Niyə Allahın standartlarını öz standartlarımızla əvəz etmişik?
Rəbb naminə etdiyimiz xidmətin ölçü vahidi var. Bu barədə Müqəddəs Kitabda açıq və aydın şəkildə yazılıb. Lakin biz Allahın standartlarını öz standartlarımızla əvəz etmişik və çox vaxt bu əvəzləməni özümüz belə dərk etmirik. Bu təhlükə qaçınılmazdır. Buna görə də həyatımızı sığortalamaq məqsədilə özümüzü mütəmadi olaraq sorğulamalıyıq.
Bəzi xidmətçilər özlərini sorğulamaqdan yayınırlar. Çünki ehtiyat edirlər ki, Rəbb onlara etdiklərindən fərqli bir işi tapşırmış ola bilər. Balaca uşaqlar əllərinə düşən oyuncağı heç kimə, hətta sevdikləri analarına belə vermək istəmədikləri kimi, bir çox xidmətçilər də Rəbb naminə etdikləri xidməti əllərindən vermək istəmirlər. Zaman keçdikcə xidmətə o qədər bağlanırıq ki, bu xidmətdən ayrılmağı ağlımıza belə gətirmək istəmirik.
Halbuki, əslində biz xidmətlərə deyil, xidmət etdiyimiz Şəxsə – Rəbbin Özünə bağlanmalıyıq. Bu, həm vacib, həm də əhəmiyyətlidir.
Niyə bu qədər vacibdir?
Sadəcə düşünün: əgər Rəbb Allah indi etdiyin xidməti səndən istəmirsə, səncə bu xidməti qəbul edəcəkmi? Rəbbin istəmədiyi işi etdiyimiz zaman Ona itaətsiz olmuş olmuruqmu?
Digər mühüm məsələ isə budur: əgər Allahın Müqəddəs Kitab vasitəsilə açıq şəkildə bildirdiyi xidmətçi keyfiyyətlərinə uyğun deyilsənsə, sizcə, belə bir xidmətçiyə Allahın xidməti qəbul olunar? Əsla!
Mən sizi özünüzü sorğulamağa və bu sorğulamanın nəticələrindən qorxmamağa səsləyirəm. Gəlin baxaq, bu barədə Həvari Paul nə deyir:
Paul xidmətini təqdim etmək üçün Yerusəlimə gəlir və etibar qazanmış xidmətçilərə öz həyatı və xidməti barədə hesabat verir. Onun məqsədi özbaşına hərəkət etməmək və Məsihçi cəmiyyətinə uyğun gəlib-gəlmədiyini aydınlaşdırmaq idi. Başqa sözlə, Paul öz xidmətini qiymətləndirilməsi üçün digər xidmətçilərin qarşısına çıxarır. Bu isə bizim üçün yaxşı nümunədir – biz də eyni yanaşmanı tətbiq etməliyik.
Burada Paul bizə bir çağırış edir: “Həyat sözünü təqdim edin.” Onun istəyi budur ki, zəhmətimiz və cəhdlərimiz boş yerə çıxmasın.
Bu, belə çıxır ki, xidmətimiz – Rəbb naminə etdiyimiz işlər – Onun tərəfindən qəbul edilməyə bilər?
Bu sualın cavabını bir çoxları eşitmək istəməz. Çünki biz artıq Allahın standartlarını öz şəxsi meyarlarımızla əvəz etmişik və nəticədə bu dəyişməni dərk etmək qabiliyyətimizi itirmişik.
Sizcə, Allah naminə edilən xidmətdə nə daha vacibdir: xidmətin icrası, yoxsa xidmət etdiyimiz Şəxs?
Əminəm ki, bir çoxunuz ikinci cavabı – “xidmət etdiyimiz Şəxs” – deyəcəksiniz.
Bunu sübut edə bilərsinizmi?
