərlə çalıb oynayırdılar.  6Nakonun xırman yerindən keçəndə öküzlər büdrədi. Buna görə də Uzza əl uzadıb Allahın sandığından tutdu.  7Uzzaya qarşı Rəbbin qəzəbi alovlandı və Allah onu hörmətsizlik etdiyinə görə oradaca vurdu. Uzza yerindəcə – Allahın sandığı yanında öldü.  8Davud Rəbbin Uzzanı vurmasından çox məyus oldu. O yerə bu günə qədər Peres-Uzza deyilir.  9Həmin gün Davud Rəbdən qorxub dedi: «Rəbbin sandığı mənim yanımda necə qala bilər?»  10Davud Rəbbin sandığını öz yanına – Davudun şəhərinə aparmaq istəmədi və sandığı yolundan döndərib Qatlı Oved-Edomun evinə qoydu.  11 Rəbbin sandığı üç ay Qatlı Oved-Edomun evində qaldı. Rəbb Oved-Edoma və onun bütün külfətinə bərəkət verdi.  12Padşah Davuda «Rəbb Oved-Edomun nəslinə və ona məxsus hər şeyə Allahın sandığına görə bərəkət verdi» deyə xəbər verildi. Davud gedib Oved-Edomun evindən Allahın sandığını sevinclə Davudun adı verilən şəhərə çıxardı.  13Rəbbin sandığını daşıyanlar altı addım gedəndən sonra Davud bir öküzü və kökəldilmiş buğanı qurban kəsdi.  14O, kətan efod geyib Rəbbin önündə var gücü ilə rəqs edirdi.  15Davudla bütün İsrail nəsli Rəbbin sandığını hay-küylə, şeypur səsi ilə çıxartdılar.  16Rəbbin sandığı Davudun şəhərinə gətiriləndə Şaulun qızı Mikal pəncərədən baxıb padşah Davudu Rəbbin önündə atılıb rəqs edərkən gördü və ürəyində ona kinayə etdi.  17Rəbbin sandığını gətirib Davudun bu məqsədlə qurduğu çadırın içərisində onun üçün ayrılan yerə qoydular. Davud Rəbbin önündə yandırma və ünsiyyət qurbanları kəsdi.  18Davud yandırma və ünsiyyət qurbanlarını təqdim edib qurtarandan sonra Ordular Rəbbinin adı ilə xalqa xeyir-dua verdi.  19 İstər qadın, istərsə də kişi olsun, xalqın hamısına – İsrail camaatından hərəyə bir kömbə çörək, bir parça ət və bir üzüm lavaşanası payladı. Sonra xalqın hamısı öz evinə qayıtdı.  20Davud öz külfətinə xeyir-dua vermək üçün qayıdanda Şaulun qızı Mikal Davudun qarşısına çıxıb belə dedi: «Gör bu gün İsrailin padşahı necə də şərəf qazanıb! Adi bir təlxək kimi utanmadan bu gün əyanlarının və qarabaşlarının qarşısında soyundu!»  21Davud Mikala dedi: «Mən bunu atanın və onun bütün nəslinin yerinə məni seçib Öz xalqı İsraillilərə hökmdar qoyan Rəbbin qarşısında etmişəm. Bəli, Rəbbin hüzurunda şənlik edəcəyəm.  22Bundan sonra bundan betər alçalıb öz mənliyimi heç edəcəyəm, yalnız sən dediyin qarabaşların qarşısında şərəflənəcəyəm».  23Buna görə də Şaul qızı Mikalın ölənə qədər övladı olmadı.

YUXARI

2 Şamuel 7

Davudun məbəd tikmək fikri

(1Saln. 17:1-15)

1Rəbb padşah Davuda ətrafında olan bütün düşmənlərinin əlindən rahatlıq verən zamanlarda Davud öz evində oturmuşdu.  2O vaxt padşah peyğəmbər Natana belə dedi: «Bax mən sidr ağacından tikilən bir sarayda yaşayıram, lakin Allahın sandığı isə bir çadırda qalır».  3Natan padşaha dedi: «Get, ürəyindəki niyyətini həyata keçir, çünki Rəbb səninlədir».  4Lakin o gecə Natana Rəbbin bu sözü nazil oldu:  5«Get, qulum Davuda söylə ki, Rəbb belə deyir: “Sənmi Mənə yaşamaq üçün ev tikəcəksən?  6İsrail övladlarını Misirdən çıxartdığım gündən ta bu günə qədər Mən heç bir evdə yaşamamışam, ancaq bir səyyar çadırda oraya-buraya köçmüşəm.  7Bütün İsrail övladları ilə birgə gəzdiyim o yerlərdə xalqım İsrailin qayğısına qalmağı buyurduğum İsrail qəbilələrindən birinə ‹Niyə Mənə sidr ağacından bir ev qurmadınız?› deyə bir söz söyləmişəmmi?”  8İndi qulum Davuda söylə ki, Ordular Rəbbi belə deyir: “Mən səni otlaqlarda qoyun otaranda götürüb xalqım İsrailə hökmdar etdim.  9Getdiyin hər yerdə səninlə oldum və qarşından bütün düşmənlərini qırıb atdım. İndi isə adını dünyadakı böyüklərin adı kimi məşhur edəcəyəm.  10Xalqım İsrail üçün bir yer təyin edib onları oraya sakin edəcəyəm ki, öz yurdlarında yaşasınlar və bir daha sarsılmasınlar. Şər adamlar əvvəllər xalqım İsraillilərə hakimlər təyin etdiyim günlərdən bəri etdikləri kimi yenə də onlara zülm etməsinlər.  11Sənə bütün düşmənlərinin əlindən rahatlıq verəcəyəm”. Rəbb sənə bildirir ki, Rəbb Özü sənə ev tikəcək.  12 “Ömrün başa çatıb atalarınla uyuyanda yerinə sənin toxumundan – belindən gələn övladını çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm.  13O Mənim ismimə ev tikəcək və onun şahlıq taxtını əbədi möhkəm edəcəyəm.  14 Mən ona Ata, o isə Mənə oğul olacaq. Günah edəndə onu insanların dəyənəyi ilə, bəşər övladlarının kötəkləri ilə vuracağam.  15Qarşından götürdüyüm Şauldan lütfümü geri aldığım kimi ondan geri almayacağam.  16Sənin nəslin və padşahlığın Mənim qarşımda əbədi əmin-amanlıqda olacaq, taxtın isə əbədi möhkəm qalacaq”».  17Natan Davuda bütün bu sözləri və bütün bu vəhyi nəql etdi.

Davudun duası

(1Saln. 17:16-27)

18Padşah Davud içəri keçib Rəbbin önündə diz çökərək dedi: «Ya Xudavənd Rəbb, mən kiməm və nəslim kimdir ki, Sən məni bu yerə çıxartdın?  19Ya Xudavənd Rəbb, Sənin gözündə bu da kiçik göründü, hələ bu qulunun nəslinin gələcəyi haqqında xəbər verdin. Bu insanlar üçün bir təlimdirmi, ya Xudavənd Rəbb?  20Davud Sənə daha nə deyə bilər? Ya Xudavənd Rəbb, bu qulunu Sən tanıyırsan!  21Sən bütün bu böyük şeyləri quluna başa salmaq üçün, həm də Öz sözün uğrunda və Öz ürəyincə etdin.  22Bunun üçün, ya Rəbb Allah, Sən böyüksən. Axı qulaqlarımızla eşitdiklərimizin hamısına görə Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur.  23Yer üzərində xalqın İsrail kimi bir millət varmı? Ey Allah, Sən onu Özünə xalq etmək üçün satın almağa getdin. Sən Misirdən satın aldığın xalqın önündə onlar və Öz ölkən uğrunda böyük və xariqəli işlər gördün. Belə ki millətləri və onların allahlarını qovub Özünə şöhrət qazandın.  24Əbədi olaraq xalqın İsraili Özün üçün xalq olaraq təyin etdin və Sən, ya Rəbb, onların Allahı oldun.  25İndi isə, ya Rəbb Allah, bu qulun və onun nəsli haqqında söylədiyin sözü əbədi saxla və dediyinə əməl et.  26Qoy insanlar “Ordular Rəbbi İsrailə hakim olan Allahdır” deyərək Sənin adını əbədi ucaltsınlar və qulun Davudun nəsli Sənin önündə möhkəm qalsın.  27Çünki Sən Ordular Rəbbi, İsrailin Allahı “sənə ev tikəcəyəm” deyərək bu quluna vəhy göndərdin. Ona görə də qulun Sənə bu duanı etməyə cəsarət tapdı.  28Ya Xudavənd Rəbb, Sən Allahsan, Sənin sözlərin haqdır və indi də quluna bu yaxşı şeyi vəd etdin.  29Əbədi olaraq Sənin önündə olsun deyə qulunun nəslinə xeyir-dua vermək qoy Sənə xoş görünsün! Çünki, ya Xudavənd Rəbb, Sən belə söz verdin. Bu qulunun nəsli Sənin xeyir-duanla əbədilik xeyir-dua alsın!»

YUXARI

2 Şamuel 8

Davudun qələbələri

(1Saln. 18:1-17)

1Bundan sonra Davud Filiştliləri məğlub edib özünə tabe etdi və Meteq-Ammahı Filiştlilərdən aldı.  2Moavlıları da məğlub etdi və yerə uzadaraq ölçü ipi ilə ölçdü, ölçdüyü iki cərgəni öldürdü, bir cərgəni isə sağ buraxdı. Moavlılar Davuda tabe olub xərac verdilər.  3Sova padşahı Rexov oğlu Hadadezer Fərat çayının ətrafında öz hakimiyyətini bərpa etmək üçün gedəndə Davud onu məğlub etdi.  4O, Hadadezerin min yeddi yüz süvarisini və iyirmi min piyada əsgərini əsir etdi və atlardan yüzə qədərini döyüş arabası üçün saxlayaraq qalan atların ayaq vətərini kəsdi.  5Dəməşqdə yaşayan Aramlılar Sova padşahı Hadadezerə kömək etməyə gələndə Davud onlardan iyirmi iki min nəfəri qırdı.  6Davud Dəməşq Aramına hərbi dəstələr yerləşdirdi və Aramlılar ona tabe olub xərac verdilər. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı.  7O, Hadadezerin zabitlərinin gəzdirdiyi qızıl qalxanları götürüb Yerusəlimə gətirdi.  8Padşah Davud Hadadezerin Betah və Berotay şəhərlərindən çoxlu tunc aldı.  9Xamat padşahı Toi eşitdi ki, Davud Hadadezerin bütün ordusunu məğlub edib.  10Toi padşah Davudu salamlamaq və Hadadezeri döyüşdə məğlub etdiyinə görə təbrik etmək üçün oğlu Yoramı onun yanına göndərdi, çünki Hadadezer Toi ilə həmişə müharibə etmişdi. Yoram Davuda qızıl-gümüş və tunc əşyalar bəxş etdi.  11Padşah Davud bu bəxşişləri də, özünə tabe etdirdiyi bütün millətlərdən –  12Aramlılardan, Moavlılardan, Ammonlulardan, Filiştlilərdən, Amaleqlilərdən əldə etdiyi qızıl-gümüşü də Sova padşahı Rexov oğlu Hadadezerdən əldə edilən talan malı ilə birlikdə Rəbbə həsr etdi.  13 Duz vadisində Davud Edomlulardan on səkkiz min nəfəri qırandan sonra geri qayıdan zaman ad qazandı.  14Edoma hərbi dəstələr yerləşdirdi. Edomun hər tərəfinə hərbi dəstələri yerləşdirəndən sonra Edomluların hamısı Davuda tabe oldu. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı.  15Davud bütün İsrailin padşahı oldu. O bütün xalqına ədalət və salehliklə hökmranlıq edirdi.  16Seruya oğlu Yoav ordu başçısı idi; Axilud oğlu Yehoşafat salnaməçi idi;  17Axituv oğlu Sadoq və Evyatar oğlu Aximelek kahin idi; Seraya mirzə idi;  18Yehoyada oğlu Benaya Keretlilər və Peletlilərin başçısı idi; Davudun oğulları isə vəzir idi.

YUXARI

2 Şamuel 9

Davudun Mefiboşetə etdiyi yaxşılıq

1Davud dedi: «Şaul nəslindən sağ qalan kimsə varmı? Yonatanın xatirinə ona yaxşılıq edim».  2Şaulun nəslində Siva adlı bir xidmətçi var idi. Onu Davudun yanına çağırdılar və padşah ona dedi: «Siva sənsənmi?» O dedi: «Qulun özüdür ki, var».  3 Padşah dedi: «Şaul nəslindən bir adam qalmayıb ki, ona Allah xatirinə yaxşılıq edim?» Siva padşaha dedi: «Yonatanın iki ayağından şikəst bir oğlu var».  4Padşah ona dedi: «İndi o haradadır?» Siva padşaha dedi: «Budur, indi o, Lo-Devarda Ammielin oğlu Makirin evindədir».  5Padşah Davud adam göndərib Lo-Devardan Ammielin oğlu Makirin evindən Mefiboşeti gətirtdi.  6Şaul oğlu Yonatanın oğlu Mefiboşet Davudun yanına gəldi və üzünü yerə qoyub təzim etdi. Davud dedi: «Mefiboşet!» O «Budur, qulun özüdür ki, var!» dedi.  7Davud ona dedi: «Qorxma, atan Yonatanın xatirinə mütləq sənə yaxşılıq edəcəyəm və baban Şaulun bütün torpağını sənə qaytaracağam. Sən həmişə mənim süfrəmdə yemək yeyəcəksən».  8Mefiboşet təzim edib dedi: «Axı bu qulun kimdir ki? Mənim kimi ölü bir köpəyə tərəf nə üçün üz tutursan?»  9Padşah Şaulun xidmətçisi Sivanı çağırıb dedi: «Şaula və onun nəslinə aid olan hər şeyi sənin ağanın nəvəsinə verdim.  10Ağanızın nəvəsinin torpağını sən, oğulların və qulların becərəcək. Məhsulunu ona verəcəksiniz ki, azuqəsi olsun. Ağanızın nəvəsi Mefiboşet isə həmişə mənim süfrəmdə yemək yeyəcək». Sivanın on beş oğlu və iyirmi qulu var idi.  11Siva padşaha dedi: «Mən ağam padşahın bu quluna əmr etdiyi hər şeyi edəcəyəm». Beləliklə, Mefiboşet padşah oğullarından biri kimi Davudun süfrəsində yemək yeyirdi.  12Mefiboşetin kiçik bir oğlu var idi. Onun adı Mika idi. Sivanın evində yaşayanların hamısı Mefiboşetin xidmətçiləri idi.  13Bundan sonra Mefiboşet Yerusəlimdə qaldı, çünki həmişə padşahın süfrəsində yemək yeyirdi. O, iki ayağından şikəst idi.

