Yəhyanın Üçüncü Məktubu

Fəsillər

GİRİŞ

«Yəhyanın Üçüncü Məktubu» cəmiyyətin Qay adlı bir rəhbərinə ünvanlanıb. Həvari Yəhya onu başqa məsihçilərə kömək etməsinə görə tərifləyir və Diotref adlı bir nəfərə xəbərdarlıq edir.
Kitabın məzmunu:
1:1-8 Qaya tərif və nəsihət
1:9-12 Diotref və Dimitri barədə
1:13-15 Xudahafizləşmə

3 Yəhya 1

1Mən ağsaqqaldan həqiqətə görə sevdiyim əziz Qaya salam!

Tərif və nəsihət

2Ey sevimli, dua edirəm ki, canın uğurlu olduğu kimi özün də hər cəhətdən uğurlu və sağlam olasan.  3Bəzi qardaşlar gəlib sənin həqiqətə bağlılığına, yəni həqiqətə görə həyat sürdüyünə şəhadət edəndə mən çox sevindim.  4Mənim üçün öz övladlarımın həqiqətə görə həyat sürdüyünü eşitməkdən böyük sevinc ola bilməz.  5Ey sevimli, sənə hətta yad olduqları halda qardaşlara xidmət etməkdə sədaqət göstərirsən.  6Onlar cəmiyyətin qarşısında sənin məhəbbətin barədə şəhadət ediblər. Sən onları Allaha layiq bir tərzdə yola salarkən yaxşı iş görəcəksən.  7Çünki onlar imansız olanlardan heç nə götürmədən Onun naminə yola çıxdılar.  8Beləcə biz həqiqət işində həmkar olmaq üçün bu cür adamlara dayaq olmalıyıq.  9Cəmiyyətə bir şey yazdım, amma onların arasında başçılıq etməyi sevən Diotref bizim səlahiyyətimizi tanımır.  10Buna görə də mən gələndə onun etdiyi əməllərlə bağlı məsələ qaldıracağam: o bizim barəmizdə pis sözlərlə qeybət edir, hətta bununla kifayətlənməyərək qardaşları özü qəbul etmir, qəbul etmək istəyənlərə də mane olur və onları cəmiyyətdən qovur.  11Ey sevimli, pislikdən yox, yaxşılıqdan nümunə götür. Yaxşılıq edən Allahdandır, pislik edənsə Allahı görməyib.  12Hamı Dimitrinin yaxşı adam olduğuna şəhadət edir, həqiqətin özü də bunu təsdiq edir. Biz də buna şəhadət edirik və sən də bilirsən ki, bizim şəhadətimiz etibarlıdır.

Xudahafizləşmə

13Sənə yazılası çox sözüm var, amma bunları sənə qələm və mürəkkəblə yazmaq istəmirəm.  14Amma ümid edirəm ki, tezliklə səni görəcəyəm və səninlə üz-üzə söhbət edəcəyəm. Sənə sülh olsun. Dostlar sənə salam göndərir. Oradakı dostlara bir-bir salam söylə.