Məşhur xristian müəllifi Oswald Chambers, “Uca Məqsədim Üçün” adlı kitabında yazır:
(“God does not call us to be successful, but to be faithful.”)
Bəs biz Rəbb naminə etdiyimiz xidmətin uğurunu hansı meyarlarla ölçürük?
- Hansı nəticələrə nail olmaq üçün çalışırıq?
- Niyə kilsəmizə gələnlərin sayını artırmağa can atırıq?
- Niyə sərvətimizi artırmağa çalışırıq?
Sonda əsas sual budur:
“Allahın Müqəddəs Kitabda verdiyi xidmət meyarlarını niyə bir çox xidmətçilər öz şəxsi standartları ilə əvəz edir?”
Bu meylin və dəyişmənin əsas səbəbləri aşağıdakılar ola bilər:
1. Dünyayönümlü uğur anlayışının təsiri altına düşəndə
Dünya “uğur” dedikdə, adətən rəqəmləri, populyarlığı və vizual nəticələri nəzərdə tutur. Təəssüf ki, bir çox xidmətçilər də bu baxış tərzini şüuraltı şəkildə qəbul edir və bunun Allahın standartlarına uyğun gəlmədiyini fərq etmirlər. Nəticədə isə belə suallar xidmətin əsas meyarına çevrilir:
- “Neçə nəfər ibadətə gəldi?"
- “Xidmətimiz və paylaşımlarımız nə qədər bəyənildi?”
- “Sosial şəbəkədə izləyici sayımız nə qədər artdı?”
- “Neçə yeni kilsə açdıq?”
Lakin Müqəddəs Kitab uğuru rəqəmlərlə deyil, sadiqlik, təvazökarlıq və Allahla olan münasibət əsasında ölçür.
Rəbbə xidmət edən bizlər, bəzən ritorika qanunlarına o qədər yaxşı yiyələnirik ki, sözlərin məzmununu və məsuliyyətini unuduruq. Yüksək səslə və təsirli danışırıq, başqalarına öyrədirik, amma özümüz o sözlərdən ibrət götürmürük.
Bu baxımdan, Romalılara məktubundakı xəbərdarlıq son dərəcə ciddi və düşündürücüdür:
Bu ayəni öz həyatına və xidmətinə tətbiq edə bilərsənmi?
Özünə bu sualları ver və doğru cavab verməkdən qorxma. Gözəl səslənən bəhanələrin arxasında gizlənməyə ehtiyac yoxdur. Əgər həyatında Müqəddəs Kitabla uyğun olmayan bir hal varsa – tövbə et.
- “Mən oğurluq etmirəm” – lakin kilsəyə verilmiş pulları öz başına istifadə edirsənsə, bu artıq düzgün deyil.
- “Mən zina etmirəm” – amma boşanır və ya boşanmışlara Müqəddəs Kitaba zidd şəkildə dəstək verirsənsə.
- “Mən bütlərə sitayiş etmirəm” – amma pulpərəstliklə, maddi maraqla idarə edilirsənsə, bu da bir növ bütpərəstlikdir.
Unutmayaq: Rəbb naminə etdiyimiz xidmətin ən vacib və təxirəsalınmaz tələbi – Rəbbə sadiq qalmaqdır.
“Rəbb üçün böyük işlər görmək — sadəcə böyük nəticə əldə etmək deyil, Onunla birgə getməkdir.”
2. İnsan qorxusu – Allah qorxusundan önə keçəndə
Bir çox xidmətçilər insanların gözündə yaxşı görünməyə, “nüfuz qazanmağa” çalışırlar. Bu isə Allahın verdiyi ruhani meyarların arxa plana keçməsinə səbəb olur.
Bəs budüşüncə bizdə haradan yarandı? Kimdən bunu öyrəndik?
