Ölü işçi kimi deyil, Məsihçi kimi yaşayaq

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allahın sözü bizim üçün verilən gündəlik çörəkdir. Məhz buna görə hər gün Onun sözünə diqqət yetiririk. Onun sözünü təkcə oxumuruq,Onun sözünü yaşayırıq və araşdırırıq ki,Rəbb Allahın sözü bizdə qaynaq olsun. Rəbb Allah istəyir ki,Onun təsiredici sözü sənin üçün həyat qaynağına çevrilsin və səni həyat mənbəyi etsin. Həyat mənbəyi – həyatdan alacağın güc, yaşamaq üçün ümid sənin daxilindədir,Rəbb Allahın sənə verdiyi sözdədir. Biz də həmin sözlə də yaşayırıq. Davud Peyğəmbər deyir ki,Rəbb bir şəhəri qorumursa,əbəs yerə gözətçilər həmin şəhəri qoruyur. Bu düşüncə hər bir Məsihə iman edib Ona güvənənlər üçün faydalıdır. Əgər sənin həyat quruculuğunda Rəbb Allah yoxdursa,bu,faydasızdır və mənasızdır. Əgər sən çətin vəziyyətdə Rıbbi çağırmırsansa,əbəs yerə sən öz təhlükəsizliyini qorumağı düşünürsən. Rəbb Allah səni qoruyursa,bağışlayırsa və xeyir-dua verirsə,sən xeyir-dua alırsan, bağışlanırsan və qorunursan. Rəbb Allahın sənin həyatında fəaliyyəti və sənə verəcəkləri çox güclü,təsirli və lazımlı olandır. Xor baxma,laqeyd olma. Düşünmə ki,”bigün dua etməsəm,Müqəddəs Kitab oxumasam da olar”. Hər gün Onun sözünə müraciət et,oxu və araşdır ki,Rəbb səndə fəal olsun. Müqəddəs Kitabı oxuyub əzbərləyən deyil,bu sözü yaşadan ol. İnsanlarla münasibətlərində Rəbbin sözünü yaşat ki,həyatdan kam alasan. Qoy sənin nitqin,baxışların,yalnız Rəbbin bildiyi niyyətin Rəbb Allahın sözü ilə dolsun və Onun iradəsinə uyğun olsun.
Efeslilərə məktub 2:1-2:”Siz bir zamanlar təqsirləriniz və günahlarınız üzündən ölü idiniz. Siz bu dünyanın gedişinə və havada olan hakimiyyətin,yəni indi Allaha itaətsiz insanlarda fəaliyyət göstərən ruhun hökmdarına uyaraq bu günahların içində həyat sürürdünüz.”
Rəbbin sözü deyir ki,bir zamanlar biz ölü idik. Bir çox insanlar oxuyurlar,işləyirlər,ailə qururlar, dünyaya övlad gətirirlər,əmlaka malik olurlar və beləcə həyat sürürlər. Rəbb Allah isə deyir ki,sən günahlarına, təqsirlərinə görə ölü idin. Azəbaycan dilinin izahlı kürəyində “ölü” sözü cansız,adı olan özü isə olmayan,faydasız,istifadə üçün yararsız,ölü işçi deməkdir. Hər hansı bir vəzifəni tutan,amma vəzifəsinə görə hərəkət etməyən ölü işçidir. Bu insan ömür sürürdü,yaşayırdı. Lakin Rəbb deyirdi ki,onun itaətsizliyi,Rəbb Allahın sözünə uyğunlaşmamağı, öz düşüncəsinə görə yaşamağa onu yararsız,faydasız etdi. O insan özü özünü məhrum etdi.
Efeslilərə məktub 2:3:”Hamımız bir zamanlar həmin insanlar arasında cismin və əqlin istəklərini yerinə yetirərək cismani təbiətimizin ehtiraslarına görə həyat sürürdük. Beləliklə,təbiətcə digər insanlar kimi Allahın qəzəbinə düçar idik.”