YUXARI

2 Şamuel 10

Ammonluların və Aramlıların məğlubiyyəti

(1Saln. 19:1-19)

1Bir müddət sonra Ammonluların padşahı öldü və onun yerinə oğlu Xanun padşah oldu.  2Davud dedi: «Atası mənə yaxşılıq etdiyinə görə mən də Naxaşın oğlu Xanuna yaxşılıq edəcəyəm». Davud əyanlarından bir neçəsini Xanunun atası üçün başsağlığı verməyə göndərdi. Lakin Davudun adamları Ammon ölkəsinə çatanda  3Ammonluların başçıları öz ağaları Xanuna dedilər: «Sən elə bilirsən ki, Davud bu başsağlığı verən adamları sənin atana hörməti olduğu üçün göndərib? Davudun sənin yanına adamlarını göndərməsi şəhəri gözdən keçirib araşdırmaq və buranı yıxmaq üçün deyilmi?»  4Xanun Davudun adamlarını tutaraq saqqallarını yarıyacan qırxdırıb paltarlarını oturacaq yerinə qədər aşağıdan kəsdirdi və onları geri göndərdi.  5Bunu Davuda xəbər verdilər, Davud da onları qarşılamaq üçün qasidlər göndərdi, çünki bu adamlar çox utanırdı. Padşah dedi: «Saqqalınız çıxana qədər Yerixoda qalın, sonra qayıdarsınız».  6Ammonlular özlərinə qarşı Davudda nifrət oyatdıqlarını görəndə adam göndərib Bet-Rexov Aramlılarından və Sova Aramlılarından iyirmi min piyada əsgəri, Maaka padşahı ilə min adamı və Tov əhalisindən on iki min nəfəri muzdla tutdular.  7Davud bunu eşidib Yoavla bütün igidlər ordusunu onların üstünə göndərdi.  8Ammonlular çıxıb darvazanın girişində döyüşə düzüldülər. Sova və Rexov Aramlıları ilə Tov və Maaka adamları çöldə ayrıca durmuşdular.  9Yoav öndən və arxadan düşmənlərin ona qarşı düzüldüklərini görəndə bütün İsrailin seçmə döyüşçülərindən bəzilərini ayırıb Aramlılara qarşı düzdü.  10Xalqın qalan hissəsinə isə qardaşı Avişayı başçı qoydu və onları Ammonlulara qarşı düzdü.  11Yoav dedi: «Əgər Aramlılar məndən güclü çıxarsa, sən mənə kömək edərsən, əgər Ammonlular səndən güclü çıxarsa, mən gəlib sənə kömək edərəm.  12Cəsarətli ol. Gəl xalqımız naminə, Allahımızın şəhərləri naminə igidlik göstərək. Qoy Rəbb gözündə xoş olanı etsin».  13Yoav və yanındakı qoşun Aramlılara qarşı döyüşə yaxınlaşarkən düşmənlər Yoavın qabağından qaçdılar.  14Ammonlular Aramlıların qaçdığını görəndə Avişayın qabağından qaçıb şəhərə girdilər. Ammonlular ilə döyüş qurtarandan sonra Yoav Yerusəlimə qayıtdı.  15Aramlılar İsraillilərin önündə məğlub olduqlarını görəndə bir yerə yığıldılar.  16Hadadezer adam göndərib Fərat çayının o tayındakı Aramlıları döyüşə çıxartdı. Hadadezerin ordu başçısı Şovakla birgə Xelama gəldi.  17Bunu Davuda xəbər verdilər. O bütün İsrailliləri toplayıb İordan çayını keçərək Xelama gəldi. Aramlılar Davuda qarşı düzülüb onunla vuruşdular.  18Aramlılar İsraillilərin qarşısından qaçdılar. Davud Aramlılardan yeddi yüz döyüş arabaçısı ilə qırx min süvarini qırdı və orada ordu başçısı Şovakı vurub öldürdü.  19Hadadezerə tabe olan padşahların hamısı İsrail qarşısında məğlub olduqlarını görəndə İsraillilərlə sülh bağlayıb onlara tabe oldular. Artıq Aramlılar Ammonlulara kömək etməyə qorxdular.

YUXARI

2 Şamuel 11

Davud və Bat-Şeva

1Bahar gələndə padşahlar müharibəyə çıxan vaxt Davud Yoavı, zabitlərini bütün İsrail ordusu ilə birlikdə müharibəyə göndərdi. Onlar Ammonluları qırıb Rabbanı mühasirəyə aldılar. Davud isə Yerusəlimdə qaldı.  2Bir axşamçağı Davud yatağından qalxıb padşah sarayının damı üstündə gəzişirdi. O, damdan baxıb gördü ki, bir qadın yuyunur. Qadın çox gözəl idi.  3Davud adam göndərib bu qadın barəsində xəbər aldı. Biri belə dedi: «Bu qadın Xetli Uriyanın arvadı, Eliamın qızı Bat-Şevadır».  4Davud qasidlər göndərib onu yanına gətirtdi. Qadın onun yanına gələndə hələ aybaşı murdarlığından təmizlənməkdə idi. Davud onunla yatdı və sonra qadın evinə qayıtdı.  5Qadın bundan boylu olub Davuda «mən hamiləyəm» deyə xəbər göndərdi.  6Davud Yoavın yanına adam göndərib dedi: «Xetli Uriyanı mənim yanıma göndər». Yoav Uriyanı Davudun yanına göndərdi.  7Uriya Davudun yanına gələndə Davud Yoavın, xalqın və döyüşün vəziyyətini soruşdu.  8Sonra Davud Uriyaya dedi: «Get evinə, ayaqlarını yu». Uriya padşahın sarayından çıxanda padşah arxasınca ona hədiyyə də göndərdi.  9Lakin Uriya padşahın sarayının qapısında ağasının bütün mühafizəçiləri ilə birlikdə yatıb evinə getmədi.  10Davuda «Uriya evinə getmədi» deyə bildirdilər. Davud Uriyaya dedi: «Sən yoldan gəlməmisənmi? Niyə evinə getmədin?»  11Uriya Davuda dedi: «Əhd sandığı və İsraillilərlə Yəhudalılar çardaqlarda qalarkən, ağam Yoavla ağamın zabitləri çöllərdə məskən salarkən mən yemək-içmək və arvadım ilə yatmaq üçün evimə gedimmi? Həyatına və canına and olsun, mən belə şey etmərəm».  12Davud Uriyaya dedi: «Bu gün də burada qal, sabah səni yola salaram». Uriya həmin günü və ertəsi günü Yerusəlimdə qaldı.  13Davud onu çağırıb yedirib-içirərək sərxoş etdi. Uriya padşahın yanından axşamüstü çıxdı. O öz hərbi yatağında yatmaq üçün ağasının mühafizəçilərinin yanına gedərək yenə də evinə getmədi.  14Səhər açılanda Davud Yoava məktub yazdı və məktubu Uriyanın əli ilə Yoava göndərdi.  15Məktubunda belə yazılmışdı: «Uriyanı qızğın döyüşlərə göndər. Onu ön xəttə qoy və yanından çəkilin ki, vurulub öldürülsün».  16Yoav şəhəri mühasirə altında saxlayarkən igid adamlar olan yeri bilirdi və Uriyanı oraya göndərdi.  17Şəhərin adamları qalxıb Yoavla döyüşə çıxdılar. Xalqdan, Davudun döyüşçülərindən qırılanlar oldu və Xetli Uriya da ölənlər arasında idi.  18Yoav Davudun yanına adam göndərib döyüş haqqında olan məlumatların hamısını xəbər verdi.  19Qasidə əmr edib dedi: «Döyüş haqqında olan bütün məlumatları padşaha söyləyib bitirərkən  20padşah sənə qəzəblənib “Şəhərə hücum etmək üçün niyə bu qədər yaxınlaşdınız? Divarın üstündən sizə ox atacaqlarını bilmirdinizmi?  21 Bax Yerubbeşet oğlu Avimeleki kim vurdu? Divarın üstündən bir qadın dəyirmanın üst daşını onun üstünə atmadımı və o, Tevesdə ölmədimi?” deyərsə, o zaman “qulun Xetli Uriya da öldü” deyərsən».  22Qasid yola düşdü və Davudun yanına gəlib Yoavın göndərdiyi məlumatların hamısını ona xəbər verdi.  23Qasid Davuda dedi: «Adamlar bizə üstün gəldilər. Onlar bizə qarşı döyüşmək üçün çölə çıxdılar və onları darvazanın girişinə qədər qovduq.  24Oxatanlar divardan döyüşçülərin üstünə ox yağdırdılar və padşahın döyüşçülərindən ölənlər də oldu. Qulun Xetli Uriya da ölənlər arasındadır».  25Davud qasidə dedi: «Yoava deyərsən ki, “bu hadisə sənin gözündə pis görünməsin, çünki qılınc gah birinin, gah da başqasının başını yeyir. Şəhərə qarşı döyüşü gücləndirib oranı yıxsın”. Bununla Yoavı sən də ruhlandır».  26Uriyanın arvadı Uriyanın ölümünü eşidib əri üçün yas tutdu.  27Yas qurtarandan sonra Davud adam göndərib Bat-Şevanı öz evinə gətirdi və o, Davudun arvadı oldu. Sonra Davuda bir oğul doğdu. Lakin Davudun gördüyü bu iş Rəbbin gözündə pis idi.

YUXARI

2 Şamuel 12

Natan peyğəmbərin Davuda məzəmməti

1Rəbb Natanı Davudun yanına göndərdi. Natan onun yanına gəlib belə nəql etdi: «Bir şəhərdə iki adam var idi. Onlardan biri varlı, o biri isə kasıb idi.  2Varlı adamın çoxlu sürüləri və naxırı var idi.  3Lakin kasıb adamın satın alıb bəslədiyi bir körpə dişi quzudan başqa heç nəyi yox idi. O, quzusunu öz yanında uşaqları ilə bərabər böyütmüş, ona öz yeməyindən yedirtmiş, öz içdiyi qabdan su içirtmiş və qoynunda yatırtmışdı. Quzu ona doğma qızı kimi idi.  4Bir gün varlı adamgilə yadelli bir qonaq gəlir. Varlı adam onlara gələn qonağa yemək hazırlamaq üçün öz sürüsündən və naxırından heyvan götürüb kəsməyə qıymadı. O gedib kasıbın quzusunu götürüb kəsdi və yanına gələn qonağa yemək hazırladı».  5O adama qarşı Davudun qəzəbi alovlandı və Natana dedi: «Var olan Rəbb haqqı, bunu edən adam ölümə layiqdir.  6Bu işi gördüyünə və rəhmsizliyinə görə o, quzunun əvəzini dördqat verəcək».  7Natan Davuda dedi: «O adam sənsən! İsrailin Allahı Rəbb belə deyir: “Mən səni İsrailin üzərində padşah olaraq məsh etdim və səni Şaulun əlindən qurtardım.  8Sənə ağanın evini verdim. Ağanın arvadlarını qoynunda yatırıb İsraillə Yəhuda nəslini sənə verdim. Əgər bu sənə azlıq edirdisə, Mən sənə daha nələri, nələri əlavə edərdim.  9Nə üçün Rəbbin gözündə pis olan işi etdin? Niyə Onun sözünə xor baxdın? Xetli Uriyanın arvadını özünə arvad etmək üçün onu qılıncla öldürtdürdün. Uriyanı Ammon övladlarının qılıncı ilə öldürtdürdün.  10Bundan sonra heç vaxt qılınc sənin evindən ayrılmayacaq, çünki sən Mənə xor baxdın və Xetli Uriyanın arvadını özünə arvad etdin”.  11 Rəbb belə deyir: “Bax sənə qarşı pisliyi öz nəslindən çıxaracağam və sənin gözünün önündə arvadlarını götürüb yaxınına verəcəyəm. O da göz görə-görə, gündüzün günorta çağı sənin arvadlarınla yatacaq.  12Bu işi sən gizli etdinsə, Mən bu işi bütün İsraillilərin qarşısında gündüzün günorta çağı etdirəcəyəm”».  13Davud Natana dedi: «Mən Rəbbə qarşı günah etdim». Natan Davuda dedi: «Rəbb sənin günahını sildi, ölməyəcəksən.  14Lakin bunu etməklə Rəbbin düşmənlərinə böyük fürsət verdin ki, Ona küfr etsinlər. Ona görə də mütləq səndən doğulan uşaq öləcək».

Davudun uşağının ölümü

15Sonra Natan evinə qayıtdı. Rəbb Davudun Uriyanın dul arvadından olan uşağını vurdu və uşaq xəstələndi.  16Davud uşaq üçün Allaha yalvardı və oruc tutaraq otağına girib bütün gecəni quru yerdə uzandı.  17Evinin ağsaqqalları onu yerdən qaldırmaq üçün yanında dayandılar, lakin o qalxmaq istəmədi və onlarla birgə çörək yemədi.  18Yeddinci gün körpə öldü. Davudun əyanları uşağın öldüyünü ona bildirməyə qorxdular və belə düşündülər: «Uşaq sağ ikən onu dilə tutduq, lakin sözümüzə qulaq asmadı. İndi uşağın öldüyünü ona necə söyləyək? Özünə bir xətər yetirər».  19Davud əyanlarının pıçıldaşmasını görəndə başa düşdü ki, uşaq ölüb və əyanlarına «Uşaq öldümü?» dedi. Onlar «öldü» dedilər.  20Davud yerdən qalxdı, yuyunub başına zeytun yağı sürtdü və paltarlarını dəyişərək Rəbbin evinə gedib səcdə qıldı. Evə qayıdıb yemək istəyəndə qarşısına yemək qoydular və o yedi.  21Əyanları ona dedi: «Bu nə işdir edirsən? Körpə sağ ikən nə üçün oruc tutub ağladın, körpə öləndə isə durub çörək yedin?»  22Davud cavab verdi: «Uşaq sağ olanda oruc tutub ağlayırdım və deyirdim ki, kim bilir, bəlkə Rəbb mənə lütf edər, uşaq sağ qalar.  23Lakin indi uşaq ölüb, nə üçün oruc tutum? Məgər onu geri qaytara bilərəmmi? Mən onun yanına gedəcəyəm, o mənim yanıma qayıtmayacaq».

