Göylər Allahın əzəmətini bəyan edir

Həftənin ilk günündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allahın sözü bizə ondan ötrü verilib ki,o söz bizim həyatımıza Rəbb haqqında bilik gətirməklə bərabər Rəbbin bizə olan xoş niyyətini, məhəbbətini, xeyir-duasını həyatımıza gətirərək bizi bərəkətləndirsin,gücləndirsin. Bu həyatı yaşadıqca biz zəif, qorxaq, utancaq, bacarıqsız deyil,Rəbb Allaha güvənən,etibar edən,sığınan,xeyir-duanı irs alanlar olaq. Rəbb bu xeyir-duanı İsa Məsihdə bizə hədiyyə etdi. Ona iman edən hər bir kəs isə Onun sonsuz məhəbbətinə,xeyir-duasına malikdir. Həmin insanlar öz həyatını Rəbbin sevinci ilə bürüyərək hər gün xeyir-dua alır.
Zəburların müəllifi olan Davud Peyğəmbər Rəbb Allaha şeirlər yazırdı. Onun Rəbb Allaha olan məhəbbəti şeirlərlə,musiqilərlə aşkar edilirdi. Rəbbə olan məhəbbəti bildirmək necə də gözəldir! Çünki Rəbb Allah səni sevir,Ona qaytar bu sevgini.
Zəbur 19:1-4:”Göylər Allahın əzəmətini bəyan edir,Göy qübbəsi əllərinin işini elan edir. Hər gün ertəsi günə nəql edir,Hər gecə o biri gecəyə bilik verir. Onların nə nitqi,nə də sözləri var,Onların səsləri eşidilmir. Amma avazları bütün dünyaya yayılır, Sözləri yerin ucqarlarına çatır.” Necə də gözəldir! Rəbb Allahın yaratdığı təbiət,Onun yaratdığı bu kainat Onun böyüklüyü və gözəlliyi haqqında xəbər verir. Rəbb Allah necə ucadır və gözəldir. Baxın təbiətin rəngarəngliyinə,necə də ahəngdədir hər şey,Rəbb də belədir. Rəbb Öz gözəlliyinə görə bu kainatı yaratdı və Rəbb Öz ürəyinə görə sənə zəngin xeyir-duanı verib.
Zəbur 19:7:”Rəbbin qanunu kamildir,canı təzələyir.” Rəbb bizə Öz sözünü verdi. Müqəddəs Kitab günahlarımızı aşkar etməkdən dolayı verilməyib,hər dəfə Onun sözünü araşdıranda,Onun sözünə yaxınlaşanda canımızı təzələsin deyə verilib. Əgər bu gün canında hər hansı sıxıntın,yük və ya ağırlıq varsa,bürün Onun sözünə. Bugün sənin hansısa xəstəliyin varsa,Rəbb Allahın sözünə bürün. O,şəfa verəndir. İndi olduğun yerdə Rəbdən canını təzələnməsini istə. Kədərin varsa,Rəbbin qanunu canını təzələyər.
Gəlin bərabər dua edək. Olduğun yerdə gözlərini yum və səsini boğma içində və de:” Ya Rəbb,Sənin sözün mənim canımın təzələnməsi üçün verilib. Oğlun İsanın adı ilə yalvarıram sənə,təzələ mənim canımı.
Mənim üzərimdən yükümü, qayğılarımı, həyəcanımı götür. Çünki Sənin qanunun məni təzələyir. Azad et mənim canımı hər cür xəstəlikdən. Təzələnmək istəyirəm. Sənə sığınıram,güvənirəm və Sənin sözünü öz həyatıma alıb bəyan edirəm. Rəbb yaxşıdır.” Dua et və istə Rəbb Allahdan. Çünki O, sözünü buna görə verdi. Çəkinmə duadan,səsini ucalt və susma.
Zəbur 19:7:”Rəbbin öyüdü etibarlıdır,nadanı müdrik edir.” Hər gün ol bu sözdə. Oxuduğum Müqəddəs Kitab sənin üçün öyüd-nəsihətdir. Bu həyatı necə yaşamaq və hansı dəyərlərə görə idarə olunmaq üçün Müqəddəs Kitab etibarlıdır. Çünki bu,sənin Allahın Rəbbinin sözüdür. Buna görə də Rəbb Öz kitabını verib ki,onun vasitəsi ilə müdrik olasan. Müdrik olmaq,həyatında doğru qərarlar vermək,həyatdan kam almaq istəyirsən? Rəbb Allahım sözündə qal. Nadan, cahil, biliksiz,savadsız insan Rəbb Allahın sözü ilə müdrikliyə malik olur. Bax nə qədər Rəbb Allah yaxşıdır!
Zəbur 19:8:”Rəbbin qayda-qanunları düzdür,ürəyi sevindirir.” Budur sevincin, mənbəyi,budur ürəyinin sevgi ilə dolması üçün yol – Allahın qayda-qanunları. Doğru münasibətlərin qurulmasında sevgi və qayğı qaynayır. Rəbb Allah istəyir ki,O bizi sevdiyi kimi biz bir-birimizi sevək. O, bizə mühakimə etmədən sevgi ilə yanaşdığı kimi biz də davranaq. Bu yanaşmada qal. Mühakimədə,dedi-qoduda iştirak etmə. Rəbbin sözündə qal,bu,sənin sevincindir.
Zəbur 19:8:”Rəbbin əmrləri pakdır,gözləri aydın edir.Rəbb qorxusu safdır,əbədi yaşayır,Rəbbin hökmləri haqdır, hamısı ədalətlidir. Onlar qızıldan,bol miqdarda olan saf qızıldan da çox sevilir, Onlar baldan,şanı balından da şirindir.” Necə də gözəldir. Bu,Rəbb Allahın sənə olan iradəsi, niyyəti,arzusudur. Onun sözü şanı balından da şirindir,qızıldan da çox sevilir. Necə xoşbəxtdir o insan ki,gecə-gündüz Rəbbin sözündə qalır. Gündəlik Rəbbin hüzuruna gəlir və Ondan bol nemət alır. İndi olduğun yerdə gəl Rəbb Allahın hüzuruna və dua et: “Rəbb bugünə görə Sənə minnətdaram. Yaratdığın bu gözəl təbiət Sənin varlığını bəyan edir. Mən kor deyiləm,mən kar deyiləm. Sən Yaradan bu gözəlliyi yaratdın. Sən gözəlsən,Sən yaxşısan. Sən şanı balından da şirinsən. Təzələ mənim canımı. Qoy Sənin sözün həyatımda yaşasın. Qoy Sənin qanunların məni idarə etsin. Qoy Səndən örnək götürməklə Sənin ürəyinə görə biri olum. Can atıram,istəyirəm. Sənin sözündə qalacam,hər gün Müqəddəs Kitabı oxuyub onu icra edəcəm. Sənin sözün ürəyimə sevincdir. O etibarlıdır,mənə güc və qüvvət verir.” Amin. Qoy Rəbb hər birinizə xeyir-dua versin. Rəbb Allah bunu həyatımızda edir.

Müəllif: İdris Azəri