Rəbb bizə kömək edəndir

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Qoy ilk düşüncəmiz və fikirlərimiz Rəbb Allahın sözü ilə tamamilə qarışsın. Çünki bizə həyat Verən Rəbb Allahımızdır. O, oğlu İsa Məsihi bizə görə yerə göndərdi. Ondan ötrü göndərdi ki,Ona iman edən bizlər Rəbbi tanıyaq,həyatı dərk edək, güvənək,həyatdan kam alaq,müdriklikdən məhrum olanlar kimi deyil,müdrik,Rəbbi dərk edən insanlar kimi olaq.
Zəbur 121:1-2:”Gözlərimi dağlara dikirəm,
Haradan mənə kömək gələcək?
Göyləri və yeri yaradan Rəbdən
Mənə kömək gələcək.” Davud deyir ki, ümidsiz halda gözlərini dağlara dikir. Kim canını bəladan qurtaracaq? Kim dəstək olacaq? Kim şəfa verib təmin edəcək? Hər zaman öz sözlərinə,duasına,narahatlığına Davud Peyğəmbər cavab verir: Yeri və göyü Yaradan Rəbdən bizə kömək gələcək.
Qoy bu ifadə sənin də ifadən olsun,çünki Davud Peyğəmbər bunu problemlərlə, çətinliklərlə üzləşəndə,təqiblərə və təhqirlərə məruz qalanda bu sözləri dedi. Bugün hər hansı vəziyyətlə üzləşmisənsə, Rəbb Allahın sözünə müraciət et. Rəbdən sənə kömək gələcək.
Zəbur 121:3-8:”O,ayaqlarını büdrəməyə qoymaz,
Səni qoruyan yatmaz.
Bax İsraili qoruyan yuxulamaz,
Yatıb qalmaz.
Səni qoruyan Rəbdir,
O,sağ tərəfindədir,sənə kölgədir.
Gündüz günəşin ziyanı sənə dəyməz,
Gecə ay da sənə zərər verməz.
Rəbb səni hər cür şərdən saxlayar,
Canını qoruyar.
Rəbb gediş-gəlişini hifz edər
İndidən sonsuza qədər.”
Rəbb Allahın sözü bizi bu cür cəsarətlə və əminliklə yaşamağa yönəldir. Rəbb gediş-gəlişi indidən sonsuza qədər səni hifz edər. Bu sözlər sadəcə gözəl sözlər kimi yazılmadı,ondan ötrü yazıldı ki,hər vəziyyətdə sən Rəbbə sığınasan. Əgər Rəbb Allaha sığınsan,səni təqib edənlər sevinməyəcək,xəstəlikdən azad olacaqsan, qarşında bağlanmış qapılar açılacaq. Səni qoruyan Rəbdir,O,sağ tərəfindədir və sənə Kölgədir. Bütün düşüncənlə,varlığınla, ürəyinlə Rəbb Allaha bağlan. O,səni hifz edəndir,təmin edəndir. Bu düşüncə ilə ömrümüzü yaşayaq. Rəbb Allahın sözü bizə ondan ötrü verilib ki,biz bu düşüncə ilə güc alaq. Alimlər deyirlər ki,insanın gün ərzində milyonlarla fikir ağlından keçir. Əgər bu fikir Rəbb Allahın sözü ilə qarışırsa, sənə fayda,əminlik verəcək. Rəbb Allahın sözü gerçək təminatdır.
Süleymanın Məsəlləri 4:1-2;4:”Ey oğullar, atanızın verdiyi tərbiyə qulağınızda qalsın,
İdrakı dərk etmək üçün diqqətli olun.
Çünki sizə yaxşı dərs verirəm,
Təlimimi atmayın.