Süleymanın anadan olması

24Davud arvadı Bat-Şevaya təsəlli verdi və yanına girib onunla yatdı. Bat-Şeva bir oğul doğdu və adını Süleyman qoydu. Rəbb bu uşağı sevdi.  25O, Natan peyğəmbəri göndərdi və o da Rəbbin naminə uşağın adını Yedidyah qoydu.

Yenidən müharibənin başlanması

(1Saln. 20:1-3)

26Yoav Ammon övladlarının Rabba şəhərinə hücum edib padşah qalasını aldı.  27Sonra Yoav Davudun yanına qasidlər göndərib belə dedi: «Rabbaya hücum edib ehtiyat su mənbələrini aldım.  28İndi isə sən xalqın qalan hissəsini topla və şəhərə qarşı ordugah qurub oranı al ki, mən gedib oranı almayım və o yer adımla çağırılmasın».  29Davud da bütün xalqı toplayıb Rabbaya getdi və şəhərə hücum edib oranı aldı.  30Davud onların padşahının başından tacını götürdü. Tac qızıldan olub çəkisi bir talant idi. Onun üzərində qiymətli daş var idi. Bu tac Davudun başına qoyuldu. Davud bu şəhərdən çoxlu qənimət apardı.  31O, şəhərdə olan xalqı köçürüb mişar, dəmir külüng, dəmir balta ilə görülən işlərdə və kərpic emalında işlətdi. Davud Ammonluların bütün şəhərlərində belə edəndən sonra bütün xalqla birgə Yerusəlimə qayıtdı.

YUXARI

2 Şamuel 13

Amnon və Tamar

1Davudun oğlu Avşalomun Tamar adlı gözəl doğma bacısı var idi. Rabbanın alınmasından bir müddət sonra Davudun oğlu Amnon Tamara vuruldu.  2Amnon ögey bacısı Tamardan ötrü o qədər qüssələndi ki, lap xəstəliyə düşdü. Çünki Tamar bakirə qız olduğuna görə Amnona onunla bir şey etmək çətin gəlirdi.  3Amnonun Yonadav adlı bir dostu var idi. Yonadav Davudun qardaşı Şimanın oğlu idi və özü də çox hiyləgər idi.  4Yonadav Amnona dedi: «Ey şahzadə, niyə gündən-günə pərişansan? Bunu mənə bildirməzsənmi?» Amnon ona dedi: «Qardaşım Avşalomun doğma bacısı Tamara vurulmuşam».  5Yonadav ona dedi: «Yatağına girib özünü xəstə göstər və atan səni görməyə gələndə ona belə de: “Rica edirəm, bacım Tamar gəlib mənə çörək yedirtsin və gözümün qarşısında yemək hazırlasın, mən də onu görüm, bişirdiyi yeməyi onun əlindən alıb yeyim”».  6Amnon yatağa girib özünü xəstə göstərdi. Padşah onu görməyə gələndə Amnon padşaha dedi: «Rica edirəm, bacım Tamar gəlsin və gözümün qarşısında iki kökə bişirsin, mən də o kökələri onun əlindən alıb yeyim».  7Davud evə adam göndərib Tamara dedi: «İndi qardaşın Amnonun evinə get, ona yemək hazırla».  8Tamar qardaşı Amnonun evinə gedəndə o uzanmışdı. Tamar xəmir yoğurdu və onun gözü önündə kökələr düzəldib bişirdi.  9Tavanı götürüb onun qarşısına boşaltdı. Lakin o yemək istəmədi. Amnon dedi: «Qoy hamı yanımdan çıxsın». Hamı onun yanından çıxdı.  10Amnon Tamara dedi: «Yeməyi içəri otağa apar və orada sənin əlindən alıb yeyim». Tamar qardaşı Amnon üçün bişirdiyi kökələri götürüb içəri otağa apardı.  11Kökələri yemək üçün Amnonun yanına gətirəndə Amnon Tamardan yapışıb dedi: «Gəl mənimlə yat, bacım».  12Tamar isə ona dedi: «Yox, qardaşım, mənim namusuma toxunma, çünki İsraildə belə işlər etmək olmaz. Belə iyrənc iş görmə.  13Mən bu rüsvayçılıqdan necə qurtara bilərəm? Səni isə İsraildə binamus kimi tanıyacaqlar. İndi isə rica edirəm, get padşahla danış, o məni sənə verər, yox deməz».  14Lakin Amnon onun sözünü dinləmək istəmədi və qızdan qüvvətli olduğu üçün qızı zorlayaraq onunla yatdı.  15Bundan sonra Amnonda Tamara qarşı həddən çox nifrət yarandı. Ona olan nifrəti əvvəlki sevgi hissindən daha güclü idi. Amnon ona «dur, buradan rədd ol» dedi.  16Tamar isə dedi: «Yox! Axı indi məni qovmaqla etdiyin bu pislik mənə etdiyin o biri pislikdən daha böyükdür».  17Amma Amnon ona qulaq asmaq istəməyib öz nökərini yanına çağırıb dedi: «Bunu yanımdan rədd edib bayıra at və arxasınca da qapını qıfılla».  18Qızın əynində əlvan paltar var idi, çünki padşahın bakirə qızları belə paltar geyərdilər. Amnonun nökəri Tamarı bayıra atıb arxasınca qapını qıfılladı.  19Tamar da başına kül tökdü. Əynindəki əlvan paltarını cırıb əlləri ilə başını tutaraq getdi. O gedə-gedə hönkürürdü.  20Qardaşı Avşalom ona dedi: «Sənə toxunan qardaşın Amnon idimi? Hələlik sus, bacım, axı o sənin qardaşındır, bunu qəlbinə salma». Tamar tənha və qəm içində qardaşı Avşalomun evində yaşadı.  21Padşah Davud bu hadisəni eşidərkən çox qəzəbləndi.  22Avşalom isə Amnona nə yaxşı, nə də yaman bir söz dedi, çünki bacısı Tamarı zorladığına görə Avşalom Amnona nifrət edirdi.

Avşalomun qisası

23İki il tamam olandan sonra Efrayimə yaxın Baal-Xasorda Avşalom qoyun qırxımı keçirirdi. Avşalom padşahın bütün oğullarını oraya dəvət etdi.  24O, padşahın yanına gəlib dedi: «Bax bu qulun qoyun qırxımı keçirir. Rica edirəm, qoy padşah və əyanları bu qulunun yanına gəlsin».  25Padşah Avşaloma dedi: «Yox, ay oğul, qoy hamımız getməyək, sənə ağırlıq düşər». Avşalom nə qədər təkid etsə də, padşah getmək istəmədi, lakin ona xeyir-dua verdi.  26Sonra Avşalom dedi: «Heç olmasa qardaşım Amnon bizimlə getsin». Padşah ona dedi: «Axı nə üçün o səninlə getsin?»  27Avşalom isə təkid etdi. Davud Amnonu və bütün şahzadələri onunla göndərdi.  28Avşalom nökərlərinə belə əmr etmişdi: «Baxın Amnonun ürəyi şərabla nəşələnəndə sizə “Amnonu vurun!” deyəcəyəm, o zaman onu öldürün, qorxmayın. Sizə əmri verən mən deyiləmmi? Cəsur və igid olun».  29Avşalom necə buyurmuşdusa, nökərləri elə edib Amnonu vurdular. Bunu görən bütün şahzadələr qalxıb hər biri öz qatırına minərək qaçdı.  30Hələ onlar yolda ikən Davuda belə xəbər çatdı: «Avşalom bütün şahzadələri qırıb, onlardan heç birini sağ qoymayıb».  31Padşah qalxıb paltarını cırdı və yerə sərildi. Yanındakı əyanların hamısı öz paltarını cırdılar.  32Davudun qardaşı Şimanın oğlu Yonadav belə dedi: «Ağam bütün gəncləri, şahzadələri ölmüş zənn etməsin, təkcə Amnon ölüb. Ona görə ki o, ögey bacısı Tamarı zorladığı gündən bəri Avşalom bu niyyətdə idi.  33Onun üçün də ağam padşahın bütün şahzadələrin ölüm xəbərindən ürəyi narahat olmasın, çünki təkcə Amnon ölüb».  34Avşalom isə qaçmışdı. Növbətçi nökər başını qaldırıb baxdı və budur, arxa yoldan dağın yamacından böyük bir qələbəlik gəlirdi.  35Yonadav padşaha dedi: «Budur, şahzadələr gəlir, qulun necə dedisə, elə də oldu».  36O, sözünü qurtaran kimi şahzadələr içəri girib bərkdən ağladılar və padşahla bütün əyanları da acı göz yaşları tökdülər.  37 Avşalom qaçıb Geşur padşahı Ammihud oğlu Talmayın yanına getdi. Davud isə oğlu Amnon üçün hər gün yas tuturdu.  38Geşura qaçan Avşalom üç il orada qaldı.  39Avşalom üçün padşah Davud ürəyində həsrət çəkirdi, çünki Amnonun ölümünə görə artıq təsəlli tapmışdı.

YUXARI

2 Şamuel 14

Teqoalı qadın

1Seruya oğlu Yoav başa düşdü ki, padşah Avşalomun həsrətini çəkir.  2Yoav Teqoaya adam göndərib oradan müdrik bir qadın gətirtdi və ona dedi: «Rica edirəm, özünü yaslı adam kimi göstər. Yas paltarı geyin, başına zeytun yağı sürtmə, özünü çoxdan bəridir ki, ölən üçün yas tutan bir qadına bənzət.  3Padşahın yanına gedib ona belə söyləyərsən». Yoav qadına nə demək lazım olduğunu öyrətdi.  4Teqoalı qadın padşahın hüzurunda üzüstə yerə döşəndi və ona müraciət edib belə dedi: «Kömək et, ey padşah!»  5Padşah da ona dedi: «Dərdin nədir?» Qadın dedi: «Həqiqətən, mən dul bir qadınam, ərim ölüb.  6Kənizinin iki oğlu var idi. Bir gün onların ikisi də çöldə bir-biri ilə dalaşdı. Orada onları ayıran heç kim yox idi və biri o birini vurub öldürdü.  7Bax bütün nəsil mənə – kənizinə qarşı çıxdı və “qardaş qatilini bizə ver, öldürdüyü qardaşının canının əvəzinə onu öldürək, qoy mirasa varis olan qardaş da həlak olsun” dedilər. Onlar ocağımın qalan közünü də söndürəcəklər və ərimin yer üzündə nə adı, nə də yadigarı qalacaq».  8Padşah qadına dedi: «Evinə qayıt. Mən sənin haqqında əmr verərəm».  9Teqoalı qadın padşaha dedi: «Ağam padşah, günahın qoy mənim və atamın nəsli üzərinə düşsün! Qoy padşahla taxtı günahsız qalsın!»  10Padşah dedi: «Kim sənə bir söz desə, onu mənim yanıma gətir, heç kim sənə toxuna bilməz».  11Qadın dedi: «Rica edirəm, padşah Allahı Rəbbi xatırlasın ki, qan qisasını alaraq qırğını davam etdirməsin, yoxsa onlar mənim oğlumu həlak edəcək». Davud dedi: «Var olan Rəbb haqqı, oğlunun başından bir tük belə, əskik olmayacaq».  12Qadın dedi: «Rica edirəm, izin ver, kənizin ağam padşaha bir söz söyləsin». O «söylə» dedi.  13Qadın dedi: «Əgər belə olarsa, nə üçün Allahın xalqına qarşı bu cür iş gördün? Çünki padşahın bu sözü onun özünü də mühakimə edir. Ona görə ki sürgün etdiyi adamı qaytarıb geri gətirtmir.  14Axı hamımız öləcəyik, yerə dağılan və yenidən bir yerə yığılmayan su kimiyik. Allah da canı insandan çəkib almaz, lakin bir çarə düşünər ki, sürgündə olan adam Özündən uzaq düşməsin.  15İndi ağam padşaha bu sözü söyləmək üçün gəlməyimin səbəbi budur ki, xalq məni qorxutdu və bu kənizin dedi: “Qoy indi gedib bunu padşaha söyləyim, bəlkə padşah kənizinin xahişini yerinə yetirər.  16Ona görə ki padşah bu kənizini eşidəcək və oğlunu Allahın irs olaraq verdiyi torpaqdan qoparıb atmaq istəyənin əlindən qurtaracaq”.  17Ona görə kənizin belə düşündü. Rica edirəm, ağam padşah, sözünlə mənə təskinlik ver, çünki yaxşını-pisi başa düşməkdə Allahın mələyi necədirsə, ağam padşah da elədir. Qoy Allahın Rəbb sənə yar olsun!»  18Bu sözdən sonra padşah qadına belə dedi: «Səndən bir şey soruşacağam, cavabını məndən gizlətmə». Qadın dedi: «Ağam padşah, söylə, rica edirəm».  19Padşah dedi: «Sənin bu işlərinin hamısında Yoavın da əli varmı?» Qadın cavab verdi: «Ağam padşah sağ olsun, padşahın sözündən heç kim nə sağa, nə də sola dönə bilməz. Qulun Yoav mənə əmr etdi və bu sözlərin hamısını kənizinə o öyrətdi.  20Qulun Yoav bunu işin istiqamətini dəyişmək üçün etdi. Ağam Allahın mələyi qədər müdrikdir, ölkədə olub-keçən hər şeyi bilir».

