Rəbbin məzəmmətinə qulaq asan ol

Bu günü Rəbbin sözüilə başlayırıq. Çünki Rəbb Allahın sözü bizim üçün verilən təminatdır. Onun sözü çox güclü və təsirlidir. O,Öz sözü vasitəsi ilə bəşəriyyəti yaratdı. Rəbb Allah Öz sözü vasitəsi ilə heçnədən hər şey yaratdı. Rəbb sənə gündəlik Öz sözünü verdiyi halda,sənin həyatdan kam alıb xoş günlər görməyin üçün sənə təminat verir. Onun sözünü hər gün icra etməklə bizdə həyat qaynağı yaranır. Rəbb Allahın sözünü eşitdiyin halda bununla kifayətlənmə,bu sözü icra edən,yerinə yetirən ol. Rəbb Allahın sözünü gündəlikdə həyatında,hərəkətlərində, münasibətlərində yaşat. Bu,sənin üçün həyatdır. Onun sözü bizim yenilənməyimizə kömək edir,hər gün üçün bizə faydalıdır. Ona görə də hər gün Onun sözü üzərində düşünürük ki,onları icra edək. Onun sözlərini icra edən insan bəxtiyardır.
Süleymanın məsəlləri 15:24:”Ağıllı insan aşağıdan – ölülər diyarından ayrılmaq üçün
Həyat yolunu tutub yuxarı gedər.” Kimdir ağılı insan? Gündəlik Rəbbin sözü üzərində ayıq qalan insandır. Ayıq qalmaqla yanaşı, həmin sözə əməl edən insan ağıllı insandır. O,cahillikdən tamamilə uzaqlaşaraq Rəbb Allahın iradəsini yerinə yetirən,salehlərin yolu ilə gedən insandır.
Süleymanın məsəlləri 15:31:”Həyatverici məzəmmətə qulaq asan
Hikmətlilərin içərisində yaşar.” Rəbb Allahın sözü islah edir,tərbiyə verir. Onun məzəmməti utandırmaq və ya rüsvay etmək üçün deyil,səndə həyat qaynağı yaratmaq üçündür. Əgər sən Rəbb Allahın sözünü eşitdikdə səni dəyişiklik etməyə çağırırsa,Onun sözünə xor baxma. Çünki Rəbb Allah məzəmmət edir ki,səni hikmətlilərin arasına salsın. Sənin hikmətin Rəbbin sənə verdiyi tərbiyəni qəbul etməkdir. Xor baxma,tabe ol. Salehlərin yolunu tut,çünki onların yolu şərəflidir.
Süleymanın məsəlləri 15:32:”Tərbiyəni rədd edən öz canına xor baxar.” Əgər bir insan Rəbb Allahın sözünü qəbul etmirsə, razılaşmırsa,Rəbb deyir:”O,öz canına xor baxır.” Çünki əziyyəti çəkən nəticəsini yaşayacaqdır.
Süleymanın məsəlləri 15:32-33: “Məzəmmətə qulaq asan anlayış qazanar.
Rəbb qorxusu hikmət tərbiyəsi verər,
İtaətkarlıq şərəfdən əvvəl gələr.” Rəbb Allah istəyir ki,Oğlu İsa Məsihin kəffarə qurbanı olması ilə təqdis olunaraq Rəbbin balası olan hər bir kəs anlayış qazansın. Bizə anlayış verən Rəbb Allahın məzəmmətidir. Qulaq as ki,Onun həyat verici sözü bizdə həyat qaynağı yaratsın. Həyatda xoş günlər görməkdən ötrü Onun sözünə özünü təslim et. Heç vaxt “yox” demə,tabe ol. Bu münasibəti qur. Bu tərzin nümunəsini Məsih İsa bizə verdi. Biz – Onun adına iman edənlər İsaya uyğun yaşamağa can atırıq,səy görsədirik. Bir çox insan hörmət qazanmaq,tərif olunmaq istəyir. Şərəfdən və ucalmaqdan əvvəl itaətkarlıq gəlir. Sənin həyat yolunun ilk addımı budur. Rəbb Allahın sözünə itaət edərək sən Rəbbin Özünə də itaət etmiş olursan. Çünki oxuduğun Müqəddəs Kitab Var Olan Rəbb Allahın sözüdür. O,Öz sözünü sənə verərək itaət etməyi öyrədir. Rəbb Allahın sözünün icraçısı ol və aid olduğun imanlılar cəmiyyətə itaətkar ol. Sənin üçün xidmət və dua edən cəmiyyət üzvlərinə qarşı itaətkarlıq göstər. Rəbb Allahın məzəmmətini qəbul et ki,öz həyatına xor baxmayasan. Rəbbin verdiyi tərbiyəyə tamamilə təslim ol ki,səndə həyat qaynağı olsun.