Əminliklə deyə bilərik ki, bu anlayış Müqəddəs Kitabdan qaynaqlanmır. Bəs niyə insanların rəğbətini qazanmağa can atırıq? Niyə hamı ilə “yaxşı münasibətdə olmaq” xatirinə digərlərinin aşkar günahlarına göz yumuruq, bunu “ayıb” hesab edir və ifşa etməkdən çəkinirik? Niyə Müqəddəs Kitaba uyğun gəlməyən həyat tərzi sürənlərə dəstək veririk və onların pis əməllərinə şərik oluruq? Bəlkə səbəb budur ki, özümüz də günahımıza don geyindirmişik? Bəlkə öz zəifliklərimizin və uyğunsuzluqlarımızın aşkara çıxmasından qorxuruq?
Unutmayaq:
Bir gün hər birimiz Məsihin mühakimə kürsüsü qarşısında dayanacağıq.
Bu mühakimə xilas məsələsi üçün deyil, həyatımızın və xidmətimizin keyfiyyətinə görə mükafatın və ya itkinin təyin olunacağı bir an olacaq.
“Hər kəs... əvəzinə alsın” — Bu ifadə hər bir şəxsin fərdi olaraq cavab verəcəyini göstərir.
Bu həqiqət bizə həm təvazökar bir həyat sürməyin, həm də ruhani ciddiyyətlə xidmət etməyin vacibliyini xatırladır.
Əgər biz başqalarını öyrədiriksə, öz həyatımıza da ciddi və diqqətli baxmalıyıq. Çünki bir gün təkbaşına Məsihin qarşısında dayanacağıq.
Bu həqiqəti unutmayaq, daim xatırlayaq və işlərimizi insanların deyil, Allahın təsdiqi üçün görək.
Əgər Allahın təsdiqi yerinə insanların təqdirini, tanınmasını, bəyənilməsini və qəbul edilməsini axtarırıqsa – o zaman xidmətin ruhani ölçüsünü dəyişmiş oluruq.
3. Rəqabət aparmaq və müqayisə zehniyyəti
Xidmətçi özünü başqaları ilə müqayisə etdikcə, Allahın onun üçün təyin etdiyi fərdi plan və məqsədləri unuda bilər. Bu zaman diqqət ilahi meyarlardan uzaqlaşır və yerini “kütləyə çatmaq”, “səs salmaq”, “tanınmaq” kimi nəfsi məqsədlərə verir.
Niyə özünü başqaları ilə müqayisə edirsən?
Niyə başqa bir xidmətçinin etdiyi kimi etməyə çalışırsan?
Xidmətçilər çox vaxt “tanınmış” və “uğurlu” xidmətçiləri təqlid etməyə meyilli olurlar, çünki onların uğurunun öz həyatlarında da təkrarlanmasını istəyirlər. Ancaq bu cür müqayisə ruhani baxımdan qürura, qısqanclığa və süni rəqabətə yol açır. Bu halda artıq xidmət Allahın izzəti üçün yox, insanların diqqətini cəlb etmək və “uğurlu görünmək” üçün edilir. Beləcə, bəzi insanlar “çox insan toplayım”, “məşhur olum”, “qalib kimi görünüb rəğbət qazanım” düşüncəsinə qapılır. Belə insanlar düzgün düşünmə qabiliyyətini itirirlər – çünki artıq ölçü vahidi Allahın meyarı deyil, insanların fikridir.
Unutma: Xidmətin qiymətini kütlə deyil, Allah müəyyən edir.
Odur ki, özün üçün bu sualları ver:
- Uğur sənin üçün nədir?
- Rəbbə etdiyin xidmətdə sən uğuru nədə görürsən?
- Uğur axtarırsan, yoxsa Rəbbin razılığını?
“Xidmətdə həmişə edə biləcəyimiz daha çox şey var, lakin Allah bizdən ‘Daha çox edə bilərsənmi?’ deyə soruşmur. O, ‘Məni sevirsənmi?’ deyə soruşur.”