Avşalomun Yerusəlimə qaytarılması

21Padşah Yoava dedi: «Yaxşı, bu işi görərəm. Get, o cavanı – Avşalomu geri qaytar».  22Yoav üzüstə düşüb yerə döşəndi və padşahı alqışladı. Sonra Yoav dedi: «Ağam padşah, bu gün sənin gözündə lütf tapdığını bu qulun bilir, çünki padşah qulunun ricasına əməl etdi».  23Yoav durub Geşura gedib Avşalomu Yerusəlimə gətirdi.  24Lakin padşah dedi: «Qoy o öz evinə qayıtsın, mənim gözümə görünməsin». Avşalom evinə qayıtdı və padşahın gözünə görünmədi.  25Bütün İsraildə Avşalom qədər gözəlliyi mədh olunan heç kim yox idi. Təpədən dırnağa qədər onda bir eyib yox idi.  26Hər ilin sonunda saçı ona ağırlıq etdiyi üçün kəsərdi, başından saçını kəsəndə saçı padşah tərəzisi ilə iki yüz şekel gələrdi.  27Avşalomun üç oğlu və Tamar adında bir qızı vardı. Tamar çox gözəl bir qadın olmuşdu.  28Avşalom tam iki il Yerusəlimdə qaldı və padşahın gözünə görünmədi.  29O, Yoavı padşahın yanına göndərmək üçün onun yanına adam göndərdi, amma Yoav onun yanına gəlmək istəmədi. Avşalom ikinci dəfə Yoavın yanına adam göndərdi və o yenə də gəlmək istəmədi.  30Sonra Avşalom qullarına dedi: «Baxın Yoavın tarlası mənimkinə bitişikdir və orada onun arpası var. Gedib ora od vurun». Avşalomun qulları gedib tarlaya od vurdular.  31Yoav durub Avşalomun evinə gəlib dedi: «Niyə sənin qulların gəlib mənim tarlama od vurdular?»  32Avşalom Yoava dedi: «Bax sənin yanına adam göndərdim, dedim ki, buraya gələsən. “Söylə, mən Geşurdan buraya nə üçün gəlmişəm? Orada qalsaydım, mənim üçün bundan daha yaxşı olardı” deyərək səni padşahın yanına göndərmək istəyirdim. İndi gedib padşahın gözünə görünüm, günahım varsa, qoy məni öldürsün».  33Yoav da padşahın yanına gəlib bunu ona bildirdi və padşah Avşalomu çağırdı. Avşalom padşahın yanına gedib onun qarşısında üzüstə yerə təzim etdi və padşah onu öpdü.

YUXARI

2 Şamuel 15

Avşalomun qəsdi

1Bir müddət keçəndən sonra Avşalom özü üçün bir döyüş arabası ilə atlar və onun qabağında qaçmaq üçün əlli adam hazırladı.  2Avşalom tezdən durub darvaza yolunun kənarında dayanardı. O, hökm almaq üçün padşahın yanına aparılacaq davası olan hər adamı öz yanına çağırar, «Sən hansı şəhərdənsən?» deyə ondan soruşardı. O adam da deyərdi ki, qulun İsrailin filan qəbiləsindəndir.  3Avşalom ona belə deyərdi: «Bax sənin işin yaxşı və düzgündür, lakin padşah tərəfindən heç kim sənə qulaq asmayacaq».  4Avşalom deyərdi: «Kaş bu ölkəyə məni hakim qoyaydılar. O zaman mənim yanıma davası və yaxud da iddiası olub gələn hər adamın işinə ədalətlə baxardım».  5Bir nəfər ona təzim etmək üçün yaxınlaşanda o əl uzadıb onu qucaqlayar və öpərdi.  6Avşalom hökm üçün padşahın yanına gələn bütün İsraillilərlə belə rəftar edərdi. İsraillilərin könlünü bu surətdə ələ alardı.  7Dörd il keçəndən sonra Avşalom padşaha dedi: «Rica edirəm, izin ver, gedib Xevronda Rəbbə əhd etdiyim qurbanı təqdim edim.  8Çünki qulun Aram torpağının Geşur şəhərində qalanda belə əhd etmişdi: “Əgər Rəbb məni Yerusəlimə geri qaytarsa, Ona qulluq edəcəyəm”».  9Padşah ona «salamat get» dedi. Avşalom qalxıb Xevrona getdi.  10Avşalom İsrail qəbilələrinin hamısına gizli qasidlər göndərərək onlara tapşırdı: «Şeypur səsini eşidəndə “Avşalom Xevronda padşah oldu” deyin».  11Yerusəlimdən çağırdığı iki yüz nəfər də Avşalomla getdi. Onlar pak niyyətlə onun arxasınca gedirdi və heç bir şeydən xəbərləri yox idi.  12Avşalom qurbanları təqdim edərkən Davudun müşaviri Gilolu Axitofeli öz şəhərindən – Gilodan öz yanına gətirtdi. Fitnəkar dəstə qüvvətli idi, çünki Avşalomun yanında olan xalq get-gedə çoxalırdı.

Davudun Yerusəlimdən qaçması

13Bir adam gəlib Davuda xəbər verərək dedi: «İsraillilər Avşaloma rəğbət bəsləyir».  14Davud Yerusəlimdə – yanında olan bütün əyanlarına dedi: «Durun qaçaq, yoxsa Avşalomun qarşısından heç kim qaçıb qurtula bilməz. Cəld olun, gedək, yoxsa o tez gəlib bizə çatar, başımıza bəla açar və şəhəri qılıncdan keçirər».  15Padşahın əyanları dedilər: «Ağam padşahın istədiyi kimi olsun, bax biz sənin qullarınıq».  16Padşah və onun ardınca bütün külfəti çıxdı. Lakin padşah cariyələrindən on qadını evə nəzarət etmək üçün qoydu.  17Padşah və ardınca bütün xalq çıxıb şəhərin sonuncu evində dayandı.  18Bütün əyanları onun qarşısından keçdilər və bütün Keretlilər, Peletlilər və Qatdan onun ardınca gəlmiş altı yüz nəfər Qatlı da padşahın qarşısından keçdi.  19Padşah Qatlı Yettaya dedi: «Sən niyə bizimlə gedirsən? Qayıt təzə padşahla qal. Sən ki yadellisən və öz yurdundan sürgünə aparılmış adamsan, qayıt öz yerinə.  20Sən bura hələ dünən gəlmisən. Bu gün səni özümüzlə getməyəmi məcbur edim? Mən hara gedə bilsəm, ora gedəcəyəm. Sən isə qayıt, öz soydaşlarını da geri qaytar. Xeyirxahlıq və sədaqət sənə yar olsun!»  21Yettay padşaha cavab verdi: «Var olan Rəbbə və ağam padşahımın canına and olsun, padşahım harada olsa, mütləq bu qulun ölsə də, qalsa da, orada olacaq».  22Davud Yettaya dedi: «Onda gəl, keç». Qatlı Yettay ilə bütün adamları və yanında olan bütün uşaqlar gəlib onların tərəfinə keçdi.  23Camaat keçərkən bütün bölgə əhalisi bərkdən ağlayırdı. Padşah da Qidron vadisini keçdi və bütün camaat çölə tərəf irəlilədi.  24Sonra Sadoq Allahın Əhd sandığını daşıyan bütün Levililərlə bərabər gəldi. Allahın sandığını yerə qoydular. Bütün xalq şəhərdən tamamilə çıxandan sonra Evyatar da çıxdı.  25Padşah Sadoqa yenə dedi: «Allahın sandığını şəhərə qaytar. Əgər mən Rəbbin gözündə lütf tapsam, O məni geri qaytarıb Öz sandığını və məskənini yenə mənə göstərər.  26Lakin “səndən razı deyiləm” desə, budur, qoy gözündə nə yaxşı görünsə, mənim üçün elə etsin. Mən hazıram».  27Padşah kahin Sadoqa dedi: «Sən görücü deyilsənmi? Sən oğlun Aximaas və Evyatarın oğlu Yonatanla bərabər salamat şəhərə qayıt. Sən və Evyatar iki oğlunuzu da özünüzlə aparın.  28Baxın sizdən mənə hal-əhval bildirən söz çatana qədər mən çöldə – çayın dayaz yerində gözləyəcəyəm».  29Sadoqla Evyatar Allahın sandığını Yerusəlimə geri qaytardı və orada qaldı.  30Davud Zeytun dağının yoxuşu ilə çıxır və çıxarkən ağlayırdı. Başıörtülü, ayaqyalın gedirdi. Onunla bərabər gedən bütün xalq da başıörtülü dağı çıxır və gedə-gedə ağlayırdı.  31Kimsə «Axitofel Avşalomun yanında – qiyamçılar arasındadır» deyə Davuda xəbər verdi. Davud dedi: «Ya Rəbb, Səndən diləyirəm, Axitofelin məsləhətlərini boşa çıxar».  32Davud xalqın Allaha səcdə etdiyi təpənin başına çatanda, budur, Arklı Xuşay paltarı cırılmış və başı toz-torpaq içində onu qarşılamağa gəldi.  33Davud ona dedi: «Əgər sən də mənimlə bərabər getsən, mənə yük olarsan.  34Lakin əgər şəhərə qayıdıb Avşaloma “ey padşah, mən də sənin qulun olacağam. Keçmişdə necə atana qul oldumsa, sənə də indi elə qul olacağam” desən, o zaman mənim xeyrimə Axitofelin məsləhətini poza bilərsən.  35Kahin Sadoq və kahin Evyatar orada səninlə deyilmi? Padşah sarayından eşidəcəyin hər şeyi kahinlərə – Sadoq və Evyatara bildirəcəksən.  36Budur, iki oğlu – Sadoqun oğlu Aximaas, Evyatarın oğlu Yonatan onların yanındadır və eşidəcəyiniz hər şeyi onların əli ilə mənə çatdıracaqsınız».  37Avşalom Yerusəlimə girərkən Davudun dostu Xuşay da şəhərə girdi.

YUXARI

2 Şamuel 16

Xidmətçi Sivanın iftirası

1Davud təpə başından bir az yana keçərkən Mefiboşetin xidmətçisi Siva iki yüz kömbə çörək, yüz salxım quru üzüm, yüz ədəd yay meyvəsi və bir tuluq şərab yüklənmiş bir sürü palanlı eşşəklə onu qarşıladı.  2Padşah Sivaya dedi: «Bunları hara aparırsan?» Siva dedi: «Eşşəkləri padşahın külfətinin minməsi, çörəklə yay meyvələrini nökərlərin yeməsi və bu şərabı isə çöldə olan yorğunların içməsi üçün gətirmişəm».  3Padşah Sivaya dedi: «Bəs sənin ağanın oğlu haradadır?» Siva padşaha dedi: «Bax o “bu gün İsrail nəsli atamın padşahlığını mənə geri qaytaracaq” deyərək Yerusəlimdə qaldı».  4Padşah Sivaya dedi: «Belə isə, onda Mefiboşetin hər şeyi sənindir». Siva cavab verdi: «Ayağının torpağı olum, ağam padşah, təki sənin gözündə lütf tapım».

Şimeyin lənəti

5Padşah Davud Baxurimə gəldi və oradan Şaulun nəslindən olan Gera oğlu Şimey adlı bir nəfər çıxdı. Şimey Davuda lənət edə-edə çıxırdı.  6Davuda və Davudun adamlarına daş atırdı. Bütün xalq və igidlərin hamısı Davudun sağında və solunda idi.  7Şimey Davuda lənət edərkən belə deyirdi: «Rədd ol, rədd ol, ey əliqanlı, yaramaz adam!  8Yerinə padşah olduğun Şaul nəslinin tökülən qan qisasını Rəbb səndən alır. Rəbb padşahlığı oğlun Avşaloma verdi. Budur, sən öz şərinin qurbanısan, çünki sən əliqanlı insansan».  9Seruya oğlu Avişay padşaha dedi: «Axı nə üçün bu köpək leşi ağam padşaha belə lənət etsin? İzin ver gedim, onun başını üzüm».  10Padşah dedi: «Ey Seruya oğulları, axı məndən sizə nə? Madam ki lənət edir, demək Rəbb ona “Davuda lənət et” deyib. Elə isə kim ona “belə etmə” deyə bilər?»  11Davud Avişaya və bütün əyanlarına dedi: «Bax əgər öz belimdən gələn oğlum canımı almaq istəyirsə, bu Binyaminli bundan daha betərini etməzmi? Buraxın onu, qoy o, lənətini etsin, çünki ona Rəbb belə əmr etmişdir.  12Bəlkə Rəbb çəkdiyim əzabı görüb bu gün onun etdiyi lənətlərin əvəzinə mənə yaxşılıq edər».  13Davud və adamları yolla gedirdi, Şimey isə onun qarşısında dağın yamacı ilə gedir və gedə-gedə lənət edir, ona daş-torpaq atırdı.  14Padşahla yanındakı bütün xalq yorulmuşdu və bu yerdə dinclərini aldı.

Avşalomun Yerusəlimə daxil olması

15Avşalom ilə bütün xalq – İsrail adamları Yerusəlimə gəldilər, Axitofel də onunla idi.  16Davudun dostu Arklı Xuşay Avşalomun yanına gəlib «Yaşasın padşah! Yaşasın padşah!» dedi.  17Avşalom Xuşaya dedi: «Dostuna etibarın budurmu? Niyə dostunla bərabər getmədin?»  18Xuşay Avşaloma dedi: «Xeyr, mən ancaq Rəbbin, bu xalqın və bütün İsrail adamlarının seçdiyi adamın tərəfində olacağam və onunla da qalacağam.  19Bir de görüm, axı mən kimə xidmət edəcəyəm, dostumun oğluna deyilmi? Atana necə qulluq etdimsə, sənə də elə qulluq edəcəyəm».  20Avşalom Axitofelə dedi: «Məsləhətinizi verin görək, nə etməliyik?»  21Axitofel Avşaloma dedi: «Evə nəzarət etmək üçün atanın qoyub getdiyi cariyələrin yanına gir. Onda atanın nifrətini qazandığını bütün İsraillilər eşidəcək və sənin tərəfində olanların hamısının əl-qolu qüvvətlənəcək».  22 Dam üstündə Avşalom üçün çadır qurdular və bütün İsraillilərin gözü qarşısında Avşalom atasının cariyələrinin yanına girdi.  23O zamanlar Axitofelin verdiyi məsləhət Allah kəlamına müraciət edən şəxsin aldığı məsləhətlərlə bərabər sayılırdı. Axitofelin hər məsləhəti Davud üçün də, Avşalom üçün də bu cür idi.

