Rəbbin balaları kimi ürəyinizdə Allah qorxusu olsun

Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allahın sözü bizə gündəlik lazımdır. Hər gün Onun sözünü daxilimizi doldurmaq lazımdır ki,bu sözlə yaşayaq. Rəbb Allahın sözü həyat verəndir və lazımdır ki,tükənməsin. Hər gün Rəbb Allahın sözünə müraciət et və araşdır. Biz Müqəddəs Kitabda Rəbb Allahın iradəsini, bizə arzusunu görə bilirik. İncili yaxşı öyrən. Buna görə Rəbbin sözünə “gündəlik çörək” deyirlər. İnsanlara yaşamaq üçün gündəlik çörək necə vacibdirsə,Rəbbə yaxınlaşan hər birimizə də gündəlik çörək lazımdır. Onun sözü ilə özümüzü dolduraq ki, dözümlü və taqətli olaq.
Zəbur 34:9-10:”Ey Rəbbin müqəddəsləri, Rəbdən qorxun,
Ondan qorxan heç nəyə möhtac qalmaz.
Gənc aslanlar ac-yalavac qaldılar,
Lakin Rəbbi axtaranlar
Heç bir yaxşı şeydən korluq çəkməzlər.”
Davud Peyğəmbər Müqəddəs Kitab vasitəsi ilə bizə müraciət edir. Kimdir Rəbb Allahın müqəddəsləri? Xilaskarımız olan İsa Məsihə iman edənlər,günahları bağışlanan insanlar Rəbbin müqəddəsləridir. İsa Məsih vasitəsi ilə təqdis olunub günahlardan azad olan Davud deyir ki,Rəbdən qorxun. Ondan qorxan heçnəyə möhtac qalmaz. Sən Rəbb Allaha yaxınlaşdığın zaman qoy daxilində olan hissin adı “Rəbb qorxusu” olsun. Əgər sənin daxilində bu varsa və bütün ürəyinlə Rəbb Allahı axtarırsansa,heçnəyə möhtac qalmayacaqsan. Çünki Rəbbin sözü gerçək təminatdır,hifz edəndir. Rəbb Allahın sözü səni yanlış hərəkət etməkdən qoruyur. Oxuduğun və öyrəndiyini sözləri icra et. Zəbur 34:11-12:”Gəlin,ey övladlar,məni dinləyin,
Rəbb qorxusunu sizə öyrədim:
Kim həyatdan kam almaq istəyirsə,
Uzun ömür sürüb xoş gün görmək istəyirsə”
Kim xoş günlər görüb həyatdan kam almaq istəyir? Davud onlara deyir:
Zəbur 34:13-15:”Qoy dilini şərdən,
Ağzını fırıldaq üçün işlətməkdən qorusun,
Qoy şərdən çəkinib yaxşılıq etsin,
Sülhü axtarıb ardınca getsin!
Rəbbin gözü salehlərin üzərindədir,
Qulaqları onların fəryadlarına açıqdır.”
İstəyirsən ki,Rəbb Allah sənə uzun ömür versin,xoş günlər görəsən? Dilini şərdən qoru,ağzından fırıldaq söz çıxmasın. Şərdən çəkin. Dilini şərdən qorumaq – yalandan qorumaq,böhtan atmamaq,pislik etməməkdir. Şər atmaq Rəbbin iradəsinə ziddir. Rəbb Allah təsəlli verir,şər məyus edir. Rəbb Allah birləşdirir və sülh yaradır, şər nifaq salır və inciklik yaradır. Şər bilir ki, Məsihçilərin gücü birliyimizdədir. Şər olmayan şeyləri olan kimi qələmə verir, şişirdir. Xoş günlər görmək üçün dilini şərdən qoru, qoy sənin dilin nifaqda istifadə edilən alətə çevrilməsin. Bunda iştirak etmə. Ey Rəbb Allahın balası,qoy sənin dilin Rəbbin işi üçün istifadə edilsin. Ağzını fırıldamaq işlətməkdən qoru,hiylə, kələk,öz gizli niyyətinə çatmaqdan ötrü ağzını işlətmə. Sən özünü belə işlərə təslim etmə. Ayıq ol,şərdən çəkin. Şər – Ata Allahın iradəsinə zidd olan hərəkətdir. Sən sülh axtar,sülhyaradanların sırasına daxil ol. Ey Allahın balası,Rəbb Allahın xeyir-bərəkətini,nemətini irs olaraq əldə etmək üçün çağırılan sülh axtaranların sırasına gir, onların ardınca get. Özün də sülhü axtaran və yaradan ol,çünki bu,Rəbb Allahın sənə olan iradəsidir. Bu,Rəbb Allahın müqəddəslərinə yaraşandır,sənə yaraşanı et.
