Mən indicə İsaya iman etmişəm...sonra nə?
Mən indicə İsaya iman etmişəm...sonra nə?
Təbriklər! Sən həyatdəyişdirici bir qərar verdin! Güman ki, sən soruşursan, “Sonra nə? Mən Allahla öz səyahətimi necə başlayım?” Aşağıda adları qeyd olunan beş addım sizə Müqəddəs Kitabdan istiqamət verəcək. Səyahətin zamanı sualların yaranarsa, www.GotQuestions.org-a müraciət edə bilərsən.
1. Xilasın nə olduğunu başa düşdüyünə əmin ol.
1 Yəhya 5:13-də deyilir ki, “Bunları Allahın Oğlu adına iman edən sizlərə yazdım ki, siz əbədi həyata malik olduğunuzu biləsiniz.” Allah istəyir ki, biz xilasın nə olduğunu başa düşək. Allah istəyir ki, bizdə xilas olduğumuza dair əminlik olsun. Qısaca, xilasın əsas incəliklərinə nəzər salaq:
(a) Biz hamımız günah işlətmişik. Biz hamımız Allahı narazı salan şeylər etmişik (Romalılara 3:23).
(b) Günahlarımızın nəticəsində biz Allahdan əbədi ayrı düşmək cəzanı qazanmışıq (Romalılara 6:23).
(c) İsa çarmıxda öldü ki, bizim günahlarımızın əvəzini ödəsin (Romalılara 5:8; 2 Korinflilərə 5:21). İsa bizim əvəzimizə öldü ki, layiq olduğumuz cəzanı götürsün. Onun dirilməsi sübut etdi ki, İsanın ölümü günahlarımızın əvəzini ödəməyə kifayətdir.
(d) Allah İsaya iman edən - ölümü ilə günahlarımızın əvəzini ödəyənə etibar edən hər kəsə bağışlanma və xilası hədiyyə etdi (Yəhya 3:16; Romalılara 5:1; Romalılara 8:1).
Bu xilas mesajıdır! Əgər İsa Məsihə öz Xilaskarın kimi iman etdinsə, artıq sən xilas oldun. Sənin bütün günahların bağışlandı və Allah vəd verir ki, heç vaxt səni buraxmayacaq və tərk etməyəcək (Romalılara 8:38-39; Matta 28:20). Yadda saxla ki, sənin xilasın İsa Məsihdə təmin olunub (Yəhya 10:28-29). Əgər sən İsaya Xilaskarın kimi güvənirsənsə, əbədiyyəti göylərdə Allahla birgə keçirəcəyindən əmin ola bilərsən!
2. Müqəddəs Kitabı öyrədən yaxşı cəmiyyət tap.
Düşünmə ki, cəmiyyət bir binadır. Cəmiyyət insanlardır. İsa Məsihə iman edən imanlıların bir-biri ilə ünsiyyətdə olması çox vacibdir. Bu cəmiyyətin ən əsas məqsədlərindən biridir. İndi İsa Məsihə inandığın bir məqamda biz səni Müqəddəs Kitaba iman edən cəmiyyət tapmağa və pastorla söhbət etməyə ruhlandırırıq. Ona İsa Məsihə olan yeni imanın haqqında bildir.
Cəmiyyətin ikinci məqsədi Müqəddəs Kitabı öyrətməkdir. Sən Allahın istiqamətləndirməsini öz həyatına necə tətbiq etməyi öyrənə bilərsən. Müqəddəs Kitabı anlamaq müvəffəqiyyətli və güclü məsihçi həyatı üçün açardır. 2 Timoteyə 3:16-17 deyir, “Hər Müqəddəs Yazı Allahdan ilham almış və təlim, təkzib, islah, salehlik tərbiyəsi üçün faydalıdır ki, Allah bəndəsi kamil olub, hər cür xeyirli iş üçün təchiz edilsin.”
Cəmiyyətin üçüncü məqsədi ibadət etməkdir. İbadət bütün etdiklərinə görə Allaha minnətdarlıqdır! Allah bizi xilas etmişdir. Allah bizi sevir. Allah bizi təmin edir. Allah bizə yol göstərir və bizi istiqamətləndirir. Biz ona necə minnətdar olmaya bilərik? Allah müqəddəs, saleh, sevən, mərhəmətli və lütflə doludur. Vəhy 4:11 bəyan edir ki, “Ya Rəbbimiz və Allahımız, izzəti, hörməti və qüdrəti almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın və hər şey Sənin iradənlə mövcud oldu və yarandı.”
