Müqəddəs Ruh kimdir?
Yəqin xatırlayırsınız ki, İsanın Yəhya tərəfindən vəftiz olmasından danışanda mən onu yada salmışdım. O vaxt Müqəddəs Ruh göyərçin şəklində İsanın üstünə enmişdi. Həmçinin, Öz ölümü ərəfəsində şagirdlərinə vəd etdi ki, ‘Təsəlliverici’ adlandırdığı Müqəddəs Ruhu onlara göndərəcək. Onun göyə qalxmasından sonra O Öz həvarilərinə və şagirdlərinə xidmət zamanı güc verəcək və rəhbərlik edəcəkdir. Göyə qalxmasından on gün sonra Rəbbin vəd etdiyi Müqəddəs Ruh yerə enmiş və otaqda toplaşıb dua edən 120 nəfərin üzərinə nazil olmuşdu. Ondan sonra onlar Məsih haqqındakı Müjdəni insanlara çatdırmaq üçün göydən güc və qüdrət aldılar və yüzlərlə adam İsa Məsihə iman etdi. Bəs Müqəddəs Ruh kimdir? Bəziləri elə güman edirlər ki, Müqəddəs Ruh ya Cəbrayıl mələkdir, ya da hansısa peyğəmbərdir. Başqaları güman edirlər ki, Müqəddəs Ruh, sadəcə olaraq Müqəddəs ilham olmuşdur. Lakin Müqəddəs Kitabdan görürük ki, Müqəddəs Ruh ilahi xilqət deyil, Allahın Ruhudur və Allahla birdir. Müqəddəs Ruhun gödüyü işlərə diqqət yetirəndə, bu aydın olur.
Bir dəfə Nakdimon adlı alimə İsa dedi ki, Allah Səltənətinə daxil olmaq üçün o, yuxarıdan doğulmalıdır. Nakdimon təəccüblə qoca adamın ikinci dəfə necə doğula biləcəyini soruşduqda İsa cavab verdi ki, yenidən doğulma Ruhun işidir. Görünür ki, insanlara ruhani həyatı yalnız Allah verər və onları yeni varlığa çevirə bilər. İnsanlar günah içində yaşayanda iblisin övladları olurlar. Lakin Allah Öz Müqəddəs Ruhu vasitəsilə onları dəyişdirə bilər və onlar yenidən doğulduqda Allahın övladları olurlar.
Müqəddəs Ruh, eləcə də, Allahın Müqəddəs Kitablarının müəllifidir. Çünki məhz O, Әhdi-Әtiqin Davud və Yusif kimi peyğəmbərlərini öyrətmiş və ilhamlandırmışdır. Müqəddəs Ruh Әhdi-Cədidin Matta, Mark, Luka, Yəhya, Pavel və başqa Kəlam barəsində yazan həvarilərinə də beləcə ilham vermişdir. İncildə deyildiyi kimi: ‘Peyğəmbərlik heç zaman insan iradəsilə gəlməmişdir. Lakin Allahın Müqəddəs insanları, Müqəddəs Ruh tərəfindən hərəkətə gətirilərək danışırdılar’ (2Peter 1:21). Allahın Ruhu Müqəddəs Yazıların kitablarını yazanlara necə yol göstərirdisə, o kitabları oxuyanların da əsl rəhbəri yalnız Müqəddəs Ruhdur. İsa dedi: ‘Mənim adımla Atanın göndərəcəyi Təsəlliverici, Müqəddəs Ruh sizə hər şeyi öyrədəcək və sizə söylədiyim hər şeyi sizə xatırladacaqdır’ (Yəhya 14:26).
Әlbəttə, O, çarmıxa çəkiləcəyini, sonra isə yerdən ayrılıb göyə qayıdacağını şagirdlərinə deyəndə İsanın ardıcılları çox məyus oldular. Lakin onlara rəhbərlik edib möhkəmlətmək üçün İsa Öz Ruhunu göndərəcəyini vəd etməklə onlara təsəlli verdi və dedi ki, O Öz Ruhu ilə həmişə onlarla olacaq. İsa Məsihin göyə qalxmasından on gün sonra Müqəddəs Ruh Onun ardıcıllarının üzərinə endi və onları dəyişdirdi. O vaxtdan bu günə qədər Müqəddəs Ruh Məsihin sədaqətli ardıcıllarında yaşayır və O, İsanın vəd etdiyi kimi, həmişə onlarda olacaqdır.
