Rəbb bizim xoşbəxtliyimizdir

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. İstəyirəm ki,sübh erkəndən Rəbb Allahın sözü haqqında düşünək və gün boyu bizimlə olsun. Rəbb Öz sözünü Onun sözü bizi həyatımız boyu təmin etməsi üçün verdi ki,biz Rəbbin ürəyinə görə insan olaraq həyatdan kam alıb xoş günlər görək. Rəbb Allah istəyir ki,biz Onu yanımızda – Davud Peyğəmbərin dediyi kimi sağımızda görək. Rəbb bizə dəstəkdir. Rəbb Allah Öz yanına,cəmiyyətinə çağırdığı adamlara kömək edəndir,dəstək verəndir. Rəbbin arzu və istəyi ondadır ki,Ona yaxınlaşan və pənah gətirən hər bir kəs Ona inansın,etibar etsin və Rəbb Allahın sözünə görə yaşasın. Rəbb Allahın sözü bizə bunu öyrədir ki, Onun sözündə yaşayıb güclü və qüvvətli insanlar olaq.
Zəbur 16:1-2;5-6:”Ey Allah,məni hifz et,Sənə pənah gətirmişəm. Rəbbə dedim:«Mənim Xudavəndim Sənsən. Səndən başqa mənim xoşbəxtliyim yoxdur.
Ya Rəbb,mənim qismətimsən,kasama düşən paysan,
Püşkümə düşən Səndən asılıdır.
Qismətimə gözəl yerlər düşdü,
Bəli,mənə nemət nəsib oldu.»”
Rəbb Allahın qarşısına gəldikdə Davud Peyğəmbər Ona olan sevgisini Zəburlarda belə bildirir. O deyir:”Sənsən mənim Xudavəndim və xoşbəxtliyim. Səndən başqa xoşbəxtliyim yoxdur.” Rəbb Allahın sözü vasitəsi ilə aşkar edilir ki,bizdən öncə yaşayan Davudun dediyi kimi xoşbəxtliyimiz nemətlərlə bağlı deyildi, Rəbbə aid edilməsi idi. Bu xoşbəxtlik hər birimizə verilsə də,hər kəs bundan zövq ala bilmir. Çünki fikirlərimiz gündəlik həyata, tələbata yönəlmişdir. Hər gün ehtiyaclarımız bitmir,ona görə də bizdə istehlakçı təbiət,arzulamaq bitmir. Bu, bitməyəndir. Hər dəfə yenilik arzulayan insanda məmnunluq hissi yaranmır. Sənin xoşbəxtliyin Rəbb Allaha aid edilməyin, Rəbbin səni Öz ailəsinə daxil etməsi və səni “balam” deyib çağırmasıdır. Sənin xoşbəxtliyin ondadır ki,Yerin və Göyün sahibi olan Rəbb Allah sənə Öz vədlərini verərək səni hər vəziyyətdə hifz edib bərəkətləndirir. Bu,xoşbəxtlikdir. Buna görə sevin və bayram et. Sən Var Olan Rəbb Allaha “Ata” deyib çağırmağa ixtiyar qazandın. Bu,sənin həyatının sevincidir və Ondan alisi yoxdur.
Davud deyir ki,Rəbb bizim təminatçımızdır, bərəkət və nemət verəndir. Öz gücümüzə və biliyimizə deyil,Rəbbə arxalanaq və ümid bəsləyək. Bilirik ki,Rəbb bizim qismətimizə yalnız gözəlliklər,lazım olanı verəcək.
Zəbur 16:7-8:”Mənə nəsihət verən Rəbbə alqış edirəm,
Hətta gecələr də vicdanım mənə ağıl öyrədir.
Rəbbə əbədilik üz tutmuşam,
Sağımda olduğu üçün sarsılmaram.”
Buna görə səhər erkən Rəbb Allahın qarşısına gələrək Ona alqış etmək lazımdır. Rəbb bizim kasamıza düşəndir,həyat Verəndir. Ona güvənək. Buna görə minnətdar olaq,çünki Rəbb Allahın sözü bizə belə olmağı nəsihət edir. Davud deyir ki,gecə yatanda da vicdanı ona ağıl öyrədir,çünki əbədi olaraq Rəbbə üz tutub. Üzünü Rəbb Allaha çevir,nə olursa olsun Rəbdən əl çəkmə,uzaqlaşma. Bil ki,O,sənin sağındadır,sarsılmayacaqsan və yenilməyəcəksən.
