Alov.az - Alov Kilsələr Birliyi » Blog » İMAN və SÜLH anlayışlarına dərin baxış

İMAN və SÜLH anlayışlarına dərin baxış

05.02.2026

Etimologiya vasitəsilə Müqəddəs Kitabı daha doğru anlamaq

Dəfələrlə Müqəddəs Kitabda İsa Məsihin bizə bəxş etdiyi vədlərlə rastlaşırıq. Onun adına iman edənlərə Rəbb İsa bu imanın nə qədər böyük, geniş və dərin olduğunu izah edir. Bu izaha isə bizim ciddi ehtiyacımız var. Çünki biz Müqəddəs Kitabda rastlaşdığımız bir çox sözləri gündəlik həyatda istifadə etsək də, həmin sözlər Müqəddəs Kitab kontekstində çox zaman fərqli və daha dərin mənalar daşıyır. 

Məhz bu səbəbdən, biz bəzən Müqəddəs Kitab terminlərini istifadə etsək də, onların ifadə etdiyi ruhani mahiyyəti və dəyəri tam anlamırıq. Lakin bu sözlərin mənşəyini və ilkin mənasını araşdırdıqda, onlar bizim üçün yeni bir dərinlik açır. Bu isə bizi daha möhkəm iman, daha dərin etibar və Allahla daha canlı münasibətə aparır. Bu cür iman bizi təkcə dini mərasimlər çərçivəsində saxlamır, əksinə, Allahla canlı, diri və etibarlı münasibət qurmağa kömək edir.

Niyə etimologiyaya ehtiyacımız var?

Müqəddəs Kitabda yazılan sözləri yalnız hərfi tərcüməyə görə, yaxud öz mədəniyyətimizdə necə istifadə olunmasına görə deyil, Müqəddəs Kitabın yazıldığı dillərə (ibrani, yunan, latın və s.) əsaslanaraq anlamaq lazımdır. Bu nöqtədə bizə kömək edən elm sahəsi etimologiyadır.

Etimologiya nəyi öyrədir?

  • Sözün hansı dildən gəldiyini və ilkin formada necə istifadə edildiyini göstərir
  • Sözün ilk mənasını açıqlayır
  • Eyni kökdən yaranan sözlərlə əlaqəsini göstərir
  • Zamanla sözün mənasında baş verən dəyişiklikləri üzə çıxarır

Buna görə də etimologiyanın Müqəddəs Kitab mətnlərinə tətbiqi:

  • Ayələrin daha düzgün və dərin anlaşılmasına kömək edir
  • Tərcümə zamanı itən məna qatlarını bərpa edir.

Müqəddəs Kitabda yazılan sözləri hərfi mənada deyil, öz mədəniyyətimizdə və dilimizdə hansı mənada istifadə edilməsi deyil, Müqəddəs Kitabın yazıldığı dilə müraciət etməliyik və izahını öyrənməliyik. Məsələn, “iman” sözü.

“İman” sözü: gündəlik anlayışdan Müqəddəs Kitab mənasına

Biz bu sözü gündəlik həyatda tez-tez işlədirik. Ailədə, işdə və ya dostlar arasında anlaşılmazlıq olduqda “mənə inan” deyirik. Bu, çox vaxt sadəcə qarşı tərəfi inandırmaq və ya öz fikrimizi qəbul etdirmək cəhdi olur. Lakin bu gündəlik istifadə Müqəddəs Kitabdakı iman anlayışını tam əks etdirmir. Məhz bu səbəbdən iman sözü insan münasibətlərində yanlış başa düşüldüyü kimi, Allahla münasibətdə də çox zaman yanlış anlaşılır.

Müqəddəs Kitabda “iman” nə deməkdir? Müqəddəs Kitabda iman sözü yunan dilində “pistis” (πίστις) kimi işlədilir. Bu söz təkcə “inanmaq” mənasını daşımır, etibar, sədaqət, bağlılığı ifadə edir.