YUXARI

2 Şamuel 17

Xuşayın məsləhəti

1Axitofel Avşaloma dedi: «İndi seçəcəyim on iki min nəfərlə çıxıb bu gecə Davudu təqib edəcəyəm.  2Gərək onu yorğun və qol-qanadı qırılmış ikən dəhşətə gətirim. Onda yanında olan bütün xalq qaçar və mən də yalnız padşahı öldürərəm.  3Bütün xalqı isə sənə qaytararam. Hamının sənə tərəf dönməsi üçün axtardığın adamın öldürülməsi vacibdir. O zaman bütün xalq salamat qalar».  4Bu söz Avşalomun və bütün İsrail ağsaqqallarının nəzərində doğru göründü.  5Avşalom dedi: «İndi isə Arklı Xuşayı da çağır, bir onun da dediyinə qulaq asaq».  6Xuşay Avşalomun yanına gəldi. Avşalom ona müraciət edib dedi: «Axitofel belə bir məsləhət verdi. Onun təklifinə əməl edəkmi? Əgər belə etməyəcəyiksə, sən məsləhətini ver».  7Xuşay dedi: «Axitofelin bu dəfə verdiyi məsləhət yaxşı deyil».  8Sonra Xuşay sözünə davam etdi: «Bilirsən ki, atan və adamları igiddir. Onlar çöldə balalarından məhrum olan ayı kimi qəzəbli adamlardır. Atan isə təcrübəli cəngavərdir, o xalqla bir yerdə gecələməz.  9Bax indi mağaraların birində yaxud başqa bir yerdə gizlənmişdir. İlk həmlədə sizlərdən qırılanlar olsa, hər eşidən “Avşalomun ardınca gedən xalqın arasında qırğın var” deyəcək.  10Aslan ürəyi kimi ürəyi olan igid oğul da bundan tamamilə yumşalıb əriyəcək. Çünki bütün İsrail bilir ki, atan qoçaqdır və onunla əlbir olan adamlar da igiddir.  11Lakin mən belə məsləhət verirəm: Dandan Beer-Şevaya qədər bütün İsraillilər dəniz kənarında qum kimi yanına yığılsın və döyüşə şəxsən sən gedəsən.  12Davudun qaldığı yerlərin birində onun üstünə gedərək torpağa düşən şeh kimi onların üstünə elə səpələnərik ki, nə özü, nə də ki yanındakı adamlardan biri belə, sağ qalmaz.  13Əgər o bir şəhərə çəkilibsə, o zaman bütün İsraillilər oraya iplər gətirər və yerdə kiçik bir çınqıl belə, qalmayana qədər şəhəri vadiyə çəkib atarıq».  14Avşalomla bütün İsrail adamları dedilər: «Arklı Xuşayın məsləhəti Axitofelin məsləhətindən yaxşıdır». Çünki Rəbb Avşalomun başına fəlakət gətirmək üçün Axitofelin yaxşı məsləhətinin pozulmasına qərar vermişdir.

Xuşayın Davuda xəbərdarlığı və Davudun xilası

15Xuşay kahin Sadoqa və kahin Evyatara dedi: «Axitofel Avşaloma və İsrail ağsaqqallarına bu cür məsləhət verdi, mən də başqa cür məsləhət verdim.  16İndi cəld Davudun yanına adam göndərin və ona belə deyin: “Bu gecə çöldə, çayın dayaz yerində qalma, mütləq qarşı tərəfə keç, yoxsa padşah və onunla birlikdə bütün xalq məhv olacaq”».  17Yonatanla Aximaas En-Rogeldə qalırdılar. Bir qulluqçu qız gedib onlara məlumat gətirir, onlar da gedib bunu padşah Davuda çatdırırdılar. Ona görə ki şəhər içərisində görünə bilməzdilər.  18Lakin bir gənc onları görüb Avşaloma xəbər verdi. Ona görə də Yonatanla Aximaas cəld gedib Baxurimdə bir adamın evinə girdilər. Bu adamın həyətində bir quyu var idi. Onlar quyunun içinə girdilər.  19Ev sahibəsi bir örtük götürüb quyunun üstünə döşəyib ora yarma sərdi və heç bir şey bilinmədi.  20Avşalomun adamları bu evə – qadının yanına gəlib dedilər: «Aximaas və Yonatan haradadır?» Qadın onlara dedi: «Çayı keçdilər». Onlar axtarmağa başladılar, lakin heç kəsi tapa bilməyib Yerusəlimə qayıtdılar.  21Avşalomun adamları gedəndən sonra Yonatanla Aximaas quyudan çıxdı və gedib padşah Davuda xəbər verərək dedi: «Qalxın, tez axar sulardan keçin, çünki Axitofel sizə qarşı bu cür məsləhət verib».  22Davud və yanında olan bütün xalq qalxıb İordan çayını keçdilər və səhər açılana qədər çayı keçməmiş adam qalmadı.  23Axitofel görəndə ki işlər onun məsləhətinə görə edilməyib, eşşəyinin üstünə palan vuraraq yola çıxdı və öz şəhərinə, öz evinə getdi. Ev işlərini nizama salandan sonra özünü asıb öldürdü və onu atasının qəbri yanında basdırdılar.  24Davud Maxanayimə gəldi. Avşalomla yanında olan bütün İsraillilərsə İordan çayını keçdilər.  25Avşalom Amasanı Yoavın yerinə ordu başçısı qoymuşdu. Amasa Yoavın anası Seruyanın bacısı, Naxaşın qızı Aviqailin yanına girmiş olan İsrailli Yetra adlanan bir adamın oğlu idi.  26İsraillilərlə Avşalom Gilead torpağında ordugah qurdu.  27Belə oldu ki, Davud Maxanayimə gələndə Ammon oğullarının Rabba şəhərindən Naxaş oğlu Şovi, Lo-Devardan Ammiel oğlu Makir və Rogelimdən Gileadlı Barzillay  28Davudla yanındakı camaata döşəklər, ləyənlər, gil qablar, yemək üçün buğda, arpa, un, qovurğa, paxla, mərci və qovrulmuş dən,  29bal və kəsmik, qoyun və inək pendiri gətirdilər. Çünki düşünürdülər ki, xalq çöldə ac, yorğun və susuzdur.

YUXARI

2 Şamuel 18

Avşalomun ölümü

1Davud yanındakı xalqı saydı. Onların üzərinə minbaşılar və yüzbaşılar təyin etdi.  2Davud xalqı üç dəstəyə böldü. Birincisinə Yoavı, ikincisinə Yoavın qardaşını – Seruya oğlu Avişayı, üçüncüsünə isə Qatlı Yettayı başçı etdi. Padşah xalqa dedi: «Mütləq mən də sizinlə bərabər döyüşə çıxacağam».  3Lakin xalq ona dedi: «Yox, sən döyüşə çıxmayacaqsan, çünki əgər biz qaçsaq, bizə əhəmiyyət verməzlər, yarımız ölsək belə, yenə də əhəmiyyəti olmaz. Ancaq sən bizim on minimizdən də qiymətlisən və indi şəhərdə qalıb bizə kömək etməyə hazır olmağın daha yaxşıdır».  4Padşah onlara dedi: «Sizin gözünüzdə yaxşı sayılan nədirsə, onu edəcəyəm». Padşah darvazanın yanında dayandı və bütün xalq yüz-yüz, min-min şəhərdən çıxdı.  5Padşah Yoava, Avişaya və Yettaya müraciətlə əmr edib dedi: «Mənim xatirimə o cavanla – Avşalomla mülayim davranın!» Padşahın Avşalomla əlaqədar bütün bu rəislərə müraciətlə əmrini bütün xalq eşitdi.  6Ordu çölə, İsrail xalqına qarşı döyüşə çıxdı və döyüş Efrayim meşəsində oldu.  7İsrail xalqı orada Davudun adamları qarşısında məğlub oldu. O gün o yerdə böyük qırğın oldu, iyirmi min nəfər qırıldı.  8Orada olan döyüş bütün ətrafa yayıldı və həmin gün qılıncla qırılanlardan çox meşədə qırılanlar oldu.  9Avşalom Davudun adamlarına rast gəldi. O, qatıra minmişdi və qatır böyük bir palıd ağacının sıx budaqları altından keçəndə Avşalomun saçı palıd ağacına ilişdi. O, göylə yer arasında asılı qaldı, altındakı qatır isə yoluna davam etdi.  10Bir nəfər bunu görüb Yoava xəbər verdi: «Bax Avşalomun bir palıd ağacından asıldığını gördüm».  11Yoav ona xəbər verən adama dedi: «Bəs sən gördünsə, nə üçün onu oradaca vurub yerə sərmədin? Onda mən sənə on şekel gümüş və bir kəmər verərdim».  12Həmin adam Yoava dedi: «Ovcuma min gümüş alsam belə, padşahın oğluna əl qaldırmaram. Çünki sənə, Avişaya və Yettaya “mənim xatirimə o cavana – Avşaloma qıymayın” deyə əmr etdiyini qulaqlarımızla eşitdik.  13Əgər mən xəyanət edib onun canını almış olsaydım, heç bir şey padşah üçün gizli qalmazdı və sən də mənə kömək etməzdin».  14Yoav «səninlə belə vaxt itirə bilmərəm» dedi. Avşalom palıd ağacının içində hələ sağ ikən Yoav əlinə üç mizraq alıb onun sinəsinə sapladı.  15Yoavın silahlarını daşıyan on nəfər cavan adam Avşalomu əhatə edərək onu vurub öldürdü.  16Yoav şeypur çaldı və ordu İsrailliləri təqib etməkdən əl çəkdi, çünki Yoav buna mane oldu.  17Avşalomu isə götürüb meşədəki dərin çuxura atdılar və üstünə böyük daş qalağı yığdılar. Sonra İsraillilər öz evlərinə dağılışdılar.  18Avşalom hələ sağ ikən bir sütunu götürüb özü üçün tikdirmişdi, çünki «adımı yaşadan bir oğlum olmadı» deyərək həmin sütuna öz adını qoymuşdu. Bu sütun Padşah Vadisindədir və bu günə qədər ona Avşalomun abidəsi deyilir.

Davud Avşalomun ölümündən xəbər tutur

19Sadoq oğlu Aximaas dedi: «Qoy qaçım, padşahın haqqını düşmənlərin əlindən Rəbbin necə aldığını padşaha müjdələyim».  20Yoav ona dedi: «Sən bu gün müjdəçi olmayacaqsan, müjdəni başqa gün verəcəksən. Bu gün vermə, ona görə ki padşahın oğlu ölüb».  21Yoav Kuşlu kişiyə dedi: «Get, bütün gördüklərini padşaha xəbər ver». Kuşlu kişi Yoavın qarşısında baş əydi və qaçdı.  22Sadoq oğlu Aximaas yenə Yoava dedi: «Nə olursa-olsun, qoy mən də Kuşlu kişinin ardınca qaçım». Yoav dedi: «Axı nə üçün qaçırsan, oğlum? Getdiyin üçün mükafat almayacaqsan».  23O dedi: «Nə olursa-olsun, qaçacağam». Yoav ona «Yaxşı, qaç» dedi. Aximaas hövzə yolu ilə qaçıb Kuşlu kişini ötdü.  24Davud içəri və çöl darvazaların arasında oturmuşdu. Növbətçi divara, darvazanın üstünə çıxdı, başını qaldırıb gördü ki, bir adam təkbaşına qaçır.  25Növbətçi qışqıraraq padşaha xəbər verdi. Padşah dedi: «Əgər o tək gəlirsə, müjdə gətirir». Həmin adam getdikcə yaxınlaşırdı.  26Növbətçi qaçan başqa bir adam gördü və qapıçıya qışqırıb «bax təkbaşına qaçan daha bir adam da gəlir» dedi. Padşah dedi: «O da müjdəçidir».  27Növbətçi dedi: «Baxıram, birincisinin qaçışı Sadoq oğlu Aximaasın qaçışına bənzəyir». Padşah dedi: «O yaxşı adamdır, müjdə ilə gəlir».  28Aximaas bərkdən padşaha belə dedi: «Salamatlıqdır». Sonra padşaha təzim edib üzüstə yerə döşəndi və dedi: «Allahın Rəbbə alqış olsun ki, ağam padşaha əl qaldıranları Rəbb ona təslim etdi».  29Padşah dedi: «O cavan – Avşalom salamatdırmı?» Aximaas dedi: «Yoav padşahın bir qulunu və mən qulunu göndərən zaman gördüm ki, orada böyük bir qarışıqlıq var, lakin nə olduğunu bilmədim».  30Padşah dedi: «Çəkil, bir yanda dayan». O da çəkilib bir yanda dayandı.  31Budur, Kuşlu gəldi və dedi: «Ağam padşaha müjdə var! Rəbb bu gün sənə qarşı qalxanların hamısının əlindən səni qurtardı».  32Padşah Kuşluya dedi: «O cavan – Avşalom salamatdırmı?» Kuşlu dedi: «Ağam padşahın düşmənləri, pis niyyətlə sənə qarşı qalxanların hamısı qoy o cavan kimi olsun».  33Padşah həyəcandan titrəyərək darvazanın üstündəki otağa qalxdı və ağladı. Gedə-gedə belə deyirdi: «Oğlum Avşalom, oğlum, oğlum Avşalom! Kaş sənin yerinə mən öləydim, oğlum! Oğlum, Avşalom!»

YUXARI

2 Şamuel 19

Yoavın Davuda məzəmməti

1Yoava «budur, padşah Avşalom üçün ağlayır və yas tutur» deyə bildirildi.  2O gün qələbə xalq üçün yasa çevrildi, çünki bütün xalq eşitdi ki, padşah oğlu üçün kədərlidir.  3Fərari döyüşdən qaçandan sonra utanan oğru kimi necə geri qayıdırsa, o gün ordu da şəhərə o cür oğru kimi qayıtdı.  4Padşah üzünü örtüb fəryadla çığırırdı: «Oğlum Avşalom, ey Avşalom, oğlum, oğlum!»  5Yoav saraya – padşahın yanına gəlib dedi: «Bu gün sənin canını, oğullarının, qızlarının və cariyələrinin canlarını xilas edən bütün qullarını xəcalətli etdin.  6Çünki sənə nifrət edənləri sevib, səni sevənlərə isə nifrət edirsən. Bu gün sən aşkar etdin ki, başçıların və zabitlərin sənin gözündə əhəmiyyətsizdir. Mən bu gün başa düşdüm ki, əgər Avşalom sağ qalıb, biz hamımız bu gün ölsəydik, bundan razı qalardın.  7İndi isə qalx ayağa, xalqın qarşısına çıx, adamlarının könlünü al. Çünki mən Rəbbin haqqı üçün and içirəm, xalqın qarşısına çıxmasan, bu gecə səninlə bir nəfər belə, qalmayacaq. Bu da sənin üçün uşaqlıqdan indiyədək başına gələn müsibətlərin hamısından betər olacaq».  8Padşah qalxıb darvazada oturdu. Bütün xalqa «budur, padşah darvaza ağzında oturub» deyə bildirdilər və bütün camaat padşahın qarşısına gəldi. Bu vaxt İsraillilərin hamısı öz evlərinə dağılmışdı.

