Müqəddəs Kitabın tərcümə üslubu
Tərcüməçilər ən etibarlı qədim mənbələrdən – qədim ibrani və arami dillərində yazılmış Əhdi-Ətiqin mətnlərindən və qədim yunan dilində yazılmış Əhdi-Cədidin mətnlərindən istifadə etmişlər. Burada onlar Müqəddəs Kitabın bütün dünyada mövcud olan müasir tərcümələrinin üslubunu tətbiq etdilər.
Əhdi-Ətiqin əsas mətni miladi tarixlə 1009-cu ilə aid olan Leninqrad Kodeksini əldə rəhbər tutan Almaniya Müqəddəs Kitab Cəmiyyəti tərəfindən çap olunmuş İbrani Müqəddəs Kitabının (Biblia Hebraica Stuttgartensia) son nəşrinə əsaslanır. Mətnin aydın olmayan bəzi yerləri qədim yunan tərcüməsi (Septuaginta) və digər qədim tərcümələrin əsasında düzəldilmişdir.
Əhdi-Cədidin mətni Birləşmiş Müqəddəs Kitab Cəmiyyətlərinin (United Bible Societies) ən sonuncu nəşri əsasında tərcümə olunmuşdur. Bu nəşr miladi tarixlə 2-5-ci əsrlərə aid olan Yunan əlyazmalarına əsaslanır.
Əhdi-Cədidin əsasən 17-ci əsrdən 19-cu əsrə qədər olunan tərcümələri, o cümlədən ingilis dilində Kral Yakobun Müqəddəs Kitabı və Rus Sinodal Müqəddəs Kitabı Bizans imperatorluğunda istifadə olunan mətnlərə əsaslanmışdır. 1982-ci ildə Azərbaycan dilində nəşr olunan İncil həmin mətnlər əsasında tərcümə olunmuşdur. Həmin mətnlə indiki mətn arasında mühüm fərqin olduğu yerlər səhifənin sonunda olan qeydlərdə izah edilmişdir.
Tərcüməçilər Müqəddəs Kitabı tərcümə edərkən orijinal mətnə sadiq qalaraq onun Azərbaycan dilində təbii səslənməsinə çalışmışlar.
Kitabların məzmununu oxuculara daha yaxşı çatdırmaq üçün hər kitabın başlanğıcında giriş sözü yazılmışdır. Kitabın səhifələrinin altında qeydlər və paralel yerlər, kitabın sonunda isə Müqəddəs Kitabın terminləri lüğəti, ölçü, kütlə və pul vahidləri cədvəli, xəritələr verilmişdir. Səhifələrdəki qeydlər nömrələrlə, Müqəddəs Kitabın terminləri lüğəti isə əlifba sırası ilə yazılmışdır. Bu tərcüməyə kömək edən, bu işdə zəhmət çəkən hər kəsə öz minnətdarlığımızı bildiririk. Arzumuz budur ki, Uca Allahımız hər bir Azərbaycan oxucusuna, onların simasında Azərbaycan xalqına bu Müqəddəs Kitabdakı kəlamlar vasitəsilə bol-bol xeyir-dua versin!
Daha çox
Mattanın Nəql Etdiyi Müjdə 24:35