Bu sitat xidmətin əsasında nə dayanmalı olduğunu açıq şəkildə göstərir:
Daha çox iş görmək deyil, Allaha sevgi və sadiqlik – əsas olan budur.
Əgər bu təməl dəyişərsə, ruhi tükənmə və daxili boşluq qaçılmaz olacaq.
4. Ruhani həyatın zəifləməsi
Əgər bir xidmətçi dua həyatında, Müqəddəs Ruhun rəhbərliyində və daxili təmizliyində zəifləyibsə, o zaman xidmətinin dəyərini xarici nəticələrlə ölçməyə başlayır. Bu isə, əslində, ruhen tükənmiş bir insanın özünü sübut etmə cəhdindən başqa bir şey deyil.
“Şeytanın əsas istəyi məsihçiləri dua etməkdən çəkindirməkdir.”
Məsələ təkcə müəyyən təyin olunmuş vaxtlarda dua etməkdə deyil.
Çox zaman biz duanın təşkilinə, formalarına, rəsmiyyətinə həddən artıq önəm veririk – amma niyyətə, səmimiyyətə və Müqəddəs Ruhun rəhbərliyinə o qədər də diqqət ayırmırıq.
- Dua xidmətləri təşkil edirik.
- Gecə duaları keçiririk.
- Uzun-uzadı dua etməyə çalışırıq.
Amma niyə?
Gecə yatmamaqla, ya da ucadan dua etməklə eşidiləcəyimizi düşünürük? Ən vacib olan budur: Duada ürəyimizi səmimi şəkildə Allaha açmaq, Onun qarşısında açıq üzlə dayanmaq və ondan asılı olduğumuzu etiraf etmək. Biz dua etməyə həvəsli görünə bilərik, lakin sual budur:
Müqəddəs Ruhun rəhbərliyinə nə qədər itaət edirik? Çox vaxt öz içimizdə vərdişə çevrilmiş bir səthi itaət forması yaşayırıq. Qulaqlarımız yalnız xoş sözləri eşitmək istəyir, amma ifşa edən Kəlamı – yəni Müqəddəs Ruhun xəbərdarlıqlarını – rədd edirik. Bu isə, Ruhun rəhbərliyini rədd etmək deməkdir. Nəticə olaraq:
- Təqdis olunmadan məhrum qalırıq,
- daha dərin günahlara sürüklənirik,
- və ruhani həyatımız zəifləyir.
- Ruhunu Rəbbin Kəlamı ilə qidalandır!
- Duyarlılığını itirmə!
- Rəbbin təliminə uyğunlaşmağa can at!
- İfşa olunmaqdan utanma!
- Səhvini etiraf etmək xəcalət deyil, təqdisin başlanğıcıdır!
- Tövbə insanı utandırmaz – əksinə, həyat gətirər!
Ruhani zəifliyin nəticələri nələrdir?
- Daxili uğurlar deyil, xarici nəticələr axtarılır.
- Günaha düşmək qaçınılmaz olur.
- Günahı ört-basdır etmək üçün başqa günahlar edilir.
- Xidmətin mahiyyəti pozulur və ruhani tükənmə baş verir.
Bill Jones – “Əhdi-Ətiqin Puzzle” kitabından:
Günah haqqında üç dərs:
- Dərs 1: Şeytan günahın “cazibəsini” artırır, onun nəticələrini isə kiçildir. Beləcə, bizi Allaha itaətsizliyə sürükləyir.
- Dərs 2: Günah düşüncədə başlayır, qəlbdə formalaşır, əllərlə gerçəkləşir.
- Dərs 3: Adəm və Həvvanın günahı Allahla ünsiyyəti pozdu və həm mənəvi, həm də fiziki ölümə səbəb oldu.