Atam mənə təlim verərək dedi:
«Qoy qəlbin sözümə möhkəm bağlansın,
Əmrlərimə əməl et ki,ömrün uzun olsun.” Süleyman Peyğəmbər deyir ki,Atanın – Səmavi Atanın sənə verdiyi məsləhətə xor baxma. Rəbbin sənə verdiyi tərbiyə qulağında qalsın,biz azərbaycanlıların dediyi kimi “qulağında sırğa olsun”. Səmavi Atanın sənə verdiyi tərbiyəni unutma,çünki bu tərbiyə sənə idrak gətirir,səni müdrik və güclü şəxsə çevirir ki,həyatın çətinlikləri qarşısında aciz,zəif,gücsüz olmayasan. Rəbb deyir ki,təlimini – bizə verdiyi sözü atmayaq. Müqəddəs Kitabı oxuduqda burada nəsihət və nümunəvi həyat tərzi gördükdə buna xor baxma,öz həyatına tətbiq et. Süleyman bugün məhz sənə müraciət edərək deyir ki,Atanın təlimini atma. Müqəddəs Kitabı oxuduqda,gündəlik həyatına qəbul etdikdə 2 şey sənə lazımdır ki,sənin ömrünü uzatsın,Rəbb Allahdan böyük bir xeyir-dua alasan. Bu,sənə həyatda müvəffəqiyyət qazanmaq üçün əvəzolunmaz bir təminatdır. Bunlardan birincisi bütün qəlbinlə,möhkəm bağlarla Rəbb Allahın verdiyi təlimə bağlan,Rəbb Allahın sözünə özünü tamamilə təslim et. Onun qarşısında durduqda dualarında Rəbbin iradəsinə uyğun həyat yaşamağı istə. Rəbb sənə dediyini et. Bütün varlığınla Rəbb Allahın məsləhətinə bağlan və etibar et. Çünki sənə xitab edən,səni çağıran Var Olan Rəbb Allahdır. O, Müqəddəs Kitab vasitəsi ilə səninlə danışır ki,həyatına xeyir-dua gətirsin. Əgər Rəbb Allah sənə “qisas alma” deyirsə,sənə görə və səni azad etmək üçün deyir. Əgər O, “pislik etmə,sev” deyirsə,bu,sənin üçün faydalıdır. Onun sözünü qəbul et,tamamilə itaət et,bu, sənin üçün təminatdır. Hamı uzun ömür yaşamaq istəyir,sağlam və gümrah olmaq istəyir. Ömrünü uzadan Rəbb Allahın sözünə bağlanmaqdır. Bütün Müqəddəs Kitab sənə təlim kimi verilib. Onu mənimsə. Möhkəm bağlarla Rəbb Allahın sözünə bağlan və Onun əmrlərinə əməl et. Əgər bütün dünya Müqəddəs Kitaba əks tərzə yaşasa, təhqir, tənqid etsə belə, sən əməl edən ol. Bütün varlığınla,düçüncənlə Ona təslim ol,qoy Rəbb Allahın həyat verən sözü sənin həyatında hökmranlıq etsin.
Süleymanın Məsəlləri 4:5-6:” Hikmət qazan,idrak qazan,
Sözlərimi unutma,sözümdən çıxma.
Hikmətdən ayrılmasan,o səni qoruyar,
Əgər onu sevsən,səni saxlayar.” Bütün ürəyinlə Rəbb Allahın sözünə bağlan və Ondan çıxma. Çünki O səni qoruyur və saxlayır. Rəbb Allahın sözünü ürəyinə yaz. Bu yolla sən hikmət və idrak qazanarsan ki,həyatdan kam almağı bacarasan. Burada yaşayan Rəbb Allahın həyat sözü var. Əgər Rəbb Allahın sözünə baxıb əməl etsən,Onu sağında,sənə dayaq kimi görəcəksən. Rəbb bugününüzə xeyir-dua versin. Bugünü belə duaya başla:”Ya Rəbb,sənin qarşına gəlirəm. Bütün varlığımla,düşüncəmlə Sənin sözünə bağlanıram. Qoy mənim iradəm deyil,Sənin iradən olsun. Sənin tərbiyəni və nəsihəti qəbul edirəm. Sənin ürəyinə görə insan olmağa çalışıram, əlimdən gələni edəcəm ki,Sənin övladın kimi sözlərini yaşadan olum. Xeyir-dua ver.”

Müəllif: İdris Azəri