“Pistis” sözü bunları ifadə edir: İman — “pistis” (πίστις) sözü Yunan dilindədir və Müqəddəs Kitabda çox dərin məna daşıyır. “Pistis” təkcə “inanmaq” demək deyil. Bu söz aşağıdakı mənaları əhatə edir:

  • Etibar etmək, güvənmək: yəni sadəcə məlumatı qəbul etmək yox, həyatını Ona həvalə etmək. Məsələn: İsaya iman - Onun kim olduğuna inanmaqla yanaşı, Ona güvənib Onun ardınca getməkdir.
  • Sədaqət və bağlılıq: yəni - sədaqətli, vəfalı, davamlı olmaq mənasını verir. Bu baxımdan iman: “Mən Allaha inanıram” demək deyil, “Mən Allaha sadiqəm” deməkdir.
  • İtaətlə müşayiət olunan iman: Müqəddəs Kitabda “pistis” çox vaxt itaətlə birlikdə işlədilir. Bu göstərir ki: Həqiqi iman davranışda özünü göstərir.
  • Münasibət anlayışı: Pistis hüquqi və ya nəzəri termin deyil, münasibət terminidir. Bu, Allahla canlı və etibarlı əlaqə deməkdir.
İbranilərə 11:1: “İman ümid edilən şeylərin təminatı, görünməyənlərin dəlilidir.” Yəni iman: görünməyəni gerçək kimi yaşamaq, Allaha güvənərək addım atmaqdır.


Qeyd edilənlərə əsasən, Müqəddəs Kitabda istifadə edilən iman (pistis) - Allaha sadəcə inanmaq deyil, Ona güvənmək, sadiq qalmaq və bu güvəni həyatla sübut etməkdir. İman münasibət anlayışıdır. Müqəddəs Kitabda “iman” sözünə xüsusi önəm verilir. Müqəddəs Kitaba adları qeyd edilmiş peyğəmbərlərin, saleh insanların həyat hekayələrində Allaha imanları xüsusi qeyd edilir və önəmli olduğu qeyd edilir.

Müqəddəs Kitab, İbranilərə Məktub 11:6: "İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir."


Diqqət edin ki, imana o qədər önəm verilir ki, iman olmadan Allahı razı salmaq qeyri-mümkün olduğu qeyd edilir. Ancaq bu ayəyə əsaslanaraq qeyd edə bilərəm ki, bütün dini mərasimlər, ibadətlərin tərtibatı, təqdimatlar və edilən hər bir növ xidmət imanın arxa fonunda qalır. Müqəddəs Kitabda imana daha çox önəm verilir və imanın vacibliyi bir ayə ilə də qeyd edilmir, 730 dəfə istifadə olunur. Bu sözə önəm verildiyinə görə onun nə ifadə etdiyini bilmək əhəmiyyətlidir və vacibdir.


“Sülh” anlayışını verən “Şalom” sözü

İsa Məsih iman edənlərə belə vəd verir:

Müqəddəs Kitab, Yəhyanın Müjdəsi 14:27: "Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın."


İsa Məsih Onun adına iman edənlərə sülh verdiyini vəd edir. Eyni ilə bu sözün də mənasına diqqət verməliyik ki, İsa Məsihin adına iman edənlərə nə verildiyini anlayaq. “Sülh” sözü Müqəddəs Kitabda ibranicə “şalom” sözündən gəlir. “Şalom” sözü isə İbrani dilində - ש־ل־ם (Š–L–M) kökündən gəlir. Bu kökdə olan əsas sözlər bunlardı:

  • שָׁלֵם (shalem): tam, bütöv, əksiksiz.
  • שִׁלֵּם (shillem): ödəmək, borcu yerinə yetirmək, bərpa etmək.
  • שְׁלֵמוּת (shlemut): bütövlük, tamlıq deməkdir.