Cismin və ağlın istəklərinə görə yaşamağımız buna səbəb idi. Ağlımıza gələni etmək,öz bildiyimizə görə yaşamaq Rəbb Allahın qəzəbinə düçar idik. Sülh, məhəbbət,əbədi həyata malik olmaq üçün Rəbbin sözünə qulaq as. Rəbb Allah deyir ki,mən insanı yaratdım ki,o, yaşayan can olsun, həyatdan kam alsın. Amma bəndə özünü Rəbbin sözünə uyğunlaşdırmadığına görə,Onun iradəsini izləmədiyinə görə özünü məhrum etdi. Öz ağlına görə yaşama, öz istəklərinə görə hərəkət etmə, özünü Rəbb Allaha tabe et,çünki Onun sözü həyat mənbəyidir,bizim üçün məlhəmdir. Rəbbin sözü bizi tamam başqa istiqamətə yönəldərək ondan zövq almağa,xoş günlər görmək üçün istiqamətləndirəndir. Bu səbəbə görə Rəbb Allahın qəzəbinə insanlar düçar oldular. Həyatın gedişatına görə,öz gözündə doğru olanları etdiyinə görə,içindəki istəkləri susdurmayıb ona uyğun yaşadıqlarına görə buna məruz qaldılar,düçar oldular. Bu,insanları Rəbb Allahdan alacağı sevinci,dincliyi məhrum olunmasına səbəbdir. Bu insanlar Rəbbin qəzəbinə məruz qaldılar. Bunu Rəbb Allah istəmədi,O istəmir ki,insanlar Onun qəzəbinə məruz qalsınlar,istəyir ki,yaratdığı bəndə həyatdan kam alsın,dinclik alsın,xoş günlər görsün və yaşasın. Bu səbəbdən Rəbb Allah bizə Öz Müqəddəs Kitabını verdi ki,Onun vasitəsi ilə biz öz gözümüzdə doğru olan işləri deyil,Rəbb Allahın iradəsinə uyğun işləri görək. Bir zamanlar ölü idin və Rəbb Allahın qəzəbinə məruz qalmışdın. Rəbb bizə Efeslilərə məktub 2:4-də deyir:”Lakin mərhəməti bol olan Allah bizi böyük məhəbbətlə sevdiyi üçün təqsirlərimiz üzündən ölü olduğumuz halda bizə Məsihlə birlikdə həyat verdi. Onun lütfü ilə xilas oldunuz.”
Rəbbin mərhəməti sənin üçün ölçüsüzdür. Rəbb Allahın mərhəməti hər gün davamlı olaraq bizə veriləndir. Bir zamanlar günahkar olsaq da,O bizi sevdiyinə görə xilas etdi. Rəbb məhəbbətini bizə Öz vahid Oğlunu günahlarımıza görə kəffarə qurbanı olaraq təqdim etməsi ilə sübut etdi. Rəbb Allah bizim günahdan azad olmağımızı istəyir,çünki Onun bizim üçün tükənməyən məhəbbəti var. Məhz buna görə də O bizə Məsihdə həyata maliksən. Məsihdə bol, ölçüsüz sevgi,mərhəmət,bilik var. Buna görə sevin və Rəbb Allahın sevgisini qəbul et. Rəbbin lütfü ilə xilas olduq,ona görə də Məsihə bənzəməyə can atırıq,səy göstəririk. Çünki biz Məsihdə həyata malik olduq,Ona görə günahlarımız bağışlandı və Məsihin sayəsində mərhəmətə nail olduq. İstəyirik ki,bu məhəbbət bizdə tükənməyən bulaq kimi olsun. Qoy bu bulaqdan dostlarımız, ailəmiz,qohumlarımız,bizimlə eyni icmada olan insanlar içsin. Məsihdə həyata malik olduğuna görə sən də Məsihçi ol. Onun təlimini qəbul et və bu cür yaşa. Əgər bugün özündə uyğunsuzluq hiss edirsənsə,Rəbbin hüzuruna gəl və bağışlanma istə. Mərhəməti və sevgisi bol olan Rəbb Allah səni bağışlayacaq. Bugündən daha çox Məsihə bağlan.

Müəllif: İdris Azəri