Məsihə birləşmiş insan kimi yaşayaq
Məsihə birləşmiş insan kimi yaşayaq - Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Açılan hər sabahda Rəbb Allahın sözü haqqında düşünürük. Çünki hər açılan sabah bizim üçün yeni fürsət və imkan gətirir. Ona görə də hər vəziyyətdən istifadə edək, Rəbb Allahın bizə verdiyi hər günü sevinclə,alqışla başlayaq və gün boyu Onun sözünün güclü təsiri altında ömrümüzü yaşayaq. Rəbb Allahın sözü deyir ki,biz etdiyimiz günahlara görə ölü idik. Deməli insanın Rəbb Allahın sözündən çıxması, Onun sözünə uyğunlaşmaması həmin insanı ölü – cansız,faydasız,istifadəyə yaramayan hala gətirir. Bunun səbəbi insanların Rəbb Allahın sözünü daxilinə qəbul etməməsi,bu sözlə yaşamamağıdır. Günah insanı ruhən və mənəvi öldürəndir. Bu mövzunu davam etdirərək Efeslilərə məktubdan danışmaq istəyirəm.
Efeslilərə məktub 2:6:"Allah bizi Məsih İsada,Onunla birlikdə dirildib səmada oturtdu."
Öncəki ayələrdə deyilir ki,etdiyimiz qanunsuzluqlara və günahlara görə ölü, yararsız,faydasız idik. Bunun səbəbi bizim şəxsi həyat tərzimiz idi. Rəbb Allahın bizə göstərdiyi lütf və bəxşiş Məsih İsada, Onunla birgə dirildib səmada otuzdurmaq idi. Məhz Məsihdə birləşdiyimizə görə Rəbb Allah bizi səmada oturtdu. Məsihlə birlikdə – yəni Ona şərik edərək,əlbir edərək,birgə çalışmaq deməkdir. Rəbb bizi Məsihlə bağladı ki,gördüyümüz bütün məsələləri Onsuz etməyək,Ondan alınan tərbiyəyə uyğun edək və Məsihə tamamilə bürünək ki,Onunla bizim birliyimiz olsun. Məsih İsanın hər bir insanda başladığı işi davam edən insanlar,Onun ürəyinə və düşüncəsinə görə yaşayanlar olaq. Bizim dirilməyimiz Məsihə görə idi,bizim səmada oturmağımız Məsihə bağlı olmağımız,Onunla birgə çalışdığımız üçündür.
Efeslilərə məktub 2:7:"Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi."
Rəbb bunu sənin üçün etdi. O,Öz lütfünün hədsiz zənginliyini göstərdi. Rəbb Allah Məsih İsada xeyirxahlığını bununla aşkar etdi. Rəbbin həyatımızda göstərdiyi xeyirxahlıq Məsihlə birləşməsinə görə oldu. Rəbb Allah bizi Məsihlə bağladığı və şərik etdiyi üçün xeyirxahlıqla Öz lütfünün zənginliyini bizə verir. Ona görə də Məsihdən xaric iş görmə, Müqəddəs Kitabdan aldığın nəsihətə görə yaşayan insan ol. Rəbb Allahdan aldığınız tərbiyəyə görə hərəkət edən insanlar olaq. Çünki Onun istəyi və iradəsi sənin Onun kimi olmağındır. Necə idi Məsih? O,həlim və qəlbən itaətkar idi. Sən də beləsən? Üzləşdiyin məsələləri deyingənliklə, narazılıqla,şikayətlə həll edirsən və münaqişə yaradan tərəf olursan yoxsa Məsih kimi həlim və qəlbən itaətkarsan?
Rəbb Allahın sənə verdiyi lütfün hədsiz zənginliyi Məsihə görədir,ona görə də yaşayan insanlar Onu təqlid edərək yaşasınlar. Bu,bizim Rəbb Allahın bizim üçün iradəsidir. Bu iradə bizim üçün verilib ki,həyata malik olaq və xoş günlər görək. Məsihdən aldığımız nümunə və tərbiyə bizi zəif,gücsüz deyil,bacarıqlı və qabiliyyətli insan edir. Beləliklə bizim içimizdə güc yaranır ki,başqalarını sevməyə, bağışlamağa istəyimiz olsun. Bu,Məsihin səndə fəaliyyətidir..
Efeslilərə məktub 2:8: "Çünki iman vasitəsilə,lütflə xilas oldunuz. Bu,sizin nailiyyətiniz deyil,Allahın hədiyyəsidir."