Davudun padşahlığının bərpası

9İsrailin bütün qəbilələrində hər kəs mübahisə edib deyirdi: «Padşah bizi düşmənlərimizin əlindən qurtardı və Filiştlilərin əlindən xilas etdi. İndi isə Avşaloma görə o bu ölkədən qaçdı.  10Bizə hakim olmaq üçün məsh etdiyimiz Avşalom isə döyüşdə öldü. İndi padşahı geri qaytarmaq barədə niyə susursunuz?»  11Padşah Davud kahin Sadoq və kahin Evyatara bu xəbəri göndərib dedi: «Yəhuda ağsaqqallarına belə deyin: “Padşahı evinə qaytarmaqda siz niyə axıra qalırsınız? Bütün İsraildə gəzən söz-söhbət padşahın qulağına çatmışdır.  12Siz mənim qardaşlarım, ətimdən, sümüyümdənsiniz. Niyə padşahı geri qaytarmaqda axıra qalmısınız?”  13Amasaya da deyin ki, məgər sən də mənim ətimdən, sümüyümdən deyilsənmi? Daim mənim qarşımda Yoavın yerinə ordu başçısı olmasan, qoy Allah mənə beləsini və bundan betərini etsin».  14Beləliklə o, bir nəfər kimi bütün Yəhudalıların könlünü aldı və onlar padşahın yanına adam göndərib dedilər: «Ey padşah, sən bütün qullarınla bərabər geri qayıt».  15Padşah geri qayıtdı və İordan çayına çatdı. Yəhudalılar padşahı qarşılamaq və onu İordan çayından keçirmək üçün Qilqala gəldilər.  16 Baxurimdən olan Binyaminli Geranın oğlu Şimey də Yəhuda adamları ilə birgə padşah Davudu qarşılamaq üçün cəld tərpənib aşağı endi.  17Onun yanında Binyamindən min nəfər və Şaul evinin xidmətçisi Siva ilə on beş oğlu və iyirmi qulu var idi. Onlar İordan çayına tərəf – padşahın qarşısına çıxmağa tələsdilər.  18Padşahın külfətini çaydan keçirmək və onu razı salmaq üçün qayıqla o tay-bu taya keçirtdilər. Gera oğlu Şimey padşah İordan çayını keçən kimi onun qabağında yerə sərildi.  19O, padşaha dedi: «Qoy ağam məni günahkar saymasın və ağam padşah Yerusəlimdən çıxdığı gün bu qulunun etdiyi azğınlığı ürəyinə salıb xatırlamasın.  20Çünki günah etdiyimi bu qulun özü də bilir və budur, ağam padşahı qarşılamaq üçün bütün Yusif nəslindən hamıdan əvvəl bu gün mən gəlmişəm».  21Lakin Seruya oğlu Avişay cavab verib dedi: «Sən Rəbbin məsh etdiyinə lənət yağdırdın. Ona görə sən Şimey öldürülməlisən».  22Davud dedi: «Ey Seruya oğulları, məndən sizə nə? Niyə mənə düşmənçilik edirsiniz? Heç bu gün də İsraildə kimi isə öldürmək olarmı? Məgər mən bilmirəm ki, bu gün İsrailin padşahı mənəm?»  23Padşah sonra Şimeyə dedi: «Sənə ölüm yoxdur». Buna görə padşah ona and içdi.  24 Şaulun nəvəsi Mefiboşet padşahı qarşılamağa gəldi. Padşah gedən gündən evinə sağ-salamat qayıdan günə qədər o, ayaqlarına baxmamış, bığlarını kəsməmiş və paltarlarını yumamışdı.  25Padşahı qarşılamaq üçün Yerusəlimə gələn zaman padşah ona dedi: «Mefiboşet, bəs niyə sən də mənimlə getmədin?»  26O isə cavab verib dedi: «Ey ağam padşah, xidmətçim məni aldatdı, çünki bu qulun demişdi ki, padşahla bərabər getmək üçün eşşəyə palan vurub üstünə minim. Axı qulun şikəstdir.  27Lakin xidmətçim ağam padşahın qarşısında quluna böhtan atdı. Ağam padşah Allahın mələyi kimidir. İndi sənin gözündə nə xoşdursa, mənə et.  28Atamın bütün evi ağam padşahın önündə ölümdən başqa bir şeyə layiq deyilkən sən bu qulunu öz süfrəndə yemək yeyənlər arasında qoydun. Artıq padşahdan bir şey istəməyə nə haqqım var ki?»  29Padşah ona dedi: «Öz işlərin haqqında nə üçün sözü uzadırsan? Sən və Siva torpağı öz aranızda bölün, deyirəm».  30Mefiboşet padşaha dedi: «İndi ki padşah öz sarayına salamat gəldi, qoy hər şeyi o götürsün».  31 Gileadlı Barzillay Rogelimdən gəlmişdi. Padşahı İordan çayından keçirmək üçün onunla bərabər o da İordan çayına qədər getdi.  32Barzillay səksən yaşına çatmış, yaşlanmışdı. Padşah Maxanayimdə qalan zaman Barzillay onun dolanacağını təmin etmişdi, çünki o çox böyük adam idi.  33Padşah Barzillaya dedi: «Mənimlə bərabər çayı keç, səni Yerusəlimdə öz yanımda dolandırım».  34Barzillay padşaha dedi: «Ömrümün illəri və günlərinin tamamına nə qalıb ki, padşahla bərabər Yerusəlimə qalxım?  35Mənim bu gün səksən yaşım var, yaxşını pisdən ayıra bilirəmmi? Bu qulun heç yediyinin, içdiyinin dadını bilirmi? Kişi və qadın xanəndələrinin səsini eşidə bilərəmmi? Belə isə, nə üçün bu qulun ağam padşaha artıq yük olsun?  36Bu qulun ancaq padşahla İordan çayını keçib bir az yol getmək istəyir. Axı niyə görə padşah mənə belə mükafat versin?  37Qoy mən qulun qayıdıb öz şəhərimdə – ata-anamın qəbrinin yanında ölüm. Lakin budur, qulun Kimham, qoy o, ağam padşahla çayı keçsin və sən də gözündə xoş görünəni onun üçün et».  38Padşah dedi: «Kimham mənimlə bərabər o taya keçəcək, sənin gözündə xoş olanı onun üçün edəcəyəm. Məndən umduğun hər şeyi sənin üçün edəcəyəm».  39Bütün xalq İordan çayını keçdi. Padşah da çayı keçdi. Sonra padşah Barzillayı öpdü və ona xeyir-dua verdi. O da öz yerinə qayıtdı.  40Padşah Qilqala tərəf yolunu davam etdirdi və Kimham da onunla bir getdi. Bütün Yəhuda xalqı və İsrail xalqının yarısı padşahı müşayiət edirdi.  41Bütün İsraillilər padşahın yanına gəlib və padşaha dedi: «Nə üçün qardaşımız Yəhudalılar səni oğurladılar? Nə üçün padşah Davudla külfətini və yanındakı bütün adamları İordan çayından keçirtdilər?»  42Bütün Yəhudalılar İsraillilərə cavab verdilər: «Çünki padşah qohumumuzdur. Belə isə nə üçün bundan qəzəblənirsiniz? Biz padşah kasasından bir şey yedikmi? Yaxud padşah bizə bir hədiyyə verdimi?»  43İsraillilər Yəhudalılara cavab verib dedilər: «Padşah bizə sizdən on qat artıq yaxındır. Davudda bizim sizdən də artıq haqqımız var. Axı niyə bizə xor baxırsınız? Padşahı geri qaytarmaqdan ilk bəhs edən biz deyildikmi?» Lakin Yəhudalılar İsraillilərdən daha ötkəm danışırdılar.

YUXARI

2 Şamuel 20

Binyaminli Şevanın qiyamı

1Elə bu zamanlar Binyaminli Bikri oğlu Şeva adında yaramaz bir adam təsadüfən Qilqalda idi. O, şeypur çalıb dedi: «Bizim Davudla şərikliyimiz yoxdur.

Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur!

Ey İsraillilər, hərə öz çadırına!»

2Bütün İsraillilər də Davudu atıb Bikri oğlu Şevanın ardınca getdi. Lakin Yəhudalılar padşahları Davuda sadiq qalaraq İordan çayından Yerusəlimə qədər onu müşayiət etdi.  3 Padşah Davud Yerusəlimdəki evinə gedib on qadını – sarayı qorumaq üçün saxladığı cariyələri götürərək öz nəzarəti altında saxladı və onların yaşayışını təmin etdi, lakin yanlarına girmədi. Ölənə qədər bu qadınlar dul kimi qalaraq qapalı saxlandılar.  4Padşah Amasaya dedi: «Üç gün ərzində Yəhudalıları mənim yanıma çağır və özün də burada ol».  5Amasa Yəhudalıları bir yerə çağırmaq üçün getdi, lakin onun üçün təyin olunan vaxtda geri qayıtmadı.  6Davud Avişaya dedi: «İndi Bikri oğlu Şeva bizə Avşalomdan daha çox ziyan vuracaq. Sən ağanın qullarını götür, onu təqib etməyə get. Yoxsa o özünə qala divarlı şəhərlər tapar və gözümüzdən qaçar».  7Beləcə Yoavın adamları, Keretlilərlə Peletlilər və bütün cəngavərlər Bikri oğlu Şevanı təqib etmək üçün Avişayın başçılığı altında Yerusəlimdən çıxdılar.  8Onlar Giveondakı böyük qayanın yanında olanda Amasa onları qarşılamağa gəldi. Yoav döyüş libasını geymişdi və paltarının üstündə kəməri var idi. Kəmərinə bağlı qınında olan bir qılınc belində idi. O irəliyərkən qılınc qınından çıxdı.  9Yoav Amasaya dedi: «Qardaşım, yaxşısanmı?» Sonra Yoav onu öpmək üçün sağ əli ilə Amasanın saqqalından yapışdı.  10Amasa isə Yoavın sol əlindəki qılınca əhəmiyyət vermədi. Yoav qılıncı ilə Amasanın qarnından vurub bağırsaqlarını yerə elə tökdü ki, ikinci zərbəyə ehtiyac qalmadan Amasa öldü. Yoavla qardaşı Avişay Bikri oğlu Şevanı təqib etdilər.  11Yoavın adamlarından biri onun yanında durub dedi: «Kim Yoavdan razıdırsa, kim Davudun tərəfindədirsə, Yoavın ardınca gəlsin».  12Amasa əsas yolun ortasında qan içində üzürdü. Yoavın tərəfdarı həmin adam gördü ki, Amasanın cəsədinin yanına gələn hər kəs dayanır. Xalqın dayandığını gördüyü üçün cəsədi böyük yoldan götürüb çölə apararaq üstünə bir paltar atdı.  13Amasa böyük yoldan götürüləndən sonra hamı Bikri oğlu Şevanı təqib etmək üçün Yoavın ardınca getdi.  14Şeva Avel-Bet-Maaka və bütün Berim diyarlarına qədər bütün İsrail qəbilələrinin içərisindən keçdi və bütün camaat yığılıb onun ardınca getdi.  15Yoavın yanındakı bütün xalq gəlib Şevanın qaldığı Avel-Bet-Maaka şəhərini mühasirəyə aldı və şəhərin qarşısında bir torpaq qalağı tökdü. Onlar divarı uçurtmaq üçün lağım atarkən  16bir ağıllı qadın şəhərdən qışqırıb dedi: «Qulaq asın! Qulaq asın! Rica edirəm, Yoava söyləyin ki, buraya yaxınlaşsın, ona sözüm var».  17Yoav ona yaxınlaşanda qadın «Yoav sənsən?» dedi. O «bəli, mənəm» dedi. Qadın ona dedi: «Sən bu kənizinin sözünə qulaq as». Yoav «eşidirəm səni» dedi.  18Qadın sözünə davam etdi «Qədim zamanlarda “Aveldə məsləhət alın” deyərdilər və işləri belə həll edərdilər.  19Mən İsrailin rifahını istəyən sadiq adamlardan biriyəm. Sən İsraildə şəhərlərin anası olan bir şəhəri dağıtmaq istəyirsən. Axı nə üçün Rəbbin irsini məhv etmək istəyirsən?»  20Yoav cavab verdi: «Dağıtmaq yaxud məhv etmək niyyəti məndən uzaq, qoy uzaq olsun!  21İş burasındadır ki, Efrayimin dağlıq bölgəsindən Bikri oğlu Şeva adlı bir adam padşah Davuda qarşı üsyan qaldırıb. Yalnız onu bizə verin, mən də bu şəhərdən çəkilim». Qadın Yoava dedi: «Onun başı şəhər divarından sənə atılacaq».  22Qadın ağıllı tərpənib xalqının yanına getdi. Onlar da Bikri oğlu Şevanın başını kəsib Yoava atdı. Bundan sonra Yoav şeypur çaldı və ordu şəhərin mühasirəsindən çəkildi. Hamı öz evinə qayıtdı. Yoav isə Yerusəlimə – padşahın yanına qayıtdı.  23Yoav bütün İsrail ordusunun başçısı idi. Yehoyadanın oğlu Benaya Keretlilərin və Peletlilərin qabağında idi.  24Adoram mükəlləfiyyətçilərin başçısı və Axilud oğlu Yehoşafat salnaməçi idi.  25Şeva mirzə, Sadoqla Evyatar kahin,  26Yairli İra isə Davudun kahini idi.

YUXARI

2 Şamuel 21

Giveonluların qisası

1Davudun dövründə üç il dalbadal qıtlıq oldu. Davud buna görə Rəbbə müraciət edəndə Rəbb dedi ki, bu qıtlıq Şaula və onun qan tökən nəslinə görədir. Çünki o, Giveonluları öldürmüşdü.  2 Padşah Giveonluları çağırdı və onlarla danışdı. Giveonlular İsrail övladları deyildi. Emorlulardan sağ qalan bir xalq idi ki, İsraillilər onları sağ buraxacaqlarına and içmişdilər. Lakin Şaul İsrail və Yəhuda övladları naminə onları ciddi-cəhdlə yox etməyə çalışmışdı.  3Davud Giveonlulara dedi: «Sizin üçün mən nə edə bilərəm? Edilən bu günahı nə ilə təmizləyə bilərəm ki, siz Rəbbin irsinə xeyir-dua verəsiniz?»  4Giveonlular ona dedi: «Şaulla onun nəslindən qızıl-gümüş istəmək fikrində deyilik. İsraildə adam öldürmək niyyətində də deyilik». Davud dedi: «Siz nə istəsəniz, onu edərəm».  5Onlar padşaha dedi: «Bizi qırıb məhv edən və İsrail ərazisində qalmamaq üçün bizə qəsd quran adamın övladlarından yeddi nəfər bizə verilsin.  6Rəbbin seçdiyi Şaulun Givea şəhərində onları Rəbbin önündə asaq». Padşah dedi: «Yaxşı, mən onları sizə verərəm».  7 Lakin padşah Davud Rəbbin önündə and içdiyi Şaul oğlu Yonatan oğlu Mefiboşetə qıymadı.  8Ayya qızı Rispanın Şauldan doğulan iki oğlunu – Armoni ilə Mefiboşeti, bir də Şaulun qızı Meravın Mexolalı Barzillay oğlu Adrieldən doğduğu beş oğlunu padşah götürüb  9Giveonlulara təslim etdi. Giveonlular onları Rəbbin önündə, dağın üstündə asdılar və yeddisi də birlikdə öldü. Onlar biçin vaxtının ilk günlərində, arpa biçini başlanğıcında öldürüldü.  10Ayyanın qızı Rispa çul götürüb özü üçün qayaya sərdi. Biçin başlanandan cəsədlərin üstünə yağış yağanadək Rispa orada qalaraq onların meyitlərini gündüz göydəki quşlardan, gecə vəhşi heyvanlardan qorudu.  11Şaulun cariyəsi Ayya qızı Rispanın etdiyi bu işi Davuda xəbər verdilər.  12 Davud gedib Şaulun sümüklərini və oğlu Yonatanın sümüklərini Yaveş-Gilead əhalisindən aldı. Filiştlilər Gilboada Şaulu öldürdükləri gün onların cəsədlərini Bet-Şean meydanında asmışdılar, Yaveş-Gilead əhalisi də gəlib cəsədləri oradan oğurlamışdı.  13Davud Şaulun və oğlu Yonatanın sümüklərini həmin yerdən çıxartdırdı və asılanların da sümüklərini topladılar.  14Onlar Şaulun və oğlu Yonatanın sümüklərini Binyamin torpağında – Selada, Şaulun atası Qişin məqbərəsində basdırdılar, padşahın onlara əmr etdiyi hər şeyə əməl etdilər. Bundan sonra Allah ölkə üçün duaları qəbul etdi.