5. Təlimsizlik və ilahiyyatsızlıq
Bir çox xidmətçilər Biblik təhsil almağa həvəs göstərmirlər. Bu həvəssizlik, təəssüf ki, yalnız onların öz ruhani həyatına deyil, həm də onlara etibar edən insanların həyatına mənfi təsir göstərir. Nəticədə, Müqəddəs Kitabın təlimlərini çox vaxt yalnız hərfi mənada qəbul edərək, təlimin ruhani tərəfini görməyi unudurlar. Əlbəttə, bu nəticələr də əksər hallarda sadəcə insan sayı ilə ölçülür – halbuki Müqəddəs Kitab bizə keyfiyyətli ruhani dəyişimi əsas meyar kimi təqdim edir.
Bill Jones: “Xidmətçi öyrənməyi dayandırdığı gündən etibarən ruhən ölməyə başlayır.”
Əgər xidmətçi Allahın verdiyi ölçüləri – sadiqlik, sevgi, təmizlik, sülh və ruhani yetkinlik – dərk etmirsə, o zaman öz daxili anlayışlarına əsaslanacaq. Nəticədə isə, onun öyrətdiklərini dinləyənlər də eyni zehniyyətdə böyüyəcək.
“Pastor ilahiyyatçılar nəslinin kökü kəsilməyib, lakin onlar indi nadirdir... Biz artıq pastorlara intellektual çağırış kimi baxırıq... Yerli kilsənin teoloji bütövlüyü heç vaxt onun pastorundan yuxarı qalxmayacaq.”
Bu, dərin və ciddi xəbərdarlıqdır. Əgər bir pastor və ya xidmətçi ruhani təhsil almadan xidmət edirsə, bu ayıb deyil. Əksinə, bunu gizlədərək özünü bilikli kimi göstərmək, həm rüsvayçılıq, həm də məsuliyyət gətirir.
Teoloji formalaşma və təlim olmadıqda, xidmətçi: Müqəddəs Yazını səthi və ya yanlış başa düşə bilər; Ruhani həyatı dayanıqsız və emosional təkanlarla idarə oluna bilər; Motivasiya Allaha xidmət yerinə, nəticə, kütlə və tanınma kimi xarici faktorlara yönələ bilər; Təhrif olunmuş, dini ad altında yayılmış yanlış təlimlərə səbəb ola bilər.
- Dərrakə azalır – Müqəddəs Yazı doğru şərh olunmur.
- Ruhani sağlamlıq itir – motivasiyalar dəyişir, daxili həyat zəifləyir.
- Xidmət kənar ölçülərlə idarə olunur – say, sosial status və populyarlıq əsas motivasiya olur.
- Yanlış təlimlər yayılır – teoloji təhriflər və səthi yanaşmalar artır.
Nə etməliyik:
- Tövbəkar ürəyə sahib olub Allaha səmimi şəkildə yönəlməliyik;
- Xidmətin mərkəzinə Rəbbin razılığını və Ruhun bəhrəsini yerləşdirməliyik;
- Hesabatcıl olmaq və xidmət rəhbərliyinə itaət etməliyik;
- Müqəddəs Kitaba əsaslanan ilahiyyatla özümüzü yeniləməliyik;
- Daxili həyatımızın bərpasına və dərinliyinə diqqət yetirməliyik.
Yadda saxlayaq ki, İmanımızın dörd əsas komponenti var:
- Allaha yönəlmiş daxili ehtiram – Göstərişdən uzaq, səmimi və şəffaf hörmət;
- Qəlbdə yerləşən etibar – Allahın və Onun vədlərinin dəyişməzliyinə güvən;
- Sədaqətli həyat tərzi – İman yalnız inancda deyil, gündəlik həyat seçimlərində görünməlidir;
- Kəlam qarşısında təslimiyyət – Allahın Sözünə könüllü itaət, həyatın bu Sözə uyğunlaşdırılması. Bu tövbəkar ürəyə sahib olmağa kömək edir.
Yazar: Pastor İdris
Redaktor: Safura Tağıyeva
Mattanın Nəql Etdiyi Müjdə 24:35