Əsas mənası: Şalom - bütövlük, tamlıq, bərpa olunmuş vəziyyət deməkdir.

Beləliklə, Müqəddəs Kitabda istifadə edilən “Sülh” sözü:

  • Sadəcə müharibənin, münaqişənin olmaması deyil – bütövlükdür.
  • Təkcə sakitlik demək deyil – günah nəticəsində Allah ilə münasibətlərin bərpa olunması deməkdir.
  • Yalnız həyatda boşluğun olmaması deyil - hər şeyin yerli-yerində olmasıdır.

Allah ilə münasibətdə həyatın bərpa olunmuş, Yaradanın səndən istədiyini tamamlamış və düzgün vəziyyətdə olmasıdır. Bu mənada İsa Məsih Öz sülhünü bizə verir, yəni Ata Allah Öz münasibətini bizə ötürür. İsa Məsih bu münasibətin zamini kimi çıxış edir ki, Özü dəfələrlə qeyd etdiyi kimi “Mən daim Atanı görürəm” – biz də daim Atanı görmək qabiliyyətinə malik olaq və İsa Məsih xüsusi qeyd etdiyi kimi biz də “mən Atasız heçnə etmirəm” ifadəsini yaşadaq. Yəni Müqəddəs Kitabda öyrəndiyimizi həyatımızda yaşadan olaq. Bu sadəcə dini mərasimləri icra etmək deyil, Allah qarşısında həsr olunmuş həyat yaşamaq deməkdir.

Buna görə də İsa deyir ki, “bu sülhü dünyada sizə heç kim verə bilməyəcək və bu sülhün dünyada modeli və nümunəsi yoxdur, çünki heç kim bunu təmin etmək səlahiyyətində olmayıb və olmayacaq da, heç kimin bunu etməyə ixtiyarı yoxdur, çünki bu ixtiyar Rəbbin Özündədir və buna görə də Rəbb İsa bunu etdi.

Müqəddəs Kitab, Həvarilərin İşləri 10:43: "Onun barəsində bütün peyğəmbərlər şəhadət edir ki, Ona iman edən hər kəsin günahı Onun adı ilə bağışlanır»."
Müqəddəs Kitab, Koloslulara Məktub 2:13-14: "Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü."


Bizi təqsirlərimizdən və günahlarımızdan azad etdi. Necə bunu etdi? Öz canı bahasına bizi günahdan və günahın nəticəsi olan lənətdən və ölümdən azad etməklə. O günaha olan borcumuz Özü ödədi. İsa Məsihə iman edənin artıq günaha görə borcu yoxdur. Azaddır və buna görə də Allah ilə münasibətdə heç bir ləkə, çatışmazlığı da yoxdur, bütövlüyü var, Rəbb İsa bizdə çatışmayanı tamamladı.

Nəticə: Şalom – bərpa olunmuş həyat

Beləliklə, Müqəddəs Kitabda “Şalom” sadəcə sakitlik və ya münaqişə olmaması deyil. Şalom – Allahın niyyət etdiyi kimi bərpa olunmuş həyatdır. Bu, insanın Allahla münasibətinin düzəlməsi, daxili parçalanmanın sağalması və həyatın yenidən bütöv hala gəlməsidir. İsa Məsih verdiyi sülhlə bizi yalnız rahatlatmır, bizi bərpa edir.

Bu düşüncəni müasir ilahiyyatçı Cornelius Plantinga Jr. çox dəqiq ifadə edir: “Şalom – hər şeyin Allahın niyyət etdiyi kimi işləməsidir; həyatın olduğu kimi deyil, olması lazım olduğu vəziyyətdir.”

Bu baxımdan İsa Məsihin verdiyi Şalom:

  • Günahın dağıtdığını bərpa edir,
  • Parçalanmış münasibətləri sağaldır,
  • İnsanı Allahın niyyətinə uyğun həyata qaytarır.