3. Hər gün fikrini Allaha yönəltmək üçün vaxt ayır.
Hər gün fikrimizi Allahda cəmləşdirmək üçün Allahla vaxt keçirməyimiz çox vacibdir. Bəzi adamlar buna “sakit vaxt” deyir. Digərləri isə bunu “həsr etmə” adlandırır, çünki bu özümüzü Allaha həsr etdiyimiz vaxtdır. Bəziləri bu vaxtı səhər, digərləri isə axşam keçirməyə üstünlük verirlər. Bu vaxtı necə adlandırmağın və yaxud nə vaxt keçirməyin heç bir fərqi yoxdur. Ən əsası odur ki, siz Allahla daimi olaraq vaxt keçirəsiniz. Bizim Allahla keçirdiyimiz vaxta nə daxildir?
(a) Dua. Dua Allahla söhbətdir. Öz qayğıların və problemlərin haqda Allahla bölüş. Allahdan xahiş et ki, sənə müdriklik versin və səni idarə etsin. Allahdan xahiş et ki, sənin ehtiyaclarını təmin etsin. Allaha Onu nə qədər sevdiyini və Ona sənin üçün etdiklərini nə qədər qiymətləndirdiyini de. Dua bunlardan ibarətdir.
(b) Müqəddəs Kitabı oxumaq. Müqəddəs Kitabı cəmiyyətdə, Rəbbin Günü məktəbində və yaxud Müqəddəs Kitab dərslərində öyrənməkdən əlavə özün də oxumalısan. Müqəddəs Kitab necə müvəffəqiyyətli məsihçi həyatı yaşamağı öyrənmək üçün ehtiyacın olan şeylərdən ibarətdir. O, necə müdrik qərar vermək üçün Allahın yönləndirməsindən, Allahın iradəsini öyrənməkdən, başqalarına necə xidmət etməkdən və necə ruhən böyüməkdən ibarətdir. Müqəddəs Kitab Allahın bizə olan Sözləridir. Müqəddəs Kitab Allahı öz həyatlarımızla razı salmaq və məmnun etmək üçün əhəmiyyətli təlimatdır.
4. Ruhən sənə kömək edə biləcək insanlarla ünsiyyətini inkişaf etdir.
1 Korinflilərə 15:33 bizə deyir ki, “Aldanmayın: pis dostluq yaxşı əxlaqı pozar.” Müqəddəs Kitab “pis” insanların bizə edə biləcəyi təsirlərə qarşı xəbərdarlıqlarla doludur. Günahlı işlərlə məşğul olan insanlarla vaxt keçirmək bizim də sınağa düşməyimizə səbəb ola bilər. Onların xasiyyətləri bizə təsir edə bilər. Buna görə ətrafımızı Rəbbi sevən və Ona bağlı olan insanların əhatə etməsi çox vacibdir.
Özünə eyni cəmiyyətdən sənə kömək edə və səni ruhlandıra biləcək bir və ya iki dost tapmağa çalış (İbranilərə 3:13; 10:24). Dostlarından sakit vaxtını keçirməkdə, işlərində və Allahla yeriməyində sənə qarşı məsuliyyətli yanaşmağı xahiş et. Sənin də eyni şeyi onların həyatında edə bilib-bilməyəcəyini soruş. Bu o demək deyil ki, Rəbb İsaya Xilaskarı kimi iman etməyən dostlarına münasibətdə də bunu etməlisən. Onların dostları olmağa və onları sevməyə davam et. Onlara sadəcə İsanın sənin həyatını necə dəyişdiyini göstər və əvvəllər etdiyin şeyləri artıq edə bilməyəcəyini de. Allahdan xahiş et ki, İsa barədə bölüşmək üçün sənə imkanlar yaratsın.
5. Vəftiz ol.
Çox insanların vəftiz haqqında yanlış anlayışları var. “Vəftiz” sözünün mənası suya batırılmadır. Vəftiz Məsihə olan yeni imanının açıq şəkildə elan olunması və Onu izləyəcəyinə dair verdiyin vədin Biblik yoludur. Suya batırılma hərəkəti sənin Məsihlə birlikdə dəfn olunmağını, sudan çıxarılma isə Məsihin dirilməsini nümayiş etdirir. Vəftiz olunmaq özünü Məsihin ölümünə, dəfn olunmasına və dirilməsinə bənzətməkdir (Romalılara 6:3-4).
Vəftiz səni xilas etmir. Vəftiz günahlarını yumur. Vəftiz - xilas olmaq üçün yalnız Məsihə güvəndiyini açıq elan edən itaətkarlıq addımıdır. Vəftiz olmaq çox vacibdir, çünki bu itaətkarlıq - Məsihə iman etdiyini və Onunla əhd bağladığını açıq elan edən addımdır. Əgər sən vəftiz olmağa hazırsansa, pastorla bu haqda danışmalısan.
Daha çox
Mattanın Nəql Etdiyi Müjdə 24:35