Zəbur 16:9-11:”Elə bunun üçün qəlbim sevinir,ruhum şad olur,
Cismim əmin-amanlıqda yaşayır.
Çünki məni ölülər diyarına atmazsan,
Mömin insanını qəbirə salmazsan.
Mənə həyat yolunu öyrədirsən,
Doyunca sevinc Sənin hüzurundadır,
Sağ əlində hər zaman səadət var.”
Rəbbin sağ əlində həmişə sənin üçün səadət var. Rəbb Allahın əlləri sənin üçün hər zaman böyük bir xeyir-dua,nemətlə sənə uzadılır. Rəbbə tərəf dön. Davud dediyi kimi,Rəbb bizimlə olduğu üçün qəlbimiz sevinsin və ruhumuz şad olsun. Qoy bugünkü günü ruh yüksəkliyi və sevinclə başlayaq. Külli-İxtiyar yanımızdadır,bizə dəstək verəndir, öyrədəndir. Ona görə də gündəlik Müqəddəs Kitaba müraciət et,qərar verməzdən qabaq Rəbb Allahdan məsləhət al. İcazə ver ki,Rəbbin səndə yaşadığı Ruhu vicdanın vasitəsi ilə sənə danışsın və səni haqsızlıqdan qorusun. Bu,Rəbb Allaha yaxınlaşanların həyat tərzidir. Rəbbə “Ata” deyib,Oğlu İsa Məsihə iman edənlər bu cür yaşayırlar,biz də bu cür yaşayaq. Rəbbə tam güvənərək,arxalanaraq və Rəbb Allahın sözü ilə hərəkət edərək yaşayaq.
Qalatiyalılara məktub 6:7-10:”Aldanmayın: Allaha istehza edilməz. Çünki insan nəyi əkərsə,onu da biçəcək. Öz cismani təbiəti üçün əkən,bu təbiətdən məhv biçəcək. Ruh üçün əkənsə Ruhdan əbədi həyat biçəcək. Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək,vaxtında biçərik. Buna görə də nə qədər fürsətimiz varsa, hamı üçün,xüsusən imanlılar ailəsi üçün yaxşı işlər görək.” Bu,Rəbb Allahdan gələn nəsihətdir,sənə verdiyi tərbiyədir. Aldanmayın, heç bir düşüncə səni yanlış qərar verməyə qoymasın,ayıq insan olun. Rəbb Allahın sözü səni ayıq olmağı,müdrik olmağı,qərarlarının nəticəsini görməyi öyrədir. Rəbb günahlandırıla,ittiham edilə, rişxənd edilə bilməz. İnsan nəyi əkirsə,onu da biçəcək. O Öz sözünü bizə ona görə verdi ki,bu həyatda təmin edilmiş insanlar olaq. Əgər sülh əksən, sülh, nifaq əksən, nifaq əkəcəksən. Əgər sən başqaları arasında düşmənçilikdə iştirak edirsənsə, nəyi biçməyi gözləyirsən? Əgər mərhəmət, sevgi daxilindən çıxararaq insanlara yönəldirsənsə, onu da biçəcəksən, həyatını sevgi,sülh,mərhəmət əhatə edəcək. Başqalarının ehtiyaclarında iştirak edib dəstəkləyirsənsə,öz qazancından onlara kömək olursansa,onu da biçəcəksən. Çünki səxavətlə və comərdliklə verən, elə də alacaq. Bu,həyat qanunudur və səni qorumaq,bərəkətləndirmək,hifz etmək üçün verilib. Əbədi həyat üçün sevgi,sevinc, sülh,barışıq ək. Qoy sənin adın yalnız yaxşı şeylərdə hallansın. Hər fürsətdən istifadə edərək yaxşılıq et,xüsusilə də səninlə eyni əqidəni bölüşən imanlılar üçün yaxşılıq et. Pislik üçün deyil,yaxşılıq üçün fürsətdən istifadə et.
Bugünkü gündən yaxşılıq etmək üçün istifadə edək. Qoy Rəbb hər birinizə xeyir-dua versin.

Müəllif: İdris Azəri