Məhz buna görə İsa deyir: “Öz sülhümü sizə verirəm.” Bu sülh dünyadan gəlmir, şəraitdən asılı deyil və heç kim tərəfindən təmin edilə bilməz. Bu Şalomun Zəmanətçisi İsa Məsihin Özüdür.

İsa deyir: “Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın”
İsa Məsih bu sözləri çarmıxa getməzdən əvvəl deyir. Şagirdlər İsanı itirəcəklərini düşünürdülər, onlar gələcəyin qeyri-müəyyənliyindən qorxurdular, xarici təzyiq, təhlükə və təqiblə üz-üzə qalacaqdılar. İnsan baxımından onların təlaşa düşməsi və qorxması tam məntiqli idi. Amma İsa burada çox mühüm bir həqiqəti açıqlayır:

Qorxu şəraitdən yaranır, şalom isə Allah ilə münasibətdən. Bu münasibətə əsasən ümid yaranır və nəzarəti itirmək hissindən, gələcəyi idarə edə bilməməkdən, Allahdan ayrılıq hissindən azad edir. Artıq Allahla münasibətin bərpa olunub, iman edənin daxilində bütövlük və sabitlik yaranıb, “Mən tək deyiləm, Allah mənimlədir” gerçəkləşibdir. Bu səbəbdən şalom - vəziyyəti dəyişməsə də, ürəyin mövqeyini dəyişir.

Vacib olan fikir budur: Şalom o deməkdir ki, günahın yaratdığı ayrılıq aradan qalxıb, Allahla barış var, deməli, ən böyük təhlükə artıq yoxdur. Buna görə də İsa Məsihə iman edənlər üçün gələcək qorxulu deyil, ölüm son deyil, çünki Var Olan Allah ilə münasibət bərpa olunub.

İsa əslində belə deyir: “Bəli, çətinliklər olacaq. Amma Allahla münasibətiniz bərpa olunub. Siz artıq tənha deyilsiniz. Ona görə də ürəyiniz parçalanmasın, qorxu sizi idarə etməsin.” Şalom qorxunu yox etmir, amma qorxunun hökmranlığını bitirir. Çünki şalom – Allahın bizimlə olduğunu bilməkdən doğan daxili bütövlükdür.

Müqəddəs Kitabda bir çox sözlərin mənasını yaxşı öyrənmək zərurəti var. Öyrənməyə davam edin.


İdris Məmmədov

Добавить комментарий
Ваше Имя:
Ваш E-Mail:
Это код:
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Введите сюда:
Gündəlik çörək
Gözlə görünənə deyil, imana görə həyat sürürük.



Daha çox
MÜQƏDDƏS KİTABI ONLAYN OXUYUN
Onlayn oxu
Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.
Mattanın Nəql Etdiyi Müjdə 24:35
Blogumuzu araşdırın
İMAN və SÜLH anlayışlarına dərin baxış
05.02.2026
Etimologiya vasitəsilə Müqəddəs Kitabı daha doğru anlamaq Dəfələrlə Müqəddəs Kitabda İsa Məsihin bizə bəxş etdiyi vədlərlə rastlaşırıq. Onun adına iman edənlərə Rəbb İsa bu imanın nə qədər böyük, geniş və dərin olduğunu izah edir. Bu izaha isə bizim ciddi ehtiyacımız var. Çünki biz Müqəddəs Kitabda rastlaşdığımız bir çox
Niyə Allahın standartlarını öz standartlarımızla əvəz etmişik?
16.07.2025
Rəbb naminə etdiyimiz xidmətin ölçü vahidi var. Bu barədə Müqəddəs Kitabda açıq və aydın şəkildə yazılıb. Lakin biz Allahın standartlarını öz standartlarımızla əvəz etmişik və çox vaxt bu əvəzləməni özümüz belə dərk etmirik. Bu təhlükə qaçınılmazdır. Buna görə də həyatımızı sığortalamaq məqsədilə özümüzü mütəmadi olaraq
BİZİM BLOG