İsraillilərin Filiştli nəhənglərə qarşı döyüşü

(1Saln. 20:4-8)

15Yenə Filiştlilərin İsraillilərlə döyüşü oldu. Davud adamları ilə birgə döyüşə getdi və onlar Filiştlilərlə döyüşərkən Davud yoruldu.  16Rafa övladlarından İşbi-Benov Davudu öldürmək istədi. Onun nizəsinin başı üç yüz şekel ağırlığında tuncdan idi və belinə təzə qılınc bağlamışdı.  17Seruya oğlu Avişay Davudun köməyinə çatıb həmin Filiştlini vurub öldürdü. O zaman Davudun adamları ona and verib dedilər: «Bir daha sən bizimlə bərabər döyüşə çıxma ki, İsrailin çırağını söndürməyəsən».  18Bundan sonra yenə Filiştlilərlə Qovda döyüş oldu. O zaman Xuşalı Sibbekay Rafa övladlarından Safı öldürdü.  19Yenə Filiştlilərlə Qovda döyüş oldu və Bet-Lexemli Yaare-Orgimin oğlu Elxanan Qatlı Qolyatı öldürdü. Qolyatın nizəsinin sapı toxucu dəzgahının əriş ağacı boyda idi.  20Qatda bir də döyüş oldu. Orada Rafa övladlarından digər ucaboy bir adam var idi. Bu adamın əlləri və ayaqları altı barmaqlı idi və cəmi iyirmi dörd barmağı var idi.  21O, İsrailə meydan oxudu. Onu Davudun qardaşı Şimanın oğlu Yonatan öldürdü.  22Bu dörd kişi Rafa övladlarından olub Qatda doğulmuşdu. Onlar Davudun və onun adamlarının əli ilə qırıldı.

YUXARI

2 Şamuel 22

Davudun qələbə məzmuru

(Zəb. 18)

1Rəbb Davudu bütün düşmənlərinin və Şaulun əlindən qurtaranda Davud bu ilahinin sözlərini Rəbbə söylədi;  2O belə oxudu: Rəbb qayam, qalamdır, xilaskarımdır,

3Allahım qayamdır, Ona pənah gətirəcəyəm,

Odur qalxanım, qüvvətli qurtarıcım, qülləm,

Sığınacaq yerim, xilaskarım!

Sən məni zalımların əlindən qurtarırsan!

4Həmdə layiq olan Rəbbi çağıracağam,

Düşmənlərimin əlindən qurtulacağam.

5Çünki ətrafımı ölüm dalğaları bürümüşdü,

Məni əcəl selləri ürkütmüşdü,

6Ölülər diyarının ipləri mənə sarılmışdı,

Ölüm kəməndləri məni qarşılamışdı.

7Əzab içində Rəbbə yalvardım,

Allahımı köməyə çağırdım.

O, məbədindən səsimi eşitdi,

Fəryadımsa Onun qulağına yetdi.

8O zaman sarsılıb dünya titrədi,

Göylər təməllərindən sarsılıb lərzəyə gəldi.

Çünki O qəzəbləndi.

9Burnundan tüstü çıxıb yüksəldi,

Ağzından yandırıb-yaxan alov püskürdü,

Bundan közlər tutuşdu.

10O, göyləri yarıb yerədək endi.

Qatı zülmət ayaqları altında idi.

11Bir keruva minib uçdu,

Yel qanadları üstündə şığıdı.

12Ətrafını zülmətə bürüdü,

Tufan qoparan qara buludlardan Özünə çardaqlar qurdu.

13Hüzurunun nuru şəfəq saçdı,

Oradan odlu közlər düşüb alovlandı.

14Rəbb göylərdən gurladı,

Haqq-Taala səs saldı.

15Oxlar atıb düşmənləri darmadağın etdi,

Şimşəyini çaxdırıb onları dağıtdı.

16Rəbbin məzəmmətindən,

Burnundakı nəfəsinin şiddətindən

Dənizin dərinlikləri göründü,

Dünyanın bünövrələri açıq qaldı.

17O, ucalardan əl uzadıb məni tutdu,

Məni dərin suların içindən çıxartdı.

18Məni qüvvətli düşmənimdən azad etdi,

Çünki yağılarım məndən güclü idi.

19Fəlakətli günümdə qarşıma çıxdılar,

Lakin Rəbb mənə dayaq oldu.

20O məni geniş yerə çıxartdı,

Məndən razı qalıb məni qurtardı.

21Rəbb mənə salehliyim naminə ənam verdi,

Mənə əlitəmizliyimin əvəzini verdi.

22Çünki Rəbbin yolunu tutmuşam,

Pis olub Allahımın yolundan azmamışam.

23Onun bütün hökmləri önümdədir,

Qaydalarından imtina etməmişəm.

24Onun önündə kamilliyə çatmışam,

Özümü günahdan qorumuşam.

25Rəbb mənə salehliyimin əvəzini verdi,

Gözünün önündə təmizliyimin əvəzini verdi.

26Sədaqətlilərlə sədaqətlisən,

Kamillərlə kamilsən.

27Təmizlərlə təmizsən,

Əyrilərlə əyriliklərinə görə davranırsan.

28İtaətkar insanları qurtarırsan,

Lovğalara göz qoyursan, onları alçaldırsan.

29Ya Rəbb, Sən mənim çırağımsan,

Rəbb zülmətimi nura çevirir.

30Səninlə qoşun üstünə hücum çəkirəm,

Allahımla sədlər keçirəm.

31Allahın yolu kamildir,

Rəbbin kəlamı safdır,

Rəbb ona sığınanların sipəridir.

32Rəbdən başqa Allah kimdir ki?

Allahımızdan başqa qaya kimdir ki?

33Allah qalamdır, mənə qüvvət verər,

Yolumu kamil edər.

34Ayaqlarımı maral ayaqları kimi çevik edər, Məni zirvələrdə saxlar.

35Əllərimə döyüş təlimi verər,

Qollarım tunc kamanı dartar.

36Sən mənə qurtuluş qalxanını verdin,

Etdiyin köməklə Sən məni yüksəltdin.

37Geniş yer açdın ki, addımlayım,

Büdrəməsin ayaqlarım.

38Düşmənlərimi qovdum, onları qırdım,

Onlar məhv olanadək geriyə qayıtmadım.

39Onları əzib qurtardım, qalxa bilmədilər,

Ayaqlarımın altına sərildilər.

40Döyüş üçün məni qüvvə ilə bürüdün,

Əleyhdarlarımı ayağımın altına saldın,

41Düşmənlərimin kürəyini mənə sarı çevirdin,

Mənə nifrət edən yağıları məhv etdim.

42Gözləsələr də, onları qurtaran olmadı,

Rəbbə baxsalar da, Ondan cavab gəlmədi.

43Onları yerdəki toz kimi əzdim,

Küçələrin palçığı kimi tapdaladım.

44Sən məni xalqımın çəkişmələrindən qurtardın,

Məni millətlərə başçı qoydun,

Tanımadığım xalqları mənə tabe etdirdin.

45Yadellilər mənə boyun əyirlər.

Səsimi eşidəndə mənə itaət edirlər.

46Yadellilərin cəsarəti qırıldı,

Titrəyərək sığınacaqlarından çıxdılar.

47Rəbb əbədi yaşayır, Qayama alqış olsun!

Məni qurtaran Qayam, Allahım ucalsın!

48O Allahdır, mənə görə qisas alır,

Xalqları mənə tabe etdirir.

49O məni düşmən içindən çıxarır,

Məni yağılar üstündə ucaldır,

Məni zalımların əlindən qurtarır.

50Buna görə, ya Rəbb, Millətlər arasında Sənə şükür edəcəyəm,

İsminə tərənnüm söyləyəcəyəm!

51Rəbb padşahına böyük zəfərlər verər,

Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər.

YUXARI

2 Şamuel 23

Davudun son sözləri

1Davudun son sözləri bunlardır: Yessey oğlu Davud deyir,

Allahın ucaltdığı adam,

Yaqubun Allahının məsh etdiyi,

İsrailin sevimli məzmur şairi belə söyləyir:

2Rəbbin Ruhu mənim vasitəmlə söylədi,

Onun sözü dilimin ucundadır.

3İsrailin Allahı belə dedi,

İsrailin Qayası mənə belə söylədi:

İnsanlar üstündə doğruluqla hökm edən,

Allah qorxusu ilə səltənət sürən şəxs

4Buludsuz bir səmada gün doğarkən sübh şəfəqi kimidir,

Şüası yağışdan sonra yerdən təzə ot bitirir.

5Həqiqətən, mənim evim Allahla belə deyilmi?

Çünki O mənimlə əbədi əhd bağladı,

Kamil və tam təminatlı əhd bağladı,

Qurtuluşumu və arzumu tam həyata keçirməzmi?

6Bütün yaramazlar tikanlar kimi atılacaq.

Onlara heç kim əl vurmayacaq.

7Lakin onlara toxunanlar

Dəmirlə və nizə sapı ilə silahlanmalıdırlar.

Yaramazlar yerindəcə tamamilə yandırılacaqlar.

Davudun igid döyüşçüləri

(1Saln. 11:10-47)

8Davudun igid döyüşçülərinin adları belədir: Taxkemonlu Yoşev-Başşevet «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb bir hücumda səkkiz yüz nəfəri vurub öldürmüşdü.  9Ondan sonra Axoah nəslindən Dodo oğlu Eleazar idi. O, döyüş üçün orada yığılan Filiştlilərə meydan oxunanda Davudun yanındakı «üç igid»dən biri idi. İsraillilər döyüş meydanından geriyə çəkiləndə  10Eleazar möhkəm dayandı və qılınc çəkib əlləri taqətdən düşənə qədər Filiştliləri qırdı. Rəbb o gün İsraillilərə böyük qələbə bəxş etdi. İsraillilər onun ardınca yalnız talan malı götürmək üçün qayıtdılar.  11Ondan sonra Hararlı Age oğlu Şamma idi. Filiştlilər Laxidə yığılmışdılar. Orada mərci əkilən bir tarla sahəsi vardı. Xalq Filiştlilərin önündən qaçdı.  12Lakin Şamma tarlanın ortasında durub oranı qorudu və Filiştliləri qırdı. Rəbb İsraillilərə böyük bir zəfər verdi.  13Biçin zamanı otuz başçı arasından «üç igid» Davudun yanına – Adullam mağarasına getdi. Filiştlilərin bir döyüş dəstəsi Refaim vadisində ordugah qurmuşdu.  14Bu zaman Davud qalada idi. Filiştlilərin bir keşikçi dəstəsi isə Bet-Lexemdə idi.  15Davud həsrət çəkərək dedi: «Kaş ki biri Bet-Lexem darvazası yanındakı quyudan mənə içmək üçün su gətirəydi!»  16Bu «üç igid» Filiştlilərin ordugahını yararaq darvazanın yanında olan Bet-Lexem quyusundan su çəkdi və onu götürüb Davuda gətirdi. Lakin Davud bu suyu içmək istəmədi və onu Rəbbə təqdim olaraq yerə tökdü.  17O dedi: «Ya Rəbb, bunu etmək qoy məndən uzaq olsun, canlarını təhlükəyə salaraq gedən adamların qanındanmı içəcəyəm?» Buna görə də bu suyu içmək istəmədi. Bunları «üç igid» etmişdi.  18Yoavın qardaşı Seruya oğlu Avişay bu «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb üç yüz nəfəri qırdı. Buna görə də onun adı «üç igid»in adı qədər şöhrətləndi.  19Əslində «üç igid»dən daha şöhrətli idi və onlara başçı oldu, lakin «üç igid» kimi deyildi.  20Yehoyada oğlu Benaya da böyük işlər görən igid adam idi. O, Qavseeldən gəlmişdi. Benaya iki Moavlı igidi öldürdü. O, qarlı gündə çuxura enib bir şir öldürdü.  21O həm də qədd-qamətli bir Misirlini vurub öldürdü. Misirlinin əlində nizə vardı. Benaya onun üstünə dəyənəklə getdi və Misirlinin əlindən nizəsini çəkib aldı, onu öz nizəsi ilə öldürdü.  22Bunları Yehoyada oğlu Benaya etdi. Buna görə də onun «üç igid» qədər şöhrəti var idi.  23O, «otuz igid»dən daha məşhur idi, lakin «üç igid» kimi deyildi. Davud onu öz mühafizəçilərinə başçı qoydu.  24«Otuz igid»in arasında olanlar: Yoavın qardaşı Asahel, Bet-Lexemli Dodo oğlu Elxanan,  25Xarodlu Şamma və Eliqa,  26Peletli Xeles, Teqoalı İqqeş oğlu İra,  27Anatotlu Aviezer, Xuşalı Mevunnay,  28Axoahlı Salmon, Netofalı Mahray,  29Netofalı Baana oğlu Xelev, Binyamin övladlarından Givealı Rivay oğlu Yettay,  30Piratonlu Benaya, Qaaş vadilərindən Hidday,  31Aravalı Avi-Alvon, Barxumlu Azmavet,  32Şaalvonlu Elyaxba, Yaşenin oğulları Yonatan,  33Hararlı Şamma, Ararlı Şarar oğlu Axiam,  34Maakalı Axasbay oğlu Elifelet, Gilolu Axitofel oğlu Eliam,  35Karmelli Xesro, Aravalı Paaray,  36Sovalı Natan oğlu İqal, Qadlı Bani,  37Ammonlu Seleq, Seruya oğlu Yoavın silahdarı olan Beerotlu Naxray,  38Yeterli İra və Yeterli Qarev,  39Xetli Uriya. Hamısı birlikdə otuz yeddi nəfər idi.