Müqəddəs Kitabda yazılıb ki,iman – etibardır,güvənməkdir. Rəbb Allaha inandığımıza və etibar etdiyimizə görə lütflə xilas olduq. Bu,birdəfəlik hadisə deyil, Rəbb Allah lütfünü bizə ondan ötrü verir ki, düşdüyümüz çətin vəziyyətlərdə bizi xilas etsin. Buna görə də hər bir çətinlikdə çıxış yolumuz Rəbbə arxalanmaqdır. Rəbb Allaha arxalanmaq, güvənmək ancaq sözlə deyil, düşdüyün vəziyyətdə düşüncələrin və hərəkətlərində özünü göstərir. Ona görə də Ona güvəndiyinə və Ondan lütfü aldığına görə Məsih kimi hərəkət et. Düşün ki,əgər Məsih sənin yerində olsa necə davranırdı? Eyni cür də sən ol. Məsih bağışlayardı, rəhm edərdi,sevərdi,başqalarına pislik etməzdi. Qoy bütün düşüncələrin,arzuların,istəklərin Rəbbin ürəyinə görə olsun.
Rəbb Allahdan aldığın nümunə,ibrət sənin həyatını idarə edən olsun. Rəbb Allah Öz lütfü ilə səni xilas etdi ki,öyünən olmayasan. Öz gördüyü xidmət və işlər ilə bildirdi ki,heç kim özü ilə öyünməsin,Məsih İsanın həyatında fəal olduğu üçün öyünsün. Məsihdən aldığın tərbiyəni yerinə yetirəndə,Məsih kimi hərəkət edəndə,Onun kimi bağışlayanda, sevəndə,rəhm edəndə,başqa insanları hörmətli edəndə Məsih İsanın səndə fəal olduğunu görürsən. Bu,Məsihin həyat nümunəsidir. Sən də Məsihə birləşən insan kimi davran. Məsihə birləşmiş insan kimi yaşayaq
Efeslilərə məktub 2:10:"Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq."
Bundan aydın nə deyilsin? Biz Rəbb Allahın ərsəyə gətirdikləriyik. Rəbb bizi yönəldir ki, həyatdan kam alaraq həyat sürək. Məsihin işlərini davam edən insanlar olaq. İbrani dilində eyni ayə belə yazılıb:"Məsihdə birləşdirərək yaratdığı əsərlərik və bunun məqsədi yaxşı əməlləri ömür boyu etməkdir." Rəbb Allah bizi Məsihdə birləşdirir ki,ömür sürərək yaxşı əməllər edən,Rəbb Allahın sevgisini, mərhəmətini, xeyir-duasını göstərən insanlar olaq. Öz həyat tərzimiz ilə Məsihi təqlid edən insanlar olaq,çünki Rəbb Allah bizi Məsihdə birləşdirdi. Bu birliyə görə Rəbb Allah bizi ölüm gətirən günahlardan azad edərək yeni həyat verdi. Bu həyatda O deyir:"Səni Məsihə birləşdirdim ki,sən də Məsihdən örnək götürəsən. Öz həyatını Məsihə uyğunlaşdırasan,həyat tərzin Məsihin verdiyi tərbiyəyə uyğun gəlsin." Bu,Rəbb Allahın izzətidir.
Məsihi xoş günlərdə təqlid etmək asandır,çətinliklər qarşıdurmalarda, problemlərdə üzə çıxır. Ona görə üzləşdiyin çətinliklərə görə Rəbb Allaha minnətdar ol, çünki bu yolla sanki özün özünü sınayırsan. Ona görə də üzləşdiyin çətinliklərdə düşünmə ki,bu,səni məhv edəcək,əksinə sənə Məsihin nümunəsinə görə hərəkət etmək üçün yaxşı imkandır. Qoy bugünün bu sözlərlə,bu düşüncə ilə davam etsin. Məsihə birləşən insan kimi Məsihi təqlid edin. Çünki səmada sənin də yerin var, Onun nümunəsinə görə yaşa. Bunu edən insanlar Paulun dediyi kimi:"Artıq mən deyil,Məsih məndə yaşayır." Bu sözü şərəflə yaşayaq. Rəbb hər birinizə xeyir-dua versin.
Müəllif: İdris Azəri
Daha çox
Mattanın Nəql Etdiyi Müjdə 24:35