Günah nədir?

Әziz dost! Mən elə burada günahın nə olduğunu aydınlaşdırmalıyam. Günah heç də oğurluq, xəyanət, qatillik, sərxoşluq kimi sadəcə olaraq bir əməl deyildir. Allahdan tamamilə ayrılma və Allahın müqəddəs iradəsinə qarşı olan hər şey günahdır. Günah yalnız pis hərəkət deyildir: təkəbbürlük, paxıllıq, nifrət, ehtiras, şəhvət – bunlar da günahdır. İsa Məsih demişdir ki, Allahın iki çox böyük əmri vardır: bütün qəlbinlə Allahı sev və qonşunu özün kimi sev (Matta 22:36-40). Bunlar Allahın ən böyük əmrləri olduğundan, Allahı bütün varlığımızla və qonşumuzu özümüz kimi sevə bilməyimiz ən böyük günahdır. Bu əmrləri tam yerinə yetirən varmı? Xeyr! İsa Məsihin məsum şəxsiyyətindən başqa, hamı bu əmrləri pozmuşdur. İsa Məsihin həyatı Allahın bizdən tələb etdiyi kamil həyat olmuşdur. Onun əmri budur: ‘Səmavi Atanız kamil olduğu kimi, siz də kamil olun’ (Matta 5:48).

Lakin ürəkləri bədniyyətli biz günahkarlar Allahın əmr etdiyi kimi, necə tamamilə xeyirxah və pak ola bilərik? Xərçəng xəstəliyinə düçar olmuş insanın sağlamlığını qoruması barəsində xeyirxah məsləhətə ehtiyacı olmur. Onu müalicə edə biləcək təcrübəli həkimin olması lazımdır. Günaha batmış adam da belədir. Ona da davranış barədə gözəl qanunlar, əxlaq qaydaları, öyüd-nəsihətlərdən çox, onun əqlini və qəlbini təmizləyən, iradə və arzusunu yeniləşdirən, Allahın ondan etdiyi tələbi yerinə yetirmək üçün ona güc və qüvvə verə bilən mənəvi həkim lazımdır. Yəqin ki, hər yerdə bütün insanlara onları günahlardan xilas edib Allahın övladları edə biləcək kimsə lazımdır. Mən bir azdan Allahın Öz mərhəmət və şəfqəti ilə dünyaya göndərdiyi Xilaskardan danışacağam.