YUXARI

2 Şamuel 24

Davudun xalqı siyahıya alması

(1Saln. 21:1-27)

1İsrailə qarşı Rəbbin qəzəbi yenə də alovlandı və «get, İsraillilərlə Yəhudalıları say» deyə Davudu onlara qarşı təhrik etdi.  2Padşah yanındakı ordu başçısı Yoava dedi: «İndi Dandan Beer-Şevaya qədər İsrailin bütün qəbilələri arasında dolanın və xalqı siyahıya alın ki, sayını bilim».  3Yoav padşaha dedi: «Xalqın nə qədərdirsə, qoy Allahın Rəbb onu yüz qat artıq etsin və ağam padşah bunu gözləri ilə görsün. Axı niyə belə şeylər ağam padşahın xoşuna gəlir?»  4Lakin padşahın sözü Yoava və onun ordu başçılarına üstün gəldi. Yoavla ordu başçıları İsrail xalqını siyahıya almaq üçün padşahın hüzurundan çıxdı.  5İordan çayını keçdilər və Qad vadisinin ortasında olan şəhərin cənubunda – Aroerdə düşərgə qurdular.  6Sonra Yazerə, Gileada və Taxtim-Xodşi torpağına getdilər və Dan-Yaanı keçib Sidona çatdılar.  7Sur qalasına və Xivlilərlə Kənanlıların bütün şəhərlərinə yetişib, nəhayət, Yəhudanın cənubunda olan Beer-Şevaya gəldilər.  8Bütün ölkəni dolandılar və doqquz ay iyirmi gün keçəndən sonra Yerusəlimə qayıtdılar.  9Yoav xalqın siyahısını padşaha verdi. İsraildə qılınc çəkən səkkiz yüz min igid, Yəhudada isə beş yüz min igid var idi.  10Lakin xalqı sayandan sonra Davud vicdan əzabı çəkdi. O, Rəbbə dedi: «Bu işi görməklə böyük günah etdim. İndi isə, ya Rəbb, yalvarıram, qulunun bu təqsirindən keç, çünki çox ağılsızlıq etmişəm».  11Davud ertəsi gün səhər qalxanda Rəbb Davudun görücüsü Qad peyğəmbərə sözünü bildirib dedi:  12«Get, Davuda söylə ki, Rəbb belə deyir: “Sənin qarşına üç şey qoyuram, özün üçün bunların birini seç ki, sənə edim”».  13Qad Davudun yanına gəlib bunu bildirdi: «Sənin ölkəndə yeddi il aclıq olsun, yoxsa səni təqib edən düşmənlərin önündə üç ay qaçasan yaxud da ölkəndə üç gün vəba olsun? İndi yaxşı fikirləş və qərar ver, məni Göndərənə mən nə cavab verim?»  14Davud Qada dedi: «Mənim üçün çox çətindir. İnsan əlinə düşməkdənsə qoy Rəbbin əlinə düşək, çünki Onun rəhmi çoxdur».  15Beləcə Rəbb sabahdan təyin olunan vaxta qədər İsrailin üzərinə vəba göndərdi. Dandan Beer-Şevaya qədər xalqdan yetmiş min nəfər öldü.  16Xalqı həlak edən mələk Yerusəlimi məhv etmək üçün oraya doğru əlini uzadanda Rəbb verəcəyi bəladan vaz keçib mələyə dedi: «Bəsdir, əl saxla!» Rəbbin mələyi Yevuslu Aravnanın xırmanının yanında idi.  17Davud xalqı qıran mələyi görən zaman Rəbbə belə dedi: «Budur, günah edən mənəm, mən təqsirkaram. Bəs bu yazıq xalq nə edib? Qoy Sənin əlin mənim və ata nəslimin əleyhinə qalxsın».  18O gün Qad Davudun yanına gəlib dedi: «Çıx, Yevuslu Aravnanın xırmanında Rəbbə bir qurbangah düzəlt».  19Qadın sözü ilə Davud Rəbbin əmr etdiyi kimi çıxdı.  20Aravna aşağı baxıb gördü ki, padşahla əyanları onlara tərəf gəlir. O bayıra çıxıb padşahın qarşısında yerə qədər təzim etdi və dedi:  21«Ağam padşah nə əcəb bu qulunun yanına gəlib?» Davud dedi: «Rəbbə qurbangah qurmaq üçün səndən bu xırmanını satın almağa gəldim ki, xalqın üzərinə gələn vəba dayansın».  22Aravna Davuda dedi: «Qoy ağam padşah öz gözünə xoş görünəni götürsün və Rəbbə təqdim etsin. Budur yandırma qurbanı üçün öküzlər, yandırmağa odun yerinə vəllər və öküzlərin boyunduruqları.  23Ey padşah, Aravna bunların hamısını sənə verir». Aravna padşaha yenə dedi: «Qoy Allahın Rəbb səndən razı olsun».  24Lakin padşah Aravnaya dedi: «Belə yox, amma səndən bunu mütləq qiymət qoyub satın alacağam. Çünki mən havayı malı Allahım Rəbbə yandırma qurbanı vermərəm». Beləliklə, Davud xırmanı və öküzləri əlli şekel gümüşə satın aldı.  25Davud orada Rəbbə bir qurbangah düzəldib yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi. Rəbb ölkə üçün edilən duaları qəbul etdi və İsrailin üzərinə gələn vəbanı dayandırdı.

YUXARI

1 Şamuel

Fəsillər

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 2122232425262728293031

 

{attachments}

1 Şamuel 1

Şamuelin doğulması

1Efrayimin dağlıq bölgəsində yerləşən Ramatayim-Sofim şəhərində Elqana adlı bir adam yaşayırdı. O, Efrayim sakini olub Suf tayfasından – Suf oğlu Toxu oğlu Elihu oğlu Yeroxamın oğlu idi.  2Elqananın Xanna və Peninna adında iki arvadı vardı. Peninnanın uşaqları var idi, amma Xannanın övladı olmurdu.  3Elqana Ordular Rəbbinə səcdə qılmaq və qurban kəsmək üçün hər il öz şəhərindən Şiloya gedərdi. Orada Elinin iki oğlu – Xofni və Pinxas Rəbbin kahinləri idi.  4Elqana qurban kəsilən gün arvadı Peninnaya, oğul və qızlarının hamısına pay verərdi.  5Xannaya isə ikiqat pay verərdi. Rəbb onun bətnini bağlamışdı, buna baxmayaraq Elqana onu çox sevirdi.  6Günüsü Peninna isə Xannanın Rəbb tərəfindən bətninin bağlanmasına görə həmişə ona sataşar və xətrinə dəyərdi.  7Bu, illərlə belə davam edirdi. Xanna hər dəfə Rəbbin ibadətgahına gedəndə günüsü ona söz atar, Xanna da ağlayar, yemək yeməzdi.  8Bir gün əri Elqana ona dedi: «Xanna, niyə ağlayırsan? Niyə yemək yemirsən? Axı niyə kədərlisən? Mən sənə on oğuldan da artıq deyiləmmi?»  9Onlar Şiloda yeyib-içəndən sonra Xanna ayağa qalxdı. Kahin Eli Rəbbin məbədinin qapısının yanındakı kürsüdə oturmuşdu.  10Xanna ürək yanğısı ilə dua edərək acı-acı ağlayırdı.  11Rəbbə yalvararaq əhdini belə söylədi: «Ey Ordular Rəbbi, Öz dərdli bəndənin vəziyyətini görürsən. Mən bəndəni unutmayıb bir oğul versən, oğlumun həyatını Sənə həsr etmək üçün verər və qoymaram ki, onun başına ülgüc dəysin».  12Xanna Rəbbin hüzurunda uzun müddət dua etdi. Eli isə onun ağzına baxırdı.  13Xanna qəlbində yalvardığı üçün yalnız dodaqları tərpənirdi, səsi eşidilmirdi. Eli elə güman etdi ki, o sərxoşdur.  14Ona görə də dedi: «Nə vaxta qədər sərxoşluq edəcəksən? Bəsdir, at bu şərabı».  15Xanna cavabında dedi: «Xeyr, ağam, mən nə şərab içmişəm, nə də başqa kefləndirici içki. Könlü qəm-qüssəli bir qadınam ki, sadəcə Rəbbin hüzurunda ürəyimi boşaldıram.  16Kənizini pis qadın sanma. Bu yalvarışım indiyədək çəkdiyim böyük qayğı və əziyyətə görədir».  17Eli cavab verib dedi: «Salamat get, qoy İsrailin Allahı səni muradına çatdırsın!»  18Xanna «təki bəndən sənin gözlərində lütf tapsın» deyib yolu ilə getdi və yemək yedi. Artıq çöhrəsi kədərli deyildi.  19Ertəsi gün onlar sübh tezdən qalxıb Rəbbə səcdə qılandan sonra Ramadakı evlərinə qayıtdılar. Elqana arvadı Xanna ilə yaxınlıq etdi və Rəbb də Xannanı yada saldı.  20Vaxt keçdi, Xanna hamilə olub bir oğul doğdu. «Onu Rəbdən dilədim» deyərək adını Şamuel qoydu.

Xannanın Şamueli Allaha təqdim etməsi

21Elqana Rəbbə illik qurbanını və əhdini yerinə yetirmək üçün evdəkilərlə bərabər Şiloya getdi.  22Amma Xanna getmədi. Ərinə «körpəni süddən kəsəndən sonra onu Rəbbə xidmət etmək üçün aparacağam və ömrü boyu orada qalacaq» dedi.  23Əri Elqana ona dedi: «Gözündə nə xoşdursa, elə də et, onu süddən ayırana qədər evdə otur. Qoy Rəbb Öz vədini yerinə yetirsin». Qadın evdə qalıb oğlunu süddən ayırana qədər əmizdirdi.  24Uşağı süddən ayırandan sonra Xanna onu üç buğa, bir efa un və bir tuluq şərabla birlikdə Rəbbin Şilodakı ibadətgahına apardı. Uşaq isə hələ balaca idi.  25Buğanı kəsəndən sonra uşağı Eliyə verdilər.  26Xanna dedi: «Ey ağam, canına and olsun, burada – sənin yanında durub Rəbbə yalvaran qadın mənəm.  27Yalvarışım bu uşaq üçün idi, Rəbb muradımı yerinə yetirdi.  28Mən onu Rəbbə əhd etmişdim və ömrü boyu Rəbbə həsr olunmalıdır». Sonra uşaq orada Rəbbə səcdə etdi.

YUXARI

1 Şamuel 2

Xannanın duası

1Xanna Rəbbə belə dua etdi: «Rəbdə tapdığım sevincdən ürəyim cuşa gəlir,

Rəbb mənə böyük güc verir,

Düşmənlərimin önündə öyünürəm,

Çünki Sən məni qurtardığına görə sevinirəm.

2Rəbbə oxşar ikinci müqəddəs yoxdur,

Ey Rəbb, yeganəsən Sən!

Allahımız kimi sığınacaq qaya yoxdur!

3Artıq qürurla danışmayın,

Dilinizdən təkəbbürlü sözlər çıxmasın.

Çünki Rəbb hər şeyi bilən Allahdır,

Hər iş Onun tərəfindən ölçülür.

4İgidlərin yayları qırılır,

Büdrəyənlər isə Onun qüdrəti ilə qurşanır.

5Toxlar azuqə üçün muzdla işlərkən

Aclar doyuzdurulur.

Sonsuz qadın yeddi övlad doğur,

Çoxuşaqlı qadın isə tənha qalır.

6Rəbb insanı həm öldürür, həm dirildir.

Ölülər diyarına həm endirir, həm çıxarır.

7Rəbb yoxsulluq və var-dövlət göndərir,

Alçaldır və yüksəldir.

8O, yoxsulları toz-torpağın içindən götürür, Fəqirləri küllükdən çıxarır.

Onları hökmdarların yanında əyləşdirir,

Onlara irs olaraq şərəf taxtını verir.

Çünki Rəbb yerin təməlini qoydu,

Onun üzərində dünyanı qurdu.

9Sadiq qullarının addımlarını qoruyur,

Pisləri isə zülmətdə susdurur.

Çünki insan öz qüvvəsi ilə zəfər çalmır.

10Rəbbə qarşı duranlar parça-parça olacaq,

Haqq-Taala onların üzərində göyləri gurladacaq.

Rəbb yer üzünün qurtaracağınadək hər yerdə hakimlik edir,

Öz padşahına qüvvət verəcək,

Məsh etdiyinə böyük güc verəcək!»

11Sonra Elqana Ramadakı evinə qayıtdı. Kiçik Şamuel isə kahin Elinin nəzəri altında Rəbbə xidmət etməyə başladı.

Elinin oğullarının pis əməlləri

12Elinin oğulları yaramaz adamlar idi.  13Onlar Rəbbi tanımırdı. Bu kahinlərin xalqla rəftarı belə idi: qurban təqdim edilən zaman, ət qaynayarkən kahinin xidmətçisi əlində üçdişli ət qarmağı ilə gələrdi.  14Ət qarmağını qazana, təknəyə, tavaya, bardağa salardı və qarmaqla nə çıxardısa, bu kahinlər onu özlərinə götürərdi. Onlar Şiloya qurban gətirən İsraillilərin hamısı ilə belə rəftar edirdilər.  15Üstəlik də qurbanın iç piyini yandırmazdan əvvəl kahinin xidmətçisi gəlib qurban gətirən adama deyərdi: «Kahinə qızartma üçün ət ver. İndi isə o səndən bişmiş ət deyil, çiy ət istəyir».  16Əgər qurban gətirən «qoy əvvəlcə iç piyi yandırılsın, sonra istədiyin payı gəl götür» deyərdisə, xidmətçi «xeyr, indi ver, yoxsa zorla götürərəm» deyə cavab verərdi.  17Rəbbin gözü önündə b