Rəbb qorxusu nədir? Hikmətin başlanğıcıdır, ( Süleymanın məsəlləro 9:10),ömür uzadandır (Süleymanın məsəlləri 10:27),həyat qaynağıdır (Süleymanın məsəlləri 14:27),ölüm tələsinə düşməkdən qeri qaytarandır(Süleymanın məsəlləri 14:27). Rəbb Allahın qorxusu səni ölüm tələsindən çıxarmağa qadirdir,təsirlidir. Necə? Sülh yaradan ol,barışıq elan et,ürəyinə sevgi doldur.
Rəbb qorxusu nədir? Hikmət və tərbiyə verəndir(Süleymanın məsəlləri 15:33),həyat verər və şər Rəbb qorxusu olan adama yaxınlaşmaz,tox yatar (Süleymanın məsəlləri 19:23)
Rəbb qorxusunun nəticəsi nədir? Sərvət, şərəf, həyatdır (Süleymanın məsəlləri 22:4). Rəbb həmin insana bol həyat verir. Rəbb qorxusu – pisliyə nifrət etməkdir, lovğalığa, təkəbbürə, pis yola, hiyləli dilə nifrət etməkdor. Rəbb Allah qorxusu məhz budur. Kiməsə zərər vurmağa çalışma,özünü bundan qoru. Özündə bu cür xüsusiyyət aşkar edirsənsə,tövbə et və zərər vurduğun insandan üzr istə. Sənin niyyətin Rəbbin balalarının,müqəddəslərin niyyətinə uyğun olmalıdır. Bu seçim deyil,Rəbb Allahın balalarına xas olan keyfiyyətdir. Çünki Səmavi Atan deyir ki, pisliyi ikrah et, lovğalığı özündən at. Lovğalıq özünü tərifləmək,öz üstünlüyünü göstərmək üçün çalışmaq,təşəxxüslü olmaqdır. S.M.Qənizadə yazır ki,təşəxxüslü insan yaralının köhnə paltarını geyinəndir. Azad ol bunlardan. Rəbb səni azad edəndir. Özünü həyatdan kam almaqdan məhrum etmə,azad ol. Əgər bunu etsən,səndə Rəbb Allah qorxusu vardır. Təkəbbürlü insan özünü böyük tutan,iddialı,özündən razı olan,özü kimi yaxşı, işini bilən, peşəkar insanın olmamasını iddia edən,məğrur, dikbaş insandır. Rəbb Allahın sözü deyir: “Bunları özündən ikrah et.” Əgər səndə Rəbb qorxusu olmasını,həyatdan kam alıb xoş günlər görmək istəyirsənsə,pisliyə nifrət et,lovğalığı və təkəbbürü özündən ikrah et. Pis yoldan çəkin,sülh axtaranların yolu ilə get.
Allah qorxusu – Allahı hədsiz müqəddəs tutmaq, Onun sözündən çıxmamaq, Onun sözünə əməl etmək üçün ayıq olmaq, Allahın qəzəbinə səbəb olan qanunsuzluq etməmək,Allahı kədərləndirməməkdir. Bu cür həyat tərzi imanlıda hərəkətlərinə ciddi diqqət vermək,həlimliklə yaşamaq və daim dua etməyə sövq etdirir. Bu mövzu haqqında dərindən düşün və Rəbb Allahın müqəddəslərinə,balalarına yaraşanı et. Çünki sənin hərəkətlərin və danışığın ilə kim olduğun bəlli edilir. Qoy Rəbb hər birinizə xeyir-dua versin.

Müəllif: İdris Azəri