Yaqub 1:22-24:” Bu kəlamın icraçısı olun, yalnız eşidənlər olub özünüzü aldatmayın. Çünki kəlamı eşidən,amma icraçısı olmayan şəxs güzgüdə öz üzünün cizgilərinə baxan adama bənzəyir: O öz-özünə baxır,kənara çəkilir və dərhal necə olduğunu unudur.” Bu sözlər çox sadə izah edilib. Rəbb deyir ki,Onun bizə verdiyi sözü təlim,islah və məzəmmət üçündür. O istəmir ki,biz ölək. Xoş günlər görməkdən ötrü sənin daxilin həyat qaynağına çevrilməlidir. Bu isə yalnız itaətkar olduğunda mümkündür. Yaqub deyir ki, kəlamı yalnız eşidən insan unutqandır. Həmin insan başqalarına məsləhət və təlim verə bilər,ancaq özünə faydası yoxdur. Rəbb Allahın sözünü bilib öz həyatında yaşatmayan insan üçün Rəbbin kəlamı faydasızdır. Rəbb Allahın sözü səndə öz güclü fəaliyyətini Rəbbin kamil qanununa diqqətlə baxıb bağlı olduğunda göstərəcək.
Yaqub 1:25:”Lakin kamil qanuna,azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalan şəxs unutqan eşidən deyil,əməldə icraçıdır;belə adam öz işində nə bəxtiyardır!” Bəxtiyarlıq sənin həyatında Rəbb Allahın sözünü eşidib icraçısı olduğunda başlayır. Ondan aldığın tərbiyəni,öyrəndiyin nümunəvi həyat tərzini ailən,dostların və qohumların arasında tətbiq edirsən. Rəbb Allahın ürəyinə görə hərəkət etdiyində bu sözün icraçısı olursan. Sən bu tərzi seçib salehlərin yolu ilə getdiyinə görə üzərinə bəxtiyarlıq yağır. Həyatında hər bir hərəkətin və sözün nəticəsi var. Bu nəticə qaçılmazdır.
Süleymanın məsəlləri 22:3:”Uzaqgörən qabaqcadan şəri görüb ondan qaçar.” Gəlin uzaqgörən insanlar olaq. Qabaqcadan hər şeyi görək,bu gün yaşadıqlarının sabah nəticəsi olduğunu bilirsən,bu cür yaşa
Süleumanın məsəlləri 22:3-4:”Cahil isə irəli çıxar,ziyan tapar.
İtaətkarlığın və Rəbb qorxusunun nəticəsi
Sərvət,şərəf,həyatdır.” Rəbb sənin həyatına sərvət,şərəf və həyat gətirir. Sərvət,şərəf və həyata bürünməkdən ötrü sənə itaətkarlıq lazımdır. Ona görə də bu sabah bu mövzu haqqında düşün. Hər cür qanunsuzluq və pisliyi özündən ikrah et,Rəbb Allahın sevimli balası kimi müqəddəsliyi bürünərək salehlərin yolu ilə get. Tamamilə özünü Rəbbə təslim edərək itaətkar ol. Çünki Onun sözü sənə şərəf və həyat gətirir. Rəbb bunu etmək istəyir,bəs sən nə istəyirsən?!

Müəllif: İdris Azəri