Xatırlatmaq əhəmiyyətlidir ki, yalnız Allahın Ruhu günahkarların kor gözlərini aça bilər və İsa Məsihin kimliyini bilmək üçün onlara kömək edə bilər. İncildə yazıldığı kimi: ‘Heç kim Müqəddəs Ruh ilə olmadan İsanı Rəbb adlandıra bilməz’ (1Kor. 12:3). Buna görə də təəccüblü deyildir ki, Müqəddəs Ruhu olmayanlar İsanı ‘Rəbb və Allahın Oğlu’ adlandıra bilməzlər.
Müqəddəs Ruh imanlılara yenidən doğulma vasitəsilə İsanın kamilliyi haqqında əsl bilik verdiyi üçün, O, qəlbimizin günahkarlığını görməyə gözlərimizi açır, bağışlanmağımıza imkan yaradır və günahlarımızdan keçir. Biz İsa Məsihə iman edərkən, Allah bizi Öz övladları kimi bağışlayır, qəbul edir və bizə yeni ürək verir. Şeytan isə Allaha itaətsizliyimizlə bizi yoldan çıxarmağa həmişə hazırdır. Lakin daxilimizdəki Müqəddəs Ruh iblisə qarşı durmaqda bizə kömək edir və varlığımızda Allahın istədiyi məhəbbət, təmizlik, sevinc və sülh kimi müqəddəs keyfiyyətləri yaradır (Qal. 5:22:24). Müqəddəs Ruhun bu gözəl işi, yer üzündə yaşadıqca, Ona itaət edənləri tədricən dəyişdirərək get-gedə öz Müəllimləri İsa Məsihə oxşar etməkdə davam edir. Allahın bizə münasibətdə əsas məqsədi Onun yeganə Oğlu kimi, bizim də kamil olmağımızdır. Lakin biz Məsihin zühurunda İsa kimi olacağıq (1Yəhya 3:2). Müqəddəs Ruh müxtəlif yollarla bizə kömək edir: bizə dua etməyi öyrədir, İsaya qulluq edəndə bizə rəhbərlik edir və bizə qüvvət verir (Rom. 8:26; Həv. İş. 13:2,4; 16:6-7).
Bütün bu faktlardan nəyi öyrənirik? İmanlılarda olan Müqəddəs Ruh – həqiqətən, onların içindəki Allahdır. Böyük və Müqəddəs Allahın insanın daxilində Müqəddəs Ruh kimi yaşaması necə də əvəzsiz imtiyazdır. Doğrudan da, Allahın Özünü bəxş etməsi, bu, insanlara verə biləcəyi ən böyük bəxşişdir. Bu vergi kimə verilir? Biz bilirik ki, qədim zamanlarda Allah Müqəddəs Ruhu Öz peyğəmbərlərinə və müqəddəs insanlara verirdi. Lakin Allah Öz Oğlunu dünyanın Xilaskarı olmaq üçün verəndə, O, İsa Məsihə iman edənlərə, əgər onlar diləyərlərsə, Müqəddəs Ruhu daha qəti şəkildə verəcəyini vəd etdi. Bu barədə İsa dedi: ‘Beləliklə, madam ki, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verə bilirsiniz, Səmavi Atanızın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!’ (Luka 11:13) Allah sədaqətlidir. İnsanlar Məsihə inanıb Ona Öz Rəbbləri kimi itaət edəndə və onlara Müqəddəs Ruhu verməyi xahiş edəndə O həmişə verir. Nə qədər ki, yaşayırıq, hər gün bizə çörək verməyi xahiş etdiyimiz kimi, biz də Allahdan Müqəddəs Ruhla zənginləşməyimizi həmişə istəməliyik. İsa dedi: ‘Dinləyin, sizə veriləcəkdir’.
Daha çox
Mattanın Nəql Etdiyi Müjdə 24:35